Ala qarğa
PƏRVİN
A kişi, deyən yuxarıların sənin
fermandan xəbəri yoxdu axı?! Sovet höküməti
çoxdan dağılıb gedib ey, sən də bu
beş-üç toyuq cücəni, bir-iki inəyi
saxlayıb adını ferma qoymusan...
Kolya belə zarafatlara çoxdan öyrəncəli
idi. Hələ Sovetin
qılıncının dalının-qabağının kəsən
vaxtlarında fermanın aparıcı işçilərindən
sayılırdı. Səhər obaşdan
işə gəlib heyvanlara qulluq edər, yemini, suyunu verərdi.
Günorta işçilər üçün
çörək alıb gətirər, ocaq qalayardı ki,
nahar hazırlasınlar. Sonra Allah verəndən
bir-iki tikə ağzına atıb oturardı köhnə
“Moskviç”inə. Yox, maşın
sürmək həvəskarı da deyildi, sadəcə, əlac
yox idi, uşaq bağçalarına, məktəblərə
süd daşımaq bu sınıq-salxaq “Moskviç”lə
Kolyanın ümidinə qalmışdı. Elə ki, “Moskviç” öskürüb-öskürüb
güc-bəla ilə işə düşürdü, vəssalam,
səsi-küyü bütün kəndi-kəsəyi
başına götürürdü. Hamı
bilirdi ki, Kolya süd daşımağa çıxıb.
Yolboyu əl-qolunu ölçə-ölçə,
deyinə-deyinə “Moskviç”lə birtəhər rayon mərkəzinə
varid olardı. Vay odu, birdən yolun
ortasında maşının uzunqulaq inadı tutaydı.
Əsl dəstgah onda başlayardı. Kolya
“Moskviç”dən düşüb qapısını zərblə
elə çırpırdı, südlər az
qalırdı yağa dönə. Hirsi yenə soyumurdu,
maşının kapotunu aça-aça çinədanındakı
bütün yağlı söyüşləri yarı rus,
yarı Azərbaycan dilində bu dilsiz-ağızsız dəmir
parçasının qabırğasına
döşəyirdi.
Yad kişi görəndə
yaşmaqlanan kənd arvadları Kolya ilə laqqırtı
vurmaqdan, dilxoşluq etməkdən doymurdular. Görən
kimi başına yığışırdılar.
Süd istəyən kim, çolpa
sifariş edən kim... Arada qılığına
girib pendir tutmaq üçün maya da
çırpışdırırdılar maşından.
“Moskviç” harda xarab olurdu, o yer hələm-həlbət
meydan tamaşasına dönürdü. Kolya
maşının elektrik işlərini əliyalın
görürdü, naqilləri barmaqlarıyla qopardır,
dişləriylə təmizləyirdi. Tələsdiyindən
naqilləri bəzən səhv birləşdirir, cərəyan
barmaqlarını yandırırdı. Ağrıdan
dini-imanı qaçan Kolya yerində dəli kimi hoppanıb
düşür, dilinin altından daha yağlı
söyüşlər tapıb çıxarırdı.
Kənd uşaqları bu səhnədən əməlli-başlı
ləzzət alır, gülməkdən uğunub gedirdilər.
Kolya isə “Moskviç”lə höcətləşirdi,
bu olub-keçənləri vecinə də almırdı.
Axı bağçalardakı, məktəblərdəki
uşaqlar onun yolunu gözləyirdilər, maşını
tez-tələsik düzəldib süd dolu bidonları mənzil
başına çatdırmaq lazım idi.
Elə ki, maşın işə
düşürdü, Kolyanın çöhrəsinə
işıq gəlirdi, eyni açılırdı, əhvalı
düzəlirdi. Hələ böyür-başında hərlənən
uşaqlarla zarafatlaşırdı da. Sonra
da onlara noğuldan-şirnidən verib yoluna davam edirdi.
Uzun yolçuluqda “Moskviç”in kal,
xırıltılı səsini Kolyanın ürəyə
yatan mahnıları müşayyiət edirdi. Allahdan yaxşı səsi
vardı. Rus çastuşkaları bir yana,
Azərbaycan xalq mahnılarını da onun kimi heç kəs
oxuya bilməzdi. Şirin aksenti ilə “Sarı gəlin”i,
“Küçələrə su səpmişəm”i,
“Qubanın ağ alması”nı oxuyanda
bütün ferma əhli onun tamaşasına dururdu. Kolya ona
zillənən baxışlardan bir az
utanırdı, sifəti allanırdı, amma öz aləmindən
də ayrılmırdı.
İşdən sonra bir şüşə şirin
çaxırını alıb komasına çəkilirdi...
Evinin qabağında açıq, xudmani bir
eyvanı vardı. Hamı bilirdi ki, Kolya gecədən
keçənə qədər eyvanda oturub,
bal kimi “Ağdam”dan bala-bala vura-vura ayı, ulduzları
seyr edir. Kefi kök olanda hələ
mahnıdan-zaddan da oxuyur.
Amma kefinin belə kök vaxtlarında da
qapısına gələni naümidi qaytarmır, yardım
istəyəndən köməyini əsirgəmirdi. Sevdiyi bir məsəl də
vardı, qapısı döyülən kimi gülə-gülə
“Dəvəni toya çağırırlar...” deyir, sonra da
öz-özünə uğunub gedirdi. Hə,
kimin nə işi olurdu - maşının matoru
döyürdü, darvazanın kilidi sınırdı, odun
qurtarırdı, təndir çatlayırdı, fərqi yox
idi, hər kəsin ağlına Kolya gəlirdi. Ayda bir dəfə
isə Kolya bütün kənd camaatının yadına
düşürdü; nə bəla idi, bilinmirdi, az qala hər ay kənddəki bulağın
gözü quruyurdu, su qəhətə
çıxırdı. Bunun çarəsini
bircə Kolya bilirdi. Hardasa yuxarı tərəflərdə
bulağın gözünə yol tapmışdı. Su kəsiləndə Kolya əlinə
çör-çöpdən, simdən-məftildən
alıb gedirdi. Özü ilə də
heç kimi götürmürdü, kəndin cavanları dirənib
inad edəndə yeddimərtəbəli sözlərlə
ağızlarının payını verib qovurdu.
Çox keçmirdi, Kolya yorğun-yorğun enirdi bulaq
başına, çiyni güyümlü gəlinlərə,
əlində parç tutan balacalara baxıb məmnun-məmnun
gülümsəyirdi. Bir-iki dəqiqə sonra
bulaqdan şırhaşırla bir su gəlirdi, özü də
nə yoğunluğunda. Kimsə bu möcüzədən
baş aça bilmirdi, heç üz vurub soruşmurdular da...
Qabını-qacağını dolduran hamı səbəbkara
alqış edir, “sucan ömrün olsun” - deyib gedirdi. Kolya başqa heç nə istəmirdi,
gözütox idi, kimdənsə nəsə ummurdu. Bir qarın yemək versəydilər, bəs idi,
oturub kirimişcə nuş eləyir, sonra da
çıxıb gedirdi. Bax yeməyin
yanında bir çapma stəkan da araq olsaydı, başqa məsələ.
Köpəyoğlunun içkisi, möcüzədi
də, dilinə dəydimi, Kolyanın əsl
bacarığı çıxırdı üzə; mahnı
oxuyur, şeir deyir, tarixə baş vurur, olub-keçənləri
yada salırdı. Arada lətifə də
danışırdı və danışdığı hər
bir lətifəyə özü düz üç dəfə
gülürdi. Birinci dəfə lətifəni
danışmazdan qabaq gülürdü, sonra
danışa-danışa. Axırda da həmsöhbətinin
gülməyinə baxıb uğunub gedirdi özündən.
Hər uğunanda mırıq dişləri
görünürdü. Elə indiyəcən
evlənməməyinin baiskarı da dişləri, lap
düzü, dişsizliyi idi. Arada ərki
çatanlardan kimsə ona qız-qadın
axtardığını işarə vuranda o saat etiraz edirdi,
“dişlərimi düzəltdirim sonra” - deyib söhbəti
bağlayırdı. Hamı da bilirdi ki, Kolyanın
diş düzəltdirməyi müşkül məsələdi,
heç ağlabatan da deyil.
Çox mehriban idi, gəlişi hər evdə
toy-bayrama dönürdü, qonum-qonşu başına
yığışıb elə hey
danışdırırdılar. Deyib-güldüyü yerdə qəfil nəsə
yadına düşəndə qəm-qüssə basardı
onu. Elə ki, qəmləndi, tez-tələsik
durub sağollaşırdı, komasına üz tututrdu. Onun bu xasiyyətini ta hamı bilirdi, nə illah
edirdilərsə, oturmurdu. Uşaqlar
neçə dəfə güdmüşdülər,
görmüşdülər ki, təkliyə çəkilib
ağlayır.
Sovet höküməti dağılmağa başlayanda
ferma da çökdü... Nə azar idisə
düşmüşdü heyvanların canına, ölkədə
də dərəbəylik, yuxarılara ha yazırdılar, ha
şikayət edirdilər, dərman göndərən yox idi,
mal-heyvan da tələf olub gedirdi. Sonrası lap pis oldu,
millətin əlinə girəvə düşdü, hərə
bir yandan çapıb-taladı fermanı. Sovet qurulanda bir inəyi
müsadirə edilən, bir qoyunu aparılan cumdu fermaya,
üç inək, beş qoyun
çırpışdırmayınca, ürəyi
soyumadı. Gördülər hərə bir yandan
dağıdır, fermanın işçiləri də əllərinə
keçəndən, gümanları çatandan götürüb
dağılışdılar. Kolya zornan-zora
bir-iki inək, beş-on toyuq-cücə saxladı fermada.
Əlində nəyi vardısa yemə, ota, dərmana verdi... Elə o vaxtdan, uzun
illərdən bəri belə yaşayırdı; heyvanlara
baxır, südünü sağır, yumurtasını
götürüb satır, əlində xırd eləyirdi.
Beləcə günlərini, aylarını, illərini
keçirir, yaşa dolurdu, ancaq nədisə
heç dəyişilmirdi, buraların havasından-suyundan idi
bəlkə də. “Moskviç”i isə yaman əldən
düşmüşdü. Bəzi yerlərini pas
yemişdi, yenə hər nə idi ayağını yerdən
götürürdü, karına gəlirdi
də... Həm də camaat südün, qatığın,
yumurtanın gəlişini “Moskviç”in gurultusundan bilirdi.
Qiymət oxumazdı Kolya, kimin nəyə imkanı
çatırdı, onu verirdi, nisyə də ki müddətsiz,
hətta kredit də olardı, özü də faizsiz...
Rəhman müəllimin də sevimlisi idi
Kolya. Hər dəfə qapıda
görünən kimi kişinin kefi açılırdı,
üzü gülürdü, həyətdəki tut
ağacının altına çağırırdı onu,
ordan-burdan danışıb zarafatlaşırdı, yüz dəfə
soruşduğu şeyləri bir də soruşub verdiyi
cavablara ürəkdən qəhqəhə çəkirdi.
Kefi kök yaşayırdı Rəhman müəllim,
Bakıda yaxşı vəzifəsi var, deyirdilər. Yol polisində nəsə yüksək vəzifədə
idi, paqonları göz çıxarırdı. Yay
aylarında gəlirdi buralara, özü də şənbə-bazar
günləri, ağacın altında oturub dişləmə
qəndlə armududan çay içir, dost-aşna ilə nərd
oynayardı, axşamlar da ki ley-pey... İndi də ağacdan asılmış əl-üz
yuyandan suyu ovcuna doldurub sifətinə çırpdıqca
yorğunluğu canından çıxırdı kişinin.
Ağappaq dəsmalla üzünü sildikcə
şəhərin hisindən-pasından, dedi-qodusundan,
ağırlığından da azad olurdu elə bil. Hə, Kolyanın gəlişi yaman yerinə
düşmüşdü. Rəhman müəllim onu belə
buraxan deyildi...
- A kişi, deyən yuxarıların
sənin fermandan xəbəri yoxdu axı?!
Həmişə belə
başlayırdı söhbətləri. Kolya öyrəncəliydi
artıq bu suallara. Bəzilərinə elə
sakitcə gülümsəyib keçirdi.
Kolya azərbaycanca çox yaxşı
danışırdı. Qaradinməzliyindən çoxlarına elə gəlirdi
ki, dili pis bilir. Ancaq 1-2 stəkan
gillədəndən sonra dili elə açılırdı
ki, bülbül kimi ötürdü...
- Ay arvad, elə Nikolay Mammedoviçin gətirdiyi
yumurtalardan bir pomidor çığırtması bişir,
ordan da tut arağını gətir görək nədi elə?
Bunu deyəndə Kolyanın
gözləri parıldadı. Həm tut
arağının ləzzəti ayrıydı, həm də Rəhman
müəllim hal əhli idi, onunla içməyin yeri
vardı. Evin xanımı Allah verəndən
nə vardı, gətirib düzdü ağacın
altındakı masanın üstünə.
- Həə, Novruzov Nikolay Məmmədşir
oğlu...
Bu da Rəhman müəllimin şakəri
idi, çox istədiyi adamların adını,
soyadını arada öz-özünə təkrar edər,
bununla sevgisini, diqqətini göstərərdi öz aləmində. Kolyanın adı-soyadı
isə xüsusən ləzzət verərdi ona. Bu
görkəmdə adamın adı-soyadı koloritli gəlirdi
ona... Mövzulardan biri də elə bu idi. Bəlkə yüz dəfə soruşmuşdu bunu Rəhman
müəllim, Kolya da elə bir o qədər izah eləmişdi,
amma çifayda, ya Rəhman müəllimin yadında
qalmırdı, ya da elə-belə, məzə
üçün soruşurdu. İndi də stəkanı
başına çəkib gülə-gülə
başladı söhbəti:
- A kişi, kefdi ey sənin işin,
baş açmaq olmur ki, haralısan... Novruzov
Nikolay Məmmədşir oğlu. Nikolayın evi
yıxılsın elə, necə ki yıxıldı birdəfəlik...
- Net, ya ne russkiy! Otets azerbaydjanets, mama tatarka...
Bu cavabdan sonra xeyli fikrə getdi Rəhman
müəllim. Yadına saldı ki, deyəsən, bu barədə nə
isə danışmışdı Kolya ilə. Hətta kədərlənmişdi də onun
danışdıqlarına. Amma nə illah
elədi, yadına düşmədi ki, nə
danışmışdılar və nəyə kədərlənmişdi.
Kefini pozmaq istəmirdi, ona görə araqdan süzüb
sağlıq dedi:
- Za tebya, Kolya, ya tebya oçen lyublyu i moloko detyam
nravitsa... Kolyan, tı xoroşiy çelovek... -
deyib başına çəkdi stəkanı.
- Çox sağ olun, Rəhman müəllim.
Allah balaları saxlasın.
- Hə, aşnam hazırdı. Bizim dildə
danışmağa başladınsa qurtardı, deməli,
iş bitib... Amma bir az da içək də.
Danış e görüm nə var-nə yox o tərəflərdə...
Həmişə belə olurdu, bir az
yeyib-içəndən sonra Kolya təmiz azərbaycanca
olanlardan-keçənlərdən danışırdı, Rəhman
müəllim əlin siqaretə atırdı, birin
yandırıb damağına qoyurdu, dərin bir qullab vurub
gülümsəyirdi. Arada çiyninə
atdığı köhnə pencəyin də yaxasın gah
sağa, gah sola dartıb düzəldirdi öz aləmində.
- Sən mənim canım, de görüm o bulağı
nətəhər düz-qoş edirsən, hə?
Kolya təbəssümlə baxır, bir
söz demirdi, sanki dövlət sirrini qoruyurmuş kimi partizan
iradəsi göstərirdi.
- A kişi, həlləm-qəlləm
işin yoxdu, bəs uşaqları niyə qoymursan sənnən
gəlsinlər, hə?
Kolya gülümsədi:
- Su çıxan yerdə ilan olar də, qorxuram axı
uşaqlara görə, ilan çalar neynərik? - dedi. Sonra əlin
süfrədəki pendirə uzadıb bir qırıq
götürdü, qoydu ağ çörəyin
arasına - cavandılar axı - deyib bir dişdəm vurdu
çörəkdən.
- Belə de, millət də deyir nəsə gizlin
işin var ey sənin... Bura bax, bəs nə əcəb
evlənməmisən? Gəl bir layiqli qız tapaq evləndirək
də səni...
Kolya əvvəl tutuldu, sonra dişlərinə işarə
edib utancaq bir sima ilə - düzəltdirmədim axı
bunları... - dedi, başını aşağı saldı.
- Əşi, nə dəxli var axı,
dişin belədi deyə, arvad boşanasıdı səndən? Arvada deyimmi axtarışa
başlasın?
- Yox e, ne nado...
- Nado, doroqoy, nado. Dişi-zadı boşla sən Allah...
- Net, tak ne krasivo, düzəltdirim, baxarıq...
Hər dəfə bu tipli söhbətlərdən
Rəhman müəllimin kefi qalxırdı ala dağın
başına. “Canım, ay Kolya” - deyib qəhqəhə çəkirdi.
“Millət gərək səndən öyrənsin
ey, belə şeyləri” - deyib badə qaldırırdı
Kolyanın sağlığına. Amma
Kolya millətə nələr öyrətməli olduğunu
axıra kimi də başa düşmürdü.
Söhbətin şirin yerində Rəhman
müəllimin mobil telefonu zəng çalanda kişinin
qanı qaralırdı.
İndi kimdisə, mərdiməzar dincəlməyə
imkan verməyəcək, kefinə soğan doğrayacaq...
- Alo, bəli... Hə... Eşidirəm.
Bəli, sürücülük vəsiqəsi alınıb, maşın
da gedib “ştrafnoya”... Mənə nə ey, kimin
qohumudu? Heç dəxli var sən Allah, o adam
içib oturub rula, qanunu pozub, hələ üstəlik, polisi
də təhqir eliyib... Neyləməli idik?
O Həsən Ağaya çatdırın ki, Rəhman
müəllim deyir ağıl qoysun qohum-əqrəbasının
başına. Xudahafiz! Pay atonnan, qoymazlar da adam kimi dincələsən bir-iki gün, belə
cəhənnəmə filankəs müəllimin qohumu
maşınsız qalıb... A bala, o
arağın birin də gətir görək nə deyir bu
Kolya müəllim.
Arvad-uşaq bilirdi ki, Rəhman müəllim
əlavə şüşə gətirdirsə, vəziyyət
qəlizdi. Ona görə bir az ehtiyatla danışırdılar onunla. Masanın da üstünü əlavə yeməklərlə,
meyvəylə-filanla doldururdular. Bilirdilər
ki, evin kişisi bolluq sevir, üç-dörd növ mürəbbə
gözünün qabağında olmasa, çayı ləzzətlə
içmir. Heç mürəbbə-filan yeyən deyil
ha, elə-belə gözü görməlidir də...
Soruşanda deyirdi, uşaq vaxtı o qədər qıtlıq
görmüşük ki, indi istəmirəm uşaqlar nədənsə
korluq çəksin...
- Sən Allah ye, a kişi... Sən
yeyəndə elə rahat oluram ki... Danış
görüm necə olub ey, sənin adını Nikolay qoyublar.
Atan bizimki, anan tatar, əşi o da bizimkidi də...
Kolya ağzındakı tikəni birtəhər
uddu. Bir qədər fikrə gedib ayağa
durdu... Yerində bir-iki ləngər vurandan sonra axır ki,
müvazinətini tarazlaya bildi... Rəhman müəllim də
bir az gözünü döyüb
baxdı onun bu duruşuna, əvvəl elə bildi inciyib, getməyə
durub, amma sonra nəsə demək istədiyini başa
düşüb gözlədi. Kolya özünü
yığışdırandan sonra, əlini stulun
başına qoyub ciddiləşdi:
- Rəhman muallim, indi gəlib sənin qulağına bir
söz deyəcəm, sonra qayıdıb oturacam yerimdə... -
dedi və nədənsə sakitcə durub əmr gözləyirmiş
kimi baxdı...
- A kişi, sən deyən dəmsən
axı? Day qulağıma niyə deyirsən?
Elə özümüzük, sözünü de də...
- Yox, klyanus ya ne pyanıy... Bu dəqiqə fermaya getsəm,
bir adam bilməz ki vurmuşam...
Kolya bunu demişdi ki, Rəhman müəllim
uğunub getdi gülməkdən. Əlini əlinə vurub qəhqəhə
çəkdi.
- Sən bilirsən bizim uşaqlar gündə nə qədər
beləsin tuturlar? Vodkanın iyindən yaxın düşmək
olmur, ayaq üstə zorla durub, hələ bir maşın da
sürür, qanun pozur, amma boynuna almır ki, içib...
Kolya bir az pərt olub
dayanmışdı, nə yerində oturur, nə də
sözünü deyirdi...
- Yaxşı sən Allah incimə, zarafatdı da elədim,
otur sözünü de, kimdi bizi pusan?
Kolya təzədən keçib oturdu yerinə... Bir az pərt, bir az küskün, amma
sözünü dedi axır ki:
- Mənim atam da, anam da Sibirə göndəriliblər...
Lap körpəydim onda, yadımda qalmayıblar ey... Bir rus
qarı götürüb saxlayıb məni, adımı da dəyişib,
atasının adını qoyub... Kak qovoryat, bəxtəvər
başıma...
- Həə, bəs niyə?
- Qovoryu je, mama tatarka idi də... Atam oxumuş adam olub, oralarda görüb xoşu gəlib,
qaçırdıb. Repressiya vaxtı qonşular yazıblar
ki, bunlar türk-tatar kitabı yazırlar, yazıqların
ikisini də vıslat eliyiblər... Mən də ki belə...
- Sən canın kefini pozma...
- Yox ey mən gedim evə... Uje pozdno!
Kolyanın bu halı çoxuna tanış
idi, alt dodağını uşaq kimi büzürdü, sonra dərhal
durub gedirdi. Bilinmirdi ki, onu kövrəldən nədir... İndi də Rəhman müəllim sözünü-söhbətini
azdırmışdı elə bil. Yenə araq karına gəldi, Kolyanın stəkanın
doldurdu, özüyçün süzmədi amma, kefi pozulanda
içə bilmirdi.
- Nikolay Mamedoviç, səndə də
sözlər var ha... - bunu da Rəhman müəllim elə-belə
sözgəlişi deyirdi. Kolya susanda da, elə qapıdan süd verib gedəndə
də, bir-iki kəlmə də olsa, nəsə
danışmalı idi onunla... İndi bunu deyəndən sonra
yadına nəsə düşdü elə bil... Bir
ağız oxudu... “Qubanın ağ
alması, yeməyə bağ alması, yarım gələnə
qalıb yaramın sağalması...” - oxuduqca Kolya da
qoşuldu ona, əlini qaşının üstünə qoyub
səsini qaldırdı “Sevirəm yar, səni mən yar, sevirəm
yar, yar” - deyib davam elədi mahnını... Rəhman müəllim
“canım ay Kolya... ay can-ay can...” - dedikcə bir az
da coşur, ürəklə oxuyurdu. Bir azdan
mahnı bitdi və Kolya heç özü də başa
düşmədi ki, müəllim nəyə gülür belə.
- Sən canın tələsmə, hələ deyəcəm
indi uşaqlar samovar qaynatsınlar. Oturmuşuq da, hava əla,
arağımız var, kefimiz kök... - deyəndə Rəhman
müəllimin telefonu yenə zəng çaldı, ekrana
baxıb əvvəl istədi cavab verməsin, sonra “lənət
şeytana” - deyib düymənı basdı: - Alo... Mən uzaqdayam axı, ora nə vaxt gəlib
çıxaram. Nədi ki? Nə izahat? Şikayət edib?
Məndən? Hımmm... Birinci gün gələrəm
danışarıq...
Telefonu bir kənara qoyub susdu Rəhman
müəllim. Sonra elə
bil yadına nəsə düşdü:
- O bir mahnı vardı ey, necə idi?
Kolya hansı mahnını
soruşduğunu dəqiq bilirdi. Hər dəfə başqa mahnı istəyirdi, amma
hansısa fəhmlə bu səfər hansı olduğunu
başa düşürdü... Yenə əlini
qaşının üstünə qoyub oxumağa
başladı...
Neradivaə, qordaə, smelaə,
No urodinoy zvali ee,
Potomu, çto bıla ona belaə,
Ne takaə, kak vse voronğe.
Kolya oxuduqca Rəhman
müəllim də ona qoşulurdu.
Esli mı çernı, esli mı çernı,
Budğ i tı çerna, budğ i tı
çerna.
- Canım ay Kolya, nə yaxşı yadıma saldın
ey bu mahnını. Cavanlığımızın
mahnısıdı də... Belaya vorona - ala
qarğa, hə? Deyir biz qarayıqsa, gərək sən
də qara olasan... Yadındadı də, mahnının
axırında basırlar ağ
qarğanı “bolotaya” qaraldırlar tüklərini. Pay atonnan,
nə təhər yazıb a...
Rəhman müəllim danışdıqca Kolya
gülümsəyirdi, amma mahnısına da ara
vermir, oxuyurdu. Arada bir-birinə qoşulub duet də gedirdilər...
Evdəkilər aralıdan baxır,
yaxınlaşmırdılar, bilirdilər ki, Rəhman müəllim
belə şeyləri sevməz... Birdən Kolya duruxdu,
mahnını yarıda kəsib yerindən
sıçradı...
- Raxman muallim, ya doljen idti... Gecdi day, gedim, spasibo za
vodku... - dedi, sonra baş barmağın yuxarı göstərib
- ımmm vışşşı dedi.
- Nahaq tələsirsən də... Hələ
nə qədər söhbətimiz qaldı. Amma onsuz da bizim sənnən söhbətimiz
bitib-tükənən deyil. Yaxşı, qoy durum yola
salım səni...
Qapıya çıxanda Rəhman müəllim köhnə
“Moskviç”i görüb qəhqəhə çəkdi:
- A kişi, kefsən ey sən... Nə
təhər saxlamısan bu “mosu”nu bilmirəm də... Rəhmətlik atamnan yaşıddı yəqin.
Amma öz aramızdı, kefin yaxşıdı
ha, belə sürəssən? Sənin kimisin tutub
“prava”sın əlindən alırıq ey... Yaxşı bura
bax, bəlkə maşını qoyub gedəsən,
uşaqlar aparsınlar da səni...
- Net, net, əziyyət çəkmə. Sto ras tak ezdil. Ne problema... Gedib çıxacam
özüm, ya trezvıy...
- Trezvı ya... sənin oyunun olsun, trezviyə bax da...
Deyir:
Esli mı çernı, esli mı çernı,
Budğ i tı çerna, budğ i tı
çerna.
Rəhman müəllimin dilinə
düşmüşdü mahnı, zümzümə edirdi... Kolya birtəhər ondan qopub oturdu maşına.
Başını maşından
çıxarıb bir də təşəkkür elədi.
- Bura bax, arada Bakıya-zada gedirsən? Vurub sürmə
ha şəhərə, indi yaxına gedirsən bir söz
demirəm... Amma Bakıda QAİ ilə nə problemin olsa
yığ məni, vizitka var da səndə...
- Xoroşo, na dnyax poedu... Zəng eliyərəm
esli çto... Gedim, siz də dincəlin e... - deyib
maşını işə saldı Kolya, qapqara tüstü
bürüdü aləmi...
- Bunun tüstüsü kimyəvi zavodunkundan betərdi
a, boğdun bizi. Yaxşı, sağ-salamat getginən... Allah
köməyin olsun...
***
Kolya səhər tezdən durub
hazırlaşmışdı, köynəyini,
şalvarını da ütüləmişdi. Bakıya yola düşməli
idi. Poçtdakı arvad demişdi ki, orda “Nargilə”nin
yanında yaxşı, münasib diş həkimi var.
Düzdü, bu “mosu” ilə Bakıyacan getmək asan iş
deyildi, amma hər halda Kolya yola çıxırdı...
Yolda bir neçə dəfə əsəbləşdirsə
də, “Moskviç” gətirib çıxarmışdı
onu Bakıya. Şəhəri
yaxşı tanıyırdı, uşaqlıqdan o rus
qarısı ilə tez-tez gəlirdilər paytaxta, sonralar da
ferma üçün ayrılan şeyləri özü gəlib
götürürdü, cin kimiydi, hər yerdən xəbər
verirdi... “Nargilə”yə az qalırdı,
burda o qədər yeyib-içmişdi ki... Budu, yol polisi dəyənəyini
yellədib saxladı onu... Sağa çəkib əyləci
sıxdı... Maşından düşdü.
- Rəis, ya razve naruşal?
- Serjant Əliyev... Xahiş edirəm sənədləri
təqdim edin...
- Nə olub ki?
Kolyanın vecsiz danışığı
serjantı özündən çıxardı.
- Nə olmalıdı, maşınından qapqara
tüstü çıxır. Təzə
qaydaya görə cəriməsi də artıb, bilmirsən bəs?
- Hımmm, düzəltdirəcəm də...
- Nəyi düzəltdirəcəksən a kişi, maşının hay-hayı gedib,
vay-vayı qalıb, bunu muzeyə bağışla da...
Kolya uşaq kimi incidi bu sözlərdən... Bir az tutuldu, nə deyəcəyini bilmədi. Bir pası tökülən Moskviçə
baxdı, bir də polisin əsəbi üzünə. Deyəsən, diş düzəltdirmək niyyəti
bu dəfə də baş tutmayacaqdı.
- Vaxtım yoxdu ey, deyirəm sənədləri ver,
yazım gedim...
- Bura bax, sən Rəhman Ələsgərovu
tanıyırsan?
- Bizim rəisi? Məzələnmə, a kişi...
Əlbəttə tanıyıram... Nədi ki?
- Heç, mənim dostumdu da... İnanmırsan,
nömrəsin verim zəng elə, danış. - deyəndən sonra Kolya əlin cibinə
atıb vizitka çıxardı - al bu da nömrəsi,
yığım?
- Nəyindi dedin?
- Dostum... Gözlə...
Kolya “Moskviç”inə oxşayan sınıq-salxaq cib
telefonunu kəmərinin üstündəki futlyardan
çıxarıb ekranına zilləndi, gözlərin
qıydı, sonra nömrəni yığıb qoydu
qulağına...
- Salam, Rəhman Aliyeviç... Eto ya,
da v Baku... K zubnomu... QAİ saxlayıb də... Deyir
tüstüləyir maşın... Mosudu da,
neynim. Nu xoroşo, ya peredayu trubku.
Serjant Əliyev dəstəyi götürən kimi rəngi
ağardı... Ancaq elə “Bəli,
baş üstə, baş üstə, Rəhman müəllim...”
- deyə bildi. Sonra dəstəyi Kolyaya verib - sizinlə
danışmaq istəyir - dedi. Kolya dəstəyi
qulağına qoyub əvvəl gülümsədi, sonra
tutuldu, amma özün o yerə qoymadı. Rəhman
müəllim çox uzatmadı, elə qısaca dedi
sözünü:
- Tapşırdım “Nargilə”yəcən
yola salacaq səni, dəyib-dolaşan olmasın. Amma bax indən sonra “naruşat” eləmə,
bu gün səhər əmrim verildi, işdən
çıxardıblar məni...
Kolya təəccüb içində soruşdu:
- Bəs indi neynirsiz?
- Neynirəm? Qonşumla nərd atıram, yenə
seş-sə... Pay atonnan, zər vermir də bu gün...
Kolya telefon qulağında quruyub qalmışdı, dəstəyin
o başından zərin və daşların səsi, bir də
zümzümə eşidilirdi...
Esli mı çernı, esli mı çernı,
Budğ i tı çerna, bud i tı çerna.
525-ci qəzet.- 2018.-
23 iyun.- S.18-19.