Kamran Nəzirli: altmışdan o yana

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

Dövrümüz lirika əsridir və kimsə inkar eləməz ki, bu xalqın, millətin ürəyindən poeziyaya məhəbbəti silib aparmaq mümkündü. Şeir yenə də bütün ədəbi formaları üstələməkdədir. Amma bu o demək deyil ki, nəsr, dramaturgiya, publisistika və ədəbi tənqid oxunmur, sevilmir, təbliğ olunmur.

Nəsr bu ədəbi formaların içərisində son illərdə daha çox diqqəti cəlb etməyə başlayıb və doğrudan da, artıq "roman böhranı" aradan qalxmaqdadır, indi lap cavan ədiblər də roman yazmağa girişiblər, şairlər də, hətta qeyri peşə sahibləri də roman "istehsal" etməklə məşğuldurlar. Nəsrin digər formaları da kəmiyyət mənasında heç də bizi darıxmağa qoymurlar. Povestlər də yazılır, hekayələr də. Təbii ki, kəmiyyət yaxşı şeydir, amma həddini aşanda pis. Ona görə də, yaxşı hekayənin, povestin və romanın yaranması bizi sevindirməyə bilməz.

Bu xüsusda söhbəti uzatmaq istəmirəm və bu yaxınlarda 60 yaşını qeyd etdiyimiz istedadlı nasir Kamran Nəzirlinin nəsr əsərləri haqqında söz demək istəyirəm. Onun nəsri-hekayələri, povestləri və ilk romanı oxucularımızın, ədəbi ictimaiyyətin diqqətindən yayınmır. Hərçənd ki, Kamran Nəzirli bir neçə pyesin də müəllifidir, bədii tərcümə ilə ardıcıl məşğul olur, Cek Londondan, Ernest Heminqueydən, Oskar Uaylddavn, Uilyam Folknerdən, Con Qolsuorsidən Azərbaycan dilinə çevirdiyi gözəl tərcümələri var. Amma bu yazıdan ömrünün qırx ilini ədəbiyyata həsr eləmiş bir yazarın bütün yaradıcılığı haqqında söz açmaq mümkün deyil.

Kamran Nəzirli ədəbiyyata hekayə ilə gəlib. Onun hekayələri "Sevgi nağılı", "Komada olan adam", "Miras", "Babalar nağıl danışmırlar" və başqa kitablarında özünə yer tapıb. Bu hekayələr Amerika, Hollandiya, Türkiyə, Koreya, Özbəkistan, Ukrayna və başqa ölkələrdə çıxan müxtəlif almanax və jurnallarda da dərc edilib.

Bizim çağımızda - ədəbiyyat dərgilərində, nəşr olunan nəsr kitablarında hekayə qıtlığı ilə üzləşmirik. Hər il, hər ay, hətta hər gün hekayə oxuyuruq. Amma gəlin etiraf edək ki, bu hekayə çoxluğunda bədii keyfiyyəti ilə seçilən hekayələrin sayı o qədər də üstünlük təşkil eləmir. Kamran Nəzirlinin hekayələri içərisində oxunmalı, yadda həkk olunmalı hekayələr az deyil. Əsas odur ki, bu hekayələr janrın tələbləri ilə səsləşir, müasirlərimizin həyatını, gerçəkliyin hadisə və olaylarını doğru-düzgün əks etdirir, təsvir olunan qəhrəmanlar həyatidir, bədii təxəyyül burada həlledici rol oynasa da, o qəhrəmanlar həyatdan gəlir. İlk növbədə müəllifin "Axtarış" hekayəsindən söz açmaq istəyirəm.

"Axtarış" adlı bu hekayə 16 mart 2013-cü il "525-ci qəzet"də dərc edilib.

"Axtarış" hekayəsində biz Kamranı artıq yetkin, kifayət qədər təcrübəli bir nasir kimi görürük və məsələ burasındadır ki, bircə hekayə ilə də yazıçının nəyə qadir olduğunu izləmək mümkündür.

Hekayə nəsrin "boyca balaca", amma "ağılca" ən yüyrək bir janrıdır. Deyirlər ki, yaxşı bir hekayə ilə romanın, yaxud povestin əhatə etdiyi məzmunu ifadə etmək olar. Zənnimcə, buna heç ehtiyac yoxdur. Çünki hekayədə əks olunan həyat həqiqətləri, obrazlar və onların qarşılıqlı münasibətləri, təsvir edilən hadisələr məhz hekayə tipi üçün nəzərdə tutulur. Yalnız yazıçı istedadı imkan verir ki, bir hekayədə son dərəcə aydın bir mətləb ifadə etsin, elə bir obraz yaratsın ki, o obraz həyatdakı prototipini ləyaqətlə təmsil eləsin (Novruzəli, Qurbanəli bəy, Usta Zeynal, Şeyx Şəban, Erkək Tükəzban və s. kimi), elə hadisə təsvir eləsin ki, o hadisədən oxucu təsirlənsin, sarsılsın, ya da ibrət dərsi götürsün.

Kamran Nəzirlinin "Axtarış" hekayəsi (sonralar "Manana və Tokay" adı ilə dəyişildi) bir neçə aspektdən diqqəti cəlb edir. Birincisi, hekayənin oxunaqlı olması önəmli faktdır. Oxucu üçün maraqlı səhnələr, təsvirlər, dialoqlar təqdim edilir və müəllif bütün bunları səliqə ilə, bir xətt boyunca yerləşdirə bilir. İkincisi, sona qədər həm müəllif təhkiyəsində, həm də obrazların bir-biri ilə münasibətində dil aydınlığı, səlisliyi ilə qarşılaşırsan. Kamran Nəzirlinin nəsri məhz elə bu xüsusiyyətinə görə də seçilə bilir. Onun nəsrində dil canlıdır, necə deyərlər, insan kimi nəfəs alır, nəfəs verir, koloritli və şirəlidir

Hekayədə təsvir olunan hadisələr Azərbaycandan kənarda - Sarpi qəsəbəsində (Batumidə), turistlərlə dolu olan "Kameo" hotelində cərəyan edir. "Sarpi qəsəbəsindəki turistlərlə dolu olan "Kameo" hotelinin vestibülündə sakitlik hökm sürürdü; yay səhərinin gözü açılmamışdı, alatoranlıq idi; arabir magistral yoldan ötən minik və yük maşınlarının səsi gəlirdi, amma bu, bütün günü yaxındakı çimərlikdə özünü günə verən, Qara dənizin şəffaf suları qoynunda doyunca çimən, gecələr isə gürcü mətbəxi və şərabının ləzzətindən yorğunluq çıxaran hotel sakinlərinin şirin yuxusuna mane olmurdu. Subtropik qəsəbənin ətirli və gurultulu havası bahalı, parlaq tünd mavi şüşəli açıq qapıdan içəri dolurdu". Hekayə hadisələrin cərəyan edəcəyi məkanın təsviri ilə başlayır və təbii ki, burada hələ başlanacaq münasibətlərdən, konfliktdən xəbər verilmir. Deməli, Kamran Nəzirli əksər hekayələrə xas olan "tədrici inkişaf" sxeminə sadiq qalır. Bəli, bu təsvirlərdən sonra əsərin qəhrəmanlarının təqdimatı gəlir: "Vestibülün baş tərəfində pardaqlanmış lövhənin üstündə "hotel inzibatçısı" sözləri yazılmışdı; üstü şüşəli enli arakəsmədən səliqə ilə daranmış qısa, şabalıdı qız saçları görünürdü; qızın başı aşağı əyilmişdi, o da nəsə hesablayır, yazıb-pozur, sonra gərgin və narahat halda başını qaldırıb qapıya tərəf, hotelin qabağındakı baxçada üstüörtülü çardaqda oturub dalğın-dalğın xəyallar quran nimdaş köynəkli oğlana göz qoyurdu, sonra başını yenə aşağı sallayıb kompüterdə nəsə yazırdı". Az sonra məlum olacaq ki, oğlan və qız bir-birlərini sevirlər və nişanlıdırlar. Qız-Manana gürcü, oğlan-Tokay-azərbaycanlıdır. Yox, müəllif yeni "Şeyx Sənan-Xumar", ya da "Əsli-Kərəm" faciəsini qələmə almaq fikrində olmayıb. İndi XXI əsrdir.

Hotel sahibi Nodar Canidze oğlanı qızın yanında görəndə çox təəccüblənir, amma Manana söyləyir ki "Biz Tokayla nişanlı kimiyik. Bir az pul toplayan kimi toyumuzu edəcəyik!"

Hekayənin başlanğıc mərhələsi burada tamamlanır və oxucu gözləyir ki, bundan sonra əsl "həngamə" necə olacaq... Budur, hekayədə üçüncü obraz peyda olur, Almaniyadan gələn turist qadın - xanım Şrayner gəlib çıxır. Məlum olur ki, o, gürcüdür, adı da Manana, iyirmi beş il əvvəl bir almana ərə getmiş və xasiyyətcə tamamilə dəyişmişdir. Əvvəla, gürcü qızğınlığını alman soyuqluğu ilə əvəz etmişdir, qupquru, soyuq təbiətli bir insana dönmüşdür. İkincisi, öz doğma dilində də danışmağı yadırğamışdır, çünki uşaqları alman dilində danışır. Xanım Şrayner bircə ona sevinir ki, Gürcüstanı tanıya bilmir, "Gürcü xalqı axır ki ağ günə çıxdı" deyir.

Hekayədə hadisələrin əsas nüvəsini müəyyənləşdirən bir olay baş verir. Hotel sahibi onu işə götürür, hələlik həyətdəki bağçaya baxmağı tapşırır. Bu şad xəbəri sevgilisinə çatdırmaq üçün hotelə tələsir. Yolu sahildən keçir və bu zaman baxıb görür ki, xanım Şrayner suyun üzündə uzanıb sakitcə göyləri seyr edir. Və bu zaman gözlənilməz bir hadisə baş verir; havanın üzü birdən-birə dönür, xanım Şrayner güclü dalğa nəticəsində dənizdə batmaq üzrədir. Onu xilas etmək üçün Tokay ölüm-dirim savaşına girişir: "Tokay bir əli ilə Şraynerin saçlarından tutub dartır, o biri əli ilə amansız dalğaların caynaqları arasında sahilə can atırdı. Çimərlikdəki rus, türk, gürcü, azərbaycanlı, erməni turistləri bu səhnəni təşvişlə izləyir, yaşlı qadınlar özündən iki dəfə ağır olan alman turistini sahilə dartan oğlanı göstərib deyirdilər:

- Uşaqda cəsarətə bax e!"

Əlbəttə, müəllif öz qəhrəmanını - həyata yenicə atılmış, amma kifayət qədər müsbət enerjiyə malik azərbaycanlı Tokayı oxucuya sevdirə bilir. Hiss olunur ki, K.Nəzirli təsvir etdiyi obrazın düşüncə tərzi ilə hərəkətləri arasında bir vəhdət yaratmağa çalışır.

Bəli, alman turisti xanım Şrayner boğulmaqdan xilas olur. Əvvəlcə alman səfirliyi ölkəsinin vətəndaşını ölümdən xilas etdiyi üçün Tokaya təşəkkürünü bildirir, sonra xanım Şrayner bu igidliyinə görə Tokaya minnətdarlıq edir. Amma hekayədə yeni bir olay üzə çıxır. Məlum olur ki, xanım Şraynerin üzüyü dənizdə itib. Özü də bu üzük dəyərinə görə çox qiymətlidir

Əgər bu üzük əhvalatı olmasaydı, hekayəni həmin məqamdaca bitirmək olardı. Onda hekayə sovet dövründə yazılan bəzi hekayələr kimi "müsbət qəhrəman"ın "qələbəsi" ilə bitərdi. Amma oxucu da hiss edir ki, hekayəni burada bitirmək olmaz. Ona görə də intizarla hadisələrin sonrakı gedişatını izləyir.

Xanım Şrayner Almaniyaya yola düşür və gedəndə Tokayla, Manana ilə səmimi görüşür, onları toydan sonra "bal ayına" - Almaniyaya dəvət edir.

Tokayla Manananın toyu olur və bir ildən sonra onlar Almaniyaya - xanım Şraynerin yaşadığı Frankfurt şəhərinə yola düşürlər. Məqsəd həm Manananı həkimə göstərmək, həm də xanım Şrayneri görməkdir.

Oxucunu intizarda saxlayan elə bu görüşdür. Doğrudan da, fikirləşməyə dəyər, görəsən, bu görüş baş tutacaqmı?

Budur, Manana hoteldən xanım Şraynergilə zəng vurur. Və gözlənilməz bir hadisə baş verir, xanım Şraynerin əri onları tanımır, bu Tokayı və Mananı çox pərişan edir. Amma onlar Frankfurtdan təyyarə ilə Tbilisiyə qayıdanda "uzaqdan adamları yara-yara onların uçuş qapısına tərəf tələsən xanım Şrayneri və uşaqlarını" görürlər. "Tokay başını onun çiyninə qoyub dünyanın ən gözəl mürgüsünü vuran boylu qadınını dümsüklədi.

 - Ora bax, gör bizə tərəf kimlər gəlir?"

Doğrudan da bu sonuncu səhnə oxucunu nigarançılıqdan qurtarır və o, rahat nəfəs alır. Heç ola bilərdimi dənizdə az qala boğulan bir qadın öz xilaskarına doğru yüyürməsin? İnandırıcıdır.

Kamran Nəzirlinin "Axtarış" hekayəsi bir daha göstərir ki, bugünkü nəsrdə hekayə yenə keçən əsrdə olduğu kimi maraqlı, orijinal nümunələrlə diqqəti cəlb edə bilər.

Kamran Nəzirlinin "Qoca uşaq", "Xalq artisti", "Lidiya İvanovanın qəyyumları", "Qorxulu sevgi", "Ağlaya bilməyən adam", "Gülə bilməyən adam" və s. hekayələri də sübut edir ki, "kiçik" janrda da uğur qazanmaq mümkündür.

Kamranın bu hekayələrinin bir çoxu "portret" hekayələrdir. Yəni həmin hekayələrdə təsvir olunan obrazlar daha çox diqqəti cəlb edir, nəinki hadisələr, olaylar. "Qorxulu sevgi" artıq həyatda başı çox bəlalar çəkmiş bir insanı-on beş il həbsdə yatıb öz doğma kəndinə qayıdan Dəmir Adamın hekayəsidir. O, sevdiyi qızın nişanlısını bıçaqlayıb, onu qətlə yetirib, indi eşidir ki, həmin qızı - Zahiməni öldürdüyü oğlanın qardaşı İlyasa veriblər və iki uşaqları da var. Öz çılğın təbiətinə sadiq qalan Dəmir Adam (bu ləqəbi ona türmədə veriblər) İlyasgilə yüyürür, onu öldürəcəyi ilə hədələyir və doğrudan da, qəflətən işıqlar keçməsəydi, qəfildən sönməsəydi və evdə yanğın baş verməsəydi, o, istədiyini həyata keçirəcəkdi. Amma yanğın baş verir və bu anda biz Dəmir Adamın evin içindən yananları xilas etdiyini görürük. Bəlkə də bu hekayə kiməsə macəra tipli bir hekayə təsiri bağışlayacaq. Amma çılğın xarakterli, özü də əvvəli qatil olan bir insanın belə bir hərəkəti İNSANIN İÇİNDƏ İNSANLIQ MEYARININ ÖLMƏDİYİNƏ bir sübutdur.

Kamran Nəzirlinin on bir əvvəl yazdığı "Qoca uşaq" hekayəsi isə "hadisə, vəziyyət" ("Axtarış" hekayəsində olduğu kimi) hekayə tipinə aiddir. Hekayəni oxuyursan və doğrudan da, təsirlənir, həyəcanlanırsan. Yurddaşlarımızı çadırlarda yaşamağa, səfil, sərgərdan həyat keçirməyə məcbur edən hadisələr, vəziyyətlər səni də düşündürür.

Başqa bir hekayə - "Lidiya İvanovnanın qəyyumları" - bir az gülməli, bir az ciddi, bir az da ağlamalı hekayədir. Amma müəllifin ən başlıca uğuru həmin o rus qadının xarakterik obrazını yaratmasındadır.

Kamran Nəzirli bir il öncə ilk romanını də bitirdi, "Dördüncü möhür" adlanan bu roman onun nəsrin daha vüsətli, epik səciyyəli bir janrda da qələmini sınamaq səyindən doğdu. Bu 430 səhifəlik roman janr etibarilə ədəbi ənənəyə sadiqliyin sübutudur: Kamran S.Rəhimovun, Ə.Vəliyevin, İ.Əfəndiyevin, S.Əhmədlinin, B.Bayramovun, İ.Hüseynovun epik janr ənənəsini davam etdirir. Onun bu romanında geniş və təfərrüatlı süjet xətti, bitkin kompozisiya, böyük həyat yolu keçən insanlar (obrazlar), cəmiyyətdə, Azərbaycanın bu yaxın tarixində iz buraxan hadisələr, həm lirik, həm publisistik təsvirlər diqqəti cəlb edir. Və əlbəttə, ənənə heç də yazılmışları təkrar etmək deyil, o ənənəni yeni bədii düşüncə tərzi ilə davam etdirməkdir. "Dördüncü möhür" romanında bir ailənin həyat tarixçəsi nəql edilir. Bu ailənin yaşadığı yurd yeri qədim Azərbaycanın Sisyan ərazisi, Ağüdi kəndidir. Məlum hadisələr baş verir və ailə öz doğma torpağından ayrı düşür. Ailənin kiçik qızı Banu universitet bitirir, psixoparatiya elm sahəsini seçir, təkcə Azərbaycanda deyil, xaricdə də məşhurlaşır. Və əlbəttə, onun mənəvi aləmi, ailə həyatı, müəyyən uğursuzluqlar da yaddan çıxmır. Romanda işıqla zülmət, xeyirlə şər qüvvələri arasında amansız mübarizə gedir. Və ən başlıcası budur ki, təsvir olunan obrazların (istər aparıcı, istərsə də epizodik) hər bir biri fərdi cizgiləri ilə diqqəti cəlb edir, həm də müəllif onları tipikləşdirir.

Kamran Nəzirlinin 60 yaşı tamam olur. O, yaradıcılığının ən məhsuldar və qızğın dövrünü yaşayır. V.Q.Belinski yazırdı ki, ədəbiyyatın əsas vəzifəsi həqiqət axtarışıdır. K.Nəzirli də bu axtarışlara ömür həsr eləyən bir dostumuz, həmkarımız və tanınmış yazıçımızdır.

 

 

525-ci qəzet.-  2018.- 29 iyun.- S.8.