Məmmədov Rahib Ramazan oğlu 1987-ci ildə Bakı şəhərində anadan olub.

 

1993-2004-cü illərdə Bakı şəhəri Nəsimi rayonu 159 saylı məktəbdə təhsil alıb. 2004-cü ildə Odlar Yurdu Universitetinə daxil olub və 2008-ci ildə Beynəlxalq Hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə universiteti bitirib. 2008-ci ildə hərbi xidmətə olarkən Silahlı Qüvvələrin Ehtiyat Zabit Hazırlığı kursuna daxil olaraq "Motoatıcı" ixtisası üzrə tamamlayıb.

 

Silahlı Qüvvələrdə hərbi xidmətə Hüquqşünas kimi xidmət edib, hal-hazırda Hüquqşünas vəzifəsində, Ədliyyə kapitanı rütbəsində xidmətini davam etdirir. 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Qızıl Qələm" və "Azərbaycan Bayrağı" mükafatı laureatıdır.

 

"Sevgi dünyam", "Həyat eşqi" adlı şeirlər, "Beynəlxalq təşkilatlar, "Bədii əsərlərin məzmunu" adlı elmi kitabların müəllifidır. Hal-hazırda "Alın yazım" şeirlər kitabı üzərində işləyir.

 

Rahib MƏMMƏDOV

 

Yenilməz komandanım

 

Sən yaşadın xalq üçün, xalq da inandı sənə.

Xalq sənə dəstək oldu, inandı Öndərinə.

Bir ömür həsr elədin bu millətin yolunda,

Bu millətin gücü var biləyində, qolunda.

Sən yenilməz sərkərdəm, yenilməz komandanım,

Sən dahidən dahisən ey müdrüklük dastanım!

Tarixlərdən silinməz adın, sanın, şöhrətin.

Səni uca tutubdur sənin xalqın, dövlətin.

Əbədiyyət qazandın sən xalqın ürəyində,

Sən həmişə yaşadın arzumda, diləyimdə.

Sədaqət andı içib gənclər daim qarşında,

Ulu Öndər adı var xalqın pak yaddaşında.

 

Azərbaycan

 

Mən dözərəm hər həsrətə,

Sənsiz dözməm Azərbaycan!

Səndən bir an ayrı qalsam,

İnan, ölləm, Azərbaycan!

Mən ruhumu səndən aldım,

Torpağından mayalandım,

Saf suyundan durulandım,

Alovunla alovlandım, Azərbaycan!?

Damarımda öz qanın var,

Varlığında varlığım var,

Ürəyimdə döyüntüm var,

Nəfəsimdə nəfəsin var,

Səsimdə sənin səsin var,

Ruhumda sən, canımda sən,

Varlığım da sən yaşadın, Azərbaycan!

Uşaqlığım səndə keçdi,

Qucağında iməklədim.

Cavanlığım səndə keçdi,

Üzərində mən yeridim.

Qocalığım sənlə keçər,

Torpağında yaşlanaram.

Mən səninlə yaşayaram,

Mən səninlə var olaram, Azərbaycan!

Sən mənim öz keçmişimsən, bu günümsən,

Gələcəyim sənlə bağlı, gələcəyə ümidimsən.

Sən özümsən, sən mənimsən,

Sən əbədi saf sevgimsən.

Ürəyimdə yaşayırsan, Azərbaycan!

Yaşa, yaşa, var ol hər an, Azərbaycan!

 

Kursant marşı

 

Kursantın həyatda bir məqsədi var,

Çiynində parlasın bir cüt ulduzlar,

Leytenant olmağı qəlbdən arzular,

Bu şərəfli yolda uğurlar sənə.

 

Bu vətən səngərdə sınasın bizi,

Yağdıraq düşmənə hər mərmimizi.

Qoruyaq yağıdan vətənimizi,

Qanımız halaldır ana vətənə.

 

Qorxmarıq düşməndən, hünərliyik biz,

Koroğlu, Babəkik, biz hər birimiz.

Böyük qələbələrdən gəlsin səsimiz,

Yazaq adımızı biz tarixlərə.

 

Marş irəli, marş irəli, haydı irəli,

Qürurla addımla titrəd göyləri.

Marş irəli, marş irəli, haydı irəli,

Yurdumun gələcək ər zabitləri.

 

Mənimdir

 

Bu vətənin dərəsi də, düzü də,

Dağları da, zirvəsi də mənimdir.

Xəzəri də, Göy gölü də, Kürü də,

Bulağı da, kəhrizi də mənimdir.

 

Naxçıvanım - Nəqşi-cahanım mənim,

Şəki, Bərdə qədim diyarım mənim,

Paytaxt Bakım böyük limanım mənim,

Sahili də, dənizi də mənimdir.

 

Cənnətimdir Ceyrançölüm, Hirkanım,

Göygölümdür ahu gözlü ceyranım,

Böyük, Kiçik Qafqaz uca dağlarım,

Meşəsində ağacların kölgəsi də mənimdir.

 

Habilimin kamanının havası,

Bəxtiyarın şeiri, hər misrası,

Ələsgərin sazı, aşıq havası,

Üzeyirin "Cəngi"si də mənimdir.

 

Rahib vurğunudur Azərbaycanın,

O mənim ruhumdur, varlığım, canım,

Üstündə gəzişən soydaşlarımın,

Torpağında hər izi də mənimdir.

 

 

525-ci qəzet 2018.- 26 iyun.- S.7.