Özbəkistan
nümayəndələri Ədəbiyyat İnstitutunda
Özbəkistanın Daşkənd Dil və
Ədəbiyyat
İnstitutunun rektoru
professor Şöhrət Siracəddinov Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat
İnstitutunun qonağı
olub.
Özbəkistandan olan qonaqları
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru akademik İsa Həbibbəyli
salamlayıb. Akademik İsa Həbibbəyli Azərbaycanla
Özbəkistan arasındakı ikitərəfli siyasi
münasibətlərdən söz açaraq bildirib ki,
dövlətlərimiz arasında yüksək siyasi münasibətlər
elmi əlaqələrin inkişafına zəmin yaradır.
Akademik çıxışında Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda Azərbaycan-Özbəkistan
ədəbi əlaqələri ilə bağlı
görülən işlərdən danışıb.
Daha sonra
çıxış edən Daşkənd Dil və Ədəbiyyat
İnstitutunun rektoru professor Şöhrət Siracəddinov
göstərdiyi diqqətə görə akademik İsa Həbibbəyliyə
öz dərin təşəkkürünü bildirib.
İki qurum arasında əldə
olunan razılaşmaya görə AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri şöbəsinin nəzdində
Əlişir Nəvai adına Ədəbiyyat mərkəzinin,
Daşkənd Dil və Ədəbiyyat İnstitutunda Nizami Gəncəvi
adına Dil və ədəbiyyat mərkəzinin
yaradılması qərarlaşdırılıb.
Tədbirdə Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru Almaz Ülvi, filologiya
üzrə elmlər doktoru Yaşar Qasımbəyli, Daşkənd
EA-nın böyük elmi işçisi, filologiya üzrə
fəlsəfə doktoru Gülzar Səttarova
çıxış ediblər.
525-ci qəzet.-2018.- 30 iyun- S.15.