Polkovnik İsrafil bəyin "Azərbaycan ordusu haqda xatirələr"inə sözardı

 

Son zamanlar kütləvi informasiya vasitələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı çoxlu sayda maraqlı yazılar işıq üzü görməkdədir.

Həmin yazılarda Cümhuriyyət tarixinin gizli və şərəfli anlarına işıq salınaraq oxucuların diqqətinə təqdim olunur. Azərbaycanın tanınmış alimlərinin, tədqiqatçılarının və ziyalılarının qələm məhsulu olan belə yazıların oxuculara çatdırılmasında "525-ci qəzet"in (həm də saytın) fəaliyyəti də minnətdarlıqla anılmağa layiqdir. Belə yazılardan biri də hörmətli ziyalımız Vilayət Quliyev tərəfindən təqdim olunmuş Polkovnik İsrafil bəyin "Azərbaycan ordusu haqda xatirələr"i adlı xatirə-memuarıdır. Bu xatirə-memuarda milli tərkibli ilk hərbi hissələrin və Cümhuriyyət ordusunun qurulması ilə bağlı doğrudan da elmi-tarixi maraq doğuran və elmi dövriyyəyə ilk dəfə çıxarılan xeyli dəyərli məlumatlar mövcuddur.

Bu xatirə-memuarın daha da tamamlanması və oxucularda Cümhuriyyətin ordu quruculuğu haqqında daha tamamlanmış təsəvvürün yaradılması üçün müəllifin toxunduğu bir sıra məsələlərin daha ətraflı işıqlandırılmasına, onların tarixi dəyərinin açılmasına ehtiyac vardır. Bununla Cümhuriyyət ordusu quruculuğunun daha mükəmməl bir mənzərəsi yaradılmış olardı. Eyni zamanda, İsrafil bəyin xatirələrində mövcud olan bəzi qeyri-dəqiq faktların dəqiqləşdirilməsi həm tarixi faktların bərpası, həm də İsrafil bəyin xatirələrinə istinad zamanı daha düzgün nəticələrin əldə edilməsinə imkan vermiş olardı. Təqdim olunan aşağıdakı qeydlərdə bu məqamlara diqqət yetirilmişdir.

Bəzi məsələlərə səthi toxunulmasını və qeyri-dəqiq faktların mümkünlüyünü, əslində, İsrafil bəy özü də etiraf etmiş və bildirmişdir ki, xatirələrini yazarkən onun əlinin altında lazım olan sənədlər mövcud olmamışdı.

Ümumiyyətlə, qeyd edilməlidir ki, Cümhuriyyət hərbçiləri arasında memuar yaradıcılığı elə də zəngin deyildir. Əslində, bu da başa düşüləndir. Çünki Cümhuriyyət ordusunun zabitlərinin böyük hissəsi bolşevik terroruna məruz qaldı və onlardan çox az hissəsi həyatlarını xilas edərək digər ölkələrə mühacirət edə bildilər. Onların arasından da hələlik elm aləminə polkovnik Cahangir bəy Kazımbəyovun, polkovnik İsrafil bəy İsrafilovun, Cümhuriyyətin süqutu ərəfəsində Azərbaycan Hərbiyyə məktəbini yenicə bitirərək Türkiyəyə mühacirət etmiş gənc zabit Əjdər Qurtulanın, Müsəlman korpusunun Müsəlman atlı divizionunda xidmət etmiş Mirəziz Seyidli adlı könüllünün xatirələri məlumdur. Sovet hakimiyyəti illərində Türkiyədə nəşr olunan "Azərbaycan" dərgisində də memuar xarakterli kiçik yazıların çap olunması istisna deyildir. Polkovnik İsrafil bəyə gəldikdə isə onu demək lazımdır ki, onun Cümhuriyyət ordusu ilə bağlı ilk xatirələri hələ 1923-cü ildə "Yeni Qafqaziya" jurnalında işıq üzü görmüşdü (bu xatirə "Hərbi Bilik" jurnalının 1996-cı il 4-cü nömrəsində təkrar çap olunmuşdur). Həmin xatirə həcmcə kiçikdir. Çox güman ki, bu kiçik xatirəni oxuduqdan sonra M.Ə.Rəsulzadə müəllifdən xatirələrini daha geniş şəkildə yazmağı xahiş etmiş (bu barədə İsrafil bəy öz yazısında xatırladır) və nəticədə Vilayət Quliyevin təqdim etdiyi yazı meydana gəlmişdir.

Vilayət Quliyev tərəfindən Cümhuriyyət dövrü istisna olmaqla İsrafil bəyin həyatı haqqında geniş məlumat verilmişdir. Onun Cümhuriyyət dövrü fəaliyyəti ilə bağlı isə aşağıdakıları demək mümkündür.

İsrafil bəyin özünün də yazdığı kimi, çar Rusiyası ordusu sıralarından xidmətdən Azərbaycana qayıdışı Müsəlman korpusunun təşkili ilə bağlı idi. Bu korpusun təşkilinə hələ Azərbaycanın müstəqilliyinin qazanılmasından əvvəl, 1917-ci il dekabr ayının 11-də başlanmışdı. 1917-ci ilin oktyabrında Peterburqda baş verən bolşevik çevrilişindən sonra Cənubi Qafqaz Rusiyadan qopmuş və bu bölgənin idarə edilməsi üçün Zaqafqaziya Komissarlığı adlı bir qurum yaradılmışdı. Konkret tarixi şəraitdə Azərbaycan xalqını real hərbi təhlükələrdən və təcavüzlərdən qorumaq üçün milli qüvvələrin təkidi ilə Zaqafqaziya Komissarlığı azərbaycanlılardan təşkil ediləcək Müsəlman korpusunun yaradılmasına rəsmi olaraq icazə vermişdi və tanınmış generalımız Əliağa Şıxlinski bu korpusun komandiri təyin edilmişdi. Doğrudur, Əliağa Şıxlinskinin rəhbərliyi altında toplanmış olan azərbaycanlı zabitlər və könüllülər bu korpusun formalaşması üçün fədakar xidmətlər göstərdilər. Lakin ordu quruculuğu üçün milli bazanın, iqtisadi imkanların və infrastrukturanın olmadığı bir vaxtda bu təşkilatlanma prosesi çox ləng getdi və Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə bu korpus Azərbaycanın müstəqilliyini müdafiə etməyə qadir olacaq bir vahidə çevrilə bilmədi. Müsəlman korpusu tərkibində təşkilatlanmış hissələrdən biri Tatar süvari alayı idi ki, İsrafil bəy də bu alayın adını çəkmişdir. Azərbaycanlılardan ibarət olan Tatar süvari alayının yaradılmasına hələ 1914-cü ildə başlamış, bu alay Birinci dünya müharibəsi cəbhələrində uğurlu döyüş yolu keçmiş və Peterburqdakı bolşevik çevrilişi ərəfəsində Qafqaza köçürülmüşdü. Müsəlman korpusunun təşkilinə başlananda isə bu alay korpusun süvari briqadasının alaylarından birinə çevrildi. İsrafil bəy öz xatirələrində Müsəlman korpusunun tərkibində tələbələrdən və ziyalılardan təşkil olunmuş "Yaşıl qvardiyadan" da söz açmışdır ki, bu qvardiyanın nədən ibarət olduğunu söyləmək çətindir. İsrafil bəy özü də bu barədə açıqlama verməmişdir. Ona görə "Yaşıl qvardiya" hələlik bizim üçün də açılmamış bir məsələ olaraq qalmaqdadır. İsrafil bəy eyni zamanda onu da bildirir ki, süvari dəstəsinə polkovnik Səməd bəy Rəfibəyov rəhbərlik edirdi. Səməd bəy Rəfibəyov Müsəlman korpusunun təşkili zamanı polkovnik rütbəsində ola bilməzdi. Həmin vaxt o, hələ kiçik zabit idi. S.Rəfibəyov, İsrafil bəyin öz xatirələrini yazdığı vaxt artıq polkovnik idi və çox güman ki, İsrafil bəy də məhz bunu nəzərdə tutmuşdu.

 

1918-ci ilin martında Bakıda baş verən milli qırğınların dəhşətli nəticələrindən ilhamlanan bolşevik-daşnak qüvvələri hərbi güclərini toplayıb qərbə - Gəncəyə doğru irəliləməyə başladılar. Bütün Azərbaycanı azərbaycanlılardan təmizləyərək erməniləşdirmək ümidləri ilə ilhamlanan erməni millətçi-daşnak qüvvələri də Stepan Şaumyanın rəhbərliyi altında olan və əksəriyyətini ermənilər təşkil edən Bakı Soveti qüvvələrinin ətrafında səfərbər olaraq milli qırğınların coğrafiyasını genişləndirməyə qərar verdilər. Bu məqsədlə onlar Gəncə üzərinə hücuma başladılar. Həmin qüvvələri Hacıqabul ətrafında Müsəlman korpusunun çox da böyük olmayan dəstələri qarşıladılar. İsrafil bəyin xatirələrindən belə məlum olur ki, o da Hacıqabula qədər irəliləmiş Müsəlman korpusunun azsaylı qüvvələrinin tərkibində idi. Erməni və erməniləşmiş bolşevik qoşunları ilə Müsəlman korpusunun azsaylı qüvvələri 1918-ci ilin aprel ayında Hacıqabul ətrafında qarşılaşmalı oldular. Bakı Soveti rəhbərləri burada üstünlüyü əldə etmək üçün döyüşün aparılmasına hətta təyyarələr də cəlb edə bilmişdilər. Mənbələrdə Müsəlman korpusunun azsaylı qüvvələrinin fədakarlıqla vuruşması haqında bəzi qeydlərə rast gəlmək mümkündür. Lakin qüvvələr nisbətində daşnak-bolşevik qoşunları üstünlük təşkil edirdilər və ona görə də Müsəlman korpusunun bölmələri geri çəkilmək məcburiyyətində qaldılar. Stepan Şaumyanın ətrafında birləşmiş erməni millətçiləri və daşnakları bolşevik bayrağı altında həm Hacıqabul-Gəncə dəmir yolu xətti boyunca, həm də Bakı-Şamaxı-Göyçay şosse yolu boyunca Gəncəyə doğru hücuma başladılar. Bu qüvvələrin məqsədi Gəncə şəhərini tutmaqla bütün Azərbaycana sahib olmaq, Azərbaycan ərazisini azərbaycanlılardan təmizləmək, Azərbaycan ərazilərini daşnakların və daşnaklaşmış bolşeviklərin at oynatdığı bir məkana çevirmək idi.

 

İsrafil bəyin də qeyd etdiyi kimi, Azərbaycanı bolşevik-daşnak qoşunlarının bu dəhşətli niyyətlərindən Qafqaz İslam Ordusunun qətiyyətli mübarizəsi xilas etdi. Xatirələrdə Qafqaz İslam Ordusunun təşkili haqqında geniş məlumat verilməsə də, İsrafil bəy qeyd edirdi ki, çətin durumda hökumətimiz əsgəri qüvvə göndərilməsi üçün Türkiyəyə müraciət etdi və Türkiyə qartalları da ən böhranlı anlarda özlərini yetirdilər.

 

İstiqlaliyyət tarixindən məlumdur ki, 1918-ci il iyun ayının 4-də Azərbaycanla Osmanlı Türkiyəsi arasında dostluq müqaviləsi imzalandı və həmin müqavilənin şərtlərinə əsasən, Azərbaycan hökuməti hərbi yardım göstərilməsi üçün rəsmən Osmanlı dövlətinə müraciət etdi. Bir neçə gündən sonra Osmanlı ordusunun 5-ci Qafqaz diviziyası Azərbaycana daxil oldu və Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələri bazasında Qafqaz İslam Ordusu təşkil edildi. İyun ayının sonlarına yaxın bolşevik-daşnak qüvvələri ilə Qafqaz İslam Ordusu qüvələri arasında Qaraməryəm ətrafında həlledici döyüş baş verdi və Qafqaz İslam Ordusu təxminən ay yarım ərzində Qaraməryəmdən Bakıya qədər uğurlu bir yol keçdi.

 

İsrafil bəy Qaraməryəm ətrafında olan döyüşlərdən də məlumat verməmişdir. Bu da təbiidir. Çünki özünün də yazdığı kimi, o, həmin vaxt dəmir yolu xətti ilə irəliləyən zirehli qatarda xidmət edirdi. Bu istiqamətdə Bakıya doğru irəliləyən Qafqaz İslam Ordusu qüvvələrinin əsasını Azərbaycanın milli qüvvələri təşkil edirdi və bu istiqamətdəki döyüşlərə podpolkovnik (sonradan polkovnik olmuş) Həbib bəy Səlimov rəhbərlik edirdi.

 

1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhərinin azad edilməsini İsrafil bəy böyük sevinclə qeyd etmişdir. Sonra isə o, öz xatirələrində Türkiyə hərbi qüvvələrinin Azərbaycanı tərk etməsini, Səməd bəy Mehmandarovun rəhbərliyi altında Hərbi Nazirliyin təşkil edilməsini, bu Nazirliyin Gəncəyə köçməsini və bundan sonra Milli ordunun təşkilinə başlanmasını qeyd etmişdir. Mudros müqaviləsinin şərtlərinə əsasən, Türkiyə qüvvələri Azərbaycanı tərk etməli olanda, 1918-ci il noyabr ayının 1-də Azərbaycanda Hərbi Nazirlik bərpa edildi. İlk vaxtlar Fətəli xan Xoyski hərbi nazir vəzifəsini öz üzərinə götürdü. Bununla belə, Hərbi Nazirliyin, müstəqil Azərbaycan ordusunun formalaşdırılması hərbi nazirin müavini (1918-ci il dekabr ayının 25-dən isə hərbi nazir) Səməd bəy Mehmandarova həvalə olundu. Birinci Dünya Müharibəsində qalib gəlmiş müttəfiq dövlətlər adından Bakya daxil olan ingilis qoşun dəstəsinin komandanı general Tomson Azərbaycan hökumətinin digər nazirliklərinən fərqli olaraq Hərbi Nazirliyin Bakıda yerləşməsinə razılıq vermədi. Belə olanda İsrafil bəyin də qeyd etdiyi kimi, Hərbi Nazirlik Gəncəyə köçdü və çətin olmasına baxmayaraq, öz fəaliyyətini burada qurmalı oldu. İsrafil bəy öz xatirələrində Milli ordunun təşkilinə bu vaxtdan başlandığını qeyd etmişdir. Burada bir həqiqət vardır. Çünki Qafqaz İslam Ordusunun mövcudluğu dövründə əsas diqqət erməni-daşnak-bolşevik-eser qoşunlarına qarşı mübarizəyə ayrılmışdı. Ona görə də Milli ordunu lazımi səviyyədə təşkilatlandırmaq mümkün olmamışdı.

 

İsrafil bəy daha sonra Hərbi Nazirliyin aparatının, Ümumi Qərargahın, 1-ci piyada diviziyasının və digər hissələrin təşkilatlanmasında rolu olan zabitlərin və generalların adlarını çəkmişdir. O, doğru olaraq qeyd edir ki, general-leytenant Əliğa Şıxlinski hərbi nazirin müavini, Həbib bəy Səlimov Ümumi Qərargahın rəisi (Qlavnıy ştab), Həmid bəy Qaytabaşı növbətçi general, Şirin bəy Kəsəmənli hərbi məktəbin rəisi, general-mayor İbrahim ağa Usubov qərargahı Ağdamda yerləşən 1-ci piyada diviziyasının komandiri, polkovnik Səməd bəy Rəfibəyli bu diviziyanın qərargah rəisi, İsrafil bəy özü isə 1-ci Cavanşir alayının komandiri vəzifəsinə təyin edildilər. İsrafil bəyin bu qeydlərində dəqiqləşdirilməsi lazım olan bəzi məqamlar vardır. Məsələn, Həbib bəy Səlimovla, H.Qaytabaşı adları çəkilən vəzifələrə təyin ediləndə polkovnik rütbəsində idilər və onlar general-mayor rütbəsini sonradan almışdılar. İsrafil bəyin fikrincə, Ş.Kəsəmənlinin rəis təyin edildiyi hərbi məktəb türklərin Azərbaycanda olduğu vaxt fəaliyyətə başlamışdı. Əslində isə bu məktəbin əsası 1918-ci il martın 1-də Ə.Şıxlinski tərəfindən qoyulmuşdu və həmin tarix Azərbaycanda hərbi təhsilin əsasının qoyulduğu tarixdir. S.Rəfibəylinin 1-ci piyada diviziyasının qərargah rəisi təyin edilməsi barəsindəki fakt da düzəliş tələb edir. S.Rəfibəyli hərbi nazirin əmri ilə 1919-cu ilin yanvarında 1-ci piyada diviziyasına baş yavər təyin edilmişdi və həmin vaxt polkovnin yox, poruçik rütbəsində idi. İsrafil bəy xatirələrinin bir yerində S.Rəfibəylinin 1-ci piyada alayının komandiri olmasını da xatırladır. Qəribə də olsa onun bu faktı da doğru deyil. Hərbi nazirin əmrlərinin izlənməsi bunu deməyə bir əsasdır. Səməd bəy  Rəfibəyov 1919-cu ilin yayında Lənkəran ehtiyat taborunun komandiri, hərbi nazirin 1 dekabr 1919-cu il taixli əmri ilə isə 7-ci Şirvan piyada alayının komandiri təyin edilmişdi. Bu vəzifədə də o, Cümhuriyyət ordusunda da xidməti başa vurdu.

 

İsrafil bəyin özünə gəlincə isə o, hərbi nazirin 14 yanvar 1919-cu il tarixli 22 N-li əmri ilə ona kapitan rütbəsinin verilməsi elan olunmuş və polkovnik Vəkilovun yerinə 1-ci Cavanşir piyada alayının komandiri təyin olunmuşdu.

 

İsrafil bəy Cümhuriyyət ordusu tərkibində formalaşmış bir sıra hissələrin adlarını sadalamışdır.  Ümumiyyətlə, Cümhuriyyətin süqutu ərəfəsində Azərbaycan ordusunun aşağıdakı əsas hissələri və birləşmələri var idi: 1-ci piyada diviziyasının tərkibində 1-ci Cavanşir, 2-ci Zaqatala, 3-cü Gəncə piyada alayları, 2-ci piyada diviziyasının tərkibində 4-cü Quba, 5-ci Bakı və 6-cı Göyçay piyada alayları, Süvari diviziyası tərkibində 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü Şəki süvari alaylları birləşmişdi. Bundan başqa, ayrıca 7-ci Şirvan piyada alayı, 8-ci Ağdaş piyada alayı təşkil edilmişdi. Nəzərdə tutulmuşdu ki, 9-cu piyada alayını yaradılması ilə bu üç piyada alayının bazasında 3-cü piyada diviziyası təşkil edilsin. Eyni zamanda, iki topçu briqadası, bir-neçə əlahiddə hissə və bölmələr də təşkil edilmişdi.

 

İsrafil bəy 1-ci piyada diviziyasının komandirləri kimi İ. Usubovun (İbrahim ağa Usubov), M.Əfəndiyevin (əslində isə Süleyman bəy Əfəndiyev) və C.Şıxlinskinin (Cavad bəy Şıxlinskinin) adlarını çəkmişdir. Cavad bəy Şıxlinski diviziya komandiri vəzifəsinə 1919-cu ilin fevralında təyin edilmiş və Cümhuriyyətin sonuna qədər bu vəzifədə xidmət etmişdi. İ.Usubovla S.Əfəndiyev isə hər biri qısa müddətdə 1-ci piyada diviziyasının komandiri vəzifəsini icra etmişdilər. Onların bu vəzifəyə gəlişinin və gedişinin də maraqlı tarixçəsi vardır.

 

Qafqaz İslam Ordusunun ləğvi ərəfəsində 1-ci piyada diviziyası Qarabağda erməni təcavüzünə qarşı döyüşlər aparırdı və bu diviziyanın komandiri sonralar Türkiyənin müdafiə naziri vəzifəsinə qədər yüksəlmiş Osmanlı zabiti Cəmil Cahid bəy idi. Osmanlı qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qalanda 1-ci diviziyasının komandiri vəzifəsinə general-mayor İbrahim ağa Usubov təyin edildi.

 

Osmanlı hərbi qüvvələri geri qayıtmağa başlayanda müttəfiq qoşunlar komandanlığı Osmanlı zabitlərindən kiminsə Azərbaycanda qalmasını qadağan etdi. Bu zabitlər heç bir şərtlə, heç bir ad altında Azərbaycanda qala bilməzdilər. Amma gizli şəkildə bir sıra türk zabitləri və əsgərləri Azərbaycanı özlərinə Vətən seçdilər və belə zabitlərdən bir neçəsi 1-ci piyada diviziyasının tərkibində Azərbaycan vətəndaşı kimi xidmətlərini davam etdirirdilər. Amma müttəfiq qoşunların Azərbaycanı nəzarət altına alması, Azərbaycan ordusuna qeyri-millətlərdən olan zabitlərin xidmətə cəlb edilməsi türk hərbçilərinin nəzərində Azərbaycanın maraqlarına cavab vermirdi. Onlar azərbaycanlı zabitlər arasında da özlərinə tərəfdar toplayaraq 1-ci piyada diviziyasının komandanlığına qarşı itaətsizlik göstərdilər, hətta diviziya komandiri İ.Usubovu girov götürdülər. Bundan sonra həmin zabitlər ingilis qoşunlarının Azərbaycandan çıxarılması, Cümhuriyyət ordusu sıralarında qeyri-azərbaycanlı zabitlərin xidmətinin dayandırılması tələbini irəli sürdülər. 1918-ci ilin son günlərində 1-ci piyada diviziyası əslində, Hərbi Nazirliyin tabeliyindən çıxdı və idarəolunmaz bir hala gəldi. Həmin günlərdə S.Mehmandarov Bakıda idi. O, baş verən hadisəyə qarşı çox qətiyyətli bir münasibət göstərdi, ordu daxilində belə bir halın baş verməsinə kəskin barışmazlıq nümayiş etdirdi. S.Mehmandarov dərhal Gəncəyə qayıtdı və 1-ci piyada diviziyasında baş vermiş itaətsizlik halının aradan qaldırılmasını yenicə general-mayor rütbəsi almış Süleyman bəy Əfəndiyevə tapşırdı. O da Ağdama yollandı və həyata keçirdiyi qətiyyətli tədbirlərlə 1-ci piyada diviziyası daxilində qanunçuluğu və intizamı bərpa etdi. Sonra isə o, hərbi nazirin 22- N-li 14 yanvar tarixli əmri ilə 1-ci piyada diviziyasının komandiri təyin edildi.

 

S.Əfəndiyevin rəhbərliyi altında 1-ci piyada diviziyası daxilində mənəvi atmosfera tamamilə yenidən quruldu və bu diviziya güclü bir birləşməyə çevrildi. Amma 1919-cu ilin yanvar ayının sonları və fevral ayının əvvəllərində diviziyanın şəxsi heyəti arasında tif xəstəliyi yayıldı. Bu da xeyli sayda hərbi qulluqçunun həyatla vidalaşmasına gətirib çıxardı. S.Əfəndiyev belə ağır günlərdə öz əsgərlərini tərk etmədi, hər zaman onlarla oldu, onların dərdini yüngülləşdirməyə çalışdı. Diviziya daxilində tif xəstəliyinin tufan etdiyi günlərdə Süleyman bəy Əfəndiyev Qazaxda yaşayan böyük oğlunun vəfat etməsi haqqında məlumat aldı. Bununla belə, Süleyman bəy çətin durumda olan əsgərlərini tərk edib bir neçə günlüyə də olsa diviziyadan uzaqlaşmağı özünə rəva bilmədi. O, həyatını bağladığı əsgərlərinin yanında qalmağı lazım bildi və həyatını da bu yolda qurban verdi. Bir neçə gündən sonra S.Əfəndiyev özü də tif xəstəliyinə tutuldu və dünyasını dəyişdi. Onun vəfatından sonra polkovnik (sonradan general-mayor) Cavad bəy Şıxlinski hərbi nazirin 98 nömrəli 24 fevral 1919-cu il tarixli əmri ilə 1-ci piyada diviziyasının komandiri vəzifəsinə təyin edildi.

 

İsrafil bəy xatirələrinin bir yerində qeyd edir ki, 1-ci Cavanşir piyada alayının komandirliyi vəzifəsi ilə vidalaşdım və 5-ci Bakı piyada alayının komandiri vəzifəsini təhvil aldım. Amma 5-ci piyada alayına təyin edilənə qədər İsrafil bəy Cümhuriyyət ordusunda bəzi başqa vəzifələri də icra etmişdi. O, hərbi nazirin 14 mart 1919-cu il tarixli əmri ilə Hərbi Nazirliyin tapşırıq zabiti, 2 aprel 1919-cu il tarixli əmri ilə 5-ci Bakı piyada alayının komandiri vəzifəsinin icraçısı, 08 aprel tarixli əmri ilə həmin alayın komandir müavini, 26 may 1919-cu il tarixli əmri ilə yenidən Hərbi Nazirliyin tapşırıq zabiti, 13 iyunda 4-cü Zaqatala (sonradan 2-ci Zaqatala) alayı komandiri vəzifəsinin icraçısı vəzifələrinə təyin edilmişdi.

 

Bakı piyada alayının formalaşdırılmasına 1919-cu ilin ilk aylarından başlanmışdı. Əvvəlcə bu alay 2-ci Bakı piyada alayı adlandırdı və 1919-cu il aprel ayının 8-də hərbi nazirin əmri ilə polkovnik Şirin bəy Kəsəmənli bu alayın komandiri təyin edilmişdi. Amma tezliklə Ş.Kəsəmənli xəstəlikdən dünyasını dəyişdi və onun yerinə Bakı alayının komandiri vəzifəsinə hərbi nazirin 23 iyun 1919-cu il tarixli əmri ilə İsrafil bəy İsrafilov təyin edildi. Bu zaman Bakı alayının adı dəyişdirilərək 5-ci Bakı piyada alayı adlandırılırdı. Israfil bəy bu alayın təşkilatlandırılmasında tabor komandirləri vəzifəsinə təyin edilmiş gürcü zabitləri podpolkovnik Kutetaladzenin və podpolkovnik Siamanişvili (onu soyadı Siamaşvili olmuşdur - M.S.) xidmətlərini xüsusi qeyd etmişdir. Bu zabitlər hərbi nazirin 15 iyul 1919-cu il tarixli əmri ilə doğrudan da 5-ci Bakı alayının tabur komandirləri vəzifələrinə təyin edilmişdilər. Ümumiyyətlə, Cümhuriyyət ordusu sıralarında çoxlu sayda gürcü zabiti xidmət edirdi. Onların arasında hətta Azərbaycan hökumətinin qərarı ilə general-mayor rütbəsi alanlar da var idi. Məsələn, Cümhuriyyət ordusunun general-kvartirmeysteri karqaleteli və Hərbiyyə məktəbinin rəisi Çxeidze belə zaitlərdən idi.

 

İsrafil bəyin xatirələrində 5-ci Bakı alayının Lənkəran yürüşündə iştirak etməsi ilə bağlı maraqlı qeydlər etmişdir. Bu qeydlərdəki bəzi məqamlar ilk dəfədir ki, ictimailəşdirilir və bu baxımdan elmi-tarixi əhəmiyyət kəsb edir. İsrafil bəy yazır ki, alayın Lənkəran yürüşünə yola düşməsi ərəfəsində baş nazir Nəsib bəy Yusifbəyli, Milli Şuranın sədri, Müsavat partiyasının rəhbəri Məhəmməd Əmin Rəsulzadə və hərbi nazir Səməd bəy Mehmandarov alayın vəziyyəti ilə tanış olmağa gəldilər. Bu hörmətli qonaqlar alayda milli marşın sədaları ilə qarşılandı və alayın şəxsi heyəti onların qarşısında rəsmi-keçid icra etdi. Sonra baş nazirlə hərbi nazir alayın şəxsi heyəti qarşısında çıxış etdi. Hərbi nazir S.Mehmandarov Lənkəran yürüşünün Azərbaycan ordusunun ilk döyüş tapşırığı olduğunu və ona görə də alayın bu yürüş zamanı əldə edəcəyi uğuru bütün Cümhuriyyət ordusu üçün son dərəcə böyük əhəmiyyət kəsb edəcəyini bildirdi. Alayın hərbi tapşırığın icrasına yola düşməsini İsrafil bəy belə xatırlayır: "Ertəsi gün sübh saat 5-də alay yola çıxdı. Adamda elə təəssürat yaranırdı ki, sanki həmin gecə şəhərin əhalisindən bir nəfərin   gözünə yuxu getməyib. Küçələr insanlarla dolu idi. Kişilər, qadınlar, uşaqlar hərbi hissələri alqışlarla yola salırdılar. Hər tərəfdən "Yaşasın!" sədaları ucalırdı. Açıq pəncərələrdən gənc əsgərlərin başına gül ləçəkləri səpələyirdilər".

 

Cümhuriyyət ordusu, doğrudan da, xalq arasında belə böyük bir məhəbbətə malik idi. Ordu bölmələrinin şəhərdə hər görünüşü xalqın belə böyük sevinci ilə qarşılaşırdı.

 

Lənkəran yürüşünün həyata keçirilməsində məqsəd isə bu bölgədə baş verən silahlı separatizmin aradan qaldırılması idi. Çar Rusiyası dövründə bu bölgədə 29-cu sərhəd briqadası yerləşdirilmişdi. Azərbaycan müstəqilliyini elan edəndə bu briqadanın şəxsi heyəti respublika hökumətini tanımaq istəmədi. Lənkəran yürüşünün həyəta keçirildiyi zaman bölgə bu briqadanın şovinist zabit və əsgər heyətinin nəzarəti altında idi. Onların iddiasında olduğu separatizmin aradan qaldırılması üçün Azərbaycan hökuməti 1919-cu ilin avqust ayında bölgəyə Cümhuriyətin hərbi qüvvələrinin göndərilməsini qərara aldı.  Bu qərara müvafiq olaraq hərbi nazir 1919-cu il avqust ayının 4-də müvafiq əmr imzaladı və bu əmrlə Lənkərəna göndərilməsi üçün xüsusi Lənkəran dəstəsi formalaşdırıldı. General-mayor Həbib bəy Səlimov da bu dəstənin rəhbəri təyin edildi. Dəstənin tərkibinə 5-ci Bakı piyada alayı, 3-cü Şəki süvari alayı, 2-ci yüngün topçu, 6-cı dağ topçu və əlahiddə haubitsa batareyaları,  istehkam taqımı və zirehli maşınlar taqımı daxil idi. İsrafil bəy öz xatirələrində iki yerdə Lənkəran dəstəsinə daxil olan 3-cü Şəki süvari alayını 5-ci Bakı süvari alayı kimi xatırlamışdır. Bu, doğru deyil. Cümhuriyyət ordusunun tərkibində 5-cü süvari alayı ümumiyyətlə mövcud olmamışdır. İsrafil bəy öz xatirələrində bu alayı 3-cü Şəki süvari alayı kimi də xatırlamışdır ki, bu, doğru xatırlamadır.

 

Ümumiyətlə, ilk döyüş tapşırığının icrasına yollanan Lənkəran dəstəsi avqust ayının 12-də Hacıqabula toplanmış, ayın 13-də oradan Lənkərana doğru hərəkətə başlamış və avqustun 23-də isə Lənkərana çatdı. Lənkəran dəstəsinin əsas zərbə qüvvəsi sözsüz ki, İsrafil bəyin rəhbərliyi altında olan 5-ci Bakı alayı idi və Lənkəran şəhərinə ilk daxil olan da bu alayın taboru oldu.

 

(Ardı var)

 

Mehman SÜLEYMANOV

Tarix elmləri doktoru

 

525-ci qəzet.- 2018.- 6 mart.- S.6.