Nəriman Nərimanovun komisyonu

 

Azərbaycan prezidenti 2018-ci ili - Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir

Şirməmməd HÜSEYNOV

 

 

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

NƏRİMAN NƏRİMANOVUN KOMİSYONU

 

Rus bolşeviklərinin Azərbaycanı hənuz istila eylədikləri günlərdəydi. Nəriman Nərimanov Qızıl Ordunun kəndisinə qarşı icra eylədigi, qayət mütəntən bir istiqbal nəşəsi ilə daha sərməst idi. Kəndisinin böylə milliyyət və din düşməni rus əli ilə təxtnişin (taxda oturan hökmdar) olduğunu xalq nəzərində təbriə (ifadə etmək) üçün söylədigi bir nitqində vəd ediyordu ki:

 

“Bolşeviklərcə milliyyət keçici bir dövrdür. Millətpərvərlik tərvic edilməz (rəvac verməz). Ona yalnız təhəmmül (dözmək) olunur. Bir millət kəndisini tanımaya və sevməyə degil, milliyyət sevgisi xəstəliyini çabuq keçirməyə və hissiyyati-milliyyəyi inhilal (bir-birindən ayırmayı) etdirməyə müvəzzəfdir (borcludur).

 

Camaat, biz komisyon intixab eylədik, bu komisyon sabiq hökumətin işlərini təhqiq ediyor. Təhqiqat yaxında qurtaracaq: nəticəsini qəzetələrlə elan edəcəgiz, o zaman görəcəksiniz ki, nə kibi xainlər sizləri idarə ediyormuş!”

 

Günlər, həftələr, aylar, hətta illər keçdi. Nərimanın komisyonu sabiq hökumətin xəyanətini isbat edəcək bir vəsiqə bulamadı.

 

Vəsiqə yoxsa da iddia mövcud idi. Müsavatçılar şübhəsiz xain idilər, hər gün iddia olunuyordu. Hala da iddia olunuyor, fəqət bu iddianın şahidi kim, sübutu nə?

 

Qızıl rus imperyalistlərinin bu xüsusdakı əli boşluqlarını qara rus imperyalizminin mütəəssif məfkurəçilərindən Baykov təlafi eyləmişdir.

 

Baykov, məşhur Rus Nasyonal-Demokrat firqəsinə mənsub advokatlardandır. O firqəyə mənsubdur ki, rəisi Milyukovdur. O Milyukov ki, komunistlər oktyabr ixtilalının müqəddəməsi olmaq üzrə onun hökuməti-müvəqqətədə işğal elədigi xariciyyə nəzarətindən tərdini tələb ediyorlardı. O Milyukov ki, çarizmin xarici siyasətini bilxassə Türkiyə və Stanbul haqqındakı planlarını tamamilə təsdiq və təqib ediyordu.

 

Bu türk düşməni müsəlman əleyhdarı Baykov, sənələrdən bəri Bakıda yaşayıb orada advokatlıq edərdi. Mavərayi-Qafqasiyanın rus əlində olması, Bakının bir rus vilayət mərkəzi halında bulunması onun kibi kiçik adamların cövlanına müsaidə ediyor, vilayətin məşhur bir adamı olmalarına imkan veriyordu. Halbuki Mavərayi-Qafqazın Rusiyadan ayrılması, Azərbaycan Cümhuriyyətinin istiqlalı, rus imperyalizminin mübəşşiri bulunan bu kibi zəvata heç də xoş gəlmiyordu. Çünki hakim millətin mümtaz bir fərdi ikən ələladə bir vətəndaş dərəcəsinə düşmək şöven ruhlarına giran gəldigi kibi Rusya vilayətlərindəki birincilikləri Azərbaycan paytaxtındakı ikinciliyə enmək üzündən keyfləri də mütəzərrər oluyordu. Buna qızıyor, küfr ediyor, dünki məhkum “tatarvanın” bu gün kəndisinə təhəkküm etməsini çəkəmiyordu. Bütün bunlara əlavə olaraq onun xüsusi bir acısı da vardı. Cümhuriyyət əleyhindəki xəyanəti təhəqqüq etdigindən milli hökumət, kəndisini Azərbaycandan tərd və əmlakını da həcz (müsadirə) eyləmişdi.

 

İştə bütün bu acıların öcünü almaq üçün məhud (aşna) Baykov, Mavərayi-Qafqaza aid rusca bir xatirə nəşr eyləmişdir. Rusca nəşr eylədigi bu xatirəsində Baykov yeddi dərənin suyunu bir araya toplayaraq isbat etmək istəmişdir ki, “Azərbaycan istiqlala layiq degildir. Azərbaycan köylüsü Rusiyadan başqa bir hökuməti arzu etmiyor; Azərbaycan hökuməti xalqın arzusu xilafına olaraq bir taqım macərapərəstlər tərəfindən yalnız kəndi iqbal və mənfəətlərini təmin üçün təsis olunmuşdu, bu hökuməti idarə edən “Müsavat” firqəsi, başda bir-iki yüz macərapərəst ilə aşağıda hər növi əmr və nüfuza koru-koruna tabe olmaqdan başqa bir şey bilməyən Azərbaycan köylüsündən ibarətdir. Azərbaycan ricalının istiqlalpərvərligi böyük Rusiya miqyasında rol oynayacaq bir iqtidara malik olmayıb kiçik Azərbaycan miqyasında isə iqbalpərəstlik edəcəkləri saiqə ilə əmələ gəlmişdir”.

 

İştə qara rus şovinistinin böhtan, yalan və ədavətdən ibarət zəhərli səhifələri yuxarıdakı ana fikirləri “isbat” etdigi üçün bolşeviklərin işinə gəlmiş, mal bulmuş məğribi kibi, istifadəsini unutmamışlardır.

 

Nə yapsınlar əllərindəki övraq və vəsaiti tədqiq üçün intixab eylədikləri komisyon milliyyətpərvərlərin xəyanətini isbata yarar bir şey bulamadı, heç olmazsa Baykovdan faydalansınlar.

 

Bakıda müntəşir “Komunist” qəzetəsi də öylə yapmışdır. Böyük hərflərlə qəzetənin səkiz sütununu işğal edən bir fəqərənin başına “Müsavat” hökumətini idarə edənlər kimlər imişlər? - deyə Baykovun məhud kitabından iqtibaslarda bulunmuşdur.

 

Kitabın milliyyətpərvərlər əleyhinə istişhad (şahiddurma) eylədikləri bu adam vaxtilə əllərinə düşsə idi şübhəsiz ki, “proletaryat” düşməni deyə qurşuna düzərlər idi. Fəqət şimdi bu adamın “Azərbaycanın Rusiyadan ayrılmağa haqqı yoxdur, istiqlal davasında bulunan münəvvərlərin macərapərəst adamlardan ibarətdir” müddəasını “isbat edən” kitabı pək mühüm bir “Vəsiqə” kibi istifadə olunuyor.

 

Əvət, Azərbaycan, istiqlalının rəsmən dəxi ilğa olunduğu bu günlərdə “bu istiqlalın zatən mövcud olmayıb xalqın da bizzat bu istiqlalı istəmədigini” iddia edən nə qədər xuliqan varsa bolşeviklərin dostu onların mütəmadi, işlərinə yarar şahidlərdir.

 

Qızıl imperyalizm rus imperyalizminin əsaslarına sadiq qaldıqca kəndisinə lazım olan şahidləri qara imperyalizmin məfkurəçiləri arasından da ala bilir.

 

Qara Baykovun bayquş nühusəti (nəhsliyi) ilə ötən mənfur səsi Azərbaycan istiqlal binasını zülümkar əllərilə təxrib edən qızıl komunistlərin qulağına pək munis gəliyor. Qara rus imperyalizminin dərdi ilə tərənnüm edən musiqi, qızıl rus imperyalizminin simasını oxşuyor. Öylə ya:

 

“Aşina danət səda-yi aşina!” (Dost dostu səsindən tanır)

 

Azəri

“Yeni Qafqasya”, dekabr 1923, ¹5

 

CAHAN HƏRBİNİN TƏSİRİ

 

Hərbi-ümumi milli vəhdətlərini təkmil ilə cahan kəndi nüfuz və istilaları altına almaq istəyən böyük Avropa millətlərinin iqtisadi və siyasi mübarizəsindən çıxmış, heyəti-ümumiyyəsi ilə iki böyük və dəhşətli dövlətlər zümrəsi təşkil edən bu qüvvələrin toqquşmasından doğan hadisələr, əskidən bəri hürriyyət və istiqlal kəsbinə amədə məhkum millətlərə xilas gününün yaxınlaşmaq üzrə olduğu haqqında böyük ümidlər vermişdi. Hərbi-ümumiyə girən dövlətlərin nihayi zəfəri yalnız bizzat haiz olduqları maddi və mənəvi qüvvətlərindən degil, bir qədər də idarə və əsarətləri altında buldurduqları məhkum dövlətlərin şu və bu yolda vəziyyət almalarından asılı idi. Bu zərurəti hiss edən dövlətlər məfkurəvi mübarizələrinə milliyyət düsturlarını vəz eyləmiş və bu düsturdan əzəmi surətdə istifadə etmək üçün tərəfeyn bütün məharətini sərf etmişdi.

 

Daha hərb başlar başlamaz, tərəfeyndən hankısı qalib gəlirsə gəlsin, məsələ Lehistanın (Polşanın) kəsbi-hürriyyət və istiqlal edəcəginə bir qənaət gəlmişdi. Çünki bu prinsip həm ittifaq, həm ixtilaf zümrəsinə mənsub dövlətlər tərəfindən müsbət bir surətdə elan edilib verilmişdi.

 

Çar Rusiyası belə elani-hərbi mütəaqib Lehistana muxtariyyəti-idarə veriləcəgini elan ediyordu. Məşhur sözdür, deyərlər ki, Almaniyanı yıxan qüvvət Verden müdafiələrindən ziyadə Vilsonun məşhur prinsipləri olmuşdur. Vilson prinsipləri miyanında yer bulan milliyyət məsələsinin surəti-həllinə aid olan maddə, Amerika Rəisi-Cümhuri tərəfindən düşünülməmiş, biləks Avropa əfkarı-ümumiyyəsində bilxassə yer etmiş bulunan ümdə Vilson prinsiplərinə bir aynaya əks edər kibi əks etmişdi. 14 maddəsi ilə adəta yeni zaman peyğəmbəri şan və şöhrətilə bir zaman kürreyi-ərz üzərindəki bağrı yanıq bütün millətlərin ümidgahını təşkil edən Vilson, bütün bir hörmət və təzimatı zamanın ən böyük həqiqətini təşkil edən bir şüarı, Amerika dövləti kibi əzəmi bir dövlətin ən məsul adamı sifətilə elan etməsinə mədyundu (minnətdardı).

 

Hərb bitdi Versal sülhü əqd edildi. Millətlər Cəmiyyəti təşəkkül etdi. Gözümüzün önündəki tətbiqat ilə Vilson prinsiplərindəki nəzəriyyat arasında fərq çoxdur. Bu fərqi ən əvvəl qeyd edən Vilsonun kəndi məmləkəti oldu. Amerika, Versal sülhü ilə səlaha degil, yeni fəsada atılan Avropa işlərinə qarışmaq istəmədi, nə Versal sülhünü təsdiq etdi, nə də Millətlər Cəmiyyətinə girdi.

 

Versal sülhünü nə qədər tənqid etsək, Millətlər Cəmiyyətini nə qədər naqis bulsaq da Avropa hərbinin nəticəsində, Avropada milliyyət məsələsinin şu və ya bu şəkildə olsun həll edilmiş olduğunu təqdir etməliyiz. Avropa hərbi Avropadakı qeyri milli dövlətlərin, müxtəlif millətlərdən mütəşəkkil imperatorluqların zavalı ilə nəticə-pəzir oldu. Avstriya parçalandı, deyəlim ki məğlub oldu. Rusiya da parçalandı. Onu da növ ümumə məğlub görəlim. Məsələyi bununla izah edəlim. Almaniyaya nə deyərsiniz?! Qaliblərin bütün qeyz və kini, ən müdhiş və mühlix zərbələri ona mütəveccih ikən və zəfər səmərələrini iqtitaf (faydalanmaq) işində başçılıq edən fransız şovenlərinin bütün himməti onu parçalanmağa məsruf ikən Almaniya parçalanmadı, biləks Avstriya Almaniyası ilə birləşməsi pək möhtəməl!..

 

Müharibədən əvvəlki Avropa xəritəsi ilə müharibədən sonrakı Avropa xəritəsinə diqqət edilirsə, mövcud bəzi haqsızlıqlarla bərabər, milliyyət məsələsinin bu qitədə surəti-ümumiyyədə həll edilmiş olduğu görülür.

 

Sıra Şərqindir

 

Milliyyət məsələsi Avropada həll edilmişsə də, bütün dünyada daha həll edilməmişdir. Milliyyət davasının Fransa və Amerika ixtilallarındakı bəşəri fikirlərdən istifadə etdigi yuxarıdan bəri təfsil etdigimiz vaqeələrlə sabitdir. Müstəmləkə inqilabının ən böyük mürşidi bulunan Müttəhid Amerika Cümhuriyyətinin qəh-rəman müəssisi Vaşinqton, nitqlərinin birində “Biz hürriyyət və birlik toxumunu saçdıq, bu toxum bütün dünyada çiçəklənəcək. Bir gün gəlir ki, Müttəhid Amerika hökumətlərinə nəzir (bənzər, misal, tay) olaraq Müttəhid Avropa təəssüs edər və Amerika hökumətləri bütün cahana örnək olur!”

 

Vaşinqtonun bu sözlərindəki məna, bədə kəndisindən bəhs etdigimiz rəis Monronun məşhur bəyannaməsində yer verilmiş, nəhayət bu “tezis” Rəis Vaşinqtonun nitq və bəyannamələrində tərvic edilmişdir.

 

Vilsona görə Amerika ənəneyi-siyasiyyəsini təşkil edən əsas ikidir.

 

Xaricən hər millətin kəndi müqəddəratını həllə səlahiyyətdar olması və daxilən də vətəndaşların tabe olduqları hökuməti bizzat təyin etmələri. Birinci məbdə (prinsip) beynəlmiləl münasibətdə hürriyyətən, dövlətin millətləri mexanik qüvvətlə istiladan imtinanından, 2-ci məbdə də məmləkət daxilində demokrasi rejiminin təsisindən ibarətdir.

 

“Bən təklif ediyorum ki, - Vilson diyor - bütün millətlər (dövlətlər) digər bir milləti kəndisinə tabe olmaq üçün təzyiq və icbar etməsin, hər millət öz idarəsini bizzat kəndisi təyin eyləsin və təkilf ediyoram ki, tabelər mətbuları bulunan idarənin şəkil və mahiyyətini bizzat kəndiləri təyin eyləsinlər”.

 

Vaşinqton bütün cahandan bəhs edərkən Avropanın Amerikaya bənzəyəcəyini söyləmiş və bununla iktifa eyləmişdir. Vaşinqton proqramını tərvic edən Monro və Vilson kibi rəislər fikirlərini bütün cahanı ehtiva edər bir şəkildə ifadə etməklə bərabər tətbiqatda yalnız Amerika və Avropa sahəsi ilə iktifa eyləmişlərdir. Avropadakı ən radikal və sosyalist cərəyanlar belə ələmşümul mülahizə və projelərində Avropa və Amerika qitələrindən dışarıya qəsd etməmişlərdir. Avropadakı radikal əmələ cərəyanlarını belə, Şərqdəki hərəkat, avropalılara təəllüq edən şu və ya bu məsələyə toxunduracağı məzərrət və ya fayda nisbətində əlaqədar etmiş, hadisə o nöqtədən təqdir edilmişdir.

 

Yalnız bu hərbdən sonradır ki, “cahani-mədəniyyət” milliyyət məsələsinin sırf Amerika və Avropaya münhəsir bir məsələ olmadığını görmüş, kəndisini müəzzəm bir hərəkat qarşısında bulmuşdur.

 

Əvət, məsələyi avropalıların “eqosentrik” görüşlərindən təcrid və aləmşümul bir nəzərlə tədqiq edərsək, əsil milliyyət məsələsinin bundan sonra həll ediləcəgini hökm etməliyiz. Türk dünyasını qəbzəsində (pəncəsində, ovcunda) bulunduran qızıl bolşevizm, yalançı bütün şüarına rəğmən, milliyyət məsələsini həll etmiş degildir. Sovet federasyonunun nə kibi sentralist və milliyyət düşməni, zalım bir idarə olduğunu biliyorsunuz. Millətlər Cəmiyyətinin qaliblər arasında bulduğu yeni müstəmləkələr haqqında tətbiq etdigi sistemin, əski müstəmləkələr sistemindən şəklən fərqli olmaqla bərabər yenə müstəmləkə sistemi olduğu məlumdur. Burada dəyişən yalnız kəlmədir. Müstəmləkə yerinə “mandat” demiş (Mandat - 1) vəsiqə, 2) məğlub ölkələrin müstəmləkələrinin və ya topraqlarının bir hissəsini idarə etmək üçün vermiş Millətlər Cümhuriyyətinin qalib dövlətlərə verdigi hüquq, 3) hüquqi tapşırıq).

 

Təbiidir ki, mənliyini istihsal və tamamilə təşəkkül etmiş bir milləti, bu kibi məhdud şəkillərlə ovutmaq olmaz.

 

Şərq məmləkətlərinin, bilxassə Türk ellərinin, Avropa millətlərinin XVIII və ya XIX əsrlərdə keçirdikləri milli cidal və ixtilal dövrünə girdiklərində şübhə yoxdur. XIX əsr Avropa millətləri üçün nə iydisə XX əsr də Şərq millətləri üçün odur.

 

“Milliyyət” kəlməsilə “millət” kəlməsi arasında fərq vardır. Hürriyyət və istiqlalını kəsb etmək yolunda əzmi-israr göstərməyən bir cəmiyyət milliyyət olsa da millət degildi. Millət, istiqlalı ilə yaşamaq əzminə qərar vermiş milliy-yətdir. Türkiyənin göstərdigi xariqə Asiya İstiqlal Hərbi kibi şanlı misallar varkən Türk və Şərq millətlərinin də artıq bir millət olaraq meydana çıxdıqlarına şübhə ediləməz.

 

Şərqdə və bilxassə Türk və İslam dünyasında zühur edən milliyyət cərəyanlarnın və milli cidalların mahiyyət və həqiqətini tamamilə qavraya bilmək üçün məsələyi ayrıca tədqiq etmək lazım. Bu bəhsə başqa bir müsahibədə övdət etməyə çalışacağız. Şimdilik bu qədər söyləyə biləriz ki, Avropadakı milliyyət cərə-yanlarında təsbit edilən 3 mühüm dövrü Şərq hərəkatları pək qısa bir zamanda keçiriyorlar.

 

Avropa milliyyətpərvərligi verdigimiz təfsilatdan da seziləcəgi vəchilə, 3 dövr keçirmişdir.

 

1 - Fransa ixtilal məktəbinin təsirində bulunan rasyonalizm dövrü. Bu dövrdə milli hərəkat yalnız hüquqi-təbiiyyə nöqteyi-nəzərindən görülüyor milliyyəti müəyyən qanunlar təhdində yaşamağa qərar vermiş siyasi bir zümrə ədd ediyorlardı. Madam ki, insan hürdür, dövlət də hürr insanların muradi-ümumisinə müvafiq hürr bir müəssisə olmalıdır, deyiliyordu.

 

2 - Alman filoloji məktəbinin təsiri ilə zühur edən irqçilik dövrü (rasizm). Bu dövrdə milliyyət məbdəi (başlanğıc prinsipi) romantik bir həyəcanla müdafiə olunaraq, milliyyətin şəxslərin iradəsilə degil, irq və mənşə vəhdətindən mütəvəllid (doğulan, törəyən) olduğu iləri sürülüyordu.

 

3 - Üçüncü dövrdə bu iki nəzəriyyənin etilafından hasil olma əsri hars nəzəriyyəsi hakim oluyor ki, milliyyət eyni şərait təhdində bulunan insanlar zümrəsindən mütəvəllid cəmiyyət məhsulu ədd edəcək, irq nəzəriyyəsindəki kollektivizm şüarını ifa etməklə bərabər, milliyyəti müstəhəsiyə (məhsula) dönmüş müəssisə halında görəməz, onun tərəqqi və təkamül edən bir müəssisə olduğunu və milliyyət davasının insani demokratik prinsiplərlə müttəfiq olduğunu iddia edər.

 

Türkiyə həyati-siyasiyyəsini Şərq cərəyanlarının tipik bir misalı olaraq alırsaq, bu 3 tipik nəzəriyyənin müxtəlif zamanlarda təsir yapmış olduğunu görürüz:

 

Tənzimat, Fransız rasyonalizminin təhti-təsirində idi.

 

“İttihad və Tərəqqi” zamanındakı Türkçülük, Alman filoloji məktəbinin təsis etdigi irq nəzəriyyəsini tərvic edərdi:

 

Cümhuriyyət Türkiyəsi isə bəzi ifrat və təfritlərdən sərfi-nəzər hars nəzəriyyəsinə müstənid əsri milliyyət idealını təqib etməkdədir.

 

Bu nəzəriyyə bizi alman filoloji məktəbinin oyanmaq üzrə bulunan millətlərə romantiq bir həyəcan verdigi mühəqqəq bulunan xəlqiyyət, afiqiyyat sahəsində icra etdigi elmi tədqiqat üsulundan müstəqni etmədigi kibi, milli bir hərəkata müvəffəqiyyəti təmin edən xalqçılıq əsası ilə də sıxı-sıxıya rəbt edər. Milliyyətpərvərlik bu nəzəriyyəyə görə demokratik və inqilabi bir cərəyandır.

 

Alacağımız Dərs

 

Hala tarixi düşmənin qəhhar pəncəsindən qurtulamayan bir Azərbaycan, bir Türkistan, bir Kazan və sairə Türk qövmlərinə Avropa milliyyətpərvərlərini tədqiq nəticəsində alınacaq pək mühüm dərslər vardır.

 

İctimai mücadilə məhkum, fəqət haqqi-həyata malik siniflərə istinad edən fikri cərəyanlar, hürriyyəti hədəf ittixaz etdikləri kütlənin bütün kin və nifrətini demokrasi əleyhdarı zalım aristokrasiyə qarşı cəlb etdikləri nə qədər təbii isə, hürriyyət və istiqlalını istihdaf edən (geri istəyən) məhkum bir millətin də kəndisini əsarəti altında bulunduran qüvvətə, yabançı və müstövli (işğalçı) millətə qarşı eyni hissi-ədavət və kinlə mücəhhəz (hazırlıqlı) olması qəyət təbiidir. Bu təbii saiqəylədir ki, alman ittihadının taktığı Fransa düşmənliyi, Slav ittihadının taktığı alman və türk düşmənliyi, İtaliya ittihadının taktiki Almaniya-Avstriya düşmənliyi olmuşdur.

 

Bu təcrübəyə nəzərən bizim də proqramımız milli harsımızı tədqiq ilə türkcəmizi sevmək, milliyyətimizi anlamaq, milli xüsusiyyət və mənliyimizi elmi surətdə öyrənmək olmalıdır. Mədəni millətlər arasında tüfeyli degil, dəyərli bir üzviyyət olmağa çalışmaqla bərabər, biz milliyyətpərvərliyi irticai mənada almamalı, onun həddi-zatında demokratik və inqilabi bir cərəyan olduğunu dərk etməli, insani qayələrə milli demokratik yollardan daha səri (surətlə) gediləcəyini təqdirə qadir olmalıyız.

 

Taktikə gəlincə, Avropadakı milliyyətpərvər cərəyanlarda gördüyümüz kibi milliyyət, hürriyyət və istiqlalımızın yolu üzərində duran tarixi düşməndən tamamilə xilas olmadıqca, müqəddəs mücadilənin böyük mənfəəti naminə kəndimizdə rus əleyhdarlığı fikrini tərbiyə etməli, türklüyün əbədi düşməni müstövli (işğalçı) rusluğun, yalnız siyasi degil harsı hər türlü təsirinə dəxi amansız mücadilə elan etməliyiz.

 

Rəsulzadə Məhəmməd Emin

“Yeni Qafqasiya”, 16 nisan (aprel) 1927, ¹ 14 (M.Ə.Rəsulzadə “Yeni Qafqasiya” yazıları (1923-1927) Ankara, 2017, səh. 371-376.

 

İKİ BAXIŞ ORTASINDA

 

Təngə gəlib də köhnə hökuməti başından atan Rusiya hürriyyətpərvərləri nəzərində həlli tələb olunan mühüm bir məsələ durdu. Müharibə necə olsun? Hökuməti-müvəqqətə ta əvvəlinci günündən etibarən müharibə son imkana qədər aparılıb zəfərlə bitsin, dedi. İlk nəzərdə bu məsələ üstündə iki rəy ola bilməyəcəgi də məntiqli görülüyordu. Məmləkəti bərbad edən, dövləti eybləndirən, hökuməti yıxan bir qüvvət şübhəsiz ki, eybli sülh imza edəməzdi. Böylə bir imza azad Rusiya cəmaətinin şərəf və namusuna toxunacaqdı. Fəqət günlərə keçdikcə hürriyyət dəstəsi içində iki cərəyan mövcud olduğu meydana çıxdı: liberallar cərəyanı, sollar axıntısı. Liberalların müharibə həqqindəki əzmləri haman qədimdən bəri bildigimiz əzm idi. Hətta bu əzmi idarə üçün seçilən vəzir belə siyasəti-aləm həqqindəki müəyyən nəzəri ilə tanınmış bir zat idi. Bu “əzm”ə görə Rusiyanın mənafei daxili islahata bağlı olmaqla bərabər xaricən dəxi bəzi müvəffəqiyyətlər, bir takım qazanclar əldə etməgə bağlıdır. Halbuki sol cərəyan, Kerenski, Çxeidze və onlardan daha solda bulunan bəzi əmələ təşkilatı məsələyi başqa dürlü mütaliə ediyorlar. Onlar müharib səfləri üstündən əl uzatmaq surətilə olsa da bir an əvvəl barışmaq və nahaq qan tökməmək istiyorlar.

 

Əlbəttə, bunlar da o biriləri kibi eybli sülh əqdinə yanaşmazlar, Rusiya xəlqini “xain” mövqeində görmək istəməzlər. Fəqət eybsiz sülhün şəraitini təyində ehtimal ki, digərləri kibi müşkülpəsəndlik də etməzlər. Bu iki cərəyan arasındakı fərqin hal-hazırda nədən ibarət olduğunu kəsdirmək əldəki məlumata görə mümkün degildir. Çünki biz bu qədər bir şey biliyoruz ki, Soldat və Əmələ Vəkilləri Şurası bütün müharib dövlət əmələlərinə müraciətlə istəmişdir ki, nahaq qan tökülməsinə intəha verilsin və hər yanda cümhuriyyəti-ənam əsasının möhkəmləşdirilməsinə çalışılsın. Və təzminati-hərbiyyə ilə istiladan xali şərtlərlə sülh əqdinə çalışılsın. Böylə bir proqram liberal qisminin məramilə müvafiq gəliyormu, degilmi - burası daha bəlli degildir.

 

Fəqət bu qədər məlumdur ki, Ru-siya sollarının bu təklifi liberal qisminin, liberal mətbuatın xoşuna gəlməmişdir. Əmələ partiyası vaqe olan bu təklifi ilə xoşbavərlikdə, dost, düşmən tanımamaqda ittiham olunuyor. Zatən siyasi məsələlərdə, bilxassə xarici siyasət məsələsindəki bu iki ruhluluq inqilabdan əvvəlki Duma iclaslarında da görülüyordu. Bugünki xariciyyə vəziri Milyukov ilə bugünki ədliyyə vəziri Kerenski və bugünki fəhlə vəkilləri şurasının rəisi Çxeidze arasın-da münaqişələr vaqe oluyordu. Milyukov boğazlardan, İstanbulun lüzumundan bəhs edib durduğu zamanda Kerenski ilə Çxeidze buna “xəyalplov” namını veriyor, Rusiya demokratiyasının mənafeini burada degil, “Fransa inqilabını təqlid etməkdə” görüyorlardı.

 

Müharibəyi davam etdirmək bütün cərəyanlara mənsub Rusiya vətəndaşlarının bugünki bir sözüdür. Neçün davam etdirmək? - iştə, ixtilaflı bir məsələ. Xarici məsələdə, bilxassə müharibənin məqsəd və əncamı üstündə sezilən bu iki nəzər, daxili siyasət məsələsində də yox degildir. Daxilən cümhuriyyəti-ənam əsasını dikəldib geniş bir səlahiyyətlə demokratik bir idarə qurmaq fikri ilə bu fikrə çox da mail olmayan varlı siniflər və ehtiyatlı liberallar arasında iki meyl mövcud olduğu sezilməkdədir. Bu iki meylin və digər meyllərin həqqi-bəqa qazanmasını şübhəsiz ki, Məclisi-Müəssisan həll edəcəkdir. Fəqət Məclisi-Müəssisanın bu - yaxud o qərara gəlməsini əvvəlcədən təmin etmək üçün hökuməti-müvəqqətəyi əllərində bulunduranlar tamamilə laqeyd qalamazlar. İnqilabın bütün məsuliyyət və ağırlığını boyunlarına götürən fədakar qüvvətlər əlbəttə istərlər ki, cəmaət bütün azadlığı ilə rəyini verib könlü istədigi idarə həqqində kəndi fikrini söyləyə bilsin. Ona görə də bu hökuməti ümidli əllərdə bulundurmaq arzusu ən təbii arzudur. Əcəba, Rusiya demokratiyasının, köhnə Rusiyada məhkum olan millətlərin mənafeini gözədəcək bir qüvvət, bir ümidli əl hankisidir. Heç şübhəsiz ki, bu qüvvət cümhuriyyəti-ənam əsasının zaman iqtizasilə degil, sinif mənfəəti ilə əskidən bəri bəslədigi arzu və əməl həsbilə ən səmimi tərəfdarı olan inqilab və demokrat firqələridir.

 

Buna görə bəsirətli olmalı, Məclisi-Müəssisana getdikdə hanki məslək, hanki sinif və hanki qüvvətlərlə etilaf və ittihad bağlamaq mənfəətimizdən olduğunu biz müsəlman kütləsi, biz müsəlman kütləsinin mənafeini gözədənlər, onun safiyyəti-mədəniyyə və məsu-niyyəti-milliyyəsi üçün sinə sürtənlər yaxşıca ölçüb biçməli və o surətlə rəftar etməliyiz.

 

M.Ə.Rəsulzadə

"Açıq söz"27 mart 1917, ¹434

 

Xali - sərbəst

Xoşbavərlik - mötəbər olmamaq

Məsuniyyət - toxunulmazlıq

 

KADET FİRQƏSİ VƏ MÜSƏLMANLAR

 

Keçəndə Məqsudovun (*) Kadet firqəsi syezdində bütün müsəlmanların kadet firqəsi tərəfində olduqları həqqində bir bəyanda bulunmuş idi. “Açıq söz” Məqsudovun bu cəsarətinə heyrət edərək müsəlmanların mənafeyini “imperialist” kadetlərlə bərabər getməkdə degil, təbiətlərilə demokrat və hürriyyətpərvər olan firqələrdə olduğunu söyləmişdi.

 

Bu dəfə alınan “Utro Rossii” qəzetəsində müsəlman fraksiyası nəzdindəki müsəlman Bürosunun bu xüsusda nəşr elədigi bəyannaməsi gəlmişdir. Bəyannamə “Açıq söz”də izhar olunan fikirləri daha kəskin və daha mətin bir surətdə ortaya ataraq müsəlmanların Kadet firqəsi ilə bərabər olamıyacağını qüvvətli ibarələrlə elan ediyor. Bəyannamədə denilir ki:

 

“Biz Rusiyanın hər tərəfindən gəlmiş və aşağıda imza atmış müsəlman Bürosu əzası bütün Rusiya cəmaətinə elan etmək məcburiyyətindəyiz ki, vətəndaş Məqsudovun kadetlər syezdində bütün müsəlmanların keçmişdə kadetlərlə getdikləri və gələcəkdə də onlar-la gedəcəkləri həqqində olan bəyanından ancaq o özü məsuldur.

 

Biz inandırıyoruz ki, naqis seçki nizamnaməsi bütün Dövlət Duması nümayəndəligindən məhrum olunan demokrat müsəlmanlar heç bir zaman Kadet firqəsinə öz siyasi nəzəriyyələrinin tərcümanı kibi baxmamışlardır. Əlavə bərin cəsarətlə deyə biləriz ki, hal-hazırda degil, demokratlar müsəlman burjua və feodal siniflərinin başçıları belə nə qədər ustalıq və əcələ ilə başqa rənglərə boyanmış olsa da Kadet bayrağı altına yığılmaq meylində olmazlar. Böyük aləm müharibəsi zamanında, gərək qara istibdad zamanında və gərək işıqlı hürriyyət günlərində Kadet firqəsinin namidar fəalları ağzından eşidilən cahangiranə (imperialist) sözlər ucundan bu firqənin müsəlmanlar nəzərində heç bir ixtiyarı olmamışdır.

 

Əksərən məmləkətin kənar bucaqlarında yaşayan müsəlmanlar dövlətin təqib etdigi cahangirlik politikasından hamıdan çox zərər görmüş və ona görə də hər kəsdən az hazırdırlar ki, nə şəkildə olsa da bu cahangirlik siyasətinə tərəfdar olsunlar. Kadet firqəsinin dəstə başçısı, imdiki müvəqqəti hökumətin xariciyyə vəziri olan Milyukov keçəndə müharibənin məqsədləri həqqində elan etmiş olduğu bəyannaməsi müsəlmanların protestosunu mucib buluyor. Biz cəsarət edib söyləyə biləriz ki, müsəlmanlar İstanbul ilə boğazları alacaq bir qələbə ardından gedə bilməzlər. Millətlərin müqəddəs azadlığı ilə böylə bir şüar qətiyyən düz gəlməz. Bu şüar göstəriyor ki, kadet Avropa millətləri üçün bir, Asiya millətlərini və bilxassə Türkiyəni ölçmək üçün digər bir ölçü istəniyor.

 

Rusiya müsəlmanları böyük Rusiya milləti ilə qardaş olaraq müharibə meydanlarında vətən müdafiəsində qanlarını axıtdılar. Bundan sonra ümumi azadlıqlarını müdafiə etmək üçün yenə qanlarını müzayiqə etməzlər. Azad millətlərin azad Rusiyası müsəlmanlara bir ruh veriyor və gələcəkdə işıqlı istiqlal uğrunda qəhrəmanlıqları göstərməyə susadıyor. Fəqət Rusiyanın hürriyyətini müdafiə etdikləri halda müsəlmanlar başqa millətlərə - bu millətlər Asiyada olsun, Afrikada olsun, həqarət və məğlubiyyət gətirmək istəməzlər. Buna görə də biz cəsarət edib deyə biləriz ki, bizim fikrimiz haman Rusiya müsəlmanlarının fikridir. Rusiya müsəlmanları gərək xarici və gərək daxili məsələlərdə ancaq o firqə-lərlə bərabər gedərlər ki, onlar həqiqi demokrat fikirlərinin sahibi olub Avropada olsun, Asiyada və Afrikada olsun, bilafərq milliyyət, din, cins, rəng və irq bütün qövm və millətlərin azadlığını gözlər, hamı millətlərin izzəti-nəfsinə ehtiram edərlər”.

 

“Açıq söz”, 3 aprel 1917, ¹440

 

Müzayiqə - əsirgəmə

 

(Ardı var)

 

525-ci qəzet.-2018.-3 mart.-S.20-21