Gərgin əməyin və yüksək
intellektin bəhrəsi
Qısa
bir zaman ərzində müstəqilliyimizin siyasi, iqtisadi, mədəni
sahələrdə əldə etdiyi nailiyyətlər ulu
öndər Heydər Əliyevin elmimizin qarşısında
qoyduğu vəzifələrin həllinə,
tapşırdığı, tövsiyə etdiyi məsələlərin
tədqiqinə diqqətin artırılmasına, bu istiqamətdə
araşdırmaların gündən - günə
aktuallaşdırılmasına zəmin yaratmışdır.
Ümummilli lider vaxtı ilə Akademiyanın
işçiləri qarşısında çıxış
edərək tariximizin XIX əsr və XX əsrin əvvəllərini
öyrənməyi bir məqsəd kimi qarşımıza
qoymuşdu. Həqiqətən də, bu dövr Azərbaycan
xalqının siyasi, ictimai, mədəni həyatında
çox mürəkkəb və ziddiyyətli bir
dövrdür. Çarizmin müstəmləkəçilik
siyasəti nəticəsində
rus dövləti Şimali Azərbaycanın digər
xanlıqları ilə yanaşı, İrəvan və
Naxçıvan bölgəsində də yeni idarəçilik
sistemi, inzibati ərazi vahidləri yaratmağa nail ola
bilmişdi. İşğalın ilk günlərindən
regionda çarizmin müstəmləkəçilik siyasəti
daha fitnəkar, məkirli, iyrənc bir şəkil aldı.
Rus dövləti bu ərazilərdə öz
mövqeyini möhkəmlətmək məqsədilə yeni
bir vasitədən - erməni kartından istifadə etdi.
Ermənilərin kütləvi şəkildə bu torpaqlara
köçürülməsi başlandı ki, bu da
Rusiyanın müstəmləkə zülmü, həqarəti
ilə yanaşı, ermənilərin torpaqlarımıza
sahiblənmək kimi bədnam
niyyətlərinin başlanğıcını və
sonrakı faciələrin əsasını qoydu.
Tariximizin
200 ilə yaxın belə bir ümumi mənzərəsi Azərbaycan
Respublikasının prezidenti möhtərəm İlham
Əliyevin tapşırığı, bilavasitə Muxtar
Respublikanın Ali Məclisinin Sədri hörmətli Vasif
Talıbovun bölgə alimlərinin qarşısında qoyduğu
çox mühüm vəzifələr tələb edir ki,
tarixi, etnoqrafiq, mədəni, ədəbi, pedaqoji və digər
istiqamətlərdə tədqiqatların hazırlanmasına
xüsusi diqqət yetirilsin. Düşünürəm
ki, Vahid Rzayevin bölgənin məktəb və pedaqoji fikir
tarixinin öyrənilməsinə həsr edilmiş
-"Naxçıvanda məktəb və pedaqoji fikir, XIX əsr
və XX əsrin əvvəlləri", (Naxçıvan,
"Əcəmi", nəşriyyat, 2017) adlı kitabı
öz aktuallığına görə elmi-pedaqoji mühitdə
müəyyən maraq doğura biləcəkdir.
Əsərin
məziyyət və
məzmun keyfiyyətinin yüksək səviyyədə
olmasını şərtləndirən cəhət onun ilk mənbələrə
əsaslanması ilə birbaşa əlaqədardır. Arxiv sənədləri,
dövrü nəşrlərə - Rusiya Maarif Nazirliyinin,
Qafqaz Canişinliyinin və Qafqaz Tədris Dairəsinin əmr
və sərəncamlarına, statistik və təqvim nəşrlərinə,
elm, dövlət, hərb və maarif xadimlərinin yol qeydlərinə,
memuar və xatirələrə-tənqidi yanaşma nümayiş etdirilməsi,
hadisə və faktlara müəllif münasibətinin elmi həqiqətə
xidmət etmək səyləri kimi üzə
çıxması təqdirəlayiqdir. Mən
bu cəhətləri göstərilən kitabda son illərin
bir çox tədqiqatlarında görə bilmədiyimiz
keyfiyyət kimi qiymətləndirirəm.
Tədqiqatın predmet sahəsi kimi
götürülmüş XIX əsr və XX əsrin əvvəlləri
siyasi - iqtisadi, ictimai-mədəni həyatımızın
çox mürəkkəb və ziddiyyətli
dövrüdür. Rusiyanın Qafqazda yaratdığı yeni
sistem, daha doğrusu, inzibati idarə quruluşu xristianlara nisbətən
bizə münasibətdə daha fərqli, daha aqressiv
münasibət idi. Hər sahədə
olduğu kimi, məktəb, maarif sahəsində də rus
hökumətinin siyasəti müstəmləkə məqsədlərinə
tabe edilmişdi. Çarizm min illərin məscid
məktəblərinin yeni dövrün tələblərinə
uyğunlaşdırılmasını, burada təlim - tərbiyə
işlərinin yeniləşdirilməsi siyasətini yox,
özünün "rus təəbəsi" yetişdirmək
niyyətlərini həyata keçirə biləcək tədris
müəssisələri yaratmağı üstün tutdu.
Nəticədə azərbaycanlıların, ümumən
müsəlmanların bu məktəblərdə təhsil
almaq imkanlarının məhdulaşdırılmadığı
haqqında təsəvvürlər yaratmağın heç bir əsasa malik
olmadığı aydın oldu.
Hökumətin
məktəb siyasətindən bəhs etmişkən, qeyd edək
ki, müəllifin XIX əsr və XX əsrin əvvələrində
İrəvan və Naxçıvan məscid məktəblərinə
aid araşdırmaları, onların məzmun xüsusiyyətləri,
yayılma arealı, cəmiyyət həyatında, milli mənafelər baxımından
verdiyi fayda haqqında fikirləri
xüsusi maraq doğurur. Fikrimizcə, müəllif
ilk dəfə olaraq elmi fikirdə məscid məktəblərinə
və mədrəsə təhsilinə, necə deyərlər,
yeni həyat verə bilmişdir. Bu məktəblər
Bəhmənyardan tutmuş M. F. Axundova, Cəlil Məmmədquluzadə
və M. Ə. Sabirə qədərki böyük mütəfəkkirlərin
ilk təhsilinin əsasını təşkil etmişdir.
Həqiqət budur və iftixarla deməliyik ki, min ildən
artıq bir dövr ərzində bu məktəblər Azərbaycan
xalqının təhsil
mədəniyyətini təmsil etmişdir.
Bölgədə
fəaliyyət göstərən
məscid məktəbləri və mədrəsələrin
strukturuna, tipinə və təhsilləndirmə səviyyəsinə
münasibətdə müəllifin həqiqi tədqiqatçı
yanaşmasının digər bir müsbət cəhəti isə
ondan ibarətdir ki, bu dövrdə fəaliyyət götərən
məktəb və mədrəsələrə çarizmin
münasibəti və özünün müstəmləkə
məqsədlərinə uyğun gələn təhsil siyasətinin
həyata keçirilməsinə göstərdiyi səyləri
yalnız ilk mənbələrin verdiyi imkanlar əsasında
sistemli və elmi əsasda
işıqlandırılmışdır. Müəllifin
problemə aid fikirlərinin elmi izahı düzgündür, gəldiyi
qənaətlər real əsasa malikdir. Müasir
tarixşünaslığımızın da təsdiq etdiyi
kimi, çarizm öz siyasi mövqelərinə uyğun olaraq
bölgədə ənənəvi təhsil müəssisələrinin
(məscid məktəbləri və mədrəsələrin)
təhsilləndirici, tərbiyəedici imkanlarının
öyrənilməsi, onların zamana, şəraitə
uyğun olaraq yeniləşdirilməsi qayğısına
qalmamış, əksinə, arxiv sənədləri və
dövrü nəşrlərdə göstərildiyi kimi, bu tədris
müəssisələri sərt və çox zaman əsassız
tənqidə məruz qalmışdır. Çarizm bu tədris
müəssisələrində islahatlar yolu ilə təhsilin
inkişaf etdirilməsi əvəzinə, özünün
müstəmləkə məqsədlərinə xidmət edə biləcək,
həm də mürəkkəb struktura və məzmuna malik təhsil
sistemi yaratmağı üstün tutmuşdur. Bütün
bunlar haqqında fikir və düşüncələr tədqiqatın
ümumi ruhunda və məzmununda zəruri keyfiyyət kimi üzə
çıxır və müəllifin tədqiqatçılıq,
yaradıcılıq prinsipi kimi təzahür edir. Müəllifin bu dövrün ənənəvi məktəb
təhsilinin mahiyyətinə, məzmun və istiqamətinə
aid münasibəti gələcək tədqiqatlar
üçün fayda verəcəyi şübhəsizdir.
Xüsusi olaraq qeyd etməliyik ki, əsərdə təhsil
müəssisələri, onların məzmunu və mahiyyəti,
quruluşu, funksiyası, məktəblərin tipi və fərqli
xüsusiyyətləri dəqiq ifadə olunmuş,
anlayışların məna və mahiyyətinin izahında
elmi həqiqət ciddi şəkildə gözlənilmişdir. Bu cəhəti
sözün həqiqi mənasında müəllifin və
dövrün elm, təhsil, mədəniyyət və maarif
tarixinin öyrənilməsi istiqamətində görüləcək
işlər üzrə yeni nailiyyət kimi qiymətləndirmək
olar. Bu cəhət (nailiyyət) müəllifin həm də təkcə təhsil tarixinə aid
arxiv sənədləri, dövrü nəşrlər və
mənbələrlə dərindən, hərtərəfli
tanışlığı, həmçinin, belə bir
mürəkkəb pedaqoji problemə dair fundamental elmi-pedaqoji tədqiqatlara
bələdliyi sayəsində mümkün olmuşdur. Biz inanırıq ki, müəllifin tarixən
formalaşmış təhsil təcrübəsinə elmi
yanaşma və münasibəti sonrakı tədqiqatların
düzgün məcrada inkişafına, bu istiqamətdə
aparılan araşdırmaların metadoloji əsaslarının
düzgün qurulmasına əsaslı təsir göstərəcəkdir.
Qeyd etmək lazımdır ki, əsərin bütün
fəsilləri gərgin zəhmətin və yüksək
intellektual səviyyənin məhsuludur. Burada Naxçıvan qəza məktəbinin
yaranma tarixi, müxtəlif dövrlərdə inkişaf
xüsusiyyətləri, təhsilin məzmunu, şagird
kontingenti, onların milli və silki tərkibi, azərbaycanlı
və başqa millətlərdən olan müəllimlər,
məktəbin kitab fondu və s. məsələlər arxiv
materialları əsasında ilk dəfə olaraq geniş, əhatəli
və məzmunlu şəkildə şərh olunur. Əlbəttə,
bu tədris müəssisəsini beş yarımfəsildə şərh
edə bilmək üçün çoxlu arxiv sənədləri,
dövrü nəşrlər kolleksiyası, problemin bu və
ya digər şəkildə işlənmə səviyyəsini
əks etdirən tədqiqatlar toplusunun
araşdırılıb üzə çıxarılması
ilə mümkün ola bilər ki, tədqiqatçının
belə bir səviyyəyə və məzmuna malik işi təqdirəlayiq
hesab oluna bilər. Fikrimizcə, Ordubad şəhər
məktəbi haqqında ilk elmi oçerk məhz bu əsərdə
verilir. Həmçinin, burada böyük
maarifçi M.T.Sidqinin milli məktəbləri haqqında
indiyədək elmi dövriyyəyə
çıxarılmamış sənədlər təqdim
edilir. Tədqiqatlarda yalnız adı çəkilən,
dolaşıq fikirlər söylənilən Naxçıvan
rus-Azərbaycan oğlan və qız məktəbləri, eyni
zamanda, tədqiqatlarda dumanlı şəkildə adı
çəkilən "Xeyriyyə" cəmiyyəti və "Xeyriyyə" məktəbi
elmi həqiqətə əsaslanmaqla ilk dəfə əhatəli
şəkildə, lazımi səviyyədə üzə
çıxarılır.
Bir cəhəti də qeyd etməyi vacib bilirəm ki, tədqiqat
problemi bugünkü gündə pedaqoji mahiyyəti ilə
yanaşı, sosial-siyasi əhəmiyyətə də
malikdir.
Əsərdə müəllif Naxçıvan və İrəvan
bölgəsini biri-birindən təcrid etmir, əksinə,
çox doğru olaraq bu hər iki bölgəni ümummilli
birliyin regional xüsusiyyət və keyfiyyətlərinin ləyaqətli
daşıyıcısı kimi təqdim edərək qiymətləndirir.
Və beləliklə də, bu bölgələrdə
tarixən fəaliyyət göstərən məktəb və
mədrəsələrin, bəhs olunan dövrdə
yaranmış milli tədris müəssisələrinin
nümunəsi əsasında bu torpaqların kimə, hansı
xalqa mənsub olduğunu sübut etmiş olur ki, bu cəhət
əsərin dəyərini bir daha artırmış olur.
Bu kitabın hazırlanması ilə bağlı müəllifin uğurları çoxdur. Mən bunların hamısını məqalədə saymaq fikrində deyiləm. Yalnız bu iki cəhəti qeyd etmək istəyirəm. Birincisi, Vahid müəllim öz tədqiqatını hazırlamaq üçün İrəvan, Tbilisi, Bakı və Naxçıvan arxivlərində günlərlə işləmiş alimlərdən biridir. Bu arxivlərin qovluqlarında akademik Hüseyn Əhmədov, akademik İsa Həbibbəyli ilə yanaşı, onun da imzası var. İkinci mühüm cəhət kimi qeyd etmək istəyirəm ki, uzun müddətli axtarışların nəticəsi olaraq topladığı zəngin materiallar toplusuna müəllif "mən"i iddialılıq, mənəmliklə deyil, əksinə üzə çıxardığı faktları təmkinlə, səs-küy qoparmadan şərh edir, məntiqi ardıcıllıqla hadisələrin təsvirini verir, onları məna-mahiyyətcə aydınlaşdırmaq yolunu tutur. Bu isə əsl tədqiqatçıya yaraşan bir keyfiyyətdir. Belə yaxşı keyfiyyətlərə malik müəllifə elmi-pedaqoji sahədə yeni-yeni uğurlar diləyirəm.
Zəhmət ŞAHVERDİYEV
AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2018.- 6 mart.- S.4.