Diyadindən
dünyaya addımlayan alim - Kamran Əliyev
Çağdaş ədəbiyyatşünaslığımızın
görkəmli nümayəndəsi, AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru, professor və Əməkdar elm xadimi
Kamran Əliyevin yaradıcılığı haqqında söhbət
açmaq ədəbi-nəzəri fikrimizin son 40 illik inkişaf
tarixi barəsində düşünmək deməkdir.
Həqiqətən, tələbəlik
illəri və ilk yaradıcılığı 70-ci illərə
təsadüf edən böyük bir ədəbi nəslin
parlaq nümayəndələrindən biri kimi Kamran Əliyev
bu müddət ərzində coşğun, mübarizələrlə
zəngin və məhsuldar bir yaradıcılıq
dövrünü yaşamışdır.
Kamran Əliyevin elmi
yaradıcılığına ümumi tərzdə nəzər
saldıqda belə, onun qazandığı nəticələr,
əldə etdiyi uğurlar, fəth etdiyi zirvələr sizin qəlbinizdə
də fərəh və qürur duyğuları oyadır. Zəhmətkeş
və görkəmli alim elmi yaradıcılıqla məşğul
olduğu bu müddət ərzində çox böyük
müvəffəqiyyətlərə imza atmışdır;
istedadlı alimin indiyə qədər 20-dən çox
monoqrafiyası və fundamental elmi tədqiqatı nəşr
edilmişdir. Professor Kamran Əliyev 300-ə yaxın elmi məqalənin
müəllifidir. O, 70-dən çox dissertasiyanın
müdafiəsində opponent kim işirak edib. 12 doktorluq
dissertasiyasına isə bilavasitə elmi rəhbətlik
etmişdir. Yüzlərlə dissertasiya, tədqiqat və
kitablara rəylər yazmış, bir çox kitabların
elmi redaktoru olmuşdur. Bu faktlar və böyük alimin elmi
bioqrafiyasını bəzəyən digər həqiqətlər
özü onun haqqında, onun elmimizə və mədəniyyətimizə
verdiyi töhfələr haqqında şahidlik etməkdədir.
Səmimi qəlbdən deyim ki, bütün bunlar görkəmli
elm xadiminin həyat və yaradıcılıq yolunu səciyyələndirən,
əksər müasirlərindən fərqləndirən ciddi
və pozitiv xüsusiyyətlərdir. Cəsarətlə
söyləmək olar ki, alimin qazandığı bu nəticələri
onun çox az çağdaşlarının uğurları
ilə müqayisə etmək olar. Azərbaycanın
paytaxtından çox uzaq kənddə doğulan, adi kənd
məktəbində təhsil alan bir gəncin müasir elmin
zirvələrinə yüksəlməsi və ölkəmizin
fəxr etdiyi alimə çevrilməsi, həqiqətən,
qürurverici hadisədir.
Kamran müəllimlə
mən indiki BDU-nun filologiya fakültəsində təhsil
alarkən tanış olmuşam. 70-ci illərin əvvəllərində
bu sətirlərin müəllifi də həmin fakültənin
tələbəsi idi. Kamrangilin kursu bizimkindən 3 kurs qabaq
idi. Amma mən və başqa kurs yoldaşlarım - Muxtar
İmanov, Vəli Nəbioğlu, Nizaməddin Şəmsizadə,
Akif Azalp və bir çox başqaları Kamran Əliyevə
- bizim kimi tələbə olsa da - cavan bir müəllim kimi
hörmət edirdik. Kamran müəllim elə ilk gəncliyindən,
tələbəliyindən başlayaraq özünü
müdrik bir yoldaş və ağsaqqal kimi aparmağı
bacarırdı. Məhz buna görə də biz bir sıra ərkimiz
çatan cavan müəllimlərlə birlikdə, təkcə
elmi və dərs qayğılarımızı deyil, bir
sıra həyati problemlərimizi də Kamranla məsləhətləşir,
onun öyüd və nəsihətlərinə qulaq
asırdıq. Kamran sanki bizim tələbə
yoldaşımız deyil, daha çox böyük
qardaşımız və ustad təsiri bağışlayırdı.
Kamran Əliyevin və
ümumən, hamımızın ilk elmi fəaliyyət
dövrü haqqında düşünərkən bir hadisəni
vurğulamağı məqsədəuyğun sayıram.
1973-cü ilin əvvəlləri idi. Qış imtahan
sessiyası təzəcə yekunlaşmışdı. Birdən
filologiya fakültəsində xəbər yayıldı ki, gənc
alimlərin iştirakı ilə fakültədə
“Düyünlər” adlı dərnək fəaliyyətə
başlayır. İstəyənlər, arzu edənlər elmi
məruzələrlə çıxış edə bilər.
Dərnəyin rəhbəri isə fakültə komsomol komitəsinin
katibi Kamran Əliyev idi. Biz birinci və ikinci kurs tələbələri
elmi məruzələrimizi hansı mövzularda və necə
hazırlamağı uzun müddət Kamranla məsləhət
edirdik. O, bizim yazılarımızı oxuyur, redaktə və
düzəlişlər edirdi. Nəhayət, “Düyünlər”
dərnəyinin fəaliyyətə başlayacağı
gün gəlib çatdı. Hamımız yazı-pozumuzu qaydaya
salıb, o vaxt böyük ədəbiyyatşünas alim,
professor Abbas Zamanovun rəhbərlik etidiyi “Müasir Azərbaycan
ədəbiyyatı” kafedrasına yığışdıq.
Rəyasət heyətində professor Abbas Zamanov, professor Pənah
Xəlilov və başqa müəllimlərlə birlikdə
Kamran Əliyev də oturmuşdu.
Çıxışlarımız çox yaxşı
qarşılandı, yüksək qiymətləndirildi.
Xüsusən, bizim səmimiyyətimiz, elmi
yaradıcılığa olan sonsuz həvəsimiz və məsuliyyətimiz
müəllimlərimizin xoşuna gəlmişdi. Onu da qeyd
edim ki, gənc və təcrübəsiz tələbələrin
bu ilk uğurunda bizim qayğıkeş dostumuz, böyük
qardaşımız Kamran Əliyevin xidməti çox idi. Cəmi
bir neçə məşğələsi keçiriləndən
sonra, nədənsə “Düyünlər” dərnəyi
öz fəaliyyətini dayandırdı. Amma dərnəyin gənc
yaradıcı ürəklərdə oyatdığı
mübarizə həvəsi və əzmi qətiyyən
dayanmadı. Bu dərnəkdə fəal iştirak edən tələbələr
görkəmli tənqidçilərimiz akademik Bəkir Nəbiyevin
və professor Qulu Xəlilovun tənqid kurslarında fəal
iştirak etdilər, gələcəyin tanınmış ədəbiyyatşünas
alimləri kimi şöhrətləndilər, bu gün
özləri də ustadları, ədəbiyyatşünaslığımızın
professorları kimi xalqımıza xidmət etməkdədirlər.
Professor Kamran Əliyevin
təxminən 45 illik yaradıcılığını şərti
olaraq iki mərhələyə bölmək
mümkündür. Birinci mərhələ 1980-2000-ci illəri
əhatə edir. İkinci mərhələ isə 2000-ci ildən
bugünümüzə qədər olan dövrü öz
içinə alır. İstedadlı alimin elmi
yaradıcılığının ilk 20-25 illik dövrü
Azərbaycan romantizminin və dahi sənətkarımız
Hüseyn Cavidin yaradıcılığının tədqiqinə
həsr olunub. Məhz bu illər ərzində K.Əliyev istedadlı
romantizmşünas alim, özünəməxsus və
böyük bir cavidşünas kimi
formalaşmışdır. Onun 1985-ci ildə işıq
üzü görən “XX əsr Azərbaycan romantiklərinin
ədəbi-nəzəri görüşləri”
monoqrafiyası, həqiqətən, elmi-mədəni
mühitimizdə çox böyük rezonans yaratdı. Bu tədqiqatı
ustad ədəbiyyatşünas alimlərimiz, akademiklər Məmməd
Cəfər, Abbas Zamanov, Əziz Mirəhmədov, Kamal
Talıbzadə və Yaşar Qarayev yüksək dəyərləndirdilər.
“XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri
görüşləri” monoqrafiyası Azərbaycan romantizminin
öyrənilməsi və araşdırılması sahəsində
akademik Məmməd Cəfərin qiymətli və tarixi tədqiqatlarından
sonra irəliyə atılmış mühüm bir addım
idi. Bu uğur gənc alimə yeni zirvələrə sarı
addımlamaq üçün güclü stimul verir. Ümumən,
80-90-cı illər professor Kamran Əliyev
yaradıcılığında Hüseyn Cavid sənətinə
aramsız müraciət dövrüdür. O, bu
mövzudakı tədqiqatları ilə professor Məsud
Əlioğlu və akademik Yaşar Qarayevdən sonra bu sahədə
yeni söz demək qüdrətinə və səlahiyyətinə
malik olduğunu sübuta yetirir. Zəhmətkeş alimin həmin
dövrdən başlayaraq bir-birinin ardınca çap etdirdiyi
onlarla fundamental məqalə və tədqiqatlar, Hüseyn
Cavid yaradıcılığını kəşf edən və
dünyaya tanıdan kitablar fikirlərimizi parlaq şəkildə
təsdiq etməkdədir; “Hüseyn Cavidin şəxsiyyəti
və poetikası” (1997), “Mirzə Fətəlidən
Hüseyn Cavidə qədər” (1998), “Cavid möcüzəsi”
(2002), “Azərbaycan romantizminin poetikası” (2002), “Azərbaycan
romantizminin nəzəriyyəsi” (2006), “Romantizm və folklor”
(2006), “Teoriya azerbaydjanskoqo romantizma” (2006), “Hüseyn Cavid: həyatı
və yaradıcılığı” (2008) və s. Bu kitab və
tədqiqatlarla professor Kamran Əliyev qabaqcıl dünya elmi səviyyəsinə
yüksəlmiş bir alim olduğunu da nümayiş etdirdi. Həmin
əsərlərində görkəmli nəzəriyyəçi
alim bir tərəfdən dahi Azərbaycan romantikinin
yaradıcılığını Avropa romantizm nəzəriyyələri
müstəvisində nəzərdən keçirirdisə,
ikinci bir tərəfdən Azərbaycan romantizminin öz nəzəriyyəsini
və özünməxsus poetikasını araşdıraraq
ortaya qoyurdu. Bu elmi axtarışlar və araşdırmalar
ustad ədəbiyyatşünaslarımızın
gördüyü işlərin yeni keyfiyyətdə və
kontekstdə davamı, daha da dərinləşdirilməsi demək
idi.
2000-ci ildən etibarən
isə professor Kamran Əliyevin elmi fəaliyyətində
tamamilə başqa, yeni bir mərhələ başlayır.
Görkəmli alimin yaradıcılığında
özünü göstərməyə başlayan yeni istiqamətlər
onun AMEA Folklor institutunda işə başlaması ilə
qırılmaz surətdə bağlı idi. Professional elm nəzəriyyəçisinin
və ədəbiyyatşünasın Azərbaycan folkloruna
müraciət etməsi təkcə müəllifin öz
yaradıcılığında deyil, ümumən, filoloji
fikrimizdə ciddi yenilənmənin mühüm göstəricilərindən
birinə çevrildi. Elmi ictimaiyyət Kamran Əliyevin bu sahədəki
tədqiqat və araşdırmalarını maraqla izləməyə
başladı. İlk gəncliyindən fundamental tədqiqatlar
yaratmaqdan çəkinməyən təcrübəli alim
bir-birinin ardınca yeni-yeni məqalə və
araşdırmaları elm aləminə təqdim etdi. Xüsusən,
“Romantizm və folklor” kitabı alimin bu yöndəki elmi tədqiqatlarının
sanbalı və səviyyəsi barəsində dolğun təsəvvür
yaratmağa imkan verir. Azərbaycan folklorşünaslığının
köklü məsələlərinə, rəngbərəng
və zəngin problematikasına müəllifin cəsarətlə
daxil olması və öz elmi səviyyəsini yüksək dərəcədə
nümayiş etdirə bilməsi onun elmi-nəzəri
potensialının böyüklüyündən və
imkanlarının genişliyindən xəbər verirdi.
Folklorşünaslıq sahəsində onlarla ciddi və
fundamental məqalələrlə yanaşı, bir-birinin
ardınca hər biri elmdə mühüm yenilik sayılan
monoqrafiya və kitablar işıq üzü görməyə
başladı: “Romantizm və folklor” (2006), “Eposun poetikası:
“Dədə Qorqud” və “Koroğlu” (2011), “Açıq kitab
- “Dədə Qorqud” (2015), “Çağdaş
folklorşünaslığın problemləri” (2017). Bu
kitablar alimin müasir Azərbaycan
folklorşünaslığının problem və
qayğılarına nə qədər dərindən
nüfuz etdiyini açıq-aşkar göstərməkdədir.
Müəllif Dədə Qorqud boylarının bədii
strukturu və formalaşma xüsusiyyətləri, “Koroğlu”
dastanındakı qolların mənşəyi və bir-biri ilə
qarşılıqlı əlaqəsi barəsində çox
maraqlı və çağdaş
folklorşünaslığımız üçün
düşündürücü məsələlərin həlli
və təhlili ilə məşğul olur. “Dədə Qorqud
kitabı” və “Koroğlu” dastanlarının Azərbaycan
xalqının mübarizələlərlə zəngin
tarixində tutduğu mövqeyi aydınlaşdırmağa
çaılışır.
Professor Kamran Əliyevin
folklorşünaslıqla bağlı tədqiqatlarını
mütaliə edərkən həmişə yaddaşımda
bizim professional ədəbiyyatşünas və dilçilərimizin
zaman-zaman Azərbaycan folklorunun bir çox məsələlərinə
müraciətinin zəruriliyi canlanır. Böyük
nizamişünas və füzulişünas, klassik Azərbaycan
ədəbiyyatı tarixini dərindən araşdıran və
yaradan akademik Həmid Araslının “Dədə Qorqud
kitabı” ilə, böyük dilçi alimimiz Əbdüləzəl
Dəmirçizadənin “Dədə Qorqud kitabı”nın
dili və lüğət tərkibi ilə bağlı
araşdırmaları, akademik Tofiq Hacıyevin “Dədə
Qorqud dastanları” haqqında onlarla məqalələri və
fundamental “Dilimiz, düşüncəmiz” kitabı, xalq
yazıçısı Anarın “Dədə Qorqud”la
bağlı çoxlu yazıları və eyniadlı məşhur
povesti, görkəmli dilçi alimlərimiz akademik Kamal
Abdulla və akademik Nizami Cəfərovun “Dədə Qorqud
kitabı” barəsində qiymətli araşdırmaları,
müxtəlif səpkili əsərləri, qeyri-ixtiyari olaraq,
yada düşür. AMEA-nın müxbür üzvü Kamran
Əliyevin çağdaş
folklorşünaslığımızla, epos və epos mədəniyyəti
ilə əlaqədar olan elmi əsərləri öz qiymətinə
və tarixi əhəmiyyətinə görə yuxarıda
sadaladığımız, xalqımızın sevimli və
qüdrətli ədəbiyyatşünaslarının,
dilşünas və mədəniyyətşünaslarının
yaratdıqları ilə yanaşı duran, bu gün ədəbi
və elmi ictimaiyyətimiz tərəfindən etiraf edilən,
yüksək dəyərləndirilən ədəbi-mədəni
örnəklərdir.
Kamran Əliyevin elmi
yaradıcılığının çoxcəhətliliyi və
özünəməxsusluğu yuxarıda nəzərdən
keçirdiyimiz kitablar və monoqrafiyalarla yanaşı, alimin
bir çox başqa elmi əsərləri də
nümayiş etdirilməkdədir. Bu kitablar bir vətənpərvər
alim kimi professor Kamran Əliyevin daxili dünyasını və
maraq dairəsini aydın surətdə əks etdirir: “Ədəbiyyat
(dərs vəsaiti)” (2010), “Ədəbiyyat (dərs vəsaiti)”
(2011), “Abbas Zamanov olmasaydı” (2011), “Azərbaycan dili (dərs
vəsaiti)” (2011), “Tənqidin poetikası” (2012), “Ədəbiyyat
tarixinə bir baxış” (2013), “Ədəbiyyatşünaslıq
və ədəbiyyatşünaslar” (2013) və s. Bu kitab və
tadqiqatların hər biri zəhmətkeş alimin öz
işinə və peşəsinə sonsuz sevgisindən,
öz xalqına layiq övlad olmaq məsuliyyətindən,
qibtə ediləcək elmi dünyagörüşündən
və erudisiyasından, ən mühümü isə çox
az-az müasirlərinə müyəssər olan yüksək
elmi-nəzəri səviyyəsindən xəbər verməkdədir.
Yuxarıda nəzərdən
keçirdiyimiz kitablardan mən ikisinə diqqəti cəlb
etmək istərdim: “Abbas Zamanov olmasaydı” (2011) və
“Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar”
(2013). Bu əsərləri ayrıca vurğulamağımın
səbəbi odur ki, Kamran Əliyevin bir alim və insan kimi
varlığını, xarakter və xasiyyətini dərindən
dərk etməyə onlar yaxından kömək edir. Kamran
müəllim son dərəcə təvazökar və qədirşünas
bir insandır. O, öz tələbələrinə və
şagirdlərinə nə qədər qayğıkeş və
mehribandırsa, öz müəllimlərinə də o dərəcədə,
bəlkə ondan da artıq minnətdar və
sayğılıdır. Mən təkcə həmin
kitabları oxuduğuma, onlarla yaxından tanış
olduğuma görə bu məsələni ayrıca
vurğulamıram. Həm də Kamran müəllimi 46 ildən
bəri yaxından tanıyan və müntəzəm
ünsiyyətdə olan bir zamandaşı kimi bu sətirləri
yazıram. O, həqiqətən, bu mürəkkəb zəmanəmizdə
yamanlıqları dərhal yaddan çıxaran,
yaxşılıqları yaddaşına yazan və heç
zaman unutmayan gözəl bir insandır. Ötən əsrin ən
qeyrətli və mübariz azərbaycanlılarından biri,
böyük vətəndaş və ziyalı Abbas Zamanov
haqqındakı kitabı laqeyd, həyəcansız oxumaq
mümkün deyil. Abbas müəllim indiki BDU-nun filologiya
fakültəsində işlədiyi uzun müddət ərzində
onlarla, yüzlərlə tələbələrə bir ata
kimi təmənnasız yaxşılıqlar edib, onların həyatda
və elmdə öz yerlərini tutmasında əvəzsiz rol
oynayıb. Həmin yüzlərlə tələbələr,
şübhəsiz ki, öz ürəklərində Abbas
müəllimdən yerdən-göyə razı olublar, ona dəfələrlə
alqış ediblər, öz-özlərinə və
yaxınlarına, dostlarına dəfələrlə bu barədə
danışıblar. Amma gəlin etiraf edək ki, onların
hamısı öz müəllimləri haqqında gələcək
nəsillərə də nümunə ola biləcək bu
cür minnətdarlıq yazıları yazmayıblar və ya
yazmağa imkanları olmayıb. “Abbas Zamanov olmasaydı”
kitabı yalnız Kamranın yox, sanki bütün Abbas
Zamanovsevərlərin qəlb nidası, könül etirafı
kimi səslənir, vicdanları oyadır. Və mən bu sətirləri
yazarkən ustadım, professor Qəzənfər Paşayevin
öz sevimli ustadı Abbas Zamanov haqqındakı dərin səmimiyyətlə
yazılmış xatirələrini də ayrıca
vurğulamağı özümə borc bilirəm. “Abbas
Zamanov olmasaydı” kitabını oxuyarkən bir mühüm həqiqəti
bir daha yenidən dərk etdim; Doğrudur, heç kimin köməyi
olmadan da, Kamran Əliyev kimi istedadlı bir gənc nə vaxtsa
Bakıya gəlib, çətinliklə olsa da, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda işə düzəlib,
alim ola bilərdi. Amma həmin o gənc alim bugünkü
Kamran Əliyev qədər uğurlara və bənzərsiz
bir məhsuldarlığa nail ola biləcəkdimi? Onun
gücü, enerjisi, istedadı lazımsız maneələri
aşmağa sərf edilməyəcəkdimi? Axı biz öz
tərcümeyi-halımızda və yaxın
yoldaşlarımızın elm yolunda
qarşılaşdığı bir-birindən amansız
çətinliklərdə dəfələrlə əmin
olduq ki, hər bir gənc alimin, istedadının dərəcəsindən
asılı olmayaraq, qayğıkeş bir ustada, mehriban bir
müəllimə həmişə ehtiyacı var. Əminliklə
deyirəm, Kamran öz gücünə arxalanıb, ölkəmizdə
tanınmış bir alim kimi yetişəcəkdi. Amma ustad
Abbas Zamanov olmasaydı, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda işlədiyi illərdə böyük ədəbiyyatşünas
alim, akademik Məmmədcəfər Cəfərovun məktəbini
keçməsəydi, Kamran Əliyev bu dərəcədə
əzəmətli alim-şəxsiyyətə və Azərbaycan
miqyaslı bir elm fədaisinə çevrilə bilməzdi. Bu
söylədiklərimiz, eyni zamanda, artıq XXI əsrdə
bizim Azərbaycanımızda yaddan çıxarılmaqda və
unudulmaqda olan ustad-şagird münasibətlərinin milli-tarixi
əhəmiyyətinə də parlaq bir misaldır.
Atalarımız yaxşı deyib: “Ustad görməyən
şagird hər məqama yorğalar”. Ustad görməyən
şagirdlərin böyük uğurlara imza ata bilməsinin
çətinliyinin və əksinə, ustad qayğısı
ilə formalaşan alimlərin öz sahəsində, elmi
yaradıcılığında
ardıcıllığının, fasiləsizliyinin və
sabitqədəmliyinin sirri də məhz bundadır.
“Ədəbiyyatşünaslıq
və ədəbiyyatşünaslar” kitabı da görkəmli
ədəbiyyatşünas alim Kamran Əliyevin şəxsiyyətinə
və yaradıcılığına güzgü tutan bir əsər
kimi qiymətlidir. Müəllif bu kitabında Azərbaycan ədəbiyyatşünaslığının
ta qədimlərdən indiyə qədər, xüsusən,
XX yüzildə keçdiyi tarixi inkişaf mərhələlərindən
geniş və ətraflı bəhs edir. Azərbaycan ədəbiyyatşünaslığının
patriarxı Firudin bəy Köçərlidən tutmuş,
çağdaş ədəbiyyatşünaslarımıza qədər
elmimizin əksər görkəmli nümayəndələrinə
və onların yaradıcılığına Kamran müəllim
böyük qayğı və sayğı ilə
yanaşır. Azərbaycanda professional ədəbiyyatşünaslıq
elminin bünövrəsini qoyan böyük alimlərimiz -
akademik Feyzulla Qasımzadə, akademik Həmid Araslı,
akademik Məmməd Arif Dadaşzadə, akademik Məmmədcəfər
Cəfərov, akademik Kamal Talıbzadə, akademik Əziz Mirəhmədov,
akademik Yaşar Qarayev, akademik Bəkir Nəbiyev və
başqa elm fədailərindən alim məhəbbətlə
bəhs edir. Həmin kitabdakı ən yaxşı məqalələrdən
biri xalqımızın sevimli yazıçısı,
görkəmli ədib və ədəbiyyatşünas alim,
professor Mir Cəlal Paşayevə həsr olunub. Xüsusi qeyd
etməyə dəyər ki, 60-70-ci illərin ədəbi
mühitində indiki BDU-nun filologiya fakültəsinin
xüsusi çəkisi vardı. Məhz həmin dövrdə
Azərbaycan filologiyasına onlarla, yüzlərlə gənc
istedadlı mütəxəssislər bəxş edən məşhur
fakültənin şöhrətinin yüksəlməsində
və cəmiyyətdə nüfuz qazanmasında bir sıra
müəllim və alimlərin xidmətləri ayrıca qeyd
edilməlidir. O vaxtın ən görkəmli filoloq alimləri
içərisində professorlar Mir Cəlal Paşayevin, Abbas
Zamanovun, Əkbər Ağayevin, Firidun Hüseynovun, Xalid
Əlmirzəyevin və Təhsin Mütəllibovun xidmətlərini
bu gün minnətdarlıqla xatırlayırıq.
Xalqımızın sevimli yazıçısı və
müəllimi Mir Cəlal Paşayevin o dövrün ədəbi
gəncliyi arasında böyük nüfuzu və hörməti
vardı. Həmin illərdən bizi yarım əsrə
yaxın vaxt ayırsa da, o gənclik təəssüratları
və yaşantıları hələ də təzə-tərdi,
öz təravətini itirməyib. Və Kamran müəllim də
özünün və biz tələbələrin
böyük alimə sonsuz sevgisindən, Mir Cəlal müəllimə
münasibətindən coşğunluqla bəhs edib.
1953-cü il
martın 5-i Kamran Əliyevin anadan olduğu gündür. O, həmin
gün qədim Naxçıvanın gözəl guşələrindən
biri - Diyadin kəndində dünyaya gəlib. Amma
bu tarix yalnız Kamran müəllimin ailəsinin və ya təkcə
Azərbaycanın deyil, bütünlükdə sabiq
imperiyanın tarixindəki ən mühüm günlərdən
biridir. Məhz 1953-cü ilin 5 mart günü,
dünyanın az qala yarısını
öz qanlı və qorxunc əməlləri ilə təhlükədə
saxlayan dəhşətli tiran işıqlı dünya ilə
vidalaşıb. Mən həmin günlərin
üst-üstə düşməsində qəribə,
izaholunmaz, bir-biri ilə qırılmaz bir bağlılıq
görürəm. Dahi Hüseyn Cavidin
amansız qatilinin ölüm günündə Stalin rejiminin ədəbi
ittihamçılarından birinin doğuluşu mənə
qanunauyğun bir hadisə kimi duyulur. Həqiqətən,
Kamran Əliyev Hüseyn Cavid həyatı və
yaradıcılığına həsr etdiyi onlarla, yüzlərlə
əsərlərində yalnız bədii-estetik problemləri
təhlil etmək, araşdırmaqla kifayətlənmədi.
Hüseyn Cavidin faciəli ölümünü,
həbsini, ona olan iftira və böhtanları, ümumən,
dahi insan haqqında formalaşdırılmış, illərlə,
aylarla hazırlanmış dəhşətli şər
mühitini dərindən təhlil edərək, bütün
bunların ən kiçik zərrələrinə qədər
antiinsani rejimlə bağlı olduğunu sübuta yetirdi.
Kamran Əliyevin hələ 90-cı illərdə nəşr
etdirdiyi “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”
(1998) adlı çox gözəl kitabı haqqında
yazdığım məqaləyə mən belə bir sərlövhə
qoymuşdum: “Ölüm və olum əsrinin vicdanı”. Məncə, Hüseyn Cavidin mühitini və əsrini
bu cür səciyyələndirmək daha məqsədəuyğundur.
20-30-cu illərdə - ölüm və faciələrin
girdabında yaşayan insanlar ölüm və həyat
arasındakı məsafəni daha aydın və əyani
şəkildə hiss edirdilər. Proletariat
diktaturası ölümü təbliğ edirdi, ölüm
günlərini və bayramlarını təntənə ilə
qarşılayırdılar. Məhz 30-cu
illərdə böyük sənətkarların doğum
günlərinin deyil, ölüm günlərinin təntənə
ilə qeyd olunmasını Kamran Əliyev çox
böyük uzaqgörənliklə kəşf etmişdi.
Məsələn, A.S.Puşkinin 1937-ci ildə
ölümünün 100 illiyinin bütün ölkə
miqyasında təntənə ilə qeyd olunmasını
müəllif haqlı olaraq təsadüfi deyil, rejimin təbiətinə
və mahiyyətinə uyğun bir hadisə kimi dəyərləndirirdi.
Kamran Əliyevin cavidşünaslıqla
bağlı tədqiqatlarında böyük Cavidin mürəkkəb
mühiti və amansız dövrü haqqında bu cür qiymətli
elmi kəşf və müşahidələr çoxdur.
Əziz qardaşım, dostum
və ustadım Kamran! Sənin 65 yaşını səmim-qəlbdən
təbrik edir, sənə can sağlığı, uzun
ömür arzulayıram. Arzu edirəm ki, ədəbiyyatşünaslıq
elmimizin korifeyləri Mirzə Feyzulla və Məmməd Cəfər
müəllimin uzun ömrü sənə də qismət
olsun. Sənin əsərlərinin və
yaratdıqlarının ömrü isə, inanıram ki,
neçə-neçə nəsillərin mənəvi
ehtiyacları və arzuları qədər uzun olacaq!..
Yaşar QASIMBƏYLİ
Filologiya elmləri doktoru,
AMEA-nın baş elmi işçisi
525-ci qəzet.-2018.- 30 iyun.- S.14-15.