Ürəyində sözü varsa...
Xatirə Rəhimbəyli bu dünyaya Ağcabədi
rayonunun Aran kəndində göz açıb.
Mən o kəndi heç vaxt görməmişəm,
yəqin ki, tipik bir Qarabağ kəndidi. O kənddən
tanıdığım elə Xatirə Rəhimbəylidir ki,
günlərin bir günü “Bir sözüm var ürəyimdə”
şeirlər kitabını mənə hədiyyə etdi.
Amma Xatirə xanım bilmir ki, mən onun şeirləri ilə
keçən əsrin sonlarından tanışam, həm mətbuatda
dərc edilən şeirlərini, həm də “Sevgi də
dindi” və “Sonuncü şeirdir yazıram sənə”
şeirlər kitabını oxumuşam.
Qadın şairlərin dünyası həmişə
öz qəribəliyi ilə seçilib. Onların şeirlərində
çox həzin və kövrək şəkildə ifadə
olunan hisslərlə, duyğularla rastlaşırıq,
narahat, daim coşub-daşan dənizi xatırladan
çırpıntalarla üz-üzə gəlirik, kədər
də, qüssə də, hıçqırtı da yad deyil
bu şeirlərə, elə o şeirlərdə kədərin
də, sevincin də min bir çalarını
görürük, hətta üsyankar, dəli-dolu,
fırtınalı məqamlar da gözdən yayınmır.
Xatirə Rəhimbəylinin şeirlərində bu hisslərin
və duyğuların bütün rəngləri,
çalarları ilə qarşılaşırıq. O, hər
hansı şeirində ürəyində qopan, onu narahat edən
nə varsa, gizlətmir-istər fərdi, subyektiv, intim mənada,
istərsə də, cəmiyyətlə, təbiətlə, əhatə
olunduğu, içərisində dolaşdığı
mühitlə bağlı olsun. Bu şeirləri oxuyanda həm
də, təkcə nədən yazılmağının deyil,
həm də necə yazılmağının da fərqinə
varırsan.
Şairlər özlərini ifadə edirlər-bu fikir
çox-çox yazılarda dönə-dönə
çözələnib. Amma bu məlum fikirdə bir məqam
da var: şair özünü ifadədə həm də
dünyanı, həyatı, gözəlliklər aləmini və
bizim hiss və duyğularımızı da ifadə etməlidir.
Yəni biz şairin şeirlərində özümüzə
məhrəm olan duyğularla üz-üzə gəlirik.
S.Yeseninin bir şeirində deyildiyi kimi: “Bəli, şair olmaq
odur ki gərək, Vurub isidəsən özgə
qanını”.
Mən öncə Xatirə xanımın “Dünya”
adlı bir şeirinə müraciət etmək istəyirəm.
Bu şeir üzünü dünyaya tutub özüylə bu
qoca dünya arasında bir vəhdət axtaran bir fərdin
harayıdı (belə düşünənlərimiz az
deyil):
Mən sənin ən mağmın, həlim
uşağın,
Payımdı həmişə sərt
şapalağın.
İmdad diləmirəm-kardı qulağın!
Sıx məni, sıx məni, sıx məni
dünya.
Dadmadım ki, sənin şirin dadından,
Sevincin, sevginin çıxdım
yadından.
Namərdlər aldatdı sənin adınnan
Çox məni, çox məni, çox
məni dünya.
Ellər asi oldu, mən ar eylədim.
Könlümü dərdinə qəmxar
eylədim.
Üsyan edəmmədim, qübar eylədim!
Ax, məni, axx məni, axx məni, dünya!
Sən qalib nişançı, hədəf sənindi!
O zurna sənindi, o dəf sənindi.
İlansan, aşıqsan, çal, kef sənindi!
Ox, səni, oxx səni, oxxx səni, dünya!
Bu şeirin məziyyəti təkcə məzmununda
deyil, həm də ifadə tərzindədir. Səslərin və sözlərin təkrarı
şeirdə bir ritm yaradır.
Ömür haqqında düşüncələrə
dalmaq - yaşanılan ömrün “fəlsəfəsinə”
baş vurmaq şairlərimiz bu yöndə onlarla, yüzlərlə
şeirlər yazıblar. Xatirə xanım da həmçinin. Amma ironik bir tərzdə.
Pah, mən də deyirəm nə imiş dünya-
bir azca sevincmiş, bir azca həsrət.
verib,
başımızı aldadır guya-
bir azacıq kədər, bir az
məhəbbət.
“Açın haqqın qapısını,
Allaha, Tanrıya baxın! Mən azadlıq istəyirəm!” - məncə, Xatirə xanımın həm bir
qadın, həm də bir şair kimi ən böyük istəyi
Azadlıqdır. Cismani yox, mənəvi
azadlıq. Elə bir azadlıq ki, “Yol
verin, çıxım özümdən-içimdə
boğuldum axı!” Hər bir insanın içində
bir azadlıq duyğusu yaşar-özünü xəstə xəyallardan,
aramsız üzüntülərdən, kədərli anlardan
xilas etmək üçün:
Gözlərim işıq istəyir,
ürəyim nur
umur mənim.
Xatirə Rəhimbəylinin şeirləri
sanki öz adıyla həmahəngdir-illərin, ayların,
keçmiş günləri xatirələri yaşayır bu
şeirlərdə. “Əski xatirələr... Bir-bir yığıram” - bu xatirələr nostalji
hisslər də yaradır, xoşagələn və xoşagəlməz
duyğular da. Hər halda, “qayıdış”ın “geriyə
dönüşü”ndən söhbət getmir, ötən
anları bir daha yaşamaq olmaz, amma ömür yolunda nələri
itirdiyini xatırlamaq lazımmış... Çünki: “Yoxdu
bu dünyada kimsə günahsız”. Amma şeirlərində
günahsız bir qəlbin çırpıntıları səslənir:
“Boğulur içimdə duyğu çayları - kəsib
qarşısını əjdəha adın. Mən
səndən o yana heç nə görmədim, sənsə
gözlərimə çıraq olmadın”.
Sevgi şeirlərində də bir
saflıq, səmimiyyət duyursan. Xatirə
xanımın şairlik məharətini daha çox bu
şeirlərdə hiss elədim. Məsələn
“Dan üzünün şeiri” onun ən gözəl sevgi
şeiridir desəm, özü də inciməz.
Bakı...iyul...səkkizinci mərtəbə
Sərincə bir gecə keçir
yarıcan.
Sayrışan işıqlar, dəniz...Ay və mən...
İlahi...Bir azdan ağaracaq dan...
Ağlım qaldıracəq ağ
bayrağını,
gedəcəm sakitcə
ayrılıqlara.
Həs rətin sıyrılmış
qılıncdı sənin,
ürəyim sinəmdə
mənim aypara..
Görürəm, baxırsan əli
qoynunda.
Sən mənim sevgimsən, ay qəmli xəyal.
Ah, bu lövhə sənə məndən yadigar,
mən gedəri
oldum, sən salamat qal!
Xatirə Rəhimbəyli ənənəvi mövzulara
dönə-dönə qayıdır, amma
çalışır ki, hər şeirində nəsə təzə
söz desin, yeni bir təşbihlə, bədii təyinlə,
metafora ilə buna nail ola bilsin. “Məhəbbət” şeirini oxuyuram, böyük,
ustad şairlərimizin şeirlərini xatırlayıram.
Və Xatirə xanımın o şeirində seçilən,
fərqlənən fikirlərlə qarşılaşıram:
Oddu, amma oda yaxmaz gələndə,
Könül tikər-könül yıxmaz
gələndə.
Ömrə baxmaz, yaşa baxmaz gələndə,
haçan gələr,
vaxtlı gələr məhəbbət.
Onsuz ümid qönçələri açılmaz,
O qismətdi, o, arınmaz, seçilməz.
O taledi, o yazıdı, seçilməz,
Nahaq gəlməz, haqlı gələr məhəbbət.
İlk məhəbbətin odu, alovu
yaşar şeirlərində. “Sən ay ilk məhəbbətim, danış, səsindən
öpüm”. Ümumiyyətlə, sevgi
şeirlərində daha sərbəstdi Xatirə Rəhimbəyli,
ürəyində nə varsa, açıb-tökür.
Amma ən ümdəsi budur ki, onun sevgi şeirlərinin
qəhrəmanı həyatın, gözəlliyin,
yaşamağın mənasını məhəbbətdə
axtarır. Hətta bu lirik qəhrəman-bu
çağların Leylisi sevgini din ucalığına
qaldırır... Bu müasir Leyli belə
düşünür:
Dağların da başı ağa bürünər-
qara başım üstdə
çənimsən mənim.
Yalandı, əzizim, onu kim deyir?
Ömrümə-günümə qənimsən
mənim.
Acı həsrətindən, demə, qaçağam,
Bu şirin sehrindən çətin ki,
çıxam.
Sənin xəyalınla ovunacağam,
Elə yoxluğunla mənimsən, mənim!
Metaforalarla doludur onun şeirləri. “aç yuxusun qapısın”, “üşüyür xəyallarım”,
“xəyallarım ağlaşır”, “ömrün viran çəməni”,
“perikmişdi ağ quş günlər”, “Qalmışdı
qara daş günlər”, “ağızlarda söz eylədi
gözümdəki yaşlar məni”, “Vulkan həsrətim
püskürdü”, “dərd məni oynadır” - misalların
sayını artırmaq da olardı.
Xatirə Rəhimbəylinin bəzi
şeirlərində “yenə yaxınlaşır ölüm
anlarım” qəbilindən tipli çox kədərli,
çox sıxıcı misralar, hətta şeirlərlə
də qarşılaşırsan. Ölüm haqqında bu cür qabaqdangəlmişlik
olmaz. Çünki onun lirik qəhrəmanı
həyat eşqilə çırpınır, məhəbbəti
yaşamağın mənası hesab edir, kədəri də,
sevinci də o məhəbbətin varlığından
doğur. Müşfiqin bu misraları yada
düşür: “yaşa məhəbbətim, yaşa ürəyim!”
Mən bu misralarla da razılaşmıram: “Ölməyi bacara
bilmiriksə biz-lənət canımızın şirinliyinə!”
Amma o şeirdə bu misralar daha önəmlidi: “Anadan, Vətəndən
şirindisə can-lənət canımızın
şirinliyinə”.
Xatirə xanımın “ictimai” şeirləri az olsa
da, məna tutumu baxımından bəyənimlidir.
“Qaçqın qardaşım”, “tullayın quyuya Məlikməmmədi”
şeirlərində olduğu kimi: “ucuz ölümlərlə
ölməyə dəyməz... Dünya bir yanadı, Vətən
bir yana”.
Xatirə Rəhimbəyli adlı bir qələm
adamından sizə söz açdım və belə
düşünürəm ki, istedadlı, sözü poeziya
işığına bürüyən bir şairlə
yaxından tanış oldunuz.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.-2018.- 30
iyun- S.17-18.