Tərcümə
işimizə və tərcüməşünaslığa
misilsiz töhfə
“AZƏRBAYCAN TƏRCÜMƏ ENSİKLOPEDİYASI”
İŞIQ ÜZÜ GÖRÜB
Azərbaycan Dillər
Universiteti (ADU) Elmi Şurasının qərarı ilə nəşr
olunan “Azərbaycan tərcümə ensiklopediyası”
rektoryanı şuranın iclasında təqdim edilib.
İlk dəfə
oxucuların ixtiyarına verilən “Azərbaycan tərcümə
ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları,
predmet və problemləri, ölkəmizdə tərcümə
tarixinin mühüm məqamları, nəzəri-təcrübi
məsələləri əhatə olunub.
Ensiklopediya həm Azərbaycan
dilinə, həm də Azərbaycan dilindən digər dillərə
tərcümələrin müəlliflərini ehtiva edir, elmi
işlər üçün son dərəcə ciddi həm
faktoloji, həm də nəzəri bünövrə rolunu
oynayır. Nəşrdə tərcüməçilər və
bu sahə ilə maraqlananlar, eyni zamanda, yazarlar, filoloqlar, gənc
ədəbiyyatşünaslar üçün faydalı məlumatlar
yer alıb.
Kitabın redaksiya heyətində
Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib),
Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli,
Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə,
Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil
olunurlar. Rəyçilər isə filologiya üzrə elmlər
doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər
doktoru, professor Aydın Ələkbərov, filologiya üzrə
elmlər doktoru, professor Lidiya Qranovskaya və filologiya üzrə
fəlsəfə doktoru Etibar Əliyevdir. Nəşriyyat
redaktoru Əliş Mirzallıdır.
Kitabın ideya müəllifi,
ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, 10 ildən çox
müddət ərzində tərtib edilən bu əsər əsl
bilik xəzinəsidir. Akademikin fikrincə, ola bilsin. bəzi tərcüməçilər
və müxtəlif məsələləri barədə daha
dolğun məlumat əldə edilməyib, lakin onlar
haqqında məlumatlar növbəti nəşrdə mütləq
yer alacaq: “Kitabın hazırlanmasının arxasında
çox böyük zəhmət dayanır. Burada
böyük bir komandanın əziyyəti var. Biz Bakı
Slavyan Universitetində belə bir nəfis kitabı ərsəyə
gətirmək üçün illər öncə çox
ciddi işlərə başlamışdıq və artıq
işimizi yekunlaşdırdıq. İnanıram ki, bu kitab tərcüməşünaslar,
mədəniyyətşünaslar, filoloqlar,
yazıçılar üçün son dərəcə əhəmiyyətli
bir vəsait olacaq”.
Akademik kitaba
yazdığı ön sözdə Azərbaycan tərcüməşünaslığının
zəngin tarixindən bəhs edib, XIV əsrdə dini əsərlərin,
sülalələr haqqında təzkirələrin sətiraltı,
mətni, xüsusilə də, sərbəst tərcümələrindən
başlayaraq daha sonralar (XIX əsrdə) püxtələşmiş
ədəbi cərəyanlara aid bədii nümunələrin
- şeirlərin, təmsillərin, pyeslərin, romanların tərcüməsinə
qədər yaradılan nadir nümunələr, nəhayət
etibarilə, tərcüməçiliyin son dərəcə
maraqlı və faydalı ədəbi-bədii peşəyə
çevrilməsini şərtləndirdiyini vurğulayıb.
K.Abdulla Azərbaycan dilindən başqa dillərə tərcümələrə
də toxunub, onların da tərcüməçilik işindəki
önəmini qeyd edib. Akademikin sözlərinə görə,
tərcüməçilik işinin hər iki istiqaməti
üzrə həyata keçirilən fəaliyyət bu
fundamental əsərdə öz təsvirini tapıb: “İlk
dəfə olaraq “Azərbaycan tərcümə
ensiklopediyası” adlı monumental tədqiqat əsəri
oxucuya təqdim edilir. Ensiklopediya tərcümənin fəlsəfi
əsaslarını, predmet və problemlərini, Azərbaycanda
tərcümə tarixinin mühüm nöqtələrini, nəzəri-praktik
məsələlərini və ən əsası,
personaliyaları əhatə edir.
Ümid edirəm ki, Azərbaycan
ədəbiyyatında praktik tərcümə ilə
bağlı heç bir vacib şəxs, heç bir əhəmiyyətli
əsər bu kitabda unudulmamışdır. Bəlkə bəziləri
barədə daha dolğun məlumat olmadığından
onlar haqqında xəbər növbəti nəşrlərə
qaldı. Eyni zamanda, tərcüməşünaslığın
ən əsas şaxə və istiqamətləri barədə
də kitab özündə dəyərli informasiya qoruyub
saxlayır.
Tərcümə mədəniyyətimizin
bariz göstəricisi olan bu əsər dünyanı daha
yaxşı tanımağın, özünü dünyaya
daha ləyaqətlə təqdim etməyin möhtəşəm
üsuludur. Tərcümə bir mədəniyyətin təzahürü
deyil, ən azı iki mədəniyyətin qovuşduğu məqamdır,
əsl multikultural reallıqdır. Və belə bir
multikultural reallıq Azərbaycanda ümumi multikultural mənzərənin
ən vacib komponentlərindəndir”.
K.Abdulla kitabın təkcə
tərcüməçilər və bu sahə ilə
maraqlananlar üçün deyil, eyni zamanda, filoloqlar və
yazarlar üçün də xüsusi intellektual faydası
olacağını, gənc ədəbiyyatşünasların
ondan yetərincə faydalana biləcəklərini qeyd edib:
“Belə ki, ensiklopediyanın nəzəri və praktik hissələri,
personalilər yerinə yetirilən, yetirilməkdə olan elmi
işlər üçün son dərəcə ciddi və
möhkəm faktoloji, həm də nəzəri bünövrədir”.
Akademik “Azərbaycan tərcümə
ensiklopediyası”nın birdəfəlik, ilk və
axırıncı təşəbbüs
olmadığını, daha təkmil və dolğun
variantlarının yenə də yaranacağını
yazır.
“Azərbaycan tərcümə
ensiklopediyası”nın illərin yadigarı olduğunu qeyd edən
K.Abdulla bu əsərin uzun illərin zəhməti nəticəsində
ərsəyə gəlməsində alimlər, mütəxəssislərlə
birgə özünün müxtəlif universitetlərdən
olan tələbələrinin, magistrlərinin də əməyinin
olduğunu diqqətə çatdırır.
Dillər Universitetinin tədris
işləri üzrə prorektoru, professor Əfqan Abdullayev,
rektorun müşavirləri dosent Seyfəl Həsənov və
Ələddin Əliyev, beynəlxalq münasibətlər və
idarəetmə fakültəsinin dekanı, dosent İbrahim
Kazımbəyli, tərcümə və mədəniyyətşünaslıq
fakültəsinin dekanı Bənövşə Məmmədova,
təhsil fakültəsinin dekanı, professor Fikrət
Cahangirov, filologiya və jurnalistika fakültəsinin dekanı
Vüsalə Ağabəyli, Azad Həmkarlar
İttifaqının sədri Misgər Məmmədov “Azərbaycan
tərcümə ensiklopediyası” kitabının bu sahəylə
maraqlananların stolüstü vəsaitinə çevriləcəyini
düşünürlər.
Ensiklopediyada Azərbaycan
Prezidenti İlham Əliyevin “Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında” 24
avqust 2007-ci il və “Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin Azərbaycan dilində
nəşri nəzərdə tutulan əsərlərinin siyahısının
təsdiq edilməsi haqqında” 30 dekabr 2007-ci il tarixli və
digər sərəncamlar və sənədləri yer
alıb.
M.Nağısoylu və
L.Əliyeva ensiklopediyadakı “Tərcümə elm sahəsi
kimi” adlı məqalədə 20-ci əsrin əvvəllərində
tərcüməşünaslığın bir elm sahəsi
kimi yaranıb formalaşması, elmi müddəaları və
eləcə də nəzəri əsaslarından bəhs ediblər.
Daha sonra müəlliflər məqalədə bu elm sahəsinin
Azərbaycanda yaranıb inkişaf etməsi, orta əsrlərdən
başlayaraq zaman-zaman aktuallaşması və Sovet
dövründəki vəziyyəti, eləcə də
çağdaş ədəbiyyatımızın
inkişafındakı rolu ilə bağlı məlumatlar
fikirlərini qeyd edib, tərcüməşünaslıqla
bağlı elmi qaynaqlardan söz açıblar.
Filologiya üzrə fəlsəfə
doktoru Rövşən Əliyev “Tərcümənin nəzəri
və praktik prinsipləri” məqaləsində qeyd edir ki, tərcüməşünaslıq
yeni formalaşan elm olduğundan hələ hərtərəfli
tədqiqata cəlb edilməmiş, bu elmin problemlərinin
çox az hissəsi tərcümə nəzəriyyəçiləri
tərəfindən araşdırılmışdır.
Müəllif məqalədə tərcümə nəzəriyyəçilərinin
işləyib hazırladıqları tərcümə
prosesini öyrənən üç əsas modeldən -
situativ, transformasiya və semantik modellərindən, onları
bir-birindən fərqləndirən əsas cəhətlərindən
danışıb.
R.Əliyevin məqaləsində
adını çəkdiyi tərcümənin modelləri
haqqında daha geniş məlumatı filologiya elmləri
doktoru A.Rüstəmova “Tərcümənin fəlsəfi əsaslarına
dair” məqaləsində verir. Müəllif burada əlavə
olaraq, informasion tərcümə modelindən də
danışıb.
Ensiklopediyaya tərcüməşünaslığın
predmeti və problematikası haqqında məlumatları
professor A.Ələkbərli eyniadlı məqaləsində
yazıb. O, həmçinin, məqalədə
sözügedən elm sahəsinin digər elmlərlə
bağlılığından da geniş şəkildə bəhs
edib.
Ensiklopediyada Azərbaycanda
tərcümə ədəbiyyatı tarixindən akademik
Möhsün Nağısoylu bəhs edib. O, 14-cü əsrdən
başlamış 20-ci əsrə qədər bütün
dövrləri ayrı-ayrılıqda tədqiq etmiş və
sistemli şəkildə oxucuların ixtiyarına vermişdir.
XIX və XX əsr haqqındakı tədqiqatın həmmüəllifi
dosent L.Əliyevadır.
“Azərbaycan tərcümə
ensiklopediyası” kitabının “Personalilər” bölməsində
tərcüməçilər və onların fəaliyyətləri,
tərcümə əsərləri haqqında məlumatlar
yer alsa da, bölmə “Tərcüməçilərin hamisi”
adlandırılan IV-V əsrlərdə yaşamış və
Bibliyanı latın dilinə tərcümə etmiş
müqəddəs İeronimin bioqrafiyası ilə
başlayır.
“Azərbaycan tərcümə
ensiklopediyası”nın birinci nəşri Azərbaycan tərcüməşünaslıq
terminləri lüğəti əsas korpus ilə
tamamlanır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2018.- 30 iyun.- S.11.