İtki
hekayə
Qadın əlindəki torbaları
bir-bir yerə qoydu. Yayın istisi bir yandan, ağır
iş günü bir yandan onu
lap yormuşdu.
Bütün günü işdə
iki mərtəbə arasında qaçırdı,
sənədləri aparıb-gətirmək,
onlarla bağlı icraatların vəziyyəti
ilə maraqlanmaq, vaxtaşırı hesabatları
hazırlamaq heç də az
iş deyildi. İşdən sonra yüngülvari axşam bazarlığını eləyib
evə tələsərdi
ki, onun yolunu səbirsizliklə gözləyən ev əhlinin axşam yeməyinə kimi bir şey
hazırlaya bilsin. Biş-düş, ev təmizliyi gecə hamı yatandan sonraya qədər çəkərdi.
Özünə vaxt ayırmağa macal tapmazdı, nə saçlarına sığal çəkər,
nə dırmaqlarını
boyayardı. İş yerində gündə
əyin-başına bir
yeni rəng qatan, saçını ayda ən azı
bir-iki dəfə rənglədən həmkarlarını
başa düşmək
onun üçün çox çətin idi. Fikirləşirdi
ki, görən, bu tovuzquşuna bənzəyən, yeni il yolkası
kimi işım-işım
işıldayan qadınların
bu dünyadan istədikləri nədir axı? Bəzi qadınların şaqqıldayan
gülüşü isə
ona dünyadakı ən qəribə hadisə kimi görünərdi. Heç cür
anlaya bilmirdi ki, insan hansı
hissləri keçirməlidir
ki, elə gülə bilsin. Özünün belə güldüyünü
xatırlaya bilmirdi.
Heç gülürdü
ki....
Torbaları yerə qoyub, ondan əvvəl dayanmış iki nəfərin işlərini
bitirib getməsini səbirlə gözlədi. Növbəsi çatanda kartını bankomata daxil elədi. Amma gözlədiyinin əksinə olaraq hesabında pul yox idi. Yox, dəqiq bilirdi ki, maaşı hesabına köçürülüb.
Hələ üstəlik bu
ay üçün nəzərdə
tutulmuş mükafatı
da. Bəs onda pul hara olub? Bankomatdan uzaqlaşmağa ayağı
getmədi. Tələsik
mühasibatlıqdakı iş
yoldaşlarından birinin
nömrəsini yığıb
dəqiqləşdirdi, maaş həqiqətən
onun hesabına vurulmuşdu. Sanki bir anda əllərindəki
bazarlıq torbalarının
ağırlığını yaddan çıxardı, ayaqlarını sürüyə-sürüyə,
könülsüz şəkildə
dayanacağa doğru addımlamağa başladı.
İndi onun yükü daha ağır idi. Maaşı bu ayın axırına birtəhər
çatsa da, hələ çox işlərin həllini yeni maaşa qədər təxirə salmışdı. İndi neyləməli?
Hardasa bir il əvvəl yaşadığı
buna bənzər daha bir günü
yadına saldı. Onda heç olmasa maaşının bir hissəsini
ala bilmişdi. Gecəni
birtəhər keçirib
səhər banka
getdi. Məlum oldu ki, maaşının
az qala
yarısı ərinin
kredit borcu üçün bank tərəfindən
tutulub. Səkkiz ay valideyinlərinin köməyi ilə evi birtəhər dolandırdı. Ancaq həmin
borc üç ay idi ki, tamamlanmışdı.
Fikrində çək-çevir eləməyə başladı,
bu pulu ala bilməsə, işləri
necə yoluna qoyacaq? Evi, uşaqların problemlərini
düşündü. Özünü zorla inandırmağa
çalışırdı ki, bu dəfə
onu zərbə altında qoya biməz. Çünki bu qəpik-quruşdan
təkcə özünün
yox, balalarının da aqibəti asılı idi. Amma dumanlı da olsa, yenə də zərbənin hardan gəldiyini yaxşı bilirdi.
Çiyninə birdən-birə, gözlənilmədən
qoyulan yük əlindəki torbaların
ağırlığını azaltmışdı. Yolu necə gəldiyini,
həyət qapısından
necə içəri
keçdiyini heç
hiss eləmədi. Pilləkanın başında oturan balaca qızının onu görüb cəld ayağa qalxması qadını elə bil fikir
dumanından çəkib
çıxardı. Başı
havalı şəkildə
uşaqların suallarına
cavab verdi,
dərslərini xəbər
aldı. Nimdaş ev ayaqqabılarını
geyinə-geyinə atalarını
soruşdu. Məlum oldu ki, nahardan
sonra bütün günü yatıb, uşaqlara tapşırıb
ki, anaları işdən gələnə
yaxın onu oyatsınlar...
Qadın əsəbdən dodaqlarını
çeynəyirdi. Öyrəşmişdi belə sözlərə.
Yazıq
uşaqlar hər gün soruşurdular ki, ataları ilə küçədə
qarşılaşmadı ki?
Axı onu qarşılamaq üçün çıxmışdı.
Bu yalan uzun
müddət idi ki, belə sürürdü.
Qadın işdə olan vaxtlarda əri evdə yatırdı, onun gəlməyinə az qalmış onu "qarşılamağa"
çıxardı. Bir də
uşaqlar yatandan sonra, gecədən xeyli keçmiş evə qayıdardı.
Əvvəllər qadın
ev işlərini
bitirsə də, onun gəlməyini gözləyərdi, yatmazdı.
Amma bu, çox əvvəllər olmuşdu.
Bu gecə də
yatmadı. Nəhayət, əri oğru
pişik kimi səssizcə qapıdan girib mətbəxdə yeməkdən ona saxlanılan payını axtarmağa keçdi.
Şkafın üst gözünün cırıldayan
qapısının açılmasından
hiss elədi ki, "rumka" axtarır. Dilini dişləri arasında sıxıb səssizcə
yemək dəstgahının
bitməsini gözlədi.
Bir müddət sonra qarnını qaşıya-qaşıya,
əsnəyə-əsnəyə gəldi. Tanımayan deyərdi, yəqin
bir maşın daşı təkbaşına
əllə boşaldıb
ki, bu qədər
ah-uf eləyir. Gecənin səssizliyində
qadının səsi
eşidildi:
- Bu gün maaş
olmalıydı. Bankomatdan götürmək
istədim, amma balans sıfır gəldi. İşdən maraqlandım, onlar
diyir, biz vurmuşuq.
Amma hesabda pul yoxdu.
Səhərdən fikirləşirəm ki, hara olmuş
olar. İnan ki, beynim ağrıdı fikirləşməkdən.
Başım yox ee, beynim. Sən bilmirsən, hara
olmuş olar?
Qadının sualı havada qaldı. Cavab gəlmədi. Bir az gözlədi, cavabın gəlməyəcəyindən əmin olandan sonra yenə başladı:
- Səhər tezdən banka getmək
lazımdı. Bir maraqlanaq, görək bu pul hara
olub....
Sözü ağzından qurtarmamış
qaranlıqdan kişinin
narazı səsi eşidildi:
- Yaaat, gecdi.
Bundan sonra daha bir kəlmə
də deməyə cəsarəti çatmadı. Səssizcə, guya kiminləsə dərdləşirmiş kimi
içində danışmağa
başladı. Nə qədər
dedisə də, cavab ala bilmədi. Yatağına qor düşmüş
kimi yerində eşələnməyə başladı.
Tərslikdən köhnə çarpayı
cırıldayırdı. Bu dəfə də
fısıltılı səslə
dodağının altında
buna etiraz eləyən tapıldı.
Aydın
məsələ idi, çox o yan, bu yanına çevrilsə, bunun üstündə də əməlli-başlı hay-haray
düşəcəkdi. Öz gününə ağladı,
amma yenə də səssizcə, içində, çoxlarının
bacarmadığı kimi.
Bir tərəfdən də fikirləşdi ki, nə olardı ki, hamı kimi
hönkürüb ağlaya
bilərdi.
Səhər çox yorğun idi. Belə vaxtlarda rəhmətlik
nənəsinin sözləri
yadına düşərdi.
Dərdi,
fikri çox olanda yata bilməməsindən
gileylənən arvad deyərdi ki, bir qatır karvanı duzu səhərə kimi o tərəfə daşımışam,
bu tərəfə daşımışam. İstər-istəməz,
öz-özünə düşündü
ki, görən, mən neçə maşın duz daşımışam?..
Uşaqları məktəbə yola saldı. Mətbəxi, otaqları əlüstü
səliqəyə saldı.
Yataq otağında bilərəkdən bir az səs
saldı. Güzgünün
qabağında saçlarını
səliqəyə salarkən
öz-özünə danışırmış
kimi, asta səslə dedi:
- Vaxtında çıxım,
işdən bir saatlığına icazə
almışam. Gecikərəm. Bankda da həmişə növbə olur. Gedim, bir maraqlanım görək puldan nə xəbər tuta bilirəm.
Qapıdan çıxanacan beləcə
danışdı. Hiss edirdi
ki, oyaqdı, özünü eşitməzliyə
vurur, cavab vermir. Aralarında nə keçməsindən
asılı olmayaraq, bəzi yerlərə tək getmək ürəyincə deyildi.
İstəyirdi heç olmasa,
yanında olsun. Təhsil, iş, heç nə onun içindəki çəkingənliyi aradan
qaldıra bilməmişdi.
Çox
qarışıq və
rəsmi yerlərdə
sözünü deməyə
utanırdı. Amma ərindən
əlini üzüb qapıdan çıxdı.
Evdən dayanacağa qədər yolun yarısını getməmişdi ki, arxadan kiminsə gəldiyini elə bil hiss elədi. Arxaya boylananda
ərini gördü.
Ürəyindən keçdi ki,
yəqin cavab verməsə də, onu tək buraxmaq
istəməyib. Addımlarını ləngidib onun yaxınlaşmasını gözlədi.
İstidən pörtmüş
əri çatıb dedi:
- Beş manat pul olar səndə?
Pul lazımdı.
Eşitdiyi sözdən bütün bədəni əsdi. İllərdi beləcə, salamsız-kəlamsız, xitabsız istəklərini çox eşitmişdi, amma bu dəfə başqa idi. Bir an belə tərəddüd etmədən pulqabını çıxarıb beşliyi kişiyə uzatdı. Kişi sevincək pulu havada əlindən aldı, iri addımlarla küçənin o tayına keçib, uzaqlaşmağa başladı. Qadın bir-iki dəqiqə onun arxasından baxdı və yoluna davam etdi. Anladı ki, daha ərinə nifrət eləmir.
Pakizə ZAKİROVA
525-ci qəzet
2018.- 26 iyun.- S.8.