Qəribə adam... Şamil...
İsmayıl bəy
Qutqaşınlı fransızca yazdığı “Rəşid
bəy və Səadət xanım” hekayəsində arabir
süjetdən yayınıb oxucusuna öz şərhlərini
verir.
Əsəri ilk dəfə
oxuyanda bu izahlar qəribə gəlir adama, axı bunları
anlatmağa, açmağa nə hacət?! Amma bir az da dərinə
gedəndə, hadisələrin XIX əsrə təsadüf
etdiyini, əsərin avropalı oxucular üçün
yazıldığını nəzərə alanda hər
şey aydın olur. Müəllif
oxucu inamsızlığından, qınağından
çəkinir, ona görə hər fürsətdə izah
edir ki, bura Şərqdi, fikriniz azad cəmiyyətlərə,
sevginin arın-arxayın yaşandığı Qərbə
getməsin. Səadət sadəcə Rəşidin səsini
eşidib vurula bilər, Rəşid Səadəti ikicə dəfə
görməklə dünyadan imtinaya hazır olar və burda
qeyri-adi heç nə yoxdur. İsmayıl bəy
Qutqaşınlı avropalı oxucusuna müraciətlə
yazır:
“Siz ki, bütün həyatınızı
qadınlar məclisində keçirirsiniz, onların zərif
səslərini, lətif söhbətlərini dinləyirsiniz.
Şərq ölkələrində bir qadının ancaq bir
baxışının, hətta ancaq qadın adının
cavan oğlanlara nə dərəcədə təsir etdiyini bilmirsiniz.
Bu cavanlar üçün qadınların səsində nə
qədər lətafət olduğunu və onların
dodaqlarından qopan ilk sevgi kəlməsinin cavanların
bütün hissiyyatını nə dərəcədə
qaplamasını təsəvvürünüzə gətirə
bilməzsiniz!”
Ucqar bir dağ kəndində
böyümüş yaşlı adamın ilk sevgisini necə
təsvir etməsini heç unutmuram. Yeniyetmələr bir
“Zil”in yük yerinə doluşub üzüyuxarı meşənin
sıx yerinə qalxırlarmış, bu növcavan da
maşın yırğalandıqca bir çəlimsiz
qızın qolundan tutub yıxılmaqdan qoruyurmuş.
Maşından enəndən sonra qızla kəlmə də kəsmir,
sonralar da elə hey uzaqdan baxır ona... Axırda
anasının məsləhət bildiyi xalaqızıyla evlənən dayday o maşında
yırğalanmağını ömrünün
işıqlı səhifəsi kimi danışdıqca
cavanların qımışmağını hiss edirdi... Ona
görə bir ah çəkib - fikriniz indiyə getməsin
bala, biz sevgimizi də adam kimi yaşaya bilmirdik - demişdi...
Qutqaşınlıdan bir əsr sonra da Azərbaycan gəncliyi
öz sevgisini “adam kimi” yaşaya bilmirmiş demə... Elə
ona görə də hər bir “Rusyetə” gedən (fərqi
yoxdu, oxumağa, ya alverə) kişinin xatirələr
bankında təxminən belə bir hadisə var: rus
qızı məni sevirdi, mən Bakıya qayıdanda
vağzalda durub hönkürürdü, illər keçəndən
sonra yenə yolum oralardan düşəndə
qapılarını döydüm, anası-atası məni
görcək sevindilər və bizi təkcə qoyub getdilər
ki, qız sevdiyinə “qovuşsun”... Bu əhvalatı bilməyən
yoxdu Azərbaycanda, mən özüm də ən müxtəlif
formalarda, fərqli interpretasiyalarda dəfələrlə
eşitmişəm. Nədi bu kişiləri təəccübləndirən,
niyə bunu, ya buna bənzəyən əhvalatı hər kəs
az qala bədii əsər kimi danışır və
az-çox yazı-pozusu olan qələm adamı görən
kimi - gəl otur danışım, yaz - deyir. Sevgidən,
eşqdən bixəbər birisinin sevgi smslərinə -
hansı əsərdən götürmüsən - deməsi
yadıma düşür. Deməli, qapalı cəmiyyətdə
yaşayan adi, sıradan adam üçün sevgi ancaq ədəbiyyatın
məhsulu kimi qavranılır. Ona görə bu adam
haçansa qısa müddətli də olsa, o çərçivədən
kənara çıxıb daşlı-qayalı yolla gedibsə,
hardasa qızın əlinə toxunmaqdan o tərəfə
keçə bilibsə, bunu Şekspir mövzusu sayır.
Sənət belə sevgini,
“olmaz”lar içərisindəki eşqi də təsvir edir.
Daha doğrusu, məhz bu cür qadağan hisslər sənətin
maraq dairəsindədir. Əbədi bir Leyli-Məcnun
mövzusu, nakam sevgi modeli sənətin mərkəzindədir,
dövrə, zamana, hətta siyasi şəraitə görə
ifadə forması, tərzi dəyişir, amma mövzu elə
həmənkidir.
Bu günlərdə
İran rejissoru Məcid Məcidi Bakıya gəldi, Nizami Kino
Mərkəzində “Məhəmməd.Allahın elçisi”
filmi təqdim olundu, master-klassı keçirildi. Filmin təqdimatından
əvvəl Xalq artisti Şamil Süleymanlı ilə söhbət
etmək fürsətim çoxdandı izlədiyim, filmlərini
bəyəndiyim Məcidi ilə görüşdən daha əhəmiyyətli
oldu deyə bilərəm. Çünki Məcididən ciddi sənət
açıqlamaları gözlədiyim halda söhbətin
yalnız sünnü-şiə məsələsi ətrafında
dövr etməsi heç ürəyimcə
olmamışdı. Ona görə bir yandan yayın istisinin, o
biri tərəfdən də Məcidinin farsca bitib-tükənməz
dini şərhlərinin ovqatımı təlx etdiyi vaxtda
sevimli aktyorla söhbət sərin su, ya da səhrada
yaşıl vadi təsiri bağışlayırdı.
Şamil müəllim kinostudiyanın o dövründən,
ötüb-keçənlərdən, gülməli hadisələrdən
danışdıqca mən özümdən asılı
olmayaraq müxtəlif personajları gözümün
önünə gətirirdim... “Evlənmək istəyirəm”
filmindəki Şamili, “Bəyin oğurlanmasında”kı Həsəni,
“Baladadaşın ilk məhəbbəti” kinosundakı
Baladadaşı... Niyə məhz bunları? Çünki bir
az əvvəl Məcidi buxovlar içində həqiqəti
deməyin çətinliklərindən
danışmışdı. Sevgi ən böyük həqiqətdir,
şübhəsiz. Şamil Süleymanlı isə Azərbaycan
kinosunda qadağan olunmuş hissləri özünəməxsus
şəkildə ekrana gətirən sənətkarlarımızdandır.
Məhz adlarını çəkdiyim filmlərdə,
sadalanan qəhrəmanların vasitəsiylə bu aktyor
sevgisini içində yaşayan, ürkək şəkildə,
bir az da qorxa-qorxa biruzə verən, eyni zamanda, idarə olunmaz
bir çılğınlıqla arzularına doğru gedən
gənci bizlərə göstərib.
Əbdürrəhim bəy
Haqverdiyevin bir neçə hekayəsinin motivləri əsasında
rejissor Cahangir Mehdiyevin ekranlaşdırdığı “Evlənmək
istəyirəm” filmində Şamil Süleymanlı bir kənd
qızına aşiq olmuş papaqçını
canlandırır. Üç dostdan, Ramiz Rövşənin
dediyi kimi “hal-əhli olan, dünyadan qaçmaq
üçün dördcə təkəri bəs bilən”
cavanlardan biri olan Şamil sevgisini pünhan saxlamalıdı.
Ancaq gecədən-gecəyə divarın bircə
daşını çıxarıb o bir daşlıq yerdən
sevdiyi qızı - Gülsümü görmək imkanı
olur. Hər dəfə dostlarından “qırıla” bilməyən
Şamil qızın görüşünə gecikir və
günahını yumaq üçün hər cür dil
tökür, söz verir və sevgilisi ilə ünsiyyəti
bununla da bitir. Axı bu elə zamandı ki, “giridovoy”
qarpızı bomba bilir, xalq savadsızdı, bir kağız
yazdırmaqdan ötrü mirzələrə üz tutur və
Həsən Ağanın qohumu olmaq ayrıca bir
üstünlük sayılır. Və bu mühitin içərisində
aşiqin özünə tapdığı yeganə “həmdərd”
lal, xəstə, dəlisov Hüseyn olur...
Haqverdiyevin təkrarsız
sənəti, filmin məziyyətləri, Həsən Məmmədovun,
Səməndər Rzayevin,Vəliəhd Vəliyevin, Fərhad
İsrafilovun qeyri-adi dərəcədə parlaq oyunu
haqqında səhifələrlə yazmaq, danışmaq olar.
Amma indi niyyətim sadəcə buxovlar, çərçivələr
içərisində sevginin necə, hansı şəkildə
“göstərilməsi”nə diqqət çəkməkdir.
Dostları Parisin kafeşantanlarının, ordakı
madam-madmuazellərin həsrətiylə alışıb
yananda, göz yaşı içində xatirələrini
danışanda Şamil durub-durub birdən oxuyur: “Mənimçün
elə bura da yaxşıdı, bura da gözəldi... Ya gərək
sevəsən, ya da seviləsən. Sevgi olan yerdə həyat
da gözəldir...” Axı bir kənd
uşağı sevgisini ayrı necə deyə bilərdi? Bu qədər
sadə, hətta bəsit bir şəkildə. Aktyor bu sadəlik
içərisindəki sevgini oynamağı, daha dəqiq desəm,
yaşamağı bacarıb...
Mövlud
Süleymanlının ssenarisi əsasında Ceyhun Mirzəyev
və Vaqif Mustafayevin ekranlaşdırdığı “Bəyin
oğurlanması”nda da acınacaqlı bir vəziyyət təsvir
olunur... Burda mühitin
qadağalarından daha ciddi maniələr var. Həsən bir
vaxt anasını sevən amma qovuşa bilməyən
kişinin - İsrafilin (Yaşar Nuri) qızına aşiq
olub. Əlində nərdivan kəndin içərisiylə elədən-elə,
belədən-belə gəzən Həsən İsrafilin
qapısına daha kimləri göndərməyib?! Kişi iki
ayağını bir başmağa dirəyib ki olmaz... Burda da
Yaşar Nurinin, Səməndər Rzayevin, İlham Namiq
Kamalın, Ramiz Əzizbəylinin, Eldəniz Zeynalovun oyunundan,
milli adətlərimizi göstərən ekran əsərinin
unudulmaz məqamlarından, dillər əzbəri olan sözlərindən
xeyli danışmaq, yazmaq olar. Amma yenə də məqsəddən
uzaqlaşmadan bircə məqama diqqət çəkmək
istərdim. Hollivud melodramları ilə müqayisədə bu
filmlərdəki sevgi heç sevgiyə oxşamır. Bu mənada
indiki uşaqlar, çağdaş gənclər “Evlənmək
istəyirəm”, yaxud “Bəyin oğurlanması” kimi filmləri
heç bir şəkildə melodram kimi qəbul edə bilməzlər.
Həqiqətən də belə deyil. Çünki burda məqsəd
mühiti, cəmiyyəti və onun fonunda real hisslərin necə
yaşanmasını göstərməkdi. Və
mübaliğəsiz filansız demək olar ki, Şamil
Süleymanlı məhz belə aşiqi ən yaxşı
canlandıran aktyorumuzdur. Elə bircə İsrafilin it
oyuncağının səsindən əsəbləşib Həsənin
dərsini verməyə gəldiyi səhnəni yada salaq...
Yaşar Nuri, Ramiz Əzizbəyli və Şamil
Süleymanlı triosunun qeyri-adi ifası ilə bu səhnə
kino tariximizdə ən unudulmaz kadrlardan sayıla bilər...
İsrafil (Yaşar Nuri) qəzəb içində kluba girib, əlinə
keçsə, döyəcək, öldürəcək
oğlanı. İsabala (Ramiz Əzizbəyli) “Aman tello” oxuyur,
Həsən isə onu nə gözlədiyini təxmin edib cəld
səhnəyə atılır, əl-qol açıb
oynayır, potensial qaynata “Ala, bir az diri oynuyun” dedikdə bir az
da coşur, atılıb düşür. Sevən adamın
qorxu qarışıq cəsarətini bundan yaxşı
oynamaq alınmazdı da yəqin... Ayaqları əsir, amma rəqs
edir, qorxur ancaq bilir ki, qızdan da əl çəkən
deyil!
Baladadaşın isə
sevgisi lap qəribədi... Elçinin eyniadlı hekayəsi əsasında
rejissor Fikrət Əliyevin çəkdiyi “Baladadaşın
ilk məhəbbəti” filmində yenə bir kənd
uşağının tindən-bucaqdan, aralıdan
baxmağı - sevgisi təsvir olunur. Abşeronda bircə dəfə
olan, kənd uşaqlarını müşahidə edən
adamın Baladadaşı tanımaması
mümkünsüzdü. Aerodrom kepkası ilə, bir az
köntöy, bir az utancaq davranışı ilə hər kəsin
sevərək qəbul elədiyi adamdı bu. Müğənni
Ruhəngiz Musəvinin canlandırdığı gözəl
şəhər qızını görən kimi gözü
tutub onu, amma bu hisslər də, qız da o qədər əlçatmazdı
ki... Yenə də qəribə sevgi, nə qədər pafoslu
səslənsə də, pak duyğular, kirlənməmiş
arzular. Bütün bunları aktyor Baladadaşın sevgiyə
oxşamayan, sadəcə yeniyetmə marağına bənzəyən
davranışı ilə, baxışı ilə
çatdırır. Sevgi deyil, sevginin yaranması,
tumurcuqlanmasıdır əslində... Sonra da heç nəyə
çevrilməyəcək, amma maraq var, Baladadaş bu şəhər
qızına can atır. Müəlliflər onun hisslərinin
paklığını göstərmək üçün
Baladadaşın balaca bir xəyalını ekrana gətirirlər...
Hətta xəyalında belə Baladadaş bu qızla sadəcə
uşaq kimi atılır düşür, suda ayaqlarını
çırpıb oynayır, yanağından öpür.
Axı ayrı bir şey də lazım deyil.
İstər Qarabağ
mühitini, koloritini göstərən “Evlənmək istəyirəm”də,
istər Azərbaycan kəndinin ümumiləşdirilmiş mənzərəsini
yaradan “Bəyin oğurlanması”nda, istərsə də
Abşeronu ifadə edən “Baladadaşın ilk məhəbbəti”ndə
sevgi iri planda deyil... Zahirən mövzu sevgidir, amma əslində,
diqqətə çəkilən elə
İ.Qutqaşınlının qoyduğu problem,
avropalılarla “dərd” kimi bölüşdüyü məsələlərdir.
Öz hisslərinin əlində aciz qalan insan və qanunlar
içərisində “qanunsuz” duyğuların
yaşanmasının çətinliyi... Şamil
Süleymanlını görməklə bu gənclər
hamısı bir-bir düşdü yadıma. Bu gəncləri
oynaması bir yana, axı bir vaxt Leylini də ifa edib... Bəli,
bəli... Anarın “Üzeyir ömrü” filmində Üzeyir
bəyin ilk Leylisini oynayan çayçı Fərəcovu
canlandırıb. Kosa olmaqdan qorxub üzünə qrim etmək
istəməyən gənc oğlan yenə də Üzeyir bəyə
söz verdiyi üçün razılaşır və
Leylinin ilk ifaçısı olur. Bütün bunlar,
çayçı Fərəcovun, Şamilin, Həsənin,
Baladadaşın duyğuları bu gündən baxanda qəribə
görünür, hətta inandırıcı gəlmir
adama... Amma Şamil Süleymanlı inandırır axı
onların sevgisinə! Demək ki, nərdivanı çiyninə
alıb gəzmək də, qızın qaldığı
bağa su daşımaq da, bircə daş
“ölçüsündə” görüş də sevgi
imiş!
PƏRVİN
525-ci qəzet.-2018.- 30 iyun.- S.12.