Ana dilində ilk milli məktəb - Azərbaycan
Xalq Cümhuriyyəti - 100
1905-ci il inqilabı Azərbaycan ictimai-siyası həyatında
böyük bir canlanma əmələ gətirmişdi. Bu canlanma ölkənin bütün sahələrində
olduğu kimi, maarif sahəsində də hiss olunurdu.
H.Zərdabi,
M.T. Sidqi, M.Mahmudbəyov, F.Köçərli, R.Əfəndiyev,
S.M.Qənizadə Ü.Hacıbəyli, F.Ağazadə,
S.S.Axundov, A.Şaiq və digərlərinin timsalında
böyük maarifçilik hərəkatı meydana gəldi. Mövcud rus-tatar məktəblərində
oxuyanların 31 faizi azərbaycanlı idi. Bu
məktəblərdə isə təlim-tərbiyənin məqsədi
birbaşa olmasa da, dolayısı ilə gənc nəsli
şovinizm ruhunda tərbiyələndirməyə xidmət
edirdi.
Məhəmməd
Əmin Rəsulzadə bu dövrü xarakterizə edərək
yazırdı: "Çarizm Azərbaycanda ruslaşdırma
siyasətini iki istiqamətdə həyata keçirməyə
başladı: birinci, üləmaları, mollaları və əfəndiləri
idarələrdə məmur vəzifəsinə təyin edərək
öz xidməti qulluqçularına çevirirdi; ikincisi isə
azərbaycanlı uşaqları rus məktəblərində
oxudub, onlardan rus təbiətli "uçitellər"
hazırlayırdı. Beləliklə, doğma klassiklərimiz
əvəzinə, Güney Azərbaycandakı "mirzələr"
Firdovsini, Sədini, Şimali Azərbaycandakı
"uçitellər" isə Puşkini, Lermontovu, Tolstoyu və
başqalarını təbliğ etməyə
başlayırdılar. Nə
farslaşmış "mirzələr", nə də
ruslaşmış "uçitellər" xalqın istək
və arzularını başa düşürdülər.
Lakin tədricən "uçitellər"
anladılar ki, xalqımızın övladlarına Tolstoy, Puşkin,
Lermontovla yanaşı, Füzulini, Sabiri, Şirvanini, Cavidi,
Ə. Cavadı öyrətmək lazımdır". Xalqın savadsızlığının aradan
qaldırılması, ana dilində məktəblərin
açılması, proqram və dərsliklərin
yaradılması, müəllim kadrlarının
hazırlanması dövrün maarifçilərini
düşündürən başlıca məsələlər
idi. Lakin zamanın diktə etdiyi bu məsələlər
öz həllini Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan
sonra tapdı. ADR hökumətinin Gəncə şəhərində
verdiyi 28 avqust 1918-ci il tarixli ilk dekreti məhz
məktəblərin milliləşdirilməsi haqqında idi. Birinci dəfə olaraq ana dili bərabərhüquqlu
dil kimi elan edildi və azərbaycanlılar öz ana dilində
oxumağın nəinki mümkün olduğunu, hətta zəruri
olduğunu başa düşdülər. Arxiv
materialları göstərir ki, bu tədbirlər çox
çətin və mürəkkəb şəraitdə həyata
keçirilirdi. Uşaqları ana dilli, yeni
məzmunlu proqram və dərsliklərlə fəaliyyət
göstərən məktəblərə cəlb etmək
çox çətin idi. Dekretin mahiyyətinin
valideynlər tərəfindən dərk edilməsi
üçün mütərəqqi fikirli müəllimlər
mütəmadi olaraq valideynlərlə görüşür və
həmkarlarını da buna səsləyirdilər. Bu
müəllimlər sırasında biz bir tərəfdən
çox tanınmış, uşaqlara həqiqi elmi biliklər
verməyə səy edən və Azərbaycan dilini zənginləşdirməyə
çalışan A.Səhhəti, digər tərəfdən
ilk milli məktəbin - "Nümunə məktəbi"nin yaradıcısı A.Şaiqi
görürük.
Professor Fərrux
Rüstəmov özünün "Milli maarifimizin
qaranquşları" adlı məqaləsində məktəbin
yaranmasının böyük əhəmiyyət kəsb
etdiyini göstərərək yazır: "İlk dəfə
orta təhsilin milliləşdirilməsi ADR dövründə
həyata keçirilmişdir ki, bu da qüdrətli sənətkarımız
A.Şaiqin adı ilə bağlıdır. Məhz
onun təşəbbüsü ilə bütün dərslər
rus dilində keçirilən Bakı I realnı məktəbinin
nəzdində Azərbaycan dili üzrə üç
aylıq kurs açıldı. Bu kursu
qurtaran şagirdlər üçün 49 rus sinfi olan Bakı
I realnı məktəbində bütün dərslər Azərbaycan
dilində keçirilən bir sinif (üçüncü
sinif) açıldı. Bu sinifdə 25
şagird oxuyurdu. Onlar 1924-cü ildə ana
dilində orta məktəbi bitirən ilk məzunlar oldular.
Məktəbdə A.Şaiqlə birlikdə C.Cəbrayılbəyli,
Q.Rəşad, X.Kələntərli kimi görkəmli
pedaqoqlar da dərs deyirdilər. Azərbaycanda milli
kadrların yetişdirilməsində sonralar "Abdulla
Şaiq adına nümunə məktəbi"
kimi şöhrət qazanmış həmin milliləşdirilmiş
məktəbin böyük əhəmiyyəti
olmuşdur". Bu milliləşdirilmiş
siniflər sonralar ilk anadilli məktəbin təməli oldu.
Bununla da məktəb tarixində dünyəvi
proqramları, təlim-tərbiyə üsullarını
özündə ehtiva edə milli təhsilin əsası
qoyuldu. Təhsil tariximizə "Şaiq
Nümunə məktəbi" adı ilə daxil olmuş bu
təhsil ocağı çox çətinliklə qurulurdu.
Bu, üç başlıca amillə
bağlı idi. Birinci: mürtəce fikirli müəllimlər
ana dilində yeni siniflərin açılması əleyhinə
çıxır, azərbaycanlıları rus məktəblərinə
cəlb etməyə çalışırdılar. İkinci, çoxları öz doğma dilini
bilmirdi. Maarif Nazirliyi məktəbə
şagirdlərin qəbuluna ciddi yanaşır, bu prosesdə
dil bilməni vacib şərtlərdən biri hesab edirdi.
Şagirdlər müsahibədən keçdikdən
sonra milli məktəbə qəbul olunurdular. Dili bilməyənlər
üçün əlavə kurslar təşkil edilirdi, dili mənimsəməyənlər
isə rus bölməsinə göndərilirdi.
Üçüncü isə ana dilində tədris plan və
proqramının, dərsliklərin olmaması, müəllim
kadrlarının çatışmaması, sinif
otaqlarının azlıq təşkil etməsi, maddi-texniki təminatın
aşağı səviyyədə olması idi. Cəmo Cəbrailbəyli,
Ağaəli Qasımzadə, Qafur Əfəndizadə,
Realnı Məktəbinin məzunu Sadıq Quluzadə, Qurbanəli
Həsənzadə və Abdulla Abasidze kimi dövrün
bacarıqlı müəllimləri A.Şaiqin rəhbərliyi
ilə bu problemləri aradan qaldırmağa başladılar. Qısa bir zamanda hazırlıq və digər siniflərin
tədris planları məktəbin pedaqoji şurasında
müzakirə olunaraq təsdiq edildi. Artıq
1918-1919-cu dərs ilində məktəb yeni tədris
planları ilə fəaliyyətə başladı. Məktəbin təqdim etdiyimiz tədris
planlarının müasir tələblər baxımında təhlili
göstərir ki, bu planlar bugünkü tələblərə
cavab verməsə də, bir sıra mütərəqqi fikirləri
özündə əks etdirir.
Belə ki, tədris planlarında fənlər
arasında əlaqələrin zəruriliyi və onların məzmununun
təlim və tərbiyənin məqsədləri ilə
üzvü surətdə bağlılığı nəzərə
alınmışdır. Planda öyrədilən fənlərin
siyahısı, tərkibi, keçirilmə
ardıcıllığı, siniflər üzrə hər fənnə
verilən saatların miqdarı didaktik nöqteyi-nəzərdən
əsaslandırılaraq şərhlərlə verilmişdir.
Tədris planlarının "Qeyd" hissəsində
ana dili və hesab fənninidən əlavə dərs
saatına ehtiyac olduqda rəsm və əl əməyinə
verilən saatlardan istifadə edilməsinə icazə
verilirdi. Daha sonra hüsnxətin türk əlifbasının
yazı qaydalarını qavramaqda mühüm rol
oynadığı ilə əsaslandırılmış,
xarici dil (alman, fransız, rus) fənlərinə
ayrılmış dərs saatlarının çoxluğuna
isə izahat verilərək göstərilir ki, mövcud şəraitə
görə məktəbi bitirib öz təhsillərini
gimnaziya və başqa ali məktəblərdə davam etdirənlərin
bu dilləri bilməsi vacibdir. Dərsliklərlə
bağlı məktəb rəhbərliyi 26-27.01.20-ci il və
17.02.20-ci il tarixli məktublarla Xalq Maarif Nazirliyinin orta məktəblər
şöbəsinə müraciət edərək nağd
pulla hazırlıq və birinci, ikinci, üçüncü
siniflər üçün "Müntəxəbat",
"Ədəbiyyat dərsləri", "Türk çələngi"i
tarix, təbiət, cəbr, coğrafiya dərsliklərinin
alınmasına imkan yaradılmasını xahiş
etmişdi. Məktublara müsbət cavab
alındıqdan sonra dərsliklərin alınması uyğun
olaraq fənn müəllimlərinə - A.Talıbzadəyə,
A.Aslanova, A.Zeynalova, S.Aşurbəyova, M.Mirzəyevə
tapşırılır. Şagirdlər bu
dərsliklərlə pulsuz təmin edilirdi.
Eyni zamanda, məktəbdə Abdulla Şaiqin
"Türk ədəbiyyatı" və "Milli qiraət"
kimi dərsliklərindən də istifadə edilirdi. 1918-ci il
iyun ayının 22-də hökumət xüsusi qərar qəbul
etdi. Qərarda deyilirdi: "Azərbaycanın milliləşdirilmiş
məktəbləri üçün Türkiyədən tədris
kitablarının gətirilməsini və müəyyən
sayda müəllimlər çağırılmasını zəruri
hesab edərək bu məqsədlə İstanbula məlumatı
olan bir şəxs ezam edilsin". "Nümunə məktəbi"nin məzunu olmuş, EA-nın müxbir
üzvü mərhum Məhəmmədəmin Salehli söyləyirdi
ki, Türkiyədən müəllimlər gələnə qədər
məktəbdə bir müəllim bir neçə fəndən
dərs deməyə məcbur idi. Türkiyədən
müəllimlər gəldikdən sonra bir çox fənlərdən
dərsləri bizə onlar deyirdi. Süleyman
Hikmət tarixi, İsmayıl Həqiqi fizikanı, Durmuş
Əfəndi riyaziyyatı, Hikməti təbiəti, Xəlil
Fikrət psixologiyanı, Müzəffər bəy ibtidai sinifdə
tədris edirdi. Yerdə qalan fənləri
isə yerli müəllimlər aparırdılar. Mirzə
Abdulla Şaiq, Feyzulla Qasımzadə , ədəbiyyatı, Kərim
Qazıyev riyaziyyatı, Qafur Rəşad Mirzəzadə, Cəmo
Cəbrayılbəyli coğrafiyanı tədris edirdi. Sovet höküməti qurulduqdan sonra bu müəllimlərin
hamısı geri göndərildi. Xalq
Maarif Nazirliyi milli məktəblərdə əsaslı
kitabxananın açılmasını zəruri hesab edirdi.
Bütün çətinliklərə
baxmayaraq, hökümət ana
dilində kitablar və digər vəsaitlər almaq
üçün 4018 manat pul ayırmışdı. "Nümunə məktəbi"ndə
kitabxananın yaradılması üçün
hazırlıq işləri A.Şaiqə
tapşırılmışdır. Kitabxanada Azərbaycan
ədəbiyyatının ən qiymətli nümunələri
"Molla Nəsrəddin" jurnalının
külliyyatı, Nəriman Nərimanovun dram əsərləri
toplanmışdı və s. ədəbiyyatlar
toplanmışdı. Məktəb şagirdlərinin
xüsusi geyimləri, döş nişanları, çiyinlərinə
taxılmış paqonları vardır. Məktəbi
bitirəndə şagirdlərə şəhadətnamə
verilirdi. Sadalanan bütün bu əşya
və sənədlər hal-hazırda Abdulla Şaiqin mənzil
muzeyində saxlanılır.
ADR zamanı fəaliyyətə başlamış məktəbdə
tədrisin keyfiyyəti, müəllimlərin elmi-pedaqoji,
metodiki hazırlığı, onların maddi vəziyyətlərinin
yaxşılaşdırılması, maddi-texniki bazanın
möhkəmləndirilməsi hökumətin daim diqqətində
olmuşdur. Ölkədə iqtisadi cəhətdən vəziyyətin
ağır olmasına baxmayaraq o biri məktəblərdən
fərqli olaraq "Şaiq "Nümunə məktəbi"nin
büdcəsi vaxtlı-vaxtında təsdiq edilir,
ayrılmış maliyyə gecikdirilmədən ödənilirdi.
Məktəb öz fəaliyyətini ADR
hökuməti süqut etdikdən sonra da müəyyən
müddətə davam etdirdi. 1924-cü ildə
məktəbin ilk buraxılışı oldu. Mərhum
Məhəmmədəmin Salehli həmin tədbirin çox təmtəraqlı
keçdiyini söyləyirdi: "Mən birinci il idi ki, məktəbdə
oxuyurdum. Yadımdadır ki, böyük
müsamirə təşkil olunmuşdu. Həmin
gecəyə Nəriman Nərimanov da gəlmişdi. O, məzunlara
"Ay mənim saqqallı cocuqlarım" - deyərək
müraciət etdi. O, öz nitqində Azərbaycanın gələcəyindən,
məktəb məzunlarının qarşısında duran vəzifələrdən
danışdı". Məktəbdə milli və
bəşəri səciyyə daşıyan prinsiplərə
əsaslanaraq gənc nəslə əxlaqi-mənəvi dəyərlər
aşılayan məzmun ortaya qoyulmuşdur. Təlimin məhz bu məzmunda aparılması, milli
qürur və düşüncəyə malik müəllimlərin
çalışması sözsüz ki, sovet ideologiyasına
zidd idi. Rejim öz ideologiyasına uyğun
nəsil yetişdirməli idi.
Sovet rejiminin yeni yaradılmış Xalq Maarif
Komissarlığı elə ilk gündən ana dilində yeni
sovet məktəbləri açmaq üçün bir
sıra mühüm tədbirlər həyata keçirməyə
başladı.
Hər şeydən əvvəl
açılacaq yeni və mövcud məktəblərin
strukturu, təlimin məzmunu və təşkili qaydaları
ümumi şəkildə də olsa, müəyyənləşdirildi.
Mövcud məktəblərdə bir sıra
islahatların aparılması qərara alındı. "Nümunə məktəbi" də bu
"islahatlardan" kənarda qalmadı.
Elə sovet hakimiyyətinin ilk illərində məktəbdə təlim-tərbiyə işinin məzmunu dəyişməyə başladı, ilahiyyatın tədrisi ləğv edildi. Tarix dərsliklərində hadisələr dövrün tələblərinə uyğun işıqlandırıldı, ədəbiyyat dərslərinin məfkurə istiqaməti başqa səmt aldı. Məktəb iki yerə ayrıldı: aşağı şöbələr və aşağı siniflər birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən etibarən isə ikinci dərəcəli on ikinci məktəb adlandırıldı. On ikinci məktəb o zaman Fətulla Rzabəyli tərəfindən təməli qoyulmuş Ali Pedaqoji İnstitutun binasına köçürülərək, İnstitutun "Nümunə məktəbi"nə çevrildi. (İndiki İstiqlal küçəsi, İqtisad İnstitutunun binası - qeyd M.M) "Nümunə məktəbi"nin axırıncı sinif şagirdləri Pedaqoji Texnikumun əsas siniflərinə keçirildi. Lakin sovet hakimiyyəti illərində də məktəbin üzləşdiyi problemlər öz həllini tapa bilmədi. Türkiyədən gəlmiş müəllimlər öz vətənlərinə döndülər, müəllim kadrlar, dərsliklər, metodiki vəsaitlər çatışmırdı. Hətta vəziyyət o yerə gəlib çatdı ki, Maarif Komissarlığı özünün "48 saylı 15.12.1923 tarixli qərarı ilə türk pedaqoji kadrların çatışmaması ucbatından uyezdlərdə və rayonlarda "Nümunə məktəbləri"nin təşkilinin dayandırılması məqsədəuyğun hesab etdi. 16 iyun 1926-cı ildə Nazirlər Kabinetinin iclasında 1926-27-ci dərs ilindən "Nümunə məktəbi"nə şagird qəbulunun dayandırılması haqqında qərar qəbul edildi. Xalq Maarif Komissarlığı kollegiya iclasında Nazirlər Kabinetinin qərarını yekdilliklə təsdiq etdi. Beləliklə, 760 nəfər şagirdin təhsil aldığı "Şaiq Nümunə məktəbi"nin fəaliyyətinə son qoyuldu.
Bu il 100 yaşını qeyd edəcəyimiz "Şaiq "Nümunə məktəbi" Azərbaycan məktəb tarixində yeni bir mərhələnin əsasını qoyaraq fəaliyyət göstərdiyi qısa müddət ərzində milli maarifin inkişafına təsir etdi. İllərdən bəri mövcud olan köhnə üsulla işləyən rus-Azərbaycan məktəbləri yenidən quruldu, yalnız şəhərlərdə deyil, hətta kənd rayonlarında da (Şəkidə, Salyanda, Şuşada) anadilli, yeni üsulla işləyən məktəblər yaradıldı. Ana dilində plan, proqram, dərslik və dərs vəsaitlərinin yaradılması, təlim-tərbiyə işinin təşkilində demokratik və humanist dəyərlərin öyrədilməsi, ailə və məktəbin əlbir işi istiqamətində müəyyən baza formalaşdı. Ən vacibi isə elmi-pedaqoji, metodiki biliklərə malik müəllimlər yetişdirildi. Məktəbdə təhsil alanların alanların əksəriyyəti sonralar sovet elminin inkişafında əvəzsiz xidmətlər göstərib.
Məlahət MÜRŞÜDLÜ
525-ci qəzet.- 2018.- 1 mart.- S.4.