İşğal zülmətindəki
muzeylərimiz və abidələrimiz
AZƏRBAYCANIN
DÖVLƏTÇİLİK TARİXİNİN,
MİLLİ ADƏT-ƏNƏNƏLƏRİNİN, ELM
VƏ MƏDƏNİYYƏTİNİN
TƏBLİĞİ
Dünyanın müxtəlif ölkələrindən
olan mütəxəssislərin, alimlərin əsaslı
araşdırmaları nəticəsində Azərbaycanın
ilk yaşayış məskənlərindən biri olduğu
sübut edilmişdir.
Qədim insan yaşayış məskəni olan Azərbaycan
torpağında əsrlərdən bəri çox zəngin
bir mədəniyyət də yaranaraq formalaşıb. Biz tariximizin
bir sıra açılmayan qatlarına arxeoloji
qazıntılar zamanı üzə çıxarılan maddi
sərvətlər vasitəsilə bələd oluruq. Eləcə də bu qədər böyük tarixə,
qədim keçmişə malik Azərbaycanın keçdiyi
yolları, fərqli dövrlərinə aid məlumatları
dövlətimizin ərazisində fəaliyyətdə olan
müxtəlif təmayüllü muzeylər və abidələr
vasitəsilə öyrənirik. Xalqımız
əcdadlarımızdan bizə miras qalan bu abidələrə
layiqincə sahib çıxır, onun qorunub
saxlanılması və gələcək nəsillərə
ötürülməsi üçün əlindən gələni
edir.
Hazırda
ölkəmizdə 201 muzey fəaliyyət göstərir:
bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si
tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş
şöhrəti, 43-ü ev, 52-si Heydər
Əliyev muzeyləridir.
Həmçinin, Milli Elmlər Akademiyası sistemində,
digər nazirlik və təşkilatların nəzdində
müxtəlif profilli və şəxsi muzeylər də fəaliyyətdədir. Həmin muzeylər
sırasında Azərbaycan Dövlət İncəsənət
Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan
Xalça Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini
göstərmək olar.
Bunlardan əlavə,
ölkəmizin müxtəlif bölgələrində fəaliyyət
göstərən və həmin bölgənin maddi-mənəvi,
mədəni tarixini özündə ehtiva edən muzeylərimiz
də az deyil. Ümumi şəkildə
Tarix və diyarşünaslıq muzeyləri adlanan bu müəssisələr
xalqımızın qədimlərdən üzü bəri
formalaşan tarixi mədəniyyətinin qorunduğu,
mühafizə edildiyi, təbliğ olunduğu məkanlardır.
Ölkəmizdə tarix-diyarşünaslıq muzeylərinin
yaradılması və inkişaf dövrü ötən əsrin
60-70-ci illərinə təsadüf edir. 80-ci illəri
isə tarix-diyarşünaslıq muzeylərinin infrastrukturunun
inkişafında, habelə eksponatların toplanılmasında
zirvə nöqtəsi kimi hesab etmək olar.
Azərbaycanın elə bölgəsi yoxdur ki, orada
tariximizin izlərini yaşadan maddi-mənəvi, tarixi-mədəni
abidələrimizin qorunduğu tarix və diyarşünaslıq
muzeyləri olmasın.
Yolumuzu
gözləyən muzeylər
Sözügedən muzeylərin bir qismi də artıq 27
ildir düşmən tapdağından olan qədim tarixə
malik Qarabağın payına düşür. XX əsrin
sonlarında mənfur qonşularımız olan ermənilərin
törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və
müharibə buradakı maddi mədəniyyət abidələrinin
taleyini təhlükə altına qoydu. Müharibə
ərəfəsində abidələrin qeydinə qalmağa
imkan belə olmadı. İnsanlarla bərabər
onun tarixi mədəniyyət və memarlıq abidələri
də terror qurbanına çevrildi. Maddi-mənəvi
xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz,
muzeylərimiz işğalçı erməni quldurları tərəfindən
zəbt edilərək ya qarətə, ya da
dağıntıya məruz qaldı. Yeraltı,
yerüstü sərvətlərimiz, var-dövlətimiz,
tarixin daş yaddaşı sayılan abidələrimiz, muzeylərimiz,
mədəniyyət ocaqlarımız, Azərbaycan
qadınının duyğu və düşüncələrinin,
göz nurunun əksi olan qədim xalça məmulatları,
Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə
bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq
əsərləri, Azərbaycanın görkəmli şəxsiyyətlərinin
xatirə əşyaları digər eksponatlar
talançıların əlinə keçərək mənimsənildi.
İşğal olunmuş ərazilərdə
762 mədəniyyət abidəsi və 1431 mədəniyyət
müəssisəsi qalıb. Erməni
faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını yoxa
çıxarıblar.
1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində
100 mindən artıq əşyanın toplandığı 22
muzey işğal olunmuş ərazidə qalıb. Təkcə
tamamilə məhv edildiyi bildirilən Kəlbəcər
Tarix-Diyarşünaslıq Muzeyində 30 mindən artıq
tarixi əhəmiyyətli əşya olub. Zəngilan,
Qubadlı, Cəbrayıl rayon Tarix-Diyarşünaslıq
Muzeylərində də minlərlə abidə talan edilib.
Bu muzeylərdə qorunub saxlanılan eksponatlar ermənilər
tərəfindən ərazidən çıxarılıb. Bir qism muzey əşyalarımız
3-cü ölkələrə də aparılıb. Hətta 2011-ci ildə Londonda Laçın Diyarşünaslıq
Muzeyindən götürülmüş gümüş
işləmədə bir qadın əl çantasının
16.000 ABŞ dollarına satıldığı da bilinir.
Canlı
muzey hesab olunan Şuşa şəhərində
8 muzey fəaliyyət göstərirdi. Şuşanın
işğalı zamanı yalnız Xalça və Tətbiqi
Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir
Hacıbəyovun Şuşadakı Ev Muzeyinin eksponatları və
Rəsm Qalereyasının eksponatları
çıxarılıb. Amma həmin muzeylərin
fondu tam xilas edilməyib. 200-dən
artıq xalça və xalça məmulatı xilas edilərək
Bakıya gətirilib. Hazırda həmin
xalçalar Azərbaycan Xalq Tətbiqi Sənəti Xalça
Muzeyində saxlanılır və sərgidə nümayiş
etdirilir. Şuşa şəhərində Şuşa və Xankəndi
diyarşünaslıq muzeyləri tamamilə
dağıdılıb.
Dövlət
Qarabağ Tarixi Muzeyi, Natəvanın, Bülbülün,
Əbdürrəhimbəy Haqverdiyevin, Mir Mövsün Nəvvabın
və başqalarının ev muzeyləri, Qurban Primovun
Ağdamdakı xatirə muzeyi, Ağdam, Füzuli,
Xocalının tarix-diyarşünaslıq muzeyləri tamamilə
qarət edilib. Eyni zamanda Ağdamdakı unikal
Çörək muzeyi də digər muzeylərin aqibətini
yaşayıb. O dövrdə dünyada analoqu olmayan bu
muzey şəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan
olub.
4,6 milyon
kitab və əlyazmaları saxlanılan 927 kitabxana, 808 klub, 85
musiqi və incəsənət məktəbi, 10 istirahət və
mədəniyyət parkı, 20 konsert təşkilatı,
bundan əlavə əhalinin şəxsi evlərində
saxlanılan 100 minlərlə dekorativ-tətbiqi sənət
nümunələri - xalçalar, tikmənaxışlı qədimi
geyimlər, zərgərlik və misgərlik əşyaları
və s. yandırılıb, talan-qarət edilib, Ermənistana
daşınaraq saxtakarlıqla özününküləşdirilib.
Qarabağ
tarixi... Erməni terroru...
Təəssüflər olsun ki, təkcə muzeylərimiz
deyil, tarix və mədəniyyət abidələrimiz də
erməni vandalizminə məruz qalıb. Təkcə işğal
olunan ərazilərimizdə 74 məscid, 23 muzey, 4 şəkil
qalereyası, 2550 digər tarix və mədəniyyət abidələrimiz
faktiki olaraq yolumuzu gözləyir.
Erməni vandalları İslama qədərki Alban abidələrini
də məhv ediblər. Əksər hallarda isə onların
üzərində dəyişiklik apararaq,
özününküləşdirməyə, bütün
dünyaya erməni abidələri kimi təqdim etməyə
çalışırlar. Mənfur
düşmən rayonlarımızın tarixi mədəni
abidələrinin, muzey eksponatlarının şəkillərini
"erməni mədəniyyətinin nümunələri"
adı altında müxtəlif saytlarda yerləşdirir,
kitablarda nəşr etdirməklə abidələrin özlərinə
məxsus olması ilə bağlı təbliğatlar
aparır. 1700 tarix və mədəniyyət
abidəsinin (xristianlığa qədər olan dövr və
eləcə də xristianlıq dövrü alban abidələri)
üzərindəki tarixlər, divar yazıları
götürülərək erməni mətnləri ilə əvəzlənib.
Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi,
Həsənriz məbədi və digər abidələrdə
alban yazıları silinib. Həmin abidələrin
albanlara məxsus olan əşyaları
dağıdılıb. Yelisey məbədində
saxlanılmış Alban hökmdarı III Vaçaqanın qəbri
və sövməsindəki yazı tamamilə məhv edilib.
500 sayda Qafqaz Albaniyası dövrü sövmə,
bazilika və digər memarlıq abidələrinə erməni
kilsəsi statusu verilib.
İslam abidələri dağıdılıb yer üzərindən
silindi. 1600 müsəlman dini abidəmiz (məscid, türbə,
qəbirüstü abidələr, at-qoç fiqurları,
inanc yerləri və digər ibadətgahlar)
dağıdılıb. Məscidlərdən
yalnız 3-4-nün bünövrəsi salamatdır.
Bunlar Şuşa şəhərində
Aşağı, Yuxarı Gövhərağa, Saatlı və
Ağdam Cümə məscidləridir. Digər
məscidlərimiz isə yerlə yeksan edilərək, hətta
daşları da o ərazidən kənara aparılıb.
200 qəbiristanlıq tamamilə, 600 qəbiristanlıq
isə qismən dağıdılıb. Ulu əcdadlarımızın
tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığı
texnika vasitəsilə darmadağın edilib. Mənfurlar Xocalıda və Şuşada bu vandalizmi
ifrat dərəcəyə çatdırdılar. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin
qədim beşiyi olan Xocalı kurqanlarını yer
üzündən sildilər. Şuşada
Azərbaycan mütəfəkkirlərinin heykəllərini
avtomat güllələri ilə deşik-deşik etdilər.
300 monumental abidə və bağ-parklar tamamilə məhv
edilib. İşğal dövrü xaraba kəndlərimizdə
15 erməni kilsəsi tikilib. İşğal
ərazilərinə Ermənistanda yonulub hazırlanmış
2000 ədəd erməni xaç daşları
basdırılıb. İşğal
dövrü Azərbaycan ərazilərində 27 arxeoloji
qazıntı işləri aparılıb. 128 bədii daş nümunəsi işğal ərazilərindən
götürülərək İrəvana aparılıb.
Bəşəriyyətin ulu əcdadlarının
beşiklərindən biri olan Azıx mağarası ermənilərin
hərbi sursat anbarına çevrilib.
Azərbaycanın işğal altındakı ərazilərində
tarix və mədəniyyət abidələrinə vurulan zərər
177 milyard dollardan çoxdur.
"Bu
haqsızlığa dünya ictimaiyyəti hələ də
susur"
Ölkəmizin xarici siyasətinin əsas istiqaməti
şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin
sülh və danışıqlar yolu ilə nizamlanması və
işğal olunmuş ərazilərin azad olunması, məcburi
köçkünlərin doğma yurd yerlərinə
qaytarılmasıdır. Lakin işğal olunmuş ərazilərimizdəki
mədəni mülkiyyətin və sərvətlərin beynəlxalq
hüququnun ermənilər tərəfindən vandallıqla tapdalandığı
da danılmaz faktdır. Bunu həmin ərazilərdə
ermənilərin vaxtaşırı olaraq gündəmə gətirdikləri
arxeoloji qazıntıların aparılması məsələsi
bir daha təsdiq edir.
Azərbaycan xalqının mədəni irsi bəşər
mədəniyyətinin tərkib hissəsi olduğundan
işğal altındakı ərazilərimizdə qalan tarix və
mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq
əhəmiyyət kəsb edən problemdir. İşğal
altındakı ərazilərimizdə erməni qəsbkarlarının
törətdikləri vandalizm "Silahlı münaqişə
baş verdikdə mədəni dəyərlərin
qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına,
"Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il
Avropa Konvensiyasına, "Dünya mədəni və təbii
irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.
Mədəniyyət
naziri Əbülfəs Qarayev dəfələrlə bildirib
ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən
işğalı nəticəsində orada dağıdılan
mədəniyyət nümunələri tək Azərbaycan
xalqının deyil, bütün islam dünyasına,
ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər mədəniyyətinə
qarşı təcavüzdür.
Ancaq
sevindirici haldır ki, düşmən işğalında
qalan tarixi memarlıq və mədəniyyət abidələrimizin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
aparılan təbliğatlar Azərbaycan dövləti
başda olmaqla ictimaiyyətin, diaspora təşkilatlarının,
ayrı-ayrı təşkilatların dəstəyi ilə get-gedə
daha da genişlənir. Əvvəlki illərlə
müqayisədə ölkəmiz Qarabağ abidələri ilə
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında böyük nailiyyətlər əldə
edib. Beynəlxalq tədbirlərdə,
konfranslarda ortaya çıxardığımız əsaslı
faktlar qarşısında ermənilər aciz qalıblar.
Belə ki, abidələrin istər memarlıq
üslubu, istərsə də əvvəlki vəziyyəti
onların azərbaycanlılara məxsus olduğunu sübut
edir.
Qeyd edək
ki, Azərbaycanın istəyi əsasında Beynəlxalq
Muzeylər Şurası, o cümlədən, YUNESKO Ermənistana müraciət
göndərib. Hələ ki, qarşı tərəfdən
bu müraciətə hər hansı cavab verilməyib. Belə ki, Mədəniyyət Nazirliyi və
İKOM-un milli komitəsi işğal olunmuş ərazilərdə
qalan muzeylərin və onların eksponatlarının taleyi ilə
bağlı YUNESKO qarşısında dəfələrlə
məsələ qaldırıb. Bu məqsədlə
problemin öyrənilməsi üçün YUNESKO-nun Azərbaycana
iki missiyası göndərilib (1994, 1995-ci illərdə) və
bunun da nəticəsi olaraq YUNESKO baş direktorunun müavini
işğal olunmuş ərazilərdə mədəni dəyərlərin
müdafiə edilməsinə çağıran müraciət
imzalayıb. Həmçinin, YUNESKO-nun
yardımı və onun loqosu altında qəsb olunmuş qiymətli
muzey əşyalarının bəzilərinin təsvirini və
onlar haqda informasiyaları əks etdirən liflər nəşr
olunub.
İnanırıq ki, qısa zamanda mənfur düşməndən
bütün bunların qisası alınacaq və Azərbaycan
xalqı öz tarixi torpalarına qovuşacaq, gözü
yollarda əsirlikdə qalan abidələrimiz əsl sahiblərini
tapacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet 2018.- 26 iyun.- S.8.