Azərbaycanın Milli Qəhrəmanı şəhid Samid İmanovun parlaq xatirəsinə

 

VƏTƏN DAŞI

 

Salam, Vətən! Sabahın xeyir, Günəş! Bu gecə yatmadım... Yuxu getmədi gözümə. Sübh açılanadək Tanrıya dua etdim bütün Vətən daşları üçün.

 

Dünən oğlumun arxasınca atdığım suya "Vətən əmanəti", - deyib "Vətənləşməyə" göndərdim! "Bu yaşa qədər mənimdin, indi Vətənin oğlusan" - dedim...

 

...Artıq bir il idi hər gün dan yeri qızaranadək kirpiklərini yummurdu ana. Yatmırdı gecə yuxusunu. Yuxusuna müharibə, qan-qada girirdi deyə qorxurdu yatmağa. Vətən daşlarının daşlaşmasından ehtiyat edirdi.

 

Beləcə, dörd mövsümü ötürdü, qışın soyuğunda, yayın istisində darvaza kənarında əyləşib yol gözlədi.

 

Bayatılar qoşdu oğluna, laylalar söylədi. Hərdən boylanıb səf-səf düzülmüş səma quşlarından oğluna xəbər göndərdi.

 

Qönçələr  açanda gəl,

Xoş  ətir saçanda gəl,

Həsrətin kirpiyimdə

Gözümü açanda gəl.

 

Canında, qanındaydı oğlu. Şeirində, nəğməsindəydi. Göz işlədikcə uzanan yollardaydı ciyərparəsi. Əlini  qaşlarına dirəyib günün günortasında, axşamın alatoranında yol ağardardı gözləri. Hər gün yenidən doğardı oğlunu, öpüb-oxşayardı boyunu, ətəyindən yapışıb əlinə, ayağına dolaşan balasını əzizləyərdi, saat-saat böyüdərdi, məktəbə yola salardı gün sonuna "Vətən daşı" olmağa  göndərərdi...

 

Günlər beləcə təkrarlanar... təkrarlanardı. Bir gün sabahla axşamı qarışdırdı ana. Ayırmadı gündüzlə gecəni. "Salam Vətən!" - dedi öz-özünə. Günəşi yuxudan ayılda bilmədi ki, "Sabahın xeyir" - desin. Dünya qaranlığa qərq oldu. Qızılı şəfəqləri  tapmaq üçün əllərini gəzdirdi havada. "Günəş yoruldu yol gözləməkdən, yəqin, gəlmədi" - düşündü ana.

 

Sənsiz bu ömrüm zindan,

Gəl, könlüm olsun xəndan,

Günəşli gündüzüm ol

Gözlərim  sənə qurban!

 

Oğlunu baxışlarında dondurdu ana. Yığdı rəsmini gözlərinə, işığa ehtiyacı qalmadı ananın. Onsuz da hara baxırdısa oğlunu görürdü. Artıq tanıyanlar öyrəşmişdi ananı darvaza kənarında görməyə. Hər addım səsindən diksinirdi ana. Səs yaxınlaşdıqca oğlunun Vətən torpağına bulaşmış çəkmələrinin ahəngi olmadığını hiss edər, qüssələnər, oğlunun xəyalında dondurduğu rəsmi ilə baş-başa qalardı...

 

... Üsyan edərdi qəlbində. Üsyanı Tanrıya dualara dönərdi. "Bitsin müharibələr! Sussun silahlar! Tökülməsin qanlar! Güllələrin yerində çiçəklər bitsin. Al-əlvan geyinsin kainat! Xoşbəxtlik sərhədləri pozsun! Marşlar əvəzinə sevgi balladası səslənsin! Topların lüləsində quşlar yuva qursun! Dünya sülhə yar olsun! İnsanlıq var olsun!" - deyə pıçıldayardı.

 

bir gün... Bir gün yenə darvaza kənarında gözlər yol çəkirdi.. Ananın  cansız vücudu qaranlıq dünyanın qaranlıq yollarına dikilmişdi... Daşlaşmışdı ana... Vətən daşlarına qoşulub "Vətən daşı" olmuşdu...

 

OD ÜRƏKLİ ŞƏHİDİM

 

Əbədiyyət zirvəsində tac olan,

Ana yurda şöhrət olan şəhidim!

Qələbədən qələbəyə ucalan,

Oddan  keçən, od ürəkli Samidim!

 

Parlaq gələcəyə hamı səfərbər,

Elin gözlərindən boylanacaqsan!

Əsrlər keçsə hər gün, hər səhər,

Günəşlə birlikdə oyanacaqsan!

 

Yenə birləşəcək bu yurd, bu torpaq,

Səadət güləcək bütöv Vətəndə.

Güləcək yenidən gözəl Qarabağ,

Şahid olacaqsan ruhunla sən .

 

Adına and içər hər gələn nəsil,

Sən millət oğlusan, Milli Qəhrəman!

Bütün zamanları adlayıb, keçib

Ölməzliyə doğru qanadlanırsan!

 

VƏTƏN BÖLÜNMƏZ

 

Hay verdin Vətənin çağırışına,

Qələbə müjdəli adın mübarək!

Layiqsən bu xalqın hər alqışına,

Üçrəngli bayrağa andın mübarək!

 

Tarixə yazılan qəhrəmanlığın

Sənin mərdliyindi, cəsarətindi.

"Ey Vətən, sən yaşa! Sənin varlığın

Mənim şərəfimdi, şücaətimdi!"

 

Bu torpaq anadır, bu torpaq Vətən,

Duraq keşiyində öz ordumuzla!

Bütöv Azərbaycan bölünməz ki tən,

Qoruyaq, fəxr edək öz yurdumuzla!

 

Gülqədəm MİRZƏZADƏ

 

525-ci qəzet 2018.- 28 iyun.- S.7.