Cümhuriyyətimizin xilası və ordu
quruculuğumuz naminə fədakarlıq örnəyi
SİBİR
SÜRGÜNÜNDƏN QAÇARAQ GƏNCƏYƏ
GƏLƏN VƏ BURADA MİLLİ
MÜCADİLƏMİZƏ QOŞULAN AZƏRBAYCAN
ƏSİLLİ HÜSAMƏDDİN TUĞACIN
ŞƏRƏFLİ ÖMÜR YOLU
Zakir MURADOV
(Əvvəli ötən
sayımızda)
Hüsaməddin
Tuğacın xatirələrindəki bu vacib hissədə
olduqca maraqlı mətləblərdən bəhs edilir:
"Raportumuz
əsas bu məqamları özündə birləşdirirdi:
a. Rus
ordusu əsgərlərinin artıq bolşevik təbliğatı
altında komandan və zabit tanımayaraq, necə
dağılıb evə döndüyü və cəbhəmizdə
bu gün Rus ordusu deyə bir qüvvət qalmadığı,
b. Azərbaycandan
keçib Rusyaya girmək istəyən rus əsgər
qatarlarının Gəncə yaxınlığında yerli xalq tərəfindən
necə dayandırılıb, könüllü və ya zorla
silahlarının alınması,..
...f. Rus
ordusunun çəkildiyi vilayətlərdə tək bir nəfər
belə müsəlman sağ qoymamaq üçün erməni
daşnak komitəsinin hazırladığı qətliam
planı və daşnakların mauzerist dəstələrinin
bu bölgələrdə cinayətlərə
başladığı,
g. Rus
ordusunun hərəkət zonasında və geri çəkildiyi
bölgələrdə çox miqdarda yiyəcək, geyəcək,
hərbi nəqliyyat və ləvazimat buraxmış olduğu
(H. Tuğac bununla Türk ordusunun təchizat məsələlərində
korluq çəkməyəcəyinə işarə vurur -
Z.M.).
Şəxsən
gördüyüm və eşitdiyim, şübhəyə və
tərəddüdə heç bir yer qoymayan yuxarıdakı
açıqlamalardan başqa, bu mülahizələri də
raportda qeyd etmişdim:
1.
Ordumuzun vaxt itirmədən irəli hərəkətə
keçməsi zərurəti. Nə qədər gecikmə
olarsa, ermənilərin girişdiyi qətliamın o qədər
geniş olacağı (H. Tuğac burada həm Türkiyə,
həm də Azərbaycan ərazilərini nəzərdə
tutur - Z.M.) və ruslardan qalan hərbi ləvazimatın
hamısını mənimsəyəcəyi,
2.
Bakı və Gəncədə tanıdığım önəmli
kişilərin haqqımızdakı fikirləri və
onların bizə faydalı ola bilmə dərəcələri...
... Vəhib
paşa bu raportu dərinliklə incələdikdən sonra, mənə
dedi: "Hüsaməddin əfəndi, bu raportunuzla ordumuza
böyük xidmət göstərdiniz. Ruslar
haqqında bu qədər aydın və dəqiq bilgi əlimizə
ilk dəfə keçir. Biz yalnız may ayının
oralarından hücum hərəkətinə keçməyi
düşünməkdə idik... Nöqsanlarımızı
düzəltmək lazımdır. Ordumuzun
hərəkəti zamanı sizin raportunuza istinad edəcəyik".
Daha sonra H. Tuğac Vəhib paşanın məsələ
haqda teleqraf maşını arxasında Ənvər paşa
ilə saatlarla danışdığını qeyd edir.
"Baş
Komandan vəkili (Ənvər paşa - Z.M.) ilə ordu
komandanı (Vəhib paşa -Z.M.) arasında yapılan bu
danışıq əhəmiyyətli nəticələr verdi. Mən böyük iftixar
hissi duyurdum. Çünki bunda mənim raportumun birinci dərəcəli
təsiri vardı... Əgər ermənilər mayın ortalarına
kimi vaxt qazanmış olsaydılar, buralarda tək bir insan da
qalmayacaqdı... Şərq bölgələrimizdə
qətliamdan qurtulanların və onlardan törəyənlərin
varlığında təymən Hüsaməddinin verdiyi
raportun böyük xidməti vardır".
Beləliklə,
üç illik fasilədən sonra Hüsaməddin Türk
Ordusunda xidmətinə qayıdır və Şərq Cəbhəsində
vəzifə borcunu yerinə yetirir, bir qədər sonra,
1919-cu ildə İstanbul Hərb Akademiyasını da bitirir. 1921-1924-cü illərdə Gürcüstanda,
Türkiyənin Tiflisdəki Hərbi Attaşeliyində, həmçinin,
Türkiyə Böyük Millət Məclisinin Qafqaz Siyasi
Nümayəndəliyində çalışır.
1927-ci ildən Tehranda Hərbi Attaşelikdə, bir müddət
Milli Əmniyyət Təşkilatının İstanbul və
Diyarbakır bölgələri üzrə müfəttişliyində,
1934-cü ildən Vyanadakı Hərbi Attaşelikdə,
1937-ci ildən Xarici İşlər Nazirliyində və digər
mühüm dövləti vəzifələrdə işləyir,
kurmay yarbay (qərargah polkovnik-leytenantı) hərbi rütbəsinəcən
yüksəlir.
H.
Tuğac üç dəfə Türkiyə Böyük Millət
Məclisinə Cümhuriyyət Xalq Partiyasından Qars və
Ağrı bölgəsindən millət vəkili
seçilir.
Hüsaməddin
Tuğac, həmçinin, Türkiyənin bir sıra hərbi
məktəblərində müəllim fəaliyyəti
göstərərək, ordu kadrlarının yetişdirilməsinə
əməli töhfə verib.
Hər zaman Türk dünyasının milli maraqları
naminə vəzifə borcunu şərəflə yerinə yetirmiş
H. Tuğac 1920-ci ilin iyulundan 1923-cü ilin avqustunadək
Atatürkün başladığı İstiqlal
Savaşlarına da qatılıb, millətin xilası və
onun tərəqqisi, "mövcudiyyətinin yeganə təməli
olan Cümhuriyyət" (M.K.Atatürk) uğrunda dönməz
mübarizlər sırasında yer alıb. O, Mustafa Kamal paşa və
İstiqlal Savaşının digər rəhbərlərinin ən
yaxın məsləkdaşlarından olub.
Tuğaclar
baba yurdunda
2011-ci
ilin bir payız günü Gəncənin qədim Uğurlubəy
karvansarasının həyətində kübar ədəb-ərkanlı,
yaşı 90-a çatsa da, çox qıvraq hərəkətli
və sərrast nitqli bir qadın, üzündə
böyük maraq və sevinc, onu müşayiət edənlərlə
çox təsirli bir söhbətdə idi. Türkiyədən
Azərbaycana ilk dəfə gəlsə də, o, doğma baba
elində olduğunu hiss edirdi. Bu köhnə
karvansaranın həyətinə onu gətirən səbəb
yaşından bir qədər əvvəl burada, Gəncədə,
atasının da iştirakı ilə baş verən hadisələrin
şərəfli tarixçəsi ilə təmas arzusu
olmuşdu. Bəli, bu qadın Şərqdə ilk
demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin
yaradılması ilə nəticələnən əməli
tədbirlərdə - konkret olaraq Azərbaycanın ilk ordu
hissələrinin və kadrlarının
formalaşdırılmasında, ən əsası isə
Türkiyənin xilaskar hərbi missiyasının gerçəkləşdirilməsində
müstəsna rolu olan bir şəxsin - Türk ordusu zabiti
Hüsaməddin Tuğacın qızıdır. Solmaz xanım Tugac Azərbaycana övladı Turkan
xanımla birgə gəlmişdi. Hazırda
Türkiyənin Adana şəhərində yaşayan Solmaz
Tuğacın 97 yaşı var. Türkan xanım isə ailəsilə
ABŞ-da yaşayır.
Millət və Cümhuriyyət sevgisi Hüsaməddinin
övladlarına da sirayət edib. Yeddi il bundan əvvəl
Gəncədəki, eləcə də doğma ocaqda - Qaracəmirli
kəndindəki təsirli görüşlərdəki
söhbətlərdə yaxın insanların
qovuşmasının sevinci ilə yanaşı, bu ruh da
özünü göstərirdi.
"Atam çox müşfiq, dövrünün tələblərinə
görə çox kübar, bilikli, eyni zamanda, tələbkar
bir şəxs idi. Alman, fransız, fars dillərini,
üstəlik, sürgündə öyrəndiyi rus dilini
bilirdi. Bütün amalı Türk
dünyasına xidmət, Cümhuriyyət ideallarına sədaqət
ruhunda idi. Azərbaycanlı mühacirlərin
əksəriyyəti bizim evdə tez-tez olurdular. Atamın hələ Azərbaycandan özünə
qardaş hesab etdiyi Naki bəy Şeyxzamanlı ilə ən
cıcaq münasibətləri burada da davam edidi" - deyə,
Solmaz xanım xatirələrini bölüşür.
Qızı Solmaz xanımdan başqa Hüsaməddinin
daha bir övladı olub. Babasının adını daşıyan
doktor Əhməd Tuğac hərbi həkim olub. 1950-ci illərdəki Koreya savaşında iştirak
edərkən özü infeksion xəstəliyə yoluxub.
Şəraitsizlikdə yanlış müalicə
onda şəkər xəstəliyi də yaradıb və səhhətini
ciddi surətdə pozub. O, 1977-ci ildə 50 yaşında
vəfat edib. Hüsaməddinin həyat
yoldaşı Bəratiyyə xanım da həyatla erkən
vidalaşıb.
Solmaz
xanım atasının böyük Atatürklə
dostluğundan da xeyli epizodlar danışaraq, bu dahi şəxsiyyətin
onu görən hər kəsin yaddaşına əbədilik
hopduğunu vurğulayır:
"Mustafa Kamal paşa ilə ailəvi dostluq münasibətlərimiz
vardı. Yadımdan heç çıxmaz - mən səkkiz
yaşında ikən atam, anam və qardaşımla uşaq
bayramı ilə bağlı bir tədbirdə idik. Atatürk də orada idi. Məni
qucağına götürdü, dizinin üstündə
oturtdu. Uşaqların gələcəyi
barədə sözlər deyirdi. Onun
gözünün içinə baxdım. Sanki mavi dəniz
idi və elə bil, adamı işıqlı bir dünyaya
aparır, aparırdı..."
Hüsaməddinin
nəvəsi Türkan xanım da babası haqda xatirələrini
bölüşür:
"Dədəmiz həm də çox xeyriyyəçi
bir şəxs olub. Bir vakf yaratmış və imkansız təbəqədən
olan qabiliyyətli uşaqları seçərək, yüzlərlə
belə gənclərə təhsil imkanı
yaratmışdı. Onların arsında
Azərbaycandan da xeyli uşaq olub. Dədəm
hətta özünün bütün maaşını belə
bu cür işlərə sərf edib".
Hüsaməddinin atası Hacı Əhmədin doğma
yurdda, Qaracəmirlidə daha iki qardaşı yaşayıb. Onlara da 30-cu illərin
repressiya məhbəslərindən pay düşüb.
Hazırda Hüsaməddin Tuğacın burada, eləcə də
Gəncə və Bakıda xeyli əmisi övladları var.
Onlardan biri, Füzuli Əhmədov türk
dünyasının qəhrəmanlarından biri
sayılası əmizadəsinin mübarizə yolunun yada
salınması, eləcə də onun övladlarının
doğma ocaqla bağlılığının bərpası
üçün xeyli iş görüb.
"Özümü çox xöşbəxt
sayıram, ona görə ki, cəsurluğu haqda ancaq
yaşlı insanların və cümhuriyyətçi
mühacirlərin xatirələrindən eşitdiyimiz
Hüsaməddin Tuğacın adının, ruhunun və onun
övladlarının doğma yurda qayıdışına
nail olmaq qismətimə düşdü. Ot
kökü üstə bitər, deyiblər. Hazırda
Hüsaməddinin nəvə-nəticələrindən
Türk Silahlı Qüvvələrində xidmət edənlər
də var. Mən də istəyirəm ki, övladlarla
ata-babaların idealları arasında bağlılıq
yaransın" - deyə, o bildirir.
Füzuli müəllim həm də Hüsaməddin
Tuğcın ömür yolu ilə bağlı onun Türkiyə
və ABŞ-da yaşayan övladlarından xeyli fotoşəkillər
yığıb. Onların arasında, həmçinin,
Türkiyə tarixininin müxtəlif dövrlərində iz
qoymuş olan İsmət İnönü, Cəlal Bayar,
Bülənd Ecevit kimi siyasi xadimlərlə birgə fotolar da
var.
Eyni millətin iki Cümhuriyyətinin qurulmasında əməyi
keçmiş Hüsaməddin Tuğac 1975-ci ilin yanvarın
5-də 86 yaşında vəfat edib. Onun qəbri Ankarada,
Türkiyənin və Azərbaycanın bir çox
cümhuriyyətçi mübarizlərinin uyuduğu Əsri
məzarlığındadır.
P.S. Bu
yazının müəllifi vaxtilə televiziya kanallarının
birində Hüsaməddin Tuğac hada film də çəkib.
Onu “Youtub”nin axtarış çərçivəsinə
Azərbaycan əlifbası ilə "İKİ
CÜMHURİYYƏTİN ƏSGƏRİ". SƏNƏDLİ
FİLM. ifadələrini yazaraq, tapıb izləmək
mümkündür.
525-ci qəzet 2018.- 29 iyun.- S.6.