Məti Osmanoğlunun 60 yaşı qeyd olundu

 

İyulun 30-da Səməd Vurğunun ev-muzeyində filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun anadan olmasının 60 illik yubileyi qeyd edilib.

Yubiley tədbiri çərçivəsində alimin "Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı", "Sözün o üzündə" kitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış ziyalılar, ədəbiyyatşünaslar, görkəmli elm adamları, muzey işçiləri, BDU-nun tələbələri, alimin qələm dostları, oxucular media nümayəndələri iştirak ediblər.

Akademik Nizami Cəfərov Məti Osmanoğlunun ədəbi fəaliyyətindən söz açıb. Bildirib ki, o,1958-ci ildə Qazax rayonunun Sadıqlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur. BDU-nun aspiranturasında təhsil alıb. Jurnalistika fəaliyyətinə tələbə olarkən Azərbaycan Dövlət Radiosunda başlayıb, uzun müddət KİV sahəsində fəaliyyət göstərib. Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş silsilə əsərlər müəllifidir. "Əmir Teymurun vəsiyyətləri", Çingiz Aytmatovun "Çingiz xanın buludu", Moris Simaşkonun "Sultan Bəybars" əsərlərini dilimizə tərcümə edib. Əli bəy Hüseynzadə ədəbi mükafatının laureatıdır.

Daha sonra çıxış edən ziyalılar yubilyarın Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrdən söz açıb, onu əsl sənət fədaisi adlandırıblar. Qeyd ediblər ki, Məti Osmanoğlu ədəbiyyatşünas, araşdırmaçı-alim olmaqla yanaşı, həm uzun illərdir Azərbaycanın ən qabaqcıl ali təhsil ocağı olan Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. O, gənc ədəbiyyatşünaslara Azərbaycan ədəbiyyatının tarixini tədris edir. Məti Osmanoğlu bu sahədəki fəaliyyətində vicdanlı, humanist tələbələrin dostudur. O, ədəbiyyatımıza bir-birindən dəyərli mütəxəssislər bəxş edib.

Sonda çıxış edən alim təqdim olunan kitabları haqqında məlumat verib, ona göstərilən bu diqqətə görə muzeyin əməkdaşlarına, iştirakçılara öz təşəkkürünü bildirib.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.- 3 iyul.- S.7.