Cümhuriyyətimizin xilası və ordu
quruculuğumuz naminə fədakarlıq örnəyi
SİBİR
SÜRGÜNÜNDƏN QAÇARAQ GƏNCƏYƏ
GƏLƏN VƏ BURADA MİLLİ
MÜCADİLƏMİZƏ QOŞULAN AZƏRBAYCAN
ƏSİLLİ HÜSAMƏDDİN TUĞACIN
ŞƏRƏFLİ ÖMÜR YOLU
"525-ci qəzet"in diqqətli oxucuları, yəqin
Hüsaməddin Tuğac adlı türk zabitinin Azərbaycanın
istiqlal mübarizəsinə qoşularaq, bu yöndə olduqca
vacib məsələlərin həllində əhəmiyyətli
rol oynaması haqda müəyyən məlumatlara malikdirlər.
Çünki
Birinci Dünya Müharibəsi olaylarının axarında
taleyin hökmü ilə Azərbaycana gələn və
buradakı milli mücadiləyə, Türkiyəyə
döndükdən sonra isə Qazi Mustafa Kamal Atatürkün
öndərliyində istiqlal savaşına qatılan bu şəxsin
bir millətin iki dövlətinə xidmətdə keçən
ömrü haqda 6 il əvvəl, qəzetimizin 2012-ci il 25
avqust tarixli nömrəsində "İki cümhuriyyətin
əsgəri" adlı yazıda bəhs etmişdik. Azərbaycan
Xalq Cümhuriyyətinin, həmçinin, Ordumuzun bir əsrlik
yubileyi ilə əlaqədar olaraq, eləcə də Hüsaməddin
Tuğacın özünün vaxtilə dərc etdirdiyi xatirələrində
yer almış, Azərbaycanla bağlı maraq doğuracaq məsələlərin
daha ətraflı şərhinə ehtiyac duyaraq, bu mövzuya
bir daha üz tutmağı faydalı saydıq. Xüsusən
MƏHZ HƏMİN ŞƏXSİN ERMƏNİLƏRİN
QAFQAZDAKI QƏTLİAM PLANLARINA DAİR RAPORTU ÜZRƏ
TÜRK ORDUSUNUN TƏCİLİ HƏRƏKƏTƏ
KEÇMƏSİ HAQDA İLK DƏFƏ TANIŞ
OLACAĞINIZ FAKTLAR Türkiyə və Azərbaycanın
müştərək hərbi tarixinin daha bir qiymətli
nümunəsidir. O da maraqlıdır ki, Hüsaməddin, sən
demə, əslən elə Azərbaycan yurdundan, daha dəqiq,
Şəmkirin Qaracəmirli (Qaraca Əmirli) kəndindən
imiş. Bu kənddəki Hacıismayıl
oğulları nəslindən olan atası Əhməd həcdən
dönərkən, Türkiyədə qalıb və orda ailə
qurub. Bu faktlar Hüsaməddin
Tuğacın özünün xatirələrində - onun
1966-cı ildə Ankarada çap etdirdiyi, elə bu yazıda
da xeyli iqtibas edəcəyimiz "Bir nəslin dramı"
kitabında da yer alıb.
Sarıqamış-Sibir-Gəncə
İstiqlal mübarizəmiz haqda azərbaycanlı
mühacirlərin xatirələrində adı o vaxtkı Gəncə
Milli Komitəsinin icra heyətinin üzvü kimi çəkilən
Hüsaməddin Tuğac 1889-cu ildə Ərzurumun Həsənqala
ilçəsində hərbçi yüzbaşı Hacı
Əhməd və Fatma xanımın ailəsində
doğulub. Gənc Hüsaməddin 1910-cu ildə Hərb Okulunu
bitirdikdən sonra Bağdad və Şamda xidmət edir. 1912-1913-cü illərdə Balkan savaşına
qatılır. Birinci Dünya Müharibəsində
isə Sarıqamışda vuruşur. 1915-ci
ilin yanvarında Rus Ordusu ilə Qafqaz cəbhəsindəki bu
amansız döyüşdə 9-cu Kolordunun (korpus) zabiti,
üstəymən (baş leytenant) Hüsaməddin Tuğac əsir
düşür.
Yüksək rütbəli bir zabit kimi, həm də bəlkə
Türk Ordusu komandanı Ənvər paşaya çox
oxşaması səbəbilə, onu Rus Qafqaz Cəbhəsi
komandanı general Yudeniçin buradakı qərargahına gətirirlər.
"Sorğulardan sonra məni bir yemək stoluna da
götürdülər. Ordu komutanı general Yudeniç və
başqa yüksək rütbəli zabitlər yemək yeyirdilər.
Məni də bu zəngin süfrəyə
aldılar. 1915-ci ilin Yeni il süfrəsi
imiş. Süfrədə mənə bir qədəh
vodka da ikram etdilər. İçmədim.
İsrar etmədilər. Səhərisi
gün bizi stansiyaya götürdülər. Rusiyanın
içərilərinə gedəcəyiz..." - deyə, H.
Tuğac yuxarıda adını qeyd etdiyimiz kitabındakı
xatirələrində qeyd edir
Beləcə, Hüsaməddin Tuğacı digər
türk zabit və əsgərləri ilə birgə
Rusiyanın ucqarlarına sürgünə aparırlar. Qatar əvvəlcə
Gəncə, Bakı, Petrovskdan keçir. Hüsaməddinə
nədənsə, ayrıca, təmtəraqlı vaqon-otaq
ayırıblar. Bunun səbəbini
Petrovska çatanda anlayır. Sən demə,
ruslar onun Ənvər paşaya oxşarlığından
faydalanmaq istəyiblər. Yerli əhali
xüsusi vaqonda aparılanın əsir alınmış
Ənvər paşa olduğunu zənn edəcək. H.
Tuğac maraqlı bir səhnəni də təsvir edir:
"Petrovskda dayanarkən pəncərəyə
yaxınlaşdım. Aşağıda bir topa adamın mənim vaqonumu
göstərib bir-birinə nələrisə dediklərini
hiss edirdim. Görkəmindən erməni
olduğu bilinən birisi isə əlini boğazına çəkib
mənə axırımın çatdığını
anlatmaq istəyir, sonra da əllərini göyə
qaldırıb sanki şükür edirdi".
Qatar Samaraya yaxınlaşarkən Hüsaməddin bir
neçə ay davam edəcək tif - qarın yatalağı
xəstəliyinə tutulur və bu şəhərdəki
hospitala yerləşdirilir. Dəfələrlə
ölümün gözlərinə baxır. Davamlı qarabasma və sayıqlamalarla mübarizə
aparmalı olur. Nəhayət, səhhəti
yerinə gəlir. Sağaldıqdan sonra
Sibirə sürgün yolları davam edir. Çelyabinsk,
Tomsk və nəhayət, İrkutsk. Buradakı
qərib, məşəqqətli həyat. Amma ondan güclü - Vətənə dönüb,
mübarizəyə təkrar qatılmaq eşqi.
Bir neçə aydan sonra Hüsaməddin daha iki
sürgün yoldaşıyla birgə düşərgədən
qaça bilirlər. Lakin ələ keçirilib yenidən
İrkutska qaytarılırlar. Onlar haqda elə
bir ciddi ölçü götürülmür. Ümumiyyətlə, o vaxtın düşmənləri
bir-birinə qarşı mərd davranışları ilə
seçilirlərmiş. H.Tuğac xatirələrində
sürgün yoldaşları ilə birgə rusların icazəsilə
qəzet belə nəşr etdiklərini, hətta "Bayqal
türklərinin tarixinə dair məqalələr üzərində
işlədiyini" (!) qeyd edir.
Sibir
sürgünü ümumən iki il
yarım çəkir. 1917-ci ildə Rusiyada
baş qaldıran hərc-mərclik sürgündəkilərin
də işinə yarayır. Hüsaməddinin
təkrar qaçışı uğurlu olur.
Yeni bir macəralı səyahət başlayır. Sibir şəhərləri,
Orta Asiya... Qırğız Xalq Komitəsinin
köməyilə saxta sənəd düzəltməyə
müvəffəq olan Tuğac Daşkəndə, sonra
Krasnovodska gəlir. Buradan gəmi ilə
Bakıya doğru yola çıxır.
Bakıda Hüsaməddin Tuğac Azərbaycanın irəligələnləri
- Məhəmməd Əmin Rəsulzadə və Əlimərdan
bəy Topçubaşovla
görüşüb-danışmağa vaxt tapır. Görüşlərdə
çətin vəziyyətin açarının Gəncədə
olduğu aydınlaşır. Nəhayət,
Hüsaməddin Tuğac Gəncəyə yollanır.
Qəribədir, Gəncədə qaldığı
mehmanxananın sahibi, hələ sürgünə yollanarkən
yaxınlıqdakı Dəllər stansiyasında ötəri
söhbət etdiyi, Gəncənin addımlı adamlarından
olan Sarı Ələkbər İmamqulu oğlu imiş. Hələ o
vaxt Hüsaməddin, Sarı Ələkbərə
atasının buralardan, Gəncə vilayətinin Şəmkir
elinin Qaraca Əmirli kəndindən olduğunu demişdi.
Hüsaməddin Tuğacın qayıtması Gəncədəki
mücadilə liderləri üçün göydəndüşmə
idi. O, dərhal
Gəncə Milli Komitəsinin rəisi Nəsib bəy Yusifbəyli
ilə görüşdürülür və Komitənin icra
heyətində yer alır.
Milli Komitənin Sarı Ələkbər və
Nağı bəy Şeyxzamanlının rəhbərlikləri
altında iki silahlı dəstəsi mövcud idi. Amma hərb sənətinin
hərtərəfli öyrədilməsinə, silahla
davranışların aşılanmasına, eləcə də
yeni silahların əldə olunmasına böyük ehtiyac duyulurdu.
Bu işlər dərin hərbi təcrübəyə
malik Hüsaməddin Tuğaca tapşırılır.
Tezliklə, xüsusən gənclərin hərbi vərdişlərə
yiyələnməsi üçün Gəncənin bir
neçə yerində, o cümlədən, Uğurlubəy
karvansarasının geniş həyətində təlim
meydanları fəaliyyətə başlayır. İlk
döyüş sınağı da gerçəkləşdirilir
- Şəmkirin həmən Dəllər stansiyasında, cəbhədən
dönən rus əsgəri hissələri tərksilah edilir
və əldə olunan silahlar hesabına Gəncə Milli
komitəsinin cəbbəxanası gücləndirilir.
Hüsaməddin
Tuğacın Gəncədə ən yaxın dostlaşdığı
adam Nağı bəy Şeyxzamanlı
olur. Türkiyədə onun adı Naki deyə
çəkilir.
"Naki bəy mənə yaxın məsləkdaşlıqdan
başqa, bir qardaş oldu. Onun yaşlı
anasını mən də özümə bir ana bildim".
İki cürətli dostun istənilən riskli məqamlardan
belə çəkinməmək xüsusiyyətlərini
duyan Milli Komitə rəisi ən vacib missiyanı gerçəkləşdirməyi
də onlara həvalə edir.
"Bir axşam Nəsib bəy məni xüsusi
toplantıya çağırdı. Gəncə və Bakının,
bütün Azərbaycanın xilası naminə Türk
Ordusunu dəvət üçün arkadaşım Naki bəy
Şeyxzamanlı ilə birgə Türk hökuməti və
Ənvər paşanın yanına, bizim bir təmsilçi
olaraq göndərilməyimizi uyğun bilmişdilər" -
deyə, H. Tuğac yazır.
Hüsaməddinin
ölüm-dirim raportu
Hüsaməddin Tuğac və Nağı bəy uzun və
macəralı yolçuluqdan sonra 1918-ci ilin fevralında
Suşəhrində Türk 3-cü Qafqaz Ordusu komandanı Vəhib
paşanın qərargahına çatırlar. Vəhib
paşa vaxtilə Hüsaməddinin atası, 1904-cü ildə
şəhid olmuş yüzbaşı Hacı Əhmədlə
döyüş dostu olubmuş. Nümayəndələrin
Azərbaycan, eləcə də Qafqaz cəbhəsinə aid
raportları çox qiymətli idi və vəziyyət dərhal
Ənvər paşaya çatdırılır. Ənvər paşa heyəti İstanbula
görüşə dəvət edir. Bu
görüşə Nağı Şeyxzamanlı və azərbaycanlı
emissarlara sonradan qoşulan Ömər Faiq Nemanzadə
qatılırlar. Ən əsası, Azərbaycana
Nuru paşa komandanlığında Türkiyə qüvvələrinin
yardımı təmin olunur. Türk
dünyasına xidmətləri müqabilində Hüsaməddin
Tuğaca isə yüzbaşı rütbəsi verilir.
OLDUQCA
VACİB BİR MƏQAM! Məhz Hüsaməddin
Tuğacın raportu Türk Ordusunun Qafqaz cəbhəsində
daha tez və daha konkret məramla, həmçinin, azərbaycanlı
emissarların təkliflərini əhatə edən korrektələrlə
hərəkətə keçməsinə səbəb olur və
bununla da buralardakı - istər Türkiyəyə, istər də
Azərbaycana aid coğrafiyalardakı məkrli erməni
planlarının qarşısı alınır.
(Ardı var)
Gəncə
525-ci qəzet
2018.- 28 iyun.- S.6.