Məhəmməd Əmin Rəsulzadənin bir məktubu haqqında

 

 Xalq Cümhuriyyəti-100

 

Vilayət QULİYEV

 

1935-ci il iyunun 24-də Məhəmməd Əmin Rəsulzadə Polşa Baş Qərargahı 2 saylı Ekspoziturasının (Polşa xüsusi xidmət orqanlarının əsasən keçmiş Rusiya ərazisində kəşfiyyatla məşğul olan və Rusiyadan (SSRİ-dən) çıxmış siyasi mühacirlərlə işləyən qurum - V.Q.) əməkdaşı, kapitan Edmund Xaraşkeviçə məktubla müraciət etmişdi.

 

Polşa ordusunun zabiti (sonuncu hərbi rütbəsi podpolkovnik olmuşdu - V.Q.) Edmund Xaraşkeviç 1927-ci ildən İkinci Dünya müharibəsi başlanana qədər Prometey hərəkatının əlaqələndirilməsi üzrə məsul şəxs vəzifəsini daşımışdı. İşinin xarakteri ilə əlaqədar Azərbaycan siyasi mühacirləri, xüsusən də onların Prometey hərəkatında iştirak edən təmsilçiləri ilə sıx-sıx görüşürdü. Yeri gəlmişkən, Prometey hərəkatı ilə bağlı ilk diqqətəlayiq əsər də onun qələmindən çıxmışdı. İkinci Dünya müharibəsi başlanandan və Polşanın işğalından sonra Parisdə sığınacaq tapan E.Xaraşkeviç Polşa xüsusi xidmət orqanlarının SSRİ-ni içəridən parçalamaq və dağıtmaq cəhdləri ilə bağlı kitab qələmə almışdı. Bu əsər “Sbior dokumentov podpolkovnika Edmunda Charaszkieviwicza” adı altında 2000-ci ildə Krakovda “Biblioteka Centrum Dokumentacji Czyni Niepodlegloscewego” seriyasından yenidən çap olunmuşdur. Əsəri nəşrə hazırlayan müasir polyak tarixçiləri - Ancey Qrivaç, Marcin Kvieçen və Qjeqoj Mazur ona geniş müqəddimə və əhatəli şərhlər yazmışlar. Heç şübhəsiz, E.Xaraşkeviçin kitabı Qafqaz və Mərkəzi Asiya, o cümlədən də Azərbaycan siyasi mühacirətinin 1920-30-cu illərdə Avropadakı fəaliyyətini və Prometey hərəkatında iştirakını araşdırmaq baxımından mühüm mənbələrdən biridir. Onun 1955-ci ildə Londonda nəşr etdirdiyi “Przebudowa Wschody Europy” (“Avropanın Şərqinin yenidən qurulması”) kitabında da prometeizm, Qafqaz xalqları nümayəndələrinin bu hərəkatda iştirakı ilə bağlı maraqlı məqamlar az deyildir.

 

Bir sözlə, yuxarıda deyilənləri nəzərə aldıqda M.Ə.Rəsulzadənin belə bir müraciəti və Polşa hökumət dairələri ilə əməkdaşlığı təəccüb doğurmamalıdır. Sovet rejiminin və bolşeviklərin barışmaz düşməni olan müasir polyak dövlətinin qurucusu Yozef Pilsudski (1867-1935) 1920-ci illərin ortalarından başlayaraq SSRİ-yə qarşı ideoloji mübarizəni bütün mümkün yollarla dəstəkləyirdi. Onun əsas müəlliflərindən biri olduğu prometeizm siyasi layihəsi həmin məqsədə xidmət edirdi.  Prometey hərəkatının qayəsi Sovet İttifaqı hüdudlarında yaşayan qeyri-rus xalqların milli müstəqillik hərəkatını təşviq etmək, dəstəkləmək yolu ilə “qırmızı imperiyanı” zəiflətmək və parçalamaq idi. Bu məqsədlə 1926-cı ildə İkinci Dünya müharibəsindən sonra meydana çıxan sovetoloji araşdırma mərkəzlərinin sələfi sayıla biləcək Şərq İnstitutu (Varşava) və Şərqi Avropanı Araşdırma İnstitutu (Vilno) qurulmuşdu. Azərbaycan və gürcü milli ordularının zabitləri Polşa silahlı qüvvələrində hərbi xidmətə qəbul olunmuşdular. Varşava 1930-cu illərin başlanğıcında Türkiyəni tərk etmək məcburiyyətində qalan bir sıra tanınmış türk-müsəlman siyasi mühacirlərinə qucaq açmışdı. Polşa paytaxtında “Vsxod”, “Qortsı Kavkaza”, “Severnıy-Kavkaz” kimi jurnallar çap edilirdi. Gürcü siyasi xadimi G.Qvazavanın redaktorluğu ilə 1926-1939-cu illərdə Parisdə fransızca nəşr olunan  Prometey” jurnalı da Varşavadan maliyyələşirdi. Nəhayət, Varşava bir sıra mühacirət təmsilçilərinə aylıq təqaüd (təxminən 80-100 ABŞ dolları) verirdi. Bütün bu məsələlərin əlaqələndirilməsi və həyata keçirilməsi ilə Baş Qərargah yanındakı  Ekszpozitura-2 qurumu məşğul olurdu.

 

Təbii ki, bütün bu geniş izahat M.Ə.Rəsulzadənin nə üçün həmin quruma müraciət etdiyini aydınlaşdırmaq üçündür.

 

Müraciətin səbəbi Prometey proqramı çərçivəsində Polşa tərəfin diqqətini Topçubaşi ailəsinin ağır maddi durumuna yönəltmək idi.

 

Aşağıda mətni təqdim olunan məktubun qiymətli cəhəti də ilk növbədə Rəsulzadə-Topçubaşi münasibətlərinə aydınlıq gətirməsindədir.

 

Milli istiqlal mübarizəsində həqiqətən də böyük yer tutan, hər ikisi Cümhuriyyətin “qurucu ataları” kimi tarixə düşən Əlimərdan bəylə Məhəmməd Əmin Rəsulzadənin münasibətləri həyatlarının vətəndən uzaqlarda keçən illərində heç də həmişə hamar, problemsiz olmamışdı. Bütünlüklə, siyasi mühacirət nümayəndələrinə xas olan fikir ayrılıqları, liderlik və birincilik davaları, dedi-qodular, şəxsi incikliklər, ara söhbətləri, maddi xarakterli çəkişmələr onlardan da yan keçməmişdi.

 

1922-ci ilin sonlarına həm yaş, təcrübə, intellekt, nüfuz, həm də rəsmi status baxımından Azərbaycan siyasi müxalifətinin şəksiz lideri sayılan Əlimərdan bəy əqidə yoldaşının “bolşevik cəhənnəmindən” xilas olmasını sevinc hissi ilə qarşılamışdı. Bunu 1922-ci il sentyabrın 12-də Ceyhun bəy Hacıbəyliyə yazılan aşağıdakı sətirlərdən də sezmək mümkündür: “Məhəmməd Əmin Rəsulzadə indi Helsinqforsdadır (Helsinki). Ondan bir neçə məktub almışam. Cavabında pasport və teleqram yolladım. Bir müddət əvvəl özü də Helsinqforsda olan və görüşmək üçün dünən mənə baş çəkən Sədri Məqsudinin dediyinə görə, tezliklə Parisə səfər etmək niyyətindədir”.

 

Bir ay sonra, oktyabrın 19-da mühacirlər arasında özünə ən yaxın saydığı C.Hacıbəyliyə növbəti məktubunda Əlimərdan bəy M.Ə.Rəsulzadənin Parisdə qalıb birlikdə işləmələri ilə bağlı arzusunu dilə gətirmiş, lakin nümayəndəliyin maddi vəziyyətinin buna imkan vermədiyini təəəssüflə vurğulamışdı: “Sizin məktubunuzdan əvvəl Məhəmməd Əminin Visbadenə gəlməsi haqqında tələbə Balağa yazmışdı. Mən orada olan vaxt gəlmədiyinə çox təəssüflənirəm: doyunca danışardıq. Ona Berlinə, pulla bağlı eyhamlarına cavab verən məktub göndərdim. Soruşdum ki, bundan sonra nə iş görmək istəyir, Berlində hələ uzun müddət qalacaqmı? Viza haqqında indi yox, Helsinqforsda olanda yazmışdı. Mən də cavab vermişdim ki, burada həll edərik. Odur ki, indi hər şey özünün sonrakı planlarından asılıdır - əgər Parisdə yalnız yolüstü dayanmaq və Konstantinopola getmək istəyirsə, o zaman vizanı Visbadendə alması daha yaxşıdır. Təəssüf ki, düşdüyümüz indiki şərait Parisdə qalması və bizimlə birlikdə işləməsi haqda ürəyimdən keçən hərarətli arzunu ona deməyə imkan vermir. Mənim gələcəklə bağlı planım həqiqətən də belədir. Üzünə demək olmasın, Məhəmməd Əmin tam diqqətə və inama layiq bir insandır (kursiv mənimdir - V.Q.). Ona görə bir yerdə olmağınızdan faydalanıb bizi düşündürən, narahat edən bütün məsələlər barədə söhbət aparın, onu Parisdəki danışıqlarımıza hazırlayın”.

 

1923-1926-cı illər milli hərəkatın və Cümhuriyyətin iki görkəmli nümayəndəsinin sıx qarşılıqlı əməkdaşlıq dövrüdür. Əlimərdan bəy M.Ə.Rəsulzadənin redaktorluğu ilə İstanbulda çıxan “Yeni Kafkasiya” jurnalının daimi müəllifləri sırasında yer almışdı. Biri İstanbulda, digəri Parisdə yaşasalar da, intensiv məktublaşır, müxalifətin siyasi mübarizəsinin taktika və strategiyası ilə bağlı ardıcıl fikir mübadiləsi aparırdılar. Moskvalı tarixçi Salavat İshakov XX əsr Azərbaycan tarixinin bir çox hadisə və şəxsiyyətlərinə işıq salan bu qiymətli məktubları toplayıb  geniş müqəddimə, zəruri izah və şərhlərlə 2012-ci idə çap etdirmişdir.

 

Müəyyən fikir ayrılıqları, ziddiyyətlər əvvəllər də vardı. Onların daha da kəskinləşməsi 1928-ci ilin əvvəllərindən başlamışdı. Istanbul-Paris qarşıdurması, Milli Mərkəz ətrafında qovğalar, rəyasət davası (Xosrov bəy Sultanov, Mustafa Vəkilli kimi “incik” adamlar yaranmış qarşıdurmanı, fikir ixtilafını hər vasitə ilə qızışdırmağa çalışırdılar) təkcə Əlimərdan bəylə Məhəmməd Əminin münasibətlərini korlamamışdı. Həm də on ilə yaxın bir müddət ərzində Cümhuriyyət hökumətinin Avropada rəsmi təmsilçisi kimi çıxış edən Nümayəndə heyətinin parçalanmasına və fəaliyyətini dayandırmasına gətirib çıxarmışdı. Ə.Topçubaşov faktiki olaraq təklənmişdi.

 

Lakin Azərbaycanın maraqları, milli hərəkatın keçmişi və gələcəyi qarşısındakı məsuliyyət hissi sonda Cümhuriyyətin bu iki fədaisini şəxsi ambisiyalarını bir tərəfə qoyaraq barışmağa vadar etmişdi. Onlar siyasi uçurum üzərindən bir-birinə əl uzatmağı, öz ardıcıllarına nümunə göstərməyi bacarmışdılar. 1934-cü ilin avqustunda Brüsseldə Qafqaz Konfederasiyası Paktını Azərbaycan adından birlikdə imzalamışdılar.

 

Hər ikisinin öz siyasi bioqrafiyasında önəmli saydıqları bu mühüm hadisədən üç ay sonra - M.Ə.Rəsulzadə 1934-cü ilin noyabrında Parisdə  onun məzarı önündə aşağıdakı sözləri söyləməyə özündə mənəvi haqq tapmışdı: “Bu gün millətimizin yetirdiyi ən böyük şəxsiyyətlərdən birinə “Əlvida!” deyirik. Parlamentimizin ilk sədrini, Azərbaycan Nümayəndə heyətinin möhtərəm  başçısını Fransa torpağına əmanət veririk. Təəssüf ki, biz onu ana vətənində dəfn edə bilmirik.

 

Yalnız Parlament sədri, Nümayəndə heyətinin rəhbəri, Milli Şura üzvü kimi vəzifələrinin sadalanması hələ onun bütün xidmətlərini əhatə etmək deyil. Millətin rifahı və tərəqqisi naminə Əlimərdan bəyin çəkdiyi zəhmətlərin sözlə ifadəsi imkan xaricindədir. Biz Əlimərdan bəyin şəxsində bütöv bir epoxanın təcəssümünü itirdik. İctimai və siyasi həyatımızda özündə bütöv bir nəsli birləşdirən şəxsiyyəti qeyb elədik”.

 

Yəqin elə bu hisslərin təsiri altında da M.Ə.Rəsulzadə mübarizə dostuna - Əlimərdan bəyə münasibətdə yol verilmiş haqsızlıqların günahını onun ruhuna sonsuz ehtiramla, ailəsinə və övladlarına qayğı ilə yumağa çalışmışdı. Aşağıda tam mətnini gətirdiyim məktub da həmin hisslərin təsiri altında meydana çıxmışdı:

 

“Çox hörmətli pan kapitan Xaraşkeviç!

 

Pan mayor Dombrovski (Dombrovski Vlodzimej, 1896-1962, Polşa ordusu Baş Qərargahı yanında Ekspozitura-2 şöbəsinin zabiti, 1933-1937-ci illərdə Polşa kəşfiyyatı Paris rezidenturasının  rəhbəri -V.Q.) Sizin mərhum Əlimərdan bəy Topçubaşovun ailəsinə bundan sonra da təqaüd verilməsini qeyri-mümkün hesab etməyiniz və təqaüdü kəsmək fikrinə düşməyiniz haqqındakı qərarınızı diqqətimizə çatdırdı.

 

Belə bir qərar bizi çox çətin vəziyyətdə qoyur. Biz milli hərəkatımızda bu qədər görkəmli mövqe tutan, dəfni ümumqafqaz həmrəyliyinin nümayişinə çevrilən mərhumun ailəsinə hər hansı bir şəkildə yardım göstərmək imkanından məhrum oluruq. Digər tərəfdən, təqaüdün dayandırılması faktı bəd niyyətli müxalifətə bizi ictimai fikirdə gözdən salmaq, fitnəkarlığa çəkmək üçün əla fürsət verir. Biz isə bildiyiniz kimi, çıxıb hər şeyi izah etmək durumunda deyilik.

 

Yaranmış vəziyyəti hərtərəfli müzakirə etdikdən sonra biz pan mayorla belə qərara gəldik: ən yaxşı çıxış yolu mərhumun oğlu Ələkbər Topçubaşini müəyyən işə cəlb etmək olardı. Üstəlik də hər hansı bir vəzifəsinin olmamasına baxmayaraq, Ələkbər Topçubaşi milli fəaliyyətlə bağlı bəzi tapşırıqları yerinə yetirir, ümumi işimizdə bizə bacardığı qədər yardım göstərir.

 

Biz qərara gəldik ki, onu rus dilində nəşri nəzərdə tutulan jurnala redaktor təyin edək. Əminəm ki, bu məsələlərdən xəbərdarsınız və söhbətin nədən getdiyini yaxşı bilirsiniz. Nəşriyyat işlərindən başqa, bizim ümumqafqaz fəaliyyətimizin bəzi texniki funksiyalarını da gənc Topçubaşiyə həvalə etmək mümkündür.

 

Redaktor kimi Ələkbər bəyə lazımi maaş verməklə biz mərhum Topçubaşinin ailəsinin maddi təminatı məsələsini xüsusi çətinliklə üzləşmədən həll edə bilərdik.

 

Ümid edirəm ki, bizim və mərhumun ailəsinin düşdüyü vəziyyəti anlayışla qarşılayaraq  təklifimizə tərəfdar çıxacaqsınız. Mənimlə eyni vaxtda dostumuz mayor da bu barədə  ayrıca məktub göndərir.

 

Fürsətdən istifadə edərək Sizə bir daha öz dərin hörmətimi bildirirəm.

 

M.Ə.Rəsulzadə”.

 

P.S. Lakin təəssüf ki, Parisdə rus dilində jurnal nəşr etmək, Ələkbər bəy Topçubaşini onun redaktorluğuna gətirmək və bununla da E.Xaraşkeviçin qeydlərindən də göründüyü kimi, “dilənçi vəziyyətində yaşayan Topçubaşi ailəsinə” bu yolla yardım göstərmək mümkün olmamışdı. 1936-cı ilin martında Parisdə olan polyak kəşfiyyatçısı Məhəmməd Əmin Rəsulzadə və Mir Yaqub Mehdiyevlə görüşmüşdü. Bu görüş zamanı Əlimərdan bəyin dul xanımının və övladlarının ağır maddi vəziyyəti yenidən müzakirə mövzusuna çevrilmişdi. Ələkbər bəy Topçubaşinin Fransa təbəəsi olmadığından heç yerdə işə götürülməməsi, ailənin sonbeşik övladı Ənvər Topçubaşinin yüksək qabiliyyət nümayiş etdirməsinə baxmayaraq, təhsil haqqı ödəyə bilmədiyi üçün universiteti yarımçıq buraxmaq məcburiyyətində qalması haqda E.Xaraşkeviçə məlumat verilmişdi. E.Xaraşkeviç Prometey hərəkatının aparıcı simalarından biri kimi tanınan Əlimərdan bəyin ailəsinə yardım göstərmək üçün bütün mümkün yollara baş vuracağı ilə bağlı onları bir daha əmin etmişdi.

 

Müsbət nəticə olmuşdumu? Ekspozitura-2 konkret bir iş görə bilmişdimi? Yoxsa əvvəllər də dəfələrlə təsadüf olunduğu kimi, hər şey sadəcə xeyirxah niyyət və vəd səviyyəsindən o yana keçməmişdi? Təəssüf ki, mənbələrdə bu barədə heç bir məlumata rast gəlmirik.

 

Lakin istənilən halda imkanlarının bütün məhdudluğuna baxmayaraq, mübarizə və əməl yoldaşının ağır maddi durumda olan ailəsinə yardım göstərməyə çalışan M. Ə. Rəsulzadənin nəcibliyi təqdirəlayiqdir.

 

Budapeşt

Fevral, 2018-ci il

525-ci qəzet $g 2018.- 3 mart.- S.18-19.