Sözün pərvanəsi

 

Tofiq Nurəlinin 65 yaşına

 

Tofiq Nurəlinin şeirlərindən birindən misralardır:

 

Söz ilk nidadan bəri,

Allahın nəfəsidi,

Şairlər yer üzündə

Sözün pərvanəsidi...

 

Elə bu hesabla yaşının 65 illiyini tamamlayan Tofiqin özü də elə sözün pərvanəsidir!

Birinci etüd: "Doğulma"

Ötən əsrin 80-ci illərində ədəbiyyata gələn  nəslin, iki-üç yaş böyük, ya kiçik nə fərqi, elə Tofiq Nurəlinin özünün də məxsus olduğu nəslin taleyinə Tofiq qədər yanıb yaxılan qələm əhli bəlkə də yoxdur.

Tofiq Nurəlinin özünün dediyi kimi, "hər bir yaradıcı adamın öz zəmanəsində etiraf olunmaması çox ağır məsələdir, ağrılı məsələdir

... 80-cilər işlərini ancaq yazmaqla, az-çox çap olunmaqla bitiriblər. Qalan məsələlərin heç biri ilə-sözün yaxşı mənasında özünütəbliğlə məşğul olmayıblar".

Hərçənd ki, ustad Rəsul Rza Tofiqin ilk şeirlərini dinləyib xoş sözlər demişdi. Tofiq ilk şeirini Xalq şairi Fikrət Qocanın xeyir duası ilə "Azərbaycan gəncləri" qəzetində çap etdirmişdi. Elə 80-ci illərin ortalarında Fikrət Qocanın, Fikrət Sadıqın, Fərman Kərimzadənin zəmanətləri ilə AYB-yə üzv olmuşdu.

Ancaq... Ancaq bunlar Tofiqə təsəlli ola bilməzdi.

 

- Mənim yaşıdlarım tez qocaldılar,

Elə mən qarışıq, özüm qarışıq.

Dostlara baxmağa utanır adam,

Saçlar bəyazlaşıb, alın qırışıb.

Mənim yaşıdlarım tez qocaldılar,

Alın yazımızın felinə düşdük?!

Zəmanə qurbanlıq yetirdi bizi,

Zamanın toqquşan yerinə düşdük!

                                    ("Mənim yaşıdlarım")

 

Tofiqdən bir yaş böyük olsam da, yəqin ki, mən qarışıq, 80-ci illərin ədəbi nəsli özlərini o şeirdə görürlər. Sağ ol, Tofiq, öz təsəllinlə bizləri az da olsa ovutduğun üçün!..

Tofiq Nurəlinin poeziyasında bir tənhalıq, qəriblik, həsrət və nisgil var.

Bəlkə də Tofiq o həsrəti ilk dəfə doğmaca kəndində, Qubanın Qonaqkənd bölgəsinin ucqar dağ kəndlərindən olan Yerfidə keçirib. O vaxtlar ki, Tofiq hələ uşaq idi və Yerfinin qənşərindəki dağların o üzündə Cimi adlı bir kəndinin mövcudluğundan da xəbəri var idi.

Elə o tərəflərdə Fatmaqarı adlı bir yaylaqda yay axşamlarının toran düşən vaxtlarında hər axşam orada yanan tək bir ocağa baxan o uşaq bir anda kəndlərindən uzaqlaşıb, həmin ocağın yanında olmaq həsrəti, nisgili ilə yaşayırdı.

Bəlkə də elə bu nisgilli istək elə məktəb illərində Tofiqi əlinə qələm almağa, "bütün dəftər-kitabının ağ yerlərin şeirlə" qaraltmağa sövq etmişdi.

Tofiq burasını da eşitmişdi ki, Ələkbər Salahzadə adlı bir gənc şair var, Tofiqin yay axşamlarında həsrətlə baxdığı Fatmaqarı yaylağının qənşərindəki, gediş-gəlişləri az olan həmin o qonşu Cimi kəndindəndir.

Elə bu da Tofiqdə bir inam yaratmışdı ki, "bizim tərəflərdən də şeir yazan ola bilər".

Sonradan aradan illər keçəndən sonra artıq imzası tanınan Tofiq Fatmaqarı yaylağı ilə bağlı o kövrək uşaqlıq təəssüratlarını çağdaş poeziyamızın ən parlaq nümayəndələrindən biri olan Ələkbər Salahzadəyə danışanda, o ustad sənətkar "sifətinə təəssüf və sarımtıl işıqla dolu bir yorğun təbəssüm qonaraq"  demişdi ki, "mən də Fatmaqarıda o ocağın yanında oturub həmin toran vaxtı sizin kəndin işıqlarına baxırdım..."

Sonralar çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Ələkbər Salahzadənin qəfil ölümünə Tofiq Nurəli də yas tutacaqdı:

 

O ürəkdən getdi,

Ürəkdən ürəkdən getdi,

Torpağın yarığına sular tələsən kimi

Ürəkdən getdi torpağın altına;

Ağrıya fürsət vermədən,

Ağrıya əziyyət vermədən...

Belə də..,

Əziyyətsiz-filansız getdi..,

Bəlkə bir az tələsik,

Vaxtsız plansız getdi...

Özü uzaqlardaydı

Özünü gözləmədi,

Alnındakı yazını gözləmədi,

Torpağın üstünə üsyan kimi getdi,

Torpağın altına vulkan kimi getdi.

əcələ macal vermədi,

əcəldən qabaq getdi...

Eləcə

Ürəkdən ürəkdən getdi o gecə

Bu qəfil gedişin xəbəri

Zəlzələ kimi titrədi...

Bu bəstəboy adamın

Yerində qalan boşluğun böyüklüyü,

Bu böyük boşluğun qurğuşun böyüklüyü

Heyrət doğuldu...

Və doğuldu!

Bütün dahilər kimi

O da Doğuldu.

                            ("Doğulma")

 

İkinci etüd: "Tanışlıq"

Və Tofiq Nurəli ilə mən ilk dəfə 40 il bundan əvvəl ilin elə bu yay aylarında - iyun-iyulda Azərbaycan Yazıçılar Birliyinin Şüvəlandakı yaradıcılıq evində gənc şair və yazıçıların məşhur "Şüvəlan seminarı"nda tanış olduq.

Kimlər yox idi o yaradıcılıq seminarında? Mahirə Abdullayeva, Sərvinaz Həsənli, Vaqif Bəhmənli, Adil Cəmil, Ağacəfər Həsənli, Maarif Soltan, Akif Əhmədgil, öz haqq dünyasına qovuşan Allahverdi Məmmədli, Aydın Səlimzadə... İlk nəsr nümunələrini yazan Afaq Məsud, Mənzərə Eynullayeva, Tahir Abbasov, İnqilab Həsənli və bəndeyi-fəqiriniz... (Adları çəkilməyənlər məni bağışlasınlar).

Yayın axşam sərinində Yazıçılar Birliyinin (əlbəttə, o zaman Yazıçılar İttifaqı adlanırdı) keçmiş yaradıcılıq evinin çarhovuz yaxınlığındakı gen-geniş köşkdə biz yaradıcı gənclər yığışıb ədəbi məşğələdə öz yazı-pozularımızı oxuyar, sonra da müzakirə edərdik. Əlbəttə, yaradıcı mühitdə həmişə olduğu kimi, o vaxt da şairlər üstünlük təşkil edərdi.

Tofiq Nurəlinin oxuduğu şeirlərdə xəfif bir kövrəklik, qəm-qüssə var idi. Yox, şeirlərindəki bu kövrəklik, qəm-qüssə pessimizm deyildi (Heç o vaxt ayıq senzura pessimizmi yaxına belə buraxmırdı).

Biz tay-tuşları cavan, subay şairin-Tofiqin şeirlərindəki o həzinliyin, kövrəkliyin səbəbini elə öz misralarından xəbər tutub bildik:

 

Rastlaşdıq, bilmirəm indi nə deyim.

İndi nə danışım düşsün yerinə...

Sənin gözlərinlə mənim taleyim

Yaman bənzəyirlər biri-birinə...

 

Bu nə bəd təsadüf, nə bəd görüşdü,

Dinib danışmağa dilim də yoxdur...

Kərəmdən kül qaldı, dillərə düşdü,

Sən elə yandırdın külüm də yoxdur...

                                       ("Rastlaşdıq")

 

Qırx il bundan qabaq o şeirin ilk oxucularından olan qələm dostları sonralar Tofiq Nurəlinin 50 illik yubileyi ilə bağlı hazırlanan "Qobustan" toplusunun xüsusi buraxılışında belə yazacaqdılar:

Vaqif Bəhmənli:  "Tofiq Nurəli duyğular, düşüncələr şairidir.

 

Keçir gecə qatarı,

Səs düşür uzaqlara-

Sanki gecə bomboşdu,

Yol getmək necə xoşdu

bu qatarın damında,

Ya da ki, adamın da

Qatar olmağı gəlir

Aylı düzlər boyunca...

 

Tofiqin bu ovqatlı bir çox şeirlərində sanki o, insan deyil, ruhdu, bu misralar isə  şeir deyil, ruhun səsidir".

Adil Cəmil:  "Bir aylıq seminar-müşavirədə mən  mənim həmkarlarım poetik məcraya yönələn ədəbi söhbətlərə qatılır, poetik məcraya yönələn ədəbi söhbətlər ən yeni və ən seçmə şeirlərlə tamamlanırdı. Hərə öz məharətini bu ciddi söz yarışında sınaqdan keçirirdi. Belə bir toplantıda Tofiq Nurəlinin-ixtisasca həkim olan gənc şairin oxuduğu şeirlər şəxsən mənə maraqlı və yeni göründü. Özünəməxsus axtarış və tapıntıları, sözün obrazlı qiyafəsindən istifadə, səmimiyyət və sadəliyi Tofiqin şeirləri haqqnda gənc qələm sahiblərinin müsbət fikirlərini oyatdı".

Maarif Soltan: "Tanışlığımızdan çox sonralar xəritədə gördüm ki, onun doğulduğu Qubanın Yerfi kəndilə mənim doğma Brovdalımı (İsmayıllı rayonu) yalnız müqəddəs Baba dağı ayırır və o müqəddəs ibadətgahın altından tunel olsa, kəndlərimiz arasında bəlkə də 10-15 dəqiqəlik yol olar. Ancaq belə bir tunel yoxdur və Yerfidən Brovdala yeganə yol Bakıdan keçir, bu yolun da uzunluğu təqribən 500 kilometrdir. Bu 500 kilometri də qət etmək üçü bizə 10-11 il vaxt lazım oldu ki, gəlib Bakıda görüşək və ünsiyyət bağlayaq.

...O, populyarlığa can atmır, ancaq populyardır; o, yüngül oxucu məhəbbəti qazanmağa çalışmır, ancaq oxucular onu dərin bir məhəbbətlə sevir. Tofiqin şeirlərini mən çox ağızlardan eşitmişəm və hiss etmişəm ki, bu şeirləri öz şeirləri kimi məhəbbətlə, sevgiylə oxuyurlar".

Ağacəfər Həsənli: "O zaman Şüvəlanda, yaradıcılıq seminarında xoşsifət, qarayanız Tofiqin "Ay qara telli" adlı lirik şeiri hamını tutdu. Məni Tofiqlə ilk dəfə tanış edən bir qələm dostumun sözləri yadıma düşdü: - Həkim-şair Tofiq Hacıyev. Yaxşı lirik şeirlərin müəllifi. Şeirləri "Medinstitutda" qızları hayıl-mayıl edib, hamının dillər əzbəridir.

Mən bilmirəm, Tofiq Nurəli həmin şeiri hansı kitabına daxil edib-etməyib, öz işidir, amma o lirik parça o zaman hamımızın qəlbini ovsunlamışdı:

 

Yüyürdüm-yüyürdüm, təntidim bir az,

Yollar uzağıydı, ləngidim bir az.

Küləklər sinəmi döyür səhərdən,

Mən qaçıb gəlmişəm uzaq şəhərdən,

Bu mənəm gəlmişəm. Ay qara telli.

 

Heç demə, şair "qara telli"sindən gen düşəndən sonra "yaman uzaq olub yollar-yoxuşlar..."

Üçüncü etüd: Şeirlərindən görünən şair

Hər dəfə dostum Tofiq Nurəli yadıma düşəndə gözlərim önünə ucqar dağ kəndindən ilk dəfə şəhərə gələn və gördüyü o məkanın şəhər olduğuna inanmayan, o böyük şəhərdə heç kimi tanımadığından doğan bir ağrı-acı, pərtliklə əlləri ciblərini deşən və elə bu pərtliklə də küçələri veyil-veyil gəzən 17 yaşlı yeniyetmə bir kəndli balası gəlir:

 

İnanmadım, şəhərdimi?

Tanıyırdım burda kimi?

...Əllərim deşdi cibimi,

Küçələri veyil-veyil

Ölçdüm yellənə-yellənə.

 

Sonra gözlərini gur şəhər işıqlarını tutan kənddən gəlmiş o yeniyetmə özünün bu sadəlövh heyrətinə gülən şəhər uşaqlarının əlindən sanki qaçıb qurtarmaq üçün dənizə sarı yüyürür. Və... birdən onu qəhər boğur.

Tofiqdən soruşmamışam, ancaq mənə elə gəlib ki, ilk dəfə dəniz görən Tofiqin yadına yəqin ki, uzaqlıqda uzaqlarda qoyub gəldiyi doğma dağlar, dərələr, çəmənlər, əlbəttə, bir də Fatmaqarı yaylağı düşüb.

Tofiqin indiyədək çap olunan 3 kitabını, arabir qəzet-jurnallarda çap olunan şeirlərinin demək olar ki, hamısını oxumuşam, ancaq iş bundadır ki, hər dəfə məhz bu şeiri oxuyanda dostum gəlib gözlərimin qabağında durur.

Həmişəcavan ispan şairi Qarsia Lorkanın sözləridir: "Poeziya küçələrdə gəzişir, yanımızdan keçir. Dünyada hamının, hər şeyin bir sirri var və bu sirr poeziyadır..."

Bəs Tofiq Nurəlinin sirri nədir? Bəlkə də bu sirr bir deyil, iki deyil, üç deyil, beş deyil. Və o, qəlbindəki o sirləri pünhan saxlamır, açıb oxucusunu da agah edir:

 

Qayıtdım bu doğma ata yurduna,

Yorğun torpaq kimi qoyuldum dincə,

Ağzı süd qoxuyan körpəyə döndüm,

Ay mənim qoynumda yatdı bu gecə.

 

Yadıma düşməzdi yüz il də qalsa..,

O vaxtki göynəklər..,  ah sızım-sızım...

Bu gücə yuxuda dərsə də getdim

Gülən gözlərini gördüm o qızın.

 

***

 

Gərək ki, Maksim Qorkinin sözləridir: "Poeziya-əks sədadır".

 

Qüdrətli söz ustadının bəlkə də yüz il bundan qabaq dediyi bu müdrik sözlərə şəkk-şübhə gətirməmək üçün Tofiq Nurəlinin şeirlərini yada salmaq kifayətdir.

 

Tofiqin şeirləri də onun döyünən qəlbinin misralara çevrilmiş çırpıntısı - əks-sədasıdır.

 

Oxuduğu şeirlərdə oxucunun özünü, öz duyğu və həyəcanlarını, taleyini görmək - həmin şeir müəllifinin, şairin xoşbəxtliyidir!

 

İlahi, ürəyim payız istəyir...

...Solğun yarpaqların ucundakı nəm...

...Niyə yazıq-yazıq baxırsan, gülüm,

Bu payız deyil ki, bu elə mənəm!

 

Ömür keçdi payızların içində,

Payız imiş yaz bildiyim bu yazı...

Mən bilirəm, soyuqlara az qalıb...

Gedim yığım budaqlardan payızı.

 

Bəlkə də "Ağrı" şeirində Tofiq ilk dəfə ixtisasca həkimliyinə işarə vurur. Ancaq bu "Ağrı" yenə də həkim ağrısı yox, şair ağrısıdır:

 

... O boş qalmış evimizə qayıtdım,

Nə istiymiş bu sop-soyuq daş-divar!

Mən həkiməm, deməsə də anladım,

Evimizin ürəyində ağrı var...

 

Suvaqların qopub düşən yerindən,

Anladım ki, altda daşlar ağrıyır...

Tirlər boyu göbələklər deyil ki,

Ağrılardı, indi qubar bağlayır.

 

Vida həmişə qəmdir-kədərdir. Ayrılığın sonudur vida...

 

Ancaq o vida anında da şair dünya boyda qəminə-kədərinə tab gətirib doğmalarını, əzizlərini ovundurur, onlara təsəlli verir:

 

O kənd mənim ürəyimdə daş qalıb...

Gedim qapımızı döyüm qayıdım...

Neçə ildi qəbristanda yurd salıb -

Gedim bir anama dəyim qayıdım...

 

Deyim ki, yaxşıyam, mən lap yaxşıyam,

Qız da köçürmüşəm, Siz istəyəntək...

...Vallah, işlər çıxdı, vaxt keçdi bir az,

Yoxsa istəyirdik Novruza gələk...

 

Deyim ki, qardaşım gəlmişdi dünən,

Mən də baş çəkirəm bacılarıma...

Gedim bir övladlıq rahatlıq qatım,

Atamın, anamın acılarına...

 

Söykənib qapıya, baxıb kilidə,

Ürəyim dolusu aşım-daşım bir...

Mənimçün boş qalan, kimsəsiz qalan,

O doğma kəndlə də vidalaşım bir...

Son etüd: "Özgə işi"

 

Tofiq Nurəlinin kəndlə bağlı xatirələrində elə yalqız qalmış kəndin özü kimi bir tənhalıq qəriblik var. O yalqız, tənha kənd giley-güzar etmədiyi kimi, Tofiq də heç kimdən umu-küsü etmir. Bu tənhalıq, yalqızlıq axı təkcə

 

Tofiqin öz təkliyi, yalqızlığı deyil.

Gəlmədim eləcə yaşayım gedim,

Köhnə dərdlərini daşıyım gedim,

Boynumun dalını qaşıyım gedim...

Mənim bu dünyayla özgə işim var.

 

Nə zaman ayılsam demərəm gecdi...

Bu da bir iş idi, oldu da keçdi...

Ötəni saymıram, ötənlər heçdi -

Mənim bu dünyayla özgə işim var.

 

Yolumuz həmişə olar daş-kəsək,

Tutub yaxasından silkələməsək.

Görək indi nələr kəkələyəcək -

Mənim bu dünyayla özgə işim var.

 

Qoy Tofiq Nurəlinin yaşının 65-dən sonra bir "özgə işi" öz şeirləri ilə bundan sonra da oxucularını intizarda saxlamaq, sevindirmək olsun!

 

 

Aydın TAĞIYEV

 

525-ci qəzet.-2018.- 3 iyul.- S.8.