Siyasi fırtınalara barbarlığın təsiri

 

XIX əsr Argentinasının timsalında

 

Telman ORUCOV

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Fakundo heç də birmənalı şəxsiyyət deyildi. Ona sitayiş edənlər də, nifrət edənlər də az deyildir.

 

Pərəstiş qəhrəmanı kimi ona xalqın məhəbbət bəslədiyi, nifrət obyekti kimi isə onun cinayətkar əməlləri, şəxsi mühakiməsi zəminində adamları cəzalandırması, qətlə yetirməsi vurğulanır. Birincilər üçün Fakundo ölməmişdir, o, xalq adətlərində yaşayır. İkincilərə görə isə o, yalnız instinktdir, ittiham hədəfidir. Onda iyrənc hərəkət, məqsəd sistem şəklini aldı. Barbar, kəndli təbiəti bunun nəticəsində bir qaydaya, adi siyasətə çevrildi, dünya qarşısında bütöv kimi meydana çıxdı. Bu, bir adamda təcəssüm olunurdu. O, hadisələrə, adamlara, təbii qaydada hökmranlıq etməyə çalışan dahi təsəvvürü yaradırdı. Onun öz varisi Rosasın qeyd etdiyi kimi, o, əyalət adamı olmaqla, mərd və cəsarətli barbar idi. Makiavelliyə məxsus olan hiyləgərliklə, o, despotizm binasını ucaltmışdı, hansısa rəqibi olmayan bir tirana çevrilmişdi. Onun haqqında deyirdilər ki, o, adsız yeraltı vulkandır, heç də uzun müddət püskürməkdə davam etməyəcəkdir, bir gün hökmən sönəcəkdir.

 

Axı lap qədimdən ictimai hadisələrə, onlara başçılıq edənlərə münasibət heç də birmənalı olmamışdır. Fəallığı ilə seçilənlərə əhalinin bir hissəsi hörmət bəslədiyi halda, digər hissəsi nifrət edir. Qauçolara, onların ən eybəcər nümayəndəsi Fakundoya da belə bir-birinə zidd olan münasibət bəslənirdi. Belə ambivalent baxışa təəccüblənməyə ehtiyac da yoxdur. Məgər Qədim Romada respublikaya qəsd hazırlayan Katilinanın tərəfdarları yox idimi? Yaxud Roma aristokratları qul üsyanının başçısı Spartaka nifrət bəsləmirdilərmi?

 

Tarixdə ağır qətllərin, soyğunçuluğun simvoluna çevrilən dəniz quldurları qorxulu təhlükə nümunələrinə çevrilmişdi. İngiltərə kralı I Corcun hökmdarlığı dövründə (1614-1627-ci illər) dəniz quldurlarına qarşı mübarizə gücləndikdə, bunu yuxarı təbəqə alqışlayırdı, çünki onları Avropa ilə Vest-İndiya arasında olan dəniz yolunun üstündəki dəhşətli cinayətkarlar hesab edirdi. Xalqın gözündə isə onlar qəhrəmanlıq rəmzi idilər. Qauçolara da belə ikili münasibətin mövcudluğu sual doğurmamalıdır.

 

Fakundo boş yerdə meydana gəlməmişdir. Bu ölkədə güclü təsirə malik olan ispan ənənələri, qəzəbli pleybey xüsusiyyətləri milli şüurun formalaşmasına səbəb oldu. Bir tərəfdən hinduların barbarlığı, digər tərəfdən Avropa sivilizasiyası, 1810-cu il inqilabının hərəkətə gətirdiyi demokratiya və bərabərlik. Bu tanış olmayan dünyada insan ruhunun son nailiyyətləri ilə vəhşiliyin irsi arasında ölüm-dirim mübarizəsi gedirdi.

 

Axı İspaniya özü də gah biganə, gah da dini fanatik olurdu, gah konstitusiyalı dövlətə çevrilir, gah da despotizm pozğunluğunda batırdı.

 

Argentinanın taleyinə çox sayda əzablar və işgəncələr düşdü. İyirmi il davam edən sarsıntılar və həyatı düzəltmək sahəsindəki müxtəlif cəhdlərdən sonra öz bətnindən qusmaq yolu ilə ruhunun dərinliyindən, nəhayət, Fakundonun varisi kimi Rosas şəxsində bir eybəcərlik peyda oldu.

 

Rosas hər şeydən əvvəl qaydadan kənara çıxmaqdır, istisnalıqdır, nadir dəhşətli hadisədir. Bu həm də sosial bəla, bütöv xalqın varlıq formuludur. Əgər o, qan tökməklə öz istədiyinə nail olurdusa, ona qarşı mübarizə aparılması da labüd idi. Bu mübarizə nə qədər ağır olsa da, nəticə etibarilə heç də mənasız olmadı. Əgər şər qalib gəlmişdirsə, döyüş meydanını sakitcə tərk etmək tabe olmağa, xəyanətə bərabər sayıla bilərdi. Axı ideya heç vaxt döyüş meydanındakı cəsədlər kimi həyatla vidalaşmır. Rosas özünün iyrənc hərəkətlərini dayandırmırdısa, argentinalılar Latın Amerikasının ən bərəkətli yerlərindən birinin barbarlar tərəfindən necə viran qoyulmasına sakit seyrçi kimi baxa bilməzdilər.

 

Tale kor hesab edilsə də, bir gün gəlir ki, tirana əlvida, daha doğrusu, “rədd ol, get!” deyilir. Axı heç bir xalq hətta ağır çətinliklərə görə də öz arzuladığı gələcəyindən imtina etmir. Proqres nəhayət etibarilə hər şeyə üstün gəlir. Ancaq səmimi olaraq azıb, şəri xeyir kimi qəbul edənlər öz mövqelərini tərk etmirlər. Pozulmuş adamlar isə bir qayda olaraq özlərinə hesabat vermədən şərə xidmət edirlər, axı onlar səfeh meyillərə, pozğunluğu qəbul etmək təsirlərinə tabe olurlar. Başqa xalqlarda da belə eybəcərlik olmuşdur, lakin heç vaxt şər qəti qələbə çala bilməmişdir.

 

Cənubi amerikalıların öz milli qəhrəmanı Simon Bolivar qitənin azadlığı və oradakı xalqların birliyi uğrunda qəhrəmancasına mübarizə aparmış, xalq ona “xilaskar” adını vermişdi. Bolivar özünə bərabər olan hansısa bir lideri tanımır və bütün Venesuela onun nəhəng fiquru üçün yalnız postament rolunu oynaya bilərdi. Bolivar həm də azadlığa can atan Cənubi Amerika xalqları üçün dəqiq faktlar əsasında yaradılan bir əfsanə idi. Bu əfsanə, qəhrəmanın doğma dilinə tərcümə edildikdə, onun təsir qüvvəsi və böyüklüyü daha da artırdı. Bolivarı hətta düşmənləri də avantürist adlandıra bilməzdi. Çünki onun məqsədində heç bir şəxsi təmənna güdülmürdü. Bu xüsusiyyətlərində bir əsr yarıma qədər ondan cavan olan və Bolivar ideyalarından ilhamlanan məşhur Kuba inqilabçısı, mənşəcə argentinalı olan Ernesto çe Gevara da öz sələfinə çox bənzəyirdi.

 

Bolivar həyatdan vaxtsız getdi (Çe Gevara da eyni taleyi yaşadı). Lakin onun ömrü və mübarizəsi insanlara ibrət dərsi olmaqla, həyatın mənasının həyatın özündən qiymətli olduğunu göstərdi. Onun mübarizəsinin iki başlıca məqsədindən biri bütünlüklə həyata keçdi. Latın Amerikası ölkələri ispan ağalığından azad olub, öz müstəqil dövlətlərini yaratdılar. Lakin onun qitə xalqlarını birləşdirmək uğrundakı mübarizəsi ilkin vaxtlarda, az da olsa, bəhrə versə də, sonradan bu hədəf puça çevrildi, ideya müəllifinin arzusu həyata keçmədi.

 

Argentinanın bəlalı cəhətləri

 

Argentina Respublikasının əzab çəkdiyi bəla onun ərazisinin olduqca iri ölçüsüdür. Bu ərazini hər tərəfdən səhra torpaqları əhatə edir, onun dərinliklərinə soxulur. Tənhalıq, sakitlik, bir insan evinin də olmaması - XIX əsrin birinci yarısı Argentinasının darıxdırıcı mənzərəsi idi, əslində, bu həm də əyalətlər arasındakı təbii sərhədlər idi. Hər şeydə hüdudsuzluq - nəhayətsiz düzənlik, sonu görünməyən meşələr, sahili görünməyən çaylar, daim aydın olmayan üfüq bu ölkənin fiziki xüsusiyyətləri siyahısına daxil idi.

 

Yaşayış şəraiti və tərzi də primitiv idi. Çöldə gecələyənlər tonqalda azacıq qızardılmış qurudulmuş əti yeyirdi, bu, onların adi qidası hesab olunurdu. Bu gün dünyada aseda kimi tanınan ət xörəyi beləcə meydana gəlmişdi. Pampanın sakinləri həm də daim qorxuda yaşayırdılar, bu qorxu mənbəyi ya insanlar, ya da vəhşi heyvan ola bilərdi. Öz təhlükəsizliyinə daim adət olunmuş inamsızlıq bu sakinlərin həyatına öz damğasını vurmuşdu. Pampa sakini laqeydliklə ölümü qarşılayırdı. Sağ qalanlar, ölümdən xilas olmaq qismətini yaşayanlar isə dərin və uzunmüddətli ağır təfərrüatın xatirəsindən azad ola bilmirdilər.

 

Pampa sakini olan qauço maldardır, muzdurdur, kiçik torpaq sahibidir. Etnik xüsusiyyətə gəldikdə, əsasən, ispan-hindu mənşəyindən olan qarışıq qrupdan ibarətdir. Onlar əməkdə, məişətdə və paltarda hinduların çox saydakı adətlərindən istifadə edirdilər.  Təbiətin insana bəxş etdiyi ən böyük hədiyyəsindən də qauçonun zəhləsi gedir. Bu hədiyyə, qəribə görünsə də, ölkənin malik olduğu çaylar idi, qauço onlarda yalnız hərəkəti davam etdirməyə imkan verməyən maneəni görürdü. Çaylar isə lap qədim dövrlərdən ərazilər arasında əlaqə yaradan ən əlverişli vasitə idi. Axı tarixin atası Heredot Misiri Nilin hədiyyəsi adlandırmışdı. Şimali Amerikanın inkişafına çay gəmiçiliyi şərait yaratmışdı. Avropada isə çaylar ən vacib nəqliyyat arteriyası hesab olunurdu.

 

Bəzi argentinalı ziyalılara görə, Buenos-Ayres vaxtilə ona düzgün fikir verilsəydi, amerikan Babilinə çevrilə bilərdi, lakin ona Pampa ruhu öz təsirini göstərməmiş qalmadı. Əyalətlər, elə bil ki, Buenos-Ayresdən qisas aldılar, Rosasın şəxsində ona, özlərində bol olan xüsusiyyəti - barbarlıq “töhfəsini” verdilər. Ölkə sivilizasiyaya və azadlığa can atdığı halda, əvəzində ona barbarlıq və quldarlıq kimi bir eybəcərlik əsasında birlik verdilər.

 

Yaxşı məlumdur ki, dağlar və digər oxşar təbii hədlər ölkənin ərazisini bölməklə xalqların ayrılmasına və izolyasiya nəticəsində geri qalmış adətlərin saxlanmasına, toxunulmazlığına səbəb olur. Filosofların bir çoxu nəzərdə tuturdu ki, düzənliklər despotizmin meydana gəlməsinə və böyüməsinə şərait yaradır. Bu vaxt dağlıq ərazilər isə azadlığın etibarlı dayağına çevrilir və ona qəsd edilməsindən qorunan bir sığınacaq xidməti rolunu oynayır.

 

Pampadakı araba karvanının başçısı böyük hakimiyyətə malik olur. Kimsə tabe olmadıqda, başçı qırmancla onun üstünə atılır, bıçaq zərbəsi qorxusu ilə öz nüfuzunu bərpa edir. Həlak olanların qohumlarının şikayət etməsi də əbəsdir, çünki belə davranış qanuni hesab olunur.

 

Bu xüsusiyyətlər ucbatından argentinalılar arasında labüd gücün ağalığı, güclünün üstünlüyü, hökmdarlıq edənin nəhayətsiz və nəzarətsiz hakimiyyəti qurulurdu. Buna görə də kim hökmrandırsa, istənilən adamı məhkəməsiz və mühakiməsiz cəzalandırmaq imkanına malik idi.

 

Bu ölkədə məskunlaşmış xalq iki müxtəlif irqdən - ispanlardan və hindulardan əmələ gəlmişdir, onlar birləşdikdə isə çətin müəyyən olunan qarışıq əmələ gətirirdi.

 

Yerli amerikan irqi olan hindular bekarçılıqda yaşadığından, digər şəraitdə yaşamağa məcbur olduqda, ağır və uzunmüddətli fiziki əməyə özünün qabiliyyətsiz olduğunu, yaramadığını göstərirdi. Məhz belə vəziyyət amerikanlarda nisbətən əlverişli işçi qüvvəsi kimi zənciləri öz ölkələrinə gətirmək ideyasını yaratmışdı və bu da quldarlıq kimi hamıya məlum olan bədnam nəticələrə gətirib çıxardı.

 

Buenos-Ayres əyalətinin cənubundakı alman və şotland kompaniyaları, daxildəki rayonların kəndləri ilə müqayisə edildikdə, argentinalıda, yəqin ki, utanclıq hissləri meydana gətirə bilərdi. Birincilərdə evlər ağardılmışdı, həyətlər göstərilən qulluqdan xəbər verirdi, orada çiçəklər və kollar əkilmişdi. Evlərdəki mebel sadə, mis və qalaydan olan qablar parıldayır, çarpayılar gözəl örtüklərlə örtülmüşdü. Sakinlərin özləri də hər an nə iləsə məşğuldurlar. Argentinalıların kəndləri isə yalnız pis təəssürat yarada bilərdi. Çirkli, cır-cındır geyinmiş uşaqlar itlərlə bir yerdə yatırdılar, kişilər tam məşğuliyyətsiz olmaqla, döşəmədə uzanırdılar. Hər yerdə çirk və yoxsulluq gözə dəyirdi. Kasıb ranço onların evi idi və bütün bunlarda barbarlığın və baxımsızlığın izləri görünürdü.

 

Böyük şotland yazıçısı Valter Skott Argentinadakı çoban kəndlərinin kasıblığından dəhşətə gəlib yazırdı: “Nəhayətsiz Buenos-Ayres düzənliyi yalnız vəhşi xristianlarla məskunlaşmışdır, onlar “qauço” adını daşıyırlar. Onlar üçün mebel rolunu at kəllələri oynayır, qidaları - bişməmiş ət və bir də sudur, sevimli vaxt keçirmələri isə - qızğın cıdırlarda atları çapmaqdır. Onlar, bədbəxtlikdən, öz müstəqilliklərinə, sərbəstliklərinə, bizim pambıqdan və muslindən daha çox üstünlük verirlər”.

 

Buenos-Ayres əyalətində milyonlarla baş qaramal var idi, burada onun sakinləri sivilizasiyalı dünyada mövcud olan çox saydakı ən müxtəlif peşələrlə tanış idilər.

 

Qaramal əyalətinin paytaxtı bəzən oradakı yeganə şəhər idi ki, burada əkilməmiş torpaqlar birbaşa küçələrə qovuşurdu. Belə şəhərlərin ətrafında səhra düzənliyi uzanırdı.

 

Bəzi əyalətlərdə isə becərilməyən torpaq gözə dəymirdi, çünki onların sakinləri, başlıca olaraq, əkinçilik məhsulları hesabına dolanırdılar. Otlaqları bol olan bütün digər rayonlarda isə maldarlıq təkcə əhalinin məşğuliyyəti olmayıb, həm də onların mövcudluq üsulu idi.

 

Argentina düzənliklərində köçəri tayfalar yoxdur, maldar bilavasitə ona məxsus olan torpaqda yaşayır, zəruri olan məhdudiyyətlər təbii tənbəlliyə haqq qazandırır, əyləncədə olan kasad tələblər barbarlığın bütün nümayişlərinə səbəb olur. Cəmiyyət bütünlüklə yoxa çıxır, yalnız uzaqlaşmış, ayrılıqda yaşayan feodal ailə qalır, vahid cəmiyyət olmadığından idarəetmənin istənilən müsbət növünün həyata keçirilməsi mümkün deyildir.

 

(Ardı var)

 

525-ci qəzet  2018.- 30 iyun.- S.22.