Naxçıvan Araz-Türk Respublikası
və Naxçıvanskilər
1918-ci ildə Naxçıvanda ağır tarixi-siyasi
şərait yaranmışdı. Köməyə gəlmiş
Osmanlı ordu hissələri Naxçıvanı tərk edib
getdikdən sonra Naxçıvan işğalçı, qəddar
erməni daşnakları ilə üz-üzə
qalmışdı.
Belə
bir siyasi durum Naxçıvanın hərbi işə bağlı vətənpərvər
insanlarını bir yerə toplaya bilmişdi. Bu
qürurlu insanlar anlayırdılar ki, güclü dövlət
qurumuna və nizami hərbi döyüş taborlarının
təşkilinə böyük ehtiyac vardır. Ona görə də 1918-ci ilin noyabrında
Naxçıvanda Araz-Türk Cümhuriyyəti
yaradıldı. Onun müdafiə etmək
istədiyi Azərbaycan torpaqları Naxçıvan, Şərur-Dərələyəz
və Ordubad mahalları, həmçinin, Sərdarabad,
Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və digər yerlər
idi. Araz-Türk Respublikasına aid sənədlərin
əksəriyyəti sovet hökuməti tərəfindən məhv
edildiyindən onun haqqında yazılanlar qaneedici deyil.
Naxçıvan Araz-Türk Respublikasının
yaradılması tarixi haqqında bəzi tədqiqatçılar
nədənsə yaranma tarixini, yerini və
yaradıcılarını qarışıq salırlar. Amma
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin
314-cü fondunda qorunan bir arxiv sənədi həqiqəti bir
daha təsdiqləyir. Bu tarixi sənəd
Ordubad milli komitəsinin sədri Mir Hidayət Seyidovun (Seyidzadənin)
22 dekabr 1918-ci ildə Azərbaycan Nazirlər
Şurasının sədrinə göndərdiyi məktubdur.
Xatırladaq ki, Mir Hidayət bəy Seyidov 1918-ci il mayın 28-də Tiflisdə Milli İstiqlal bəyannaməsini,
imzalayan vətənpərvər şəxsiyyətlərdən
biridir. Və həm də İrəvanın ermənilərə
verilməsinə etiraz eyləyən üç nəfərdən
biridir.
O
yazır: “Türklərin Qafqazdan gedişindən sonra bizim vəziyyətimiz
əvvəlkindən də pis oldu. Tiflis və Gəncəyə
gedən yollar bağlandı, şəhərin ərzaqla təmin
olunması dayandırıldı. Məhz
buna görə də 500 nəfərdən ibarət dəstəmizi
ləğv etdik, yalnız bir rotanı saxladıq. Çatışmazlıq bizim təşkilatımızı
əsaslı şəkildə zəiflətdi, biz kimə tabe
olduğumuzu, kimdən göstəriş
aldığımızı bilmədik. Naxçıvan
qəzasında və Şərurda müsəlmanlar da belə
vəziyyətə düşdülər, məhz buna görə
də biz bir müsəlman hökuməti, Araz hökumətini
yaratmağı qərara aldıq. Əslində,
bu hökumət Naxçıvan və Şərur müsəlmanları
tərəfindən yaradılmışdır və bizə də
Gəncədən xəbərin gəlməsini, həmçinin,
Araz hökumətinin də eyni istiqamətdə hərəkət
etməsini nəzərə alaraq öz
razılığımızı bildirdik. Araz
hökuməti yenicə yaranıb. Onun
hansı formaya düşəcəyi məlum deyil. Son vaxtlar ermənilər yenə də Zəngəzur
qəzasına, bizə, yəni Şərura və İrəvan
qəzası müsəlmanlarına qarşı düşmənçiliyə
başlayıblar. Onlar bizim kəndlərimizə
qaçmaqla xilas olublar. Zəngəzur qəzasında
20-yə qədər kəndin əhalisi öz doğma yerlərini
tərk edib, İrana, Qarabağa və bizə
(Naxçıvana) qaçmaqla xilas olublar. Ermənilər çalışırlar ki, Ararat
dövləti Türkiyə sərhədlərindən
başlayaraq Şuşaya qədər gedib çatsın, həmin
yerlərdə isə bir nəfər də olsa müsəlman
türkü yaşamasın.
Andronikin dəstəsi Zəngəzur tərəfdən
hücuma hazırlaşır. Belə bir ağır
gündə bizim fəaliyyətimiz barədə
düşünməyinizi, bizim üçün hərəkət
planı tərtib etməyinizi xahiş edirik. Xahiş edirik ki, kiminlə vuruşduğumuz bizə
izah edilsin (rəsmi düşmənlə yaxud quldur dəstəsi
ilə)”.
Bu sənəddən də aydın olur ki, Araz-Türk
Respublikası Naxçıvanda naxçıvanlılar və
şərurlular tərəfindən
yaradılmışdır. Qeyd edək ki,
1918-1920-ci illərdə istər Naxçıvan Müsəlman
Milli Şurasında, sonralar Müdafiə Komitəsində və
Araz-Türk Respublikasında rəhbərliyi Cəfərqulu
xan Naxçıvanski etmişdir. Hətta Milli Şuraya
və Araz-Türk Respublikasına təsadüfi adamlar az müddətə rəhbərlik etsələr
də, Naxçıvana rəhbərlik Cəfərqulu
xanın ixtiyarında olmuşdur. O, özü bu haqda 1920-ci
ildə Revkomda söyləmişdir. Bu haqda bir az
sonra.
Yəni respublikanın yaranması haqqında bir neçə
monoqrafiyalarda və “Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyası”nda yazılmışdır. Yazılanlara əsasən
demək olar ki, Araz-Türk Respublikasının
yaradılmasının əsas səbəbi erməni daşnaklarının
Naxçıvana dair əsassız ərazi iddialarının
qarşısını almaq olmuşdur. Yeri
gəlmişkən, Araz-Türk Cümhuriyyətinin
yarandığı gündən axıradək əsas məqsədlərindən
biri də Qafqazda baş verən siyasi proseslər və hadisələrlə
əlaqədar Azərbaycandan müvəqqəti olaraq ayrı
düşən Naxçıvanın Azərbaycana birləşməsinə
nail olmaqdan ibarət olub.
Naxçıvan diyarını işğalçı
daşnaklardan müdafiə etmək üçün tez bir
zamanda silahlı qüvvələr-könüllü xalq dəstələri-taborlar
yaradılmağa başlandı. Sənədlərdə
olan məlumatlara görə, xalq dəstələrinin
sayı 20-yə çatırdı. Həmin
taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə,
qalanları Ordubad, Mehri, Vedibasar və digər ərazilərdə
yerləşdirilmişdi. Taborların
yaradılmasında Osmanlı dövlətinin 9-cu ordu
komandanı Yaqub Şevgi paşanın və 9-cu diviziya
komandiri, polkovnik Rüştü bəyin böyük xidmətləri
olmuşdur. Müəyyən səbəblər
üzündən Araz-Türk Cümhuriyyəti mart ayında
süquta uğradı. Amma buna baxmayaraq,
çox azacıq bir müddətdə fəaliyyət
göstərən bu dövlət qurumu Naxçıvanın
erməni daşnaklarının əlinə keçməsinə
imkan vermədi. Elə döyüşlər
apardı ki, bu gün onları təsvir edəndə həmyerlilərimizin
hünərinə, şücaətinə heyran qalmaya bilmirsən.
Çox təəssüf ki, bəzi nəşrlərdə
Naxçıvanskilərin tarixi xidməti, qəhrəmanlığı
az qala danılır. Məsələn,
Bakıda nəşr edilən ensiklopediyaların birində
yazılıb: “...Kalbalı xan 400 nəfərədək olan
Naxçıvan dəstəsini toplayıb Şərur əhalisinin
köməyinə getmiş, erməniləri darmadağın
etdikdən sonra bölgədə Cəfərqulu xan,
Kalbalı xan və Kərim xan İrəvanskidən ibarət
diktatura hökuməti yaranmışdı”. Doğrudanmı
belə olub?! Sənədlər əsasında
Naxçıvanskilərin Araz-Türk Respublikasında və
eləcə də sonrakı dövrdə hərbi fəaliyyətlərini
birlikdə izləyək.
1918-1920-ci
illərə aid sənədləri araşdırarkən
aşkar oldu ki, Cəfərqulu xan, Rəhim xan, Sərvər
xan, Məmmədəli xan, III Kalbalı xan, İskəndər
xan, Kamran xan, Əkbər xan, Bəhram xan, Fətəli xan,
Murad xan, Yunis xan və Əziz xan Naxçıvanskilər
Naxçıvanın müdafiəsində böyük
şücaətlər göstərmişlər. Lakin sovet hakimiyyəti illərində
yazılmış elmi monoqrafiyaların əksəriyyətində
Naxçıvanskilər həmişə mənfi xarakterli
insanlar kimi xarakterizə edilirdi. Ancaq Azərbaycan
yenidən müstəqillik qazandıqdan sonra gizli arxiv
fondlarında saxlanılan sənədlər əsl həqiqəti
üzə çıxardı. Hətta həmin
illərdə məcburən tariximizi təhrif edənlər
1990-cı ildən sonra səhvlərini etiraf etdilər.
1918-1920-ci illərdə Cəfərqulu xan və Rəhim
xan qardaşları öz hərbçi oğullarını ətraflarına
yığaraq Naxçıvanın müdafiəsi
üçün əllərindən gələni əsirgəmirdilər. Cəfərqulu
xanın Naxçıvanın müdafiəsində etdiyi
işlər danılmazdır. Hərdən
belə fikirlər söyləyirlər ki, o,
Naxçıvanı başqa dövlətə birləşdirmək
istəyirmiş. Bütün bunlar
yanlış və əsassızdır. Çünki
onun arxivlərdə ADR hökumətinə və hökumətin
başqa ölkələrdəki nümayəndələrinə
yazdığı məktublar tamam ayrı mətləbləri,
həqiqəti üzə çıxarır.
Məsələn,
Naxçıvan, Şərur və Ordubaddan İstanbula-hərbi
zabit məktəblərinə oxumağa göndərilmiş
tələbələrin xeyli hissəsi Tiflisdə erməni
hücumuna məruz qaldıqları üçün onun
1919-cu il martın 14-də Gürcüstan hökuməti
yanında Azərbaycan nümayəndəsi Məmməd Yusif
Cəfərova yazdığı xahiş məktubu bir daha
sübut edir ki, Cəfərqulu xan Naxçıvanı və
onun sakinlərini nə qədər ürəkdən
sevirmiş: “Bizim diyarın rəsmi olaraq Azərbaycan
Respublikasına birləşməsi mənə haqq verir ki,
respublikamızın nümayəndəsi kimi sizdən
xahiş edim...”
İrəvandan Naxçıvana gələn
qaçqınların əzab-əziyyətlərinə
dözə bilməyən Cəfərqulu xan və
qardaşı Rəhim xan onlara hər cür köməklik
göstərir, yardım edirdilər. Cəfərqulu xan
M.Y.Cəfərova şikayət edirdi. “Sayı
artıq 100 minə çatan bədbəxt
qaçqınların vəziyyətinin insanı sarsıdan və
ürək parçalayan səhnəsi və şəkli
heç bir təsvirə gəlmir. Əgər Azərbaycan
hökumətinə də olmasa, biz kimə müraciət etməliyik...
Çox
hörmətli Məmməd Yusif, sizi əmin edirəm ki, əgər
yaxın vaxtlarda sizin köməyiniz gəlməsə və
Azərbaycan hökuməti bizim diyara xüsusi diqqət yetirməsə,
yaxın gələcəkdə burada bir müsəlman
qalmayacaqdır. Bizim vəziyyətimizi başa
düşməkdən imtina etməyəcəyinizi bilirəm
və xahiş edirəm hökumətimizə xəbər
verin ki, diyarımız üçün mənəvi və
maddi yardım göstərmək zəruridir”. Cəfərqulu xanın bir neçə sayda belə
məktubları onun əsl məqsəd və qayəsini
açır. Bizcə, artıq izahata
ehtiyac yoxdur. 1918-1920-ci illərdə
adı çox hallandırılanlar-dan biridə Cəfərqulu
xanın oğlu, cəsur döyüşçü,
general-mayor II Kalbalı xandır.
Tarixçi
alim Əli Əliyev xatirələrində yazır:
“Fevralın (1919) əvvəllərində Naxçıvandan
Kalbalı xanın (Cəmşid Naxçıvanskinin
böyük qardaşı, müdafiə komitəsinin sədri)
qoşunu köməyə gəlir. Xan qabaqda,
atlılar, piyadalar, topçular arxasınca Vəlidağa-Doluxanyanla
döyüşə gedir. Onun cəngavər
əsgərlərinə baxanda adamın ürəyi
qürurla dolurdu. Nə qədər möhkəm və
intizamlı idilər! Biz də xanın qüdrətli
addımlarla, marşla yeriyən qoşununun arxasınca kəndə
qayıtdıq. Bir neçə gündən
sonra kəndə şad xəbər gəldi. Kalbalı xanın qoşunları Vəlidağda
daşnak qoşunlarını möhkəmcə əzişdirib,
Sədərəkdən uzaqlaşdırıblar. Həm də xeyli silah əldə ediblər. Bundan sonra sərhəd kəndlərinə
çoxlu müdafiəçilər gəldi”. (Bax: Ə.Əliyev “Biz əzablı ömür
yaşadıq”, 1994, səh.8).
(Ardı var)
Musa Rəhimoğlu (QULİYEV)
AMEA Naxçıvan bölməsi,
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi
işçisi, tarix üzrə fəlsəfi doktoru
525-ci qəzet 2018.- 23 iyun.- S.23.