“Üçüncü qərinə”nin otuz beşillik şairi

 

Əsgər RƏSULOV

Filologiya elmləri doktoru, professor

 

Şair Rafiq Yusifoğlunun “Üçüncü qərinə” adlı şeirlər kitabı (Bakı, ADPU nəşriyyatı, 2017, 304 səh.) müəllifin həmin kitabın axırında yer alan çap olunmuş əsərlərinin siyahısında 72-ci sırada və sonuncudur. Lakin buradaca xatırladaq ki, onun adı siyahıya düşməyən 73-cü kitabı - “Bədii söz - məna ocağının közləri  irihəcmli məqalələr toplusu da bu yaxınlarda işıq üzü görüb.

 

Siyahıdakı ilk kitabın nəşr tarixi 1983-cü il olduğuna görə, cari il filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Rafiq Əliyevin “kitab yaradıcılığı”nın 35-ci ildönümüdür (Onun ilk şeirləri mətbuatda hələ orta məktəbdə oxuyarkən 60-cı illərin ortalarında işıq üzü görüb)...

 

1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Rafiq müəllim bu illər ərzində “Qızıl qələm”, “Vətən”, “Araz”, “İlin ən yaxşı kitabı” və s. kimi nüfuzlu mükafatlara layiq görülüb. Siyahıda yer alan kitablardan 30-a yaxını şairin şeir və poemalarının toplandığı əsərlərdir. Bunlardan bir çoxunu - “Qəm karvanı” (1997), “Böyük arzuya gedən yol” (2000), “Çiçək yağışı” (2000), “Ayrılığın qəm hasarı” (2000), “Həsrət sazağı” (2005),  “Sevdalı sabahlar” (2007), “Eşqin qarlı yollarında” (2008), “Könül səltənəti” (2012) - mən daha əvvəllər oxumuşdum. Siyahıda göstərilən kitabların bir qismi 20 ildən artıqdır ki, respublikamızın universitetlərində mühazirələr oxuyan görkəmli pedaqoqun ali məktəb tələbələri və orta məktəb şagirdləri üçün yazdığı dərsliklərdir (“Ədəbiyyatşünaslığın əsasları”, “Uşaq ədəbiyyatı”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Ana dili I - Əlifba, oxu”, “Azərbaycan dili” və s.). Siyahıda tanınmış ədəbiyyatşünas-alimin dəyərli monoqrafiyaları (“Azərbaycan poeması: axtarışlar və perspektivlər”, “Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri”), eləcə də çoxşaxəli elmi-publisistik məqalələrinin, hekayə və nağıllarının toplandığı 10-dan artıq kitabı da var. Siyahıya peşəkar bədii mütərcim olan Rafiq müəllimin dilimizə qazandırdığı əsərlər də (Federiko Qarsia Lorkanın, Corc Bayronun, Peter Şyuttun,  Hans Yurgen Hayzenin, Ulla Hanın,  Roza Auslenderin və başqalarının şeirləri, dünya uşaq ədəbiyyatının gözəl nümunələri) daxil edilib. Burada Azərbaycan uşaq ədəbiyyatının dövri mətbuat flaqmanı “Göyərçin” jurnalının baş redaktoru kimi (1997-ci ildən indiyə qədər) onun balalara hədiyyələrinin toplandığı kitablar da yer alıb. Statistik hesabatı tamamlamaq üçün bunu da qeyd edək ki, Rafiq Yusifoğlu çoxlu mahnı mətnlərinin də müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib.

 

Rafiq müəllimin poeziyası haqqında söz deyib, onun özünü, eləcə də elmi-pedaqoji fəaliyətinə və ədəbi-bədii yaradıcılığına, redaktorluğu və naşirliyinə bələd olanları, xüsusən də humanitar təfəkkürlü şeir xiridarlarını, özünün ifadəsi ilə desək, “zər qədrini bilən zərgərləri” razı salmağın çətinliyi və məsuliyyətini bəri başdan qəbul edirəm. Bu, bir baxıma, ruhu, düşüncəsi, vicdanı və qələmi ilə şair olan adama poeziyanı öyrətmək kimi bir cahilliyə düşməkdir. Burasını da nəzərə alsaq ki, Rafiq müəllim uzun illərdir təcrübəli pedaqoq kimi Sumqayıt Dövlət Universitetinin tələbələrinə özünün bilavasitə elmi-tədqiqat sahəsi olan müasir Azərbaycan poeziyası və poetikasının sirlərini tədris edir, vəziyyətin mürəkkəbliyi daha da aydın olar...

 

Şair “Üçüncü qərinə”nin ad (söz) semantikası və rəqəm simvolikası ilə öz oxucusuna əsrin 33 illik dövrünü əhatə edən zaman ölçüsü vahidinin üçüncü dilimində, başqa sözlə, ömrünün ən müdrik çağında yaşadığı mesajını ünvanlayır. Kitabdakı şeirlərin mütaliəsi də göstərir ki, şair bu uca zirvədən maddi və mənəvi dünyamızı müdrikliyin həm ağıl, həm də bəsirət gözü ilə seyr eləyir. Məsələn, kitabdakı ilk şeirin ilk bəndindəki poetik yükə diqqət edək:

 

Bumeranqa döndü bir gün

Qurulan qəribə kələk.

Qərb Şərqdə nə axtarırdı,

Şərq də dönüb Qərbə gələ?!

 

Qərbə dönüş, adətən, stereotip düşüncə ilə tarixin təkərinin geriyə fırlanması kimi mənalandırılır. Şair isə yüzlərcə yaşı olan bu hadisəni bumeranq effekti ilə rəmzləşdirir. Əlbəttə, vaxtilə inkişaf üçün, yenilik axtarışları prosesində Qərbdən ötrü istinadgah olan Şərqin müasir dövrdə özünün ondan öyrənməyə ehtiyac hiss etməsi məqbuldur. Ancaq şair deyir ki, indiki halda, Şərqi Qərbə yönəldən ehtiyac müasir Qərbin çirkin planlarının (kələyinin), yeni formada “səlib yürüşünün” və məkrli “ayır-buyur”, “parçala-idarə et” siyasətinin məntiqi nəticəsidir.

 

Rafiq müəllimin özünün də müxtəlif elmi-publisistik məqalələrində dəfələrlə qeyd etdiyi kimi, həqiqi şeir insanı düşünməyə, dünyanı dərk etməyə, fəzilətə, ədalətə, qurub-yaratmağa, sevib-sevilməyə, mənəvi kamilliyə və paklığa səsləyir, ilahi nura qovuşdurur. Sənətin digər sahələri ilə müqayisədə poeziyanın insanı millətsevərlik və vətənpərvərlik ruhunda tərbiyə məsələsində, mənəvi-əxlaqi durulaşdırma və saflaşdırma işində xidməti əvəzsizdir. O, haqlı olaraq qeyd edir ki, əsl şairləri xalqın həyatı düşündürmüş və bəşəriyyətin taleyüklü problemləri daim qayğılandırmışdır. Sənətkar şeirə həm də dili qoruyub saxlayan, yaşadan, cilalayan, zənginləşdirən, inkişaf etdirən vasitə olaraq baxır. Bütün bu deyilənlər Rafiq müəllimin insan, şəxsiyyət və alim kimi bötövlüyündən, şair kimi ustadlığından xəbər verir. Onun ədəbiyyatşünas-alim kimi “mayası həqiqətlə yoğrulan, ürəklərdə estetik duyğular oyandıran və bütün dövrlərdə insanın mənəvi ehtiyacını ödəyən” söz sənətinə, o cümlədən, ritmli, ahəngli poeziyaya yüklədiyi missiyanın mahiyyəti şair kimi bədii sözə və şeirin psixoloji təsir gücünə dərin inamından irəli gəlir.

 

Kitabdakı şeirləri oxuduqca, hiss edirsən ki, şair zaman-zaman səni öz ucalığına qaldırır və sən dünyaya, insanlara o ucalıqdan baxırsan, öz daxili aləminə sənətkarın gözü ilə boylanırsan. Məsələn, hər kəsin bildiyi və özünə təsəlli kimi səsləndirdiyi dualar qarşımıza tamamən yeni qiyafədə çıxır:

 

Onsuz da ömür qısadı,

Onsuz da haqq işidi ölüm.

Allahım, mənə elə uzun ömür ver ki,

İnsanlara daha çox yaxşılıq eləyə bilim!

 

Bəzən şair özünü və özü ilə bərabər səni qərar tutduğun zirvədən dibsiz boşluğa buraxır   adama elə gəlir ki, yerin cazibə qüvvəsi onu da, səni də uçmağa qoymaz... Ancaq sənətkarın fitri istedadı, ucundan bəşəri və ilahi sevgi, xeyirxahlıq və gözəllik damlayan qələminin gücü sənin baxdığın, lakin görmədiyin məqamları, içində yaşadığın, amma nə olduğunu kəsdirə bilmədiyin duyğuları dilə gətirdiyi anda səni elə bir ovqat çulğayır ki, ruhunun səni tərk edib göylərə yüksəldiyini, quşlar kimi səmada uçduğunu hiss edirsən:

 

Bir yağış yağır ki, könlündən keçir

Ucundan yapışıb göyə çıxasan.

Səyyar buludların qanadlarında

Gedib öz yurduna yiyə çıxasan...

 

Üç misra səni romantik ovqata kökləyir, ənginliklərə uçurur, sonuncu misra isə səni qəfildən yerə endirir, qaçqınlı-köçkünlü dünyamızın reallığına qaytarır. Əslində, poeziyanın informativ gücü də, poetik yükü də, ecazkarlığı və sirri də burasındadır. Lirik-romantik şeir səni göylərə uçurmağı bacardığı kimi, epik şeir yerə endirməyi, ayaqlarının üzərinə rahatca düşürməyi, sosial mündəricəli fəlsəfi şeir isə səni düşündürməyi bacarmalıdır. Bəşərə məxsus bütün hiss, duyğu və düşüncələrin eyni bir şeir içində verilməsi də mümkündür. Beləcə, xəyalla gerçəklik, subyektiv təxəyyül məhsulu ilə obyektiv maddi-faktoloji material, poeziyanın romantik estetikası ilə həyatın sərt realizmi arasında sağlam bağlantı qurulur, əlaqə yaradılır, etibarlı rabitə təmin edilir.        

 

Yüzillərin “sənət sənət üçündür” prinsipini mənimsəyənlərin düşüncələrinə hörmətlə yanaşaraq, mən sənət əsərini sənətkarın öz əsərinə yüklədiyi missiyanın ideyası, məzmunu və mündəricəsi, oxucuya ünvanladığı bədii mətnin məramı ilə dəyərləndirməyin tərəfdarıyam. Əlbəttə, bütün bunlar yalnız yüksək sənətkarlıqla yazıldıqda, göz və qulaq oxşayan estetik formada təqdim edildikdə mətn bədii sənət nümunəsinə çevrilir. Cəmiyyətin bir fərdi olan, xalqın adından xalqa söz demək hüququnu özündə görən şairin bitərəf olması, ictimai-siyasi hadisələrə münasibət bildirməkdən çəkinməsi mümkün deyil. Vaxtilə məşhur rus-sovet yazıçısı Mixail Şoloxov özünün Nobel nitqində deyirdi: “Bəşəriyyət özlərini Yerin cazibə qüvvəsinin sərhədlərindən kənara çıxan kosmonavtlar sayağı çəkisizlik vəziyyətində hiss edən təklərə, fərdlərə bölünməyib. Biz Yer üzündə yaşayır, Yerin qanunlarına tabe oluruq... Yer əhalisinin nəhəng təbəqələri eyni məqsədlərlə hərəkət edir, eyni maraqlarla yaşayır və bu məqsədlər, maraqlar onları ayırmaqdan daha çox, yaxınlaşdırmağa xidmət göstərir. Bunlar - hər şeyi öz əllərinin və beyinlərinin əməyi ilə yaradan zəhmətkeş insanlardır. Mən özünün ən yüksək şərəfini qələmi ilə zəhmətkeş xalqa xidmət etmək imkanının heç nə ilə məhdudlaşmayan azadlığında görən yazıçılardanam”.

 

Cəmiyyət içərisində fərd olaraq əqidə və düşüncə etibarilə tək qalmaq, mənən kimsəyə bənzəməmək, özün olmaq və özgələşməmək mümkündür, ancaq içində yaşadığın cəmiyyətdən, onun siyasətindən, ideologiyası və fəlsəfəsindən təcrid edilmiş halda yaşamaq real deyil. Bu həyat həqiqətlərini görməmək, yaxud görüb də qəbul etməmək insana həmişə maddi-mənəvi əzab verir, ona hər fürsətdə  xəyal qırıqlığı yaşadır... Bu baxımdan, sənətkarın yuxarıda bəhs etdiyimiz missiyası prizmasından əsl poeziya nümunəsi olan şeir ictimai-siyasi məzmunlu da, publisistik-didaktik də, fəlsəfi-ideoloji də, tarixi-dramatik də ola bilər. Rafiq müəllimin də dönə-dönə vurğuladığı kimi, sənətin ilkin mahiyyəti insan mənəviyyatını qidalandırmaq, estetik həzz vermək, əyləndirmək, gözəllik və xeyirxahlıq aşılamaqla yanaşı, həm də ona müsbət informasiya və enerji ötürmək, onu maarifləndirmək, öyrətmək, kamilləşdirməkdir. Poeziyanın mövzuları hər şey - təbiət, cəmiyyət, fərd, vətən, bəşər övladına xas bütün məziyyətlər - sevgi, nifrət, qorxu, şücaət, xəyanət və s. və i.a. ola bilər. Sənətkarlıq bütün bunların dilə (qələmə) gətirilməsindəki ustalıqda, istedadın dərəcəsindədir. Söhbət bundan getməlidir ki, bu və ya digər mətləbdən, mövzudan söz açan sənətkar nə demək istəyir, şeirin ünvanı kimdir, bu istək həmin ünvana necə, hansı bədii təfəkkürlə, söz-sənət oyunu ilə, bədii təsvir və ifadə vasitələri ilə çatdırılır. Hazırlıqlı oxucu çeynənmişlə yeni fikri, deklarativ və pafosla bədii mətni, keçilmiş yolla yeni açılan cığırı, nimdaş məhsulla bədii tapıntını, köhnə ilə təzə-tər qafiyəni, hər gün gördüyü insandan fərqli yepyeni obrazı, oxuduğu şeirdə qarşılaşdığı və o ana qədər adını qoymaqda çətinlik çəkdiyi duyğu və düşüncələri ayıra bilir.

 

Şair Rafiq Yusifoğlu poeziyasının məxsusi məziyyətlərindən biri də epiqraflı şeirlərdir. Yunan sözü olan “epiqraf” qədim yunanlarda abidə üzərində yazıya deyilirmiş. Müasir ədəbiyyatşünaslıqda “epiqraf” dedikdə əsərin və ya onun bölmələrinin başlıqlarından sonra yazılan qanadlı sözlər -  zərbiməsəl, hikmətli söz, aforizm, yaxud bri başqa sənətkardan iqtibas edilən cümlə, beyt, misra və s. nəzərdə tutulur. Əgər Rafiq Yusifoğlunun epiqrafları yuxarıda izahı verilən ənənəvi qəbildən olsaydı, üzərində geniş dayanmağa ehtiyac qalmazdı. Məsələ burasındadır ki, şairin epiqraflarının çoxu məşhurların deyil, ismini-cismini oxucunun bilmədiyi, tanımadığı, adını eşitmədiyi insanların sözləridir. Bu epiqrafların müəllifləri yalnız Rafiq müəllimə məlum olan (bəzən özünün də dəqiq bilmədiyi, yalnız fəhmlə kimliyini təxmin etdiyi) şəxslərdir. Şeirləri diqqətlə oxuduqda, misralar sənə pıçıldayır ki, bu insanlar daha çox gənclərdir,  tələbələrdir, bilavasitə şairlə ünsiyyət quranlar, yaxud da şeirləri vasitəsilə onu tanıyıb sevənlərdir. Hiss olunur ki, bu mesajların müəllifləri daha çox şairə heyranlıq və vurğunluq duyan qızlardır. Bu mesajlardan epiqraf kimi iqtibas edilən cümlələr, eyni zamanda, şairin ilham pərisinə çevrilir, onu şeir yazacaq ovqata kökləyir. Əks təqdirdə, o epiqrafın başlıq altında verilməsinin poetik yükü ortadan qalxar, şeirin mətni ilə mesaj arasındakı rabitə qırılar. Məsələn, bir mesajdan alınmış bu epiqrafa diqqət edək: “Doğan hər günün səhərində içimdə gözlərini görə bilmək eşqi olmasa, inan, heç bir şeyə dəyməzdi yaşamaq”. Bu epiqrafın özü başlı-başına şeirdir. Şair də bütün istedadını səfərbər edib, epiqrafa layiq poetik cavab verir:

 

Ürəyim od alıb həsrət közündən

İnləyər, çırpınar, sızlar içimdə...

Sevdiyin o gözlər düşüb gözümdən,

Səni seçəmməyib qızlar içindən...

 

Yaxud başqa bir şairanə epiqrafa diqqət yetirək: “Yağışın damlası ilanın dilinə düşüncə zəhər, incinin içinə düşüncə almaz olurmuş. Siz nəyin damlasısınız ki, qəlbimə düşüncə hər şeyim oldunuz? Q.Nübar”. Başdan-ayağa poeziya ətri verən bu epiqrafa cavab tapmaq müşkül olsa da, şair tapır, həm də ən əlasını! O, sözügedən damlanın zərrə-insan içində gizlənən vücudi-küll olduğunu, adına da eşq damlası deyildiyini nəzərə çatdırır:

 

Heç nə, heç nə ola bilməz

O bir damlanın gücündə.

Yer var, göy var, kainat var

O bir damlanın içində.

 

Məhəbbətin fədakarlıq, özünü qubanvermə olması klassik poeziyamızdan bu günə qədər işlənən temadır. Rafiq müəllimin şeirində bu detal fərqli mənalandırılır, eşq sevdiyini qorumaq şəklində poetikləşdirilir. Epiqraflardan birində oxuyuruq: “Darıxmışam Sizinçün. Mən bir təhər ayrılığın öhdəsindən gəlirəm. Özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə...” Bu epiqrafın yaratdığı ovqatla yazılan şeirin poetik yükü fədəkarlığa hazır olduğunu mesaj sahibinə bildirməkdir:

 

Bir az da gec gəlsən əgər

Ağac kimi quruyacam.

İndən belə mən özümü

Sənin üçün qoruyacam...

 

Epiqrafların bir qismi şairdən inciyib küsənlərin, onları görməzlikdən gəldiyi üçün şikayət edənlərin mesajlarından götürülüb. Məsələn, bir mesajda oxuyuruq: “Sənin görüşünə gül dərmək üçün // Sinəmə çəkdiyin dağa çıxmışam”. Şairin onun biganəliyindən sitəmkarlıq edən bu xanıma cavab olaraq yazdığı şeirin elə ilk misralarından tərəf-müqabilini razı salacağına inanırsan:

 

Duyuram ki,

ayrılıq sənə yamanca güc eləyib.

Ürəyinə çəkdiyim dağın üstündə

sevgi çiçəkləri qönçələyib.

Ömrünə qəm buludu çökəndə

Sevdalı gözlərində

həsrətim gecələyib...

 

Başqa bir şeirində şair mətləbə dəxli olmayan cızma-qaralarına qiymət yazmadığı üçün “Müəllim gözümdən düşdü” deyə sərsəmləyən bir tələbənin epiqraf-mesajına cavab verir:

 

Çöküb ciyərinə küdurət hissi,

Sən qara buludsan, mənsə günəşəm.

Seçə də bilmirsən yaxşını, pisi,

Sənin gözün var ki, gözündən düşəm?!

 

Bütün hallarda, şeirlərə epiqraf olaraq seçilən mesajlar həmin şeirlərin mövzusunu müəyyənləşdirməyə, məzmunun açılmasına imkan verir, şairin o mesajların təsiri ilə yaranan ovqatını ifadə edir. Bu zaman fərdilikdən ümumiliyə doğru gedilir, epiqrafdakı bir nəfərə məxsus hiss və duyğular bəşəriləşir, başqa sözlə bir nəfərin mesajından iqtibas edilən epiqraf-cümlə ümumbəşəri düşüncənin ifadəsinə xidmət edir. Epiqraflı  şeirləri  oxuyanda təkcə şairin yox, həm də epiqraf müəllifinin (xüsusən də zərif cinsin) hisslərini  düşünürsən. Bilirsən ki, epiqraf müəllifinin ağrılı-acılı duyğularıını şair də bütün ruhu ilə yaşayıb, epiqrafdakı səmimiyyəti, ülviliyi və paklığı hiss edib, onlara adekvat misralar tapmaq üçün xeyli yaradıcılıq axtarışı aparıb. Fikrimizcə, epiqraflı şeir həm də bu məqamın - həm tərəf-müqabilin, həm də oxucunun təsəllisidir... Əlbəttə, bəzən ziddiyyətlər burulğanında çırpınırsan, görəsən, epiqrafın müəllifi ona yazılan şeirdən (verilən cavabdan!) razı qalıbmı? Bədii mətnin bir vəzifəsi də bu deyilmi - oxucunu düşündürmək və intizarda qoymaq!

 

Rafiq Yusifoğlunun bütün şeirlərində, istər birbaşa müraciətlərində, istərsə də sətir aralarında ilahi sevgi var. Lakin Allah sevgisi təkbaşına deyil. Bu inanc bəşəri və ilahi sevgilərin vəhdətindən doğulur, şairin dualı sevgi şeirlərini qoşa qanadlı edir:

 

Zərif bir çiçəkdən güc almaq üçün

Sən onu duymağı bacarmalısan!

Eşqin zirvəsinə ucalmaq üçün

İlahi sevgidən güc almalısan... 

 

Kitabdakı şeirlərin bəziləri gündəlik yaşadığımız aktual problemlərə, yaxud da müəllifin özünü rəncidə edən məsələlərə şair-ziyalının reaksiyasıdır. Məsələn, şair “Məzənnə” adlı şeirində  Baş bankirə üzünü tutub cinaslı-qafiyəli sualla soruşur:

 

Manatı niyə öldürdün,

Bu xalq ilə məzən nədi?

Bu, üzən məzənnə deyil,

Ürək üzən məzənnədi...

 

Qarabağ ağırlıqda dərdi olan bir qarabağlının bu dərddən yazmamağa haqqı yoxdur. Şairin yaradıcılığında bu çəkilməz dərd, dözülməz kədər aparıcı xətdir. Bu dərd gah doğma elindən-obasından ayrı düşmüşlüyün, ata yurdundan, ana ocağından qoparılmışlığın acısı-ağrısıdır. Şair qələmində dərd deklarativ çağırışlardan, pafosdan, psevdo vətənpərvərlikdən uzaqdır. Bu dərd-qəm məcburi tərk edilmiş və düşmən işğalı altındakı müqəddəs torpaqların, köçkünlərin, qaçqınların ümumiləşdirilmiş obrazı, şəhidlərimizin ziyarətçi gözləyən qərib məzarları və ruhlarıdır:

 

Dərman tapa bilmirəm

Dərdimin əlacına.

Niyə gedə bilmirik

Qubadlıya, Laçına?

Neçə kəndlər, şəhərlər

Qalıb viran ağrıyır,

Vətən, haran ağrıyır?

 

Şübhəsiz ki, bu dərdlərin ən ağırı-acısı və dözülməzi əsir düşmüş anaların, qız-gəlinlərin namus-qeyrət harayı, qisas və intiqam məqamını gözləyən başı əyik ata, ər və qardaşların, boynu bükük ana-bacıların üsyanıdır:

 

Tapdalanmış ismətiniz

Alovlara atır məni.

Hər baxış bir tikan olub,

Ürəyimə batır mənim.

 

lll

 

Hər papaqlı layiq deyil

Kişi adın daşımağa.

Biz almasaq bu qisası,

Haqqımız yox yaşamağa...

 

Kitabdakı şeirlərin bir bölümü “Qürbət nəğmələr”idir. Şair gəzib dolaşdığı ölkə və şəhərlərə, tarixi-memalıq abidələrinə, ümumiyyətlə, qürbət ellərin gözəlliklərinə heyranlığını gizlətmir, ancaq bütün bu şeirlərdə doğma yurd-yuva nisgili, vətən və vətəndəki əzizlərin həsrəti aydın şəkildə sezilir.

 

Kitabdakı şeirlər poetik forma və şəkil etibarilə xeyli rəngarəngdir: heca və sərbəst vəznli şeirlər, düz, yaxud cinas qafiyəli bəndlər, dördlüklər, hətta alışıq olmadığımız ikiliklər... Dördlüklər klassik rübai xarakterli, fəlsəfi düşüncələrin yığcam bədii ifadəsi olduğu kimi, ikiliklər də şah beytləri, bərcəstə misralardır.

 

Yekun olaraq qeyd edək ki, Rafiq Yusifoğlu gündəlik həyatında təbiətən emosional olduğu kimi, ədəbi-bədii yaradıcılığında da duyğusaldır. Şeirlərində gözəlliyə, uğurlu bədii detala, estetik tapıntıya özü heyrətləndiyi kimi, oxucunu da heyrətləndirir, şərə, naqisliyə, yalana, haqsızlığa qarşı etirazını gizlətmir. Bədii sözün qüdrətinə inanır, poetik dilin, polifonik ədəbi-estetik və fəlsəfi təmayüllərin ifadə imkanlarının intəhasızlığını bilir, bədii mətnin strukturu və təqdimatında bütövlüyə çalışır. Rafiq müəllim “Bədii sözün hərarəti” adlı məqaləsində “onu duyan tənqidçilərin, ədəbiyyatşünasların azlığından, bəlkə də yoxluğundan” gileylənir. Mən bu boşluğu qismən doldurmaq istədim, mərhum akademik Azad Mirzəcanzadənin təbirilə soruşsaq, deyə bildimmi?

 

525-ci qəzet  2018.- 23 iyun.- S.14-15.