Kiçik adamın böyük
dayağı: Mirzə Cəlil
22 fevral Azərbaycan ədəbiyyatı tarixində ən
önəmli günlərdən biridir. Bu tarix
yazıçı, dramaturq, publisist, jurnalist, ən nəhayətində
"Böyük demokrat" olan Cəlil Məmmədquluzadənin
doğum günüdür.
Cəlil Məmmədquluzadə 1866-cı ildə Azərbaycanın
qədim diyarı Naxçıvan şəhərində
dünyaya göz açıb. Atası Məmmədqulu
Məşədi Hüseynqulu oğlu məktəb oxumasa da,
ibtidai səviyyədə savadı olub. Məmmədqulu kişi həyatı boyu şəriət
qaydalarına əməl etmiş, halal və zəhmətkeş
həyat tərzi sürmüşdür. Uzun
müddət duz mədənində gözətçi
çalışmış, sonra baqqal dükanı
açaraq ailə ticarəti ilə məşğul
olmuşdur. Cəlil Məmmədquluzadə
1873-1878-ci illərdə mollaxana təhsili almış və
burada ərəb-fars dillərini mənimsəmişdir. Daha sonra isə Naxçıvan şəhər
üçsinifli məktəbində ibtidai təhsil
almışdır. Burada dünyəvi fənlərə
olan marağı onun həyat və cəmiyyət haqqında
təsəvvürlərini formalaşdırmışdır.
Sənətkarın 1882-1887-ci illərdə Qori Müəllimlər
Seminariyasında keçən təhsil dövrü daha
çox məhsuldar olub. Cəlil Məmmədquluzadə burada müxtəlif millətlərə
məxsus müəllimlərdən (A. O. Çernyayevski, D. D.
Semyanov, N. N. Novospasski, N. O. Lomouri və b.) dərs
almış, təcrübəli pedaqoqların, ədib və
maarifçilərin pedaqoji-metodiki bacarıqlarından
faydalanmışdır. Sözsüz ki, əldə
edilmiş bu bacarıqlar sənətkarın sonrakı ədəbi-bədii,
pedaqoji fəaliyyətində öz izini göstərmişdir.
Belə ki, Cəlil Məmmədquluzadə Azərbaycan
ədəbiyyatına janr və forma baxımdan bir çox
yeniliklər gətirə bilmişdir. Danılmaz
faktdır ki, ədəbiyyatımızda ilk mənzum alleqorik
dram, ilk satirik hekayə, ilk felyeton və s. Cəlil Məmmədquluzadənin
adı ilə bağlıdır. C. Məmmədquluzadə
yalnız bədii fəaliyyət baxımından
yenilikçi olmamışdır. O, həmçinin, cəhalətin
və savadsızlığın aradan qaldırılması
üçün xalqın oxuma və yazma
bacarıqlarını asanlaşdıra biləcək yollar
axtarışında olmuşdur. Ədibi ən
çox düşündürən məsələlərdən
biri də ərəb əlifbası ilə yazmağın və
oxumağın yaratdığı çətinliklər idi.
1895-ci ildə latın əlifbasına keçməklə
bağlı Peterburqa səfər etməsi,
danışıqlar aparması sənətkarın öz
dövründə baş verən hadisələri dərindən
təhlil etmək bacarığı ilə bərabər, həm
də uzaqgörənliyini göstərirdi.
Cəlil Məmmədquluzadənin ictimai fəaliyyəti
və bədii yaradıcılığı çoxşaxəli
və zəngindir. 1897-1903-cü illərdə İrəvan
və Naxçıvanın hüquq orqanlarında
çalışması sənətkara müxtəlif taleli
sadə insanları tanımağa, müxtəlif xarakterləri
kəşf etməyə imkan yaratmışdır. "Poçt qutusu" hekayəsi bu dövrün
müşahidələrini təsvir edən ən mükəmməl
əsərlərdəndir.
1903-cü ildən etibarən Tiflisdə
yaşayıb-yaratması ədibə mühitinin daha əlverişli
imkanlarından, zəngin ədəbi-mədəni
sferasından yararlanmağa imkan yaratmışdır. Tiflisin Qafqaz
regionunda istər siyasi, istərsə də mədəni mərkəz
olması sənətkarın publisistika
yaradıcılığına təkan olmuşdur. "Şərqi-rus" qəzeti ilə əməkdaşlıq
Cəlil Məmmədquluzadənin fəaliyyətində yeni və
daha effektli bir istiqamət açmışdır. Belə ki, bir müddət burda çalışan
Mirzə Cəlil nəşriyyat və mətbəə
işini yaxşı öyrənir, eyni zamanda, jurnalist kimi qələmini
püxtələşdirirdi. Sonralar
"Şərqi-rus" qəzeti bağlandıqda Ö. F.
Nemanzadə və tacir Məşədi Ələsgər
Bağırovla birlikdə həmin mətbəəni
almış, "Qeyrət" adı ilə fəaliyyətlərini
davam etdirmişlər. Əminliklə demək
olar ki, bu tarixdən etibarən Cəlil Məmmədquluzadə
yaradıcılığında təzahür edən
bütün istiqamətlər müəyyənləşmiş,
sənətkarın lirik, epik, dramatik növdə bədii
yaradıcılığı püxtələşmiş,
publisist və naşir kimi fəalliyyəti
formalaşmışdır.
"Molla Nəsrəddin" jurnalı Cəlil Məmmədquluzadənin
yaradıcılıq fəaliyyətində ən yüksək
zirvədir.
Ədibin redaktorluğu ilə 1906-cı il
aprelin 7-də Tiflis şəhərində nəşr
olunmağa başlayan jurnal Qafqaz regionunda baş verən hadisələrə
güzgü olmuş, müsəlman şərqinin, xüsusilə
Azərbaycan xalqının milli özünüdərkində,
oyanışında mühüm rol oynamışdır. Jurnal 1917-ci ilə qədər Tiflisdə, 1921-ci ildə
Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr
olunmuşdur.
Mirzə Cəlil XX əsrin əvvəllərindən
etibarən fasiləsiz olaraq bədii fəaliyyətlə məşğul
olmuşdur.
Böyük sənətkarın "Usta Zeynal" (1905),
"Dəllək" (1906), "İranda hürriyət"
(1906), "Fatma xala" (1906), "Qurbanəli bəy"
(1906), "Quzu" (1914), "Nigarançılıq"
(1916), "Konsulun arvadı" (1918) və s. hekayələri
onun kiçik janrda böyük sənətkar olduğunu
sübut etməyə imkan verir.
Azərbaycanda sovet hakimiyyətinin qurulması Cəlil Məmmədquluzadənin
həyat və yaradıcılığında da müəyyən
dəyişikliklərin özünü göstərməsinə
gətirib çıxartmışdır. Sovet
hökümətinin bəzi ideoloji prinsipləri sənətkarın
fikirləri ilə üst-üstə düşürdü.
Buna görə də 1921-1927-ci illərdə
hökumətin təşkil etdiyi tədbirlərdə
iştirak edir, bacardığı qədər dəstək
olurdu. Bu dövrdə o, Azərbaycan müəllimlərinin
V qurultayında (1925) və Türkoloji qurultayda (1926)
yaxından iştirak etmişdir. Hökümət
tərəfindən təşkil edilən yubiley və ədəbi
gecələrdə fəal iştirakçı olmaqla diqqət
mərkəzində olmuşdur. "Yeni yol" qəzetinin
redaktoru olduğu dövrdə sənətkar latın
qrafikasının tətbiqi üçün əsl əzmkarlıq
nümunəsi göstərmişdir.
Sovet hakimiyyətinin qurulduğu mürəkkəb və
qeyri-müəyyən şəraitdə də sənətkar
bədii yaradıcılığından əl çəkməmişdir. Sənətkar sovet
dövrü yaradıcılığına aid olan
"Danabaş kəndinin məktəbi" (1921) pyesi, "Lənət"
(1921), "Oyunbazlar" (1921) səhnəcikləri, "Dəli
yığıncağı" (1926),
"Yığıncaq" (1929), "Ər" (1930) əsərlərini
yazmışdır. Ədib bütün
yaradıcılığı dövründə hekayə
janrının ecazkar nümunələrini
yaratmışdır. "Şərq fakültəsi",
"Taxıl həkimi", "Hamballar", "Şeir
bülbülləri", "İki ər",
"Zırrama", "Şəhər və kənd",
"Qoşa balınc", "Bəlkə də
qaytardılar" adlı hekayələri də bu dövrdə
yazılmışdır.
Sənətkarın Sovet hökumətindən gözləntiləri
tez bir zamanda puç olmuş, ümid və inamı uzun
sürməmişdir. Sənətkara qarşı
qısqanclıqlar və təzyiqlər getdikcə artmağa
başlamışdır. 1928-ci ildən başlayaraq Cəlil
Məmmədquluzadə yeni hökumətin ideoloji tələblərini
və təzyiqlərini daha çox hiss etmişdir. Dövrünün bir çox sənətkarları
kimi Cəlil Məmmədquluzadə üçün də bu
tələblər mənəvi terror təsiri
bağışlamışdır. 1929-cu il 9 aprel
plenumunda "din əleyhinə oxunaqlı, kütləvi, ucuz
jurnal kimi yenidən təşkil etmək" adı
altında "Molla Nəsrəddin" jurnalının
Mübariz Allahsızlar ittifaqının orqanına
çevrilməsinə qərar verilir. Sözsüz
ki, bu qərar ədibin düşüncə və bu dövrə
qədərki həyat qayəsi ilə üst-üstə
düşmürdü. Digər mətbuat
orqanlarında Cəlil Məmmədquluzadəyə
qarşı aparılan böhtan və təzyiq kampaniyası
sənətkarı dərindən sarsıdırdı.
Tez-tez mətbuatda ədib "milli xırda burjua nümayəndəsi",
"Azərbaycan dilini korlayan yazıçı",
"cığırdaş" kimi dövrünün bir
çox şəxsiyyətlərinə qarşı istifadə
olunan ittihamlar ilə rastlaşırdı. Bütün
bu təzyiqlər fonunda ədib 1931-ci ildə "Molla Nəsrəddin"
jurnalının Baş redaktorluğu vəzifəsindən
uzaqlaşmağa məcbur olur. Yorulmaz,
mübariz və qocaman sənətkar yeni hökumətə və
onun sərt ideologiyasına etirazını ömrünün
sonlarında bir çox əsərlərinin əlyazmasını
yandırmaqla bildirə bilmişdir.
Cəlil Məmmədquluzadənin
yaradıcılığında Azərbaycanın bütün
milli xüsusiyyətləri, eyni zamanda, ümumbəşəri
dəyərləri əks etdirən fikirlər bizim milli
ideologiyamızın əsasıdır və həmin
ideologiyanın yaranması üçün böyük bir
vasitədir. Cəlil Məmmədquluzadə dərin milli-ictimai təfəkkürə
sahib sənətkar idi. Sənətkarın
bədii nəsr yaradıcılığı ədəbiyyatımızda
yeni bir hadisə hesab edilə bilər. Müşahidə
etdiyi həyat həqiqətlərini olduğu kimi təsviri, zəhmətkeş
insanların acınacaqlı talelərinin real təqdimatı,
milli oyanışa və tərəqqiyə
çağırış, təsirli dil-üslub
bacarıqları ədibin bədii nəsrinin özünəməxsusluğu
və fərdi sənətkarlıq keyfiyyətləri
baxımından diqqəti cəlb edən ən mühüm tərəfləridir.
Cəlil Məmmədquluzadə bizi-bizdən
ayıran, bizi başqalaşdırıb
özümüzü-özümüzə biganələşdirən
bütün eybəcərliklərə qarşı
çıxırdı. Bu eybəcərliklər
nadanlıq, dili unutma, mənəviyyatımıza, milli
varlığa laqeydlik idi. Cəlil Məmmədquluzadə
Azərbaycan ədəbiyyatı tarixinə böyük
demokrat ədib, vətəndaş, milli yazıçı,
kiçik hekayənin böyük ustadı kimi daxil
olmuşdur. Ədib daha çox nəsr əsərlərində
"kiçik adamın böyük himayədarı"
qismində çıxış edir.
Cəlil Məmmədquluzadə nəsri Azərbaycan ədəbiyyatında
öz məzmunu, poetik quruluşu baxımından yeni bir səhifə
hesab olunur. Cəmiyyətin sosial-ictimai vəziyyətini əks
etdirən, insan psixologiyasının zahiri və daxili
xüsusiyyətlərinin cəmini göstərən istər
geniş süjetli "Danabaş kəndinin əhvalatları"
(psixoloji-dramatik povest), istərsə də, yığcam
süjetli əsərlərində (hekayə və
novellalarında) diqqəti cəlb edən əsas xüsusiyyətlərdən
biri bitkin süjet və kompozisiyaya malik olmasıdır. Bədii əsərdə süjet və kompozisiya
anlayışları olduqca mühüm məsələlərdəndir.
Sənətkarların müəyyən hadisələr
silsiləsindən hər hansı mövzu seçməsi
müəyyən nəzəri daxili qaydalar, prinsiplər əsasında
işləndikdən sonra sənət əsəri kimi
formalaşır.
Azərbaycan
nəsrində ilk dəfə olaraq proloq və epiloqdan istifadənin
ədibin ilk iri həcmli nəsr əsəri olan
"Danabaş kəndinin əhvalatları" povestində
üzə çıxması ("Bir yüngülvari müqəddimə",
"Xitamə"), bu poetik formanın yığcam süjetli
əsərlərinə də aid edilməsi ("Xanın təsbehi",
"Təsbeh barəsində bir neçə söz",
"Bəlkə də qaytardılar…", "Axır
söz") konkret nümunələrin əsasında elmi-nəzəri
təhlili C. Məmmədquluzadə nəsrinin yeni sənətkarlıq
keyfiyyətlərinin üzə çıxarılması ilə
nəticələnmişdir. C. Məmmədquluzadə nəsrində
süjet və kompozisiya quruluşunda vahidlik prinsipi müəyyən
ardıcıllıqla sistemə salınır. Burada
kompozisiya süjetin dərk olunmasına, əsərin bədii-estetik
cəhətdən qüvvətlənməsinə xidmət
edir.
Ustad yazıçının iti qələmindən
çıxmış "Danabaş kəndinin əhvalatları"
(1894) əsəri ədəbiyyatımızın bədii nəsr
tarixində ən yüksək zirvələrdəndir. Əsərin əsas
qəhrəmanı Məhəmmədhəsən əmi təkcə
Cəlil Məmmədquluzadə
yaradıcılığında yox, geniş mənada Azərbaycan
ədəbiyyatında kiçik adamın böyük ədəbiyyata
birinci gəlişi idi.
Cəlil Məmmədquluzadə hekayə janrının ədəbiyyatımızdakı
ən qüdrətli sənətkarlarındandır. Yazıçının
"Poçt qutusu" hekayəsi ədəbiyyatımızda
hekayə janrının ən mükəmməl nümunələrindəndir.
Hekayə kimi kiçik janrda olduqca yığcam
şəkildə təsvir olunan hadisələrdə
böyük mətləblər açılır. Əsərdə Novruzəlinin taleyi Azərbaycan kəndlisinin
taleyi kimi ifadə olunur, sözsüz ki, sənətkar burada
Novruzəli kimi avam və sadəlövh adamın müdafiəçisi
kimi də diqqəti cəlb edir. "Poçt qutusu"
kiçik hekayənin, akademik İ. Həbibbəylinin təbiri
ilə desək, böyük proqramıdır: "Ədib
"Poçt qutusu" əsərində kiçik
adamlığın ictimai-psixoloji fakt kimi tipinə
çevrilmiş Novruzəlinin timsalında "Novruzəli
adamdır" ictimai-tarixi hökmü ilə birgə öz
müəllif konsepsiyası olaraq "Novruzəli necə
adamdır?" sosial-psixoloji araşdırmasını müəyyənləşdirir
və mövcud sosial problemlərin mürəkkəbliyi və
qarışıqlığı içərisində sosial ədaləti
bu tezisdən araşdırmağa başlayır".
"Bəlkə də qaytardılar..." ədibin
müflis olmuş insanların fikir və düşüncəsini
əks etdirən hekayəsidir. Hekayədə təsvir
olunan müflisləşmişlər dəstəsi Molla əmiyə
artist Balaqədeşin vasitəsilə təqdim olunur.
Əvvəlki zəngin həyatlarını səbirsizliklə
gözləyən, ancaq nail ola bilməyən
bu insanlar xəyalla yaşayır, öz səadətlərinə
yenə qovuşacaqlarını ümid edirlər.
"Axır söz" adlanan son hissə yazıçının
hadisələrə yekunudur: "Və müxtəsər həmin
müsahiblərimlə tez-tez görüşüb
danışardıq, dərdləşərdik, bir-birimizə
ürək-dirək verərdik və həmişə
ayrılanda da ümidvarlıqla ayrılardıq ki, inşallah
muradımıza çatarıq və inşallah şayəd,
iş elə gətirdi ki, bəlkə mülk və
maaşımızı qaytardılar özümüzə".
"Dəllək" hekayəsində sərlövhə bu peşə ilə savadsızlığın, avamlığın hansı bəlalara səbəb olduğunu ümumiləşdirirsə, "Taxıl həkimi" hekayəsində lakonik təsvirlə taxıl həkiminin - "ziyalının" real bədii inikasını göstərir. Bəlaya düçar olmuş insanlara kömək etməli olan bu həkim tapdığı böcəyin bədən quruluşu haqqında kənd camaatına uzun-uzadı moizə oxuyur, sonra şərəfinə düzəldilmiş məclisdə sərxoş olub "kəşf etdiyi" həşəratı da kənddə unudub gedir. Taxıla zərər vuran həşəratla onu xilas etməli olan taxıl həkiminin, ziyalının mövqeyi vurulan zərərlə eyniyyət təşkil etməsi (həşəratda maddi, həkimdə mənəvi və maddi) ümumi peşə adı ilə acı ironik mövqedə əks olunur.
Ədəbiyyatımızda xüsusi əhəmiyyətə malik olan "Ölülər" (1909) tragikomediyası cəhalətin və mövhumatın əleyhinə yazılmış ən təsirli əsərlərdəndir. "Ölülər" əsəri mövzu orijinallığı, ideya zənginliyi ilə bərabər, bədii vasitələri, janr xüsusiyyətləri və s. cəhətlərdən də kamil bir bədii sənət incisidir. "Ölülər"i kəskin bəşəri problemləri yüksək sənətkarlıqla canlandıran bir dramatik əsər kimi dram, faciələrə məxsus keyfiyyətləri ehtiva edən, dramatik ünsürlərə malik bir məzhəkə, həyati faciəni, dəhşətli həqiqəti göstərən komediya, yaxud tragikomediya, satirik komediya adlandırmışlar. Janr baxımından bu mülahizələrin heç biri təsadüfi deyildir və "Ölülər"ə xas olan xüsusiyyətlərlə bu və ya digər cəhətdən bağlıdır. Dramatik, komik, lirik, tragik ünsürlərin üzvi vəhdətinin yaratdığı əlvanlıq əsərin yüksək bədiiliyini təmin edir. "Ölülər" tematikası, obrazları, bədii ümumiləşdirmələri ilə satirik komediyanın yeni, orijinal bir nümunəsidir.
Xurafata, nadanlığa, rəzilliyə, mənəvi naqisliyin zehniyyatda yaratdığı faciələrə, mövhumat dələduzlarının ifşasına həsr edilmiş dram əsərləri içərisində "Ölülər" tragikomediyasına tay ola biləcək pyes yoxdur. Camaatın nadanlığından istifadə edərək və dini əldə bayraq tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçı Şeyx Nəsrulla, onun köməkçisi Şeyx Əhməd cəmiyyətin bütün rəzilliklərini görən və onların səbəblərini anlayan Kefli İsgəndər, "ölü dirilərmi?" xofunda çaş-baş qalmış Hacı Həsən ağa Azərbaycan dramaturgiyasında yeni tipli bədii personajlardır, ümumiləşdirilmiş tipik xarakterlərdir.
(Ardı var)
Elxan NƏCƏFOV
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı
525-ci qəzet.- 2018.- 1 mart.- S.6.