Naxçıvan
Araz-Türk Respublikası və
Naxçıvanskilər
(Əvvəli ötən
sayımızda)
Araz-Türk Respublikasının fəaliyyəti
dövründə, həmçinin, 1918-1920-ci illərdə
general-mayor III Kalbalı xan Naxçıvanskinin
döyüş hünərlərindən bəhs edən sənədlər
çoxdur.
Bunların əksəriyyəti A.Hacıyevin
monoqrafiyasında da öz əksini tapıb. ADR-in İrəvandakı
nümayəndəsi Məhəmməd xan Təkinski 30 may
1919-cu il teleqramında yazırdı: "Kalbalı xan
Naxçıvanski Xatisarovun dəvətinə "Mən Ermənistanı
tanımıram!", - deyərək getmədi".
Naxçıvandakı müsavatçı general
qubernator S.Cəmillinski isə mərkəzə-Bakıya xəbər
verirdi: Kalbalı xan zalım, kəmağıl, yarıdəlidir
və sair. S.Cəmillinski Naxçıvanskilərin cəsur hərbiçilər
olmasına qısqanc yanaşırdı. Özü
hüquqşünas idi.
1919-cu ilin avqustunda ermənilərin
azğınlığını görən Kalbalı xan
ingilislərə məhəl qoymayaraq döyüşə
başlamaq əmri verir. Sənədlərdə yazılır
ki, iki gün müddətində Naxçıvanda
döyüşlər getdi. Üçüncü gün erməni
kazarmaları hücumla alındı. Ermənilər bir
neçə min adam, iki top, səkkiz pulemyot və bir zirehli
qatar itirdilər. Naxçıvan xalq qoşununun qələbəsi
haqqında Müsavat partiyasının informasiya bürosu
1919-cu il avqustun 30-da xəbər verirdi ki, Naxçıvan
şəhəri erməni işğalçılarından təmizləndi.
Ermənilər 800 əsgər və 8 zabiti əsir verdilər.
Bütün bu qələbələrin başında III
Kalbalı xan Naxçıvanski dururdu. Doğma anası bildiyi
Naxçıvanın müs-təqilliyi uğrunda
döyüşürdü. Erməni daşnaklarına baş
əymirdi, sınmırdı.
Amma çox təəssüf ki, taleyin qəribə
istəkləri də olur. Qeyd edək ki, Naxçıvan
İnqilab Komitəsinin (Revkomun) 29 avqust 1920-ci il tarixli növbədənkənar
iclasında Cəfərqulu xan Naxçıvanski, Rəhim xan
Naxçıvanski qardaşlarının, o cümlədən,
onların yaxın qohumları Kiyev Universitetinin hüquq
fakültəsini bitirən məşhur vəkil İbrahim bəy
Kəngərlinin Naxçıvandan sürgün edilmələri
haqda sənəd Naxçıvan MR Dövlət Arxivində
saxlanılır. O sənədlər bir çox qaranlıq məsələlərə
aydınlıq gətirir.
Məsələn, Naxçıvanda xeyriyyəçiliyi
ilə məşhur olan Rəhim xan Naxçıvanski
İnqilab Komitəsinə yazır: "42 ildir ki,
Naxçıvanda yaşayıram. Təsdiq edərlər ki,
bu müddətdə milliyyətlərindən asılı
olmayaraq evimdə qonaqlar qəbul edib onların xidmətində
dayanmışam. Son 3 ildə 400 rus dəmiryolçusuna,
qaçqınlara hamilik etmişəm. Faktiki müflisləşmişəm.
Xahiş edirəm Bakıya aparacağım yükün bir
neçə pud artırılmasına köməklik edəsiniz".
Ancaq onun xahişi qəbul olunmur.
Cəfərqulu xan isə Revkom millətçilikdə
və daşnaklara qarşı vuruşmaqda ittiham edirdi.
Çox qəribə deyilmi?!
Cəfərqulu xan isə ona qarşı sürülən
ittihamları qətiyyətlə rədd edir və deyir:
"Milli Şuranın sədri kimi biz bolşeviklərin
Naxçıvana gəlişinə
çalışmışıq. Mən və oğlum
Kalbalı xan erməni silahlılarına qarşı
mübarizəyə rəhbərlik etdiyimizdən, biz digər
işlərlə məşğul ola bilməzdik".
Cəfərqulu xanın İnqilab Komitəsinə
1920-ci il avqustun 28-də yazdığı məktub indiyədək
bir sıra tədqiqatçıların üstündən
sükutla keçdikləri məsələni aşkara
çıxarır. O yazır: "Məni bolşevizm əleyhinə
və Denikinə işləməkdə günahlandıraraq
Naxçıvan İnqilab Komitəsi Bakıya sürgün edərək
Mərkəzi İcraiyyə Komitəsinin sərəncamına
məhkum edib. İttihamları qətiyyətlə rədd
edirəm. Naxçıvan Milli Şurasının sədri
kimi biz bolşeviklərin Naxçıvana gəlişinə
çalışmışıq. Zəngəzurda
Qırmızı Ordunu qarşılamaq üçün
nümayəndə heyətini mən göndərmişəm.
Xahiş edirəm bunları nəzərə alıb
ittihamları üzərimdən götürəsiniz".
Bax, burada bolşevik ordusunu qarşılamaq
üçün Zəngəzurun Əngələvit kəndində
gedən nümayəndələrdən söhbət gedir.
İndiyədək tədqiqatçılar onların Cəfərqulu
xan tərəfindən göndərilməsini yazmırlar.
Bütün bu faktlar təsdiqləyir ki,
Naxçıvana 1918-1920-ci illərdə rəhbərliyi Cəfərqulu
xan etmişdir.
Çox təəssüf ki, bu igid, yaşlı hərbiçilərin
xahişləri nəzərə alınmamış və
onları Bakı adı ilə Şuşaya aparıb həbsxanada
saxlamışlar və Qarabağ atçılıq zavodunda
işlətmişlər. Yalnız 1922-ci ildə onlar hansı
möcüzə ilə həbsdən çıxmış və
Bakıya getmişlər. Bəlkə də Cəfərqulu
xanın oğlu Cəmşid Naxçıvanski kömək
edib. Biz, yazıçı Əli Səbri Qasımovun
yazdığı xatirələrdən öyrənirik ki,
onları Bakıda görmüş, aparıb evində qonaq
etmiş və hökumətin razılığını
alıb İrana-Ənzəliyə yola salıb.
Gürcüstanın Milli Nazirliyinin arxivindəki sənəddən
də aydın olur ki, müsavatçı Cəfərqulu xan
Naxçıvanski İranda axtarılır.
Sənəd 1930-cu ildə yazılıb.
Gördüyümüz kimi, 1918-1920-ci illərdə
Naxçıvanı müdafiə edənlər, onun
azadlığı uğrunda döyüşənləri
amansızcasına təqib etmiş, sürgünə göndərmiş,
yaxud da əlüstü güllələmişlər.
S.Cəmillinskinin şikayətləndiyi hərbiçilərdən
biri də Sələsüz taborunun komandiri Fətəli xan
Naxçıvanski idi. O yazırdı: "Bu cənablar
Kalbalı xana sədaqətlərini açıq-aydın
göstərirlər, mənim başımın üstündən
ona xidməti məruzələr edir, ondan əmr və
göstərişlər alırlar..." Səməd bəy
Cəmillinski unudurdu ki, bunlar yaxın qohum olmaqlarından əvvəl
çox bacarıqlı hərbiçilər idi və
hamısı da birinci Dünya müharibəsinin od-alovu
içindən çıxmışdılar. Məqsədləri
Naxçıvanı qorumaq idi.
Yeri gəlmişkən, Fətəli xan Bəhman xan
oğlu Naxçıvanski 1887-ci ildə doğulub. O da hərbi
təhsil almışdı. 1919-cu ildə ermənilərə
qarşı rəşadətlə vuruşub. 29 mart 1919-cu ildə
Azərbaycan Hərbi Nazirliyinin əmri ilə ona praporşik
rütbəsi verilmişdi.
Naxçıvanın müdafiəsində Bəhram
xanın və onun İrəvan gimnaziyasını
qızıl medalla bitirən oğlu Əziz xanın da
böyük xidmətləri olmuşdur. Əziz xanın
fotoşəklini xalası oğlu, həmçinin, ata tərəfdən
çoxşaxəli qohumluqları olan, əmioğlu dediyi Cəmşid
Naxçıvanskinin albomunda tapdıq.
Araz-Türk Respublikasında fəallıq göstərən,
döyüşlərdə qorxmayan, düşmənlə
üz-üzə vuruşan Kamran xan Naxçıvanski
zarafatcıl və şən adam idi. Əziz Şərif
yazır ki, o, tez-tez Tiflisdə "Molla Nəsrəddin"
jurnalının redaksiyasına gəlirdi... Kamran xanı erməni
daşnakları öldürüblər.
Araz-Türk Respublikasının tarixindən səhifələrin
çox az bir qismini sizinlə birlikdə vərəqlədik
və gördük ki, bu illərdə də Naxçıvans
kilər ulu əcdadları kimi Naxçıvanın
düşmən əlinə keçməməsi
üçün canlarını və var-dövlətlərini
əsirgəməyiblər. Onlar vətənə olan sevgilərini
hay-küylə yox, döyüş hünərləri ilə
bildiriblər.
Burada bir haşiyəyə çıxmaq məcburiyyətindəyik.
Bəzən deyirlər ki, Naxçıvan Araz-Türk
Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti
arasında əlaqə olmayıb və s. Biz bu məsələ
ilə də bağlı xeyli axtarışlar apardıq və
gördük ki, əksinə, imkan daxilində
Naxçıvanla əlaqə yaradılıb. Buna ən
yaxşı nümunələrdən biri Azərbaycan Xalq
Cümhuriyyətinin Hərbi naziri, Artilleriya generalı Səməd bəy Mehmandarovun 29
mart 1919-cu ildə imzaladığı 155 N-li əmrdir.
Bu əmr mərhum tarixçi Əli Əliyevin şəxs
arxivindəndir. Həmin əmrdə Şərur və
Naxçıvan qəzalarını erməni
daşnaklarından azad edən döyüşçülər
hərbi rütbə ilə təltif edilmişlər.
Piyada ordunun praporşik hərbi rütbəsi alanlar:
Heydər ağa Bənəniyarski, Fətəli xan
Naxçıvanski, Məsuməli Bənəniyarski, Qəhrəman
bəy Kəngərli, Ələkbər Namazov, Həsən
Musayev, Cabbar bəy Kələntərov, Adil bəy Qənbərli,
Davud xan Naxçıvanski, Hüseyn xan İrəvanski,
Allahyar xan İrəvanski.
Milis praporşiki rütbəsi alanlar: Hacı Xəlil
İmanov, Vəli ağa Allahverdiyev, Kərbəlayı Muxtar
Hacıyev, Əmirəli Bənəniyarski, Kərbəlayı
Kərim Rzayev, Mirzə Zeynəddinski, Məmmədrza bəy
Allahverdiyev, Məşədi Ələkbər bəy Camalbəyov,
Əli bəy Əzimbəyov, Süleyman ağa Kəngərli,
Əli Ağayev, Cəfər bəy Rzayev, Saleh Ələkbərov,
Məmmədrəhim Hüseynov, Muxtar Nəsirov.
Naxçıvanı yağılardan, ən vəhşi
quldur daşnaklardan qoruyan belə yüzlərlə igid
naxçıvanlı döyüşçülər məhv
edildilər, sürgünlərdə yaşamalı oldular.
Sovet hökuməti isə onları unutdurmaq üçün
hansı üsullara əl atmadılar. Ancaq xalqımız igid
döyüşçüləri unutmadı.
Azərbaycan müstəqilliyini bərpa etdikdən
sonra, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan
Muxtar Respublikasının da yaşanan tarixi çox incəliklə
və həssaslıqla öyrənilməyə
başlandı. Naxçıvan tarixinin hər bir qəhrəmanlıq
səhifəsinə çox diqqətli olan Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu qəhrəman
döyüşçülərə yüksək qiymət
verərək demişdir: "İstər XIX əsrdə, istərsə
də XX əsrin əvvəllərində Naxçıvana
ermənilərin yerləşdirilməsi prosesi davam etdirilsə
də, ermənilər tərəfindən Naxçıvanda
qırğınlar törədilsə də, Naxçıvan
əhalisi heç vaxt azadlıq əzmini itirməmiş, həmişə
öz sözünü deməyi bacarmış, düşmənin
layiqli cavabını vermiş, hətta
naxçıvanlıların qəhrəmanlığı ermənilərin
tarixi sənədlərində də öz əksini
tapmışdır".
İnanırıq ki, hər dəfə Araz-Türk
Respublikasının tarixini, ümumilikdə 1918-1920-ci illərdəki
hərbi-siyasi hadisələri araşdırarkən
Naxçıvanskilərin yeni-yeni hünərlərinin
şahidi olacağıq.
Musa Rəhimoğlu (QULİYEV)
AMEA Naxçıvan bölməsi, Tarix,
Etnoqrafiya və
Arxeologiya İnstitutunun aparıcı
elmi işçisi,
tarix üzrə fəlsəfi doktoru
525-ci qəzet.- 2018.- 26 iyun.- S.6.