Müdrikliyin zirvəsində
Mətbuatda Dövlət Sirlərini Mühafizə
edən Baş İdarədə - "Qlavlit"də
işləyirdim. Bir dəfə telefon
zəng çaldı.
Dəstəyi qaldırdım.
Danışan gözəl şair-publisist, dostumuz Səyavuş Sarxanlı idi. Salamlaşdıqdan, hal-əhval
tutduqdan sonra dedi:
- Qardaş, imkanın
varsa bir "Ulduz" jurnalına gəl. Oturub dərdləşək...
- Gələrəm dedim. Fikirləşdim ki, yəqin
mənimlə "Qlavlit"lə
bağlı nəyi isə məsləhətləşmək
istəyir.
Redaksiyada üz-üzə əyləşmişdik. Səyavuş müəllim bir qovluğu mənim qarşıma qoyub dedi.
- Qovluqdakı gözəl
bir povestdir. Redaksiyada hamının xoşuna gəlib. Jurnalda çap etməyi
planlaşdırmışıq. Müəllif povestə qəribə
bir ad verib.
"Dayan! Kimdir Gələn?" Müəllifi isə tanımırıq.
Rayondan, İsmayıllıdan göndərib.
Fikirləşdim ki, bəlkə
sən tanıyarsan?
Çünki müəllif povesti
sənə ithaf edib. Buyur bax.
Qovluğu aldım, elə
birinci səhifədə
başlanğıc altındakı
sözləri oxudum:
"Dostların ən
sədaqətlisi, son tikəsini
əsgər yoldaşları
ilə yarı bölməyə hazır
olan Hafiz Hüseynxanlıya
həsr edirəm bu povesti Məmməd
Mirzə".
Çox sevindim:
- Məmməd Mirzə mənim əsgərlik dostumdur. İsmayıllıda nəşr olunan "Zəhmətkeş" qəzetində
şöbə müdiridir
- dedim.
"Dayan! Kimdir Gələn?" povesti "Ulduz" jurnalında çap olundu. Povestdə uzaq şimaldakı qarlı-buzlu, maraqlı, romantik əsgərlik həyatımdan bəhs edilirdi. Hadisələr elə real, romantik
təsvir edilirdi ki, gənc oxucular
"Ulduz" jurnalını
məktub atəşinə
tutmuşdular. Bu hadisələr düzdürmü?
Müəllif özümü olub
Şimal əsgərliyində?
Necə olar ki, biz də
əsgərliyə gedəndə
o tərəflərə düşək?
Və sair və ilaxır.
İndi Allaha çox
şükür olsun ki, öz müstəqil
ölkəmiz, günü-gündən
qüdrətlənən güclü
ordumuz var.
Əsgərlikdən sonra Məmməd
Mirzə ilə ilk görüşüm İsmayıllıda
oldu. Həmin vaxtlar Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında
işləyirdim. Görkəmli
rejissor, respublikanın
xalq artisti Tofiq İsmayılov
SSRİ Radio və Televiziya
Verilişləri komitəsinin
sifarişi ilə
"Çovkan", "Vulkan"
və "Lahic etudləri" adlı üç qısa-metrajlı film çəkilirdi.
Mən isə həmin qısa metrajlı filmlərin həm redaktoru, həm də direktoru idim. "Lahıc etudləri" filminin bəzi kadrları Lahıcda çəkilməli
idi. Mən, filmin operatoru
"İstintaq" filminə
görə SSRİ Dövlət
mükafatı almış
Rafiq Qənbərov və çəkiliş qrupu ilə İsmayıllıya getdik.
İsmayıllı rayon partiya komitəsinin
birinci katibi, ixtisasca jurnalist olan Qəşəm Aslanovla görüşdük.
Lahıca çəkilişə gəldiyimizi bildirdim.
Bizə köməklik göstərmələrini
xahiş etdim.
Qəşəm müəllim bizi
çox mehriban qarşıladı, hər
cür köməklik
edəcəklərinə söz
verdi. Rayon
partiya komitəsinin qonaq evində bizə qalmaq üçün yer də ayırdı. Mən ona təşəkkür
etdim və dedim:
- Qəşəm müəllim,
çox sağ olun. Qalmağa yerimiz var. Əsgərlik
dostum Məmməd Mirzəgildə qalacağıq.
Xahiş
edirəm, ona bizimlə Lahıca getməyə icazə verəsiniz.
- Bu çox yaxşı
oldu, - deyə Qəşəm müəllim
gülümsədi. Fikirləşirdim ki, sizinlə Lahıca getməyi kimə həvalə edim. Telefonun dəstəyini qaldırıb
dostumuz, rayon qəzetinin
baş redaktoru Musa Yaqubla danışdı:
- Sabahdan şöbə
müdiriniz Məmməd
Mirzəyə qonaqlarla
Lahıca getməyə
icazə ver.
Dostum, Məmməd Mirzə bir həftə bizimlə Lahıcda oldu. Çəkilişdə bizə hər
cürə köməklik göstərdi. Dəyərli
məsləhətlər verdi. Ən əsası
isə bizi darıxmağa qoymadı.
"Lahıc etudləri"
qısametrajlı filmə
SSRİ Radio və Televiziya
Verilişləri Komitəsində qəbul zamanı yüksək
qiymət verdilər. Şübhəsiz, bu
işdə yazıçı dostumun məsləhətləri
böyük rol oynamışdı.
Sonralar həmişə Məmməd Mirzəni
görəndə zarafatla deyirdim:
- Sən "Lahıc
etudləri"
qısametrajlı filmin baş məsləhətçisisən.
Məmmədmirzə Rzayevi təkcə
yazıçı kimi deyil, eyni zamanda, əsl ziyalı,
filosof, tənqidçi, tərcüməçi, yetkin
jurnalist kimi də qəbul etmək olar. Onunla bir dəfə söhbət etmək kifayətdir
ki, bu qənaətə
gələsən. O, söz sərrafıdır.
Bu sahədə mən deyərdim ki, fitri istedaddır.
Bu günlərdə peşə səfərdaşım,
bağırbadaş həmdəmim, qədirdaşım Məmməd
Mirzənin 75 yaşı tamam oldu. Əlli dörd il bundan əvvəl
uzaq şimalda Çelyabinski
şəhərində Orenburq
vilayətində təməli qoyulan əsgər dostum bu
gün tanınmış yazıçı, oxucular tərəfindən
sevilən bir nasirdir.
Məmməd Mirzə bədii
yaradıcılığına bir çoxları kimi şeirlə
başlayib. İlk satirik şeiri 1960-cı
ildə İsmayıllıda nəşr olunan
" Zəhmətkeş" qəzetində
dərc edilib. Sonra əsgərlik
həyatı, qəzetçilik, təhsil illəri və s.
"Biz dörd nəfər idik" hekayəsi 1972-ci ildə Azərbaycan
Radio və Televiziya Verilişləri Komitəsinin elan etdiyi
müsabiqədə birinci yeri tutub, mükafat alıb, hekayə
radioda səhnələşdirilib. Daha sonra povest və hekayələri
"Azərbaycan", "Ulduz"
jurnallarında, müxtəlif qəzetlərdə dərc olunub. Bu povest
və hekayələr ona görə çox
maraqlıdır ki, əksəriyyəti
əsgərlik həyatından bəhs edir.
Məmməd Mirzənin "Biz dörd nəfər
idik", "Dayan! Kimdir gələn?",
"Kisə qayıqda, qayıq dənizdə, dəniz
təlatümdə", "Xəyanət",
"Mühacir", "Bağışla Amerika", "İbişovun azı dişi", "Medallı küçük", "Qadınlar bayramı", "Xorəkpaylayan və lal", "Yuxu dərmanı" və digər povest və hekayələri də oxucular tərəfindən maraqla
qarşılanıb. Çünki bu əsərlərin heç
biri müəllifin uydurması deyil. Həyatdan görülüb-götürülmüş,
yazıçının qələmindən süzülüb
cilalanmış həyat, tale
görüntüləridir.
Məmməd Mirzənin pedaqoji mövzudakı
yazıları da yaradıcılığında xüsusi yer
tutur.
1973-cü ildə İsmayıllıda keçirilən
Respublika elmi-praktik konfransında fərqləndiyinə görə Azərbaycan Maarif Nazirliyinin fəxri
fərmanı tərəfindən təltif olunub. 1981-ci ildə
Yerevan şəhərində keçirilən Ümum-ittifaq
Pedaqoji mühazirələrində "Füzuli əsərlərinin
tədrisi təcrübəsindən" mövzusunda uğurla
çıxış edərək SSRİ Pedaqoji Elmlər
Akademiyasının Fəxri fərmanına və pul
mükafatına layiq görülüb.
Yaşının bu müdrik çağında da Məmməd
Mirzə qələmdən möhkəm yapışıb: gənclik
həvəsi ilə yazıb yaradır. Bu yaxınlarda
onun "Olmuş əhvəlatlar, lətifələr və
rəvayətlər" adlı kitabı Maarif
Soltanın redaktorluğu ilə
işıq üzü görüb.
Başqa roman, povest və hekayələri kimi
bu kitabdakı yazılar da
oxucuların rəğbətini qazanıb.
Böyük sənətkar Çarli Çaplin
qızı Keraldinoya ünvanlandığı məktubda
yazırdı: "Mən mələk olmasam da, bütün
ömrüm boyu İNSAN olmağa
çalışmışam".
Bəli,
heç birimiz mələk
deyilik. Amma xoşbəxt
o kəslərdir ki, şüurlu həyatları boyu
İNSAN olmağa
çalışırlar. Mən 75 yaşlı dostumu - Məmməd Mirzəni də həmin
xoşbəxtlərdən hesab edirəm.
75 yaşın mübarək, əziz
dostum!
Hafiz HÜSEYNXANLI
525-ci qəzet.-
2018.- 28 iyun.- S.8.