Ədəbiyyatımızda və ictimai həyatımızda Anar fenomeni

 

Qəzənfər PAŞAYEV

Professor

 

İstedad, ağıl, müdriklik heç nəynən əldə edilməyən, insana ilahi tərəfindən bəxş edilən paydır. Bu əvəzolunmaz paya sahib olan seçilmişlər zülmət gecədə yol göstərən parlaq ulduza bənzəyir, xalqın qürur mənbəyinə çevirilirlər. Milli-mənəvi dəyərlərimizin daşıyıcıları olan belə şəxsiyyətlər haqqında düşünəndə göz önünə ilk gələnlərdən biri də Anar olur.

Anar haqda yazmaq elə də asan deyil. Gərəkdir ki, buna mənəvi haqqın ola, milli-mənəvi dəyərlərlə yaşayasan, kökə bağlı olasan, Anarın yaradıcılığını duyasan, sevəsən, çağdaş və klassik ədəbiyyatımıza, folklorumuza, ədəbiyyatşünaslıq elmimizə bələd olasan.

Anar təkcə yazıçı deyil, rejissordur, ssenaristdir, sənətşünasdır, tərcüməçidir, publisistdir, folklorşünasdır, ədəbi prosesə fəal və davamlı şəkildə müdaxilə edən, nüfuzlu söz sahibi ədəbiyyatşünasdır, ictimai xadimdir və hansı yandan yanaşsaq, görərik ki, o, istedadlı qələm sahibi olaraq xalqımıza üzağlığı gətirən böyük şəxsiyyətdir. Onun yerinə başqa birisi olsaydı, iddiası yerə-göyə sığmazdı.

Anar yaradıcılığı o qədər çoxşaxəlidir ki, onun hər sahəsinə cild-cild kitablar, monoqrafiyalar həsr etmək olar.

Anar fikir adamıdır. Onun ideyası əsasında “Qobustan” və “Dünya ədəbiyyatı” dərgiləri, “Dədə Qorqud” ensiklopediyası, Göyçayda “Əbədiyaşar ədiblər” abidə kompleksi yaranıb.

Anarın fikir adamı olduğu hamıya bəllidir. Onun elə bir essesi olmaz ki, hadisəyə çevrilməsin, adamı dərindən düşündürən fikirlər oxucunu heyrətləndirməsin. Onun “Dədə Qorqud”, “Molla Nəsrəddin - 66”, “Anlamaq dərdi” esseləri bütün zamanlar üçün keçərlidir.

Anarın “Dilimizi yaşadanlar” essesi də bu qəbildəndir. Bu məqalədə xalq şeirinin əhəmiyyəti, xalq şeirinin qüdrəti oxuculara hay-küysüz, emosiyasız çatdırılır: “Orta əsrlərin güclü ərəb-fars təsirindən dilimizi qoruyan ən böyük sərvətimiz xalq şeiridir, odur ki, Azərbaycan və Türkiyənin dil tarixində folklor ağız ədəbiyyatı olmaqdan daha yüksək bir vəzifəni yerinə yetirmişdi. Məhz xalq şeiri dilimizin saflığını, təmizliyini, duruluğunu qorumuş, əslində, bu dili yaşatmışdır”.

Anar klassik ədəbiyyatımızı və folklorumuzu dərindən sevir və tədqiq edir. Onun “Kitabi-Dədə Qorqud” eposu, Mahmud Kaşğarinin “Lüğət it Türk” əsəri, Yusif Balaqasunluya həsr etdiyi “Türkçülüyün banisi” əsəri barədə araşdırmaları, eləcə də ikicildlik möhtəşəm “Min beş yüz ilin Oğuz şeiri” əsəri ədəbi və elmi ictimaiyyətin marağına səbəb olmuş, insanların şüurunun oyanmasında və formalaşmasında müsbət rol oynamışdır.

Yaşlı nəsil unutmayıb ki, keçən əsrin 60-70-ci illərinə qədər “Kitabi-Dədə Qorqud” yasaq edilmişdir. Ümummili lider Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” ensiklopediyasının 1-ci cildinə yazdığı “Milli varlığımızın mötəbər qaynağı” adlı mükəmməl “Ön söz”də göstərir ki, o dövrdə elə bir iclas, elə bir qurultay, elə bir konfrans olmazdı ki, orada “Dədə Qorqud” tənqid olunmasın. Eposa qadağa damğası vurulmuşdu.

Ulu öndərimiz həmin vaxt Anarın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək yazırdı: “Məhz “Kitabi-Dədə Qorqud”un təbliği baxımından Anarın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Bəlkə də Anar uşaqlar üçün Dədə Qorqud haqqında kitab yazanda, yaxud Qorqudla bağlı başqa kitablarını yazanda çoxları bunun nə qədər əhəmiyyətli olduğunu o dərəcədə dərk edə bilmirdilər. Amma indi biz öz milli dəyərlərimizi, köklərimizi, tariximizi olduğu kimi təsvir etməyə çalışarkən vaxtilə atılmış belə addımların nə qədər qiymətli olduğunu dərk edirik. Mən Anarın bu münasibətlə yaratdığı filmi də qiymətləndirirəm. Təqdirəlayiqdir ki, “Kitabi-Dədə Qorqud” ensiklopediyasının yaranma ideyası da məhz Anara məxsusdur” (Bax: “Kitabi-Dədə Qorqud” ensiklopediyası. I cild, Bakı, “Yeni nəşrlər evi”, 2000, səh. 11).

Göründüyü kimi, o dövrdə Anarın Dədə Qorqudla bağlı yazdıqları böyük cəsarət tələb edən ədəbi hünər idi. Tənqidçi alim Vaqif Yusiflinin doğru olaraq göstərdiyi kimi, insanlar Dədə Qorqudu orijinal mətndən deyil, Anarın tədqiqatlarından və “Dədə Qorqud” filmindən seviblər. Anar ədəbiyyatımızın Dədə Qorqududur - deyənlər yanılmırlar. Onu da bilmək maraqlıdır ki, bu il Türk ədəbiyyatı vəqfi türkdilli ədəbiyyatların önəmli təmsilçiləri üçün “Dədə Qorqud” mükafatı təsis etmişdir. İlk mükafat “Kitabi-Dədə Qorqud”un görkəmli tədqiqatçısı Anara təqdim edilmişdir. Təqdimat mərasimindəki çıxışında professor Erol Ülgünun “Bu gün dəbdə olan terminlə desək, Anar yerli və milli yazardır, onun yaradıcılığını təhlil edəndə sanki 350 milyonluq Türk dünyasını birləşdirməyi qarşısına məqsəd qoyduğunu görürük” fikri böyük həqiqətdən xəbər verir.

O da danılmaz faktdır ki, Anar müəllim nüfuzu, müdrikliyi və səbri ilə otuz ildən artıqdır ki, ədəbiyyatımızın taleyinə cavabdehlik missiyasını ləyaqətlə yerinə yetirir. Bu missiyanı müstəqilliyimizin, azadlığımızın ilk illərində yerinə yetirmək çox çətin idi. Demokratiya, söz azadlığı pərdəsi altında özünü, sözünü bilməyənlərin jurnalistlik pərdəsi altında meydan suladığı bir dövrdə Yazıçılar Birliyinə rəhbərlik etmək asan iş deyildi.

Yeri gəlmişkən Anar Birliyimizə rəhbərlik etdiyi dövrdə İraq türkmanlarından 10-dan artıq şair və yazıçı Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv seçilmişdir. Onların əksəriyyəti professor Teymur Əhmədovun titanik zəhməti sayəsində ərsəyə gələn möhtəşəm “Azərbaycan Yazıçıları” ensiklopedik-sorğu kitabına daxil edilmişdir.

Tam məsuliyyətlə bir məsələdən də söz açmaq istəyirəm. Mən İngilis-Azərbaycan dilləri fakultəsini bitirmişəm. İyirmi ildən artıq xarici dillər kafedrasına rəhbərlik etmişəm. Professor elmi adını Xarici dillər kafedrası üzrə almışam. ABŞ və İngiltərədə uzunmüddətli ixtisasartırma kurslarını bitirib diplom almışam. Nobel mükafatına layiq görülmüş yazıçıların əsərlərini orijinalda oxumuşam. Aspirantım Müşfiq Babayev ABŞ yazıçısı, Nobel mükafatı laureatı Con Steynbekdən dissertasiya müdafiə edib. İngilis dilində “Ölkəşünaslıq” adlı kitabım çıxıb. V.Şekspir, Aqata Kristi, Aleksandr Düma, Con Steynbek, Sula Benet haqqında məqalələrim, orijinaldan tərcümə kitablarım nəşr olunub. Bir sözlə, onların əsərlərini Anar müəllimin əsərləri ilə müqayisə etməyə qadirəm.

Anar müəllim 30 il ərzində Yazıçılar Birliyinə sərf etdiyi enerjini tamamilə yaradıcılığa həsr etsəydi, bu təfəkkür, bu fitri istedadla dünyanın ən görkəmli yazıçılarından birinə çevrilər, siyasi baxışlar nəzərə alınmasa, Nobel mükafatına layiq görülərdi.

Anarın yaradıcılığı 50 ildən çoxdur ki, ədəbi-elmi ictimaiyyətin diqqət mərkəzindədir. Əsərləri araşdırılır, monoqrafiyalar, dissertasiyalar, elmi publisistik məqalələr yazılır, əsərlərinə filmlər çəkilir. Maraqlıdır ki, yaradıcılığının ilk dövrlərində yazdığı “Mən, sən, o və telefon” hekayəsi əsasında Moskvada film çəkmişdilər. Gənc yazıçının əsərlərinin film həyatı onun istedadından xəbər verirdi. Yeri gəlmişkən xüsusi qeyd etməyə dəyər ki, Anar kinemotoqrafiya sahəsində də böyük uğurlara imza atmışdır.

Anarın özünün çəkdiyi “Üzeyir ömrü”, Mirzə Cəlilə həsr olunan “Dindirir əsr bizi” adı ilə ekranlaşan “Qəm pəncərəsi”, Gülbəniz Əzimzadə ilə şərikli çəkdiyi “Dantenin yubileyi”, Ramiz Həsənoğlu ilə birgə çəkilmiş “Ötən ilin son gecəsi”, “Evləri köndələn yar”, ssenariləri əsasında çəkilmiş “Cavid ömrü”, M.F.Axundova həsr etdiyi “Sübhün səfiri” və s. filmləri ona şöhrət gətirmişdir.

Ümumiyyətlə, Anarın ssenarisi əsasında 12 bədii, 16 sənədli televiziya filmi çəkilmiş və ona uğur qazandırmışdır. Bu, bir yandan onun istedadının göstəricisi, digər tərəfdən Moskvada ali ssenari (1962-1964) və rejissorluq (1970-1972) kurslarını uğurla bitirməsi, rejissorluq işini dərindən bilməsi ilə bağlıdır.

İllərdən bəri hər yeni il axşamı göstərilən “Ötən ilin son gecəsi” televiziya filminə baxanda düşüncələrə qərq oluram. Həyatın yazılmamış və dəyişməz qanunlarından bəhs edən bu əsəri Anar 22 yaşında olanda yazıb.

Aradan onilliklər keçib. İndi sağlığında klassikləşən, ümümxalq məhəbbəti qazanan, ölkəmizin hüdudları xaricində də yaxşı tanınan görkəmli yazıçımız Anarın 80 illik yubileyini elliklə bayram edirik.

“Ədəbiyyat qəzeti” bir sayını yaradıcılığı ilə ürəkəri fəth edən, ədəbiyyatımızda epoxa olan yazıçımıza həsr edib. Qələm sahibləri, alimlər, incəsənət adamları onun yaradıcılığına və şəxsiyyətinə ehtiram və məhəbbətlərini bildiriblər. Xüsusən də Anar müəllim ürəyindən cərrahiyyə əməliyyatı keçirəndə insanlar ona ümumxalq məhəbbəti nümayiş etdirdilər. Haqqında neçə-neçə nigarançılıq və təəssüf dolu məqalələr çap olundu. Xalq şairi Fikrət Qoca, Çingiz Əlioğlu, Barat Vüsal və başqalarının arzu-istək və narahatlığını əks etdirən ithafları çıxdı.

Barat Vüsalın “Anar dastanı”ndan verdiyimiz bu kiçik parçada Anarın obrazı canlandırılıb. Şeirdəki səmimiyyət, məhəbbət, təbiilik və hikmət Anar ucalığından xəbər verir.

 

Şöhrəti də, şanı da əsl şöhrət, şan edib,

Bu Vətəni bir az da o, Azərbaycan edib.

Bu torpağa, bu yurda tarix ərmağan edib

Anar - Dədə Qorqudu, Dədə Qorqud - Anarı,

Anar sevir bu yurdu, sevir bu yurd Anarı.

 

Özü də yaxşı bilir, onu necə sevirəm,

Yelinə qanadlanıb, uça-uça sevirəm.

Mən uca olanları tutub uca, sevirəm,

Görüm ağız büzənin ağzı büzülə qalsın,

Canımızı üzməsin, canı üzülə qalsın!

 

Bu, mənim Anarımdır, ona toxunmayın siz,

Məntək oxumasanız, onu oxumayın siz,

Yad tərəfə bu qədər belə yıxılmayın siz.

Gəlin bilək vaxtında doğmamızın qədrini,

Nə üçün belə böyük olmamızın qədrini.

 

Yazıçının yubileyi bir neçə Avropa ölkəsində şəxsən özünün iştirakı ilə keçirildi. Haqqında məqalələr yazıldı. Moskvada “Literaturnaya qazeta”da Anarın yubileyinə həsr olunmuş “Dünya miqyaslı ziyalı” adlı məqalə çap olundu. Məqaləni Y.E.Bertels və Azərbaycan Ədəbiyyatı (Bakı, “Elm”, 2007) və “Moskvada Azərbaycan ədəbi mühiti” (rusca). Moskva “Xudojestvennaya literatura” nəşr., 2017) kimi fundamental monoqrafiyaların müəllifi, Moskvada yaşayıb-yaradan ədəbiyyatşünas alim Abuzər Bağırov yazmışdır.

Yazıçının yubileyi ərəfəsində Misirdə ərəbcə 360 səhifədən ibarət “Seçilmiş əsərləri” çap olundu. Qərb ölkələrində, xüsusən də keçmiş sovetlər məkanında və Türk aləmində yaxşı tanınan, əsərləri bir çox əcnəbi dillərə tərcümə edilən müəllifin əsərinin Əlcəzairdə, indi isə ərəb dilində Qahirədə çapı, ədibin üzünə Ərəb dünyasının qapılarını taybatay açdı. Çünki Misirdə çıxan sanballı kitablar bütün ərəb ölkələrinə göndərilir.

Anar bu ahıl çağında da yazıb-yaratmaqdan doymur. Müdrik kəlamları ilə insanları düşünməyə vadar edir. Onun böyük həqiqətlərdən söz açan kəlamı deyilənlərə dayaq olur:

“Xalq üçün iki təhlükə var. Qınına girib, qınından çıxmamaq, qınından çıxıb, qınını bəyənməmək”.

Birincisi, öz mədəniyyətinə, öz dilinə, öz ədəbiyyatına, öz musiqisinə vurğunluq, başqasına laqeydlik göstərmək, hətta sevməmək, başqa xalqlara yuxarıdan aşağı baxmaq.

Mən şəxsən buna yalançı vətənpərvərlik deyərdim.

İkincisi isə daha təhlükəlidir. Öz mədəniyyətinə xor baxmaq, ana dilinə biganəlik, laqeydlik göstərmək, başqa dilləri, başqa mədəniyyətləri, başqa ədəbiyyatları üstün tutmaq. Acınacaqlısı odur ki, bəzi gənc yazarlarda əcnəbi ədəbiyyatlara açıq-aşkar aludəçilik meyli get-gedə güclənir. Kökə bağlılıq olmasa, yaradıcı adam milli dəyərlər üzərində köklənməsə, milli mədəniyyət, milli ədəbiyyat təbii ki, ikinci plana keçir.

Gənc yazarlarımız hətta Füzuli, Vaqif, Sabir, Səməd Vurğun, Rəsul Rza kimi klassiklərimizə qarşı təftişçiliklə məşğul olurlar. Anlamırlar ki, Xalq tarixdə dili, folkloru, musiqisi, qəhrəmanları, illərin, əsirlərin sınağından çıxmış, klassikləşmiş yazıçı və şairləri ilə qalır. Bu dəyərlərə əl qaldırmaq mənəviyyatsızlıqdır.

Bu da Anar müəllimin kəlamıdır:

“İnsan var-dövlətə hərislik göstərəndə laqeydlik, biganəlik baş alıb gedir. Bu vaxt ən böyük  zərbə milli mənəvi dəyərlərə dəyir”.

Anar bütün şüurlu həyatını milli-mənəvi dəyərlərimizin qorunması kimi müqəddəs bir işə həsr edib. O, dünya ədəbiyyatını dərindən bilən, dəyərləndirən, o ədəbiyyatın yaradıcıları ilə bir sırada dayanan, milli-mənəvi dəyərlər üzərində köklənən, kökə bağlı olan böyük yazıçımız, türk dünyasının qüdrətli və qeyrətli oğludur.

İnanılası deyil, lakin həqiqətdir. Anarın nailiyyətlərini, şöhrətini, ictimaiyyət arasındakı nüfuzunu az da olsa həzm edə bilməyən qüvvələr vardır. Başqalarının dəyirmanına su tökən, sapı özümüzdən olan baltaların məqsədi, ümumiyyətlə, yazıçılarımızı, alimlərimizi, tarixi şəxsiyyətlərimizi, ictimai xadimlərimizi, o cümlədən də sevimli yazıçımız Anarı aşağılamaq, haqqında neqativ fikir formalaşdırmaq, sındırmaqdır.

Belələrinə ən münasib cavab Xalq şairi Bəxtiyar Vahabzadənin iki misrasıdır:

 

Nə murada yetdi, nə kama çatdı,

Özgə qapısına kim ki, daş atdı.

 

Bizim gənclik illərində insanlar daha ədalətli və insaflı, daha vəfalı və səmimi, dostluqda sədaqətli, daha etibarlı, daha fədakar, milli-mənəvi dəyərlərə bağlı, özünə və sözünə qarşı daha ciddi idilər. Onlar təmənnasız və iddiasız yaşamağa alışmışdılar. Anar müəllim belə bir mühitdə boya-başa çatdığından bütün sadaladığımız xüsusiyyətləri görüb-götürmüş və gündəlik həyat tərzinə çevirmişdir. Odur ki, ictimaiyyət arasında könlü-gözü tox, alnı açıq, üzü , iddiasız və təmənnasız yaşayan ləyaqətli ziyalı və yazıçı kimi tanınır və sevilir.

 

 

525-ci qəzet.-  2018.- 23 iyun.- S.10-11.