“Mən elə birini sevdim ki...”

 

“Ürəyi olub da, ağlı olmayan bir qadın, ağlı olub da ürəyi olmayan bir qadın qədər bədbəxt” olan Məlahətin həyat hekayəsindən bəhs edən “Cəza” əsəri (müəllif Tamara Vəliyeva) Mehriban Ələkbərzadənin quruluşunda Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində tamaşaya hazırlanıb.

Aktrisa Kəmalə Müzəffərin ifasında təqdim olunan bu mono-tamaşada rejissor Qadın obrazının daxili yaşantılarını içində yaşadığı mühitlə, onu əhatə edən insanlarla münasibətdə ortaya qoyur. Bu münasibət bədii ifadə vasitələrinin obrazlı həlli ilə - anbaan dəyişən mizanlar silsiləsi, yeriyən sandıq-tabut, uçan yelləncək, düyünlənən kəndirlər, sırası pozulub yığılan stullar, qızaran-sönən işıqlar, göydən düşən daşlar, bərq vuran ulduzlar, dumanlı hava, qaranlıq gecə, hadisələrin gərginlik dərəcəsini tənzimləyən musiqi parçaları və s. rejissor fikrinin tamlığına - tamaşanın harmonik bütövlüyünə xidmət edir.

İlk anda işığın və musiqinin müşayiəti ilə üstü ulduzlarla (ulduzlar qar dənəsini də xatırladır) sayrışan göy üzünü xatırladan ön pərdə yavaş-yavaş çəkilir; göy üzü yer üzü ilə - ulduzlu gecə dumanlı qaranlıq gecəylə əvəzlənir. Səhnənin sağ tərəfində yuxarıdan asılı qalan, bir neçə dəfə sıx düyünlənmiş iki qalın kəndir, ortada tabutu xatırladan iri qara sandıq, arxa tərəfdə yuxarıya doğru atılıb qalan kəndirli yelləncək, arxa tərəfdə iki pərdənin ara məsafəsində yerləşən, tamaşa boyu müəyyən məqamlarda yanıb-sönən işıq effektləri və səhnədə “yıxılıb-duran” stullar diqqət çəkir.

Tamaşa sandıq - “tabut”un qapısının iki dəfə yarım açılıb qapanması ilə başlayır. Üçüncü cəhddə qapı tam açılır. Saçları üzünə tökülmüş, orta yaşlı bir qadın “tabut”dan çıxaraq tamaşaçı ilə üz-üzə gəlir. “Çoxdan ölüb, amma hələ burda ilişib qalan” qara paltarlı bu Qadının qarşısında uzun bir gecə var; o, bu gecədən salamat çıxacaqmı, heç özü də bilmir. Ada, Qadın və tənhalıq... Məktub, şüşə qab və okean... Görəsən, nə vaxtsa kimsə içində məktub olan ağzıbağlı şüşə qabı okandan tapıb sahibinə yetişmək üçün ucsuz-bucaqsız suların qoynuna atılaraq qadını bu adadan xilas edə biləcəkmi? Son ölən ümiddir... Okeana atılmış ağzıbağlı şüşə qabın halını anladır Qadının halı...

On beş il bundan öncəki gecə... Bu gecə ömrünün ən təlatümlü gecəsini yaşayacaq Qadın indiyə qədər içinə yeyə-yeyə yaşadıqlarını bu gecə ilk və son dəfə dilinə gətirəcək. Niyə məhz gecə? Çünki gündüz hər kəs maskalıdır, gecə isə insan yalnız qalanda rol oynamaqdan yorulub maskanı soyunur, özü olur. İnsanın özünə qayıtmaq istəyi güclü olur gecələr və bu istəyin coşqun halında əsl həyatı dərk etmək imkanı yaranır insanda. Gündüzlər ehtimalları düşünmək qadağası ilə sərhədlidir. Dağıdıcı gücə malik olan gecələr isə qadağan olunan ehtimallara rəqs meydanı vermək imkanı daşıyır özündə. Qadının öz yaşadıqlarını dilə gətirmək istəyi nə ilə bağlıdır? Uzaqdan xoşbəxt görünən Qadının ən böyük dərdi anlaşılmazlıq dərdidir: O istəyir səhvlərinə görə kimsə qınamasın onu; duysun, anlasın Qadını...

Qadının həyatında nə baş verib? Valideyinlərinin istəyi ilə onu dəlicəsinə sevən biri ilə evlənən Qadın, iki övlad sahibi olandan sonra “dəyərləri hesablaya bilməmək bacarıqsızlığından” həyatının gizlində düşündüklərini, arzuladıqlarını, ya da uydurduqlarını istəyincə boğulmağa başlayır: “Nəsə, başqa nələrsə”; başqa hisslər duymaq, yeni insanlar görmək, onun fərqli olduğunu tanıdan mühitlər istəyir. Hər kəs onu şanslı bir qadın bildiyi halda, o, özünü başqa təyinat, tam başqa məqsəd üçün yarandığını zənn etdiyindən içində yaşadığı həyat ona yeknəsək görünür, alovsuz günlərin bulanıq, ya da tutqun boz su kimi boğazına qalxdığından nə zamansa bu suda boğulacağına inansa da, istəyindən vaz keçmir, qapalı həyatdan qurtularaq dünya ilə yaxından tanış olmağa - adam içinə çıxmağa, hər kəsə var olduğunu göstərməyə can atır. Qadına görə var olmaq təkcə iş qadını olmaq deyil. Var olmaq, həm də hər gün bir şey geyinib ətrafdakılara acıq verməkdən, hər kəsin qibtə obyekti olmaq zövqündən ləzzət almaqdan ibarətdir.

Uzun çək-çevirdən sonra əri tərəfindən işə düzəlir. Sonra isə işlədiyi firmanın böyüyü ilə arasında qəribə hisslər baş qaldırır qəlbində Qadının. Çoxdan yadırğadığı bu hisslərin yenidən geri qayıtması Qadını daha böyük “üfüqlərə” səsləyir. Nəticədə “Azadlıq” duyğusu onun analıq hissini kölgədə buraxır. Həyat səbəbi başqa olduğundan, Qadın haqqında gəzən söz-söhbətlərə əhəmiyyət vermir: Yeni həyat ona daha maraqlı və cazibəli görünür. Yeni tanışlıqlar, yeni dəblər, yeni yerlər, daha gizli, qadağan olmuş istəklərin duyğularını dadmaq həvəsi; dəyişkən əhvallar, darıxmalar, bezikmələr... Bütün bunlar Qadına hakim kəsildikcə, daha başqa insanlarla zaman keçirmək istəyi baş qaldırır ürəyində...

Vurğun dolu nəzərlərin tilsiminə düşən, sevgilisinin məftunedici sözlərinə uyaraq özünü yeni hisslərin ağuşuna atan Qadını ehtiras səmum yeli kimi çuğlayır. O, qanadlarını tam açaraq bütün fəzanı zəbt etmək istəyir. Qəfəsdən azadlığa uçmaq həsrətinin əzabını ləzzətlə yaşan Qadın, uçduğu fəzadan ər evinə düşmək əzabının da nə olduğunu yaxşı dərk etdiyindən uçmaqdan vaz keçmək fikrindən çox uzaqdı. Bu səbəbdən onu maqnit kimi çəkən qüvvənin əlindən qoparıb almaq istəyən ailəsinə Qadının etirazı nümayişkaranədir: “Məni niyə bu qədər sıxırsız? Niyə məni sındırıb özünüzə gərəkli olan adama çevirmək istəyirsiniz?!”

Əri ilə sevgilisini müqayisə edərkən Qadın, ona həyat yaşatdığına görə üstünlüyü ikinciyə verir, çünki əri mətbəxə səsləyir onu, sevgilisi dünyaları vəd edir ona. Göy üzünün yeddinci qatına qalxıb ayağı yerdən üzülməkdə olan Qadın, uçurumun önündə dayanmalı olur; bu zaman nədənsə bir anlığa sanki qanadlarının kəsildiyini hiss edir...

Dramaturq Tamara Vəliyevanın bu əsərdəki baxış bucağından belə görünür ki, ailə Qadın üçün buxovdur. Rejissor Mehriban Ələkbərzadə bu fikirdən yola çıxaraq ailəyə simvolik anlam verir: “düyünlənmiş kəndirlər”. Tamaşanın əvvəlindən sonuna qədər Qadın, boğazına keçən düyünlənmiş kəndirlərdən xilas olmağa can atır. Çəkicə ağır gələn və aktrisanın ovuclarının içinə sığmayan bu kəndirlər, tamaşa qəhrəmanının tarıma çəkilmiş əsəbləri ilə sanki eyniyyət təşkil edir. Kəmalə xanım kəndirlərlə canlı varlıq kimi rəftar edir. Onu saran bu varlıqlarla mücadilə zamanı aktrisa, onlardan qurtulmaq cəhdində bulunur; yüyürür, yıxılır, yerində vurnuxur, çabalayır... Təngənəfəs olanda təsəlliyə ehtiyac duyur: Boğazındakı kəndirlərin uclarını bələyə çevirir; “bələkli körpə”sini qucağına alıb ona həzin layla çalır. İlahi, layla, bir ananın avazında ancaq bu şəkildə gözəl səslənə bilər. Tamaşaçılar laylanın sehrinə düşüb, o gözəlliyi doya-doya yaşamaqda həvəsli göründüyü məqamda Qadın diksinir, özünü ələ almaqla əvvəlki halına qayıdır. O, indi bir başqa gözəlin sevdasındadır. Hər şey bir göz qırpımında baş verir. Əsəblərini cilovlaya bilməyən Qadın, kəndirləri boğazından çıxarır, əllərinin içində bir yerə toplayaraq onları sərt şəkildə yerə tullayır... Bu rejissor yozumunda Qadının öz ailəsindən “qurtuluşu” sayılır...

Qadın üçün evli bir adamı sevmək artıq intiharın özüdü. “Cəza”nə ərsəyə gətirən əsas yaradıcı heyət üçün- müəllif, rejissor və ifaçı xanımlar üçün Qadının evli bir kişini sevməsi öz əlləri ilə özünə qəbir qazması, öz ölümünə imza atması deməkdi. Bu baxımdan “Cəza”, qadınların dilindən öz həmcinslərinə bir səsləniş kimi də dəyərləndirmək olar. Yasaq sevgidən doğan “erotik səhnə təsvirləri”nin kiçik məkanın ortasındakı “tabut”un üstündə sərgilənməsi diqqət çəkicidir. Üstündə sevgilisi ilə xoş anlar yaşayan Qadın üçün bu taxta qutu, sonda onun tabutuna çevrilir. Bu “tabut” canlıdır: “Tabut”un “dili” onun hərəkətlərində saxlıdır; yeriyir, yüyürür, fırlanır - dövrə vurur, çəkilir. Elə məqamlar yaranır ki, tamaşaçı, Qadının düşdüyü faciəvi durumun ağırlığını, “tabut”un həmin vəziyyətə münasibətində daha çox anlayıb duyur.

“Tabut”, həm Ər, həm də Sevgilidir. Qadının əri ilə dava səhnəsində “tabut-ər” hərəkətə keçir: Onu başqası ilə dəyişdiyi üçün Qadının üstünə yeriyir; bir neçə dəfə sərt şəkildə ona toxunur. Hər toxunuş gərgin, ani səslənişli musiqilərin müşayiəti ilə icra olunur. Bu toxunuşlar Qadına şillə kimi dəyir; tamaşaçı diksinir. Qadın aldığı ilk zərbənin təsirindən özünə gəlməmiş, növbəti zərbəni “qəbul edir”. Başqa bir epizodda isə Qadın hər şeydən üz çevirib sevgilisinə pənah gətirdiyini söyləyərkən, “tabut-ər”sərt şəkildə Qadından üz çevirir; geriyə çəkilir. Bu çəkilmə tamaşaçının gözündə Qadını düşürür; o, artıq kimsəyə gərək deyil... Arvadını ailəsinə xəyanətdə suçlu bildiyi üçün onun üstünə gələn “tabut-ər” və məşuqəsini yarı yolda buraxıb gedən “tabut-sevgili”: Hər ikisi Qadının ölümünə yol açır...

Tamaşada stullara və yelləncəyə də obrazlı yanaşma tərzi var; dörd stul, ailənin dörd üzvünü ifadə edir. Dairəvi şəkildə düzülmüş stulların ortasındakı yelləncək Qadının sevgilisi rolunda. Stullar ailə bağlarıdır. Əri ilə mübahisə səhnəsində Qadın, sevgilisinə yetişmək üçün o bağları növbə ilə və hər dəfə daha sərt şəkildə qoparmağa cəhd göstərir; stulları bəhanə ilə itələyib bir-bir özündən kənara tullayır. Bu, ailə bağlarının qoparılmasına eyhamdır. Stullardan ikisi hər dəfə üz-üzə qoyulanda ər-arvad, sevgili-məşuq, Qadın-ana mübahisələri gündəmə gəlir. Mübahisə zamanı yerlər tez-tez dəyişilir. Uçurum səhnəsinin təsvirində dörd stul kiçik məsafələrlə yan-yana düzülür. Aktrisa çox böyük “çətinliklə” stuldan-stula keçid edir; o qədər də effektli görünməyən bu “keçid təsvirləri” uçurumun dəhşətlərini anlatmaq üçün düşünülüb.

Qadın dəli kimi sevir. Onun üçün ruhu göylərdədir; sevgi ona qol-qanad verib. Qadının ruh halı onun yelləncəkdə uçuşu ilə “təsvir” olunur. Bu uçuşun ömrü bir kəpənək ömrü qədərdi: Yelləncəyin kəndiri Qadının boğazına keçir; o boğulub ölür...

Rejissorun mövqeyi belədir: Evli qadının başqa bir evli kişi ilə eşq yaşaması Tanrıya da xoş getməz. Yoxsa Tanrı Qadının başına daş yağdırar. Tamaşada Qadının başına daşların yağdırılması epizodu Leylinin daşqalaq edilməsi səhnəsinin (E.Quliyevin “Nizami” filmi) demək olar ki, eynidir. İkisində də subyekt daşdır. İkisində də daş tənədir; insanın, tanrının tənəsi. Leyli bu tənələrdən qorxur, çəkinir. Qadının isə kimsədən çəkinəcəyi yoxdur. Belə olmasaydı, o, öz mənəvi boşluğunu doldurmaq üçün tanrının qəlbinə hakim kəsilməsinə izn verərdi, əks halda ətrafına səpələnən daşları səbr və təmkinlə ovuclarına yığaraq uzaqlara tullamazdı...

Qadın sevginin, ehtirasın, bezginliyin, nifrətin nə olduğunu yaxşı bilir və çoxdandır ki, heç bir ağrı hiss etmir vücudunda. Üst şüuru alt qatda, alt şüuru isə üst qatda olan Qadın anlayır ki, insanı insan edən əsas səbəb qorxu imiş, ağrı imiş; “ağrı varsa... sən varsan... Qorxu varsa, yaşayırsan”. Əsərdə Qadın çox həssaslaşmış günəşdən alınan enerjini ağacın yarpaqlarından gövdəsinə, gövdəsindən köklərinə necə axmasını hiss edən, yağış damlasının yerə necə düşdüyünü və necə yerdə parçalandığını, buxarlanmasını duyan biri kimi xarakterizə olunur. Belə olan halda, demək ki, Qadın hiylənin, aqressiyanın, sevincin nə qədər doğru olduğunu asanlıqla hiss edə bilir. Bəs görəsən, hansı səbəbdən Qadın aşırı həssaslığının girovuna çevrilə bilir? Hər şeyin nəzarətdən çıxmasını, satıldıqdan sonra özünü geri ala bilməmək əzabını Kəmalə xanımın səsində, baxışlarında və hərəkətlərində duyub hiss etməmək sadəcə mümkün deyildir. Onun qəhrəmanı qəfəsdəki quş kimi çırpına-çırpına qalsa da, özünə təsəlli vermək üçün düşdüyü duruma bəraət qazandırmaqda daha həvəsli görünür: “İnsan günəş deyil axı. Günəş bulanmış zibil qutularına girib çıxsa da, xəndəklərə toxunsa da, bataqlıqları sığallasa da... “Amma insan günəş deyil axı, deyil!”

Daha nəyi itirəcək və yaxud daha nəyi qazanacaq? Bundan sonra Qadının heç nə umrunda deyil. Qazanmaq və itirmək qorxusunu çoxdan itirmiş bu Qadının bir təsəllisi var: Başına gələnlərdən özünü sığortalamaq. Ona həzz verən analıq hissi onu dözümsüz etdikcə o borcu çəkib-çəkməmək mümkünlüyünü fikirləşir Qadın. “Həyatının mənasını tapdığı halda ailə yalanına nə ehtiyac var? Niyə hər kəs öz istədiyi kimi yaşamasın ki?” Vaxt vardı, əri ilə bir-birlərini sevirdilər, indi bir-birinə tab gətirə bilmirlər, ayrılırlar. Ata uşaqlarını qoyub getsə də, Qadın övladlarına qarşı vicdanlı davranmır. Fikri-zikri sevgilisinin yanında; sevgilisindən onu tərk etməməyi xahiş edir. Başqa birini sevdiyinə görə əri onunla “bir əski parçası, bir üz qarası kimi” rəftar edir; döyərək evdən qovur. Yeni həyata başlamaq eşqi ilə bütün əzablara tab gətirən Qadın, sevgilisinə “Mən xilas oldum, səni də xilas etmək üçün... sürünərək gəldim” deyir. Sevgilisi “Bizim macəramız sənə də, mənə də üzqaralığından başqa bir şey gətirməyəcək... Biz ikimiz də bir az əylənmək istədik... Əyləndik, bəsdir... Mənim gül kimi arvadım var. Mən onu çox sevirəm” deyir Qadına. Bu sözlərdən sonra Qadın qanadları qırılmış quş kimi çırpına-çırpına qalır: “Axı mən sənin yaşaman üçün həyat səbəbin idim!!!” demək istəyir sevgilisinə, sözlər boğazında düyümlənir... Hissləri təhqir olunub, ümidləri ölən Qadın çarəsidir; sınan qanadlarının ağrıları canını acıdır...

Uşaqlarının qoxusunu özlədiyi andan həyat daha da çəkilməz olur Qadın üçün. Həyat daha ağır, daha yorğun yaşama çevrilməyə başlayır. Analıq hissi çoxdan ölmüş Qadın öz ailəsinə geri dönsə, nə dəyişəcək? Heç nə! Çünki ərindən ayrılarkən oğlanları ataları ilə yaşamağa söz vermişlər. Qadın isti yuva həsrətində idi, amma nə yazıq ki, “getməyə yeri yox idi... yer üzündə”. Bir tərəfdən də sevgilisinin həsrəti; çəkilməz olmuşdu. Amma axı hardan biləydi ki, “canı canından olanın həsrəti bütün həsrətləri üstələyə bilərmiş...”

O hər gün məktəbə gəlir, uşaqlarını uzaqdan seyr edib gizlicə ağlamaqla kifayətlənir hələ ki. Beləcə “əvvəl günəş yandırır dərisini, sonra yağış isladır onu, daha sonra xəzəl toxunur çiyinlərinə, daha sonra isə qar üşüdür bədənini... O gözləyir!” Halbuki “bu həsrət, övlad həsrəti çoxdan şaxta kimi onu kəsib”. Vaxtilə sevdiyindən başqa kimsəni görmək istəməyən, o qanı qanından, canı canından olan oğlanlarının səsini eşitməyə belə təhəmmül etməyən Qadına indi nə olub? Özünü tanıya bilmir. Bircə onu bilir ki, uşaqlarını görmək, onları yenidən bir ana kimi sevmək istəyir. Ona görə də əlinin içi boyda ümidə ehtiyacı olan Qadın “Ovcunuzu üzümə sürtüb sizə sevirəm sizi, həyatımdan, dünyamdan artıq sevirəm. Sizi kimsənin sevə bilmədiyi qədər sevirəm” deməyə imkan vermələrini istəyir övladlarından. Onu görmək və eşitmək istəməyən övladlarına okeana atılmış şüşədəki məktub kimi yetişmək istəyir Qadın. Bu imkanının da tükəndiyini anlayan Qadın, böyük bir yanğı ilə nə vaxtsa onu dinləyəcək ciyərparələrinə bir səsləniş edir: “Bağışlayın... sevginin azdırdığı, aldatdığı donmuş ananı. Sevgini buz salxım kimi içində daşıyan ananı... Ovcumda ürəyimin qırıqları var. Məni çox incidir. Deşir məni içəridən. Heç olmasa onu alın, atın. Mən elə qaranlığa, elə səssizliyə dartılıram ki, sizin məni görməyəcəyinizdən qorxuram... Burdayam... Burdayam... Baxın...”

Tamaşada Qadınla birlikdə o qorxunu biz də yaşamağa başlayırıq: Həyəcanlanırıq; çətindi, çox çətindi... Qadının bütün ağrı və əzablarını Kəmalə xanım, düz bir saat otuz dəqiqə zaman müstəvisində demək olar ki, öz varlığında yaşayıb hiss edir; ağlayır, gülür, yıxılır, durur, əzizləyir, oxşayır, mühakimə edir, təpki verir... Bəzən ötkəmdi; kişi kimi, bəzən yumşaqdı; ipək kimi... Kəmalə xanımın Qadını həyata sevgisi tükənməzdi, insanlara inamı sonsuzdu. Gözlənilmədən “həyat” adlı burulğana düşür. Bu burulğandan çıxmağa isə onun gücü çatmır... Kəmalə xanımın Qadını həssasdı, çılğındı, emossionaldı. Aktrisanın səs tembri ilə onun hərəkətləri arasında qəribə bir uzlaşma var.

Dilə-dişə düşməmək üçün anasının təkidiylə ikinci dəfə ailə həyatı quran Qadın, bu izdivaca daha çox sevgilisini peşman edib onu geri qaytarmaq üçün razılıq versə də, bu gözləntisi baş tutmur. “Hələ dünən addım at - mən səni tutacam deyən birinə qollarımı açdım...uçuruma düşdüm. Mən elə birini sevdim ki, elə bu, intihar idi. Ölümüm başlandı...”

 

 

Məleykə ALIQIZI

Sənətşünas

 

525-ci qəzet.-  2018.- 23 iyun.- S.12-13.