“İndi yaranan mətnlərdə
həyatın ahəngi çatışmır...”
60 YAŞI TAMAM OLAN TANINMIŞ
ƏDƏBİYYATŞÜNAS MƏTİ OSMANOĞLU
YUBİLEY ƏRƏFƏSİNDƏ HƏYAT VƏ
ƏDƏBİYYAT HAQQINDA DÜŞÜNCƏLƏRİNİ
BÖLÜŞÜR
Bakı Dövlət Universitetinə ən
çox mənə qazandırdığı müəllimlər
üçün minnətdaram. Məti Osmanoğlunu da ilk dəfə
illər öncə BDU-nun auditoriyasında
tanımışam: XIX əsr Azərbaycan ədəbiyyatından
dərs deyən müəllim kimi.
Sonralar isə
yaradıcılığı ilə daha ətraflı tanış olub, Azərbaycan elminə, ədəbiyyatşünaslığına
verdiyi töhfələrdən xəbərdar olduqca onun tələbəsi
olmaqdan qürur duymuşam.
Bugünlərdə müəllimim,
ədəbiyyatşünas alim Məti Osmanoğlunun 60
yaşı tamam olur.
Bu münasibətlə müəllimimlə
görüşüb uşaqlığından, gəncliyindən,
ədəbiyyatdan, tələbələrindən, bu 60 illik
ömrün ona qazandırdıqlarından danışdıq:
- Məti müəllim, bu günlərdə
60 yaşınızı qeyd edirsiniz. Mübarək
olsun yubileyiniz. Bilmək istərdim,
ömrün ötən hissəsi sizdən ötrü nəyi
ifadə edir və xüsusən, uşaqlıq
çağlarınızı necə
xatırlayırsınız?
- Çox sağ olun təbrikə
görə... Ötən 60 il mənim
üçün sevinci və kədəri, enişləri və
yoxuşları ilə maraqlı bir ömür deməkdir... Uşaqlıq illərini təzədən
xatırlayıb danışmaq, yazmaq üçün yəqin
ki, daha bir altmış illik ömür lazımdır. O
illərin içərisində hər cür xatirə var. O
illərdə yoxsulluqla, maddi çətinliklə bərabər,
bir fədakarlıq da vardı. Mən yoxsul və
savadsız ailədə dünyaya gəlmişdim, valideynlərim
ailəmizi çətinliklə dolandırırdılar.
Ailədə yeddi uşaq idik. Valideynlərimiz
o zəhmətin, əziyyətin, çətinliyin içində
bizi oxutmağa, bizi ali təhsil verməyə
çalışırdılar.
Nənəmi tez-tez
xatırlayıram. O,
dünyanın sərt üzünü görmüş,
çox böyük çətinliklərdən
keçmiş qadın idi. Bununla belə, bizim təhsilimizə
böyük önəm verirdi. Valideynlərimi
arxayın salırdı ki, siz gedin işinizdə işləyin,
uşaqların qayğılarını mən həll edəcəyəm.
Edirdi də. Atam Osman kişi
təhsil ala bilməmişdi. Amma daxilində
böyük bir ziyalılıq vardı, çox ünsiyyətcil
insan idi. Alimlərlə,
yazıçılarla, ustad aşıqlarla oturub saatlarla
söhbətlər edə bilirdi. Axırıncı
söhbətlərinin birində professor Məhərrəm
Qasımlıya demişdi ki, səni Mətinin tələbə
yoldaşı kimi deyil, Məhərrəm kimi çox istəyirəm
- Məhərrəmin televiziya proqramlarının sadiq
tamaşaçısı idi.
Məktəbimiz ucqar kənd
məktəbi olsa da, güclü təhsil verirdi. O məktəbi, oradakı təhsil ruhunu
həmişə minnətdarlıqla xatırlayıram. Birinci sinifdən sonra həmişə məktəbin
ən yaxşı oxuyan şagirdi kimi fərqləndirildim.
Kasıb və savadsız bir ailədən gələn
uşağın məktəbin ən yaxşı şagirdinə,
sonradan fəxr etdiyi bir məzununa çevrilməyində
Allahın bir lütfü vardısa, müəllimlərimin
böyük zəhməti, valideynlərimin fədakarlığı
da vardı və bunları böyük minnətdarlıqla
xatırlayıram.
Yeniyetməliyimdən
maraqlı bir detalı da xatırlayıram. Kəndimizin
dükanından İranda istehsal olunmuş bir idman
ayaqqabısı almışdım. Ayaqqabının
içində ərəb əlifbası ilə bir söz
yazılmışdı. Nənəm o ayaqqabını
geyinməyə qoymamışdı ki, içində Quran əlifbası
ilə yazı var... Ayaqqabı geyinilməmiş
qaldı. Universitetdə oxuyanda birinci kursda
ərəb əlifbasını oxumağı öyrəndim və
kəndə gedəndə idman ayaqqabısının
içindəki yazını oxudum. Şirkətin
adı yazılmışdı: “Şadənpur”...
- İxtisas kimi ədəbiyyatı
seçməyiniz necə oldu?
- Bunun da çox maraqlı bir tarixçəsi
var. Uşaq vaxtı fizikanı və riyaziyyatı sevirdim və
onuncu sinifin noyabr ayına kimi fizika, konkret olaraq da elektronika
ixtisasının arxasınca getməyi
planlaşdırmışdım. Həmin ərəfələrdə
Azərbaycan Televiziyasında kitablara rəylərin
yazılması ilə bağlı məktəblilər
arasında bir müsabiqə elan edildi. Mən də
öz həmkəndlim Osman Sarıvəllinin yeni çapdan
çıxmış “Seçilmiş əsərləri”nin birinci cildi haqqında bir yazı yazıb
müsabiqəyə göndərdim. Sonra
müsabiqənin gedişini izləyə bilmədim. Bir
gün məktəbə gedəndə az
qala məni “Mehtər marşı” ilə
qarşıladılar (gülürük). Məlum
oldu ki, respublika birincisi olmuşan. (Lap bu yaxınlarda
öyrənmişəm - ikinci yeri də mənim indiki iş
yoldaşım, BDU-nun Azərbaycan dili kafedrasının dosenti
Yaşar Məmmədli tutubmuş). Ondan sonra
“profilimi” dəyişməli oldum. Dostum Rüstəm
Kamal demiş, fizikadan lirikaya keçdim...
- O vaxtdan ömrünüzü həsr
etdiyiniz söz sizin üçün nədir?
- Elə ömrün özüdür.
“Bibliya”da məşhur ifadə var: Allah özü söz idi. Mənə elə gəlir ki, söz bütün
varlığın özüdür. Füzuli bunu gözəl
deyib: “Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”. Mənim tutumum nə qədərdirsə,
sözüm də o boydadır, sözüm nə
boydadırsa, mən də oyam.
- Sözdən ilk qazancınızı
xatırlayırsınız?
- Çox maraqlı sualdır. Universitetdə oxuyanda tələbə
yoldaşlarımdan və valideynlərimdən gizli Bakı
Şəhər İcra Hakimiyyətinin binasında
ocaqçı işləyirdim. Universitetin jurnalistika
fakültəsində mənimlə paralel oxuyan Taleh Həmidin
vasitəsilə tanış olduğum
İnqilab Həsənli sonradan məni radioya dəvət elədi.
Radio üçün ədəbi kompozisiyalar
hazırlayırdım, müxbirlik edirdim. Qələmdən
ilk qazancım da onda oldu. İlk dəfə
aldığım pulu tam nəyə xərclədiyim
yadımda deyil, amma dəqiq yadıma düşür ki, ilk
qazancıma bir Çin avtoqələmi almışdım.
Uzun müddət yazılarımı o qələmlə
işlədim. O qələm mənim üçün
çox əziz idi...
- Sizcə, ədəbiyyat indi cəmiyyətdə
hansı yerdədir?
- Çox təəssüf ki, heç də
yaxşı yerdə deyil. Məsələni
bizim ədəbiyyat orqanlarının tirajı (və ya
oxucularının sayı) ilə ölçsək, görərik
ki, cəmiyyət sözdən, ədəbiyyatdan çox
uzaqlaşıb. Mən təhsilsiz və
kasıb bir ailənin övladı idim, ancaq o uzaq kənddə
dördüncü sinifdən sonra “Ulduz”, altıncı sinifdən
sonra isə “Azərbaycan” jurnalının daimi abunəçisi
oldum. Evimizə “Ədəbiyyat” qəzeti
gəlirdi. İnsan oxumaqla - kitabla, jurnalla,
qəzetlə yetişir. Uzun illərdir Bakı Dövlət
Universitetinin filologiya fakültəsində ədəbiyyatımızın
tarixini tədris edirəm, yaradıcı gənclərlə
bilavasitə ünsiyyətdəyəm və görürəm
ki, peşəkar təhsil alan gənclərimiz
belə ədəbi mətbuatı izləmir, çoxunun
müasir ədəbiyyatdan xəbəri yoxdur...
Bu yaxınlarda Türkiyənin
Qars şəhərində oldum. Şəhərin ictimai
kitabxanasındakı insanları, xüsusən gəncləri
görəndə heyrət etdim. İllər
öncə Türkiyədə bir müəllifin min tirajla
kitab buraxdırdığını eşidəndə biz heyrət
edirdik. Çünki Azərbaycanda kitabların
tirajın minlərlə olurdu, yaxşı əsərlər
dəfələrlə nəşr edilirdi. Biz təəccüblənirdik ki, Türkiyə kimi
böyük və əhalisinin sayı çox bir dövlətdə
kitab oxuyan niyə belə azdır? İndi isə əks
mənzərənin şahidi oluruq...
- Ədəbi mətbuatın
işini necə qiymətləndirirsiz?
- 1984-cü ildə o vaxt çox populyar
olan “Ulduz” jurnalında fəaliyyətə başladım.
Sonradan “Gənclik”, “Yol” və digər qəzet və
jurnallarda işlədim, uzun müddət ədəbi mətbuatın
ən qaynar yerində oldum. Ona görə də
sözümün qəribliyə salınmasını istəməzdim.
Mənə elə gəlir ki, indi ədəbi nəşrlərin
əməkdaşları daha çox işləyirlər, məsələyə
daha yaradıcı yanaşırlar, maraqlı layihələr,
rubrikalar hazırlayırlar. Mətbuatın oxucusunun az olmasını isə redaktorların
günahı hesab etmirəm, bu, cəmiyyətin, ictimai
gerçəkliyimizin problemidir. Bu məsələyə
dövlət səviyyəsində
yanaşılmalıdır. İnsanlar ədəbiyyata,
sənətə, mədəniyyətə
yaxınlaşdırılmalıdır. Bunun
öhdəsindən gələ bilməsək, gələcəyimizin
düzgün istiqamət alacağına inanmağım gəlmir.
- Ədəbi orqanlarda yer alan
mətnlərin səviyyəsi haqda nə
düşünürsüz?
- Mən bir şeyə əminəm ki,
indiki zamanda heç bir yaxşı mətn mətbuatdan kənarda
qalmır. Sovet dövründə ədəbiyyat
senzura vahiməsi altında idi. Bəzi
naşirlər sezorun “əmisi oğlu” vəzifəsini yerinə
yetirirdi. İndi isə belə problem
yoxdur. Ədəbi orqanlar ədəbiyyatın
durumunu göstərir. Aydınlıq
üçün qeyd edim ki, “ədəbi orqanlar” deyəndə
təkcə Yazıçılar Birliyinin orqanlarını nəzərdə
tutmuram. Elə “525-ci qəzet” də ədəbiyyatın
ictimaiyyətə çatdırılmasında “Ədəbiyyat
qəzeti” qədər rol oynayır, gözəl layihələri
var. Onu da xüsusi minnətdarıqla vurğulamaq istərdim
ki, müəyyən müddət “Ədəbiyyat qəzeti”
öz missiyasından uzaqlaşmışdı, yaranan
boşluğu aradan qaldırmaq vəzifəsini “525-ci qəzet”
öz üzərinə götürdü və bu vəzifəni
layiqincə yerinə yetirdi. Son zamanlar “Kaspi” qəzetinin
ədəbiyyat əlavəsi maraqlı çıxır.
Naşir ədəbiyyatı yaratmır, ədəbiyyatın
nəyi varsa, ictimaiyyətə onu təqdim edir. Nəşr edilən mətn məni qane edir, ya etmir
- məsələnin başqa tərəfidir.
Hər gün ədəbiyyatdan
şedevrlər gözləmək də, məncə, sadəlövhlük
olardı. Füzuli ilə
Vaqif arasında iki yüz ilə yaxın zaman var və o arada
şedevrlər yaranmayıb...
Bir də o fikrin üstünə
qayıtmaq istəyirəm ki, problemin böyük hissəsi ədəbiyyatdan
daha çox, onun ünvanında, oxucudadır. Fikrimcə, oxucu çox
olarsa, tələbat yaranarsa, nəşrlərin də keyfiyyəti
yüksələr. İndi naşir
yazıq düşünür ki, cəmi üç yüz
oxucu üçün işləyir. Məncə,
psixoloji reallığı mütləq nəzərə
almağa ehtiyac var.
- Uzun müddətdir ədəbiyyatşünaslığın,
ədəbi tənqidin tənəzzülə
uğradığı ilə bağlı fikir
formalaşıb. Bununla
razısınızmı?
- 1960-cı illərdə hələ Sovet
ideologiyası ayaq üstə olduğu zamanda belə o
ideologiyanı təbliğ edən maşın artıq
köhnəlib sıradan çıxmışdı. Tənqid bu ideologiyanın, ictimai sistemin “mühafizəçisi”
olmaq funksiyasını itirmişdi. Elə
o dövrdə də tənqid ədəbiyyatın ən diqqətdən
uzaq sahəsi idi. Tənqidçi eyni həcmli
yazısına görə nasirdən iki dəfə az qonorar alır, tənqidi yazılar
jurnalların axırıncı səhifələrində yer
alır, tənqidi məqalələr xırda şriftlərlə
çap olunurdu. Bununla belə, o dövrdə Azərbaycanda
tənqid yeni bir səviyyə müəyyənləşdirdi.
Məsələn, Asif Əfəndiyev ədəbiyyatımızda
esseistikaya vətəndaşlıq qazandırdı.
Yaşar Qarayev, Tofiq Hacıyev, Aydın Məmmədov, Kamil Vəli
Nərimanoğlu, Kamal Abdulla yenilikçi məqalələri
ilə ədəbi düşüncədə canlanma
yaratdılar. Ədəbiyyatşünas və tənqidçilərin
yeni nəslinin - İsa Həbibbəylinin, Vaqif Yusiflinin,
Şirindil Alışanlının, Nizaməddin Şəmsizadənin
yazıları ədəbi prosesə yeni ruh və məzmun gətirdi...
Bu günün tənqidi məncə, kifayət
qədər intellektual, savadlı tənqiddir. Mən bunu heç də hissə qapılaraq demirəm.
İndi ədəbiyyatımızın elə
bir faktı yoxdur ki, tənqidin diqqətindən kənarda
qalsın. Zamanın reallıqlarını
nəzərə almaq lazımdır. Mənə
elə gəlir ki, sizin soruşduğunuz tənqid bundan sonra
da “tənəzzüldən” çıxa bilməyəcək.
Bu gün tənqid tamamilə başqa bir
anlayışdır. Tənqiddən
şikayət edənlər isə tənqidçiyə piar
nümayəndəsi kimi baxırlar. Məni
tez-tez kitab təqdimatlarına dəvət edirlər. Bu təqdimatlar, əslində, piar hadisəsidir və
çox vaxt gözləmədiyim halda mənə də
söz verirlər. Qeyri-ixtiyari piarmenə çevrilməli
oluram...
- İndi yaranan bədii mətnlərin
çatışmayan əsas cəhəti nədir?
- Mənə elə gəlir ki,
bugünkü həyatımız, həyatın ritmi, ahəngi
çatışmır. Ədəbiyyat sanki
daha çox həyatdan kənarda nələrisə
axtarır. Mən müasir ədəbiyyatda
özümün, müasirlərimin həyatını,
problemlərini, sevinclərini, faciəsini nə dərəcədə
görə bilirəm? Məsələ budur!
- Mətbuatda ardıcıl şəkildə
müxtəlif müəlliflər və əsərlər
haqqında məqalələriniz çap olunur. Məti Osmanoğlunun bir əsər və ya müəllif
haqqında söz deməsi üçün hansı meyarlar tələb
olunur?
- Birinci sənətkarlıq
meyarıdır: oxuduğum nə dərəcədə bədii
mətndir. İkincisi, oxuduğum mətndə
özümü axtarıram. Əgər mətnlə
öz dialoqumu qura bilirəmsə, o zaman həmin yazılar
meydana gəlir.
- Ədəbiyyatı tədqiq,
yoxsa tədris etmək asandır?
- Tədris prosesi təcrübə tələb
edir. Tədqiqat isə, əksinə, təcrübəsiz
olanda daha verimli olur. Təcrübəsiz tədqiqatçı
axtarır, arayır, yeni nələrisə ortaya qoya bilir.
Təcrübə qazandıqca özünü təkrarlamaq
yaranır və təcrübə elmlə məşğul
olan insanın əleyhinə işləyir. Pedaqoji fəaliyyətdə təcrübəli
müəllim hər zaman öz təzəliyini, təravətini
saxlamağı bacarır. Əsas məsələ
auditoriya ilə ünsiyyət qurmaqdır. Pedaqoqun ünsiyyət problemi yarandığı
gün fəaliyyəti də bitir.
Şahanə
MÜŞFİQ
525-ci
qəzet.-2018.- 30 iyun.- S.19.