Yarasa
AZƏRBAYCAN
KİNOSU – 120
PƏRVİN
Kino musiqinin, teatrın, ədəbiyyatın, təsviri sənətin
sintezindən yarandı. Və bütün bu sənət növlərindən
tamam fərqli, qeyri-adi janr kimi inkişaf etdi. Zaman-zaman musiqidən, sözdən, hadisədən
asılılığı da azaldı.
Musiqinin belə yaratmadığı həyəcanı,
sözün “deyə” bilmədiyi düşüncəni,
ideyanı çatdırdığı üçün kino
KİNO oldu. Məsələn, Federiko Fellininin “Amarkord”unda qar
yağır, hər tərəfi ağa bələyir.
Ağappaq mənzərənin içərisində birdən
hardansa tovuz quşu uçub gəlir, fəvvarənin kənarına
qonub rəngbərəng lələklərini açır... Bu səhnəyə necə biganə qalasan? Baxırsan və başa düşürsən ki,
bax bu, kinodu, sənət əsəridi. Amma
sözə çevirə bilmirsən, izah etməkdə acizsən.
Həm də bəzi şeylər sözlə
ifadə olununca bəsitləşir elə bil.
Çox uzun illər Azərbaycan tamaşaçısı
üçün dünya kinosunu anlamaq məhz buna görə
çətin olub. Sovet kinosunun “danışıram və
göstərirəm” ideyalarına alışmış
tamaşaçı üçün sadəcə
görüntünün fəlsəfəsini, mahiyyətini dərk
etmək asan deyildi. Rejissor, kinoşünas
Ayaz Salayev təxminən 80-90-cı illərdən dünya
kinosunu və ümumiyyətlə kinonu tamaşaçıya
anlatmaq missiyasını öz üzərinə
götürdü. Çağdaş internet əsrində,
bir düymə ilə istənilən filmi tapmağın
mümkün olduğu zamanda bir qədər qəribə səslənsə
də, 80-ci illərdə az qala hamı, hər
şənbə axşamı Ayaz Salayevin ekranda görünəcəyi
anı səbrsizliklə gözləyirdi. Əvvəla
ona görə ki, kinoteatrlardan başqa heç yerdə kinoya
baxmaq imkanı yox idi və həftədə bir dəfə
“Retro” verilişində müxtəlif filmlər
tamaşaçılara təqdim edilirdi. Amma
daha vacib məqam bütün bu filmlərin necə təqdim
olunması idi. Ayaz Salayev özünün aram
tərzi ilə, bir az emosional, bir az təmkinli obrazı ilə
dünya kinosunun ən müxtəlif nümunələrini təhlil
edir, tamaşaçının diqqətini çəkəcək
məqamları qabardırdı. Bu təqdimatdan,
təhlildən sonra kino daha aydın, daha təsirli
görünürdü adamlara. Məsələ
burasındadır ki, Ayaz Salayev mükəmməl kino təhsili
almışdı - Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsini
bitirmişdi, amma bununla yanaşı, həm də millətin
xarakterini yaxşı bilirdi və Azərbaycan
tamaşaçısını maraqlandıracaq məqamları
dəqiq müəyyənləşdirirdi. Beləliklə,
qısa müddətdə Ayaz müəllim dünya kinosunun tərcümanına
çevrilmişdi. 90-cı illərin
sonunda isə “Anlam” layihəsi ilə kinodakı arxetipləri
təhlil edəndə o, tamam yeni üfüqləri, yeni dərin
mənaları Azərbaycan tamaşaçısı
üçün açmış oldu.
Ayaz Salayevin rejissor kimi ən məşhur və irihəcmli
işi “Yarasa” filmidir. Film kinoya maliyyənin çox az
ayrıldığı, ümumiyyətlə ölkədə
filmlərin çəkilmədiyi bir dönəmdə -
1995-ci ildə ekranlaşdırılıb. Elə
Ayaz Salayevin öz ssenarisi əsasında çəkilən
filmi yozmaq sadə məsələ deyil. Əvvəla
ona görə ki, “Yarasa” hazırlıqlı
tamaşaçı üçün nəzərdə
tutulmuş filmdir. İkincisi də “Yarasa”
ümumiyyətlə elə süjetinə görə də xeyli
qeyri-adi bir ekran əsəridir. Amma məhz bu film Azərbaycan
kinematoqrafında yeni bir mərhələnin, yeni bir
estetikanın əsasını qoymuş oldu. Bütün
digər məziyyətləri ilə bərabər “Yarasa”
filmi dünya kinosu elementlərini Azərbaycan
tamaşaçısının anlaya biləcəyi dildə,
formada özündə ehtiva edir.
Film sadə bir sənətşünas, amma həm də
kinoman olan Ağabəyin (Rasim Balayev) həyat hekayəsini
anladır. Hər gün miniatürlardan mühazirələr
oxuyan Ağabəy çox sönük, adi bir həyat
yaşayır. Həyatının yeganə
əyləncəsi, qeyri-adiliyi kinoteatra gedib kinolara
baxmaqdır. Hər gün mühazirəsini deyib tələsik
kinoya gələn bu adam bir neçə
saatlıq real dünyadan ayrılır. Amma əslində,
o, bütün dünyanı kino kimi qavrayır, kinodan
keçirib dərk edir. Bu mənada
“Yarasa”da ayrıca insan taleyi olsa da, bəlli bir həyat hekayəsi
göstərilsə də, bu, KİNO haqqında kinodur. Ayaz Salayev kinonun hələ səssiz dövründən
başlayaraq insanlara necə təsir etməsini,
inkişafını göstərir. Paul Veqenerin “Qolem”,
Robert Vinenin “Doktor Kaliqarinin kabinəsi”, Fridrix Vilhelmin “Gecəyə
qaçış”, Çarli
Çaplinin “Böyük şəhərin
işıqları” Ağabəyin maraqla baxdığı
filmlərdir. Ümumiyyətlə, o vaxtlar səssiz filmləri
musiqi müşayiəti ilə göstərirlərmiş...
Elə Ağabəy də musiqinin müşayiəti
altında bu filmlərdən hansısa kadrları
yaddaşına yazır, onlarla yaşayır...
Filmin özəlliklərindən biri də sənətlə
gerçək həyatı üz-üzə qoymasıdır. Ağabəy,
onun düşüncələri əsl sənətin
simvoludursa, buna qarşı qoyulmuş xanımı var - real həyatın,
hətta məişətin təcəssümü kimi. Müəllif bunu çox sadə priyomlarla göstərir.
Qızları Nərgizin xəstəliyindən danışan,
həkimlərdən narazılığını dilə gətirən
qadın birdən həkimlə tibb bacısının sevgisi
haqda qeybətlərə keçir və bu keçid o qədər
təbii alınır ki; real həyatı - məişəti,
qeybət və dedi-qodu ilə dolu cəmiyyəti əks
etdirdiyi üçün... Və bütün bu
qaçılmazlıqlardan yeganə xilas yolu sənətdir.
Ağabəyin də yarıqaranlıq
kinoteatrı işıqlı dünyadan üstün
tutmasının, gözləri yalnız qaranlıqda görən
yarasa sayağı həyat yaşamağının səbəbi
budur.
Amma
günlərin birində... Mühazirədən
sonra başı tələbəsi ilə söhbətə
qarışan Ağabəy seansa gecikir, kinonun qapıları
bağlanır, içəri heç kəs buraxılmır.
Rasim Balayevin son dərəcə dəqiq oyunu bu
məqamı bütün incəliklərinə kimi
anlamağa kömək olur. Bağlı qapılar
arxasında qalan Ağabəy əslində kinodan yox,
dünyadan, öz dünyasından təcrid olunmuş vəziyyətdədir.
Və elə bu an incə bir səs onu düşüncələrindən
ayırır: “Bağışlayın, bunu keçən dəfə
siz burda qoydunuz? Yox? Heyif, elə bildim
sizindi, kimsə kitabını unudub...” Qəribədi,
bütün dünyanı qadınlar yönləndirir - deyirlər.
Hətta müdrik xalqımız
bayatılarında - oğlanda günah olmaz, hər nə eylər,
qız eylər - deyib. Elə Ağabəyin
də bundan sonrakı həyatını məhz bu balaca
qızcığaz, Turan (Mariya Lipkina) idarə edir. Müəllif qızın gəlişi ilə
Ağabəyin həyatının dəyişilməsini
işığla simvollaşdırır. Turan
Ağabəyin otağına girincə bütün
işıqları yandırır, pərdələri çəkir
ki, evə gün işığı düşsün. Qaranlıqları qovmağa gələn Turan əslində,
Ağabəyi tamam başqa zülmətə qərq etmiş
olur.
Filmdə Turan sənətin simvolu, gerçək bir
ilham pərisi kimi göstərilir. Gah rəssamlar
üçün modellik edir bu qız, gah filmə çəkilmək
istəyir, gah əməlləri ilə uzaqdan uzağa
yazıçıya mövzu vermiş olur. Elə bütün bəlalar da o zaman başlayır
ki, Turan filminə çəkildiyi rejissorun ağlını
başından alır. Əslində,
bütün bunlar - Turanın şeytanlığı və
Ağabəyin əzabları sənət üçün
materialdı, mövzudu, amma bunları həzm etmək, anlamaq
adi insan gücü xaricindədir. Ağabəy
real həyatı, ailəsini - həyat yoldaşını
atıb Turanla yaşamağa başlasa belə, hər şey
ekrandan göründüyü kimi sadə deyil.
Ayaz Salayev Cəfər Cabbarlının “Sevil” əsərinə
ayrı bir yanaşma ortaya qoyub əslində. Çadrasını
atan Sevil azadlığın, müasirliyin simvolu olub hər
zaman. Amma indi çadra ayrı cür
yozulur. “Yarasa”da çadrasını atan
qadın, həm də sirrini açmış məxluq kimi
göstərilir. Qadın sirri olunca gözəldi,
maraqlıdı, cazibədardı deməli. Hər şey açılınca, aydın olunca mənasızlaşır.
“Yarasa”nın hazırlıqlı
tamaşaçıya hesablandığını vurğuladım.
Həqiqətən dünya kinosundan xəbərdar
tamaşaçı bu filmi tamam ayrı cür qavrayır.
Hələ o illərdə filmdəki eyhamlar bir
çoxlarını təəccübləndirib, hətta filmə
baxan kinomanlar bir neçə yerdə bu məqamların dəqiqliyinə
görə alqışlayırmışlar da... Dünya kinosu şedevrlərinə eyhamlar bizim
tamaşaçı üçün tamam yeni imiş. Məsələn,
1938-ci ildə çəkilmiş, rejissor Jüleyn Düvivin
bəstəkar Ştrausun həyatından bəhs edən
“Böyük vals” filmində unudulmaz bir səhnə var. Ştraus sevgilisi, opera müğənnisi Karla
ilə faytonda, meşənin içi ilə gedir... Təbiət,
hər quşun, suyun, yarpağın səsi, üstəgəl,
yanındakı sevimli qadın bəstəkarı ilhama gətirir
və bütün bu səslərdən, ovqatdan “Vyana meşəsinin
nağılı” kimi bir şedevri bəstələyir... Ayaz Salayevin “Yarasa”sında da Ağabəy Turanla eynən
o cür, faytonda gedirlər və birdən faytonçu
Ştrausun həmin melodiyasını zümzümə edir.
Bununla da müəllif “Böyük vals” filminə
eyham vurur əslində. Amma elə bu anda artıq səsli
filmin yaranması xəbərini afişdən oxuyurlar...
Əslində, səsli filmin yaranması ilə dünya
mədəniyyətində çox şey dəyişib. Elə
Ağabəyin də həyatında bu, böyük dəyişiklik
olur. Həm yaxşı, həm də pis mənada... Ağabəy sevgilisinin, Turanın xəyanətini
eşidincə gözləri tutulur. Və lap sonda yenə
xanımının yanına qayıtmalı olur. Bütün
film boyu böyük sənət kimi təqdim olunan həqiqət
Ağabəyin həyat yoldaşının, gerçəklik,
məişət simvolunun dilindən belə şərh edilir:
“Bu, bir iyrənc oyundur, hamımız istəmədən buna cəlb
olunmuşuq”. Sonra əlavə edir: “Gedin o bədbəxti gətirin!”
Bəli, adi, sıradan adamlar üçün oyun, bədbəxtlik
sayılan SƏNƏT bunu anlayanlardan ötrü ilahi
işdir... Elə ona görə də gözləri
tutulmuş Ağabəy bundan sonra kinonu sadəcə dinləməyə
gedir və bu dəfə kinoteatrın bağlı
qapıları arxasında qalan Turan olur. Amma
məgər onu xilas edən olmayacaqmı? Kim
bilir? Axı adiliklərdən xilas heç
düşünmədiyimiz, ağlımıza gəlməyən
məqamda, anda çıxır qarşımıza... Ən
sadə bir sualı verir və elə bircə sualla
bütün həyatı dəyişir...
Ayaz Salayevin rejissor kimi işləri elə çox deyil. Debüt olaraq
çəkdiyi “Ata” sənədli filmi ilə başlayan
rejissor elə o vaxtdan yolunu müəyyənləşdirib.
“Ata” Hacı Zeynəlabdin Tağıyevin
qızı Sara xanım haqqında filmdir. Yarıbədii,
yarısənədli film milyonçunun dilənçi
balası haqqında ən təsirli ekran əsəridir.
İstər bu film, istər Retrodakı fəaliyyəti, istərsə
də elə “Yarasa”nın özü Ayaz
Salayevin vətənpərvərliyini göstərir. Amma onun vətənə olan sevgisini ən çox
“Qarabağın həsrət salnaməsi” silsiləsi ifadə
edir. 2 avqust Milli Kino günündə bu 2 dəqiqəlik
filmləri tamaşaçılarına təqdim edən
rejissor bunları söyləmişdi: “Bu, çox sadə bir
layihədir. Artıq biz 4500 nəfər çəkmişik.
Qarabağ qayıdana qədər mən bu
işi davam etdirəcəm. Məqsədimiz
dünyaya Azərbaycan xalqının Qarabağ itkisinə
biganə olmadığını çatdırmaqdır.
Çünki dünyada belə bir yanlış
fikir formalaşıb ki, Azərbaycan Qarabağı unudacaq,
qaytarmağa çalışmayacaq”. Ayaz
Salayevin həyəcanla dediyi bu sözlərdən sonra filmə
baxdıqca tamaşaçıların çoxu göz
yaşlarını saxlaya bilmirdi. Ən adi adamlar, məktəbli,
tələbə, fəhlə, tərbiyəçi, müəllim,
alim, həkim, hərbçi, satıcı, kosmetoloq və s. hər
təbəqədən adam Qarabağ
itkisini bir cür ifadə edirdi kamera qarşısında. Birisi güllədən deşik-deşik olmuş
darvazasının önündə durub deyir ki, bax burdan baxanda
erməni görünür, amma mən heç hara
çıxıb getməyəcəm. Başqa
birisi ailəsini müharibədə itirməsindən, kimsə
heç müharibəni görməsə belə, qəsbkar
düşmənə nifrət bəsləməsindən
danışırdı. Və bütün
bu adamları 2 dəqiqəlik filmlərdə toplayan Ayaz
Salayev bununla dünyaya mesaj ötürür, millətinin təəssübkeşi
kimi çıxış edir.
“525-ci qəzet” kollektivinin çox məzəli bir söhbəti var. O zamanlar hələ 90-cı illərdə, internetin olmadığı, yazılı mətnlərin əldən-ələ ötürüldüyü bir vaxtda kimsə yazı söz verib göndərməyəndə qəzet redaksiyasında aləm bir-birinə dəyirmiş. Axı indiki zaman deyil, internetdən tez-tələsik bir yazı tapıb versinlər, səhifə də boş qalan deyil. O zaman redaksiyada belə “kritik” məqamlardan ciddi bir çıxış yolu varmış: Bəlkə Ayaz Salayevə zəng edək müsahibə alaq - deyərmişlər... Bəli, Ayaz Salayev həmişə deməyə sözü olan, istənilən mövzuda öz fikri, həm də orijinal düşüncələri olan bir adamdı... Yazımın əvvəlində Ayaz müəllimin kino “tərcümanı” olduğunu söylədim. Ona görə, məncə, o, pedaqoji fəaliyyəti ilə yanaşı, kiçik auditoriyalarda məruzələri ilə bərabər, həm də çoxluğa, kütləyə hesablanmış işlər görməlidir... Daha doğrusu, əsas missiyasını davam etdirməlidir.
525-ci qəzet.-2018.-3 mart.-S.14.