Səni sənsiz ananlar

 

TANINMIŞ NAŞİR BƏHRUZ AXUNDOVUN VƏFATINDAN 1 İL KEÇİR

 

Tanınmış naşir, şair, publisist, Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov Tanrının dərgahına qovuşandan sonra onun haqqında dəyərli aydınlarımızdan Anarın, Qəzənfər Paşayevin, Cahangir Məmmədlinin, Vaqif Bəhmənlinin, Vasif Quliyevin, Firuzə Nadirin, Pərvinin, Sevinc Nuruqızının və başqalarının mətbuat səhifələrində xatirələri, esseləri dərc olunub.

Vəfatının ili ərəfəsində bu qənaətə gəldik ki, Bəhruz müəllimin xatirəsinə ehtiram əlaməti olaraq bu xatirə və esseləri bir kitabda toplayıb nəşr edək. Niyyətimizdən xəbər tutan Bəhruz Axundovun uşaqlıq dostları, onunla bərabər çalışan iş yoldaşları, Bəhruz müəllimlə böyük layihələr gerçəkləşdirən dəyərli ziyalılarımız böyük sayğı ilə xatirələrini yazıb bizə təqdim etdilər. Onlardan sabiq Təhsil naziri Misir Mərdanova, Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru Timuçin Əfəndiyevə, AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətliyə, professor Vəfa Xanoğlana, dosent Mahmud Mahmudova, 1 çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Çimnaz Əliyevaya, professor Məryəm Əlizadəyə, professor Gülşən Əliyeva-Kəngərliyə və başqalarına unudulmaz naşirə göstərdikləri sayğı və ehtirama görə minnətdarlığımızı bildiririk.

Ömrünü nəşriyyatlarda keçirmiş bir şəxs kimi çox düşünüb-daşındıqdan sonra bu kitabı ənənəvi üslubda tərtib etməkdən daşındım. Gördüm ki, bu xatirələrdə Bəhruz Axundovun uşaqlıq, gənclik dövrü, tələbəlik illəri, naşirlik, pedaqoji fəaliyyəti, insanlıq keyfiyyətlərini bir-bir yada salan, incələyən çox-çox dəyərli məqamlar var. Bu xatirələr toplusunu çap etdirməklə bütün şüurlu ömrünü kitaba, kitabçılığa həsr etmiş Bəhruz Axundovu həm də bir insan, vətəndaş, ailə başçısı, naşir, publisist, pedaqoq kimi oxuculara tanıtmaq istəyərdik. Ona görə də unudulmaz naşirin ömrünün ayrı-ayrı mərhələlərinə işıq salan bu xatirələri bioqrafik bir romanın fəsilləri kimi sistemləşdirdim və xatirələrin bir-birini tamamlamasına önəm verdim (Bəhruz Axundovun şeirlərindən nümunələri də elə bu niyyətlə topluya əlavə etmişik). Xatirələrin ardıcıllığında, bir növ, ənənəni pozmaq qərarına gəldim. Kitabı isə Bəhruz Axundovun ömrünün son günlərində yazdığı, lakin başa çatdıra bilmədiyi “Qaranlığın işığında” adlı yazısı ilə başladıq. Bəhruz Axundovun əcəldən macal tapıb cəmi iki kiçik bölməsini yaza bildiyi bu həyat romanını “525-ci qəzet”in 5 avqust 2017-ci il tarixli nömrəsində “Ölümə alınmış bilet” adı ilə cüzi redaktə ilə çap etdirmişdik. Burada isə Bəhruz Axundovun yazısına heç bir müdaxilə edilməmiş, necə yazmışdırsa, eləcə də çap olunmuşdur. “Ölümdən qorxmuram” deyən Bəhruz Axundovu həyatda olduğu kimi, bu yazıda da gözünü qırpmadan ölümün üstünə yeriyən gördüm. Onun qaranlıqda, olumla ölüm arasında, ölümün bir addımlığında necə təlaşla, həyəcanla İŞIQ axtardığını bütün varlığımla duydum. Bəhruzun ağır cərrahiyyə əməliyyatından sonra gözlərini açıb ətrafa baxmağa taqəti olmadığı bir vaxtda yaddaşının qaranlığında axtardığı İŞIQ isə sən demə, qızı Pərvanə imiş! Ona “canından can, ciyərindən pay” vermiş qızı Pərvanə! Atasının həyatda qalması üçün canından belə keçməyə hazır olan Pərvanə!

Doğrudan da, Pərvanə xanımın fədakarlığı yazılmamış bir romandı. Bu romanı da elə Bəhruz Axundov özü yaza bilərdi. Təəssüf ki, əcəl ona macal vermədi. Ancaq oxuculara təqdim etdiyimiz bu kiçik həyat romanından da çox-çox dəyərlər əxz edə bilərik. Elə onun həyat romanından sonra oxuculara təqdim etdiyimiz “İkinci ömür” məktub-essesindən də. Çünki bu essenin müəllifi fədakar, atasının həyatda qalması üçün canından belə keçməyə hazır olan Pərvanə xanımdır! Pərvanə xanımın qaraciyər köçürmə əməliyyatını uğurla həyata keçirmiş Ankara Güven Xəstəxanasının professoru Sedat Karademirə bu açıq məktub-essesindən də ibrət götürüləsi mətləblər çoxdur. Pərvanə xanım bu məktub-esseni Ankara Güven Xəstəxanasından sağ-salamat çıxıb vətənə döndükdən bir qədər sonra, atasının sağlığında yazıb və 2015-ci ildə “Naşir” jurnalının sonuncu nömrəsində çap etdirmişdir. Bu məktub-essedə Pərvanə xanımın atasının səhhəti sarıdan nigarançılığı, bir şəxs olaraq Bəhruz müəllimin cərrahi əməliyyatdan öncəki tərəddüdü, düşüncəsi, iradəsi, mətanəti və nəhayət, Sedat Karademirin bir həkim olaraq insani keyfiyyətləri çözülüb. İxtisasca özü də həkim olan Pərvanə xanımın bu essesindən həyatı qədər sevdiyi atasının, dili dilimizdən, dini dinimizdən olan Sedat bəyin və özünün mənəvi dünyası boylanır. İstər-istəməz düşünürsən: əsl ata belə olar, ancaq halal süd əmmiş, böyük mənəviyyat sahibi olan övlad belə fədakarlıq göstərər, əsl həkim Sedat bəy kimi insan sağlamlığının keşiyində durar... Bu açıq məktub insani hiss və həyəcanların, ümid və nigarançılığın ovqatı ilə süslənmişdir.

Bu kitabı tərtib edərkən xalqımıza xas elə insani dəyərlərlə rastlaşdım ki, duyğulanmaya bilmədim. Bəlli oldu ki, Bəhruz müəllimə qaraciyər köçürülməsi üçün təkcə övladları, yaxın qohumları deyil, iş yoldaşlarından da donor olmaq istəyənlər olub. Hətta buna görə Türkiyəyə gedib sınaqdan keçiblər. Bu hal, doğrudan da, sadə insanların comərdliyinin, mərdanəliyinin, saflığının nişanəsidir.

Könüllərdə yaşamayan insan barəsində isti, hərarətli sözlər yazılmaz. Adın çəkiləndə səni sağlığında tanıyanların yaddaşlarında mayak kimi yanıb-sönməsən, xatırlanmazsan. Səni sənsiz ananlar varsa, Haqqın dərgahında olsan da, sağsan və çağdaşsan. Mərhum Bəhruz Axundov da belə əbədi diriliyini hələ sağlığında əməlləri, xeyirxahlığı ilə qazanıb. Allah rəhmət eləsin!

 

 

Mustafa ÇƏMƏNLİ

 

525-ci qəzet.-2018.- 30 iyun.- S.18.