Siyasi fırtınalara barbarlığın təsiri

 

XIX əsr Argentinasının timsalında

 

Telman ORUCOV

 

(Əvvəli ötən cümə sayımızda)

 

İmperiyaların yaranması isə ardıcıl qaydada aparılan müharibələrin bəhrəsi idi. Ona görə də mübaliğəsiz demək olar ki, hər bir imperiya qan gölü üzərində qurulmuşdur.

İmperializmin özü müharibə deməkdir. Makedoniyalı Aleksandrın qeyri-adi sərkərdəlik məharəti, onun ilk olaraq Qərblə Şərqi birləşdirmək cəhdləri nə qədər təriflənsə də, Troyanı məhv edən Aqamemnondan sonra Asiya qitəsinə keçərək, o, qitənin Hindistana qədər böyük ərazisində və Afrikanın şimalında işğal müharibələri aparmışdı. Qədim Roma ardı-arası kəsilməyən müharibələrlə öz ərazisini üç qitəyə genişləndirmişdi. Məgər Böyük Karl və ya səlibçilər işğal siyasəti güdmürdülərmi? Venetsiya isə öz iqtisadi rəqibi Konstantinopolu sıradan çıxarmaq üçün səlibçilərin köməyi ilə onu işğal etmişdi. Çingizxan o vaxt məlum olan bütün dünyaya sahib olmaq istəyirdi, onun imperiyası Yer kürəsinin quru hissəsinin az qala dörddə birinə yayılmışdı.

Britaniya imperiyası da çox sayda xalqları əsarətə almaqla öz “imperial şöhrətinə” sahib olmuşdu. Həm Hindistanda, həm Sudanda, həm də Afrikanın cənubunda az qan axıtmamaqla, bu dünya dövləti XX əsrin ortalarında imperiya ərazilərindən məhrum olmaqla, əvvəlki statusu ilə vidalaşmaq məcburiyyətində qalmışdı.

Alman füreri Hitler dünya ağalığına iddia etməklə, Yer kürəsinin xeyli hissəsi ilə müharibəyə girmiş (II Dünya müharibəsində 100 ölkə iştirak etmişdi), başlanğıcda çox sürətlə və olduqca böyük əraziləri işğal etsə də, II Dünya müharibəsinin altıncı ilinin yazında ağır məğlubiyyətə uğrayaraq, fəxr etdiyi Üçüncü Reyxin məhvinə səbəb olmuşdu. Avropanı öz hakimiyyəti altında birləşdirməyə can atan Napoleon da daxil olmaqla əvvəlki digər müharibə təşəbbüskarlarından fərqli olaraq, o, dinc əhalinin də qırğınına əl atmış, irqi zəmində həqiqi genosid həyata keçirmişdi. O, öz qitəsində 15 min ölüm düşərgəsi və gettolar yaratmış, onlarda 15-20 milyon nəfər adamı məhv edilmişdi. Alman ordusu ayrı-ayrı ölkələrdə çox sayda şəhərləri dağıdıb yerlə yeksan etmişdi, lakin sonda alman militarizminin ənənəvi yuvası olan paytaxt Berlin də daxil olmaqla digər şəhərlər də öz qurbanlarının taleyini yaşayaraq, xarabazara çevrilmişdi.

II Dünya müharibəsi başa çatdıqda, yeni era üçün yeni kütləvi qırğın silahı - atom bombası icad edilmiş, onun ilk iki məqsədyönlü zərbəsi Yaponiyanın Hirosima və Naqasaki şəhərlərini dağıtmış, kütləvi qırğın səhnələri meydana gətirmişdi. Təəssüf ki, iki dünya müharibəsinin məhvedici alovundan keçmiş bəşəriyyət, daha doğrusu, müharibələrə can atan dövlət rəhbərləri tarixdən nəticə çıxarmaq əvəzinə, yenə də dünyanın ayrı-ayrı regionlarında savaşın getməsinə şərait yaradır, onda bilavasitə iştirak edir və ya bu dəhşətə laqeydcəsinə yanaşmaqda davam edirlər. Bəzi dövlətlər müharibə cığırından yayınmaq istəmir. Müxtəlif bəhanələr altında əslində, işğal siyasətinə rəvac verir, xalqların ağır yaşayış şəraiti girdabına düşməsinə səbəb olurlar. XXI əsrin başlanğıcında dünya sivilizasiyasının beşiyi olan İraq və qədimliyində ondan heç də geri qalmayan Suriya xarici müdaxilə və daxili çəkişmələr nəticəsində xarabalıq mənzərəsinə çevrilmiş, yüz minlərlə adam həyatını itirmiş, milyonlarla sakin öz yurd-yuvasını tərk edib, sərgərdan qaçqınlara çevrilmişdir. İraq və Suriya xalqlarının bu müsibətindən ayrı-ayrı dövlətlər özlərinin faydalanmaq istəyindən əl çəkmir, bu varlı əraziləri öz təsir zonalarına çevirməyə can atmaqda davam edirlər. Vaxtilə bu ölkələrdə avtoritar rejimlər hökm sürsə də, sabitlik, dinc və nisbətən təmin olunmuş həyat mövcud idi. İndi isə burada əhali aclıqla üzləşməli olmuşdur və onlar Afrikanın ən böyük ehtiyac içərisində olan ölkələri ilə müqayisə oluna bilərlər.

Müharibəni qızışdıranlar qonşu xalqları bir-birinə düşmən edir. Vaxtilə çox sayda müharibələr hesabına fransızlar və almanlar ədavət girovlarına çevrilmişdilər. II Dünya müharibəsində almanların məğlubiyyəti buna son qoydu.

Başqa regionlarda isə belə ədavət süni sürətdə qızışdırılmaqla, yeni müharibə ocaqlarının meydana gəlməsinə səbəb olur. XX əsrin sonlarında Ermənistan öz qonşusu Azərbaycana silahlı müdaxilə etməklə, bu suveren dövlətin xeyli ərazisini işğal etdi. Ermənistan həmin əraziləri öz nəzarəti altında saxlamaqla, bədnam işğal siyasətini davam etdirir. Ermənistandan qovulan azərbaycanlılar da daxil olmaqla, həmin əraziləri tərk etmiş yüz minlərlə insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Qatı erməni millətçilərinin, bu mənəvi marginalların yaydığı dəhşətli virus öz xalqını bütünlüklə sirayətləndirməklə, onlara daim mehribanlıq göstərən azərbaycanlıları ermənilərin gözündə düşmən qiyafəsinə salmışdır. Ermənilərin qızğın ədavət hissi azərbaycanlılara da təsir etməmiş qalmamışdır, işğalın davam etməsi isə onların düşmənçilik hissinin meydana gəlməsinə və hətta güclənməsinə səbəb olmuşdur.

Ermənistan başqa dövlətin ərazisini işğal etməklə, beynəlxalq qanunları da kobud surətdə pozmaqda davam edir. Birləşmiş Millətlər Təşkilatının prinsipləri dövlətlərin müharibə aparması məsələsinə müdaxilə etməklə, onu ədalət qaydasında həll etməyə çalışır. Beynəlxalq qanunun 51-ci maddəsinə görə, dövlətə qarşı silahlı hücum olmuşdursa, o, hər bir fərdə və ya dövlətə xas olan qaydada özünü müdafiə hüququna malikdir. Bu hüquq BMT Təhlükəsizlik Şurasının sülhü bərpa etmək üçün zəruri hərəkətə əl atmasına qədər qüvvədə qalır.

Azərbaycan dövləti öz ərazisinin bir hissəsinin düşmən tapdağı altında olması ilə qətiyyən razılaşmır və mövcud status-kvonun saxlanması münaqişənin dinc yolla həllini bütünlüklə mümkünsüz etdiyinə, işğalçının kompromisə getmək istəmədiyinə görə Azərbaycan üçün, təəssüf ki, müharibəni təzələməkdən başqa bir alternativ qalmır. Böyük hərbi gücə malik olan dövlətlər sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini addımbaşı bəyan etsələr də, bu ədalətli qaydanın zəfəri üçün heç bir köməklik göstərmir, reallığa düzgün qiymət vermirlər. Bu isə, əslində, xalqın öz suveren ərazisini bərpa etmək istəyini inkar etməkdir.

Müharibə barbarlıq rəmzi olduğundan, sivilizasiyalanmış bəşəriyyət ona son qoymalı, işğal müharibələri aparanlar sərt qaydada cəzalandırılmalıdır. Bu iyrənc adətdən uzaqlaşmaq vaxtı gəlib çatmışdır. Meydzi inqilabından (1868-ci il) sonra yapon xalqı öz gənc imperatoru Mutsihitonun pis adətləri tərgitmək çağırışlarına müsbət cavab vermişdi. Ölkədə samuray prinsipləri bütünlüklə inkar edilmişdir. Qoy bəşəriyyət də, ayrı-ayrı təcavüzkar dövlətlər, müharibə qızışdıranlar da bu eybəcər adətə birdəfəlik əlvida desin. Müharibə qığılcımları ilə benqal odu kimi oynanılmasına son qoyulmalıdır. Yeni böyük miqyaslı müharibə Yer kürəsinin, bu gözəl planetin varlığına son qoya bilər.

Dahi Albert Eynşteyn IV Dünya müharibəsinin qədim insanlar kimi daşla aparılacağını güman edirdi. Nüvə silahının belə geniş yayıldığı bir şəraitdə III Dünya müharibəsindən sonra heç daşla vuruşmaq üçün də insanlar qalmayacaqdır. Həyatın məhv olması planetar xarakter daşıyacaqdır.

Müharibələrin, qaliblərin də təbliği azaldılmalı, fatehlərin istedadlarının vurğunluq obyekti olması dayandırılmalıdır. Keçmişin qələbələrinin fetişləşdirilməsi militarizm ruhu təlqin etməklə, yeni müharibəyə çağırış kimi səslənir. Qalib sərkərdələrin ünvanına söylənən təriflər heç də az əhəmiyyət kəsb etməyən bir cəhəti, onların mənəviyyatının öyrənilməsini yaddan çıxarmaqla, bu sahədəki mövcud olmuş kasadlığı ört-basdır edir.

Cəmiyyətdə meydana gələn kataklizmlərdən digər böyüyü inqilablardır. İnqilablar hansısa bir ideyadan qidalandığından, onların mahiyyəti də fərqlidir, müxtəlifdir. İnqilab, siyasi və sosial düşüncədə hökumətdəki qaydaların qəfildən tipik olaraq zorakılıqla dəyişdirilməsidir. Sənaye inqilabı isə tam başqa qəbildəndir, onda yalnız məhz iqtisadi əlaqələrdə və texnoloji şəraitlərdə radikal və dərin dəyişikliklər baş verir.

Yeni tarix başlandıqdan sonra inqilablar müasir dövlətin meydana gəlməsi üçün başlıca siyasi şərtə çevrildi. Uğurlu inqilab sadəcə ona cəhd etməkdən daha böyük mahiyyət daşımaqla, hökumət sisteminin kardinal qaydada dəyişdirir. Avropa tarixində böyük inqilablar, xüsusən Reformasiya, ingilis, fransız və rus inqilabları təkcə hökumət sistemini dəyişdirmədi, həmçinin, sosial sistemi onun bütün qollarında, iqtisadi və mədəni sahədə də dəyişdirdi. İnqilablar ən azı xalqın böyük bir seqmentinin taleyini dağıdıb, məhv edir, elə bil ki, planlaşdırılmış apokalipsis xarakteri daşıyır. Bu vaxt siyasi məqsədlər naminə əxlaqi prinsiplər yaddan çıxır.

Qədim yunanlar demişkən, inqilab nomos-u və ya hüququn və qanunun ənənələrini dağıdır. Onlara görə, inqilab anomiia-nın inkişafının nəticəsidir, yəni ənənəvi dəyərlərin və inancların dağıdılmasıdır. İngilis alimi Con Milton özünün 1640-cı ildə yazdığı kitabında XVII əsrdə puritanların etdiklərini müdafiə etmək naminə “inqilab hüququnu” bəyan etmişdi. Bu artıq təkcə tiran hökmranlara qarşı müqavimət hüququ olmayıb, həm də xalqların özünün hökumət formasını “seçmək” hüququ idi.

İnqilabın azadlıq vasitəsi olması konsepsiyası amerikan və fransız inqilablarının timsalında öz təsdiqini tapır. Böyük filosof İmmanuel Kanta görə isə inqilab təbiətin faktı olmaqla, yüksək mənəvi məqsədə yönəlmişdirsə, o, “təbii” sayılmalıdır.

Rusiyadakı sosialist inqilabı iqtisadi cəhətdən geridə qalmış ölkədə qələbə çaldı, bu, əlbəttə, Marks nəzəriyyəsinə uyğun gəlmirdi. Marksa görə, inqilab məhsuldar qüvvələrlə, onların inkişafı üçün artıq buxova çevrilən istehsal münasibətləri arasındakı ziddiyyətdən doğurdu. Rusiyada isə məhsuldar qüvvələr nisbətən zəif inkişaf etmişdi, istehsal münasibətləri ilə elə bir ziddiyyətdə deyildi.  Böyük Oktyabr sosialist inqilabı özünün ali məqsədinə - sinifsiz cəmiyyət yaradılmasına da nail ola bilmədi. Ölkədə yaranan sosializm quruluşunun da ömrü uzun sürmədi və 74 ildən sonra onun yoxa çıxması ilə sosialist  sistemi bütünlüklə dağıldı və dünyada ikinci fövqəldövlət sayılan SSRİ tarixin arxivinə verildi.

Total inqilablar özlərini “dünya inqilabı” kimi göstərməyə can atırdılar, onları həyata gətirənlər ümid edirdilər ki, irəli sürdükləri dəyərlər və inanclar bütün Avropada universal xarakter daşıyacaqdır. Ümumiyyətlə, inqilabın ilk səhnəsində utopik arzular, illuziya tipli gözləmələr çox yüksəyə qalxır. Onun məqsədləri, adətən, utopik elementi  özündə aydınca ehtiva edir. Utopiklik həm də zorakılığa əl atmağa səbəb olur, çünki utopik məqsədlərə çatmaq yolu zorakılığa haqq qazandırır. Belə məqsədlər ratsionallıqdan uzaq olmaqla, inqilabçıların öz aralarındakı fraksiyanalizm toxumu üçün münbit torpağa çevrilir. Buna görə də deyirdilər ki, “inqilab öz uşaqlarını yeyir”, çünki utopik məqsədə çatmaq cəhdi zorakılıq fanatizminə gətirib çıxarır. Psixikanın kollektiv şəkildə baş verən pozulması məhvedici meyllərə, qərəzli hərəkətlərə şərait yaradır. Hakimiyyətə izafi vurğunluq, adətən, ideoloji cəhdlərin yaranmasına səbəb olur. Nəticədə inqilabçılar dram və faciə qəhrəmanlarına çevrilib, öz arzularının əsasən puçluğunun şahidi olurlar.

İnqilab həm də olduqca baha başa gəlir. İnqilabın gedişində ictimai mülkiyyətin xeyli hissəsi məhvə məhkum olur və bu, bütün vətəndaşların mənafeyinə təsir göstərməmiş qalmır. Ona görə də inqilabdan qaçmaq zərurəti yaranır.

İnqilab qəflətən meydana gəlsə də, onun dərin köklərə malik olan və tədricən təkamülə uğrayan siyasi və sosial səbəbləri olur. Lakin sonuncu faza qəflətən baş verir və zorakı tədbirlərə əl atılır. Onların bəziləri dövlət çevrilişinə oxşarlığı yada salır. Axı hələ Aristotel də demişdi ki, inqilab sadəcə çevrilişdir.

İnqilabın mifik Kronos kimi öz uşaqlarını udmasını fransız və rus inqilablarının nümunəsində aydın görürük. Böyük Fransa inqilabında yakobinçilər təkcə rəqiblərini deyil, bir-birlərini də gilyotina etdirirdilər. İnqilab qələbə çaldıqdan dörd il sonra ölkəyə özünün Terror “hədiyyəsini” verdi və yalnız onun təşəbbüskarı Maksimilian Robespyerin özünün 1794-cü ildə gilyotina edilməsi ilə Terrora son qoyuldu. Böyük Oktyabr sosialist inqilabının görkəmli xadimləri iki onillik ərzində bir-birinin ardınca “xalq düşməni” adı altında məhv edildilər. Belə qanlı inkişaf inqilabı taqətdən düşməyə aparır və fransız inqilabı, 1794-cü ildə Termidorian irticasının həyata keçirdiyi dövlət çevrilişi nəticəsində az müddət sonra Napoleon diktaturasını meydana gətirdi. Oktyabr inqilabından sonra isə faktiki olaraq Kommunist Partiyası aparatının diktaturası meydana gəldi. SSRİ-də də, Napoleon Fransasında olduğu kimi, idarəetmə, xarici təhlükələrin mövcudluğunu əsas götürərək, zorakılığı həyata keçirirdi. Bunlar müharibə kimi, inqilabların da barbarlıqla birbaşa əlaqədə olduğunu göstərir.

 

(Ardı var)

 

 

525-ci qəzet.-2018.-23 iyun.-S.22.