Poetik
sözün möcüzəsi - Şair Əşrəf Veysəllinin
80 illiyinə
Hörmətli qələm dostumuz
Əşrəf Veysəlli!
Siz ədəbi yaradıcılığa hələ
60-cı illərdən başlamısınız. Yazılarınız
haqqında Xalq şairləri Rəsul Rza, Süleyman Rüstəm,
Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza
Ulutürk, Xalq yazıçısı İlyas Əfəndiyev,
akademik Bəkir Nəbiyev, filologiya elmlər doktoru Vaqif Yusifli
və başqaları fikir söyləmiş, şeirlərinizi
böyük məhəbbətlə təqdir etmişlər.
İlk şeirlər kitabınız “Qayğı” 1972-ci
ildə “Gənclik nəşriyyatı tərəfindən dərc
edilmişdir.
Bu kitaba o zaman çox məşhur olan “Hardasan” , “Küknar
haqqında ballada”, “Təzadlar dünyası”, “Kiçik bir
planet” və başqa şeirləriniz toplanmışdır. İkinci kitabınız “Təki səni duyan olsun”
adlandı. O zaman yazdığınız “Bir gecəlik
ayrılıq” lirik poemanız da bu kitaba daxil edildi və ədəbi
ictimaiyyətin böyük marağına səbəb oldu. Şeirlərinizdəki orijinallıq, səmimiyyət,
gözəllik, təravət, cəmiyyətdəki əyriliklərə
dözülməzlik və mübarizə ruhu diqqəti cəlb
edir. Siz əmək fəaliyyətinə
orta məktəbi bitirib, bu gün işğal altında olan
doğma Yuxarı Veysəlli kəndindəki yeddi illik məktəbin
katibliyi ilə başlamısınız, sonra hərbi xidmətə
çağırılmısınız. Hərbi xidmətdə
ola-ola, ADU-nun şərqşünaslıq fakültəsinə
qəbul imtahanlarını uğurla verərək, fars filologiyası şöbəsinə daxil
olmusunuz. Ali təhsil aldıqdan sonra Sumqayıt
şəhərindəki 35 saylı texniki peşə məktəbində
tərbiyəçi müəllim, direktor müavini işləmisiniz.
Ayrı-ayrı
vaxtlarda şahmat klubunun, Əli Kərim adına poeziya
klubunun, Şəhər Mədəniyyət evinin, Dövlət
Dram teatrının direktoru, Sumqayıt şəhər Mədəniyyət
şöbəsinin müdiri və Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Sumqayıt
şəhər komitəsinin sədri vəzifələrində
çalışmısınız.
Hazırda Azərbaycan Yazıçılar Birliyi
Sumqayıt şöbəsində ictimai əsaslarla Məsləhət
şurasına sədrlik edirsiniz.
Müxtəlif
vaxtlarda “Ayrılığın üzü dönsün”, “Bu
dünya belə qalmaz”, “Sumqayıtın qan yaddaşı”,
“İki dostun bir ürəyi”, “Ürəyim Allah evidir”,
“Dağlar, sizdə nəyim qaldı”, “Qarşıma sız
çıxın” və başqa kitablarınız nəşr
olunub. Şeirləriniz bir sıra xalqların
dilinə tərcümə olunmuşdur. Sumqayıtda əbədi
mühitin formalaşmasında sizin xüsusi xidmətləriniz
var. Əməyiniz Müstəqil Dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmiş və “Əməkdar Mədəniyyət
İşçisi” fəxri adına layiq
görülmüşsünüz. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin bu yaxınlardakı Sərəncamına
əsasən “Tərəqqi” medalı ilə təltif
olunmusunuz.
Hörmətli
qələm dostumuz Əşrəf Veysəlli! Sizi
- bu gün də oxucuların maraq dairəsində olan sevimli
şairimizi və publisistimizi anadan olmanızın 80 illik
yubileyi münasibəti ilə bir daha səmimi qəlbdən təbrik
edir, sizə sağlam həyat və yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
Avtandil
AĞBABA
Filologiya
elmləri doktoru, professor
Tanınmış şair-publisist, Əməkdar mədəniyyət
işçisi Əşrəf Veysəllinin
yaradıcılıq yolu poetik tapıntılarla dolu
sirli-sehirli bir aləmdir. İlk qələm təcrübəsini 1953-cü ildə
dərc etdirən Ə. Veysəllinin indiyədək çap
olunmuş “Qayğı” (1971), “Təki səni duyan olsun”
(1984), “Sumqayıtın qan yaddaşı” (1998),
“Ayrılığın üzü dönsün” (1998), “Bu
dünya belə qalmaz” (2000), “Ürəyim Allah evidir” (2008),
“Dağlar, sizdə nəyim qaldı” (2015), “Qarşıma siz
çıxın” (2015) və digər kitabları onun dəst-xəttinin
özünəməxsus poetik nişanələridir. Öncə qeyd etmək lazımdır ki, Sumqayıt
ədəbi mühitini Əşrəf Veysəllinin
yaradıcılığından kənarda təsəvvür
etmək mümkün deyildir. Başqa
sözlə, onun poeziyasının parlaq və cazibəli
fonunda Sumqayıt ədəbi mühitinin sənət keyfiyyətləri
barədə daha dolğun və ətraflı məlumat almaq
olar. Əlbəttə, biz bununla bu mühitin təşəkkülündə
və formalaşıb inkişaf etməsində müxtəlif
ədəbi nəslə mənsub Xasay Cahangirov, Mir Sabir,
Xıdır Alovlu, Əvəz Lələdağ, Rafiq
Yusifoğlu, Ofelya Babayeva, Almaz Sahilə, Gülnarə Cəmaləddin,
Məmməd Namaz, Tofiq Məmməd, Feyzi Mustafa, Sabir Sarvan,
Zirəddin Qafarlı, İbrahim İlyaslı, Ağəddin
Mansurzadə, Rafiq Oday, Məmməd İlqar və
adlarını çəkə bilmədiyimiz digər qələm
sahiblərinin xidmətlərini qətiyyən kiçiltmək
fikrində deyilik. Lakin mübaliğəsiz demək
olar ki, çağdaş ədəbi prosesdə Sumqayıt ədəbi
mühitinin özünəməxsus mövqe qazanmasında
söz adamları arasında və birincilər
sırasında Əşrəf Veysəlli dayanır. Digər
tərəfdən onun müxtəlif vaxtlarda “Sosialist
Sumqayıtı” qəzeti nəzdində fəaliyyət
göstərən bədii şurada, Əli Kərim adına Poeziya klubunda və ədəbiyyatla
bağlı digər mədəni-maarif işlərində
çalışması, istedadlı gənclərə
müntəzəm diqqət və qayğısı ədəbi
mühitin inkişafına çox müsbət təsir
göstərmişdir. Elə buna görədir
ki, istər onun poeziyası, istərsə də publisistik
yazıları həmişə birnəfəsə oxunub, oxucu
heç vaxt “yoruldum” deməyib. Ədibin
ilk qələm təcrübələrindən tutmuş bu
günə qədər yazdığı əsərlərdə
kövrək qəlbli bir insanın duyub
düşündükləri elə həssaslıqla poetik
şəkildə biçimlənir ki, hətta onun satirik və
yumoristik məzmunlu şeirlərində də kövrək
bir qəlbin döyüntüləri özünü hiss
etdirir. Bu, onun poetik üslubunu, fərdi sənət
keyfiyyətlərini müəyyənləşdirən ən
önəmli göstəricidir. Bir məqalədə
Əşrəf Veysəlli
yaradıcılığının bütün təfərrüatları
barədə söz demək, fikir yürütmək, əlbəttə,
mümkün deyildir. Lakin biz şairin
poeziyasının mövzu dairəsini, ədəbi-estetik
istiqamətlərini yığcam şəkildə ümumiləşdirməklə
onun yaradıcılığının müəyyən
xüsusiyyətlərini səciyyələndirə bilərik.
Keçən əsrin 50-ci illərindən başlayaraq
bu günə kimi Sumqayıta həsr olunmuş şeir və
poemaların demək olar ki, əksəriyyətində şəhəri
tikib yaradanların qadir əməyinin, Sumqayıtın əzəmət
və gözəlliyinin təsvir və tərənnümü
əsas yer tutur. Ə. Veysəllinin “Bənna dostuma məktublar” (1969)
şeirini oxuyanda ilk baxışda adama elə gəlir ki,
müəllif burada Sumqayıt fəhləsinin, ağır zəhmətə
qatlaşan bənnanın obrazını yaratmaq istəmişdir.
Lakin misraların sonrakı axarı oxucunu bu
fikirdən daşındırır. “Dalğanın evi dəniz”,
“ceyranın düzlər”, “tərlanın dağlar” olduğunu
obrazlı şəkildə ifadə edən şair “taleyi,
arzusu nura boyanan şəhərdə” minlərlə
insanın çəkdiyi iztirabları, evsizlik dərdini dilə
gətirir:
Mən
evsiz qalmışam,
nədəndir, ey dost,
Məgər
dəmirəm mən,
məgər daşam mən.
Ev - elə
bir kiçik vətəndir, ey dost,
Deməli, vətənsiz vətəndaşam mən.
“Görəsən evsiz də insan olarmı?”, “sahildə,
küçədə yatıb gecələyənlər” və
sair kimi obrazlı ifadələr, “xoşbəxt cəmiyyətin”,
“ədalətli quruluşun” görünməyən tərəflərini
əks etdirir.
Şair evsizlik dərdini dağılan ailələrin,
xoşbəxt ola bilməyən
insanların taleyi kimi mənalandırır. Müəllifin
sənətkarlıq məharəti bundadır ki, o, evsizliyi
adi məişət qayğısından cəmiyyətin
qlobal problemi səviyyəsinə yüksəldir. Lirik qəhrəmanın
vəhdət təşkil edən sərt və kövrək
monoloqunda dərin bir ümumiləşdirmə vardır, bu
ümumiləşdirmə fəlsəfi-estetik səciyyəsi
ilə şeirin bədii siqlətini, sosial emosiyaları daha da
gücləndirir:
Hardasa hələ
də şəhərlər yanır,
Hardasa hələ də evsizik bu gün.
XX əsrlə
necə dolanır,
Necə
yola gedir evsizlik bu gün?!..
Bənddəki bədii sual və təzadlar, anafora və
inversiyalar sosial ağrıları yeni çalarlarla zənginləşdirir.
Ədəbi mühitin bütün mərhələlərində
gərgin yaradıcılıq axtarışları və
poetik tapıntıları ilə seçilən Əşrəf
Veysəllinin poeziyasında müharibənin insanlığa gətirdiyi
bəlalar, bəşəri fəlakətlər şikəst
bir döyüşçünün simasında maraqlı və
yaddaqalan detallarla təsvir olunmuşdur. “Toyda bir
qız oynayır” şeirində şair gözəlliyi ilə
hamını məftun edən bir qızı təsvir edir.
Şəlalə hörüklü, qara
gözlü bu el gözəli rəqs etdikcə musiqiçilər
də özlərini unudur, tarçı “canından çox
sevdiyi musiqi alətini onun şümşad ayaqlarının
altına atmaq istəyir”.
Süjetli lirikanın gözəl nümunələrindən
olan bu şeirdə təbiətin özünü də heyrətə
salan bu qız qəflətən əsərin lirik qəhrəmanının
- keçmiş döyüşçünün
qarşısında dayanıb onu rəqsə dəvət
edir. Bu ana qədər sevincindən yerə-göyə
sığmayan lirik qəhrəman dərin kədərə qərq
olur, qıza deyə bilmir ki, mən oynaya bilmərəm,
çünki “ayaqları ölüdür, geydiyi protezdir”.
Müharibədən çox-çox sonra
keçirilən bu el şənliyində toyun doğurduğu
sevinclə qanlı döyüşlərin
ağrı-acılarının arasındakı təzad
müəllifin əsas qayəsinin poetik siqlətini ifadə
edir. Ağır döyüşlərin
birində yaralanıb qospitalda gözünü açan bu
igid döyüşçünün yalnız ayaqları zədələnməmişdir,
“onun gəzəcəyi yerlər, keçdiyi yollar da güllələnmiş,
oynamaq istədiyi havalara, bəstələrə, hisslərə”
düşmən gülləsi dəymişdir. Kədər və qüssə dolu bu hadisəni
şair bəşəriyyətin tragik taleyi kimi mənalandırır.
Müharibə insanları yalnız şikəst, ya da həyatdan
məhrum etmir, onların mənəvi hisslərinə, humanist
duyğularına, istedadına da zərbə endirir:
Bir vədə
görmüşəm ki,
Boyum da
qısalıbdır,
Boyuma güllə dəyib.
Sən
demə cəbhələrdə
Oyunuma,
havama,
Toyuma güllə dəyib.
Maraqlıdır
ki, “boy”, “şəkil”, “toy”, “doğum günü”, “pencək”
və sair kimi anlayışlar qeyri-standart poetik səciyyəsi
ilə müharibə fəlakətlərinin qabarıq ifadəsinə
çevrilir.
“Toyda bir qız oynayır” şeirində milli-estetik
gözəlliklə müharibənin çirkin və eybəcər
siması sənətkarlıqla
qarşılaşdırılır. Lirik qəhrəman çəkdiyi mənəvi
iztirablara, ağrı və məhrumiyyətlərə
baxmayaraq, gözəlliyə təslim olur, mənəvi-əxlaqi
dəyərlər onun humanist qəlbini ümid
işığı ilə doldurur, yaşamaq eşqini daha da
gücləndirir:
Dadıma
çat, ay zaman,
İtənləri
tap gətir.
Gəncliyim
qar altında
Ərisə
də, götür gəl!
Ayağım
yer altında
Çürüsə
də, götür gəl!
Lirik “mən”in bu arzusu “dünyanı gözəllik xilas
edəcək” ideyasını Ə. Veysəllinin
yaradıcılıq üslubuna məxsus poetik deyimlərdə
bir daha təsdiqləyir.
Şairin “Poçtalyon qız” (1976), “Söyüdlər
ağlayanda” (1989), “Təndir” (1979) və sair şeirlərinə
də eyni keyfiyyət xasdır. Xüsusilə, “Təndir”
şeirində arxa cəbhədə insanların çəkdikləri
əziyyətlər, müharibənin gətirdiyi aclıq və
ehtiyac obrazlı misraların axarında sənətkarlıqla
ifadə olunmuşdur. Bolluq və bərəkət, əmin-amanlıq
rəmzi olan təndir “qırx birdən qırx beşə az
yansa da”, “vətənin beş əsgərini
əjdahanın - aclığın əlindən
almışdır”. Müəllif müharibə
dövründə kənddə hökm sürən
qıtlıq və aclığı, özünün
uşaqlıqda çəkdiyi məhrumiyyətləri
canlı xalq danışıq dilindən gələn zəngin
məzmunlu metafora ilə bədiiləşdirmişdir:
Təndir
bir qarnı tox, bir qarnı da ac,
Qızara-qızara saxlardı bizi.
Böyük Vətən müharibəsində milyonlarla
insan həyatını itirdi. Maddi və mənəvi
itkilərin miqyası bəşər tarixində indiyədək
görünməmiş ölçülərlə müəyyən
olunur. Bu itkilər yalnız faşist
Almaniyası ilə keçmiş SSRİ arasında gedən
müharibənin törətdiyi faciələr deyildi. Bu, həm də bəşəriyyətin faciəsi,
bəşəri sivilizasiyaya vurulan qanlı zərbələr
idi. Buna görə də Böyük Vətən
müharibəsi mövzusu aradan onilliklər keçməsinə
baxmayaraq, ciddi və aktual problem kimi ədəbi prosesin əsas
mövzularından biri olaraq qalır. Sumqayıt
ədəbi mühitində fəaliyyət göstərən
şairlərin, o cümlədən, Əşrəf Veysəllinin
poeziyasında bu mövzu milli və bəşəri səciyyəsi
ilə seçilir. Bu səciyyə daha
çox özünüdərk və lirik-psixoloji təhlilin
zənginliyi ilə xarakterizə oluna bilər.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatında
olduğu kimi, Sumqayıt ədəbi mühitində də
müharibə mövzusu 1990-cı ildən bu günə qədər
Qarabağ müharibəsinin təməlində dayanır və
bununla əlaqədar olaraq yüzlərlə əsər
yaranmışdır.
Bu mövzu Ə. Veysəllinin istər poetik, istərsə
də publisistik yaradıcılığında ayrıca bir mərhələ
təşkil edir. Bu, bir tərəfdən
çağdaş ədəbi prosesin ümumi ahəngi və
yaşadığımız dövrün
ağrı-acıları ilə bağlıdırsa, digər
tərəfdən şairin özünün şəxsi
taleyi, fərdi yaşantıları ilə əlaqədar olub
onun duyğu və düşüncələrinin bədii təcəssümüdür.
Doğma
yurdun erməni işğalçıları tərəfindən
əsarətdə qalması, “siyasət oyununda mat qalan
Qarabağın” göynəyən yaraları onun şeirlərinin
dərd yüklü misralarında elə kövrəkliklə
ifadə olunur ki, oxucu da bu kövrək duyğuların
içində nicat yolu axtaran şairin harayına qoşulur:
Atamın
çağrışında,
Anamın
göz yaşında,
A
bağrımın başında,
Çat olan Qara bağım.
“Boş beşiyin laylası” şeirində körpəsi
diri-diri yandırılan gənc ananın iztirab dolu monoloqu
qanlı cinayətlər törədən erməni vandalizminə
qarşı ittiham kimi səslənir. Bu şeiri oxuyandan
sonra gözəlliyə Tanrı kimi baxan Cavidin “sürüklənən
bəşəriyyət qadınla yüksələcək” kəlamı
sanki güllə yağmuruna tutulub param-parça olur. Oxucu, şəxsən bu sətirlərin müəllifi
inana bilmir ki, erməni olan yerdə həqiqətən
“surüklənən bəşəriyyət qadınla
yüksələ” biləcəkmi?!
Əvvəldə qeyd etdiyimiz kimi, şairin tənqidi
ruhlu şeirlərində də bir həzinlik və kövrəklik
duyulur. “Oynayırıq” şeirində həmin xüsusiyyət
aydın görünür. Bu şeirdə
müəllif “protez” ifadəsini tamamilə başqa bir məqamda
acı kinayə ilə işlədir. Biganəlik, milli dərdlərə
laqeyd münasibət istehzalı gülüşlə təzadlı
deyimlərin biçimində təsvir və tənqid edilir:
Torpaq
gedib, oynayırıq,
Papaq gedib, oynayırıq.
Bir də
baxıb görürük ki,
Geydiyimiz
protezdir,
Ayaq gedib, oynayırıq.
Bütün sənətkarların yaradıcılığında
əbədi bir mövzu olan sevgi, məhəbbət hissləri
Əşrəf Veysəllinin poeziyasının da mühüm
bir istiqamətini təşkil edir. “Sevgi şeirləri yazıram hələ”
- deyən müəllifin qələmə aldığı
könül duyğuları, incə hisslər, gözəlliyə
məftunluq poetik biçimli misraların axarında
sirli-sehirli sevgi dünyasının unudulmaz cazibəsini oxucuya
bəxş edir:
Layiqdir
ki, o gül əllər gül dərə,
Könlüm
qonar o dərdiyi güllərə,
Sevə-sevə
bəslədiyi güllərə,
Ürəyimin dibçək olan vaxtıdır.
Lirik “mən”in mənəvi etirafları, ayrılığın
doğurduğu iztirablar, vüsal həsrəti, bir sözlə,
bakirə bir sevginin əlçatmaz gözəlliklərinin bədii
ifadəsi olduqca səmimi təsir bağışlayır. Onu da qeyd edim
ki, bu cür səmimiyyət Ə. Veysəlli
poeziyasının ən ümdə və özünəməxsus
sənət kredosunu müəyyənləşdirir. Elə buna görədir ki, sevgi, məhəbbət
anlayışı onun yaradıcılığında öz
humanist mahiyyəti ilə ədəbi-estetik bir ideala
çevrilib daha geniş məzmun qazanır. Bu məqamda şair ulu Tanrının bəxş
etdiyi bitib-tükənməz gözəlliklərə bir
filosof gözü ilə baxır. Dünyaya, təbiətə
vurğunluq, həssas bir qəlbin duyduqları fəlsəfi
düşüncələrlə birləşib poetik harmoniya
yaradaraq özünüdərkin özünəməxsus cəhətlərini
nümayiş etdirir:
Gün
düşür çöllərin qar sinəsinə,
Sular işım-işım işıldayırdı.
Sanki ulu
Tanrı yer kürəsinə,
“Sevirəm” sözünü
pıçıldayırdı.
İki bəndlik bu şeirdə şair səhərin
açılmasını elə həssaslıqla, dərin
sevgi ilə təsvir edir ki, insan “təzə
pardaxlanmış çiçək kimi dünyanın” əzəməti
qarşısında heyrətə düşür,
yaşayıb-yaratmağın gözəlliyini sanki yenidən
dərk edir.
Ümumiyyətlə, sadəlik və səmimilik,
müasirlik, nikbinlik və özünüdərk hissləri,
milli-mənəvi köklərə bağlılıq və
digər keyfiyyətlər Əşrəf Veysəlli
yaradıcılığının başlıca cəhətlərini
müəyyənləşdirir. Başqa sözlə,
diqqətə çəkdiyimiz və çəkə bilmədiyimiz
digər ədəbi-fəlsəfi, bədii-estetik
ölçülərdə Ə. Veysəllinin özü və
sözü, şəxsiyyəti və poeziyası təzahür
edir. Bu ölçülər öz kökləri ilə
şairi ümumtürk ədəbi-mədəni
düşüncəsinə bağlayaraq yüz illərdən
süzülüb gələn sənət ənənəsini
yeni poetik tapıntılarda, bənzərsiz deyimlərdə
nümayiş etdirir:
Salam bu
köhnə dünyaya,
Təzə gələn şairlərə.
Söz
qanıb-mətləb anlayan,
Qədirbilən şairlərə.
Bir nəfəsə
min ah çəkən,
Hər
sözünə sınaq çəkən,
Kədərə
şaqqanaq çəkən,
Dərdə gülən şairlərə.
Əriyib sözə yığılan,
Gözlərinə qan sağılan,
Hər gün təzədən doğulan,
Hər gün ölən şairlərə.
“Salam” (2011) adlı bu üç bəndlik gəraylı fəlsəfi-ürfani, ideya - bədii xüsusiyyətləri ilə Yunis İmrə ruhunu xatırladır.
Əşrəf Veysəlli poeziyasında necədirsə, publisistik yaradıcılığında da eynilədir: sadə və səmimi, sünilikdən uzaq, yaşayıb-yaratmağın vurğunu. Onun “Atamın qonağı ola bilmədim”, “Xatirələrdən boylanan Vaqif”, “Ürəyi özündən boyük olan dost”, “Hacı Agəddin Mansurzadənin son sözləri”, “Qarabağda talan var” və digər publisistik məqalələri həyati detalların tipikliyi, təhkiyənin axıcılığı və ən başlıcası, poetik örnəklərlə bədiiləşən təsvirlərin özünəməxsusluğu ilə diqqəti cəlb edir. Həcmindən, mövzusundan asılı olmayaraq Ə.Veysəllinin bütün publisistik yazılarında yüksək vətəndaşlıq yanğısı, dosta sədaqət, yurd sevgisi, mənəvi saflıq, xeyirxahlıq və s. kimi insani keyfiyyətlər qabarıq şəkildə özünü büruzə verir. Xüsusilə, qələm dostları Feyzi Mustafa, Vaqif İbrahim, Ağəddin Mansurzadə haqqında yaratdığı portret-oçerklər Əşrəf Veysəllini bir şəxsiyyət və sənətkar kimi oxucu gözündə ucaldır. Bu yazılarda fəxrlə “Mən Azərbaycanlıyam!” - söyləməyə haqqı olan bir insanın qranit xarakterinin milli-mənəvi cizgiləri bütün aydınlığı ilə görünür. Bu, şair taleyinə açılan qapıdır ki, o xoşbəxtlik qapısından birinci olaraq Əşrəf Veysəllinin özü daxil olmuşdur və bu qapı heç vaxt örtülmür, hamının üzünə açıqdır.
Ömrünün səksəninci baharını yaşayan Əşrəf Veysəlli yaradıcılığının müəyyən mərhələlərini nəzərdən keçirməklə onun şeirə-sənətə yüksək sədaqət və sevgisinin bir daha şahidi olduq. Elə bu sevgi və sədaqət işığında o, yeni-yeni yaradıcılıq uğurları ilə oxucuların görüşünə gəlir, özünün və sözünün gəncliyini içində yaşada-yaşada gəncləşir.
Ədalət 2018.- 3 mart.- S.23-24.