Polkovnik İsrafil bəyin "Azərbaycan
ordusu haqda xatirələr"inə sözardı
(Əvvəli
ötən sayımızda)
Polkovnik İsrafil bəy öz xatirələrində hərbi
nazir S.Mehmandarovun Lənkəran yürüşünün nəticələri
ilə bağlı imzaladığı əmrin mətnini də
vermişdir.
Mətn orijinala çox yaxındır. Bu isə onu
deməyə əsas verir ki, öz xatirələrini yazarkən
İsrafil bəyin əlində müəyyən sənədlər
olmuşdur. Lənkəran yürüşünün nəticələri
ilə bağlı hərbi nazirin 19 sentyabr 1919-cu il tarixli 420
nömrəli əmrinin orijinalının tərcüməsi
isə aşağıdakı kimidir: "Lənkəran şəhərinin
tutulması, həmin rayonda qayda-qanunun bərpa edilməsi və
Azərbaycan hökumətinin hakimiyyətinin təsdiq edilməsi
üçün mənim tərəfimdən Lənkərana
Ümumi qərargahın rəisi general-mayor Səlimovun komandanlığı
altında üç qoşun növündən ibarət
xüsusi dəstə təchiz edilmiş və göndərilmişdi.
Hacıqabuldan Lənkərana və geriyə olan 430
verstlik məsafəni güclü istidə bizim gənc ordumuz
xəstələr və arxada qalanlar olmadan 15 günə qət
etmişdir. Bütün yürüş ərzində dəstədə
qanun-qayda pozulmamış, yerli sakinlərdən heç birinə
kiçik bir ziyan vurulmamışdır. Yolboyu
şəhər və kəndlərin əhalisi dəstənin
zabit və əsgərlərinin nəzakətli
davranışlarını böyük minnətdarlıqla
qeyd edirlər. Mən buna dəstənin
getməsindən sonra Lənkərana olan şəxsi səfərim
zamanı əmin oldum. Öz əsl
görkəmi və nümunəvi nizam-intizamı ilə
hamıda güclü təəssürat yaradan dəstə zəngin
hərbi qənimətlə Lənkəran qəzasını
və Muğanı əzizimiz Azərbaycanın ağuşuna
qaytardı, zülmdən və anarxiyadan əziyyət çəkən
əhalini sakitləşdirdi və əmin-amanlığı
təmin etdi. Bütün bunlar bir damla qan
tökülmədən həyata keçirildi.
Yürüşün bu cür yaxşı nəticələrinə,
başlıcası isə hərəkətin nizamının
qurulmasını təşkil edən, qoşunun
ehtiyaclarına qayğı və ağıllı tələbkarlıq
göstərən dəstə rəisinə, general-mayor Həbib
bəy Səlimova xidmətlərinə görə səmimi təşəkkürümü
bildirirəm.
Dəstənin tərkibinə daxil olan hissələrin
rəislərinə, bütün zabitlərə və sanitar
heyətinə qayğıya, yol və dayanacaqlarda tam
qayda-qanunun qorunmasına görə təşəkkür edirəm.
Azərbaycan
Ordusunun birinci hərbi yürüşündə özlərini
qoçaq və şərəfli döyüşçü
kimi göstərən gənc əsgərlərə ürəkdən
"sağ ol" deyirəm".
İsrafil bəy müxtəsər şəkildə Azərbaycan
ordusu hissələrinin Zəngəzura da yürüşü
haqqında məlumat vermişdir. Bu yürüşdə
məqsəd Dığ ətrafında toplaşmış erməni
hərbi qüvvələrinə zərbə vurulması idi.
Müəllif yazısında bu
yaşayış məntəqəsini "Dıka" kimi
göstərmişdir. Bu xatirələrin tərcüməçisi
isə bu yer adının Tuğ kəndi ola
biləcəyini ehtimal etmişdir. Əslində
isə, söhbət Gorus yaxınlığındakı
Dığ kəndindən gedir. İsrafil
bəyin Zəngəzur ekspedisiyasının tarixi, bu
yürüşdə iştirak edən qüvvələrin
sayı və bu qüvvələrin rəhbərləri
haqqında verdiyi məlumatlar dəqiqləşdirmə tələb
edir. Dığ əməliyyatında iştirak edən
qüvvələrin əsasını Cavad bəy
Şıxlinskinin komandir olduğu 1-ci piyada diviziyasından
olsa da, əməliyyatın rəhbəri o yox, süvari
diviziyası komandirinin müavini Davud bəy Yadigarov təyin
edilmişdi. Dığ əməliyyatı 1919-cu ilin
oktyabrında deyil, noyabr ayının 3-7-si arasında
keçirilmişdi. Noyabr ayında əməliyyat keçən ərazilərdə
çoxlu qar var idi və bu da əməliyyatın gedişinə
öz mənfi təsirini göstərdi. Nəhayət,
Dığ əməliyyatında İsrafil bəyin qeyd etdiyi
1-ci Cavanşir piyada alayı, 2-ci Zaqatala piyada alayı, 2-ci
Qarabağ süvari alayı və bir artilleriya divizionundan
başqa, Şəki süvari alayı, habelə yerli əhalidən
təşkil edilmiş partizan dəstələri də
iştirak edirdi.
İsrafil bəyin xatirələrində 1920-ci ilin
Novruzunda keçirilən hərbi paradla bağlı tarixşünaslığımız
üçün yeni olan maraqlı məlumatları vardır. İsrafil bəyin qeydlərinə
görə, həmin paradda Hərbi məktəb, 5-ci Bakı
piyada alayı, 6-cı Göyçay piyada alayı, 4-cü
Quba piyada alayının bir batalyonu, 1-ci Tatar süvari
alayı, 2-ci artilleriya briqadası, süvari-dağ artilleriya
divizionu, topçu bölməsi, "Qars" və
"Ərdəhan" gəmiləri istehkamçılar məktəbi
və ehtiyat polis alayı iştirak etmişdi. İsrafil
bəy bu paradın Hərbi Nazirliyin qarşısındakı
meydanda təşkil edildiyini yazmışdır. Tərcüməçi isə bu meydanın Azneft
meydanı olması barəsində İsrafil bəyin xatirələrinə
öz qeydlərini əlavə etmişdir. Həmin
dövrdə Hərbi Nazirlik Bakı şəhərinin indiki
Səməd Vurğun küçəsi ilə Zərifə
Əliyeva adına prospektinin tinindəki
binada, Muzey mərkəzinin arxasında yerləşmişdi. Belə olan təqdirdə, İsrafil bəyin
haqqında danışdığı parad çox ehtimal ki,
indiki Muzey mərkəzinin yerində baş tutmuşdu.
İsrafil
bəyin 1923-cü ildə "Yeni Qafqasiya" jurnalında
işıq üzü görmüş xatirələrində
1920-ci ilin Novruz bayramı haqqında belə qeydləri
vardır: "1920 sənəsi 22 mart Novruz bayramı
münasibətilə icra edilən son rəsmi keçidi dəxi
təxəttür etməmək qeyri-mümkündür. Əcəba, hansı azərbaycanlı o məsud
günü xatırlamır? Ordunun qabiliyyət
və intizamə, mənəviyyatı təsəvvürüb
fövqündə idi. Əcnəbi səfirləri az bir zamanda, vasitəsizlik içində, bu qədər
münəzzəm təşkilata malik bir əsgəri-qüvvət
vücudu gətirildiyinə heyran qalırdı. Əhalidən bir çoxu duyduğu fərt məhzuziyyətdən
ağlayırdı. O gün Azərbaycanın ən
şanlı, ən bəxtiyar günü idi. Fəqət... Fəqət, Azərbaycan Ordusunun son rəsmi-keçidi
idi".
Bu fikirlər İsrafil bəyin sonradan yazdığı
xatirələrindən qismən öz əksini
tapmışdır. Onun son Novruz paradı ilə bağlı
qeydlərində də dəqiqləşdirilməsi zəruri
olan məqam vardır. İsrafil bəy
yazır ki, mart ayının 20-də paraddan sonra axşam ziyafət
təşkil etdi, Hərbi Nazirliyin rəhbərliyini, hərbi
paradda iştirak edən hissələrin komandirlərini bu
ziyafətə dəvət etdi. Onun
sözlərinə görə, S.Mehmandarov bu ziyafətə gəlsə
də, orada çox dayana bilmədi və hökumətin
iclasında iştirak etmək üçün ziyafəti təşkil
etdi. İsrafil bəy sonra yazır ki, Həbib bəy Səlimovdan
ermənilərin Qarabağda geniş hücuma keçməsi
və bu hücumun qarşısının alınması
üçün İsrafil bəyin komandiri olduğu alayın
da təcili Qarabağa yollanmalı olduğunu dedi. Bu tapşırığı alandan sonra İsrafil bəy
də alayı ilə birlikdə mart ayının 21-də
Bakıdan Ağdama doğru hərəkətə
balşladı.
Arxiv sənədləri ilə dəqiq məlumdur ki, erməni
hərbi qüvvələrinin Qarabağda kütləvi
hücumları mart ayının 22-dən 23-nə keçən
gecə başlamışdır. Belə olan təqdirdə
Novruz bayramı ilə əlaqədar Azərbaycan ordusunun son
paradının keçirilmə tarixinin dəqiqləşdirilməsinə
ehtiyac vardır. İsrafil bəy
1923-cü ildə çap olumuş xatirələrində bu
paradın mart ayının 22-də keçirildiyini
yazmışdır. Əgər bu tarix
doğrudursa, onda çox güman ki, İsrafil bəyin təşkil
etdiyi ziyafət martın 22-də deyil, martın 23-də
olmuşdu. Çünki Qarabağa erməni
hücumu Bakıda martın 23-də məlum olmuşdu.
İstənilən halda məlumdur ki, İsrafil bəy
İsrafilov öz alayı ilə birlikdə Qarabağ
müharibəsinə yollandı və bu müharibədə
çox fəal iştirak etdi. Özü də
İsrafil bəy bu müharibəyə artıq polkovnik
rütbəsində yollanmışdı. Azərbaycan
hökumətinin 21 mart 1920-ci il tarixli qərarı
ilə xidmətdə xüsusi fərqlənməsinə
görə İsrafil bəyə polkovnik rütbəsi
verilmişdi.
1920-ci ilin mart-aprel aylarında erməni təcavüzünə
qarşı Cümhuriyyət ordusunun apardığı
uğurlu döyüşlər elmi-tarixi ədəbiyyatda
artıq kifayət qədər
işıqlandırılmışdır. Doğrudur, bu
uğur elə də asanlıqla əldə edilmədi.
Döyüşlərin başlanğıcında itkilər də
baş verdi, təchizat və təminat məsələlərində
çətinliklə də özünü göstərdi, bəzi
hissələrin formalaşmasında nöqsanların
mövcud olması da aşkar oldu. Lakin
düzgün təşkilatçılıq, ümumi qətiyyət
və müstəqilliyə sədaqət çox tezliklə
çətinliklərin aradan qaldırılmasına, erməni
təcavüzünün yatırılmasına zəmin
yaratdı.
Ermənistanın daşnak-millətçi dairələri
1920-ci ilin Novruz bayramı günlərində kütləvi
hücum və təcavüzə başlamaqla
qarşılarına çox böyük planlar qoymuşdular. Qarabağla bərabər,
ermənilər eyni zamanda, Qazax-Ağstafa istiqamətində Azərbaycan
ərazilərinə soxuldular və onların niyyətləri
baş tutsaydı, onda erməni hərbi qüvvələri
Qarabağı bütünlüklə ələ keçirib
Gəncəyə doğru irəliləməli idi. Qazax-Ağstafa istiqamətindən hücuma
başlayan hərbi qüvvələr də uğur
qazanacağı halda Gəncəyə doğru irəliləməli
və Gəncə də daxil olmaqla Qarabağdan Qazaxa qədər
olan ərazilər işğal altına düşməli idi.
Ermənilərin bu niyyətlərinin həyata keçməsinə
yol verməmək üçün S.Mehmandarov dərhal Gəncəyə
yola düşdü və orada öz qərargahını
qurdu. Qarabağa göndərilən hərbi qüvvələrə
rəhbərlik general-mayor Həbib bəy Səlimova
tapşırıldı. Ə.Şıxlinski
isə Bakıda qaldı və cəbhə bölgəsinin
ehtiyaclarının ödənməsi üçün
S.Mehmandarov tərəfindən verilən
tapşırıqların icrasının təşkili ona həvalə
olundu. Yəni S.Mehmandarov, Ə.Şıxlinski və H.Səlimovdan
ibarət döyüşü idarəetmə
üçbucağı yaradıldı. Bu idarəetmə
üçbucağı öz xidmətini çox uğurlu
şəkildə qurdu və nəticədə erməni hərbi
qüvvələrinin Azərbaycan ərazilərini
işğal etmək üçün göstərdikləri
bütün cəhdlərin qarşısı qətiyyətlə
alındı.
İsrafil bəy xatirələrində Əsgəran
qalasının erməni hərbi qüvvələrindən təmizlənməsinə
geniş yer ayırmışdır. Onun təsvir etdikləri
Əsgəran qalası üzərinə həyata keçirilən
hücumun mənzərəsinin yaradılması
baxımından xeyli maraq kəsb edir. Müəllifin
toxunduğu məqamlar elmi-tarixi dövrüyyəyə ilk dəfə
gətirilmişdir. Tariximiz
üçün maraq kəsb edən maraqlı məsələlərdən
biri hərbi nazir Səməd bəy Mehmandarovun Əsgəran
üzərinə hücum ərəfəsində Qarabağa
gəlməsidir. Bu barədə elmi-tarixi ədəbiyyatda
hər hansı bir məlumat mövcud deyildi. İsrafil bəyin yazdığına görə,
S.Mehmandarov aprel ayının 2-də Qarabağa gəldi, aprel
ayının 5-də isə Əsgəran qalası üzərinə
hücum başladı. Onun qeydlərindən
belə bir qənaət hasil olur ki, S.Mehmandarov aprelin 5-də
Əsgəran üzərinə hücum uğurla başa
çatana kimi Qarabağda idi.
Mənbə
məlumatlarına görə məlumdur ki, Əsgəran qalası üzərinə Azərbaycan
Ordusu hissələrinin uğurlu hücumu aprelin 3-də
baş vermişdi. Ona görə S.Mehmandarovun
uzun müddət Qarabağda qalması inandırıcı
görünmür. Çünki
S.Mehmandarov Qazax-Ağstafa istiqamətindən gedən
döyüşlərin idarə edilməsini öz üzərinə
götürmüşdü və o da məlumdur ki, aprel
ayının 5-də erməni hərbi qüvvələri
Qazax istiqamətində güclü hücuma keçmişdi.
Hər halda S.Mehmandarovun Qarabağda olması orada olan hərbi
hissələrin şəxsi heyətini xeyli ruhlandırdı
və hərbi nazir özü də ordu hissələrinin fəaliyyətindən
xeyli razı qaldı. İsrafil bəy Qarabağdakı hərbi qüvvələrin
qərargah rəisi polkovnik Zeynalova istinadən S.Mehmandarovun
Qarabağı tərk edərkən milli hərbi qüvvələrlə
bağlı aşağıdakı sözləri deməsini qələmə
almışdı: "Çox şadam ki, həyatımın
son illərini doğma xalqıma xidmətə həsr edə
bildim. Gənc ordumuz ümidlərimi
doğrultdu. Qarşıya qoyulan vəzifənin
öhdəsindən şərəflə gəldi. Zabitlərə
təşəkkürümü çatdırın, əsgərlərə
isə ürəkdən "Sağ ol!" deyin".
İsrafil bəyin xatirələrində iki yerdə 8-ci
Ağdam piyada alayının adı çəkilmişdir. Burada yəqin
ki, texniki xətaya yol verilib. Çünki
Cümhuriyyət ordusunun 8-ci alayı Ağdaş
alayıdır. Cümhuriyyət ordusunun tərkibində
Ağdam alayı adlanan alay, ümumiyyətlə,
olmamışdır.
Polkovnik İsrafil bəy İsrafilov Cümhuriyyət
ordusunun formalaşmasında, Azərbaycanın ərazi
bütövlüyünün müdafiəsində fədakarlıqla
xidmət göstərmiş milli ruhlu zabitlərdən biridir. Onun Azərbaycanın
müstəqilliyinə olan sədaqətini şübhə
altına almaq mümkün deyildir. Bununla
belə, öz xatirələrində İsrafil bəyin Azərbaycan
Xalq Cümhuriyyətinin süqutuna təsir göstərə
biləcək bəzi hərbi-siyasi amillərə olan münasibəti
ilə razılaşmaq çətindir.
Müəllif
yazır: "Üsyançılar tərəfdən
artıq heç bir təhlükə gözlənilməsə
də, general Şıxlinskinin cavab teleqramında dəstəyə
xüsusi sərəncam verilənə qədər
Qarabağda qalmaq əmr olunurdu. Bu sərəncam
hadisələrin sonrakı gedişində və Azərbaycanın
taleyində mühüm rol oynadı".
Yəni İsrafil bəy belə bir qənaəti
bölüşür ki, əgər Ə.Şıxlinski
(1920-ci ilin aprel ayının ortalarında o, bir müddət xəstə
olan S.Mehmandarovun vəzifəsini icra etmişdi)
Qarabağdakı hərbi qüvvələrin geri qayıtmasına
razılıq versəydi, onda bolşevik
işğalının qarşısını almaq olardı.
Amma Qarabağda erməni təhlükəsi heç də
aradan qalxmamışdı. Bunu Qarabağ dəstənin
rəhbəri Həbib bəy Səlimovun Hərbi nazirliyin rəhbərliyi
ilə məlum olan yazışmaları da təsdiq edir.
Məsələn, Həbib bəy Səlimov təxminən
1920-ci il aprel ayının ortalarında Hərbi
Nazirliyə yazdığı məktubunda Qarabağa göndərilmiş
hərbi hissələrdə verilən itkilərdən sonra
qalan sağlam şəxsi heyətin sayını
açıqlayır və yenidən fəallaşmaqda olan erməni
hərbi qüvvələrinin qarşısının
alınması üçün ona əlavə qüvvələrin
göndərilməsini xahiş edirdi. Aprelin 16-da hərbi nazirə
göndərdiyi teleqramında general-mayor Səlimov bildirirdi
ki, Şuşa və Xankəndi ətrafında
xırda dəstələrdə birləşmiş olan erməni
silahlıları sakitləşmək bilmirlər. Belə vəziyyətdə Qarabağdakı qüvvələrin
zəiflədilməsi arzuolunmaz nəticələrə gətirib
çıxara bilərdi. General Səlimov teleqramında
daha sonra yazırdı: "Siyasi vəziyyət şübhəsiz
ki, Sizin üçün daha
aydındır. Ancaq cəsarət edərək öz fikrimi
bildirirəm ki, biz iki cəbhədə mübarizə apara
bilmərik və belə mübarizənin nəticələri
bizim üçün çox pis ola bilər.
Qəti hücuma keçmək
üçün əlavə köməyin göndərilməsini
xahiş etmək istərdim. Cəbrayıl dəstəsini
möhkəmləndirmək üçün mənim indi
heç nəyim
yoxdur".
Bolşevik qoşunları Azərbaycanın şimal sərhədlərinə
yaxınlaşdıqca erməni silahlı dəstələrinin
fəallığı da artırdı. Geniş cəbhədə
Azərbaycanın qoşun bölmələrinin təzyiqinə
davam gətirməyən erməni silahlıları ailələrini
Zəngəzura köçürüb kiçik dəstələrlə
Azərbaycan kəndləri üzərinə hücum edirdilər.
Onların partizan taktikasının
qarşısını almaq qoşun bölmələri
üçün heç də həmişə mümkün
olmadığı üçün yerli əhali arasında da
bir qorxu və təlaş var idi. Aprelin
19-da Bakıya göndərdiyi teleqramında general-mayor Səlimov
ermənilərin bu taktikasının qarşısının
alınması üçün də canlı qüvvənin,
silah və sursatın ayrılmasını xahiş edirdi.
Aprelin 27-də Hərbi Nazirliyə göndərdiyi
teleqramında isə H.Səlimov bildirirdi ki, onun dəstəsində
qalan qüvvə yalnız Şuşa-Ağdam yolunu
qorumağa çatır.
Yəni Qarabağda ağır döyüşlərdə
iştirak etmiş hissələr xeyli itki vermişdilər və
onların bərpası üçün vaxt da yox idi. Elə
İsrafil bəyin komandiri olduğu 5-ci Bakı piyada
alayında 300 nəfər şəxsi heyət
qalmışdı. Halbuki piyada alaylarının
ştat heyəti 2500 nəfərə yaxın idi.
Belə
olan halda İsrafil bəyin aşağıdakı qeydləri
anlaşılan deyil: "Onların qarşısında (Azərbaycanı
işğal etməyə hazırlaşan bolşevik qüvvələri
nəzərdə tutulur - M.S.) yalnız 4-cü Quba və
6-cı Göyçay piyada alaylarının hər birinin iki
batalyonu, habelə topçu bölüyü
dayanmışdı. Vəziyyət çox təhlükəli
şəkil almışdı. Qarabağa göndərilmiş hərbi
dəstə (üç piyada, üç süvari alayı və
artilleriya divizionu) bolşeviklərə qarşı dayanmaq
üçün dərhal Dağıstan sərhədinə
yola düşmək əmrini aldı. Döyüşçülərimizin
artıq Yevlaxda vaqonlara mindikləri vaxt general
Şıxlinskinin imzası ilə əvvəlki əmrin ləğv
edildiyi və ordunun Qarabağdakı dislokasiya yerinə
qayıtmalı olduğu barədə yeni əmr
alındı. Sonradan bu ikinci əmri
hökumətdən xəbərsiz şəkildə
bolşevik agentlərinin və "bolşevik cildinə
girmiş siyasi məşhurlar"ın saxtakarlıq yolu ilə
hazırlayıb göndərdikləri aşkara
çıxdı".
Cümhuriyyətin elmi dövriyyədə olan arxivində
Qarabağdakı hansısa hissələrin şimal sərhədlərinə
göndərilməsi üçün Qarabağı tərk
etməsi barəsində hər hansı qeyd mövcud deyil. Buna yol verilməsi
heç həmin tarixi şərait üçün məntiqə
də uyğun deyil. Cümhuriyyətin
süqutu ərəfəsində öz vəzifəsinin
icrasına qayıtmış S.Mehmandarov da Qarabağdakı hərbi
qüvvələrin oradan çıxarılmasına razı
deyildi. O, yaxşı bilirdi ki, bu, Qarabağın əldən
getməsi ilə nəticələnə bilər.
1920-ci il aprelin 27-də bolşevik qüvvələrinin
Azərbaycan sərhədini pozması xəbərini alan kimi hərbi
nazir S.Mehmandarov 1-ci piyada diviziyasının komandiri general-mayor
Cavad bəy Şıxlinskiyə teleqram göndərib
şimal sərhədinin müdafiəsinə əlavə
qüvvə ayrılması barəsində əmr verdi:
"Bolşeviklər Yalama stansiyasına hücum etdilər. Onlar dayanmadan irəliləyirlər. Xudatı ələ keçiriblər. Çıxılmaz vəziyyətdəyik. Günü bu gün Qızılburuna Qazaxdan bir tabor
və Gəncədən bir tabor göndərməyinizi əmr
edirəm. Hər bir taborda ən azı 500
süngü və pulemyot olmalıdır. Yük
qatarını artıq göndərmişik. Həmin hissələrin gəlməsi vaxtını
teleqrafla bildirin. Biz taborları sabah
gözləyirik".
Göründüyü kimi, S.Mehmandarov belə
böhranlı anda da bolşevik işğalınını
qarşısının alınması üçün
Qarabağdan deyil, Gəncə bölgəsindən hərbi qüvvə
göndərilməsini lazım bilirdi. Azərbaycan
hökumətinin rəhbərliyi Qarabağda yerləşən
hərbi qüvvələrin oradan çıxarılmasına
razı deyildi. Ona görə İsrafil bəyin
guya alayların Yevlaxa kimi gəlməsi və sonra geri
qayıtması haqqında yazdığı anlaşılan
deyil.
1920-ci ilin aprel işğalı ərəfəsində
şimal sərhədlərini 4-cü Quba və 6-cı
Göyçay alaylarının hər birindən iki taborun və
bir topçu bölüyünün qoruması haqqında
İsrafil bəyin yazdığı məlumat dəqiqləşdirmə
tələb edir. Tam dəqiqliklə məlumdur ki, 1920-ci il aprel
ayının 25-nə aid olan bir məlumata görə,
Şimal sərhədləri boyu 4-cü Quba alayının
polkovniki knyaz Tumanovun rəhbərliyi altında 4 piyada
bölüyü, dağ batareyası və bir zirehli qatardan
ibarət qüvvə var idi. Piyada bölüklərindən biri Yalamada, biri Şirvanda,
2 bölük və bir batareya isə Xudatda dayanırdı.
Zirehli qatarla dəstənin qərargahı da
Xaçmazda yerləşdirilmişdi. Konkret tarixi şəraitdə
şimal sərhədinin qorunmasına bu dəstə məsuliyyət
daşıyırdı (Mərkəzi dövlət arxivi, fond
2896, siyahı 1, iş 7, v. 284).
İsrafil
bəy öz xatirələrini aşağıdakı cümlələrlə
bitirir: "Bolşevik işğalına qədər Azərbaycan
Avropa hərbi prinsipləri əsasında qurulmuş 30 000 nəfərlik
orduya malik idi. Milli orduda 8 piyada, 3 xüsusi piyada alayı, 3
süvari alayı, 3 artilleriya briqadası, 2 zirehli qatar, 6
zirehli avtomobil, 2 hərbi gəmi ("Qars" və
"Ərdəhan"), 8 hidroplan vardı. Əgər
bu hərbi güclər zamanında tam tərkibdə
Dağıstan sərhədində cəmləşdirilə
bilsəydi, ölkənin müdafiəsini təmin etmək
olardı. Üstəlik də bizim dost və qonşu
Gürcüstanla qarşılıqlı müdafiə
ittifaqımız vardı. Bu vəziyyətdə
XI qırmızı ordunun başıpozuq və qeyri-mütəşəkkil
hissələrinin Azərbaycan sərhədlərini keçməsi
qeyri-mümkün işə çevrilərdi".
Cümhuriyyət ordusunun struktur tərkibi haqqında yuxarıda qeyd edilmişdir. İsrafil bəyin bu qeydlərində olan 3 xüsusi piyada alayı və 3 artilleriya briqadası haqqında olan məlumatların dəqiqləşdirilməsinə ehtiyac vardır. Cümhuriyyət ordusunda 2 topçu briqadası var idi. Bundan başqa, əlahiddə topçu hissə və bölmələri var idi və əgər onlar birləşdirilsəydi, bir briqada yaratmaq olardı. Amma rəsmi olaraq 2 topçu briqadası var idi. 3 xüsusi piyada alayının olması haqqında məlumat doğru deyil. Cümhuriyyət ordusunun zamanımıza qədər gəlib çatmış arxivi kifayət qədər zəngindir və ordunun strukturunu bütünlüklə müəyyənləşdirməyə imkan verir. Hətta arxiv sənədlərində Cümhuriyyətin hərbi strukturlarının siyahıları da vardır. Birmənalı şəkildə məlumdur ki, Cümhuriyyət ordusunun tərkibində 8 piyada alayı və 3 süvari alayı var idi. Başqa hər hansı bir alay mövcud deyildi.
Cümhuriyyət ordusunun sayının 30 min nəfər olması ilə də razılaşmaq çətindir. 1920-ci ilin mart döyüşləri ərəfəsində Cümhuriyyət ordusunun ümumi sayının 20-25 mindən artıq olması mümkün deyildi. Əlimizdə dəqiq statistika olmasa da, ən azı piyada və süvari alaylarının ştat sayı məlumdur və bütün ştat vahidləri tam komplektləşdirilmiş olsaydı, onda biz dediyimiz rəqəm alınardı. Amma ordunun sayının artırılması üçün potensial mövcud idi. Hərbi Nazirliyin rəhbərliyi də 1920-ci ilin sonuna kimi ordunun sayının 40 minə çatdırılmasını planlaşdırırdı. Lakin bu iş tədricən görülməli idi. Çünki yalnız çağırışçı yaşına çatan gəncləri toplayıb bir yerə yığmaqla ordu yaratmaq mümkün deyildi. Xidmətə cəlb edilən kontingenti həm yetərli sayda zabit kadrları ilə, infrastruktura ilə, geyimlə, silahla, ərzaqla, təlim-tərbiyə ilə təchiz etmək lazım idi. Bunlar isə tədricən həll edilməli idi və yalnız bu məsələlər həll edildikdən sonra çağırışçıların sayı artırılmalı idi.
İsrafil bəy ittifaq müqaviləsi bağlandığı Gürcüstanın yardımından istifad edilməsilə bolşevik işğalının qarşısının alınmasının mümkünlüyünə də toxunmuşdur. Doğrudan da belə bir ittifaq mövcud idi və müvafiq sazişlə hüquqi bazaya malik idi. Hətta zərurət yarandığı halda hər iki tərəfdən qarşı tərəfə hərbi kömək göndərilməsi üçün qüvvə və vəsait müəyyənləşdirilmiş və onların çatdırılması da planlaşdırılmışdı. Amma Azərbaycanın şimal sərhədləri boyu hərbi-siyasi proseslər elə sürətlə inkişaf etdi ki, Gürcüstandan hərbi yardımın gətirilməsi fürsəti olmadı. Bundan başqa, bolşevik qoşunlarına qarşı yalnız Gürcüstanın hərbi qüvvələrinin çıxarılması da mümkün deyildi. Şimal sərhədlərində yetərli sayda milli hərbi qüvvələrin olacağı təqdirdə Gürcüstanın hərbi yardımına da bel bağlamaq olardı.
Cümhuriyyətin süqutu ilə bağlı İsrafil bəyin dərin təəssüfü başa düşülən olsa da, əslində, konkret tarixi şəraitdə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və bolşevik təcavüzünün qarşısının alınması reallıqdan çox uzaq olan bir möcüzə ola bilərdi.
Bununla belə, İsrafil bəy və onun silahdaşları fədakar xidmətləri ilə xalqımız və hərb tariximiz üçün çox zəngin və şərəfli bir irsi miras qoymuşlar və bu miras minnətdarlıqla anılmalıdır.
Mehman
SÜLEYMANOV
Tarix elmləri
doktoru
525-ci qəzet 2018.- 7 mart.- S.6.