100 illiyin hərbi paradı: Düşmənə göz dağı

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən hərbi paradla rəsmi Bakı düşmənə böyük göz dağı verib.

 

Təntənəli mərasimdə Azərbaycanın nümayiş etdirdiyi silah və hərbi texnikalar işğalçı Ermənistanda böyük şok effekti yaradıb. Düşmən ölkə mətbuatında gedən yazılarda, Ermənistan rəsmilərinin, o cümlədən, baş nazir Nikol Paşinyanın çıxışlarında təşviş və narahatlıq açıq şəkildə hiss olunmaqdadır. Aprel döyüşlərinin təsirindən hələ özünə gəlməmiş Günnütdə böyük zərbə alan işğalçı ölkə himayədarlarının, onlarla bir ittifaqda təmsil olunan dövlətlərin belə Azərbaycanla hərbi əməkdaşlıq əlaqələrini ən yüksək səviyyəyə çatdırmasını həzm edə bilmir, dərin sarsıntıya məruz qalır. Ermənistanın Rusiyadan hədiyyə kimi qəbul etdiyi "İsgəndər" raketlərinə cavab olaraq, Azərbaycanın öz beynəlxalq nüfuzu və büdcəsi hesabına xarici dövlətlərdən satın alaraq, ordumuzun arsenalına daxil etdiyi İsrail istehsalı LORA, Belarus-Çin istehsalı "Polonez" raket əleyhinə müdafiə sistemləri, ABŞ istehsalı "Bell-412" hərbi helikopterlər və digər silah-sursat, hərbi texnikalar düşməni haqlı olaraq vahiməyə salır. İşğalçılar yaxşı dərk edirlər ki, Azərbaycan bu silahları nümayiş üçün almayıb. Terror siyasətinə son qoyulmadığı halda, düşmən qüvvələrinin hədəfə götürülmüş bütün hərbi-strateji obyektləri hər an bu silahlardan çıxan mərmiləri qarşılaya bilər.

 

Bu mənada, hərbi paradda çıxışı zamanı Azərbaycanın işğalla heç vaxt barışmayacağını bir daha bəyan edən prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək: "Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir. Güclü ordunu yaratmaq üçün güclü iqtisadiyyatımız olmalıdır. Biz bu istiqamətdə çox fəal işləmişik. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb. İqtisadi potensialına görə Azərbaycan bu gün özünü çox rahat hiss edir. Bütün aparıcı beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən qabaqcıl yerlərdədir. İnkişafda olan ölkələrin arasında Azərbaycan inkişafına görə dünya miqyasında üçüncü yerdədir. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac da yoxdur. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran əsas məqsədlərin həllinə yönəldirik. Onların arasında ordu quruculuğu birinci yerdədir".

 

Prezidentin sözlərinə görə, 2003-cü ildən bugünə qədər bizim hərbi xərclərimiz 15 dəfə artıb: "Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. O cümlədən, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır... Biz bütün bunları ona görə edirik ki, Azərbaycan Ordusu daha da güclü olsun. Ona görə edirik ki, hərbi potensialımız güclənsin. Ona görə edirik ki, görürük və dünyada gedən proseslər də onu göstərir ki, beynəlxalq hüquq işləmir. Əgər işləsəydi Azərbaycan torpaqları çoxdan işğalçılardan azad olunardı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilmir, onların icra mexanizmi yoxdur. Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir. Belə olan halda əlbəttə ki, bizim apardığımız siyasət düzgün siyasətdir. Bu siyasəti biz uzun illərdir ki, aparırıq. Bu hərbi potensialı biz bir ilə əldə etməmişik. Bir neçə il ərzində ardıcıl siyasət nəticəsində, o cümlədən, dost ölkələrlə səmərəli əlaqələr sayəsində biz dünyanın ən müasir silahlarını əldə etmişik və bu proses davam etdiriləcəkdir. Bundan sonra da Azərbaycan ən müasir silah və texnikanı alacaq. Buna nail olmaq üçün bizim dost ölkələrlə çox səmərəli əlaqələrimiz var. Bizim böyük maliyyə resurslarımız və güclü iradəmiz var".

 

Ordumuzun döyüş qabiliyyətini daha da artırdığını deyən dövlət başçısı qeyd edib ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılıb: "Bunun çox böyük mənəvi əhəmiyyəti var... Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

 

Mövzu ilə bağlı fikirlərini bildirən politoloq Arzu Nağıyev qeyd edib ki, Azərbaycan möhtəşəm hərbi paradla bütün dünyaya bir mesaj ünvanlayıb. O, "Trend"ə bildirib ki, ölkəmiz işğal altındakı torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır.

 

Bu gün Azərbaycan Ordusunun ən müasir silah və texnologiyalarla təchiz olunduğunu deyən politoloqun sözlərinə görə, Azərbaycan kimi gənc bir dövlətin ordusunun dünyanın ən güclü orduları sırasında olması asan başa gələn məsələ deyil: "Bu, hər bir azərbaycanlı üçün qürurvericidir. Zaman keçdikcə Azərbaycan Ordusunun davamlı uğurlarının şahidi olacağıq".

 

A.Nağıyev bildirib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən müasir silah-sursatı ilə təchiz olunub: "Ali baş komandan İlham Əliyev paradda bir daha qeyd edib ki, neftdən əldə edilən gəlirlərin çox hissəsi ordunun inkişafına, zənginləşməsinə yönəlir. Təbii ki, bütün bunlar əsas verir ki, ordumuz daha da qüvvətlənsin, istənilən situasiyaya hazır olsun, Azərbaycan vətəndaşı da bundan qürur duysun".

 

Bunun ən bariz nümunəsinin 2016-cı ilin Aprel əməliyyatları olduğunu deyən politoloq vurğulayıb ki, ordumuz Azərbaycan ərazi bütövlüyünü təmin etmək qabiliyyətində olduğunu sübut edib: "Aprel döyüşləri həm ordumuzda, həm də xalqımızda qələbəyə inamı daha da artırıb, vətəndaşlarımızı ruhlandırıb. Son vaxtlar keçirilən Naxçıvan əməliyyatı bunu bir daha sübut edib. Bütün bunlar təbii ki, bu sahədə aparılan uğurlu islahatların, ordumuzun inkişafı istiqamətində həyata keçirilən strategiyanın nəticələridir".

 

Ekspert əlavə edib ki, paradda təkcə xarici dövlətlərdən alınan müasir silahlar yox, eyni zamanda, öz istehsalımız olan texnika da nümayiş etdirilib: "Bunları idarə edən milli kadrlarımız da tam təkmilləşib".

 

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, bu il Azərbaycanın ictimai-siyasi tarixində mühüm hadisələrlə yadda qalacaq: "Burada Azərbaycan Xalq Cühuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyini xüsusi olaraq vurğulamaq lazımdır. Bu şərəfli tarix Azərbaycanın dövlətçilik ənənələrinin zənginliyindən xəbər verir. Bu il biz həm də Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyini qeyd edirik. Məhz 1918-ci ildə, AXC dövründə Azərbaycan Ordusunun yaradılması ilə bağlı qərar verilib. Çox təəssüf ki, AXC-nin 23 ay ömür sürməsi nəticəsində Azərbaycan Milli Ordusunun formalaşması yarımçıq qalıb. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ordu ilə bağlı aparılan islahatlar o qədər də ürəkaçan deyildi. Elə bunun nəticəsində torpaqlarımızı 20 faizi Ermənistan tərəfindən işğal edildi. Nizamsız silahlı birləşmələr düşmən işğalının qarşısını ala bilmədi. Hökumət daxilindəki satqınlar nəticəsində Ermənistan işğalçılıq və soyqırımı siyasətini həyata keçirməkdə idi. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı sayəsində işğalın qarşısı alındı, atəşkəs əldə edildi. Ölkədəki xaos və anarxiyaya son qoyuldu, ictimai-siyasi sabitlik yardıldı. Bütün bunlarla yanaşı, Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoydu".

 

V.Rəhimzadə qeyd edib ki, bu il 100 illik yubileyi qeyd edilən Azərbaycan Ordusu dünya miqyasında öz gücü, maddi-texniki təminatı, nizamı və hazırlığı ilə seçilir: "1993-2003-cü illər ərzində Azərbaycanda ordu quruculuğu sahəsində mühüm işlər görüldü, yeni uğurlar əldə edilib. 2003-cü ildən başlayaraq prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu tamamilə yeni tərəqqi dövrünə qədəm qoyub. Ordumuz ən müasir silahlar, hərbi texnika ilə təmin edilib. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclər dəfələrlə artırıldı, mühüm kadr islahatları həyata keçirilib. 2003-cü ildən bugünə qədər hərbi xərclər 15 dəfə artıb. Onlarla hərbi şəhərcik yaradılıb. Hərbçilərin mənzil-məişət məsələləri yüksək səviyyədə öz həllini tapır. Son illərdə 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsul istehsal olunur. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasına daxil olub".

 

Baş redaktor vurğulayıb ki, iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən möhtəşəm hərbi parad bir daha ordumuzun gücünü dünyaya nümayiş etdirib: "Paradda 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları nümayiş etdirilib. Təntənəli hərbi paradda çıxış edən prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev bəyan edib ki, 2003-cü ildən başlayaraq bütün istiqamətlər üzrə, o cümlədən, ordu quruculuğu sahəsində işlər sürətlə gedir: "Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir". Ali baş komandanın bu bəyanatı ordumuzun ruh yüksəkliyini daha da artırır, gələcək zəfərlər, qələbələr üçün stimul yaradır".

 

V.Rəhimzadə hesab edir ki, Azərbaycan Ordusu bu gün torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır: "2016-cı ilin Aprel döyüşləri, eyni zamanda, keçən ay Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağının Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edilməsi bir daha bu reallığı ortaya qoyur. Lələtəpə, Günnüt zəfərləri ordumuzun gücünün, qüdrətinin göstəricisidir. Düşmən işğalından azad edilən bu torpaqlara sancılan Azərbaycan bayrağı gün gələcək Şuşada, Xankəndidə, Laçında dalğalanacaq. O gün uzaqda deyil".

 

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilən hərbi parad ölkəmizdə həyata keçirilən ordu quruculuğu işinin necə yüksək səviyyədə təşkil olunmasının əyani nümayişi idi: "Hər bir azərbaycanlı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz milli ordumuzdur. Ali baş komandan, prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Hazırda Ordumuzun belə güclü olması, ən müasir silahlarla təchiz edilməsi, döyüş tapşırıqlarını qüsursuz yerinə yetirə bilməsi hərbi-siyasi reallıqdır. Bu reallıq bizdə qürur və fəxarət yaratdığı kimi, işğalçı Ermənistanda da qorxu və vahimə yaradır".

 

H.Babaoğlunun sözlərinə görə, təsadüfi deyil ki, ali baş komandanın çıxışından dərhal sonra işğalçı Ermənistan mətbuatı bu çıxışda səsləndirilən hər bir fikri ayrı-ayrılıqda təhlil etməyə başlayıb: "Ancaq düşmənin məsələyə münasibəti reallığı dəyişmir. Azərbaycan ordusu bir-birinin ardınca elə qələbələrə imza atır ki, bu ciddi uğurlar problemin həllində yeni mərhələ yaradacaq keyfiyyət dəyişiklikləri formalaşdırır".

 

Deputatın fikrincə, Aprel döyüşləri ilə başlayan bu yeni mərhələ Günnüt kəndinin və ətraf yüksəkliklərin işğaldan azad edilməsi ilə davam edir: "Biz addım-addım məqsədlərimizə doğru irəliləyirik. Hazırkı hərbi vəziyyəti təsvir edən prezident İlham Əliyev bildirib ki, düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər".

 

Baş redaktor əlavə edib ki, paradda nümayiş etdirilən, yaxud etdirilməyən silah və sursatlarımız, ordumuzun yüksək döyüş qabiliyyəti və vətənpərvərlik əhval-ruhiyyəsi hazırki vəziyyətdə Azərbaycanın üstünlüyünü diqtə edən əsas amillərdir: "Üstəlik, ölkəmizin iqtisadi inkişafı, öz hərbi-texniki tələbatını ödəmək üçün yaratdığı hərbi-sənaye müəssisələrinin olması, bu müəssisələrdə 1200 adda müxtəlif təyinatlı silahların istehsal edilməsi, hətta bunların bir qisminin xaricə ixrac edilməsi hərbi-sənaye kompleksimizin və ordumuzun nə qədər güclü olduğunu bir daha sübut edir. Ona görə də regionda və dünyada beynəlxaq hərbi-siyasi şərtlər də uyğun olan kimi Azərbaycan ordusu bircə həmlədə ərazi bütövlüyümüzü bərpa edəcək. Şübhəsiz ki, paralel olaraq Azərbaycan diplomatiyası və xarici siyasət institutları da bu şərtlərin lehimizə olması üçün lazımi işlər həyata keçirməkdə davam edir".

 

Ceyhun ABASOV

 

525-ci qəzet  2018.- 29 iyun- S.5.