İnkişafın qarantı: Nümunəvi sabitlik və təhlükəsizlik

 

100 YAŞLI AZƏRBAYCAN POLİSİ SABİTLİYİN VƏ TƏHLÜKƏSİZLİYİN QORUNMASI, DAHA DA MÖHKƏMLƏNDİRİLMƏSİ KEŞİYİNDƏ

 

Səyyad AĞBABALI

 

25 il bundan əvvəl ümummilli lider inkişafın və müstəqilliyin Azərbaycan modelinin təməlini qoydu.

 

Bu təməl üzərində inşa edilən və dünyanın hər yerindən görünən Azərbaycan dağılmaqdan quruculuğa, siyasi kataklizmlərdən sivil siyasi mübarizəyə, insan haqlarının kütləvi surətdə pozulmasından vətəndaşların hüquq və azadlıqlarının bəşəri dəyərlərə uyğun qorunmasına, qeyri-qanuni silahlı birləşmələrin qarşıdurmasından möhkəm ictimai siyasi sabitliyin bərpa olunmasına, hakimiyyətin zor gücünə ələ keçirilməsindən demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmək ənənəsinə, tarixi əlaqələr bərpa edilməklə dövlətlərarası çoxşaxəli yeni münasibətlərin yaradılmasına nail oldu.

 

Təbii ki, qazanılan uğurların kökündə ölkədə böyük çətinliklər, habelə itkilər hesabına yaradılan ictimai sabitlik və təhlükəsizlik durur. Sabitlik olmayan yerdə nə demokratiyadan, nə insan haqlarının qorunmasından, nə iqtisadi inkişafdan, nə sosial problemlərin həllindən, nə də dövlətlərarası normal münasibətlərdən danışmaq olar. Şübhəsiz, təhlükəsizlik və sabitliyin qarantı dövlət başçısıdır, xalqın öz rəhbərinin siyasətini dəstəkləməsidir. Bununla belə, Prezidentin siyasətinin həyata keçirilməsinə yardımçı olan icra strukturları və hüquq-mühafizə orqanları var ki, onlarsız keçinmək olmaz. Bu sırada Daxili İşlər Orqanlarının (DİO) müstəsna yeri və rolu var.

 

İyulun 2-də Azərbaycan DİN-in yaranmasının yüz illiyi tamam olur. Bu yazı da iftixar qaynağımız olan Azərbaycan Xalq Cumhuriyyətinin həmyaşıdı DİO-nun keçdiyi keşməkeşli və şərəfli yola bir jurnalist baxışıdır.

 

Azərbaycan polisinin tarixinə bir nəzər

 

Azərbaycan Xalq Cumhuriyyəti qurulandan sonra - 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Cumhuriyyətin süqutunadək o, tam formalaşdırılıb başa çatdırılmasa da, dövlətin milli maraqlarını qorumaq, cinayətkarlara qarşı mübarizə aparmaq, asayişi bərpa etmək uğrunda bir sıra uğurlara imza atıb. Xalq Cumhuriyyəti dövründə Azərbaycan polisi fövqəladə çətin vəzifələri həyata keçirib. Onun önəmi müstəsna olub. Məhz ona görə də Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının ilk sədri Fətəli xan Xoyski həm də ilk daxili işlər naziri vəzifəsini tutub. ADR-in sonrakı daxili işlər nazirləri Behbudxan Cavanşir, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Məmmədhəsən Hacınski və Mustafa bəy Vəkilov olublar.

 

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan bolşevik Rusiyasının XI ordusu tərəfindən işğal olunandan sonra Fətəli xan Xoyski Tiflisə köçmək məcburiyyətində qalıb. Azərbaycanın tanınmış dövlət xadimi Xəlil bəy Xasməmmədovla Tiflisin İrəvan meydanından keçərkən Daşnaksütyun partiyasının üzvləri tərəfindən öldürülüb. Xəlil bəy Xasməmmədov isə ağır yaralanıb. Fətəli xan Xoyskidən sonra ADR-in ikinci daxili işlər naziri olan Behbudxan Cavanşir də 1921-ci ildə İstanbulda erməni terrorçuları tərəfindən qətlə yetirilib.

 

Xalq Cumhuriyyəti dövründə Azərbaycan DİN-in tabeliyində aşağıdakı qurumlar olub:

 

-Bakı, Balaxanı, Sabunçu müstəqil polismeyster idarələri;

 

-Bakı şəhər upravasının polisi;

 

-Bakı xüsusi vergi polisi;

 

-Xəfiyyə polisi;

 

-Gəncə, Zəngəzur, Şuşa, Cavanşir, Cavad, Cəbrayıl və sair qəzaların polis idarələri.

 

Xalq Cumhuriyyəti dövründə DİN parlament qarşısında hesabat verirdi. Bakı Qubernator İdarəsi də Azərbaycan DİN-ə tabe idi. Bakı Balaxanı-Sabunçu müstəqil polismeyster idarələri, Bakı şəhər Upravasının polisi, Bakı xüsusi Vergi polisi, Xəfiyyə polisi, Şuşa müvəqqəti general-qubernatoru, Gəncə, Zəngəzur, Cavanşir, Cavad, Cəbrayıl və başqa qəzaların polis idarələri isə DİN-in tərkib hissələri idi. Qəzalarda qəza polis rəisləri, onların böyük və kiçik köməkçiləri, sahə müvəkilləri, polislərdən ibarət özünümüdafiə dəstələri fəaliyyət göstərirdi.

 

1918-ci il mayın 28-də Tiflisdə qurulduğu elan olunan və Bakı işğal edildiyindən Gəncəyə köçən Xalq Cumhuriyyəti dövründə bu şəhərdə polis idarəsi, polis idarəsi yanında xəfiyyə polisi və 7 pristavlıq fəaliyyət göstərmişdi. Şəhər polis idarəsinə polismeyster Hacı Əlibəyov rəhbərlik etmişdi.

 

1920-ci il aprelin 29-da Bakı İnqilab Komitəsinin qərarı ilə Rəhim Hüseynov Bakı şəhərinə ilk rəis təyin olunub. Ona belə bir tapşırıq verilib: polisi yenidən təşkil etmək, adını dəyişib milislə əvəzləmək, bütün yerlərdə pristavları işdən götürmək və komissarlar təyin etmək. Həmin vaxtlar dairə milis idarələri yaradılır və qəza idarələri onların tabeçiliyinə verilir. Qəza idarələri isə qəzada olan milis sahələrinə rəhbərlik edirlər.

 

Azərbaycan İnqilab Komitəsinin 20 sentyabr 1920-ci il dekreti ilə Xalq Daxili İşlər Komissarlığına oğruları, qarətçiləri, quldurları, qoçuları, oğurluq mal alverçilərini gizli saxlayanları və bu qəbildən olanları vətəndaş müharibəsi qurtaranadək respublikadan  sürgün etmək hüququ verilir.

 

1920-ci il noyabrın 3-də respublika milis rəislərinin birinci qurultayı keçirilib. 1921-ci il iyunun 4-də Nəriman Nərimanovun sədrliyi ilə keçirilən Xalq Komissarları Sovetinin qərarı ilə sovet Azərbaycanın ilk daxili işlər komissarı Həmid Sultanova milisi gücləndirmək üçün onun sıralarına 300 nəfər komandir dəvət etmək tapşırılır.

 

1922-ci ildə 70 milis qəza rəisindən 93%-nin heç orta təhsili də olmayıb. Şəxsi heyətin 75%-i tam savadsız olub. 

 

Parlaq və boz səhifələr

 

Hüquq-mühafizə orqanlarının, o cümlədən də DİN və onun strukturlarının fəaliyyəti ilə bağlı xüsusi tənqid olunan mərhələ 1937-1938-ci illərin repressiya dövrüdür. Həqiqətən, o illərdə bu orqanlarda işləyənlərin əksəriyyətinin günahı üzündən yox, o zamanlar aparılan dövlət siyasəti, ideoloji prinsiplər nəticəsində insanlar günahsız qurbanlar olublar, repressiyaya məruz qalıblar. Bu, tariximizin dəhşətli, qara səhifələridir. Minlərlə, on minlərlə insan, onların ailə üzvləri həbslər, repressiya, əsassız ittihamlar nəticəsində böyük məhrumiyyətlərlə üzləşiblər. O da faktdır ki, 1920-1940-cı illərdə milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa qarşı mübarizədə həlak olub, 1937-1939-cu illərdə isə onun yalnız rəhbər heyətindən, təxminən, 320 nəfər repressiyaya məruz qalıb. 1941-1945-ci illər müharibəsində 800 nəfərə yaxın milis cəbhəyə yollanıb, böyük əksəriyyəti geri dönməyib.

 

Müharibədən sonrakı illərdə milisdə çalışan İsrafil Məmmədov, polkovnik Mehdi Quliyev, generallar Xəlil Məmmədov və Səlahəddin Kazımov isə cəbhədən Sovet İttifaqı Qəhrəmanı kimi qayıdıblar.

 

DİN-in başı çox bəlalar çəkib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da bir müddət sabiq iqtidarlar dövründə öz səlahiyyətlərindən kənara çıxmağa da məcbur edilən ölkə polisi, demək olar, qarşısında duran vəzifələri layiqincə yerinə yetirib. DİO əməkdaşları həmişə ən çətin zamanlarda xalqın güvənc yeri olub, cinayətkarlığa qarşı mübarizə aparan, asayişi mühafizə edən bir orqan kimi hörmət və sayğıya layiq görülüb. Onun keçdiyi şərəfli, ziddiyətli və tarixi yol haqqında Ümummilli lider Heydər Əliyev Azərbaycan polsinin 80 illik yubileyinə həsr olunan təntənəli yığıncaqda belə demişdi: "Bu tarixi dövrdə Azərbaycan polsinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli, qara səhifələri də vardır. Amma bunların hamısı da bizimdir, Azərbaycanındır, xalqındır. Bu bizim xalqın tarixinin səhifələridir. Daxili İşlər Nazirliyi orqanlarında nə qədər mənfi hallar olmuşdusa da, bu orqanda çalışan şəxsi heyətin əksəriyyəti öz mənliyini qorumuş, vətənə, xalqa sədaqətini daim saxlamışdır".

 

Yeri gəlmişkən, keçmiş SSRİ DİN Azərbaycan DİN-ə general rütbəsi almaq üçün ildə bir yer ayırmış, lakin bu norma da formal xarakter daşımışdı. Bax ona görə də sovet hakimiyyətinin 70 illik dövründə respublikamızın daxili işlər orqanlarında işləyib general rütbəsi alanların sayı 30 nəfərdən az olub. Bu məsələdə də dönüş nöqtəsi, çox çətinliklə olsa da, ümummilli liderin hakimiyyətə gəlişi ilə öz həllini yavaş-yavaş tapmışdı. Ölkə üçün milli kadrların yetişdirilməsinə xüsusi diqqət ayrılmışdı. Fakt. Əgər ulu öndərə qədər Azərbaycandan SSRİ-nin ali məktəblərində təhsil almaq üçün göndərilənlərin yalnız 17%-i milliyətcə azərbaycanlılar idisə, onun hakimiyyəti dövründə bu rəqəm 79%-ə qədər yüksəlmişdi. Söhbət həm də yalnız təhsil almaqdan getmir. Söhbət ondan gedir ki, Heydər Əliyevin dövründə milli kadrların irəli çəkilməsi prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Ulu öndərin güclü şəxsiyyəti, nüfuzu Azərbaycanın milli maraqların bütün varlığı ilə xidmət etməsi bu sahədə də "tilsimi" sındırmışdır.

 

Yeni dövrün təlatümləri

 

Azərbaycanın son 30 illik tarixini, məncə, belə şərti dövrlərə bölmək olar: 1988-1992-ci illər, 1992-ci ildən 1993-cü ilin iyununadək olan dövr və 1993-  ilin iyunundan Qurtuluş günündən bu vaxta qədər olan zaman kəsiyi.

 

SSRİ-nin birinci və sonuncu prezidenti Qorbaçovun yenidən qurması (əslində, yenidənqırması-S.A.) və xüsusi dəstəyi ilə yenidən meydana atılan erməni seperatizmi 1988-ci  ilin fevralından başlayaraq Kremlin dəstəyi ilə torpaqlarımızı işğal etməyə başlayanda Azərbaycanda çox ağır bir situasiya yarandı. Dağlıq Qarabağ azərbaycanlılarının təhlükəsizliyi uğrunda çarpışan və təcavüzə qarşı sipər olan yeganə qüvvə məhz Azərbaycan milisi oldu. Erməni diasporunun qulu - Kremlin Azərbaycana qarşı yürütdüyü xəyanətkar siyasətin Qarabağdakı icraçıları Volski və Polyaniçko dönəmində Azərbaycan milisinin hansı təqiblərə, təzyiqlərə məruz qaldığı, erməni silahlı birləşmələrinə və komandiri Zarviqarov olan 366-cı alaya qarşı qeyri-bərabər döyüşlərdə DİO əməkdaşlarının şücaəti, qəhrəmanlığı unudulmayacaq. Azərbaycan xalqının yeganə arxalanacağı qüvvə yalnız və yalnız Azərbaycan milisi idi. Sonradan isə həm də Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə Azərbaycan polisinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı. 1710 nəfər xəsarət aldı. Göstərdikləri şücaət və fədakarlığa görə 68 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

 

Bir tərəfdən məhz milisin verdiyi ağır itkilər, Dağlıq Qarabağda baş verən hadisələr fonunda respublikada ictimai-siyasi sabitliyin məhvərindən çıxması, həmçinin, hakimiyyət uğrunda daxili çəkişmələr Azərbaycan milisini çox ağır duruma saldı.

 

Bir məqam. 1992-ci il fevralın 27-də Xocalı soyqırımı haqqında Azərbaycan xalqına qəsd hesab edilən məlumatı o vaxt daxili işlər naziri vəzifəsini tutan Tofiq Kərimov imzalamışdı. Xocalıda 2 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı, şəhərin  guya nəzarətdə olduğu haqda dəhşətli yalan o vaxtkı Teleradio Komitəsinə və KİV-lərə göndərilmişdi. Prezidentin mətbuat xidmətinin dərkənar qoyduğu həmin məlumatın əslini bu sətirlərin müəllifi şəxsən görüb. Yəqin ki, sabiq nazir o vaxt heç xəyalına da gətirə bilməzdi ki, təxminən iki il iki ay keçəcək məhz daxili işlər naziri vəzifəsinə Xocalıda doğulub boya-başa çatan, soyqırımda özünün 65-ə yaxın qohum-əqrabasını, doğmasını itirən Ramil Usubov təyin olunacaq.

 

Heç kimdə şübhə yoxdur ki, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu işğal altında olan bütün torpaqlarımızı, o cümlədən, Xocalını azad edəcək. Çox səmimi formada arzu edək ki, Xocalı taleyini  ömründə yaşadan nazir şəhər polis idarəsinin və bölmələrinin yaradılması ilə bağlı sərəncamı elə Xocalıda imzalasın.

 

AXC-Müsavat iqtidarı dövründə 100-dən çox şəxs saxta diplomlarla DİN və onun strukturlarında zabit vəzifələrinə irəli çəkilmişdilər. Məhz həmin dövrdə uzun illərin gərgin əməyi nəticəsində yaradılan və polisin fəaliyyətində xüsusi rol oynayan peşəkar özək qısa müddətdə məhv edilərək sıradan çıxarılmışdı.

 

Dönüş nöqtəsi

 

Ermənistanın təcavüzünün getdikcə şiddətlənməsi və ölkə daxilindəki vəziyyət real təhlükəyə çevrilərək müstəqil Azərbaycan dövləti və dövlətçiyinin başının üstünü kəsdirmiş, onu tamamilə haqlamışdı. Cənubda Əlikram Hümbətov kimi bir ünsürün rəhbərliyi ilə Talış-Muğan Respublikasının sərhədləri cızılmış, Gəncədə Sürət Hüseynovun rəhbərliyi ilə qiyam baş vermiş, vətəndaş müharibəsi faktiki başlamışdı. Vəziyyətdən çıxış yolu yalnız və yalnız ümummilli liderin xalqın çağırışına cavab olaraq hakimiyyətə qayıdışında idi və lider öz xilaskarlıq missiyasını yerinə yetirdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Hüquq-mühafizə orqanları sahəsində də yenilməz bilik və təcrübəyə malik ümummilli lider yaxşı bilirdi ki, ölkədə ictimai sabitliyi bərpa etmədən heç bir müvəffəqiyyətdən danışmaq olmaz.

 

Yuxarıda qeyd etdiyim üç dövrün birinci ikisini xarakterizə edən əsas cəhət ondan ibarət olub ki, hüquq-mühafizə işinin əlifbasını belə bilməyənlər bu orqanda rəhbər vəzifələrə irəli çəkiliblər. Onlar, eyni zamanda, bitib-tükənməyən siyasi ambisiyalarının girovuna çevriliblər. Müharibə getdiyi dövrdə cinayətkarlığa qarşı mübarizənin aparılması, əhalinin təhlükəsizliyin təmin edilməsi tamamilə arxa plana keçirilib. Ali Baş Komandan cənab İlham Əliyev həmin dövrü belə qiymətləndirib: "Əfsuslar olsun ki, müstəqillik bərpa olunduqdan sonra polis orqanlarında vəziyyət ürəkaçan deyildi. Məhz o illərdə ən böyük cinayətləri törədən insanlar polis orqanlarının rəhbər işçiləri, daxili işlər nazirliyinin rəhbəri idilər".

 

Yalnız üçüncü dövrdən başlayaraq Azərbaycan DİN sözün əsl mənasında müstəqil dövlətin nazirliyi olaraq qanunlarla müəyyən edilmiş vəzifələrini icra etməyə başladı. Ümummilli liderə təxminən üç il lazım gəldi ki, həm ölkədə ictimai-siyasi sabitlik bərqərar olunsun, həm də kriminogen duruma nəzarət edilsin.

 

Ulu öndər hər kəsdən yaxşı bilirdi ki, cəmiyyətdə sağlam mənəvi-psixoloji mühit yaratmaq, əhalinin dövlətə inamını bərqərar etmək, ölkəni dirçəltməyin yolu ictimai-siyasi sabitliyin bərpasından, möhkəmləndirilməsindən keçir. Bu məsələdə isə DİO-nun rolu müstəsnadır. Ona görə də dahi şəxsiyyət hakimiyyətinin hər iki dönəmində radikal islahatlara məhz DİN-dən başlayıb. O, özü bu barədə belə deyib: "1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçiləndən sonra mənim ilk addımlarıman biri DİN-də yaranmış ağır vəziyyəti aradan götürmək oldu. DİN rəhbərliyində dözülməz bir vəziyyət yaranmışdı. Onlar əhali arasında hörmətlərini itirmişdilər. Alınan şikayətlər həddindən artıq çox idi və DİN rəhbərliyində ciddi dəyişikliklər etmək zərurətində idim. Mən bu addımı atarkən şübhəsiz ki, həmin vəzifəni, o sahəni etibarlı, bu işi apara biləcək, sədaqətli bir adama tapşırmalı idim. Mən Arif Heydərova çox inanırdım, etibar edirdim. Mən o vaxt Azərbaycanda rəhbər olarkən o, əsas dayaqlarımdan biri oldu".

 

Təxminən 25 il sonra ulu öndər oxşar, bir az da ağır vəziyyətlə üzləşdi. 1993-cü ildə Azərbaycanın bir dövlət, xalqının da bir millət olaraq taleyi çox böyük sual altında idi. Vəziyyət daha elə davam edə bilməzdi. DİN qarşısında duran vəzifələri nəinki yerinə yetirə bilir, əksinə nazirliyin ətrafında yaranan qeyri-sağlam mühitin rəngi daha da tündləşirdi. Məqam o məqam idi, qərar verilməli idi, verildi də.

 

Burada incə bir məqam var. Maraqlıdır ki, ulu öndər hakimiyyətə həm birinci, həm də ikinci dəfə gəlişində dərhal daxili işlər nazirlərini əvəzləməyib. O, 1969-cu ilin iyulunda Azərbaycan rəhbəri seçilsə də, təxminən 8 ay (19.03.1970-ci ilə qədər) Məmməd Əlizadəni tutduğu vəzifədə saxlayıb. Bu məsələdə iki versiya ola bilər: onlardan biri vəziyyəti nizama salmaq üçün nazirə vaxt vermək, digəri isə o vaxt Brejnevin bir nömrəli silahdaşı və adamı hesab edilən SSRİ-nin daxili işlər naziri Şelekovun razılığını almaq.

 

Ümummilli lider hakimiyyətinin ikinci dönəmində də elə təxminən bir o qədər - 9 ay sədaqətli, peşəkar, etibarlı bir kadrı nazir təyin etmək üçün, zənnimcə, manevr edib. Ona görə ki, böyük öndər ölkənin taleyi naminə ambisiyalı qüvvələri cilovlamaq üçün onlarla müvəqqəti "atəşkəs"ə getməli idi. Ona görə də Vaqif  Novruzov daxili işlər, Nəriman İmranov milli təhlükəsizlik naziri, Əli Ömərov baş prokuror vəzfəsinə təyin olunmuşdular. Bu o dövr idi ki, Sürət Hüseynov Baş nazir idi. XTPD-nin komandiri Rövşən Cavadov heç kəslə razılaşmırdı. Bəzi xarici ölkələrin respublikanın daxili işlərinə müdaxilə riski kifayət qədər yüksək idi. Amma artıq keçən müddət ərzində prezident müəyyən işləri qaydasına qoymuş və həlledici addımı atmalı idi. 1994-cü ilin məlum 9 aprel müşavirəsi DİN-in tarixində dönüş nöqtəsi oldu.

 

Ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizə ulu öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Fərmanla başlayıb.

 

1999-cu ildə "Polis haqqında" qanunun qəbul olunması, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu"nun təsdiq edilməsi, 2004-cü il iyunun 30-da qəbul olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramının müəyyənləşdirilməsi, hüquq-mühafizə orqanları sistemində mühüm yer tutan, polisin fəaliyyətini nizama salan, qanunvericiliyin əsaslarının yaradılmasına xidmət edən çox sanballı sənədlərdir. Ümumiyyətlə, Azərbaycan polisinin fəailiyyətini tənzimləyən və müasir standartlara uyğun quran çoxsaylı qanunlar və normativ aktlar qəbul edilib, ciddi struktur dəyişiklikləri həyata keçirilib. Onların işlək mexanizmi var.

 

Qarşıda duran vəzifələri yerinə yetirmək üçün isə həm də çoxsaylı infrastruktur layihələri də həyata keçirilib. Bütövlükdə 1993-2018-ci illər ərzində ümumi dəyəri təxminən 300 milyon manat olan 300-dən çox obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılmış, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınmışdır. 

 

Bəs nəticə?

 

Cinayətkar aləm demokratik dəyərlərə xələl gətirilmədən daim artan hüquq-mühafizə təzyiqini hiss etməkdədir. Aparılan iş proqnozlaşdırılan nəticələri təsdiqləyir. Ağır cinayətlərin, qəsdən adamöldürmələrin, quldurluqların, azyaşlılar tərəfindən törədilən hüquq pozuntularının sayı ilbəil aşağı düşür. Artıq neçə illərdir ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindən, Bakı isə ən təhlükəsiz şəhərlərdən biridir. Məhz ona görədir ki, ən nüfuzlu mədəni və sosial tədbirlər, dünyanın diqqətini özünə cəlb edən idman yarışları ölkəmizdə keçirilir. Beynəlxalq aləmdə xüsusi çəkisi və yeri olan dövlətlərin başçıları və iri ranqlı rəsmiləri həm də təhlükəsizlik məsələlərini nəzərə alaraq Azərbaycan paytaxtında görüşməyə üstünlük verirlər.

 

Bu yazını statistika ilə yükləməyim deyə bir neçə ümumiləşdirilmiş rəqəmi qeyd etməklə kifayətlənim. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 24 ildə orta hesabla 230-a bərabər olmuşdur. Bu dövrdə cinayətlərin illik orta açılması 90%-dən yuxarını göstərmişdir. 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, axtarışda olan 85 mindən artıq təqsirləndirilən şəxs tutularaq istintaqa, yaxud ədalət məhkəməsinə verilmişdir. Qanunsuz saxlanılan 45 mindən çox odlu silah yığılmış, onların tətbiqi ilə törədilən cinayətlərin sayı, təxminən, 10 dəfə azalmışdır. Qeydə alınan hüquqa zidd əməllərin yalnız 10%-a qədəri ağır və xüsusilə ağır cinayətlər olmuşdur. İnsan alverinə, narkomanlığa, psixotrop maddələrin qanunsuz dövrüyyəsinə və digər hüquqa zidd əməllərə qarşı barışmaz mübarizə aparılmışdır. Təkcə 2017-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 78 qrup zərərsizləşdirilmişdir və s.

 

Təbii ki, Azərbaycan cinayətsiz cəmiyyət deyil və ola da bilməz. Reallıq utopik sosializm və utopik kommunizm uydurduğu "cinayətsiz cəmiyyət" ideyalarını rədd etsə də, bəzi siyasətbazlar, qondarma ekspertlər yeri gəldi-gəlmədi DİN-in "bostanına daş atmaq"la  məşğul olurlar. Dünyanın hansı ölkəsində cinayət və cinayətkarlıq yoxdur? Məsələn, ən demokratik ölkə hesab edilən Amerikada ağılagəlməz ağır cinayətlər bir yana, ildə bir neçə dəfə təhsil ocaqlarına hücumlar olur, partlayışlar və qətllər törədilir, girovlar götürülür. Reallıq odur ki, Amerika polisi cinayətkarla günahsızı tez-tez səhv salaraq dəfələrlə ikincini qətlə yetirib. Heç sonradan üzr belə istənilməyib. ABŞ prezidenti Trampın ilk göstərişlərindən biri polisin daha sərt tədbirlər görməsinin vacibliyi ilə bağlı oldu. Amerika polisindən imdad diləmək, demək olar ki, heç kəsin ağlına gəlmir.

 

Avropanın göbəyində-Fransa, Almaniya, Avstriya, Hollandiyada gah tələbələr, gah da azğınlaşmış gənclər küçələri oda qalayıb, avtomobilləri və mağazaları yandırmırlarmı? Qoca qitədə millətçi-şovinist ruhlu qrupların əsas hədəfi məscidlər deyilmi?

 

Londonun meri Səid xan bu şəhərdə həftədə ən az təkcə 500-ə yaxın ağır quldurluq hadisələrinin törədildiyini söyləyərək dad çəkir. Hətta iş o yerə çatdı ki, bir neçə gün əvvəl maliyyə nazirinin telefonunu elə nazirliyin önündəcə sahibinin əlindən qaçırdılar.  İndi İngiltərədə baş nazir Tereza Meyin kabinetinin qapısı "Breksit anlaşması"ndan çox, "cinayətkarlığın qarşısını necə alaq?" - sualı ilə döyülür.

 

Uzağa getməyək, elə qonşu Rusiyada-Dağıstanda və Şimali Osetiyada törədilən gurultulu cinayət hadisələrini efirdən seyr etmirikmi?

 

Müqayisənin nəticələri onu təsdiqləyir ki, Azərbaycanda dayanıqlı sabitlik var, asayiş keyfiyyətli şəkildə qorunur, cinayətkarlığa qarşı ciddi mübarizə aparılır, kriminogen duruma nəzarət ən üst səviyyədə həyata keçirilir. Təxminən, 10 milyon əhalisi olan ölkəmizdə gündə orta hesabla 30-40 cinayətin törədilməsi nəyin göstəricisidir?

 

Sədaqətlə xidmət və yüksək qiymət

 

Ulu öndər Heydər Əliyev deyirdi: "Bu peşəni - polis peşəsini qəbul edən DİN əməkdaşı bilməlidir ki, o, sədaqətlə xidmət etməlidir. Mən bu məsələni ön plana çıxarıram. Ön plana çıxararaq bir daha Azərbaycanın dövlət müstəqilliyinə bərabər səviyyəyə gətirirəm. Biz dövlət müstəqilliyimizə sadiq olduğumuz kimi, peşəmizə də sadiq olmalıyıq. Əgər peşəmizə sadiq olmasaq, onda dövlətimizə, dövlət müstəqilliyimizə sadiq ola bilmərik".

 

Azərbaycanda bugünkü sabitliyin, inkişafın, gələcəyə inamın təməlində möhtərəm prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət durur. Ali Baş Komandan vurğulayır: "Cəmiyyətdə polis orqanlarına çox böyük hörmət olmalıdır və bu hörməti polis orqanları özləri qazanmalıdırlar. Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis orqanları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm. Bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm".

 

DİO əməkdaşları məhz xidmətlərinə verilən bu yüksək qiymətə görə yeri gələndə canlarını qurban verməklə cavab verir. Ötən 25 il ərzində cinayətkarlıqla mübarizədə 95 polis əməkdaşı həlak olub, 2220-dən çoxu yaralanıb. Cinayətkarlıqla mübarizədə və daxili təhlükəsizliyin təmin olunmasında nümunəvi xidmətlərinə görə 700-dən çox əməkdaş dövlət mükafatına layiq görülüb.

 

Peşəkar kadrlar

 

DİN rəhbərliyi peşəkar polis kadrlarının hazırlanmasında ulu öndərin bu tövsiyəsindən çıxış edir: "Gələcəkdə Azərbaycanın çiçəklənməsini təmin edəcək başlıca amillər gənclərin qətiyyəti və novatorluğu, yaşlıların müdrikliyi və təcrübəsidir".

 

Prezident cənab İlham Əliyev polis əməkdaşlarını, bütövlükdə dövlət qulluqçularını belə görmək istəyir: "Bu zümrə fəaliyyətində qanunun aliliyi, vəzifə borcuna sədaqət, humanizm, sosial ədalət prinsiplərini rəhbər tutmalı, vətəndaşın və dövlətin maraqlarını uzlaşdırmalıdır". Belə tələblərə cavab verən kadrları yetişdirmək isə həm illər, həm də bir çox başqa məsələləri həll etmək tələb edir.

 

Məlumat üçün qeyd edim ki, hələ 1921-ci ildə yaradılmış və 1922-ci ildən komandir heyəti hazırlayan tədris müəssisəsi statusu almış Bakı Orta Xüsusi Milis Məktəbi vaxtilə nəinki Azərbaycan, hətta bütün Zaqafqaziya və Şimali Qafqaz regionu üçün milis kadrları hazırlamışdır. 1992-ci ildən məktəbin bazasında fəaliyyətə başlayan Polis Akademiyası bilavasitə Ümummilli lider Heydər Əliyevin göstərişləri, qayğısı, tövsiyələri və birbaşa rəhbərliyi ilə tamamilə yenidən qurulmuşdur. Köklü islahatlara məruz qalan akademiya nəticədə ölkənin sayılıb-seçilən, ali hüquq təhsili verən xüsusi təhsil müəssisəsinə çevrilmişdir. Onun maddi texniki bazası müasir standartlara uyğun qurulmuş, tədrisin daha keyfiyyətli aparılması üçün təsirli tədbirlər görülmüşdür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Avropa Şurası ekspertləri tərəfindən "Azərbaycan Respublikasında polis kadrlarının hazırlanmasının qiymətləndirilməsi" monitorinqinin yekunları qənaətbəxş hesab edilmişdir.  Akademiyanın əməkdaşları 30-dan çox beynəlxalq sertifikat almışlar. Məhz ona görə də prezident İlham Əliyev inamla deyir: "Polis Akademiyasında hazırlanan kadrlar peşəkarlar olacaqlar".

 

Bu gün Azərbaycan DİN dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusilə də Avropanın beynəlxalq polis strukturlarına tam inteqrasiya olunmaq yolunda inamla irəliləyir. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nailiyyətləri daha da möhkəmləndirir. İndi Azərbaycan polisi BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB habelə digər beynəlxalq qurumlarda yüksək səviyyədə təmsil olunur. İndiyədən 50-yə yaxın dövlətlə 48 ikitərəfli, 27 dövlətlə çoxtərəfli hökümətlərarası, həm də idarələrarası saziş, memorandum protokolu imzalanmışdır. Transmilli cinayətkarlığa qarşı mübarizədə "İnterpol"un Milli Mərkəzi Bürosu səmərəli əməkdaşlıq həyata keçirir.

 

Ötən müddət ərzində Türkiyə, Rusiya və digər dövlətlərin polis  hərbi akademiyalarını 300-dən çox polis əməkdaşı, bir o qədər də hərbi qulluqçu bitirmişdir. 150  nəfərə yaxını isə təhsilini davam etdirməkdədir. 1500-dən çox əməkdaş BMT və NATO strukturlarının, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatının, GUAM və MDB-nin, habelə digər beynəlxalq qurumların keçirdiyi müxtəlif tədbirlərdə iştirak etmişdir.

 

Qanunların keşiyində vətəndaşlarla birgə

 

Azərbaycan dövlətçiliyinə zərbə vurmaq üçün əvvəllər mövcud olan təhlükələr bu gün də tamamilə aradan qalxmayıb. Bəzi dairələr və qüvvələr, regionda xüsusi maraqları olanlar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında maraqlıdırlar. Onlar rəngarəngdir, fəaliyyət göstərdikləri məkanlar, ortamlar da fərqlidir. Ona görə də Azərbaycan polisi kriminogen duruma daim nəzarət etmək, sabitliyin pozulmasına yönələ biləcək fitnəkarlıqları önləmək üçün zamanında ən müxtəlif təsirli tədbirlər görür. 1994, 1995, 2003, 2005-ci illərdə ictimai siyasi sabitliyi pozmağa, qeyri-qanuni yollarla hakimiyyətə gəlməyə cəhd göstərən qüvvələr və onların təhrikçiləri, ilk növbədə Azərbaycan polisinin qətiyyəti dövlətə və dövlətçiliyə sədaqəti ilə rastlaşdılar. Bir çox siyasətbazların başı əhlət daşına dəydi də. Ancaq bəziləri qanunsuzluğun tüğyan etdiyi zamanların xiffətini çəkmək mərəzindən xilas ola bilmir, "stəkanda da olsa, fırtına qopacaqlarına" inanırlar. Mən elələrinə Çörçillin bir deyimini xatırlatmaq istərdim. O deyirdi: "Siyasətçi başını itirməkdən yox, simasını itirməkdən qorxmalıdır".  Hər kəs aydın dərk etməlidir ki, demokratiya qanunlara hörmət və onlara riayət deməkdir. Azərbaycan cəmiyyətinə qanundan kənar heç nəyi həzm etdirmək olmaz. Zaman-zaman Azərbaycan polisi ətrafında yaradılan ajiotajın haradan və necə qaynaqlandığı barədə mən dəfələrlə yazmışam. Məntiqi bir daha təkrarlayım. Həm bəzi xarici dairələrin və təşkilatların, həm də daxildə sabitliyi pozmağa cəhd göstərən destruktiv qüvvələrin Azərbaycan polisi ilə bir hesabı var. Ancaq bu hesab heç vaxt onların xeyrinə dəyişməyəcək. Çünki Azərbaycan polisi dövlətin və xalqın mənafelərinə xidmət edir.

 

DİN bu nailiyyətlərə həm də ona görə nail olur ki, vətəndaş və vətəndaş cəmiyyətləri ilə qarşılıqlı etimad və etibara söykənən əlaqələri var. Statistik məlumata görə, il ərzində nazirliyin rəhbərliyi, baş idarə və idarə rəisləri tərəfindən 3600-ə yaxın, ərazi strukturları da nəzərə alınarsa, 10000-dən çox vətəndaş qəbul edilir. Onların qaldırdıqları məsələlərin əksəriyyəti yerində müsbət həll olunur. Əlavə yoxlama tələb edən ərizələr nəzarətə götürülməklə araşdırılır və tədbir görülür. Təkcə 2004-2018-cü illər ərzində təxminən 90 min vətəndaş yerlərdə qəbul edilmiş, 377 mindən çox ərizə və şikayətə baxılmışdır. Cinayətlər və hadisələr barədə daxil olan məlumatların qəbulu, vətəndaşlarla polis orqanları arasında operativ rabitənin təşkili və müvafiq informasiya sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılan "102" xidmətinin effektli fəaliyyət göstərməsi, yol hərəkəti qaydalarının pozulmasına mərkəzləşdirilmiş nəzarəti həyata keçirən avtomatik idarəetmə sisteminin tətbiqi üzrə quraşdırma işlərinin başa çatdırılması, AMAS sisteminin tam işə düşməsi cinayətkarlığa, asayişin pozulmasına qarşı daha təsirli formada mübarizə aparmağa imkan verir.

 

DİN və onun strukturları da, obrazlı dillə desək, "şəffaf evdə yaşayır, işləyir və daim müşahidə olunurlar". Şəksiz, DİO hər hansı tədbir keçirəndə, yaxud DİN hansısa qərar qəbul edəndə kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq qanunlardan çıxış edir. Lakin onlar qərar qəbul edərkən sosial kontekstə əhəmiyyət verməyə bilməzlər. Hüquq və onu formalaşdıran cəmiyyət arasında münasibətlərdə hər zaman bir balans olmalıdır. Azərbaycan polisi bu balansın qarşılıqlı etibar, səmimiyyət, qanunlara hörmət əsasında formalaşmasının tərəfdarı olduğunun fəaliyyəti ilə təsdiqləyir.

 

Məşhur bir deyim var: "Cəzalandırılmış cinayətkar bütün yaramazlar üçün nümunədir. Günahsız cəzalandırılmış insanlar bütün namuslu insanların vicdan məsələsidir".  Bu deyimin qayəsində haqqın, ədalətin zəfər çalmasının labüdlüyü durur. Azərbaycan DİO-nun məhz bu prinsip əsasında fəaliyyət göstərməsi dövlət başçısının bir nömrəli tələbidir.

 

Bu gün tam əsasla demək olar ki, Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən mütərəqqi qanunlar, həyata keçirilən təşkilati və praktiki tədbirlər zamanında ölkəmizdə demokratik-hüquqi dövlətin möhkəm əsaslarını yaradıb. Obrazlı dillə desək, həmin əsaslar üzərində Heydər Əliyev siyasi kursunun və dövlətçilik xəttinin davamçısı olan cənab İlham Əliyev tərəfindən şərq-qərb memarlığının bütün gözəlliklərini özündə əks etdirən Azərbaycan adlı əzəmətli və yaraşıqlı bina tikilir. Dünyanın istənilən yerindən bu "bina"ya baxan soydaşlarımız qürurla deyirlər: "mən azərbaycanlıyam!" İndi Azərbaycan qatarı parlaq gələcəyə doğru gedən yola çıxıb. Şübhəsiz, bu qatarın təhlükəsiz hərəkətini təmin edənlərin və onu qoruyanların ön cərgəsində həmişə Azərbaycanın DİN və onun strukturlarının əməkdaşları olacaq. Onlara bu şərəfli və müqəddəs xidmətlərində uğurlar arzulayaq. 100 yaşın mübarək, Azərbaycan polisi!

 

Və sonda. Normal düşünən hər bir Azərbaycan vətəndaşının dünənlə bu günü müqayisə edib gələcəyi kəsdirmək imkanı var. Dünyanın bir çox ölkələri ilə müqayisədə bizim üstünlüyümüz ondadır ki, Azərbaycan cəmiyyətində gələcəyə çox böyük inam var: dövlətinə inam var, təhlükəsizliyinə, bu təhlükəsizliyin əsas təminatçısı Azərbaycan polisinə inam var.

 

Deyilənə görə, günlərin birində Konfutsidən soruşurlar:

 

- Görəsən, dövlət nələrdən məhrum olunarsa süqut edər?

 

Konfutsi belə cavab verir:

 

- Çörəkdən, ordudan və inamdan.

 

- Elə isə bu üçlüklər arasında hansılardan imtina etmək olar?

 

- Ordudan. Bəlkə, çörəkdən də. Amma inam olmadan nə dövlət, nə də cəmiyyət yaşaya bilər.

 

            525-ci qəzet  2018.- 29 iyun- S.4.