Kino tablosunda həyatın İran rəngləri

 

İran kinosunun dünyada məşhurluğu get-gedə artır. Nə gözəl ki, bir neçə gün boyunca Bakıda əsən İran kinosu rüzgarından biz də öz nəsibimizi ala bildik.

Söhbət Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə fevralın 23-dən 27-nə kimi keçirilən İran kinosu günlərindən gedir. Fevralın 23-də Nizami Kino Mərkəzində baş tutan açılış mərasiminə ölkə rəsmiləri, ictimaiyyət nümayəndələri, media əhli və kinosevərlər qatılmışdı. Dünya kino sənətinin incilərindən sayılan İran kinosunun Bakıya gəlişi hər kəsi sevindirmişdi. Bəlkə də buna görədir ki, dörd gün müddətində Nizami Kino Mərkəzində nümayiş olunan "Cangüdən", "Xəyalın şirin tamı", "Divanə top", "Ayaqqabım hanı?" bədii filmləri azərbaycanlı kinosevərlərin böyük diqqətinə və marağına səbəb oldu. Dörd gün boyunca pulsuz yayımlanan filmlərə olan axın əslində sənətə verilən qiymət idi.

 

"Divanə top"

 

Şahmat - ağıl, strategiya, taktika, müşahidə və hiyləgərlik oyunu... Şahmatda yalnız öz "sahə"nə, öz oyun fiqurlarına deyil, həm də rəqibinin gözlərinə, əllərinə, mimikasına, fiqurlarının düzülüşünə, yəni bütünlükdə onun "sahəsi"nə də nəzarət etməlisən. Hər an bir həmlə, hər an bir yanıltma gözləməlisən.

Həyat da bir növ şahmat oyunu deyilmi ki?! Biz isə bəzən oyunun yaradıcısı, bəzən iştirakçısı olur, bəzən isə hadisələrə müdafilə edə bilmir, sadəcə fiqurların vəzifəsini yerinə yetiririk.

İran kinosu günlərində nümayiş olunan filmlərdən biri "Divanə top" dedektiv, macəra janrında çəkilib. 2015-ci il İran istehsalı olan filmdə həyatları oyuna çevrilmiş bir neçə gəncdən bəhs olunur. Filmin rejissoru Əbülhəsən Davudi, ssenari müəllifi Məmmədrza Gövhəridir.

Ekran işi internet vasitəsilə tanış olub görüşən bir neçə cavan barədədir. Sosial şəbəkədə atasız, anasızların qrupunda tanış olub özləri kimi yetim uşaqlara dəstək üçün görüşən gənclər həmin gün qorxulu bir oyuna da başlamış olurlar.

Firuz və Məsud öncədən dostdurlar. Birinin atası, o birinin də anası yoxdur. Maddi cəhətdən yoxsulluq çəkən dostlar Məsudun dəvəti ilə qatıldıqları görüşdə Kave Nəcmi adlı oğlanın vasitəsilə Mandana, Qazəl və Şükufə adlı yetim, amma varlı qızlarla tanış olurlar. İçlərində ən zəngini isə Mandanadır. Bu qız həm də narkomandır. Bütün hadisə də onun narkotika ehtiyacını təmin etmək üçün gənclərin yola çıxmasından başlayır.

Əslində, bu gənclərin hər birinin ayrılıqda öz problemləri, öz dərdləri var. Ancaq bunlardan heç kimin, bir-birlərinin belə, xəbərləri yoxdur. Həqiqətlər isə hadisələr irəlilədikcə gün üzünə çıxacaq.

Öz yoxsulluğu ucbatından varlılara düşmən kəsilən insanlar da var həyatda. Sanki onun maddi korluq çəkməsinə tək səbəb həmin insanlarmış kimi həmişə onlardan qisas almaq eşqi ilə yaşayarlar. Bunu açıq-aydın etiraf etməyə isə heç zaman cürətləri çatmaz. Məsələ o deyil ki, o insanlar varlıdırlar, onu əzə, ya da başına hansısa hadisə gətirə bilərlər deyə qorxur. Yox! Məsələ odur ki, bu cür insanlar üzdə özünü onların dostu kimi göstərərək lazım olduqca onlardan istifadə edər, ilk fürsətdə isə onu vurub nəyinəsə sahib olmağa çalışarlar.

Bütün hadisələri başladan Məsud da belə insanlardandır. O, əslində, Mandana və onun ətrafına nifrət edir. Çünki onlar zəngindirlər, çünki bütün şəhərdəki ən bahalı telefon, ən yaxşı maşın Mandanadadır. Bəs Məsud kimdir? Məsud iki illik əsgərlikdən qorxan, ən böyük arzusu saxta hərbi bilet alıb əsgərlikdən can qurtarmaq olan, amma bu saxta bileti düzəltdirməyə pul tapmayan gəncdir. Həmin gecə isə əlinə yatsa yuxusuna da girməyəcək bir fürsət düşür. O, həm Mandana kimi özünübəyənmiş zənginlərdən qisas ala, həm Mandananın hamını heyran qoyan telefonuna sahiblənə, həm də hərbi bilet üçün pul tapa bilər. Bu şəraiti isə ona elə Mandananın özü yaradır.

Qızın düşüncəsizcə təklif etdiyi mərc Məsudun özünü qatil, gəncləri isə onu buna məcbur qoyan, ona şərait yaradan günahkarlar kimi göstərməsinə səbəb olur. Və gənclərin bir-birinə qarşı oyunu başlayır. Onlar özləri də bilmədən bu oyunlarda gah oyunun yaradıcısı, gah iştirakçısı, gah da fiqurları olurlar.

Həmin gənclərdən biri - Firuzun dilindən danışılan filmin mərkəzində zəngin və narkoman qız Mandana dayanır. Şəhərin ən varlı insanlarından olan bu qız haqqında bilinən tək şey valideynlərinin ölməyi və onlardan böyük miras qaldığıdır. Qıraqdan sərt, eqoist, lovğa təsir bağışlayan Mandana əslində nəticəsi nə olur olsun etdiyi günahın arxasında mərd-mərdanə dayanmağı bacaran, hətta onun səhvi nəticəsində yaranan cinayəti özü etməsə belə, öz üzərinə götürəcək cəsarətdə bir qızdır. Filmdə solğun izlərlə keçən məhəbbət xətti də elə qızın bu xüsusiyyətinin ortaya çıxması ilə başlayır. Dostu kimi Mandanadan zəhləsi gedən Firuz iki gün ərzində onun əslində göründüyündən tamam başqa insan olduğunu kəşf edir. Onun günahını açıq şəkildə etiraf etməsi, çəkdiyi vicdan əzabı, qorxmazlığı və daxili gücü oğlanın ürəyində bu gənc qıza qarşı məhəbbət oyatmağa başlayır. Firuzun məhəbbətinə həm də mərhəmət əlavə olunur. Mandananın əsl taleyini öyrənən Firuz onun haqqında nə qədər yanıldıqlarının da fərqinə varır. Belə ki, əslində qızın atası ölüb, anası isə sağdır, Mandananın atasının ölümündən sonra ayağını belə basmadığı böyük villada tək yaşayır. Mandana anasına nifrət edir, özünün bugünkü taleyi və atasının ölümünə görə onu günahlandırır. Onun anası ilə dialoqundan məlum olur ki, anası gəncliyində heç də normal həyat tərzi keçirməyib. Hətta evinin gizli yolunu bilən kişilər Mandana yatdıqdan sonra evə gəlirmişlər. Günlərin bir günü öz otağında yatan qız anasının öyrətdiyi gizli yolla evə daxil olan "dost"larından biri tərəfindən təcavüzə uğrayır. Bununla da gənc qızın bütün həyatı qaralır və o, qaçışı narkotikdə görür.

Tənnaz Təbatıbayi, Bijən Tabatəbayi, Gövhər Xeyrəndiş, Sabir Əbr, Nazənin Bəyati kimi aktyorların rol aldığı film həyatın və insanların qəribəlikləri haqqında çəkilmiş ən gözəl filmlərdən biri hesab oluna bilər. Həqiqi həyatın maketi olan ekran əsərində də insanlar öz mənfəətləri ucbatından dost dedikləri insanları bir göz qırpımında satır, onlara "badalaq" vurur, arxasınca oyunlar qura bilirlər. Rejissor filmdəki həyatiliyi saxlayaraq tamaşaçıda hadisələrin reallığına hansısa bir şübhə yaranmasına izn vermir. Tamaşaçı biixtiyar filmi özünün, ətrafındakıların həyatı ilə müqayisə edir. Öz-özünə "mən olsaydım nə edərdim?!" sualını verir. Bu sualın cavabı isə hər kəsin içində var olan vicdan adlandırdığımız o hisslə özü arasındakı böyük sirridir.

Nümayiş olunduğu ilk vaxtlardan tamaşaçıların və kinoşünasların marağına səbəb olan "Divanə top" filmi otuz üçüncü beynəlxalq Fəcr festivalında Büllur Simurğ mükafatına layiq görülüb.

 

"Ayaqqabım hanı?"

 

Düşünün ki, səkkiz yaşınız olanda valideynləriniz ayrılıb, ananız sizi də götürüb atanızdan yüzlərlə, minlərlə kilometr uzaqdakı yad bir ölkəyə köçüb. Ananızın atanız üçün ağladığı, darıxdığı, ümidlə geri dönəcəyi günü gözlədiyi, tez-tez məktublar yazıb heç birinə cavab ala bilmədiyi bir zamanda atanızın toy şəkli gəlir və deyirlər ki, atan başqa bir qadınla evlənib, sizi unudub. Nə edərdiniz?

Cavab verməyə tələsməyin. Davamında xəyal edin ki, bu hadisədən iyirmi il keçib və bir gün sizə sosial şəbəkədən tapdığınız qohumunuz sizə və ananıza bütün bunları yaşadan kişinin - atanızın Altsheymer xəstəsi olduğunu, səhhətinin gündən günə pisləşdiyini xəbər verir və siz onu görmək üçün uşaqlığınızın şəhərinə qayıdırsınız. Buraya qayıdanda isə iyirmi il öncə sizə verilən bütün xəbərlərin yalan, gerçəyin isə tamam fərqli olduğunu öyrənirsiniz. Nə hiss edərdiniz? Necə hərəkət edərdiniz?

Siz bu sual ətrafında düşünün, mənsə sizə bu taleyin qəhrəmanlarından biri- gənc Bita haqqında danışım...

 

Bitanın səkkiz yaşı olanda bir-birini sonsuz məhəbbətlə sevən valideynləri Həbib Kave və Pərinaz öz ailələrinin inadı üzündən ayrılmalı olurlar. Atasının təkidi ilə ondan ayrılan Həbibin onsuz qalanda mütləq peşman olacağını və onu geri çağıracağını düşünən Pərinaz qızını da götürüb Tehrandan Amerikaya gedir. Orada öz valideynlərinin yanında yaşamağa başlayır, bir işə düzəlir və çox keçmədən üstünə atılan şər ucbatından altı aylıq həbsdə qalmağa məcbur olur. Bu müddət ərzində ərindən bir xəbər gözləyən, onu xilas etməsi üçün dəfələrlə məktub yazan gənc qadının məktubları cavabsız qalır. Bir gün ona Tehrandan boşanma kağızı, başqa gün isə ərinin yad bir qadınla evləndiyini sübut edəcək toy şəkli gəlir. Beləcə qadın ərindən, sevgisindən və bir gün geri qayıtmaq ümidlərindən əl çəkib qızını böyütməklə məşğul olur.

Zavod sahibi Həbib isə burada arvadının və qızının xiffətini çəkir, dərin depressiyaya düşür. Çünki onun yazdığı məktublar da cavabsızdır. Depressiyası getdikcə güclənən adam illər içərisində yaddaşını itirməyə başlayır və bir gün evinin yolunu belə unudur.

Artıq illər sonra gənc qadın olan Bita atasının xəstəliyini eşidib işdən götürdüyü bir aylıq məzuniyyətlə Tehrana gəlir. Əmisi və əmisi qızı ilə görüşüb atasının yanına gedir. Gördükləri gənc qızı şoka salır. Heç kimi və heç nəyi xatırlamayan atası ona oğru kimi yanaşır, qışqırır, özündən kənarlaşdırır. Atasının keçmişə aid xatırladıqları isə sevdiyi qadın və balaca qızı Bitadır. Təəssüf ki, onlarla bağlı da ancaq pis hadisələr yadındadır. Bir də qızı və arvadı üçün oxuduğu mahnılar: "Sən, ey pəri, hardasan?"

 

Alsheymer xəstəliyi və mühacirlik haqqında olan "Ayaqqabım hanı?" filmi də İran kinosu günlərində nümayiş olunan filmlər arasında idi. 2016-cı ildə çəkilən filmin rejissoru Kiyumərs Purəhməd, ssenari müəllifləri Kiyumərs Purəhməd və Fərid Müstəfəvidir. Rza Kiyaniyan, Röya Nonəhali, Məcid Müzəffəri, Bəharə Kiyanəfşar və Mina Vəhidin rol aldığı ekran işi həm də fərqli bir eşq hekayəsidir. Həbiblə Pərinazın illərin sınağına, dərdinə, ayrılığına, aradakı məsafələrə meydan oxuyan eşqi Altsheymer xəstəliyinə belə qalib gəlməyi bacarır.

Ərinin əslində günahsız olduğunu, başlarına gətirilənlərin hər ikisinin ailəsinin günahı olduğunu öyrənən Pərinaz daha Amerikada qala bilmir. Bitanın Amerikaya dönməyəcəyini, atasına baxıb, ona qulluq etməkdə qərarlı olduğunu görən qadın özü Tehranın yolunu tutur və geri qayıdır. Burada qarşılaşdıqlarından sonra artıq o da bilir ərinin heç zaman ona xəyanət etmədiyini, yalnız onun və qızının həsrətilə yaşadığını, dərdindən, əzabından Altsheymer xəstəsi olduğunu. Həm də sevir axı... İllər keçməsinə baxmayaraq, qadın hələ də Həbibi sevir. Heç kimi tanımayan, kimsəni yaxınına buraxmayan Həbib onu görən kimi tanıyır, bu dəfə də getdiyini xatırlamır, arvadına sanki elə bu dəqiqə onu qonaq otağında qoyub mətbəxə keçibmiş kimi davranır.

Bu, başdan-başa eşq filmidir. Burada qadınla kişinin bir-birinə, valideynlərin övlada olan eşqi tamaşaçını riqqətə gətirir. İnsan eşqin həyatla, doğmalarla, sonda isə bu cür ağır bir xəstəliklə savaşa çıxan cəsarətinə heyrət etməyə bilmir. Nə yazıq ki, çox zaman həyatda olduğu kimi filmdə də insana ən böyük zərbə ən yaxınlarından dəyir. Həbibin və Pərinazın valideynləri qəribə bir hərislik ucbatından öz canlarından qopan övladlarının həyatlarının puç olmasına zəmin yaradırlar.

Filmin sonunda isə Həbibə qulluq etmək üçün yanında qalan Pərinaz sevgisinin onu sağaldacağına əmindir: "Mən tibb elminin Altsheymer xəstəliyi haqqında dediklərinə hörmət edirəm. Amma qoy Altsheymer öz bildiyini eləsin, mən də öz bildiyimi".

"Ayaqqabım hanı?" filmi həm mövzusu, həm ssenarisi, həm də peşəkar rejissor və aktyor işinə görə otuz dördüncü beynəlxalq Fəcr festivalında ən yaxşı film kimi birinci yerə layiq görülüb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 2 mart.- S.7.