Günel Anarqızı: “Çexiya və
Polşaya səfərimiz önəmli nəticələrlə
yadda qaldı”
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar və yazıçı-publisist
Günel Anarqızı bugünlərdə Çexiya və
Polşada səfərdə olublar.
Səfər
zamanı Praqa şəhərində Xocalı
qurbanlarının xatirəsinə həsr edilmiş, azərbaycanlı
və israilli müəlliflərin - Günel Anarqızı,
Leyla Bəyim Cəfərova və Yefim Abramovun
yazdıqları “Qara qar çiçəkləri və
Qarabağ hekayələri” adlı kitabın təqdimatı
keçirilib.
Bu səfərin
onun yaddaşında çox gözəl xatirələrlə
qaldığını deyən Günel Anarqızı bizimlə
söhbətində hər iki ölkədə onlara və
ümumən Azərbaycan ədəbiyyatına göstərilən
diqqətdən məmnunluğunu dilə gətirdi:
“Qarabağ hekayələri” layihəsi artıq beş
ildən çoxdur ki, davam edir. 2012-ci ildə
Bakıda ilk təqdimatı olmuşdu. Daha
sonra Almaniya, Fransa, İsveçrə, Rusiya, Türkiyə,
Serbiya, Macarıstan və Litvada, bu günlərdə isə
Çexiyada keçirilib. Bununla
bağlı, bildiyiniz kimi, bir neçə gün öncə
biz Çexiyada səfərdə olmuşuq. Təşəbbüs
tədbirin təşkilatçılarından gəldi. Onlardan biri Çexiyada yaşayan
soydaşımız Leyla xanım Cəfərova idi. O
özü də şairədir. İlk dəfə
olaraq “Qarabağ hekayələri” başqa müəlliflərin
əsəri olan bir kitabda yer aldı. Belə
ki, indiyə kimi “Qarabağ hekayələri” sadəcə
olaraq müxtəlif dillərə tərcümə edilir və
həmin ölkələrdə təqdimatları olurdu. İlk dəfədir ki, bizim kitabda məndən
başqa iki müəllifin - Leyla Bəyim Cəfərova və
Yefim Abramovun da adları qeyd olundu. Onlar bərabər
yazırlar və bu ikilinin rus dilində olan bir əsəri
çex dilinə tərcümə olunmuşdu. Beləcə, bizim birgə ərsəyə gələn
“Qara qar çiçəkləri və Qarabağ hekayələri”
adlı kitabımız Praqada “AZİZ” təşkilatının
dəstəyi ilə nəşr edildi. Bunun
özü də Azərbaycan-İsrail təşkilatının
təşəbbüsü idi.
Bu kitabın çapına onlar özləri
dəstək olmuşdular”.
Günel
Anarqızı deyib ki, tədbirlərdə Lev Spivakın rəhbərliyi
ilə İsraildən olan nümayəndə heyəti də
iştirak edib: “Onların yalnız kitabın çapında
deyil, həm də bu tədbirin təşkil olunmasında da
çox böyük rolları var. Ümumiyyətlə, tədbir
ölkəmizin Çexiyadakı səfirliyinin dəstəyi
ilə Azərbaycan Tələbə Təşkilatı, “Natəvan”
cəmiyyəti və Azərbaycan-İsrail təşkilatı
tərəfindən keçirilirdi.
Onu da deyim ki, kitabın təqdimatı Praqanın qədim
və çox tanınmış bir məkanında baş
tutdu. Bu, Praqanın mərkəzində yerləşən
Lütsern pasajıdır. Tədbirdə
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev,
türkiyəli səfir, çoxsaylı tələbələr,
diaspora, ictimaiyyət nümayəndələri iştirak
edirdilər. Tədbir çox maraqlı
keçdi, maraqlı çıxışlar oldu”.
Tədbirdə
əsas məqsədin Qarabağla bağlı həqiqətləri,
o cümlədən, XX əsrin ən böyük faciəsi
olan Xocalı soyqırımını dünya ictimaiyyətinə
bir daha çatdırmaq olduğunu deyən G.Anarqızı bu
səfərin də məhz soyqırımın 26-cı
ildönümü ərəfəsində keçirilməsinin
təsadüf olmadığını vurğuladı: “Onu da
deyim ki, bu kitabın çapı və ümumiyyətlə həmin
tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın “Xocalıya Ədalət” kampaniyası çərçivəsində
keçirilmişdi. Bu tədbirin Xocalı
soyqırımının ildönümü ərəfəsində
təşkili heç də təsadüfi deyildi. Bu, öz növbəmizdə bizim bu soyqırımla
bağlı dünya qarşısındakı etiraz
aksiyamız idi. Ancaq bu, ilk tədbir deyil.
Bayaq dediyim kimi, bu layihə bir çox ölkələrdə
keçirilib və tədbirlərin hamısı qış
aylarına təyin edilib. Çünki
bizim xalqımızın başına gələn bir neçə
böyük faciə elə bu soyuq aylarda olub. 20 Yanvar faciəsi, 26 fevral Xocalı
soyqırımı, 31 mart Azərbaycanlıların
soyqırımı bunlara misaldı. Ona görə də
biz çalışırıq ki, hər il
ən azı bir dəfə xaricdə bu cür tədbirlər
keçirək. “Qarabağ hekayələri”
layihəsinin əsas özəlliyi ondan ibarətdir ki, bu hekayələr
müxtəlif dillərə tərcümə olmaqla müxtəlif
ölkələri əhatə edir. Dediyim
kimi, 10-dan artıq dilə tərcümə olunub və 10-cu
ölkədir ki, orada yayımlanır. Tədbirin
fəxri qonaqlarından biri də Azərbaycan
Yazıçılar Birliyinin sədri Xalq
yazıçısı Anar idi. O da tədbirdə
çıxış etdi, layihə və kitab barədə
fikirlərini bölüşdü”.
Yazıçılarımız Çexiyadan bir neçə
gün sonra Polşaya səfər ediblər. Səfər
çərçivəsində Polşa Yazıçılar
Birliyinin Varşava qərargahında görüş
keçirilib. Görüşdə Azərbaycanın
Polşadakı səfiri Həsən Həsənov, Polşa
Yazıçılar Birliyinin sədri və üzvləri də
iştirak ediblər.
G.Anarqızı
Polşa yazıçıları ilə
görüşün ədəbi-mədəni əlaqələrimizin
inkişafı üçün mühüm addım
olduğunu dedi: “Azərbaycanın Polşadakı səfirliyinin,
xüsusən səfir Həsən Həsənovun dəstəyi
ilə Polşa Yazıçılar Birliyində
görüş keçirildi. Həmin
görüşdə Xalq yazıçısı Anarın
polyak dilində işıq üzü görən kitabı təqdim
olundu. Qeyd edim ki, bu, Anarın polyak dilində
çap olunan üçüncü kitabıdır. İlk dəfə Sovet dövründə, sonra, səhv
etmirəmsə, ötən əsrin 80-ci illərinin sonunda və
bu, üçüncü kitab isə indi çap olunub. Bu görüş əsnasında bizimlə polyak
yazıçıları arasında çox maraqlı diskussiya
getdi. Onlar bizə müxtəlif suallar
verir, Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti,
yazıçılarımızın durumu, onlara verilən
imtiyazlarla maraqlanırdılar. Onu da qeyd
edim ki, növbəti dəfə mən Azərbaycan
Yazıçılar Birliyinin fəaliyyəti və eləcə
də ölkəmizdə ədəbiyyata, ədəbiyyatçılara
göstərilən qayğı və diqqətə görə
çox böyük qürur hissi keçirdim. Çünki bizim Yazıçılar Birliyinin
bütün mətbu orqanları yüksək səviyyədə
fəaliyyət göstərir və dövlətin dəstəyi
ilə çap olunur. Bu cür işlər,
yazıçılara belə yüksək münasibət
çox ölkələrdə yoxdur. Bu da
dövlətimizin yazıçılara, qələm əhlinə
olan böyük qayğısının göstəricisidir.
Polşadakı
görüşümüz əsnasında cənab Həsən
Həsənov tərəfindən, ədəbi əlaqalərin
möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətimizə
görə, Xalq yazıçısı Anara, mənə və
Polşa Yazıçılar Birliyinin sədri Marek
Vavjkeviçə Azərbaycan-Polşa diplomatik əlaqələrinin
qurulmasının 540 və bərpasının 20 illiyi
münasibətilə təsis edilmiş xatirə
nişanları təqdim olundu. Bu, xüsusən
mənim üçün gözlənilməz və çox
sevindirici idi. Digər tərəfdən,
bu medal mənə Polşa ilə bağlı
planlaşdırdığım layihələr ərəfəsində
çox böyük bir stimul yaratdı. Bu
səfərdə mən iki ölkənin ədəbi əlaqələrinin
daha da möhkəmləndirilməsi yönündə gələcəkdə
də çox böyük işlər görə biləcəyimizə
əmin oldum”.
Səfər
zamanı, həmçinin, Varşava Universitetində Azərbaycan
dili və mədəniyyəti fənni üzrə təhsil alan polşalı tələbələrlə
də görüş keçirilib. Görüşdə səfir
Həsən Həsənov, Yunus Əmrə İnstitutunun
direktoru, professor Öztürk Əmiroğlu, Varşava
Universitetində Azərbaycanşünaslıq fənlərini
tədris edən, “Azərbaycan Mədəniyyət Mərkəzi”
Cəmiyyətinin sədri Şəhla Kazımova və
universitet tələbələri iştirak ediblər. Bu görüşdə də qonaqlar tələbələrin
Azərbaycan ədəbiyyatı, ədəbi mühiti və
Yazıçılar Birliyinin fəaliyyəti ilə
bağlı suallarını cavablandırıblar.
Yazıçı
bildirdi ki, bu iki ölkəyə səfərləri həmin
ölkələrin tarixini, indiki durumunu öyrənmək
baxımından da onlar üçün böyük əhəmiyyət
kəsb edib: “Çexiya və Polşaya səfərimiz hər
cəhətdən önəmli nəticələrlə yadda
qaldı. Biz o ölkələrdə yalnız ədəbi tədbirlərlə
yetinmədik, ictimaiyyətlə görüşdük, tarixi
yerləri ziyarət etdik, onların mədəniyyəti ilə
daha yaxından tanış olmaq fürsəti
qazandıq. Məsələn, Polşada səfirliyin
dəstəyi ilə bir sıra abidələr ucaldılıb
ki, biz də həmin abidələri ziyarət etdik, muzeylərdə
olduq. Sonra Krakov şəhərinə
getdik. Krakov da çox qədim şəhərdir
və Varşavadan fərqli olaraq, orada İkinci Dünya
Müharibəsi zamanı binalar dağılmayıb. Buna görə də o, öz qədimliyini, özəlliyini
saxlayan bir şəhərdir. Varşava təəssüf
ki, həmin müharibədə dağıdılıb və
yenidən tikilib. Yəniz tarixən qədim
olsa da, arxitektura baxımından yeni bir şəhərdir.
Biz orada olarkən bir daha anlaşıldı ki,
çox əhəmiyyətli işlər görürük və
bununla qürur duyduq. Həmçinin, yeni yerlərdə
olmaq, yeni insanlarla tanış olmaq insanda
xoş əhval-ruhiyyə və ümid yaradır. Bizim həmin ölkələrlə bağlı
planlarımız, görəcəyimiz işlər bununla
yekunlaşmır. İnanıram ki,
yaxın gələcəkdə bu cür əhəmiyyətli
layihələrimizin, işlərimizin sayı daha da artacaq”.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-3 mart.-S.11.