“Dəlixanada qətl”in motivləri:
ağrılar və doğrular
Məşhur İsveçrə
yazıçı-dramaturqu, alman dilində
yazıb-yaratmış Fridrix Dürrenmattın “Fiziklər”
komediyası əsasında hazırlanmış “Dəlixanada
qətl” tamaşasına Gənc Tamaşaçılar
Teatrının tanış səhnəsində təxminən
bir ay öncə, mayın 16-da elə ilk premyerasında
baxmışdım.
Düzünü
desəm, tamaşaya baxandan sonra haqqında deyə və ya
yaza biləcəyim heç nə tapmamışdım. İlk
baxışda sadə süjet üzərində qurulmuş,
adi komediya təsiri bağışlamışdı. Amma günlər keçdikcə tamaşanın məndə
yaratdığı təsirin fərqinə vardım. Ondan sonra çox tamaşalar, filmlərə
baxdım, çox yazılar yazdım, amma həmişə
beynimin bir küncündə dəlixanada törədilmiş
o qətllər vardı. “Dəlixanada qətl”
tamaşası kənardan çox yüngül, kalorisiz və
bər-bəzəkli görünən, hətta ilk yediyin
vaxtda belə təsirini hiss etmədiyin, amma zamanla
ağırlığı mədənə çökən,
sənə narahatlıq verən bir yemək kimidir. Qurtulmağın tək yolu, deyəsən,
haqqında yazmaqdır.
Ötən il
dünyasını dəyişmiş dahi alim Lütfi Zadənin
xatirəsinə həsr olunan tamaşanın pyesini rus dilindən
Dilsuz Mustafayev tərcümə edib. Yeni səhnə əsərinin
quruluşçu rejissoru Cənnət Səlimova,
quruluşçu rəssamı Elşən Sərxanoğlu,
musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda
Hacışəmiyevadır. Əsas obrazları Leyli Vəliyeva,
Nofəl Vəliyev, Şövqü Hüseynov, Kərəm
Hadızadə, Elnur Hüseynov, Rəşad Səfərov,
Mehriban Hüseynova, İradə Rəşidova, Gülər Nəbiyeva,
Şəbnəm Hüseynova, Anar Seyfullayev, Ramiq Nəsirov,
Gülər Nəbiyeva, Ramil Məmmədov, Anar Səfiyev,
Güşvar Şərifova və Aygün Fətullayeva
canlandırırlar.
İkihissəli
komediyadakı hadisələr bir gün ərzində tibb
alimi, şəxsi həyatını bu sahəyə qurban verən
Matilda fon Tsand (Leyli Vəliyeva) tərəfindən
əsası qoyulmuş “Albalı bağı” adlı özəl
ruhi xəstəxanaya aid köhnə villada cərəyan edir. Qıraqdan heç də tibb mərkəzinə bənzəməyən
villada son üç ayda qəribə hadisələr baş
verir. Daha dəqiqi, pasientlər tibb
bacılarını öldürürlər. Polis müfəttişi
Rixard Foss (Elnur Hüseynov) bu müddətdə baş verən ikinci qətl
hadisəsini (axşamadək qətllərin sayı
üçə çatacaq) araşdırmaq üçün
psixiatriya sanatoriyasına gəlib. Əslində,
araşdıracaq bir şey də yoxdur, ölən də məlumdur,
öldürən də. Əsas problem isə
öldürənlərin məsuliyyətə cəlb oluna
bilməməsidir. Axı, onlar dəlidirlər.
Bütün xəstələri
köçürülmüş sanatoriyada cəmi
üç pasient qalıb, üçü də fizikdir.
Birinin adı Herbert Georq Beytlerdir, amma özünün Nyuton
olduğunu (Nofəl Vəliyev) iddia edir, ikincisi Ernest Henrix
Emestidir ki, o da özünü Eynşteyn kimi (Kərəm
Hadızadə) qələmə verir, üçüncü
fizik - ən köhnə pasiyent
isə özünə heç bir məşhur ad
götürməyib, eləcə Lohan Vilhelm Mebius
(Şövqi Hüseynov) kimi bilinir.
Hadisə
özünü Nyuton və Eynşteyin adlandıran xəstələrin
tibb bacılarını öldürmələri ilə
başlayır. Əslində, ortada cinayət var və
günahkar mütləq cəzalanmalıdır. Amma bu
işdə polis müfəttişi Rixard Fossa öncə
qanunlar mane olursa, ikinci tərəfdən sanatoriyanın
baş həkimi Matilda fon Tsand, baş tibb
bacısı Marta Bol da əngəllər törədir,
israrla bu qətllərin bədbəxt hadisə kimi qəbul
edilməsinə çalışırlar. Çünki cinayəti
törədən ağıllı-başlı adam
deyil, ruhi xəstələrdir. Özü də heç kimlə
işi olmayan, fağır, sözəbaxan, bir az
da komik fiziklər. Onların bu vaxta qədər
zərər verdikləri yeganə insanlar tibb
bacılarıdır ki, onları da öldürüblər.
Biz bu vaxta qədər
cinayətin niyə baş verdiyini bilmirik. Çünki
hər iki cinayət bizdən öncə baş verib və biz
məsələyə həmin cinayətlərin
araşdırılması ilə daxil olmuşuq. Ancaq hadisələrin gedişatında
gözümüzün önündə yeni bir cinayət
törədilir. Deyəsən, elə digər
iki cinayətə oxşar səbəblərdən (bunu
sonradan ruhi xəstələrin, yəni fiziklərin söhbətindən
anlayırıq). Bu cinayəti isə Lohan
Vilhelm Mebius törədir. O, öz tibb bacısı ilə
söhbətində (Şəbnəm Hüseynova) kifayət qədər
ağıllı, savadlı, özünü,
sözünü bilən insan təsiri
bağışlayır. Elə bu söhbətlə
tamaşaçının içinə bir şübhə
düşür, bəlkə heç bunlar dəli deyillər?
Bəs burda nə işləri var?
Aydın olur
ki, Mebiusla tibb bacısı bir-birinə vurulublar. Tibb
bacısı onun xəstə olmadığının da fərqindədir
və tezliklə buradan çıxıb onunla evlənməyin
xəyallarını qurur. Elə Mebius
özü də bunu istəyir. Öz
baxıcısını böyük məhəbbətlə
sevir. Amma onu öldürür! Bəs niyə?
Nədir bu qətllərin səbəbi? Ağlı başında olan insanlar, hətta alimlər
necə olub ki, öncə dəliyə, sonra isə
soyuqqanlı qatilə çevriliblər?
Aydın olur
ki, Mebius çox böyük alimdir, hansısa fövqəladə
elmi kəşflər edib. Amma onun etdiyi bu elmi kəşflər
bəşəriyyətin məhvinə səbəb ola bilər. Əlbəttə, o
kəşfi edərkən bunu düşünməmişdi.
Çünki bıçaq bir əldə
çörək doğramaq üçün alətdirsə,
digər əldə soyuq silaha çevrilə bilir. Eləcə də Mebiusun kəşfi qana
susamış, torpaq davası, mal-mülk hərisliyi ilə
bir-birinin ətini didən bəşər övladının
əlində hətta dünyanı məhv edə biləcək
bir silaha çevriləcək. Bütün
bunların fərqində olan alim isə öz elmi kəşflərinin
gerçəkləşmə qorxusundan burdadır. Çünki Mebius əmindir ki, fərdin
bütün bəşəriyyəti məhv edəcək riskə
getməyə haqqı yoxdur. O, öz
azadlığını, ailəsini, övladlarını,
sevgisini də məhz bunun uğrunda fəda edir. Bütün bəşəriyyətin xilası
üçün özü də daxil olmaqla bir neçə
fərdi qurban verməkdən çəkinmir. Və bütün bunları öyrənən
tamaşaçı o qatil olsa belə ona haqq qazandırır.
Şair Nazim Hikmətin də dediyi kimi, “insanlar
üçün ölə biləcəksən, həmdə
üzünü belə görmədiyi insanlar
üçün...”
Bu etiraflardan
sonra biz özünü Nyuton və Eynişteyn kimi qələmə
verən pasientlərin də əslində, Mebiusun izində
olan, onun kəşflərini ələ keçirməyə
çalışan, buna görə də özlərini dəliliyə
vuran fiziklər olduğunu öyrənirik. Sən demə,
baş həkim Matilda da onların kimliyindən xəbərdardır
və bütün xəstələr
köçürüldüyü halda, bu üç nəfərin
köhnə villada saxlanılmasında məqsəd onları
öyrənmək, elmi kəşflərini üzə
çıxartmaq imiş.
Dürrenmatt bu
pyesini görkəmli alman aktrisası Tereza Gizeyə həsr
edib. Müəllifin pyesdə qoyduğu məsələ
çox düşündürücü, hətta bir yerdə
qorxuducudur. O, hələ 1962-ci ildə elmin, texnikanın
bu cür sürətli inkişafının bəşəriyyəti
məhvə sürükləyə biləcəyini
görür və öz pyesi ilə dünyaya sanki bir SOS
siqnalı ötürürdü. Bəs nəticə?
Pyesin yazıldığı dövrdən ötən
yarım əsrdən artıq müddətdə elm-texnika o qədər
inkişaf edib ki, bu inkişaf, saysız-hesabsız kəşflər
insanları xoşbəxt etmir, əksinə, ən uzaq məsafələrdən
belə onları məhv edəcək, ölkələri
xaraba qoyacaq silahlar yaradır! Artıq dünya bir balaca
düymənin və o düyməni əlində oyuncaq kimi
oynadan bir neçə psixopatın ixtiyarındadır!
Müəllifin
bu cür ağır və bəşəri mövzuya komediya
janrını seçməsi də maraqlıdır. Deməli, o da
sələfləri kimi belə düşünürdü ki,
komediya - müasir gerçəkliyin hələ də adekvat əks
oluna bildiyi yeganə janrdır. Çünki
qətlin araşdırılması ilə başlayıb, bəşəri
bir problemin dilləndirilməsi ilə bitən pyesdə tez-tez
komik səhnələrə, mövzuya bilavasitə
bağlı olan və insanlarda gülüş doğuran nüanslara,
bəzən istehzaya da rast gəlirik. Amma
bütün hallarda o gülüş sonluqda üzümüzə
çırpılan həqiqətlə dodaqlarımızdaca
donub qalır.
Tamaşa istər
rejissor işi, istərsə də aktyor oyunu və səhnə
tərtibatı ilə pyesin əks etdirdikləri və
ötürdüyü mesajlarla səsləşir. Cənnət Səlimovanın
peşəkar və bir az da qadın
kövrəkliyi ilə əlavə etdiyi ştrixlər
tamaşaçıda ümidin ölməməyinə, gələcəkdən
əl üzməməyinə səbəb olur. Hiss olunur ki,
baş roldan tutmuş, epizodik rollara qədər bütün
aktyorlar hansı mövzuda rol aldıqlarının fərqindədirlər.
Fikrimizcə, sezonun son
aylarında Gənc Tamaşaçılar Teatrı uğurlu
bir tamaşa ilə izləyənlərini sevindirməyi
bacardı və ümidvarıq ki, növbəti sezonda bu səhnə
əsəri teatrın ən çox baxılan və sevilən
işlərindən biri ola biləcək.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2018.- 30 iyun.- S.12.