Kiçik adamın böyük
dayağı: Mirzə Cəlil
(Əvvəli
ötən sayımızda)
Cəlil Məmmədquluzadənin "Anamın
kitabı" (1920) tragikomediyası ədəbiyyatımızda
istiqlal düşüncəsinə, azərbaycançılıq
əqidə və idealogiyasına həsr olunmuş ən təsirli
dram əsəridir.
"Anamın kitabı" - Azərbaycan milli
istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə
əsərlərin mənəvi Anasıdır. Əgər ədəbiyyatımızda
kiçik hekayə Mirzə Cəlilin "Poçt
qutusu"ndan çıxmışdırsa, azərbaycançılıq
və milli istiqalal ideaları da bütöv bir konsepsiya kimi
"Anamın kitabı"ndan doğmuşdur. Milli
müstəqillik və birlik, soykökə dərin
bağlılıq, milli məfkurə və istiqlal uğrunda
mübarizə kimi aktual məsələlər "Anamın
kitabı"nın əsas mövzusunu və
qayəsini təşkil edir. Nəticə
etibarilə "Anamın kitabı" - əsərdəki
üç qardaşın komediyası, Ananın faciəsi,
Gülbaharın isə dramıdır" (İ. Həbibbəyli).
Faciə müəllif tərəfindən həm
ailə faciəsi kimi, həm milli faciə kimi, həm də
sinfi faciə kimi yozulur. Bir-birilə də,
ana-bacılarıyla da dil tapa bilməyən üç
qardaş sadə xalqla, "qara camaatla" tamamilə
ünsiyyətsizdirlər. Mirzə Cəlil
ürək ağrısıyla belə ziyalılarla xalq
arasındakı uçurumu göstərir. Göstərir ki, nicat yolunu yalnız başqa
xalqların mədəniyyətini kor-koranə təqliddə
görən ziyalılar heç kəsə - nə özümüzə,
nə özgəsinə lazım deyil. XX əsr Azərbaycan
ictimai şüurunda, şərti olaraq, rusofillik, pantürkizm
və panislamizm kimi üç cərəyanı
"karikaturlaşdırılmış" şəkildə
təcəssüm etdirən üç qardaş arasında
keçilməz sədlər, aşılmaz çəpərlər,
sal divarlar dayanıb.
Cəlil Məmmədquluzadə özünəməxsus
üslubda və mövzuda bədii
yaradıcılığını mənzum şəkildə
də davam etdirmişdir. İstər bədii nəsr, istər
dram, istərsə də publisistik əsərlərində
olduğu kimi satirik şeirlərində də maarifçiliyə
çağırış, müşahidə etdiyi hadisə
və şəxslərin
çatışmazlıqlarının, cahilliyin və
mövhumatçılığın tənqidi əsas yer
tuturdu. "Xoş ol zaman ki, xalq yatıb bizəban
idi", "Lisan bəlası", "Zaman ol zaman idi",
"Qafqaz xəbərləri" və s. şeirləri daha
çox publisistik mahiyyət daşıyır. Bu
şeirlər həm təsvir üslubu həm də
mövzunun təqdimi formasına görə sənətkarın
məqalə və felyetonlarını xatırladır. Sənətkarın satirik şeirləri daha
çox "Molla Nəsrəddin" jurnalının müxtəlif
saylarında dərc olunub. Ümumilikdə,
Cəlil Məmmədquluzadə
yaradıcılığına nəzər saldıqda
aşkar görünür ki, sənətkar üçün
nəzm şəklində əsərlər yazmaq xarakterik
deyil. "Molla Nəsrəddin"
jurnalının ətrafında toplaşmış
böyük satirik şairlər ordusu var idi. Əlbəttə, bədii sözün satirik
üslubda mahir ifadəçisi olan Cəlil Məmmədquluzadə
bu ordudan geri qala bilməzdi. Dövrünün
bir çox şairlərindən, həmçinin, bir sıra
xalq mahnıları və folklor nümunələrini satirik
şəklə salaraq mükəmməl bədii mətnlər
yaratmışdır. Mirzə Ələkbər Sabirin
yaradıcılığında "Laylay balam laylay, yat qal
dala laylay" şeirininin ahəngi duyulan "Lay-lay"
şeiri tənbəlliyi, avaraçılığı tənqid
etdiyi kimi, məktəbə, elmə
çağırış mahiyyətini qorumuş olur:
...
Böyü bir az, yeddi yaşa yetgilən,
Səhər
tezdən dur küçəyə getgilən,
Müəlləq
aşmağa həvəs etgilən,
Laylay, quzum,
laylay, gözüm yatgilən,
Rahət
olub bir azca boy atgilən...
... Sonra
çalış, səy ilə şöhrət qazan,
Doldur
qutulara çoxluca ilan,
Müsəlman
aləmin gəzgilən, dolan
Laylay,
quzum, laylay, gözüm yatgilən,
Rahət
olub bir azca boy atgilən...
Bütün yaradıcılığı boyu sadə
dillə xalqı oyanışa səsləyən Cəlil Məmmədquluzadə
bədii yaradıcılığında fikrini satirik və
yumoristik şəkildə çatdırmaqla üzdə təbəssüm
yaratsa da, toxunduğu mövzularda insanın qəlbini
dağlayan acınacaqlı həyat həqiqətlərini
çatdırırdı. Xalqın
avamlığının, təhsilsizliyinin, cahilliyinin, tənbəlliyinin
gələcəkdə gətirə biləcəyi faciələri
sənətkar ürək yanğısı ilə qələmə
alırdı. Ədibin şifahi xalq ədəbiyyatımıza
olan marağı yaradıcılığının
bütün sahələrində özünü göstərir.
İlk mətbuat məktəbimiz olan "Molla Nəsrəddin"
jurnalının adından və sənətkarın bir
çox imzalarından da görünür ki, M. Cəlil
satirik ovqatını ifadə etmək üçün
folklordan çox yaxşı istifadə edə bilmişdir.
Folklor nümunəsi olan "Qalada yatmış idim"
mahnısının ritmini qorumaqla cəlilsayağı dillə
yuxarıda sadaladığımız problemləri ifadə
etmişdir:
Dərədə
yatmış idim, oyatdılar oyanmadım,
Burnuma tikanları uzatdılar, oyanmadım.
Bomba
parta-partnan, top atılar oyanmadım,
Saqqalımdan
bir ovuc qopartdılar, oyanmadım,
Müxtəsər, hər bir əməl
çıxartdılar oyanmadım.
Cəlil Məmmədquluzadə həm də
tanınmış publisistdir. Ədəbiyyatımızın
mətbuat tarixində onun əvəzedilməz rolu var. Ədəbi
məktəb yaratmış ilk mətbu orqanı olan "Molla
Nəsrəddin" onun adı ilə bağlıdır.
Cəlil Məmmədquluzadə
yaradıcılığının ən uca zirvəsini
müəyyən etmək üçün fikirlər
haçalansa da, müqayisədə daha böyük
üstünlük "Molla Nəsrəddin" jurnalına
verilə bilər. Bu jurnal sənətkarın
yaradıcılığının bütün istiqamətlərinə
aid olan əsərlərdə qaldırdığı problemlər
və irəli sürdüyü ideoloji məsələlərin
məcmusudur. XX əsrin əvvəllərində
ölkəmizdə və ölkəmizdən kənarda
baş verən hadisələrə böyük güzgü
olan jurnal həm də mollanəsrəddinçilər
ordusunun əsas "qərargahı" idi. Bu "qərargahda"
mətbuat tariximizin qızıl sətirlərini qələmə
alan soz ordusunun silahdaşları M.Ə.Sabir (1862-1911), M. S.
Ordubadi (1872-1950), Ö. F.Nemanzadə (1872-1938), Ə. Nəzmi
(1878-1946), Ə. Qəmküsar (1880-1919), Ə. Haqverdiyev
(1870-1933), M. Möcüz (1873-1934), B.Abbaszadə (1859-1926) və
b. kimi ədiblər olmuşlar. Xalqın
avamlıqdan, cahillikdən, mövhumatçılıqdan
qurtulması üçün mübarizə aparan mollanəsrəddinçilər
həm də "ağsaqqalları" Mirzə Cəlilin ətrafında
cəm olmuşdular. Cəlil Məmmədquluzadənin
ilk məqalələri hələ "Molla Nəsrəddin"
jurnalı fəaliyyətə başlamamışdan əvvəl
ərsəyə gəlmişdi. 1905-ci ildən
etibarən "Şərqi-rus" qəzeti ilə əməkdaşlıq
ədibin publisistik yaradıcılığının ilk təməli
hesab edilə bilər. "Molla Nəsrəddin"
jurnalı həm şimali Azərbaycanın, həm də cənubi
Azərbaycanın mətbu orqanı olmaqla ədəbiyyatımızın
vahid şəkildə inkişafında körpü rolu oynaya
bilmişdir. Jurnalın adını
daşıdığı folklor qəhrəmanımız necə
ki, bir gözü ilə gülüb, bir gözü ilə
ağlayırdı, mollanəsrəddinçilər də
baş verənlərə gülür, güldükcə
düşündürür, düşündürdükcə
ağladırdı. Cəlil Məmmədquluzadə
adı çəkilən jurnalın yaradıcısı
olmaqla bərabər həmin jurnaldakı fəaliyyəti ilə
mətbuat tariximizdə satirik publisistikanın banisi olmaq
titulunu da qazanmış oldu. "Molla Nəsrəddinin"
müxtəlif saylarında ədibin ümumilikdə felyetonları
və publisistik məqalələri çap olunmuşdur.
Ədibin publisistikası məzmun və forma baxımından
rəngarəngdir: məktublar, felyetonlar, məqalələr və
s. Bu əsərlərdə ifadə edilən fikir və mətləblər,
ideyalar sənətkarın bədii nəsrində və dram əsərlərində
olduğu kimi zamanın ən aktual problemləri ilə səsləşir.
Sənətkarın Azərbaycan xalqının
milli oyanışına dair düşüncələrini ifadə
edir.
Akademik
İ.Həbibbəyli "Molla Nəsrəddin"
jurnalında Cəlil Məmmədquluzadənin fəaliyyətini
aşağıdakı kimi mərhələlərə
ayırır:
-
1906-1914-cü illər - Tiflis mərhələsi
- 1917-ci il - Milli Demokratik Cümhuriyyət ərəfəsi
dövrü
- 1921-ci il - Cənubi Azərbaycan mərhələsi
-
1922-1931-ci illər - Sovet hakimiyyəti illəri
Başlanğıc
mərhələdə Cəlil Məmmədquluzadənin iti qələmindən
çıxmış "Sizi deyib gəlmişəm",
"Qəbirdən məktub", "Molla Nəsrəddin"in
cavabı", "Necə qan ağlamasın...",
"Baş", "Misyonerlər", "Erməni və
müsəlman övrətləri", "Mikroblar" və
s. kimi məqalə və felyetonlarda ədibin püxtələşmiş
satirik publisistikası özünü göstərir. Bu məqalə
və felyetonları bəzəyən şəkillər və
karikaturalar savadsız və ya az savadlı
təbəqənin də diqqətini cəlb etməyə səbəb
olurdu. Bu mətbu orqan vasitəsilə ədib Azərbaycanda
satirik qrafikanın və karikaturanın əsasını
qoymuşdur. Ümumilikdə, jurnal ədəbiyyatımızda
və mətbuat tariximizdə ilk nümunələrinə rast
gəldiyimiz satirik publisistikanın, satirik hekayənin,
felyetonun, satirik marşın, bəhri-təvilin və s. əsasını
qoymuşdur.
Cəlil Məmmədquluzadə satirik realizmin
bayraqdarı idi. O, daha çox problemlərin həllini göydə və
xəyallarda deyil, real həyatda axtarırdı. O, problemin həlli
üçün xalqın içinə girir, xalqın dili ilə
danışır, xalqın düşdüyü bəlaları
güzgü kimi açıb göstərir. Müxtəlif
insan taleləri baxımından zəngin obrazlar ordusu yaradan sənətkar
həmin obrazların real həyat insanları olduğunu
dolğun şəkildə göstərə bilmişdir.
Yazıçının aşağıdakı fikirləri ədibin
qələm əhlinə realist ədəbiyyata
çağırışını ifadə edir: "Biz bir
yazıçı millətik, bizə yağ və pendirdən,
süd və qaymaqdan əfzəl dünyanı yaxşıca
tanımaq, təcübə görmək lazımdır. Yəni
müxtəsər: bizim yazıçılıq karxanasına
həmişə xammal lazımdır ki, karxanamız işləsin,
bikar qalmasın".
"Anamın kitabı" və "Dəli
yığıncağı" pyeslərində ana dili
probleminə necə həssas yanaşmışdısa, bu həssaslıq
özünü publisistik əsərlərdə də bariz
şəkildə göstərmişdir. Bu baxımdan
"Meymunlar" felyetonu diqqəti cəlb edir. "Gedirsən bir rəfiqin qapısını
döyürsən. Bir balaca qız
çıxır. Soruşursan: ağa evdə? Qız "Papa!" deyə-deyə qaçıb
atasını çağırır. Girirsən içəri
və qızın kefini soruşub deyirsən: "Maşallah,
Münəvvər xanım, nə yekə qız olmusan?" Görürsən qız qaş-qabağın
saldı. Sonra məlum olur ki, qıza gərək
"Varya" deyəydin...
Xalqımızın milli ictimai fikrində özünəməxsus
yeri olan Cəlil Məmmədquluzadəni Mirzə İbrahimov
"böyük demokrat" adlandırmışdır. Ədibin
demokratik görüşləri dövrünün milli
azadlıq mücahidlərinin fikirləri ilə üst-üstə
düşürdü. Demokratik cümhuriyyətin
yaranmasından bir il əvvəl
yazdığı "Cümhuriyyət" məqaləsi ilə
ədib uzaqgörənliyini bir daha sübut etmişdir. Bu məqalədə
irəli sürülən idarəçilik üsulu çox
yox, məqalədən bir il sonra Azərbaycan
Demokratik Cümhuriyyətinin idaretmə üsulunu xarakterizə
edirdi. Bu isə ədibin demokratik cümhuriyyətə
verdiyi ən böyük töhvə sayıla bilər. "Cümhuriyyət" məqaləsi Cəlil Məmmədquluzadə
demokratizminin nizamnaməsidir (İsa Həbibbəyli). "Məmləkət müəyyən qanunlar
gücü ilə idarə olunur. O qanunları yazan və
təsdiq edən millətin məbusları, yəni vəkilləridir.
Məmləkətin rəisinə prezident
deyilir. Prezidenti ya millət özü
seçir, ya parlaman, yəni millət vəkilləri
seçir. Prezident məmləkəti idarə etməyə
özünə köməkçi hesabına vəzirlər
təyin edir..."
XX əsr Azərbaycan ictimai bədii fikrinin parlaq
simalarından olan Cəlil Məmmədquluzadə çoxcəhətli
fəaliyyəti ilə Azərbaycan ədəbiyyatında tənqidi
realizmi yeni və satirik istiqamətli bir mərhələyə
çatdırdı.
Novator sənətkarın yaradıcılığı,
klassik sənət əsərləri ilə yanaşı duran
bədii nəsri mövzu-ideya, poetik forma etibarilə kamil sənətkarlıq
nümunələridir. Ədibin milli şüurun oyanmasına
ciddi təsir göstərən yaradıcılığı
bədii nəsrində də müəllif qayəsinin, sənətkarın
estetik idealının, fəaliyyətinin təcəssümüdür.
Təbiidir
ki, ideya nə qədər ali, nə qədər
mütərəqqi olsa da, xalq dilinə, ruhuna yaxın forma və
məzmun vəhdətində cilalanmasa nə bəyənilə,
nə də istənilən şəkildə qavranıla bilər.
Cəlil Məmmədquluzadə sənətkarlığının
ümumi qayəsi də məzmun və formanın poetik
baxımından yetkin inkişaf səviyyəsi, ifadə
üslubunda zəngin bədii ifadə vasitələri
sisteminin bütövlüyü və rəngarəngliyi ilə
şərtlənir.
Müasir dövrdə Cəlil Məmmədquluzadənin
bədii irsi müxtəlif dillərə tərcümə
olunur.
Ədibin ayrı-ayrı hekayələri rus, ingilis,
fransız, ərəb, gürcü, özbək, Ukrayna, tacik
və s. dillərə tərcümə edilmişdir. Cəlil Məmmədquluzadə haqqında xarici
ölkələrdə bir neçə kitab çap
olunmuşdur. Ədəbiyyatşünas alimlərdən
Abbas Zamanovun İranda fars dilində,
İsa Həbibbəylinin Türkiyədə türk dilində,
Moskvada rus dilində çap olunmuş kitabları bu sahədə
görülmüş işlərin
başlanğıcıdır. Bununla bərabər,
böyük ədib haqqında Avropa ölkələrində
müxtəlif dillərdə kitabların çap
olunmasına ehtiyac var. Son dövrlərdə Cəlil Məmmədquluzadənin
əsərlərinin Macarıstanda çap olunması bu sahədə
ehtiyacın tezliklə təmin ediləcəyinə ümidləri
artırır.
Ümumilikdə, Cəlil Məmmədquluzadənin
yaradıcılığında toxunduğu mətləblərin
bir çoxu günümüzdə də aktualdır. Bu baxımdan ədib
nəinki öz dövrünün, həm də müasir
dövrümüzün azərbaycanlısıdır. Cəlil Məmmədquluzadənin milli-mənəvi
oyanış, tərəqqi və dirçəliş, milli
istiqlal, vətənçilik məsələlərinə həsr
edilən, həmişə də müasir səslənən
ölməz bədii publisist əsərləri Azərbaycanda
hazırkı milli və müstəqil dövlət
quruculuğuna uğurla xidmət edir.
Elxan NƏCƏFOV
Azərbaycan
Milli Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun dissertantı
525-ci qəzet.- 2018.- 2 mart.- S.6.