Nə
yaxşı ki, varsınız!
ŞAİR
ÇİNGİZ ƏLİOĞLUNUN DOĞUM GÜNÜNƏ
... Axın-axın adamlar gəlir
və köçür
dünyadan. Niyə
və nədən gəldiyinin də fərqində olmur çox adam.
Dörd bir tərəfdən belə
adamların əhatəsində
yaşadığımızdan ürək ağrısına
tutuluruq bəzən...
Bir də görürsən
qonşudan bir tüstü dumanı qalxdı və hər kəsi narahat etməyə başladı. Bəli, bu hələ bircə qonşusuna, bircə uşağa balaca nəlbəkidə pay verilməyən,
adına "imam ehsanı" dediyimiz o yerə tökülən bərəkətli tut ağacının
yarpaqlarının tüstüsüdür
ki, bütün qonşulara "hədiyyə"
olunur. Bu da bir adamdır, zalımca əlləriylə
pişiyi boğub öldürən birinin dünyaya, həyata, insanlara hədiyyəsi başqa necə olar ki?...
Beləcə, ömür
keçir, adamlar tüstü olur, duman olur, zülmət
olur...Amma adam istəsə
yağış olar, topa-topa çiçək
olar, günəş olar, işıq olar... Vətən olar, Qarabağ olar, doğma olar, əziz olar... Sevimli, istiqanlı şairimiz Çingiz Əlioğlu kimi...
Ağdamda keçən uşaqlıq
çağımda televiziyada
görmüşdüm onu...
Sonra kəndimiz işğal olundu. Bərdədə sığındığımız
dəmir vaqonda möhkəm xəstələndim.
Evindən bir çöp
çıxara bilməyən
yataqxanada məskunlaşan
böyük bacım məni Bakıya gətirdi. Elə bir məqam idi ki, oxumaqdan
əvvəl işləmək
gərəkdi... Amma mən elə oxumaq istəmişdim ki... Hələ kənddə yaşayanda məni də oxumağa qoymamışdı
anam... Sonra işlədim də,
oxudum da, yazdım da...Və bir gün
hələ yaxından
görmədiyim sevimli
şairimiz Çingiz
Əlioğlu ilə müsahibə etmək fikrinə də düşdüm. Elə bilirdim,
asandı hər şey. Üstümdə diktofonum da yox, düşdüm yola. Çingiz müəllim əvvəl
mənə bir az sərt
görünmüşdü. Amma sonra onun
qəlbini duyunca anladım ki, ipək kimi ürəyində necə
gözəl, rəngli
bir dünyası var... Onun səsi,
görünüşü, rəftarı o qədər
doğmaydı ki, hər görəndə
"Sizi çox istəyirəm" deyə,
uşaq sadəlövhlüyü
ilə etiraf edirdim... Amma nə
qədər imkansız,
işsiz, çətin
vəziyyətdə olsam
da, heç vaxt Çingiz müəllimdən bir xahiş etməmişdim. Düzü, bu heç mənim ağlıma da gəlməyib... Amma bir gün işimi-gücümü, güzəranımı
soruşdu. Onda cüzi
qonorarla qəzetdə
çalışırdım. Elə "ağıllı" idim ki, onun təklif
etdiyi işi qoyub başqa səmtə getdim. Elə yoldaca səhv etdiyimi anladım və geri donməyə
üzüm gəlmədi.
Və o səhv mənə çox baha başa gəldi. Bir il keçməmiş yüyürə-yüyürə
qayıtdım səhvimi
düzəltməyə. Elə
bundan sonra da işlə bağlı problemim olmadı...
Çingiz müəllim bax belə, çox gəncin əlindən tutub, işə düzəldib,
müxtəlif ölkələrdə
kitablarını çap
etdirib. Hələ mən
çoxunu bilmirəm...
O, həmişə gənclərin
yanında olub. İstər efirdə, istər radioda, mətbuata müsahibələrində və
harada çıxış
etsə, gəncləri
dəstəkləyib, onların
istedadından danışıb.
Elə ona görə də Çingiz müəllim özü də bir gənc kimi
qalıb yaddaşımızda...
Biz onun yaşını
bilmirik...
Çingiz müəllimin kitablarını, şeirlərini
oxumuşam, onunla bir neçə dəfə müsahibə
etmişəm, yazı
yazmışam. Son vaxtlar isə onun rus
uşaq şeirindən
tərcümələrini oxudum.
2-ci sinifin sinifdənxaric
oxu kitabına salınmış özünün
yazdığı "Unnuca"
şeirinə isə
lap valeh olmuşam...
Bizim kənddən o yana,
biyana bax, biyana.
Bir yanda da unnuca!
Bollucadır, bolluca!
Unnucanı yığdılar,
suya salıb sıxdılar.
Nənə
bişirdi xörək -
adını bilim gərək!
- Nənə,
nə bişirmisən?
- Can bala, bu dovğadı...
İçdim,
içdim dovğanı,
yedim,
yedim doymadım...
Bu şeiri oxuyandan
az qala
hər gün ürəyimdə əzbər
deyirəm. Yazarlar getdikcə adətən
böyük janrlara üz tuturlar. Mən isə balacalaşmışam, deyəsən...
Çingiz müəllim sözə çox həssas yanaşan, ona fərqli məna verəndir. Onun poeziyası ölkəmizin
hüdudlarından çox-çox
uzaqlarda oxunur və sevilir. O, avanqard şeirimizin görkəmli nümayəndəsi
olsa da, balalarımızı da unutmayıb. Belə dəyərli, şirin
uşaq şeiri yazmağı, onlar üçün tərcümələr
etməyi də sanki özünə borc bilib.
Çingiz müəllim insana da münasibətində
sözə yanaşdığı
qədər həssasdır. Yalançı, pafoslu vətənpərvərlərin,
Qarabağ adının
kölgəsində adamlıqdan
çıxanların bizə
vurduqları yaralara Çingiz müəllim kimi çox az sayda
işıqlı insanlar
məlhəm olur. O, bu gün də
bizi düşünür,
necə ki, Şuşanı, Xocalını...
Qarabağı düşündüyü
kimi... Nə yaxşı varsınız,
Çingiz müəllim!
Mina RƏŞİD
525-ci qəzet.-
2018.- 29 iyun.- S.7.