“İndi yaranan mətnlərdə həyatın ahəngi çatışmır...”

 

60 YAŞI TAMAM OLAN TANINMIŞ ƏDƏBİYYATŞÜNAS MƏTİ OSMANOĞLU YUBİLEY ƏRƏFƏSİNDƏ HƏYAT VƏ ƏDƏBİYYAT HAQQINDA DÜŞÜNCƏLƏRİNİ BÖLÜŞÜR

 

Bakı Dövlət Universitetinə ən çox mənə qazandırdığı müəllimlər üçün minnətdaram. Məti Osmanoğlunu da ilk dəfə illər öncə BDU-nun auditoriyasında tanımışam: XIX əsr Azərbaycan ədəbiyyatından dərs deyən müəllim kimi.

 

Sonralar isə yaradıcılığı ilə daha ətraflı tanış olub, Azərbaycan elminə, ədəbiyyatşünaslığına verdiyi töhfələrdən xəbərdar olduqca onun tələbəsi olmaqdan qürur duymuşam.

 

Bugünlərdə müəllimim, ədəbiyyatşünas alim Məti Osmanoğlunun 60 yaşı tamam olur.

 

Bu münasibətlə müəllimimlə görüşüb uşaqlığından, gəncliyindən, ədəbiyyatdan, tələbələrindən, bu 60 illik ömrün ona qazandırdıqlarından danışdıq:

 

- Məti müəllim, bu günlərdə 60 yaşınızı qeyd edirsiniz. Mübarək olsun yubileyiniz. Bilmək istərdim, ömrün ötən hissəsi sizdən ötrü nəyi ifadə edir və xüsusən, uşaqlıq çağlarınızı necə xatırlayırsınız?

 

- Çox sağ olun təbrikə görə... Ötən 60 il mənim üçün sevinci və kədəri, enişləri və yoxuşları ilə maraqlı bir ömür deməkdir... Uşaqlıq illərini təzədən xatırlayıb danışmaq, yazmaq üçün yəqin ki, daha bir altmış illik ömür lazımdır. O illərin içərisində hər cür xatirə var. O illərdə yoxsulluqla, maddi çətinliklə bərabər, bir fədakarlıq da vardı. Mən yoxsul və savadsız ailədə dünyaya gəlmişdim, valideynlərim ailəmizi çətinliklə dolandırırdılar. Ailədə yeddi uşaq idik. Valideynlərimiz o zəhmətin, əziyyətin, çətinliyin içində bizi oxutmağa, bizi ali təhsil verməyə çalışırdılar.

 

Nənəmi tez-tez xatırlayıram. O, dünyanın sərt üzünü görmüş, çox böyük çətinliklərdən keçmiş qadın idi. Bununla belə, bizim təhsilimizə böyük önəm verirdi. Valideynlərimi arxayın salırdı ki, siz gedin işinizdə işləyin, uşaqların qayğılarını mən həll edəcəyəm. Edirdi də. Atam Osman kişi təhsil ala bilməmişdi. Amma daxilində böyük bir ziyalılıq vardı, çox ünsiyyətcil insan idi. Alimlərlə, yazıçılarla, ustad aşıqlarla oturub saatlarla söhbətlər edə bilirdi. Axırıncı söhbətlərinin birində professor Məhərrəm Qasımlıya demişdi ki, səni Mətinin tələbə yoldaşı kimi deyil, Məhərrəm kimi çox istəyirəm - Məhərrəmin televiziya proqramlarının sadiq tamaşaçısı idi.

 

Məktəbimiz ucqar kənd məktəbi olsa da, güclü təhsil verirdi. O məktəbi, oradakı təhsil ruhunu həmişə minnətdarlıqla xatırlayıram. Birinci sinifdən sonra həmişə məktəbin ən yaxşı oxuyan şagirdi kimi fərqləndirildim. Kasıb və savadsız bir ailədən gələn uşağın məktəbin ən yaxşı şagirdinə, sonradan fəxr etdiyi bir məzununa çevrilməyində Allahın bir lütfü vardısa, müəllimlərimin böyük zəhməti, valideynlərimin fədakarlığı da vardı və bunları böyük minnətdarlıqla xatırlayıram.

 

Yeniyetməliyimdən maraqlı bir detalı da xatırlayıram. Kəndimizin dükanından İranda istehsal olunmuş bir idman ayaqqabısı almışdım. Ayaqqabının içində ərəb əlifbası ilə bir söz yazılmışdı. Nənəm o ayaqqabını geyinməyə qoymamışdı ki, içində Quran əlifbası ilə yazı var... Ayaqqabı geyinilməmiş qaldı. Universitetdə oxuyanda birinci kursda ərəb əlifbasını oxumağı öyrəndim və kəndə gedəndə idman ayaqqabısının içindəki yazını oxudum. Şirkətin adı yazılmışdı: “Şadənpur”...

 

- İxtisas kimi ədəbiyyatı seçməyiniz necə oldu?

 

- Bunun da çox maraqlı bir tarixçəsi var. Uşaq vaxtı fizikanı və riyaziyyatı sevirdim və onuncu sinifin noyabr ayına kimi fizika, konkret olaraq da elektronika ixtisasının arxasınca getməyi planlaşdırmışdım. Həmin ərəfələrdə Azərbaycan Televiziyasında kitablara rəylərin yazılması ilə bağlı məktəblilər arasında bir müsabiqə elan edildi. Mən də öz həmkəndlim Osman Sarıvəllinin yeni çapdan çıxmış “Seçilmiş əsərləri”nin birinci cildi haqqında bir yazı yazıb müsabiqəyə göndərdim. Sonra müsabiqənin gedişini izləyə bilmədim. Bir gün məktəbə gedəndə az qala məni “Mehtər marşı” ilə qarşıladılar (gülürük). Məlum oldu ki, respublika birincisi olmuşan. (Lap bu yaxınlarda öyrənmişəm - ikinci yeri də mənim indiki iş yoldaşım, BDU-nun Azərbaycan dili kafedrasının dosenti Yaşar Məmmədli tutubmuş). Ondan sonra “profilimi” dəyişməli oldum. Dostum Rüstəm Kamal demiş, fizikadan lirikaya keçdim...

 

- O vaxtdan ömrünüzü həsr etdiyiniz söz sizin üçün nədir?

 

- Elə ömrün özüdür. “Bibliya”da məşhur ifadə var: Allah özü söz idi. Mənə elə gəlir ki, söz bütün varlığın özüdür. Füzuli bunu gözəl deyib: “Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”. Mənim tutumum nə qədərdirsə, sözüm də o boydadır, sözüm nə boydadırsa, mən də oyam.

 

- Sözdən ilk qazancınızı xatırlayırsınız?

 

- Çox maraqlı sualdır. Universitetdə oxuyanda tələbə yoldaşlarımdan və valideynlərimdən gizli Bakı Şəhər İcra Hakimiyyətinin binasında ocaqçı işləyirdim. Universitetin jurnalistika fakültəsində mənimlə paralel oxuyan Taleh Həmidin vasitəsilə tanış olduğum İnqilab Həsənli sonradan məni radioya dəvət elədi. Radio üçün ədəbi kompozisiyalar hazırlayırdım, müxbirlik edirdim. Qələmdən ilk qazancım da onda oldu. İlk dəfə aldığım pulu tam nəyə xərclədiyim yadımda deyil, amma dəqiq yadıma düşür ki, ilk qazancıma bir Çin avtoqələmi almışdım. Uzun müddət yazılarımı o qələmlə işlədim. O qələm mənim üçün çox əziz idi...

 

- Sizcə, ədəbiyyat indi cəmiyyətdə hansı yerdədir?

 

- Çox təəssüf ki, heç də yaxşı yerdə deyil. Məsələni bizim ədəbiyyat orqanlarının tirajı (və ya oxucularının sayı) ilə ölçsək, görərik ki, cəmiyyət sözdən, ədəbiyyatdan çox uzaqlaşıb. Mən təhsilsiz və kasıb bir ailənin övladı idim, ancaq o uzaq kənddə dördüncü sinifdən sonra “Ulduz”, altıncı sinifdən sonra isə “Azərbaycan” jurnalının daimi abunəçisi oldum. Evimizə “Ədəbiyyat” qəzeti gəlirdi. İnsan oxumaqla - kitabla, jurnalla, qəzetlə yetişir. Uzun illərdir Bakı Dövlət Universitetinin filologiya fakültəsində ədəbiyyatımızın tarixini tədris edirəm, yaradıcı gənclərlə bilavasitə ünsiyyətdəyəm və görürəm ki, peşəkar təhsil alan gənclərimiz belə ədəbi mətbuatı izləmir, çoxunun müasir ədəbiyyatdan xəbəri yoxdur...

 

Bu yaxınlarda Türkiyənin Qars şəhərində oldum. Şəhərin ictimai kitabxanasındakı insanları, xüsusən gəncləri görəndə heyrət etdim. İllər öncə Türkiyədə bir müəllifin min tirajla kitab buraxdırdığını eşidəndə biz heyrət edirdik. Çünki Azərbaycanda kitabların tirajın minlərlə olurdu, yaxşı əsərlər dəfələrlə nəşr edilirdi. Biz təəccüblənirdik ki, Türkiyə kimi böyük və əhalisinin sayı çox bir dövlətdə kitab oxuyan niyə belə azdır? İndi isə əks mənzərənin şahidi oluruq...

 

- Ədəbi mətbuatın işini necə qiymətləndirirsiz?

 

- 1984-cü ildə o vaxt çox populyar olan “Ulduz” jurnalında fəaliyyətə başladım. Sonradan “Gənclik”, “Yol” və digər qəzet və jurnallarda işlədim, uzun müddət ədəbi mətbuatın ən qaynar yerində oldum. Ona görə də sözümün qəribliyə salınmasını istəməzdim. Mənə elə gəlir ki, indi ədəbi nəşrlərin əməkdaşları daha çox işləyirlər, məsələyə daha yaradıcı yanaşırlar, maraqlı layihələr, rubrikalar hazırlayırlar. Mətbuatın oxucusunun az olmasını isə redaktorların günahı hesab etmirəm, bu, cəmiyyətin, ictimai gerçəkliyimizin problemidir. Bu məsələyə dövlət səviyyəsində yanaşılmalıdır. İnsanlar ədəbiyyata, sənətə, mədəniyyətə yaxınlaşdırılmalıdır. Bunun öhdəsindən gələ bilməsək, gələcəyimizin düzgün istiqamət alacağına inanmağım gəlmir.

 

- Ədəbi orqanlarda yer alan mətnlərin səviyyəsi haqda nə düşünürsüz?

 

- Mən bir şeyə əminəm ki, indiki zamanda heç bir yaxşı mətn mətbuatdan kənarda qalmır. Sovet dövründə ədəbiyyat senzura vahiməsi altında idi. Bəzi naşirlər sezorun “əmisi oğlu” vəzifəsini yerinə yetirirdi. İndi isə belə problem yoxdur. Ədəbi orqanlar ədəbiyyatın durumunu göstərir. Aydınlıq üçün qeyd edim ki, “ədəbi orqanlar” deyəndə təkcə Yazıçılar Birliyinin orqanlarını nəzərdə tutmuram. Elə “525-ci qəzet” də ədəbiyyatın ictimaiyyətə çatdırılmasında “Ədəbiyyat qəzeti” qədər rol oynayır, gözəl layihələri var. Onu da xüsusi minnətdarıqla vurğulamaq istərdim ki, müəyyən müddət “Ədəbiyyat qəzeti” öz missiyasından uzaqlaşmışdı, yaranan boşluğu aradan qaldırmaq vəzifəsini “525-ci qəzet” öz üzərinə götürdü və bu vəzifəni layiqincə yerinə yetirdi. Son zamanlar “Kaspi” qəzetinin ədəbiyyat əlavəsi maraqlı çıxır. Naşir ədəbiyyatı yaratmır, ədəbiyyatın nəyi varsa, ictimaiyyətə onu təqdim edir. Nəşr edilən mətn məni qane edir, ya etmir - məsələnin başqa tərəfidir.

 

Hər gün ədəbiyyatdan şedevrlər gözləmək də, məncə, sadəlövhlük olardı. Füzuli ilə Vaqif arasında iki yüz ilə yaxın zaman var və o arada şedevrlər yaranmayıb...

 

Bir də o fikrin üstünə qayıtmaq istəyirəm ki, problemin böyük hissəsi ədəbiyyatdan daha çox, onun ünvanında, oxucudadır. Fikrimcə, oxucu çox olarsa, tələbat yaranarsa, nəşrlərin də keyfiyyəti yüksələr. İndi naşir yazıq düşünür ki, cəmi üç yüz oxucu üçün işləyir. Məncə, psixoloji reallığı mütləq nəzərə almağa ehtiyac var.

 

- Uzun müddətdir ədəbiyyatşünaslığın, ədəbi tənqidin tənəzzülə uğradığı ilə bağlı fikir formalaşıb. Bununla razısınızmı?

 

- 1960-cı illərdə hələ Sovet ideologiyası ayaq üstə olduğu zamanda belə o ideologiyanı təbliğ edən maşın artıq köhnəlib sıradan çıxmışdı. Tənqid bu ideologiyanın, ictimai sistemin “mühafizəçisi” olmaq funksiyasını itirmişdi. Elə o dövrdə də tənqid ədəbiyyatın ən diqqətdən uzaq sahəsi idi. Tənqidçi eyni həcmli yazısına görə nasirdən iki dəfə az qonorar alır, tənqidi yazılar jurnalların axırıncı səhifələrində yer alır, tənqidi məqalələr xırda şriftlərlə çap olunurdu. Bununla belə, o dövrdə Azərbaycanda tənqid yeni bir səviyyə müəyyənləşdirdi. Məsələn, Asif Əfəndiyev ədəbiyyatımızda esseistikaya vətəndaşlıq qazandırdı. Yaşar Qarayev, Tofiq Hacıyev, Aydın Məmmədov, Kamil Vəli Nərimanoğlu, Kamal Abdulla yenilikçi məqalələri ilə ədəbi düşüncədə canlanma yaratdılar. Ədəbiyyatşünas və tənqidçilərin yeni nəslinin - İsa Həbibbəylinin, Vaqif Yusiflinin, Şirindil Alışanlının, Nizaməddin Şəmsizadənin yazıları ədəbi prosesə yeni ruh və məzmun gətirdi... Bu günün tənqidi məncə, kifayət qədər intellektual, savadlı tənqiddir. Mən bunu heç də hissə qapılaraq demirəm. İndi ədəbiyyatımızın elə bir faktı yoxdur ki, tənqidin diqqətindən kənarda qalsın. Zamanın reallıqlarını nəzərə almaq lazımdır. Mənə elə gəlir ki, sizin soruşduğunuz tənqid bundan sonra da “tənəzzüldən” çıxa bilməyəcək. Bu gün tənqid tamamilə başqa bir anlayışdır. Tənqiddən şikayət edənlər isə tənqidçiyə piar nümayəndəsi kimi baxırlar. Məni tez-tez kitab təqdimatlarına dəvət edirlər. Bu təqdimatlar, əslində, piar hadisəsidir və çox vaxt gözləmədiyim halda mənə də söz verirlər. Qeyri-ixtiyari piarmenə çevrilməli oluram...

 

- İndi yaranan bədii mətnlərin çatışmayan əsas cəhəti nədir?

 

- Mənə elə gəlir ki, bugünkü həyatımız, həyatın ritmi, ahəngi çatışmır. Ədəbiyyat sanki daha çox həyatdan kənarda nələrisə axtarır. Mən müasir ədəbiyyatda özümün, müasirlərimin həyatını, problemlərini, sevinclərini, faciəsini nə dərəcədə görə bilirəm? Məsələ budur!

 

- Mətbuatda ardıcıl şəkildə müxtəlif müəlliflər və əsərlər haqqında məqalələriniz çap olunur. Məti Osmanoğlunun bir əsər və ya müəllif haqqında söz deməsi üçün hansı meyarlar tələb olunur?

 

- Birinci sənətkarlıq meyarıdır: oxuduğum nə dərəcədə bədii mətndir. İkincisi, oxuduğum mətndə özümü axtarıram. Əgər mətnlə öz dialoqumu qura bilirəmsə, o zaman həmin yazılar meydana gəlir.

 

- Ədəbiyyatı tədqiq, yoxsa tədris etmək asandır?

 

- Tədris prosesi təcrübə tələb edir. Tədqiqat isə, əksinə, təcrübəsiz olanda daha verimli olur. Təcrübəsiz tədqiqatçı axtarır, arayır, yeni nələrisə ortaya qoya bilir. Təcrübə qazandıqca özünü təkrarlamaq yaranır və təcrübə elmlə məşğul olan insanın əleyhinə işləyir. Pedaqoji fəaliyyətdə təcrübəli müəllim hər zaman öz təzəliyini, təravətini saxlamağı bacarır. Əsas məsələ auditoriya ilə ünsiyyət qurmaqdır. Pedaqoqun ünsiyyət problemi yarandığı gün fəaliyyəti də bitir.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.- 30 iyun.- S.19.