Kinonun
Məcid Məcidisi və ya işıqlı adamın
qaranlıq hekayəsi
Bu gün dünya kinosunda gedən proseslərdən
azdan-çoxdan məlumatı olanlar bilirlər ki, İran
kinosunun dünyada özünəməxsus yeri və kifayət
qədər uğurları var.
Bu uğurlar sırasına "Oskar" mükafatından
tutmuş, ən nüfuzlü kino festivalları olan Kann,
Berlin, Venesiya və s. festivalların baş mükafatları
daxildir. İranda ciddi sənət filmlərinin
yaranması mənbəyini Daryuş Mehrcuinin 1969-cu ildə
çəkdiyi "İnək" filmindən götürən
yeni kino dalğası ilə başlamışdır.
İran kinosunun uğurları məhz bu dalğanın Abbas
Kiarostami, Möhsün Məhməlbaf, Məcid Məcidi, Cəfər
Pənahi, Bəhmən Qubadi, Əsgər Fərhadi və b.
nümayəndələri sayəsində
qazanılmışdır.
İran kinosunun nailiyyətlərini, bu
nailiyyətlərin səbəbləri və səbəbkarlarını
bir yazıda təqdim etmək çətin məsələdir. Ona görə də hədəfimi
daha konkretləşdirib, İran yeni kino dalğasının
yaradıcılarından olan dünyaca tanınmış
rejissor Məcid Məcidi haqqında fikirlərimi
bölüşmək istəyirəm. Məcid
Məcidinin yaradıcılığına müraciət etməyim
təsadüfi deyil, bu günlərdə ölkəmizdə
keçirilən İran Mədəniyyət Günləri ilə
əlaqədar olaraq Məcid Məcidi Bakıya səfər edəcək.
Səfər çərçivəsində rejissor hələlik
sonuncu filmi olan "Məhəmməd: Allahın
elçisi" filminin Nizami Kino Mərkəzində təşkil
olunacaq təqdimatında iştirak edəcək. Fürsətdən
istifadə edib bütün kinosevərləri dünyanın
onlarla ölkəsində maraqla qarşılanan həmin filmin
iyunun 28-də saat 17:00-da keçiriləcək təqdimatına
dəvət edirəm.
Əvvəla ondan başlayım ki, çoxlarına məlum
olan bir həqiqət var: incəsənət sahəsi kimi
kinonun mayasında və qayəsində problem
durmalıdır, daha dəqiq desək, kino problemi göstərməlidir.
Bu, dünyanın hər yerində belədir, yüz il əvvəl də belə olub, yüz il, min
il sonra da belə olacaq. Kefdən, xoşbəxtlikdən
sənət yaranmır. Lakin sənətdə
problemin qoyuluşu və ona müəllif yanaşması,
ümumiyyətlə, problemin mahiyyəti çox önəmlidir.
Məlumdur ki, nüfuzlu beynəlxalq kino
festivallarının zaman-zaman dəyişən öz
kriteriyaları vardır. Hansı ki,
festivallarda uğur qazanan filmlər bir çox hallarda yüksək
sənət göstəriciləri ilə yanaşı, həm
də həmin kriteriyalara uyğun olur. Digər tərəfdən
isə, məsələn, alman rejissoru Maykl Hanekenin
"Qızıl Palma" və "Oskar" qazanmış
"Sevgi" filmində sənətdən kənar heç nə
yoxdur. Bu qəbildən onlarla film adı çəkmək
olar. Festival filmlərinin xüsusiyyətləri
ayrıca böyük bir yazının mövzusu olduğuna
görə bu haqda geniş yazmaq niyyətində deyiləm,
sadəcə, bir məsələni qeyd etmək istəyirəm
ki, festivalların üstünlük verdiyi məqamlardan biri də
filmlərdə sosial-ictimai problemlərin, siyasi motivlərin
yer almasıdır. Bunu son illər Kann festivalında
"Qızıl Palma" almış Fransa rejissorları
Jean-Pierre və Luc Dardenne qardaşlarının
"Rosetta" və "Uşaq", ingiltərəli Ken
Loachın "Mən Daniel Blekəm", Peru rejissoru Claudia
Liosanın Berlin festivalında "Qızıl Ayı"
mükafatı qazanmış "Ağrının
südü" və s. onlarla filmin timsalında daha aydın
görmək olur. Təsadüfi deyil ki, bu
tendensiya bir çox İran filmlərində də
özünü göstərir.
Haqqında yazmaq istədiyim Məcid Məcidinin
filmlərinin əksəriyyətində isə sosial-ictimai
problemlərin qabardılmasına çox yer verilmir. O, filmlərində daha çox insanın
daxilən boşluğu, mənəvi
yoxsulluğu ilə bağlı problemləri göstərir. Digər tərəfdən, cəmiyyətdəki istənilən
problemin və çatışmazlığın səbəbi
bilavasitə insanların mənəviyyatındakı
çatışmazlıqlarla bağlıdır. Məcidi isə göründüyü kimi,
birbaşa problemin mənbəyinə, mayasına nüfuz etməyə
üstünlük verir.
Məcidi "Ata", "Yağış", "Sərçələrin
nəğməsi", "Cənnətin
uşaqları", "Tanrının rəngi",
"Söyüd ağacı" və s. kimi insan həyatının
və yaşantılarının ən dərin laylarına
baş vuran bədii filmlərində İran insanının
bütün cizgiləri və koloriti ilə portretini
yaratmışdır. Onun "Ata", "Cənnətin
uşaqları", "Tanrının rəngi" kimi əksər
filmlərinin qəhrəmanları uşaqlardır. Rejissor bu
qəbildən olan filmlərində uşaqların hələ
tər-təmiz, saf dünyası ilə böyüklərin
çirklənmiş dünyasını
qarşı-qarşıya qoyur...
Məcidinin bütün filmləri
haqqında bir yazıda müfəssəl məlumat vermək
mümkün deyil. Ona görə də
bu yazıda daha çox onun sevdiyim filmlərindən olan
"Söyüd ağacı" ("Başqa bir həyat")
haqqında fikirlərimi bölüşmək istəyirəm.
Nə vaxtsa heç
düşünmüsünüz ki, illərlə kor
olmuş, həyatı və həyatdakıları görməmiş
insanların bir gün gözləri görsə, onlar neynəyərlər,
necə yaşayarlar? Mən heç vaxt düşünməmişdim.
Amma Məcidi "Söyüd ağacı"
filmi ilə nəinki məni bu haqda
düşündürdü, hətta bunu real olaraq göstərdi.
Özü də tək mənə yox, hamıya...
Operator, rəssam işi kimi xüsusiyyətlərindən
daha çox filmin ideya və məzmun tərəflərindən
yazmaq istəyirəm. Sadəcə onu qeyd edim ki, kameranın hadisələrə
müdaxilə etmədən, kənardan müşahidə
metoduna (bir-iki yerdə kameranın hadisələrə baş
qəhrəmanın gözü ilə baxışı istisna
olmaqla) və rəssam işində soyuq rənglərə
üstünlük verilmişdir. Filmdə
müasir kino estetikasına uyğun olaraq musiqiyə, dialoqlara,
dinamikaya çox yer verilməyib. Kadrın,
görüntünün nəqli aparıcı mövqedərdir.
Müəllif filmi demək olar ki,
başdan-başa kinematoqrafik detallar, simvollar üzərində
qurub. Az qala hər epizodda
rast gəlinən və ümumi kontekstə xidmət edən
kadraltı mesajlar filmin ideya və məzmununu zənginləşdirir.
Məcidinin bir çox filmlərində olduğu kimi, bu
filmində də niyyət etmək, qurban kəsib paylamaq,
Söyüd ağacı simvolu və s. dini motivlər və
Mövlanə Cəlaləddin Ruminin timsalında sufi elementlər yer almışdır. Hətta baş qəhrəmanın adının
Yusif olması da Yusif peyğəmbərin Allahdan xahiş edib
kor bir uşağın gözlərinin açılmasına
səbəb olması və onun sonrakı hərəkətlərini
görüb bu xahişi etdiyi üçün
peşmançılığı ilə bağlı bir dini
rəvayətə işarə edir. Bütün
bunlara baxmayaraq, mənə elə gəlir ki, Məcidi dini
motivləri də bəşəri kontekstdə təqdim etməyi
bacarır.
Film uşaq ikən qəza nəticəsində
gözləri kor olmuş 45 yaşlı Yusifin (Pərviz Pərəstui)
həyatından bəhs edir. Bütün həyatını gözləri
görmədən inşa edən, ədəbiyyat müəllimi
Yusifin arvadından (Röya Taymurian) və kiçik
qızından (Məlikə Əslafi) ibarət ailəsi var.
O, Fransada əməliyyat olunduqdan sonra gözləri
açılır və İrana qayıdır. Hər şey də bundan sonra baş verir. 45 yaşında sanki yenidən dünyaya gələn
Yusif dünyanı və dünyadakıları özü
üçün kəşf etməyə başlayır.
Lakin ən pisi odur ki, dünyadakılar heç
də onun xəyalında yaratdığı və
yaşatdığı kimi deyil. O, görmək istədiklərindən
daha çox görmək istəmədikləri ilə
qarşılaşır. Metroda onun gözləri
qarşısında bir nəfərin başqa birinin cibindən
oğurluq etməsi, televizor mağazasının yanından
keçərkən televizorlarda gördüyü bir-birini
parçalayan şirlər, ac-yalavac əfqan uşağı
və s. Yusifin kor ikən qaranlıq dünyasında olmayanlar,
təsəvvür edə bilmədikləridir. Beləcə,
qəhrəman illərlə yaşadığı öz
qaranlıq dünyasından ayrılır, yeni
düşdüyü dünyanı isə qəbul edə, bu
dünyanın adamı ola bilmir. Nəticədə,
iki dünyanın arasında qalır və həyatı məhv
olur...
Film həyatın, zamanın simvolu olaraq
arxda suyun axıb getməsi və Yusiflə qızının
taxta parçalarını suda axıtması ilə
başlayıb, sanki tamaşaçının da fikirlərini
hadisələrin içərisinə axıdıb aparır. Bu məqamda müəllif filmdə
olacaqlarla bağlı ilk mesajını verir:
qızının taxtası suda sona qədər axıb getsə
də, Yusifin taxtası həyatın axarında yarı yolda
daşlara ilişib qalır. Daha sonra qəfil əsən
küləyin qəhrəmanın dərs
kağız-kuğuzlarını ətrafa, balkondan
aşağı səpələməsi, onun
kağızları tutub saxlamaq cəhdləri, onların
müəyyən qədərini tutub sinəsinə
sıxması da baş verəcək hadisələri,
ümumi məzmunu nişan verir. Belə ki, Yusif qeyri-ixtiyari olaraq öz korluğu -
qaranlıq dünyası ilə bağlı olanları küləyin
aparmasına mane olmaq istəyir və bir qədərini də
tutub saxlayır. O, əslində, bütün film boyu bu
istəyini davam etdirir. Gözlərinin açılması
üçün nə qədər Allaha yalvarsa da, gözləri
açılandan sonra həyətdə gül-çiçək
əkib sulayan arvadına və qızına, yəni yeni həyata
qoşulmur, bağlanmır, onları sadəcə pəncərə
arxasından izləyir, yenə də günü iş
otağında öz keçmişini çək-çevir
etməklə keçir...
Qəhrəman hələ Fransada xəstəxanada olarkən
Murtuza (Rza Naci) adlı bir həmyerlisi ilə tanış
olur. O da gözlərinə görə buradadır. Bu məqamda
Məcidi çox möhtəşəm bir kinematoqrafik mesajdan
istifadə edib: yavaş-yavaş Yusifin gözləri
sağaldıqca, Murtuzanın gözləri tutulur...
Məcidinin filmlərini mənim
üçün dəyərli edən məqamlardan biri də
onun əksər filmlərində qəhrəmanların Azərbaycan
dilində mahnı ifa etmələridir. "Söyüd ağacı"nda da
Yusif xəstəxanada Murtuzadan haralı olduğunu soruşanda
Murtuza "Aman ovçu" xalq mahnısından "Aman
ovçu, vurma məni, Mən bu dağın
maralıyam..." misralarını ifa edərək cavab
verir... Təsadüfi deyil ki, istər Yusif
obrazını canlandıran Pərviz Pərəstui, istərsə
də Məcidinin "Sərçələrin nəğməsi",
"Yağış" kimi filmlərində də Azərbaycan
mahnıları oxuyan, Murtuza rolunun ifaçısı Rza Naci hər
ikisi azərbaycanlıdır.
Yusifin gözləri açılanda ilk
gördüyü özündən dəfələrlə
ağır yükü daşıyan qarışqa olur. Bununla müəllif əslində, yeni həyata
gəlmiş 45 yaşlı körpəyə həyatın
mahiyyətini və gələcəkdə onu gözləyənləri
göstərir... Anasını ilk görən
kimi tanıyan qəhrəmanla arvadının münasibətləri
fərqli istiqamətə doğru yön alır. Ən pisi odur ki, arvadı onun illərlə xəyalında
yaratdığı və yaşatdığı qadın
deyil, o, sanki yad bir adamla qarşılaşır. İllərlə bir yerdə yaşamış ər-arvad
iki yad adama çevrilirlər. Ən
maraqlı məqam isə odur ki, onu diqqətlə süzən
Yusifə arvadı "mənə niyə elə
baxırsan?" - sualını verdikdə,
qarşı tərəfin "paltarını niyə dəyişmirsən?"
- deməsi ilə arvadı sanki diksinir. O,
yalnız indi başa düşür ki, əri artıq onu
görür. Və qadın həyatında ilk dəfə
yatmağa hazırlaşarkən əri üçün
saçlarını, əyin başını səliqəyə
salır...
Qəribədir ki, gözləri görməyərkən
Allahın verdiyi həyata və nemətlərə
şükür edən qəhrəmanın gözləri
açılandan sonra bütün həyatını heçə
yaşadığını düşünməyə
başlayır. Keçmişindən qurtarmaq üçün
kitabxanasını, yaz-pozusunu toplayıb yandırır. Kağızların kül qırıntıları
göylərə yüksəlib ecazkar bir görüntü
yaradır. Lakin Yusifin külə dönmüş
keçmişi onu tərk etmir, yenidən qayıdıb yerə
tökülür...
Yusif yeni həyatına bağlana və onu
yaşaya bilməyib, hər şeydən bezir. Ən əsas da ətrafındakıların,
xüsusən, arvadının hələ də onun kor
olmadığına, normal insan olduğuna öyrəşə
bilməməsindən, ona qayğıya və köməyə
möhtac uşaq kimi baxmasından, hər addımda ona görə
narahat olmasından və s. bezir.
Yaşaya bilmədiklərini, gəncliyini
yaşamaq istəyən qəhrəman gənc bir qıza
vurulur. Arvadı
və anası bundan xəbər tutanda ondan üz döndərirlər.
Amma bu hərəkətinə görə Yusifi
qınamaq, günahlandırmaq olmur. Heç arvadı və
anası da günahlandırmayıb, sadəcə tərk edirlər...
Yusif daha korlar məktəbində də dərs
keçmək istəmir. Sinifə pəncərədən baxıb
qaçır. Qaranlıq keçmişindən, yenə
kor ola biləcəyindən qorxur. Beləcə o, keçmişindən qaçır,
gələcəyinə doğru isə gedə bilmir. Sonda onun gözləri yenidən tutulur. Dayısı onu yenidən müalicə etdirmək
istəsə də, Yusif razılaşmır, həkimdən də,
dayısından da qaçır. Amma
özü də bilmir hara. Zülmət və
işıq adlı iki dünyanın arasında
qaçır. Filmin sonunda həmin
yüklü qarşıqa yenə də gəlib ekrandan
keçir, ancaq bu dəfə qəhrəman onu görmür.
Yusif Allaha yalvarıb ona bir şans da verməsini
istəyir. Amma bu mümkündürmü?..
Sonda onu deyim ki, Məcid Məcidi
haqqında demək istədiklərim və
düşündüklərim yaza bildiklərimdən qat-qat
çoxdur. Mənimçün yaradıcılıq ən əsas
yaratdığına ruh verə bilməkdir. Eyniylə Tanrı kimi. Məcidi isə bu
işin öhdəsindən çox böyük məharətlə
gəlməyi bacarır...
Elşad ƏRŞADOĞLU
525-ci qəzet.- 2018.- 28 iyun.- S.4.