AZƏRBAYCAN
RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ -
AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİ İLİ ELAN
ETMİŞDİR
Şirməmməd
HÜSEYNOV
Müsəlman
Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq
Cümhuriyyəti hansı tarixi şəraitdə və
hansı sistem üzərində qurulmuş,
yaradılmışdı? Dövrün mətbuatında
mötəbər şərhləri nəzərdən
keçirək.
(Əvvəli
ötən cümə sayımızda)
AZƏRBAYCAN
ORDUSU HAQQINDA BİR ZABİTİN XATİRATINDAN*
Tarix təkrar olunur - dəfələrlə bunun şahidinə çevrilmişik. “Odlu yurd” qəzetində dərc edilmiş bir məqaləni oxuyarkən bir daha buna əmin olursan. Sən demə, 1920-ci ilin 3 aprelində Azərbaycan Ordusu Əsgəranda erməni qoşunlarını darmadağın etməklə xalqımıza ilk dəfə qələbə sevinci yaşadıbmış. 10-12 gün ərzində igid əsgərlərimiz hətta Şuşa və Xankəndini də azad edibmiş!
Ali Baş Komandan cənab İlham Əliyev bu hadisədən düz 96 il sonra - 2016-cı ilin aprelin 2-də həmin zəfəri bizlərə yenidən yaşatdı.
Əminik ki, növbəti aprel əməliyyatında Şuşa və Xankəndi də azad ediləcəkdir. Tarixin təkrarını göstərən məqaləni diqqətinizə çatdırırıq.
28 Mayıs istiqlal gününü yad edərkən Azərbaycan ordusunu xatırlamaq təbiidir. İstiqlalını elan edən azərilərin ilk hədəfi milli bir ordu təşkil etməkdi. Məlum olduğu üzrə azərilər çarlıq əsnasında xidməti-əskəriyyədən müaf idilər. Bu səbəblə Azərbaycan hökuməti milli ordu təşkil etmək xüsusunda pək mühüm müşkülat qarşısında bulunuyordu.
Gürcü və ermənilər Rusiyadan ayrılaraq elani-istiqlal etdikləri günün ərəfəsində hər növ silahlarla mücəhhəz milli əskəri qitəatə malik olduqları bir zamanda azərilər yalnız cahan müharibəsi ibtidalarında könüllü olaraq azərbaycanlılardan təşkil edilən bir süvari alayına malik idilər. İştə bu qüvvət həyati-siyasiyyəmizin ilk müşkük və müşkül dövründə böyük hizməti səbq edən müntəzəm və yeganə əskəri qüvvətimiz idi. Bu alay sair partizanlarla bərabər 1918 sənəsində Bakı və Şamaxı müsəlmanlarına təsəllüt edən bolşevik-daşnaq ordusunun irəliləməsinə məmaniət və qəhrəman əfradı da 1918 sənəsində qardaş Türkiyədən Azərbaycan imdadına şitab edən Anadolu xilaskarları ilə ruslara qarşı bir səfdə müharibə ediyordu.
Azərbaycan Cümhuriyyətinin hini-təşəkkülündə yalnız 600 əfraddan ibarət olan bu yeganə əskəri qüvvət 2 sənə zərfində əhalinin qeyrətilə təxminən 30 min miqdarında bir orduya münqəlib oldu.
Azərbaycan ordu təşkilatı fövqəladə ağır şərait təhtində icra olunuyordu. Mondros mütarikəsi mövcibincə Qafqasiya İslam Ordusu komandanı Nuru Paşanın təhti-idarəsindəki Türk ordusunun ricətini mütəaqib paytaxtımız general Tomsonun təhti-komandasındakı ingilis əskəri tərəfindən işğal edildi. Hərbiyyə naziri Səməd Paşa ilə bərabər hərbiyyə nəzarəti Gəncəyə nəql edilməyə məcbur oldu.
Gəncədə fəaliyyətə başlayan Azərbaycan ərkani-hərbi hər şeydən əvvəl əskəri təlimatnamə ehzarı ilə, vaxtilə Gəncədə türklər tərəfindən güşad edilən gənc zabitan məktəbinə böyük bir əhəmiyyət ətf eylədi. Kəza burada yenidən bütün Azərbaycan ordusunda çavuş kadrosunu itmam üçün bir batalyondan ibarət ehzari-çavuş məktəbləri və istehkam bölüyü məktəbi açıldı. Ağdamda metralyoz bölüyünə məxsus ehzari məktəb güşad edildi. Mərhum miralay Şeyxli Rüstəm bəyin təhti-idarəsində (axirən bolşeviklər tərəfindən edam edilmiş) topçu firqəsi təşkil edildi.
Azərbaycan ordusunun təşkilatı bərvəchi-ati idi. Hər firqə (gərək piyada və gərək süvari) 3 alaydan mütəşəkkil və hər alay 3500 süngüdən ibarətdi. Hər alayda 3 tabor, hər taborda isə 4 bölük, 3 metralyoz bölüyü (hər bölükdə 8 metralyoz vardı), 1 süvari kəşf bölüyü, 1 piyada kəşf bölüyü, 1 istehkam bölüyü, 1 telefon bölüyü və 1 bölük qeyri-müsəlləh əfrad vardı. Hər tabor 1000 əskərdən ibarətdi. Xidəmati-məxsusə ilə müvəzzəf olanlar 80-100 kişidən ibarət idi.
Gərək süvari və gərəksə piyada alaylar doğrudan-doğruya ərkani-hərbiyyəyi-ümumiyyəyə mərbut idi. Hərbiyyə naziri bütün ordunun baş komandanı idi.
Birinci firqə təşkilatı komandanlığına mirliyə Cavad Paşa təyin edilmişdir. Birinci piyada firqəyə: 1-ci Cavanşir, 2-ci Zaqatala və 3-cü Gəncə piyada alayı daxil idi. Könüllü süvari alayı isə yenidən 2 alaya təqsim edilərək 1-ci könüllü süvari alayını və 2-ci Qarabağ süvari alayını təşkil ediyordu.
1919 sənəsi həziran ayı əvvəlində Azərbaycan milli hökuməti vaxtilə Gəncəyə nəql edilən hərbiyyə nəzarətinin təkrar Bakıya nəqlinə müvəffəq oldu. Daha ərkani-hərbi-ümuminin Gəncədə bulunduğu zamanda 2-ci piyada, 2-ci topçu firqələrinin və 3-cü süvari Şəki alayının təşkilinə başlamışdı. Bilaxirə 2-ci Azərbaycan firqəsi təşəkkül etdi və firqə komandanlığına mirliyə Yusif İbrahim Paşa təyin edildi. Bu firqəyə: 4-cü piyada Quba, 5-ci piyada Şəki, 5-ci piyada Bakı, 6-cı Göyçay alayları daxil idi.
2 zirehli tren, 6 zirehli avtomobil, 4 hidroplan vücuda gətirilmiş “Qars” və “Ərdahan” isimli qambotların topları da təmir edilmişdi.
Eylül ayı əvaxirinə doğru 2-ci piyada firqə komandanı 50 min əskərə məxsus qışlıq əlbisə və orduya aid sair əşya almaq üçün hökumət tərəfindən İtaliyaya ezam edilmişdir.
Gənc Azərbaycan ordusunun ilk təcrübə səfəriyyəsi, top, silah və metralyozla mücəhhəz olaraq Azərbaycan hökumətini tanımaq istəməyən Muğan səhrası Lənkəran qəzalarından bir qismini iskan edən rusları təhti-inqiyadə gətirməsi idi. Buradakı ruslar hərb və zərb görmüş köylülərdən ibarətdi. 1919 sənəsi eylül ayında bolşeviklərlə edam olunan mərhum mirliya Səlimovun təhti-komandasındakı Azərbaycan ordusu salifüzzikr rus əhalisini tənkil üçün Muğan və Lənkərana doğru hərəkət etdi. Bakı əhalisi gənc əskərini ilk səfərə, pək mütəhəyyic olaraq stasyona qədər “Yaşasın əskərlərimiz!” nidaları ilə təşyi ediyordu. Ordu Hacıqabul mövqeindən Lənkərana təxminən 450 kilometro qədər susuz səhralardan keçən məsafəyi yazın sıcaq günlərində 10-12 gün ərzində bilaarizə gedib gələ bildi. Asi ruslar tamamilə tərkisilah edilərək kəndilərindən 24 top və 6 metralyoz zəbt edildi. Bütün səfər əsnasında qitədə heç bir intizamsızlıq baş göstərmədiyi kibi hərbiyyə nazirinin orduya xitabən nəşr olunan əmrnaməsində ayrıca müqəyyəd olduğu vəchilə əhalinin hüququna da fövqəladə riayət edilmiş idi.
Digər bir səfər də Zəngəzur vilayətinə qarşı icra edildi. Zəngəzurda məskun ermənilər Erivan daşnaqları tərəfindən təhrik və təşviq edilərək bu vilayəti kəndilərinə ilhaq etmək niyyəti ilə Azərbaycan hakimiyyətini tanımıyorlardı. 1919 sənəsi təşrini-əvvəl ayında mirliya Cavad Paşanın təhti-komandasında Zəngəzur ermənilərinə qarşı hərəkati-əskəriyyə başladı. Bu səfər bir aydan fəzlə davam etdi. Nəhayət, Azərbaycan ordusu ermənilərin son tutunacaq müstehkam mövqelari olan “Diğ”ə qarşı qüvvətli bir təərrüz icra etdiyi zaman, Erivan hökuməti Gürcüstanda bulunan ingilis komissarının təvəssütünə müraciət etdi və mumaileyhin məsələyə ciddiyyətlə müdaxiləsi üzərinə təərrüz durduruldu.
Fəqət Azərbaycan ordusu bütün qabiliyyət və əskəri-əhliyyətini “Əskəran müharibəsi” ünvanilə məşhur olan müharibədə isbat etdi. 1920 sənəsində 22 mart Novruz bayramı gecəsi Qarabağ vilayətinin dağ cəhətlərində məskun ermənilər xainanə bir surətdə qiyam edərək “Əskəran keçidi”ni tutdular. Qarabağın dağlıq cəhəti sair Azərbaycan qismində yüksək dağlarla ayrılıyor. “Əskəran keçidi” Yevlax ovası ilə Qarabağın dağ qismi arasında yeganə keçiddir. Vaxtilə burası qədim Əskəran qalası idi. Əskəranın zəbtilə ermənilər Qarabağın dağlıq cəhətini sair Azərbaycandan ayırıb bütün bu vilayətin əskəri və mülki məmurunu təhti-əsarətə almışdı. Şuşa, Xankəndi, Cəbrayıl qəzasının mühafiz əskəri 12 gecə və gündüz Erivandan gələn general Dronun təhti-idarəsindəki erməni çetələrinin qüvvətli təərrüzlərinə məruz qaldı. Çetələr erməni zabitləri tərəfindən idarə ediliyor, hətta bunların miyanında müntəzəm erməni ordusu belə hərbdə iştirak ediyordu. Asilər top və metralyozlarla mücəhhəz idi. Bilaxirə bütün bu hadisənin Ermənistan hökuməti tərəfindən ehdas və bolşeviklər tərəfindən dəxi təyid edildiyi məlum oldu. Azərbaycan hökuməti şu sırada iki atəş arasında qalmış oldu. Bir tərəfdən Şimal hüdudumuzda Qızıl ordu təşhidatda bulunmuş, digər tərəfdən də bütün Qarabağ erməni ordusu tərəfindən işğal edilmişdi. Şöylə ki, Qarabağ Azərbaycan valii-ümumisi vilayət qarnizonunun həyatı tamamilə təhlükədə olub, hər an qətliama müntəzir idilər. Hökumət Qarabağı xilas etmək məcburiyyətində idi. Bu səbəbdən dolayı əskər öncəbhəsində mirliya Səlimovun təhti-komandasında qüvvətli bir ordu sövq edildi. 3 nisan tarixində sabah erkən Azərbaycan ordusu ermənilərə qarşı qüvvətli bir təərrüz yapdı. 10, 12 gün zərfində ermənilər Əskəran istehkamlarını təqviyə etməyə və müntəzəm xəndəklər, hətta bəzi yerlərdə möhkəm sipərlər qazmağa müvəffəq olmuşlardı. Eyni gün axşama doğru ermənilər tədricən qaçmağa başladılar və Əskəranın yüksək təpələrində təkrar Azərbaycan bayrağı təməvvücə başladı. Hər bir erməni köyü, hətta hər bir qaya müharibələrlə təsxir ediliyordu, etiraf etməli ki, ermənilər məənidanə bir surətdə müqavimət göstərərək cəsuranə müharibə ediyorlardı. Yalnız fərdası gecə Azərbaycan ordusu Şuşa qalasına daxil ola bildi və Şuşa, Xankəndi müafizi-əskəriyyəsinə iltihaq etdi. Ermənilərin inhizamı ilə nəticələnən bu müharibədən sonra, cəbhədə bulunan Azərbaycan hərbiyyə naziri Səməd Paşa şəxsən zabitan və orduya, xain düşmənə qarşı ehraz eylədiyi qalibiyyətindən dolayı bəyani-təşəkkür eyləmiş, mumiileyh kəndi nitqində söyləmişdir ki, qəhrəman əskərlər, bən şəxsən Almaniya cəbhəsində bir çox müharibələrdə bulundum. Fəqət sizin qədər qəhrəman əskərlərə nadirən təsadüf etdim. Siz qanınızla gənc Azərbaycan ordusunun namusunu mühafizə etdiniz. Əskərlər isə kəndi sevgili komandanlarını “Yaşasın Azərbaycan!” nidasilə qarşıladılar.
Hakəza, Azərbaycan ordusu kəndi şərəf və namusunu, zavallı vətənin düçar olduğu son hailə əsnasında da müdafiə eylədi və vətəninə olan mərbutiyyətini bir dəfə daha isbat eylədi. Hüda və iğfal ilə məmləkətinin bolşeviklər tərəfindən istilasını görən əhali Azərbaycanın hər köşəsində qələyan içərisində bu mənhus qüvvəti üzərindən atmaq üçün üsyana qalxdığı zaman bütün zabitan və ordu əhaliyə iltihaq edərək müənnidanə bir surətdə istiqlalını müdafiə ediyordu. Gəncə, Qarabağ, Zaqatala, Şəki, Lənkəran və sair yerlərdə zühur edən üsyanın özəyini Azərbaycan ordusunun baqiyəsi təşkil ediyordu. Bolşeviklər Gəncə və Qarabağ ordusu tərəfindən yedikləri zərbələrlə nə qədər əzim tələfat verdiklərini və Yevlaxa qədər qovulduqlarını pək iyi xatırlasalar gərəkdir. Komandansız qalan Azərbaycan ordusu mütəfərrik müfrəzlər halında vətəninin hər guşəsində sayı etibarilə böyük bir faiqiyyət təşkil edən düşmənə qarşı qəhrəmanca müharibə edərək son nəfəsinə qədər məmləkətinin hürriyyət və şərəfini müdafiə ediyordu. Topçu və süvari bölükləri də kəndilərini müdafiə edə-edə İran və Türkiyəyə iltica etdilər. Bunlardan bir qismi Qars və Sarıqamış müharibələrində türkiyəli qardaşları ilə yan-yana vuruşdular.
1920 sənəsi 22 mart Novruz bayramı münasibətilə icra edilən son rəsmi keçidi dəxi təhəttür etməmək qeyri-mümkündür. Əcəba hansı azərbaycanlı o məsud günü xatırlamıyor? Ordunun qabiliyyət və intizamı, mənəviyyatı təsəvvürün fövqündə idi. Əcnəbi süfərası az bir zamanda vəsaitsizlik içində, bu qədər müntəzəm təşkilata malik bir əskəri qüvvət vücuda gətirildiyinə heyran qalıyordu. Əhalidən bir çoxu duyduğu fərti-məxsusiyyətdən ağlıyordu. O gün Azərbaycanın ən bəxtiyar günü idi, fəqət... Fəqət Azərbaycan ordusunun son rəsmi keçidi idi. Zabitan və əskərlər heç bir vaxt bu günü unudamazlar. Hala bu günə qədər o şanlı milli marşımızın dadlı tərənnümü qulaqlarımızda ehtizaz ediyor və gözlərimizin önündə vətənin məsud və məsrur günləri canlanıyor. Bundan da ruh alıyor, istiqbalı ümidlə bəkliyoruz.
“Odlu yurd”
28 Mayıs 1931,
¹3
Müaf - əfv olunmuş, bağışlanmış
Səbqət - önə keçmə
Təsəllüt - çox incitmə, təcavüz
Şitab - tələsən
Hin - zaman, vaxt
Ehzar - çağırma, hüzura gətirmə
Bərvəch - uyğun, üzrə
Firqə - bölük, dəstə
Mir -
başçı, rəis
Əvaxir
- axırlar, sonlar
İskan
- məskən
İnqiyad
- itaətetmə
Salifüzzikr
- yuxarıda xatırladılmış
Tənkil
- uzaqlaşdırma, başqalarına ibrət olacaq cəza
vermə
Mütəhəyyic
- həyəcanlı
Arizə
- əmələ gələn
Ehdas -
yaratma, meydana gətirmə
Təşhidat
- toplama, yığma
Məən
- bərabər, birlikdə
İltihaq
- birləşmə
İnhizam
- məğlub olma
Ehraz -
nail olma
Hailə
- faciə
Hüda -
rəhbərlik
İğfal
- aldatma
Fərtimə
- həddən artıq
*Miralay
İsrafil bəyin məqaləsindən ixtisarla nəql
edilmişdir. - “Odlu yurd”
MAVƏRAYİ-QAFQASİYA
(ZAQAFQASİYA) VƏ RUSİYA
Bəyaz rus mühacirlərinin sağ cinahını, yəni
rus monarşizmini təşkil edən cərəyanın
mürəvvici əfkarı “Vozrojdeniya” qəzetəsinin 4
mart tarixli nüsxəsində Qafqasiyaya aid iki məqalə nəşr
edilmişdir.
Bu məqalələrdən birisi M.B.Ç.
imzası ilə “Rusiya və Azərbaycan” sərlövhəsini
daşıyır. Bu məqalədə Azərbaycan
tarixinə və vəchi-təsmiyyəsinə
(adlandırılmasına) aid yalan-yanlış məlumat əta
(təqdim) edildikdən, Rusiya çarlığının
buradakı təməddünkar (mədəniyyətkar)
rolundan, bu rola qarşı qafqasiyalıların, ümuməm
Şərqi Qafqasiya tatarlarının da xüsusən
“nankor”luğundan bəhs etdikdən sonra, Gürcüstanı
himayə məqsədilə Mavərayi-Qafqasiyaya gələn
Rusiya İmperatorluğunun əbəs bir hərəkətdə
bulunduğunu qeyd və “petrol ocaqlarına haiz olan Abşeron
mahalının, təbii iqtisad amillərinin təsiri ilə,
Rusiya əlinə keçəcəginin kəndiligindən
husul bulacağını” ümid etdikdən sonra, hərfiyən
şu sətirləri yazıyor:
“Mavərayi-Qafqasiyanın digər əqsamına (qisminə)
gəlincə, rus milləti Qafqas silsileyi cibalından
aşağı enməyib bu dağların ortasında qalan
xalqı kəndi halına buraqsaydı kəndisi
üçün daha iyi olmazmıydı? Şu təqdirdə
Mavərayi-Qafqasya xristiyanları məhv olur, müsəlmanlar
da yekdigərini yiyərək bitirirlərdi”.
Mühərrir məsələnin bu şəkildə vəzini
Rusiya üçün mümkün ədd ediyor, zira “Mavərayi-Qafqasiya
Rusiya İmperatorluğu vilayətlərindən kəndisini
iqtisadən qazanmayan yeganə xətası idi” (Şübhəsiz,
“rus vətənpərvəri” Bakı petrol mahalını bu
bilançoya daxil etmiyor).
M.B.Ç.-yə
görə “bütün bir əsir müddətində Mavərayi-Qafqasiya
rus parasını, elmini, texnikini və rus qanını cəlb
və sərf etdigi və Rusiyayı Türkiyə və
İran ilə hərbə sövq etdigi halda ona beş paralıq bir fayda verməmişdir”.
Şöylə ki bütün bu mülahizə və hesablara
nəzərən, nəhayət ruslar nəzərində
böylə bir məsələ dura bilirmiş:
“Əcəba bütün maddi vasitələr, həyati
qüvvələr Rusiyanın kəndi ehtiyaclarına və kəndi
daxilinin emarına sərf edilsəydi daha iyi olmazmıydı?” Həm də
çox iyi olurdu, deyə bu fikri təqviyə etmək
qafqasiyalıların bu xüsusata verəcəkləri ən
təbii cavab olduğu kəndiliyindən aşikardır.
Fəqət
“M.B.Ç.” Mavərayi-Qafqasiyadan - Bakı
ocaqları əlbəttə müstəsna - sərfi-nəzər
edəcək dərəcədə bitkinlik göstərirkən,
bu məqaləyə bir müqəddimə yazan Semyonov,
arqadaşını təshih ediyor. Semyonov
Rusiya İmperatorluğunun Mavərayi-Qafqasiyaya enişini əbəs
bulmuyor. Bu, Rusiya üçün tarixi bir
zərurət imiş. Çünki
imperatorluğu Mavərayi-Qafqasiyaya gəlməsə imiş,
Böyük Petronun əhəmiyyət verdigi İran ticarət
yolu təmin edilmədigi kibi Rusiyayı təhdid edən
“Türkiyə qılıncı” da qırılamazmış.
Şimdi isə Türkiyə təhlükəsi ortadan
qalxmış, əski “Pan İslamiyyət Osmanlı
İmperatorluğu” yerində şimdi “nüfusu 7 milyonu ancaq
bulan kiçik Türk Cümhuriyyəti” təəssüs
etmişdir ki, binasını Avropayi əsaslar və Qərb
milliyyətçiligi maddələri üzərinə
qurmuşdur. Bununla rus mühərriri Qafqasiya
üçün Türkiyədən artıq bir təhlükə
gələmiyəcəgini söyləmək istiyor. Fəqət Türkiyə təhlükəsi ortadan
qalxmışsa da, digər rəqib dövlətlərin
Qafqasiyaya hülul edərək, bu surətlə Rusiyaya təhlükə
təşkil edəcəkləri mülahizəsi onu rahat
buraxmıyor. “Şərqi-Qərbi də
Rusiyayı əndişədə buraxacaq təhlükəli
qonşular artıq yoxsa da, Qafqasiya bütün rəqiblər
üçün məmul bir yoldur. 1918 sənəsində
Rusiyanın bütün rəqibləri Qafqasiyayı əldə
etmək istəmişlərdir. 1918-də ədəmi-müvəffəqiyyətlə
nəticələnən bir təcrübənin iləridə
müvəffəqiyyətlə nəticələnmiyəcəgi
naməlum?!”
“Bunun üçün də - Semyonov diyor - biz, yəni
Rusiya, Qafqasiyayı tərk etməməliyiz. Rusiyanın
Qafqasiya millətlərilə müştərək təmini-müqəddərat
etməsi zəruridir. Cüzi bir qismini
olsun əcnəbi rəqiblərə tərk etməmək
şərtilə Qafqasiya millətləri hər hanki şəkil
və dərəcədə olsa da kəndi istiqlallarına
malik olmalıdırlar. Məsələnin
bu şəkildə vəzi həm Qafqasiya millətlərinin,
həm də Rusiyanın həqiqi mənfəətlərini təmin
etmiş olur”.
1918 sənəsində Qafqasiya Seymində yeganə rus əza
bulunan Semyonov Mavərayi-Qafqasiyanın Rusiyadan
ayrılmasını protesto eyləmiş, bu hərəkətlərilə
qafqasiyalıları ihanət (alçaltma) və xəyanətdə
ittiham etmişdi. O zaman yalnız türklər və gürcülər
degil, Semyonov erməniləri belə müaxizə eyləmişdi
(töhmətləndirmişdi). Şimdiki halda
Semyonovun ağzında, məşkük (şübhəli) və
mübhəm bir şəkildə olsa belə Mavərayi-Qafqaz
millətlərinin istiqlalından bəhs etmək, rus
imperyalizminin bu müməssili (nümayəndəsi)
üçün, şübhəsiz, bir əsəri-tərəqqidir.
Bu “tərəqqi”nin nə dərəcəyə
qədər səmimi olduğunu bilməliyiz. Fəqət,
bildigimiz bir şey varsa, o da rus siyasilərinin əllərindən
getməkdə olan şeyləri “hibə” (hədiyyə, bəxşiş)
etmələrindən ibarətdir. Myakotinin
Parisdə ukraynalılara təklif etdigini Semyonov da
“Vozrojdeniye”də qafqasiyalılara təklif ediyor. Bolşeviklərin meydana gətirdikləri şəklə,
olsa-olsa, sağ rusların tətmin edəcək bir məna
vermək istiyor. Fəqət Semyonovun
qafqasiyalılardan alacağı cavab, Myakotinin ukraynalılardan
alacağı cavabdan başqa degildir.
Ruslar, həqiqi mənfəətlərini
düşünüyorlarsa, Semyonov kibi degil, M.B.Ç kibi
davransınlar, Qafqasiyaya enməyi qətiyyən unutsunlar. “Bakı
petrollarının tabeətilə Rusiyada qalacağı”
fikrindən dəxi əbədiyyən daşınsınlar.
Qafqasiya ancaq qafqasiyalılarındır.
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasya”, 17 mart 1927, ¹ 11-12
RƏİS
VİLSONUN VƏFATI MÜNASİBƏTİLƏ
Mənəvi
ölümün təbii ölümü intaç edəcəginə
bir misal aranırsa, şübhəsiz ki bu misalı,
rəis Vilson təşkil edəcəkdir!
Tarixə gömülən “14 Maddə” sahibini topraqlara təslim
edərkən Mütarikə zamanlarını təhəttür
edəlim.
Sina vadisində yol azan Bəni İsrail üçün Musa
ilə Uhudi-Əşirəti nə idisə, Hərbi
Ümumidən yorğun və bitkin çıxmış millətlər
üçün Vilson və onun “Maddə”ləri də adəta
öylə idi. Vilson, dünyanın ən məruf
ismi olmuş, cahani-mədəniyyət, nicatını onun
bulunduğu “Bəyaz Ev”dən bəkləmişdi. Hələ məğlub millətlər Amerika Rəisi
Cümhurisini, elan elədigi maddələrinə nəzərən,
böyük bir müncəvi (xilaskar) və bir məsih kibi tələqqi
eyləmişlərdi.
Məğlub
millətləri Versal Müahidənaməsi zillətinin
bütün təhkiratına qatlandırmaqda heç
şübhəsiz ki, Amerika aeroplanları və avtomobilləri
ilə təchiz olunan Antanta ordularından daha müəssir
bir amil Vilson “maddə”ləri ilə müsəlləh bulunan
Avropa diplomatiyası olmuşdur. Lloyd George
İngiltərəsi ilə Qlemansso Fransası, Vilson
Amerikasını məğlub düşmənlərinin
qüvveyi-mənəviyyələrini gövşətmək
üçün istifadə edərək əllərindəki
son silahi-müdafiələrini aldıqdan sonra Versal Təzəllülnaməsinə
(məğlubiyyətnamə) kəndilərinə imza etdirməyə
müvəffəq oldular.
Nə fəci
bir nəticə: Vilson siyasi bir Məsih rolu oynarkən İuda
vəzifəsini görmüş oldu!... O
söylənəməz ki, dünyayı aldatmaq istədi, fəqət
heç şübhə yoxdur ki, aldandı və bu “sadəlövligi”
ilə bütün dünyayı aldatmış oldu!...
Amerika, hər
nə qədər “İsa”lıq şöhrətini kəndi
Rəisi ilə bölüşdü isə də
“İuda”lıq sifətində kəndisi ilə şərik
olmaq istədi. Versal Müahidəsini rədd etdi!
Vilson süqut etdi. Bu süqutu mənəvisi cismani xəstəliginə
dəxi mücib oldu. Nəhayət, iştə,
öldü! Vilson prinsiplərindən bu gün
baqi qalan bir kölgə varsa, o da bu günki hal və əczə
ilə fəqət istehzayi mücib olan “Cəmiyyəti
Əqvam”dır.
Vilson prinsipləri mütəvəffa (məhrum) Amerika Rəisi
Cümhurunun naminə itlaq (xilas) olunsa da həddi-zatında bu prinsiplər
onun malı-məxsusi degildi. Bunlar zaman əfkari-ümumiyyəsinə
hakim olan fikirlərin bir xülasəsi idi. Bu fikirlər, maddi zəfər və qələbələrinin
əsiri-mənəvisi bulunan cahangir Avropa ricalının
(kişilərinin) hırs (acgözlük) və tamahına
qurban olduysalar da, qiyməti-həyatiyyəyə və mənəviyyələrini
tamamilə qeyb etmiş dəxi olmadılar.
Məlum olduğu vəchilə, dünya dəxi əski müvazinəsini bulamamışdır. Versal Müahidəsinin Şərq millətləri haqqında tətbiq etmək istədigi Sevr əsasatını Türkiyə parlaq zəfəri ilə yırdtı, atdı. Avropa müvazenəsi isə daha təəssüs etməmiş, cahan iqtisadiyyatı dərin bir böhrandan qurtaramamışdır.
Versal Müahidəsini əqd edən ricaldan (kişilərdən) heç biri nə dünyanın, nə də kəndi məmləkətinin məhəbbətini qazanmamışdır. Bu gün Amerika da, İtaliya da, İngiltərə də və hətta Fransa da səri karda (baş vəzifədə) bulunan ricalı Versal Sülhünün şu və ya bu surətdə əleyhindədirlər.
Bu hal göstəriyor ki, Versal Sülhü adil olmadıqca dünya həqiqi sülh üzü görməyəcək!
Həqiqi sülh isə qənaətimizcə yalnız millətlərin kəndi müqəddəratlarına malik olmaları ilə təhəqqüq edəcək (meydana çıxacaq). Bu məlikiyyəti isə təcrübə göstərdi ki, nə mövqeindən istifadə etməyi bilməyən Amerika, nə də hər şeyi məqsədi yolunda istifadə etmək istəyən Sovet rəisi kibi “rəhbər”lər degil, millətlərin kəndi qüvvətləri, kəndi əzim və iradələrini təmsil edən qaziləri təmin edəcəklərdir.
M.E. (Məhəmməd Emin)
“Yeni Qafqasiya”, 8 şubat (fevral) 1924, ¹ 10
VƏZİRZADƏ NƏCƏF BƏY
Keçən həftənin postası bizə müəssif bir xəbər gətirdi. Azərbaycan teatrosu mühərrirlərindən Vəzirzadə Nəcəf Bəy mərhum olmuşdur.
Temmuzun (iyulun) 9-da Azərbaycan ədəbiyyatının əski xadimi dünyadan əlaqəsini kəsmiş, türk səhnəsi əməkdar bir xadimindən ayrılmışdır. Nəcəf Bəy rus təhsili alisini görməklə bərabər milli hars və ürfana hizmət etmiş nadir simalardandır. Bu, keçəndə Azərbaycan mətbuatının 50-ci ildönümü münasibətiylə kəndisindən bəhs etdigimiz Məlikzadə Həsən Bəy mərhumun arqadaşlarından ilk türk dramaturqu Axundzadə Mirzə Fətəlinin müaqiblərindən (ardıcıllarından) idi.
Nəcəf Bəy 1854 sənəsində Qarabağda Şuşa şəhərində təvəllüd eyləmişdir. Orta təhsilini Bakıda, ali təhsilini də Moskvada görmüşdür. Mərhumun ixtisası ormançılıq idi. Nəcəf Bəy türkcəyi Qarabağda əski üsul mədrəsədə öyrəndiyi “Müsəlmanca oxu-yazı sayəsində edinmiş bir zat idi. O bu bilgisini müasiri Həsən Bəyin “Əkinçi” nam qəzetəsində mühərrirlik etməkdə irəlilətmiş bədə mərhum İsmayıl Mirzə Qasprinskinin “Tərcüman”ını təqiblə təkmil etmişdi. Nəcəf Bəy eyni zamanda Mirzə Fəthəlinin əsərlərindən mülhəm olaraq, ustadın izini tutmuş teatroya ayrıca bir həvəs göstərmişdi. Mərhum Həsən Bəy ilə bərabər, Mirzə Fətəlinin komedilərini ilk dəfə olaraq Bakıda tamaşa səhnəsinə vəz eyləmiş kəndisi “Hacı Qara” piyesində aktyorluq etmişdir. Bundan maəda mərhum Azərbaycan qəzetəçiligi ilə mətbəçiligi daha adam (əqli) təəssüz etmədigi günlərdə teatro əsərləri yazmağa başlamış, Mirzə Fətəlidən sonra Azərbaycanın 2-ci dramaturqluğu şöhrətinə haqlı bir istihqaq (haqq) qazanmışdır.
Mərhumun “Asari-Nəcəf Bəy” namilə məruf əsəri 1903 sənəsində mövqei-intişara konulmuşdur. Burada 5-6 piyes mündəric bulunuyordu. Nəcəf Bəyin əsərlərindən ən mərufu “Müsibəti-Fəxrəddin” ilə “Pəhlivanəni zamanə”dir. Bu iki pyesdə iki münəvvər tipi təsvir olunur. Birinci pyes Avropa təhsili almış idealist bir gənc təsvir ediyor ki, ətrafını tənvir (nurlandırmaq) etmək məqsədilə çalışarkən, mühitinə qarşı münfərid (tənha) bir vəziyyətdə qalıyor və məzlum bir surətdə məhv oluyor. İkinci pyesdə isə, mühərrir, Fəxrəddinə tamamilə müxalif ikinci bir münəvvər tipi təsvir ediyor ki, rus məktəbindən nəşəd edən bu “avoka”nın yeganə məqsədi kəndi həyat və zövqünü təmin etməkdən ibarətdir. Bu “avoka” ətrafındakı cəhl və qəfləti sui-istifadə edərək, kəndisinə sərvət və etibar qazanma surətilə müvəffəq oluyor. Mühərririn bütün təvəccöh və məhəbbəti Fəxrəddindədir. “Zamanə pəhlivan”ı Avokayı isə sevməz, kəndisindən nifrət edər. Xalq üçün çalışmaq yolunda təhsil olunan mağdurluq” Nəcəf Bəy üçün, xalqın məzlumiyyət və qəflətini sui-istifadə yolu ilə hasil olan “qəddarlığa” mürəccəhdir (üstün tutulan).
Bu iki klassik əsərindən maəda Nəcəf Bəyin az-çox tanınmış əsər-lərindən bunları tədad edə (saya) biliriz: “Əti sənin, sümügü mənim”, “Ev tərbiyəsinin bir şəkli”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Daldan atılan daş topuğa dəgər”, “İsmi var, cismi yox” və sairə...
Nəcəf Bəyin əsərləri sadə xalq türkcəsilə yazılmışdır. Ədəbi nöqteyi-nəzərdən mühərririn lisanını işlənmiş bir sənət əsəri olaraq qəbul etməsək də əsərlərinin xalq həyatından alınma mövzuları ilə görüşlərinin zamanına görə müvəffəqiyyətli olduğunu təslim və bu nöqteyi-nəzərdən qiyməti haiz olduğunu təsdik etmək məcburiyyətindəyiz. Nəcəf Bəyin Azərbaycan ədəbiyyatında kəndinə məxsus mövqei vardır. Tənqid və ya təqdir etdikləri tiplər həyatdan alınma tiplərdir. O yalnız həyatda mövcud tipləri almaz, eyni zamanda həyatda tərviç etdigi tipləri də göstərir. Kəndinə məxsus bir idealizm yapar.....
Nəcəf Bəy vaxtilə “Əkinçi”də, sonra “Tərcüman”da məqalələr yazmışdır. 1905 sənəsindən etibarən “Həyat”, “İrşad”, “Tərəqqi”, sonra da “Azərbaycan” qəzetələrində “Dərviş” nami-müstəari (alınmış sözlər) ilə imzalı məqalələr nəşr eyləmişdir. Pyeslərində olduğu kibi bu məqalələrində də Nəcəf Bəyin mövzunu xalq həyatından alınma məsələlər təşkil edər, o, əksəriyyətlə “Fəxrəddin”ləri ideaslize “Avoka”ları da istehza edər dururdu.
1913 sənəsində “Səfa” cəmiyyətinin mərifətilə Bakıda Nəcəf Bəyə mütəntən (təntənəli) bir ildönümü mərasimi tərtib edilmiş, qoca ədibə sərf etdiyi əməyin mənəvi mükafatı verilmişdi. İstiqbal dövründə isə Nəcəf Bəy sinninin keçdiginə rəğmən yeni bir şövqlə təkrar qəzetəciligə atılmış nim rəsmi “Azərbaycan” qəzetəsində “Yahu” (Ya Allah) deyə “Dərviş”ligini təcdit eyləmişdi.
Qızıl istiladan sonra, bittəbii qələmi qınına qoymuş, yalnız müəllimliklə ömür keçirmiş, bu surətlə olsun, milli vəzifəsini ifa etməyə baxmışdı.
Nəcəf Bəyin səhneyi-həyatdan çəkilməsi ilə şübhəsiz ki, Azəri Türk ədəbiyyatı pək dəyərli və əməkdar bir xadimindən ayrılmış, türk səhnəsi də Mirzə Fətəlidən sonra çox mühüm bir simasını qeyb etmişdir.
Bütün əsərlərində millət eşqini tərənnüm edən mühərrir üçün, qısa bir zaman üçün olsa da, istiqlal və hürriyyətini dərk etdigi vətənini təkrar əsarət altında buraxaraq ölmək qədər böyük bir faciə olamaz. Nəcəf Bəyin ölümü kəndi qəhrəmanı Fəxrəddinin ölümünə nə qədər bənzər!..
Azəri (Azərbaycanlı)
“Yeni Qafqasiya”, 1
sentyabr 1926, ¹20
(Ardı var)
525-ci qəzet.-2018.-23 iyun.-S.20-21.