Akademik Feyzulla Qasımzadə və
müasirləri
Himalay QASIMOV
ADPU-nun kafedra müdiri, filologiya
üzrə elmlər doktoru, professor
Ümummilli
Liderimiz Heydər Əliyevin şəxsən
tanıdığı, zəkasını, elmini, şəxsiyyətini,
müəllim kimi fədakarlığını yüksək
dəyərləndirdiyi akademik Feyzulla Qasımzadənin
doğum tarixinin 120 illiyinin AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda təntənəli şəkildə xüsusi
qeyd edilməsi təbii olmaqla yanaşı, həm də qədrşünaslıqdan
xəbər verir.
Gənc nəslin təlim-tərbiyəsində
ömür sərf edən, tale kitabını universitetlərin
divarları arasında yazan klassik pedaqoqların yubileylərinin
xüsusi qeyd edilməsi son dövrdə artıq ənənə
şəklini almışdır. Bu sırada
böyük ədəbiyyatşünas, elm fədaisi, görkəmli
pedaqoq və müdrik şəxsiyyət kimi təqdir edilən
akademik Feyzulla Qasımzadənin yubileyinin
çağımızda təntənəli keçirilməsi
hər kəsdə könül xoşluğu və minnətdarlıq
duyğusu doğurur. Ulu bir şəcərənin
daşıyıcısı olan Feyzulla Qasımzadənin
babası Hacı Cahanbaxış səxavətli və
uzaqgörən bir kənd adamı olub. Allaha,
İslam dininə sonsuz məhəbbəti ilə fərqlənən
bu insan müqəddəs məkanımız Məkkəni
ziyarət edən ilk şəxslərdən olaraq əlbəttə
ki, həmkəndliləri tərəfindən daim minnətdarlıqla
təqdir olunaraq ehtiramla yad edilib. Belə
bir şəxsin 1863-cü ildə Səməd adlı oğlu
dünyaya gəlir. Səməd də
atası kimi Allaha qəlbən bağlı bir insan olub.
O, mükəmməl təhsil ala bilməsə də,
güclü yaddaşı hesabına bir sıra uğurlar əldə
edib. Zəngin hafizəyə malik olduğu
üçün müqəddəs kitabımız
"Qurani-Kərim"in əksər surələrini, yüzlərlə
ayəsini yadda saxlaya bilib.
Təhsilinin
ibtidai səviyyədə olmasına baxmayaraq, Səməd kişi dahi şair və mütəfəkkirimiz
Məhəmməd Füzulinin vurğunu olub. Şairin elə
bir qəzəli, beyti yox idi ki, Səməd kişi
onlardan xəbərdar olmasın. O, həmçinin, Sədi,
Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və
neçə-neçə dühalarımızdan
çeşidli nümunələr də əzbər deyərmiş.
Deyilənə görə, Səməd
kişinin Mərdəkanda çox da böyük olmayan torpaq
sahəsi varmış. Bir hissəsini
satıb pula çevirə də bilərdi. Amma o,
torpağından bir hissəsini məşhur xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevə bağışlayaraq
deyir: "Hacı! Torpağı sənə
bağışlayıram. Amma
mümkünsə burada bir məktəb tikdir ki,
camaatımız oxusun, savadlansın".
Hacı Zeynalabdin Tağıyev məhz elə belə də
edir. Onun həmin pay sahəsində tikdirdiyi məktəb
1905-ci ildə hazır olur və yüzlərlə kasıb kəndli
balası, o cümlədən, Səməd kişinin
oğlanlarından üçü həmin məktəbdə
təhsil alırlar.
Səməd kişinin ömür-gün yoldaşı
Püstəxanım da deyilənlərə görə,
misilsiz yaddaşa malik imiş. Yüzlərlə
şeir, bayatı, qoşma bilər, boş vaxtlarında
özü də şeir, bayatı qoşarmış. Onların nigahından 5 oğul, 2 qız dünyaya gəlir
və hər biri də zaman-zaman ağıl, zəhmətkeşlik,
ləyaqət, nəciblik və mərdlik simvoluna
çevrilirlər.
Səməd
kişinin birinci oğlu Feyzulla Qasımzadə 1898-ci il fevralın 19-da Bakının Mərdəkan
kəndində dünyaya gəlir. Uşaqlıqdan
görmə qabiliyyəti zəif olsa da, valideynlərindən
irsən keçən zəhmətsevərlik, fenomenal
yaddaş və fitri istedad onun mahir pedaqoq və XX əsrin ən
nəhəng ədəbiyyatşünas alimlərindən biri
kimi şöhrət qazanmasına gətirib
çıxarır.
Feyzulla Qasımzadə ilk təhsilini 8 yaşında
doğulduğu kənddəki mollaxanada alır. Burada üç il oxuduqdan sonra 1909-cu ilin sentyabrından təhsilini
Bakıdakı rus-tatar məktəbində davam etdirir. 1912-ci ildə həmin məktəbi uğurla
başa vuraraq müsabiqə yolu ilə Bakıdakı
ali-ibtidai məktəbin II sinfinə qəbul olunur. 1916-cı ilin mayında həmin məktəbi də
yüksək göstərici ilə bitirir və gimnaziyaya daxil
olur. O vaxtlar savadlı, bilikli, bacarıqlı şəxsiyyətlərə
böyük ehtiyac duyulduğundan gənc Feyzulla Səmədoğlu
1917-ci ilin yanvarında Göyçay qəzasının Qəzyan
kənd orta məktəbinə müdir, həmin ilin
sentyabrında isə Mərdəkan kənd orta məktəbində
müəllim kimi fəaliyyətə başlamalı olur.
Feyzulla Qasımzadə 1919-cu ildə ADPU-nun dil və ədəbiyyat
şöbəsinə daxil olur və 1925-ci ildə oradakı
təhsilini uğurla başa vurur. 1925-29-cu illərdə isə
Bakı Dövlət Universitetinin yeni açılmış
Şərqşünaslıq fakültəsində ikinci ali təhsil alır. 1929-cu ildə
o, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun
aspiranturasına daxil olur və 1931-ci ildə həmin
ocaqdakı təhsilini başa vurur. O, 1930-38-ci illərdə
həm müəllim, həm də alim kimi fəaliyyət
göstərir. Belə ki, Xalq Maarif
Komissarlığında metodist-təlimatçı vəzifəsində
çalışır və eyni zamanda, bir-birindən fərqli,
orijinal tədqiqat əsərləri yaradır.
İstedadlı
alim 1939-cu ildə "M.F. Axundovun həyat və
yaradıcılığı" mövzusunda namizədlik,
1955-ci ildə isə "XIX əsr Azərbaycan ədəbiyyatında
realist-demokratik cərəyanın inkişafı tarixi"
mövzusunda doktorluq dissertasiyasını böyük
coşğu ilə müdafiə edir. Akademik Feyzulla
Qasımzadə məhsuldar, zəhmətkeş, sözün həqiqi
mənasında cəfakeş fəaliyyəti nəticəsində
az bir zamanda nəinki Azərbaycanın, o cümlədən,
keçmiş Sovetlər Birliyinin və Şərq
dünyasının məşhur alimlərindən,
sayılıb-seçilən ziyalılarından birinə
çevrilir. Onun gecəli-gündüzlü zəhməti
nəticəsində 600-dən çox elmi, 400-dən
artıq qəzet və jurnal məqaləsi, 34 kitabı
(monoqrafiya, dərslik, dərs vəsaiti, müntəxabat və
s.) işıq üzü görür. Onların bəzilərini
dəyərli oxuculara təqdim edirik:
1."M.F.Axundovun
həyat və yaradıcılığı". Bakı, 1962.
2.Ədəbiyyatdan terminlər lüğəti. Bakı, 1940.
3.Tənqidi realizm. Bakı, 1952.
4.N.B.Vəzirov. Bakı, 1954.
5.XIX əsr
Azərbaycan ədəbiyyatında realist-demokratik cərəyanlar.
Bakı, 1955.
6.A.A.Bakıxanov Qüdsi. Bakı, 1956.
7. XIX əsr
Azərbavcan ədəbiyyatı tarixinə dair tədqiqlər.
Bakı, 1960
8.XIX əsr
Azərbaycan ədəbiyyatı tarixi. Bakı,
1947, 1956, 1966, 1974, 2017 və sair.
Onu da qeyd edək ki, XIX əsr Azərbaycan ədəbiyyatı
tarixini ilk dəfə bütöv bir kurs kimi yaradan məhz
Feyzulla Qasımzadə olmuşdur. Onun "XIX əsr Azərbaycan ədəbiyyatı
tarixi" dərsliyi 60 il ərzində dəfələrlə
nəşr olunaraq tələbə-gənclərin istifadəsinə
verilib. Çox sevindiricidir ki,
çağımızda da belə bir fundamental bütün
mümkün hədəfləri özündə ehtiva edən
bu dərsliyə böyük ehtiyac var. 1956-cı ildə
SSRİ Ali Təhsil Nazirliyi tərəfindən elan olunmuş
müsabiqəyə əsasən müxtəlif fənlər
üzrə yüzlərlə dərslik çap olunmuşdu.
Lakin bunlardan yalnız 10-u Nazirlik tərəfindən
xüsusi əmr ilə qiymətləndirilmişdir. Nə xoş ki, onların arasında Feyzulla
Qasımzadənın "XIX əsr Azərbaycan ədəbiyyatı
tarixi" dərsliyinin dəyəri xüsusi
vurğulanmışdır.
1962-ci ildə
Parisdə "M.F.Axundovun əsərləri" fransız
dilində YUNESKO-nun xətti ilə çap olunarkən kitaba
"Ön söz" yazmaq məsuliyyəti məhz akademik
Feyzulla Qasımzadəyə həvalə olunmuşdu. Feyzulla Qasımzadə XX əsrin 30-cu illərində
elm-mədəniyyət tariximizə müəllim, tədqiqatçı
kimi daxil olur, 40-cı illərdə alim, müəllim kimi
etibarlı, möhtəşəm və özümlü yer
tutur. 50-ci illərdən XIX əsr Azərbaycan
ədəbiyyatının aparıcı mütəxəssisi
olaraq böyük şöhrət qazanır, xidmətləri
etiraf edilən və təqdir olunan bu yenilməz alim, həm də
məşhur tədqiqatçı kimi ədəbiyyatşünaslıq
fikrimizin inkişafına layiqli töhfələr bəxş
edir. Ali filoloji təhsilin təşkilatçılarından
sayılan yenilməz şəxsiyyət bu kimi misilsiz xidmətləri
ilə ictimaiyyətin sevimlisinə çevrilir. Azərbaycan xalqının filoloji təfəkkürə
yiyələnməsi istəyində olan neçə-neçə
nəsil məhz akademik Feyzulla Qasımzadənin dərsliklərindən
faydalanır. Bu baxımdan o, milli ədəbiyyatımızın
məşhur tədqiqatçısı statusunu nə xoşbəxt
ki, bu gün də qoruyub saxlamaqdadır.
Böyük alim sağlığında 30 elmlər
doktoru və 120 elmlər namizədi yetişdirmişdir. Bundan
savayı, on minlərlə gənc vətən oğlu vətənpərvərliyi,
yurd sevgisini, torpaq müqəddəsliyini uca tutmağı məhz
Mirzə Feyzullanınn öyüdyönlü dərslərindən
və əsərlərindən əxz etmişlər. Feyzulla müəllimin mühazirələrini
birbaşa dinləmiş və faydalanmış məşhur
simaların adları sayılmaqla qurtaran deyil. Feyzulla Qasımzadə uzun illər iki universitetdə-
Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət
Pedaqoji Universitetində ədəbiyyat kafedralarına
başçılıq etmişdir. Belə
ki, 1940-1950-ci illərdə Bakı Dövlət Universitetində
"Azərbaycan ədəbiyyatı kafedrasına",
1950-70-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji
Universitetində "Azərbaycan ədəbiyyatı
tarixi" kafedrasına böyük müvəffəqiyyətlə
rəhbərlik etmişdir.
60 il
pedaqoji və elmi sahədə misilsiz xidmətlər göstərən,
üç dəfə "Qırmızı Əmək
Bayrağı" ordeninə layiq görülən akademik
F.Qasımzadə 1943-cü ildə "Əməkdar elm
xadimi", 1958-ci ildə "Əməkdar müəllim"
və "Qabaqcıl maarif xadimi" fəxri adları ilə
təltif olunmuş, "Qafqazin müdafiəsinə görə"
və "Böyük Vətən müharibəsində əmək
igidliyinə görə" medalları ilə təltif
olunmuşdur ki, bu da özlüyündə böyük alim və
müəllimin misilsiz xidmətlərinin əyani sübutudur.
Əslində, fəxri fərman və təşəkkürnamələr
də saysız-hesabsız olub. Amma zənnimizcə,
onun ən böyük mükafatı canından artıq sevdiyi
və maariflənməsi yolunda fədakarlıqla
çalışdığı doğma xalqının ona
"Mirzə" deyə müraciət etməsi idi.
Sovet ideologiyasının tüğyan etdiyi bir dövrdə
"Mirzə" deyə çağırılmaq
görünməmiş bir hal idi. Lakin xalqın öz
müəlliminə məhəbbəti, ehtiramı hədsiz
olduğundan ona çəkinmədən "Mirzə" demələri
doğmalığın və ucalığın etirafı
idi.
Bu müraciət formasından Feyzulla Qasımzadənin məmnun
qaldığı aydın sezilirdi. Ulu Öndər
H.Əliyevin "Mirzə müəllim" deyə müraciət
etməsini ustad böyük şövqlə xatırlardı.
Sovet cəmiyyətində hər hansı bir təltifin,
mükafatın, orden və medalın yalnız Kommunist
Partiyasının üzvlərinə verildiyi bir dövrdə
bitərəfliyini qoruyub-saxlayan Feyzulla Qasımzadənin
1962-ci ildə AMEA-nın müxbir üzvü, 1967-ci ildə
isə həqiqi üzvü seçilməsi həm də onun
alim ucalığının təsbiti və etirafı idi.
1923-ci ildə Feyzulla Qasımzadə Tubu xanımla ailə
qurur. Düz
53 il mehriban, səmimi münasibətlər
üzərində bərqərar olan bu ailə
qarşılıqlı hörmət və məhəbbət
telləri ilə bir-birlərinə möhkəm bağlı
olurlar. "Ot kökü üstə bitər”,
deyib atalarımız. Feyzulla Qasımzadənin
3 oğlu və l qızı bu ocağa layiqli övlad
olmuş, atalarının ziyalılıq şərəfıni
daima uca tutmuş, bu şərəfli adı vicdanla davam
etdirmiş və elm fədaisi olan atalarının çox
qiymətli irsini hər zaman hifz etməyə
çalışmışlar.
Akademik Feyzulla Qasımzadə Azərbaycan ədəbiyyatşünaslığının
mühüm şöbələrindən olan ədəbiyyat
tarixini mənbəşünaslıq sahəsindəki elmi
axtarışları ilə yeni bir zirvəyə
qaldırdı, təkrarsız bir məktəb yaratdı. XIX əsr Azərbaycan
ədəbiyyatını tarixiliklə müasirliyin vəhdətində
araşdıran, ümumən klassik örnəklərimizin
mahir bilicisi və yorulmaz tədqiqatçısı olan
akademik Feyzulla Qasımzadənin yaradıcı şəxsiyyətlərə
baxış bucağı yeni və özünəməxsus
olub. Təhlil müstəvisinə
çıxardığı şair və
yazıçıları həm ədəbiyyat tarixçisi,
nəzəriyyəçi - alim və həm də
estetik-fılosof kimi səciyyələndirirdi. Məlum olduğu kimi, XIX əsr keşməkeşli
ictimai-siyasi mücadilələrə rəvac verən tarixi
bir əsr idi. Belə bir çağın
tədqiqatçısı əlbəttə ki, analitik təfəkkürə,
hərtərəfli dünyagörüşünə malik
olmalı idi. Nə xöşbəxt ki,
ulu tanrımız akademik Feyzulla Qasımzadəyə belə
bir qlobal düşüncə imkanı bəxş
etmişdir. Belə bir düşüncə
sahibinin mahiyyətə yönəlik bədii-tarixi təhlilləri
əlbəttə ki, sənətkarlıq sirlərinin
aşkarlanmasına zəmin yaratmalı idi. Bariz nümunə "XIX əsr Azərbaycan ədəbiyyatı
tarixi" adlı fundamental dərslikdəki elmi-tənqidi təhlillər
və portret-oçerklərin struktur düzənidir. Hər bir portret-oçerk konkret tarixi dönəmin
iqtisadi, mədəni və ədəbi xülasəsi ilə
çeşidli rakurslarda ilgilənir və kontekstdə sənətkarı
yetişdirən amillər çeşidlənərək dəyərləndirilir.
Akademik Feyzulla Qasımzadənin axundzadəşünaslığa
verdiyi töhfə misilsizdir. Ədibin dramaturgiyasına,
elmi-tənqidi məqalələrinə, publisistikasına, fəlsəfi
traktat kimi dəyərləndirilən "Kəmalüddövlə
məktubları" və eləcə də Azərbaycan ədəbiyyatında
roman janrının ilk örnəyı kimi yorumlanan
"Aldanmış kəvakib"ə verdiyi bədii-tarixi və
elmi konseptual təhlilləri araşdırmaçının
heyrətamiz düşüncə kirdarının özəlliyindən
soraq verir. Bəzi tədqiqatçıların
bir zamanlar erməni mənbələrinə istinad edərək
Mirzə Fətəli Axunzadə ilə Xaçatur Abovyanı
bir araya gətirənlərə qarşı akademikin sərt
mövqe sərgiləməsi bu baxımdan təbii idi və
böyük alimin təəssübkeşliyinə, milli vətəndaşlığına
əyani sübutdur.
Görkəmli alimin 1976-cı ilin 29 martında
dünyasını dəyişmək ehtimalını fəhmlə
duyması, doğulduğu Mərdəkan kəndində dəfn
edilməsini dilə gətirməsi heç də təsadüfi
deyil. Bu, müasirləri tərəfindən onun cismən
doğulduğu torpağa ruhən haqqa qovuşmaq istəyi kimi
yorumlanırdı. Akademik Feyzulla
Qasımzadənin milli ədəbiyyat tarixçiliyi ədəbiyyatşünaslıq
elmimizdə yeni bir mərhələ idi. Özünəməxsus
auraya malik bu qüdrətli alimin fitri istedadının parlaq
yaradıcı təfəkkürünün bəhrəsi olan
"XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" nəsillərin
sınağından çıxdığı kimi əsrlərindən
də sınağından çıxacaq, müəllifinə
əbədi bir şöhrət qazandıracaq. Onun
ədəbiyyat tarixçiliyi elminə göstərdiyi xidmətlər
elm fədaisi olan müasirləri ilə birgə hədəflərə
doğru yönəldilmişdir. Əslində,
müasirlik geniş anlayışdır. Bir mənada sahilsiz ümmandır.
Azərbaycan ədəbiyyatşünaslıq
elminin dalğası qədimlərdən üzü bəri
böyük yaradıcı şəxsiyyətlərin meydana gəlməsinə
zəmin yaratmışdır. Akademik
Feyzulla Qasımzadəni müasirləri ilə təkcə
zaman deyil, həm də yaradıcılıq əlaqələri,
amal və əməl, dostluq və mənəvi tellər
bir-birinə bağlamış, sonucda nə xoş ki, bu birlik
ədəbiyyatşünaslıq elmimizin intibahına
münbit zəmin yaratmışdır.
Bu kimi
müasirlərin sırasında cabbarlışünas,
böyük tənqidçi və ədəbiyyatşünas,
akademik Məmməd Arif Dadaşzadə, füzulişünas
görkəmli ədəbiyyat tarixçisi akademik Hərmid
Araslı, cavidşünas, tənqidçi-filosof, akademik Məmmədcəfər
Cəfərov, görkəmli füzulişünas, Azərbaycan
ədəbi məktəblərinin əvəzsiz tədqiqatçısı,
professor Mir Cəlal Paşayev, çox dəyərli nəzəriyyəçi
axundovşünas professor Mikayıl Rəfili, sabirşünas
və nəzəriyyəçi professor Cəfər Xəndan,
Azərbaycan dramaturgiyasının çox dəyərli
araşdırıcısı, professor Əli Sultanlı, ədəbi
tənqidin estetik konsepsiyasının yaradıcısı,
akademik Kamal Talıbzadə, sabirşünaslığı
müəyyən hədəflərə doğru əzmlə
irəlilədən akademiyanın müxbir üzvü
Əziz Mirəhmədov, XX əsr Azərbaycan ədəbiyyatının
və ədəbi tənqidinin müxtəlif istiqamətlərini
yeni düşüncə müstəvisində səciyyələndirərək
ümumiləşdirən akademik Bəkir Nəbiyev, akademik
Şəfahət Mehdiyev, görkəmli yazıçı
Əli Vəliyev, dilçi, professor Muxtar Hüseynzadə,
AMEA-nın müxbir üzvü, görkəmli
sabirşünas, professor Abbas Zamanov, Xalq şairi, akademik Bəxtiyar
Vahabzadə, Azərbaycan dramaturgiyasının estetik
düşüncə müstəvisində səciyyələndirən
professor Cəfər Cəfərov, filosof-tənqidçi və
ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü,
professor Yaşar Qarayev və başqalarını göstərmək
olar. Lakin müasirlik barədə
açıqlamalar düşüncəmizi zaman
hüdudlarından kənara çıxara da bilər. Yuxarıda adlarını böyük iftixarla,
coşğu hissi ilə vurğuladığımız dəyərli
şəxsiyyətlər konkret tarixi zamanda əməl və
amal sahibi olaraq bir araya gəlmişlər.
Ədəbiyyatşünaslıq elmimizin fədaisi və korifeyləri olan bu şəxsiyyətlərin yetirmələri, varisləri öz ustadlarından əxs etdikləri dəyərləri çağımızda böyük yaradıcı ilhamla davam və inkişaf etdirməkdədilər. Feyzulla Qasımzadənin bu kimi müasirlərinin sırası həddən artıq sıx olsa da, lakin vurğulanmasına mənəvi ehtiyac duyduğumuz bəzi ədəbiyyatşünas alimlərimizin xidmətlərini qısa da olsa dilə gətirməli olduq.
Müasirlərdən söz açmışkən ən öncə dünya şöhrətli Azərbaycan alimi, ədəbiyyatşünaslıq elmində yeni bir məktəbin əsasını qoyan AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin adı iftixarla çəkilə bilər. Görkəmli elçinşünas, insanı bədii tədqiq obyekti kimi müxtəlif qövslərdə və yeni baxış bucağı ilə tədqiq edən, yeni analitik düşüncəsi ilə fərqlənən akademik Nərgiz xanım Paşayeva, nizamişünas, qədim dövr Azərbaycan ədəbiyyatının tədqiqində mötəbər söz sahibi kimi tanınan akademik Teymur Kərimli, fundamental monoqrafiyaları ilə filoloji düşüncəmizi hədəflərə doğru inamla irəlilədən akademik Nizami Cəfərov, Azərbaycan ədəbiyyatşünaslığının və ümumən filoloji elmimizin müxtəlif istiqamətlərini konseptual düşüncə tərzi ilə hədəflərə doğru yönəldən Kamal Abdulla, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı, akademik Rafael Hüseynov və bu kimi elmi yaradıcılıq yolu keçən digərləri də yeni analitik baxış bucağı ilə tarixi inkişaf axarında və müasirlik müstəvisində akademik Mirzə Feyzulla Qasımzadə ilə bir araya gələrək elmin keşməkeşli yollarında fərəhlə, inam və etiqadla irəliləyirlər.
Bir çoxları kimi mən də akademik
Feyzulla Qasımzadədən atalıq və
ömür-gün yoldaşı Tubu xanımdan analıq
qayğısı görmüşəm. Nə
xoşbəxt ki, Rəbbimiz dünyamızı rövnəqləndirən,
işıqlı, nurlu şəxsiyyət olan akademik Feyzulla
Qasımzadəni elmimiz üçün varlandırıb, onun
üçün ayırılan ömür payını şərəflə
yaşayıb və ən sonda haqqa qovuşaraq könüllərə
köçüb. Ruhun şad olsun ustad! Xatirəni əziz
tutanların sırası günbəgün daha da
sıxlaşır. Ata Feyzulla Qasımzadə ilə
övlad Nigar Qasımzadənin məhz elə fevral
ayının 19-da xoş bir gündə dünyaya gəlmələri,
görünür, heç də təsadüfi deyilmiş. Bu
məqalənin müəllifi də fevral ayında elmi rəhbərinin
və əziz müəlliminin doğum ayında
dünyaya gəlmişdir. Deməli, Feyzulla Qasımzadə
ömrü həm elmi, həm ruhu mənəvi, həm də
cismani mənada davam etməkdədir.
525-ci qəzet 2018.- 7 mart.- S.7.