Bakıda İran Mədəniyyəti günləri keçirilir
İyunun 27-də M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında
İran Mədəniyyət Günlərinin rəsmi açılış
mərasimi olub.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə Azərbaycanın və İranın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış
edərək İran və Azərbaycan arasında qarışlıqlı
mədəni əlaqələrin
inkişafından danışıb. O deyib ki, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran memarlıq, xalq yaradıcılığı nümunələri,
ədəbiyyat və
rəssamlıq kimi sənət növləri
var: "Bu sahədə
birgə layihələrin
həyata keçirilməsi
əməkdaşlığın əsas istiqamətini təşkil edir. Azərbaycan-İran mədəni əlaqələrində
teatr sahəsi də önəmli yer tutur. Azərbaycan teatrları mütəmadi
olaraq İranda keçirilən beynəlxalq
festivallarda uğurla iştirak edirlər.
İki ölkənin milli kitabxanaları arasında sıx əməkdaşlıq
informasiya mübadiləsi
üçün geniş
imkanlar yaradır.
Bu gün iki dövlətin
həyatında olduqca
mötəbər gün
yaşanmaqdadır. İran və
Azərbaycan mədəniyyətləri
tarixən bir-birinə
yaxın və oxşar olub. Bu gün İran
sənətçilərinin Azərbaycanda, Azərbaycan
sənətçilərinin də İranda çıxışları adi
hal alıb. Bu da bizim mədəniyyətlərimizin yaxınlaşmasına
daha bir zəmin yaradır. Bu dəfə İran
sənətçiləri Bakı
və Gəncədə
maraqlı çıxışları
ilə insanların zövqünü oxşayacaq.
Mədəniyyət günləri çərçivəsində
keçiriləcək ustad
dərsləri və texniki məsələlər
müzakirə edilərək
öz həllini tapıb. İnanıram ki, bu tədbirdən sonra iki dövlətin mədəniyyət sahəsində
əməkdaşlıq əlaqələri
daha da inkişaf
edəcək, mədəni
mübadiləyə təkan
veriləcək. Belə tədbirlərin
reallaşdırılması iki ölkənin dövlət başçılarının
təşəbbüsü əsasında gerçəkləşib".
İran İslam
Respublikasının mədəniyyət
və islami irşad naziri Seyyid Abbas Salehi
bildirib ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafı
üçün böyük
potensial var. Onun sözlərinə görə,
bir tərəfdən
xalqlarımızı birləşdirən
mədəni və tarixi köklər, digər tərəfdən
isə hazırda ölkələrimiz arasında
siyasi əlaqələrin
yüksək səviyyədə
olması buna əminlik yaradır: "Ölkə rəhbərlərinin
çoxsaylı görüşləri,
dövlətlər arasında
imzalanan sazişlər
göstərir ki, ikitərəfli əlaqələr
üçün yetərincə
hüquqi baza mövcuddur. Bu da
mədəni sahədə
çoxsaylı proqramları
icra etməyə geniş imkanlar yaradır.
Hər iki dövlətin qədim mədəniyyətə
malik şəhərləri
var. Bu şəhərlərdə dünyanın nadir mədəni,
tarixi abidələri yerləşir. Bizim dinimizdə, mədəniyyətimizdə
bir-birinə bağlı
olan onlarla maddi-mədəniyyət nümunələri
mövcuddur. Bizim keçmişimizi
və bu günümüzü gələcəyə
birləşdirən mədəniyyətdir.
Bizim mədəni əlaqələrimizin
inkişafı qarşılıqlı
tədbirlərin reallaşması
üçün baza rolunu oynayır. Dövlətlərimizin başçıları mədəni əlaqələrimizin
daha da inkişafına
dəstək olurlar.
İnanıram ki, bundan sonra da bu
əlaqələr inkişaf
edəcək".
Tədbir
tanınmış İran dirijoru Firudin Şəhbarianın bədii
rəhbərliyi ilə İran Milli Orkestrinin müşayiətində
konsert proqramı ilə davam edib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2018.- 29 iyun.- S.7.