Anarın yaradıcılıq baharı
Ötən
yay rəflərdə üst-üstə qalaqlanmış əlyazmalarla
dolu qovluqları və kitabları səliqə-sahmana salarkən
Anarın təxminən qırx il öncə (1977-ci ildə)
nəşr olunmuş "Adamın adamı"
kitabının səhifələri arasından bir vərəq
kağız sürüşüb yerə düşdü.
Vərəqdə yazıçının kitabı ilə
bağlı bir neçə cümlədən ibarət
düşüncələr yer alımışdı. İndi bu
yazını qələmə alarkən illərdən bəri
Anarın çəhrayı cildli kitabının arasında
"gizlənib qalan", kiril əlifbası ilə
yazılmış qeydlərə bir daha nəzər
saldım. Və xatırladım ki, adını
çəkdiyim kitab barədə vaxtilə məqalə
yazmaq niyyətində idim.
Yeri gəlmişkən, ayrı-ayrı vaxtlarda müxtəlif
yazılarımda Anarın əsərləri barədə
öz fikir və mülahizələrimi bildirmişəm. Lakin bu gün
hörmətli yazıçımızla bağlı
düşüncələrimi məhz həmin kağızda
qeyd olunmuş "tezislərdən" çıxış
edərək oxucularla bölüşmək istəyirəm.
Yığcam, çaparaq cümlələrlə ifadə edilən,
məni bu yazını qələmə almağa sövq edən
həmin "tezislərdəki" bəzi fikirlər zənn
edirəm ki, aradan illər keçsə də belə,
Anarın təkcə bir kitabına deyil, müəyyən mənada
onun bütöv yaradıcılığına müncər
edilə bilər.
Budur,
qeydlərdə oxuyuram:
"Anar ensiklopedik düşüncə sahibidir. Onun təkcə bədii əsərləri
deyil, dil, tarix, etnoqrafiya, rəssamlıq, heykəltaraşlıq,
qayaüstü rəsmlər, xalçaçılıq, kino,
folklor... barədə söylədiyi fikirlər,
yazdığı məqalələr də geniş oxucu
kütləsinin marağına səbəb olur...
Anarın
bütün yazılarında onun bədii və elmi təfəkkürünün
paralel və yaxud çarpazlaşan xətləri aydın
sezilir...
Anarın
redaktorluğu ilə nəşr olunan "Qobustan" incəsənət
toplusu günümüzün parlaq sənət və mədəniyyət
ensiklopediyasıdır...
Anarın
demək olar ki, bütün əsərlərinin qəhrəmanları
öz real həyatları ilə yanaşı, sürreal,
irreal, bir az da sirli bir ömür
yaşayırlar. Kitabda gedən "Dantenin yubileyi", "Mən,
sən, o və telefon", "Gürcü familiyası" əsərləri
dediyim fikirlərə konkret bədii illüstrasiya və
örnək kimi qiymətləndirilə bilər...
Anar bir
çox yazıçılarımız kimi, öz qəhrəmanlarının
həyatına "müdaxilə" etmir, yəni
yaratdığı obrazlar haqda mənfi və ya müsbət
fikir söyləmir, onları "qiymətləndirməyi"
oxucunun öhdəsinə buraxır...
Anarın əksər qəhrəmanları şəhər
mühitində böyümüş, həyat labirintlərindən
keçmiş sadə adamlar - ziyalılar, aktyorlar, mühəndislər,
müəllimlərdir. Əslində, bu sadəlikdə bir mürəkkəblik
də vardır...
Anar əsasən müasir həyatımızın
reallıqlarını qələmə alsa da, biz onun tez-tez
tarixə müraciət etdiyinin şahidi oluruq. Bu mənada
yazıçının "Adamın adamı"
kitabında dərc edilmiş tarixi əsərlərini -
"Qəm pəncərəsi" sənədli telepyesini və
"Dədə Qorqud" kinodastanını qeyd etmək olar.
Çox güman ki, yazıçı gələcəkdə
tariximizə yenə müraciət edəcək.
Anar öz yaradıcılığı etibarı ilə
heç kəsə bənzəməyən, daha doğrusu, təkcə
özünə bənzəyən
yazıçıdır".
Vəssalam. Qeydlər bitir. Haqqında
söhbət açılan kitab nəşr olunarkən
Anarın yaşı qırxa yaxın idi. İndi
aradan təxminən elə bir o qədər də vaxt
ötüb keçmişdir.
Ötən illər ərzində Anar bir çox qiymətli
ədəbi, publisistik, habelə elmi əsrlər qələmə
almışdır. O, ədəbiyyatın, demək olar ki, bütün
janrlarına müraciət etmişdir. Olsun ki,
heç yazıçının özü də bu əsərlərin
hamısının eyni səviyyədə olduğunu iqrar
etmir. Amma burasını inkar etmək olmaz
ki, ədibin qələmindən çıxan hər bir əsər
öz orijinallığı ilə diqqəti çəkir və
artıq yuxarıda deyildiyi kimi, o, öz
yaradıcılığı etibarı ilə heç kəsə
bənzəməyən bir yazıçıdır.
Anar ölkəmizdə və eləcə də xaricdə
daha çox bir nasir kimi məşhurdur desək, zənnimcə,
səhv etmərik. Onun roman, povest və hekayələri
dünyanın bir çox dillərinə tərcümə
olunub. Yazıçının ən
populyar əsərlərindən biri "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" adlı romandır.
Bu əsər haqda yazılan bütün rəy
və fikirlər toplanıb nəşr edilsə, heç
şübhəsiz ki, romanın özündən dəfələrlə
qalın olan bir və yaxud bir neçə cildlik kitab
alınar.
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"
indiyəcən dəfələrlə nəşr edilmiş,
səhnələşdirilmiş və
ekranlaşdırılmışdır. Əsərin
bu qədər maraq doğurmasının səbəblərini
geniş şəkildə araşdırmadan yalnız bunu demək
olar ki, roman təkcə öz məzmunu ilə deyil, həm də
mahiyyəti ilə cəzbedicidir. Oxucu (və
yaxud tamaşaçı) əsərin qəhrəmanlarından
dolayı bir sıra sadə və mürəkkəb suallarla
üzbəüz qalmalı olur. Əminəm
ki, meydana çıxan əksər suallara təkcə oxucular
deyil, elə müəllifin özü də konkret cavab verə
bilməz. Hətta, romanın qəhrəmanları
belə, öz etdikləri və etmədikləri hərəkətlərin
səbəbini birmənalı qiymətləndirməkdə
aciz görünə bilərlər.
Bəli, "Ağ liman" adlı povestin davamı kimi
yazılmış bu əsər, yəni "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" romanı barədə
ciddi ədəbi tənqid öz sözünü deyib. Amma
personajlarla bağlı mübahisələr bu gün belə
səngimir. Ən maraqlı hal burasındadır ki, son
vaxtlar bu əsərdə yaratdığı qəhrəmanlara
görə az qala yazıçının
özünü belə "ittiham etməyə"
çalışanlara da təsadüf olunur. Oxucular hələ
bir yana, hətta, uzun illər öz təfəkkürü
etibarilə "mənfi-müsbət" qəhrəman
stereotipində ilişib qalmış, basmaqəlib mülahizələrdən
o yana keçə bilməyən bir çox "tənqidçilər"
belə, romanın qəhrəmanlarını öz
ağıl və səviyyələrinə uyğun şəkildə
təhlilə cəlb edir, yazıçıya absurd suallarla, bəzənsə
az qala hədələrlə müraciət edirlər. Həmin
hədə-suallarda təxminən bu cür iddialar səslənir:
"Təhminə obrazını yaratmaqda
yazıçının məqsədi nədir? Bir ziyalı oğlu kimi Zaur nə üçün
belə antipedaqoji hərəkət edir? Görəsən,
Anar öz romanında bu obrazları qələmə almaqla
qadın və kişiləri hara çağırır,
hansı yola dəvət edir?.." Və sair və ilaxır bu kimi cəfəng suallar
yenə səslənməkdədir.
Əlbəttə, bu səpkidə sərgilənən,
avantüradan qaynaqlanan sualların bir çox müəlliflərinə
cavab verməmək də olardı. Amma ədəbiyyatla
bağlı yarımçıq bilgilərini səmimi-qəlbdən
zənginləşdirmək istəyən kəslərə bəzi
mətləbləri xatırlatmaq olar. Belələrinin
nəzərinə çatdırmaq olar ki, bəzi suallara cavab
tapmaq üçün gərək heç olmazsa öz
mütaliənin radiusunu genişləndirəsən.
Ədəbi qəhrəmanlarda bu cür "əmmalar"
axtarsan, gərək onda Lev Tolstoya da irad tutub deyəsən ki,
yaratdığın bu "müsbət" Anna Karenina öz
əri Aleksey Karenindən üz döndərib o biri Alekseyə,
yəni Vronskiyə vurulanda sən hara baxırdın? Başqa
bir klassik misal: "Sakit Don" əsərinin "müsbət"
qəhrəmanları Aksinya və Qriqori evli olduqları halda
bir-birlərini dəlicəsinə sevirlər. Gərək
onda əsərin müəllifi Mixail Şoloxovdan soruşasan
ki, hörmətli müəllif, bu obrazların timsalında sən
öz oxucularını hara çağırırsan? Bu
"məntiqdən" yanaşılsa, gərək onda
"Dəli Kür" qəhrəmanı üç
uşaq atası, ailəli Cahandar ağa və ona qoşulub
qaçan ərli Mələk obrazını yaradan
İsmayıl Şıxlıya da analoji sualla müraciət
edəsən. Hətta, bir az irəli gedilsə,
onda bu əsərlər gərək, əvvəla, heç
yerli-dibli yazılmayaydı; ikincisi, öz dövrünün sərt
senzor icazəsindən keçib nəşr edilməyəydi;
üçüncüsü, bu əsərləri yazan müəlliflər
cəzalandırılaydı.
Adamdan
soruşarlar: adları çəkilən və eləcə də
çəkilməyən bir çox əsərlərin
müəllifləri sizi nə vaxt, harada özünün
yaratdığı qəhrəmanlara bənzəməyə
çağırıblar? Bəyəm Anar
haradasa deyib ki, mən "Beş mərtəbəli evin
altıncı mərtəbəsi" romanımı
qadınlarımızın Təhminəyə oxşaması
üçün yazmışam?
Bizdə (həm də təkcə bizdə yox), təəssüflər
ki, bir çoxları yazıçı ilə onun
yaratdığı obrazı eyniləşdirməyə çalışır. Və ən təccüblüsü
budur ki, belə düşüncə sahibləri arasında təkcə
adi oxuculara deyil, özünü peşəkar tənqidçi
hesab edən cahillərə də təsadüf edilir.
Hələ
19-cu əsrin ortalarında dahi fransız
yazıçısı Qustav Flöberi (1821-1880) "Madam
Bovari" romanına görə ittiham edən oxucu və tənqidçi
"ordusunu" yada salanda, adam istər-istəməz zaman və
hadisələr arasında müqayisələr aparmağa məcbur
olur. Həmin əsərdə həkimlik fəaliyyətinə
yenicə başlayan Şarl Bovarinin gənc arvadı Emma
Bovarinin öz məşuqları ilə eşq macəralarından
bəhs edilir. Bu xanım öz kiçik
qızını və nüfuzlu ərini saya salmadan həyatını
istədiyi kimi yaşamağa çalışır. Əsərin nəşri Fransa cəmiyyətində
bomba kimi partlamışdı. Hətta
romanı dərc edən jurnalın redaktoru məhkəməyə
verilmişdi. Qustav Flöberi nəinki tənqid
və təhqir edir, hətta onu ölümlə hədələyirdilər.
Yazıçıya təhdid dolu suallar verilirdi.
Ən çox da bunu soruşurdular ki, Madam
Bovarinin prototipi Fransada hansı qadındır, yəni sən
konkret olaraq kimin obrazını yaratmısan? Mənasız suallardan bezən yazıçı
axır ki, qaragüruhun sualına sanballı "cavab
tapdı". O, "Madam Bovari elə mən özüməm"
deməklə bu cür cəfəng suallardan qurtula bildi.
Dediyimiz kimi, Anar Azərbaycan ədəbiyyatına qiymətli
töhfələr vermişdir. Bununla yanaşı, o,
mədəniyyətimizin təbliği sahəsində də əlindən
gələni əsirgəməmişdir. Əslində,
burada "təbliğ" sözü ədibin
gördüyü işlərin müqabilində solğun təsir
bağışlaya bilər. Çünki
o, həm də bu mədəniyyətin
yaradıcılarından biridir.
Anarın yuxarıda adını çəkdiyimiz "Dədə
Qorqud" kinodastanı əsasında çəkilmiş film
bir çox ölkələrdə nümayiş olunmuş,
uğur qazanmışdır.
Yazıçının
ssenariləri əsasında çəkilmiş "Qəm pəncərəsi",
"Uzun ömrün akkordları", "Cavid
ömrü", "Sübhün səfiri" filmləri Azərbaycan
ədəbi-mədəni və sosial-siyasi həyatının
əvəzolunmaz simaları Mirzə Cəlil, Üzeyir
Hacıbəyli, Hüseyn Cavid, Mirzə Fətəli haqda lentə
alınmış, onlara həsr olunmuş ekran abidələridir.
Yeri gəlmişkən, xüsusi vurğulamaq
lazımdır ki, Anarın bədii və sənədli əsərləri
əsasında bir çox sənədli və bədii
televiziya filmləri də çəkilmişdir.
"Azərbaycan" jurnalında gedən ilk kiçikhəcmli
əsərindən tutmuş ("Asılqanda işləyən
qadının söhbəti"), ilk nəşri yenə həmin
jurnalda işıq üzü görən hələlik sonuncu
irihəcmli əsərinədək ("Göz
muncuğu") Anar və onun yaradıcılığı həmişə
professinal ədəbiyyat adamları və adi oxucular tərəfindən
maraqla qarşılanıb.
Vaxtilə
qələmə aldığım nəzəri bir yazıda
("Nəsrin inkişaf trayektoriyası") dünya ədəbiyyatının
diqqət çəkən nəsr nümunələrini
öz nüfuzetmə və təsirgöstərmə
imkanlarına görə iki istiqamətdə
qruplaşdırmağa cəhd göstərmişəm:
şaquli və üfüqi istiqamətdə. Və
bu kontekstdən çıxış edərək
yazıçıların özünün də iki
mühüm qrupa ayrıldığını, bunların bir
qisminin arxeoloqa, digər qismininsə arxitektora bənzədiyini
qeyd etmişəmm. Birinci qrupa daxil olan sənətkarlar
daha çox "alt qata", yəni yaratdıqları
obrazların psixoloji aləminin dərinliyinə baş
vurmağa çalışır, ikinci qrupdakılar isə
daha çox obrazların "görünən" tərəfinə,
yəni zahiri əlamət və keyfiyyətlərinin təsvirinə
diqqət yetirirlər. Anarın nəsr əsərlərində
bu amillərin hər iksi müşahidə olunmaqdadır.
Polifonik üsluba malik olan yazıçının əsərlərində
qrotesk, fantastik və mistik çalarlar özünü
göstərir. Və əsasən realist əsərlər
müəllifi kimi tanınan ədibin
yaradıcılığında bu əlamətlər bəzən
bir janr nümunəsi kimi boy verir. Bu mənada
"Yaxşı padşahın nağılı",
"Əlaqə", "Dantenin yubileyi", "Macal",
"Qırmızı limuzin", "Göz muncuğu" və
digər əsərləri yada salmaq olar.
Anar təkcə yazıçı kimi deyil, həm də
çağdaş ictimai fikrin görkəmli simalarından
biri kimi tanınır. O, dəfələrlə, həm keçmiş
SSRİ, həm də Azərbaycan Respubilkası parlamentinin
üzvü olub. Qarabağ uğrunda gedən
haqq savaşımız haqqında Anar bir yazıçı,
bir vətəndaş və bir fikir adamı kimi mötəbər
məclislərin uca kürcülərindən daim öz
obyektiv fikrini bildirmiş, öz cəsarətli
sözünü demişdir. Məhz buna
görədir ki, bizimlə müharibə şəraitində
olan qonşu ölkənin millətçi mətbuatında
Anarla bağlı dəfələrlə hədələyici
yazılar dərc olunmuşdur.
Anar uzun illərdir ki, Azərbaycan Yazıçılar
Birliyinə rəhbərlik edir. Mənim bildiyimə
görə, o, imkan daxilində bir çox gənc və
ahıl yazıçılara əlindən gələn
köməyi əsirgəməyib. Əlbəttə,
adamlar tutduğu böyük və kiçik vəzifədən
asılı olmayaraq (hətta, o adam nə
qədər xeyirxah olsa da belə) bəzən hamıya eyni
qaydada diqqət göstərə, dəstək verə bilmir. Belə bir istəyin realizəsi üçünsə
bəzən obyektiv şərait, bəzənsə real imkan
olmur.
Son vaxtlar mətbuatda çıxan bir çox
yazılarda Anarın ünvanına xoşagəlməz ifadə
və xitabların səsləndiyi də nəzərə
çarpır. Yazı müəllifləri
yazıçını bəzən hüququ pozulmuş
insanları lazımi səviyyədə dəstəkləməməkdə
qınayırlar. Başa düşüləndir.
Zamanında başqa ölkələrdə də
vətəndaşlar məşhur söz adamları
qarşısında da bu cür və ya buna bənzər tələblər
irəli sürüblər. Bu mənada
Fransada Hüqonun, Rusiyada Tolstoyun, bizdə Səməd
Vurğunun adını çəkmək olar. Demək, insanların öz problemləri
üçün etibar etdikləri söz adamına, o cümlədən,
Anara üz tutmaları təbii qarşılanmalıdır.
Axı biz dəfələrlə mətbuat səhifələrində
Anarın bu və digər hadisə və şəxslərlə
bağlı bəyanat və məktublarını oxumuşuq. Adətən yuxarı
instansiyalara ünvanlanan həmin müraciətlərdə
yazıçının haqsız (və bir çox hallarda
haqlı) yerə məsuliyyətə cəlb edilmiş
adamların müdafiəsinə qalxdığının da az şahidi olmamışıq.
Bir də açıq demək lazımdır ki, göstərdiyi fəaliyyət sahəsində hamının (indiki halda söhbət ədəbiyyatdan gedir) yaradıcılıq diapazonu, qabiliyyət miqyası, istedad dərəcəsi heç də bərabər ölçüdə deyildir və təbii ki, onların qiymətləndirilmə meyarı da fərqlidir, nisbidir. Bu mənada mövcud yaradıcılıq mühitində Anardan narazı qalan insanların olması da təbiidir. Etiraf etmək lazımdır ki, AYB sədri Anardan narazı olanlara təsadüf edilsə də, yazıçı Anardan narazı olanlar, demək olar ki, yoxdur və yaxud, çox azdır. Bu, təbii bir haldır. Çünki Anar böyük ədəbiyyatın, böyük sözün adamıdır.
Sıx-sıx olmasa da, arada yolum yaxın xaricdəki ölkələrə düşür. Adətim üzrə, teatrlara və yazıçıları birləşdirən təşkilatlara baş çəkirəm. Demək olar ki, postsovet məkanında söhbət etdiyim əksər əcnəbi yazıçılar bizim müasir ədəbiyyatdan söhbət düşəndə çox vaxt Anarla, onun yaradıcılığı ilə bağlı suallar verir, yeni əsərləri ilə maraqlanırlar.
Anar ədəbiyyata gələn vaxtdan oxucuların və ədəbi tənqidin diqqət mərkəzindədir. O, ədəbiyyat tariximizdə öz yaradıcılığı ilə ən çox diqqəti çəkən, mübahisə doğuran, tənqid və tərif edilən qələm adamlarından biridir. Bu mənada yazıçı yubileydən-yubileyə yada düşən, anılan imzalardan biri yox, daim ciddi ədəbi gündəmdə olan sənətkarlardan biridir. Elə indi oxuduğunuz bu yazı da ənənəvi "yubiley məqaləsi" kimi qəbul edilə bilməz. Yazıçı ürəyinin ən böyük bayramı onun yazdığı, ortaya qoyduğu əsərdir. Biz belə əsərləri yenə görəcəyik.
Bəli, yazıçı öz ömrünün növbəti baharını qarşılayır. Anar bu dünyaya baharın gəlişi ərəfəsində dünyaya göz açıb. Təbii ki, yaş məsələsi yaradıcılıqda nisbi mahiyyət kəsb edir. Yaradıcı adamın yaşını onun ortaya qoyduğu əsərlər müəyyən edir. Bu mənada, Anar həmişə olduğu kimi, yenə yorulmadan yazır və yaradır. Yazıçı həm də özünün yaradıcılıq baharını yaşayır. Baharın mübarək, Anar!
Firuz
MUSTAFA
525-ci qəzet.- 2018.- 1 mart.- S.7.