“Son dövrdə uşaq ədəbiyyatımız xeyli inkişaf edib”

 

FİRİDUN BƏY KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASININ DİREKTORU ŞƏHLA QƏMBƏROVA GÖRDÜKLƏRİ MÜHÜM İŞLƏRDƏN VƏ PLANLARINDAN DANIŞIB

 

Dünya ədəbiyyatı dərin, sonsuz bir okeana, ayrı-ayrı ədəbiyyatlar ona qovuşan dənizlərə bənzəyir. Məsələn, şifahi xalq ədəbiyyatı, milli ədəbiyyat, realist ədəbiyyat, romantik ədəbiyyat, nəsr, poeziya və s. Kitabxana isə dənizlərin qovuşduğu okeanın yatağıdır.

 

Belə ədəbi dənizlərindən biri də uşaq ədəbiyyatıdır. Son zamanlar ölkəmizdə uşaq ədəbiyyatının kölgədə qalması ilə bağlı həm oxucular, həm də yazarlar tərəfindən çox gileylərlə qarşılaşırıq. Bu məsələni yerindəcə araşdırmaq və nə dərəcədə həqiqət olub-olmadığını öyrənmək məqsədilə yolumu F.Köçərli adına Respublika Uşaq Kitabxanasından saldım. Burada məni səmimi və gülərüz kollektiv qarşıladı. Sonra müsahibim - kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova ilə görüşdük. Şəhla xanımla görüşə söhbətimizə yön vermək üçün öncədən hazırladığım suallarla getsəm də, söhbətimiz əsnasında nə suallarıma gərək qaldı, nə də müsahibəni hansısa istiqamətə yönləndirməyə. Beləcə, kitabxana işi, kitabxanaçılıq, oxucu-kitabxana münasibətləri, hazırkı uşaq ədəbiyyatı, kitabxananın keçirdiyi layihələr və s. ətrafında geniş və maraqlı söhbətimiz alındı. Çoxlarından fərqli olaraq, Şəhla xanım elektronlaşan dövrün kitabxanaçılıq işinin və kitabxanaların öz əhəmiyyətini itirməsinə təsir etdiyini düşünmür, əksinə, bunu bu işə bir növ köməkçi vasitə kimi də görür: 

 

- Mən deyərdim ki, kitabxanaçılıq işi indi daha böyük əhəmiyyət kəsb edir. Çünki kitabxana bütün informasiya sistemini oxuculara çatdırmaq iqtidarına malik yeganə mərkəzdir. İstər keçmişdə, istərsə də indi nəşr olunan bütün kitablar, qəzet və jurnal materialları kitabxanada böyük bir diqqətlə qorunub saxlanılır. Elektronlaşma dövründə isə həmin nəşrlər elektron versiyalara keçirilərək internetdə yerləşdirilir ki, oxucu kitabxanaya gəlmədən virtual şəkildə kitabları əldə edə bilsin, materiallardan istifadə etsin. Bizim kitabxana 18 yaşadək olanlar üçündürsə də, biz onların valideynlərini, nənə-babalarını da düşünür, onları da buradan əliboş yola salmaq istəmirik...

 

Mənim fikrimcə, elektron mənbələr kitabla ünsiyyəti əvəz edə bilməz. Çünki birbaşa kitabla ünsiyyət tam zövqün formalaşması deməkdir. Onu əlində hiss etmək, vərəqlərini çevirmək, hansısa qeydiyyatlar aparmaq tamam başqa aləmdir.

 

Oxucu - kitabxanaçı...

 

- Uşaq kitabxanalarında işləyən kitabxanaçılar gülərüz, savadlı, səmimi olmalıdırlar. Bizim işimizdə belə bir tendensiya var: əgər kitabxanamıza yeni kitab gəlirsə, biz onu tez fondun rəflərinə yığmırıq. Bütün işçilərimizlə birgə o kitaba baxış keçilir, hər kəsə icmal təqdim olunur və kitabın “pasportunu” hazırlayan Kitabişləmə və komplektləşdirmə şöbəsinin işçiləri ətraflı şəkildə məlumatlandırılır. Çünki kitab haqqında ilkin məlumatı həmin şöbə hazırlayır və digər şöbənin işçilərinə annotasiya təqdim edirlər.

 

İş elə qurulmalıdır ki, oxucu kitabxanaya gəldiyi üçün peşman olmamalıdır. Əksinə, daha tez-tez gəlmək üçün can atmalıdır.

 

Otuz illik iş təcrübəmin 27 ilini kitabxana sahəsində işləmişəm. İllər öncəyə baxsaq, onda oxucu konkret bir mövzunu götürüb gəlirdisə, indi daha çox mövzular, daha çox sahələrlə maraqlanır. Ya da maraqlandıqları sahələri daha dərindən öyrənməyə çalışırlar.

 

Bizim kitabxana yeni nəşr olunan kitabların təbliği ilə mütəmadi şəkildə məşğul olur. Çünki biz hazırda yaşayıb-yaradan yazıçılarımızın kitablarını təbliğ eləməsək, sonra gec olar. Onlar varkən, yazarkən onları oxuculara təqdim etməliyik. Biz, demək olar ki, müasir uşaq yazıçılarımızın hamısı ilə kitabxanamızda görüşlər təşkil etmişik. Hətta nəinki paytaxt, eləcə də bölgələrimizə səfərlər təşkil edir, oradakı balaca oxucularımızı da yazıçılarımızla görüşdürürük. 

 

“Bərpa nəşr” layihəsi

 

- Əlbəttə ki, klassiklərimizin də əsərlərini unutmuruq, onları da təkrar-təkrar təqdim edirik. Bizim kitabxananın “Qızıl fondu” var ki, burada 50-60 və daha çox illər bundan öncə nəşr olunan, nüsxəsi tükənmiş kitablar qorunur. Onların hərəsindən bir nüsxə qaldığı və həm də kiril əlifbasında olduğu üçün, təbii ki, biz onları oxucuya verə bilmirik. Ona görə də bu məsələ ətrafında çox düşündük və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bərpa nəşr” layihəsini həyata keçirdik. Layihə üzrə, fondda qorunan həmin kitabların təkrar çap zamanı ilk nəşr göstəriciləri olduğu kimi saxlanılır. Beləcə, bu layihə çərçivəsində Nizami Gəncəvinin, Ə.Haqverdiyevin, Cəfər Cabbarlının, Mir Cəlalın və başqa ədiblərimizin 1940-60-cı illərdə çap olunmuş kitabları yeni həyat qazanıb. Ümumiyyətlə, 2016-cı ildən start götürən layihədə bu günə kimi 47 adda kitab bərpa-nəşr olunub, 2018-ci il üçün daha 30 kitabımız tamamlanmaq üzrədir. Mənə elə gəlir ki, nə qədər bizim fondumuzda bu cür nadir və dəyərli kitablar var, bu layihə də davam edəcək. Bu nəşrlərin audio diskini də hazırlamağı planlaşdırırıq.

 

Yeni nəsil üçün ədəbiyyat

 

- Uşaq ədəbiyyatı ümumi ədəbiyyatın bir hissəsidir. Sadəcə uşağın həssas, kövrək təbiətini, yeniyetmələrin təlatümlü yaş dövrünü, yeni nəslin ədəbi-mütaliə zövqünü nəzərə alaraq, uşaq ədəbiyyatımıza da diqqəti daha çox artırmalıyıq.

 

Çox zaman uşaq ədəbiyyatının yoxluğundan gileylənirlər. Ancaq bunu deyənlər ya ədəbiyyatımızdakı proseslərdən xəbərsizdirlər, ya da ümumiyyətlə ədəbiyyatla maraqlanmırlar. Əgər bu gün bizim oxucuya təqdim etməyə kifayət qədər vəsaitimiz varsa, milli və beynəlxalq kitab sərgilərinə sırf milli uşaq ədəbiyyatı nəşrlərimizlə çıxa biliriksə, deməli, bu sahədə durum kifayət qədər yaxşıdır. Mütaliə ilə bağlı istər məktəblərdə, istər kitabxanalarda, istərsə də dövlət səviyyəsində çox böyük təbliğatlar aparılır, layihələr gerçəkləşir.

 

Hər il aprelin 2-də bütün dünyada Hans Kristian Andersenin doğum günü ilə bağlı uşaq kitabları sərgisi təşkil olunur. Biz də artıq 10 ildir ki, bu münasibətlə yeni-yeni nəşrlər sərgiləyirik. Son dövrdə, yəni müstəqillikdən bəri, uşaq ədəbiyyatımız xeyli inkişaf edib. Söhbət yalnız bədii ədəbiyyatdan getmir. Buraya elmi, əxlaqi-didaktik və digər nəşrlər də daxildir.

 

“Uşaq kitab karvanı”

 

- “Uşaq kitab karvanı” layihəsinə 2010-cu ildən start verilib və bizim ən böyük layihələrimizdən biridir. Layihəyə görə bölgələrimizdəki uşaq kitabxanalarını gəzib həm öz nəşrlərimizdən, həm də Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə ayrılan kitablardan onlara hədiyyələr aparır, uşaq yazıçılarımızla bölgələrdəki oxucularımızı görüşdürürük. Plana əsasən, 2020-ci ilə kimi ölkə ərazisindəki bütün bölgələri və kitabxanaları gəzib bitirməliyik. Bu il dörd bölgədə olduq. Oralara bayram əhval-ruhiyyəsi ilə gedirik. Çünki bölgələrdə bu karvanın gəlişi böyük bir kitab bayramına çevrilir. Hər dəfə biz qayıdandan sonra zəng edib yenidən dəvət edirlər, məmnunluqlarını söyləyirlər.

 

“Göyqurşağı”ndakı uşaq aləmi

 

- Kitabxanamız özünün “Göyqurşağı” adlı jurnalını nəşr edir. Jurnal ilk dəfə 2006-cı ildə “Körpəm” adı ilə çıxmışdı. Sonradan biz onun adını dəyişərək “Göyqurşağı” qoyduq. Bunun da əsas səbəbi odur ki, əvvəlki adla jurnalın mövzu dairəsi daralmış olurdu. Oradakı materiallar sırf azyaşlılar üçün olmalı idi. İndiki adda isə yaş məhdudiyyəti yoxdur. Jurnalın ilk səhifələrində keçirdiyimiz tədbirlərlə bağlı məlumatları çap edirik. Bu da ondan irəli gəlir ki, həmin tədbirlərdə iştirak edən uşaqlar özlərini, özləri haqqında məlumatları jurnalda görüb sevinsinlər, həvəslənsinlər. Sonrakı səhifədə “Bərpa nəşr”, dünya uşaq ədəbiyyatından tərcümələrimizdən nümunələr veririk. Bir səhifəmiz tamamilə rus və ingilis dillərində olur. Çünki rus və ingilis təmayüllü məktəblərdə oxuyan və ya başqa ölkələrdən buraya gələn uşaqlarımızı da nəzərə almalıyıq.

 

Nağıl bağı

 

- 2013-cü ildən etibarən biz oxucularımıza yalnız hazır nəşrlərlə xidmət etmək istəmədik. Buna görə özümüz də hansısa əsərləri çap etmək, nəşrlər hazırlamaq qərarına gəldik. Araşdırdıq ki, türk müxtəlif xalqların nağılları toplu şəkildə nəşri sonuncu dəfə 1993-cü ildə olub. Bu da “Zaman zaman içində” adlı kitabdır ki, cəmi 7 türk xalqının nağılı toplanıb. Ondan sonra yoxdur. TÜRKSOY-la birgə işlədiyimiz layihədə 29 türk xalqının nağıllarını toplu şəkildə “Türk dünyasının nağıl bağı” adı ilə çap etdirdik. Kitab Azərbaycan və türk dillərindədir. Məqsədimiz kitabı bütün türk dünyasına yaymaqdır. Bu işdə görkəmli alimimiz, millət vəkili Nizami Cəfərovun çox böyük köməyi olub. Kitabdakı nağıllara uyğun rəsmləri də müxtəlif orta məktəblərdə, rəsm dərnəklərində təhsil alan şagirdlərimiz çəkib.

 

Bunun davamı olaraq Misir xalq nağıllarının böyük qismini ərəb, kiçik hissəsini isə rus dilindən çevirərək topladıq və “Əsrarəngiz Misir nağılları” adlı kitab şəklində çap etdirdik. Ölkəmizlə Misir dövləti arasında hər zaman sıx siyasi-iqtisadi əlaqələr olub. Biz də öz növbəmizdə istədik bu kitabla ədəbi əlaqələrimizi də davam etdirək. V Bakı Kitab Sərgi Yarmarkası münasibətilə paytaxtımızda qonaq olan Misir Arxivlər İdarəsinin və Milli Kitabxanasının direktoru Əhməd Şövqi ilk növbədə bizim kitabxananı ziyarət etdi. O, kitabxanamızı və nəşrlərimizi çox bəyəndi. Həmin ərəfədə biz bu kitab üzərində işləyirdik və 30 Misir nağılını tərcümə etdirmişdik. O, buna da çox sevindi. Bu kitabın rəssamları uşaqlardır. Hər iki kitab həm də ötənilki İslam Həmrəyliyi ilinə bizim töhfəmiz oldu.

 

“Məktəb proqramına dəstək”

 

- 2017-ci ildə “Məktəb proqramına dəstək” layihəsini həyata keçirdik. Layihə çərçivəsində Azərbaycan dilindəki orta məktəb müntəxabatlarına salınan bəzi uşaq hekayələrimizi rus dilində çap etdirdik. Çünki o materiallar bizim dildə var, amma rus dilində yoxdur. Bəs rus- dilli uşaqlarımız bu ədəbiyyatı hardan oxusun? Bu çərçivədə ilk kitabımız Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ı oldu.

 

2013-cü ildən bu günə kimi kitabxanamız biblioqrafik göstəricilər buraxır. Burada yer alan şəxslər Azərbaycan klassik ədəbiyyatında öz adını qızıl hərflərlə yazmış insanlardır.

 

Kitabxanamız, həmçinin, respublikanın bütün uşaq kitabxanalarına rəhbərlik edən elmi metodik mərkəz kimi fəaliyyət göstərdiyindən il ərzində kitabxanalar üçün tarixi günlər, tarixi şəxslər, yubileylərlə bağlı 50-60 ədəd müxtəlif elmi vəsait hazırlayırıq.

 

Layihələrimiz, işlərimiz və planlarımız həddindən artıq çoxdur. Sağlıq olsun, zamanı gəldikcə hamısını həyata keçirəcəyik.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.-3 mart.-S.17.