"Qəm
pəncərəsinin o üzündə"
təqdim edildi
İyunun
20-də Beynəlxalq Mətbuat
Mərkəzində (BMM) sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, tanınmış
bədii qiraətçi,
aktrisa Zülfiyyə Eldarqızının Xalq yazıçısı Anarın
kino yaradıcılığına,
kinodramaturgiyasına həsr
etdiyi "Qəm pəncərəsinin o üzündə"
(monoqrafiya) və əməkdar jurnalist Hikmət Xudiyevin (Cəmilzadənin) Z.Eldarqızının
səhnə fəaliyyətindən,
ömür yolundan bəhs edən "Bütün gözəlliyi
Tanrım o sərvinaza
verib" kitablarının
təqdimat mərasimi
keçirilib.
Mərasimdə tanınmış elm, mədəniyyət
xadimləri, ictimai-siyasi
sferada tanınan şəxsiyyətlər, qələm
adamları və media
nümayəndələri iştirak
ediblər.
Tədbiri giriş sözü
ilə açan
professor Asif Rüstəmli,
Z.Eldarqızı ilə
uzun 20 il eyni ali məktəbdə
çalışdıqlarını deyib: "Z.Eldarqızı
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
səviyyəli, savadlı,
tələbkar müəllimlərindən
biri olub. O, hazırda pedaqoji fəaliyyətini davam etdirmir, özünü çox yüksək səviyyədə səhnədə
və bədii qiraət sənətində
ifadə edir. İyunun
20-si gözəl pedaqoq,
səhnə danışığının
mahir bilicisi, ustadı Z.Eldarqızının
doğum günüdür.
O, öz sənəti,
öz istedadı, öz təfəkkürü
və öz sənəti ilə bu dünyanı gözəlləşdirib. Hikmət müəllimin
Zülfiyyə xanıma
həsr etdiyi kitabı kitab-albom da adlandırmaq olar. Bu kitabda
Z.Eldarqızının səhnə
fəaliyyətinin müxtəlif
məqamları gözəl
şəkildə öz
əksini tapıb.
Nəşrdə zəmanəmizin çox adlı-sanlı ziyalılarının, fikir
adamlarının ürək
sözləri də yer alıb".
Z.Eldarqızının gözəl alim, təfəkkür sahibi olduğunu vurğulayan A.Rüstəmli qeyd edib ki, bu
özünü Anarın
kino yaradıcılığına
həsr etdiyi monoqrafiyada da göstərir. Z.Eldarqızının Anarın yaradıcılığına
təsadüfən müraciət
etmədiyini qeyd edən A.Rüstəmlinin
sözlərinə görə,
monoqrafiyada yazıçının
kino yaradıcılığının
əsas məqamlarının,
"qəm pəncərə"sinin
o üzündə, pərdə
arxasında qalan məqamların araşdırlması,
incələnməsi baxımından
çox əhəmiyyətlidir.
Monoqrafiyanın elmi redaktoru, akademik Teymur Kərimli çıxışında
Z.Eldarqızı ilə
yaradıcılıq əlaqələrindən
məmnun olduğunu deyib, onun bir
kinoşünas, aktrisa,
bədii qiraətçi
kimi gördüyü
işlərlə insanlara
zövq verdiyini vurğulayıb.
Sonra tədbirin
rejissoru Kənan Musayevin Zülfiyyə Eldarqızının ifasında
lentə aldığı
klip təqdim edilib.
"Qəm pəncərəsinin
o üzündə" kitabının
rəyçilərindən biri olan professor Qulu Məhərrəmli
də çıxışında
Z.Eldarqızının yaradıcılığından
söz açıb:
"Bir yox, iki kitabın təqdimatı əslində
fövqəladə bir
hadisədir. Bir kitabı sən
yazmısan, o birini isə sənin haqqında yazırlar.
Amma bu kitabları birləşdirən bir cəhət var ki, onların hər ikisi eyni adamla bağlıdır.
Zülfiyyə xanım
illərdir obyektivdədir,
göz önündədir.
O, çoxşaxəli yaradıcılığa
malikdir. Anar müəllim haqqında
kitab yazmaq, onun kino yaradıcılığını
tədqiq etmək elə də asan məsələ deyil, ancaq bunu
müəllif bacarıb".
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) katibi Rəşad
Məcid çıxışında
bildirib ki, Z.Eldarqızının müəllifi
olduğu kitab AYB sədri və ümumən Birliyin rəhbərliyi tərəfindən
yüksək qarşılanıb. O vurğulayıb
ki, müəllif bu monoqrafiyanı 2008-ci ildə elmi iş kimi müdafiə
edib. Onun Anarın kino
yaradıcılığına özünəməxsus şəkildə
yanaşdığını deyən R.Məcidin sözlərinə görə,
Z.Eldarqızı səhnə
fəaliyyəti ilə
yanaşı, elmi və pedaqoji fəaliyyətini də davam etdirməlidir. Katib çıxışında
Z.Eldarqızının Azərbaycanı
dəfələrlə xarici
ölkələrdə, xüsusən
də Türkiyədə
təmsil etdiyini və aktrisa fəaliyyətinə görə
TÜRKSOY-un da mükafatlarına
layiq görüldüyünü
də xatırlayıb.
Tədbirdə çıxış edən kinoşünas, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə də Z.Eldarqızını çoxdan
tanıdığını və elmi fəaliyyətinin
şahidi olduğunu deyib: "Zülfiyyə xanım elmi-pedaqoji fəaliyyətə mənim
gözlərim qarşısında başlayıb.
O, çox qoçaq,
çalışqan, istedadlı
bir insan kimi özünü göstərib.
Azərbaycan Mətbuat Şurasının
İdarə Heyətinin
üzvü, "Bakı-Xəbər"
qəzetinin baş redaktoru Aydın Quliyev də çıxışında Z.Eldarqızını
illər boyu tanıdığını və
onun bir ziyalı, şəxsiyyət,
alim, sənətkar kimi yüksək keyfiyyətlərə malik
olduğunu vurğulayıb.
Daha sonra şair Vahid Əziz, Əməkdar incəsənət
xadimi Baba Vəziroğlu,
Z.Eldarqızının səhnə
və sənət dostları çıxış
edərək onu həm ad günü, həm də müəllifi olduğu və barəsində yazılan kitabların təqdim edilməsi münasibətilə təbrik
ediblər.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 22 iyun.- S.7.