Bakıda
“Məhəmməd: Allahın elçisi”
filmi göstərildi
İran Mədəniyyəti
Günləri çərçivəsində mayın 28-də
Nizami Kino Mərkəzində rejissor Məcid Məcidinin “Məhəmməd:
Allahın elçisi” bədii filmi nümayiş etdirilib.
AZƏRTAC xəbər
verir ki, ekran əsərinin nümayişindən əvvəl
İranın Farabi Kino Fondunun icraçı müdiri
Əlirza Tabeş çıxış edərək iki
ölkə arasında mədəni əlaqələrin daha da
genişlənməsi baxımından bu cür tədbirlərin
əhəmiyyətini vurğulayıb.
Əməkdar incəsənət
xadimi Ayaz Salayev İran kinosunun yeniliklərindən söz
açıb. Diqqətə çatdırıb ki, iranlı
kinematoqrafçılar real hadisələri ekrana gətirməklə
tamaşaçıları həyata daha geniş gözlə
baxmağa sövq edir.
Filmin rejissoru Məcid Məcidi
dünyanın onlarca ölkəsində böyük maraqla
qarşılanan ekran əsərinin İran kino tarixində ən
böyük büdcəli film olduğunu bildirib: “Film iki il ərzində
aparılan araşdırma və 5 il davam edən çəkilişlər
əsasında ərsəyə gəlib. Ekran əsəri
üçün ümumilikdə 30 milyon dollar xərclənib.
2015-ci ildə tam hazır olan filmdə Sareh Bayat, Mohsen Tanabandeh,
Rana Azadivar, Ali Reza Shoja-nuri və Mina Sadati rol alıb. Filmin
baş operatoru “Oskar” mükafatına layiq
görülmüş italiyalı Vittorio Storaro, bəstəkarı
“Oskar” laureatı hindistanlı Allah-Raxa Rəhman, prodüseri
Mark Cozefdir. Mahnıları tanınmış bəstəkar-müğənni
Sami Yusif ifa edir.
Trilogiyanın ilk hissəsi
olan 171 dəqiqəlik filmdə Həzrət Məhəmmədin
13 yaşınadək olan həyatı və o dövrdə Məkkədə
cərəyan edən hadisələr təsvir olunur. Filmin məqsədi
İslam dininin mahiyyətini dünyaya tanıtmaqdır”.
Azərbaycanda İran Mədəniyyəti
Günlərinin keçirilməsini yüksək dəyərləndirən
rejissor dövlət rəsmilərinin müştərək
görüşləri və razılaşmaları çərçivəsində
iki ölkənin kino mütəxəssisləri arasında əməkdaşlığın
inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
Sonra film nümayiş
olunub.
Tamaşaçılar
“Məhəmməd: Allahın elçisi” bədii filmini rəğbətlə
qarşılayıblar.
525-ci qəzet.-2018.- 30 iyun.- S.13.